Buch lesen: «Ağ qəm», Seite 4

Schriftart:

– Mən deməyə də bilərdim. Amma özgələrdən eşitməkdənsə, məndən eşitməyin yaxşıdır.

Zərifə daha özünü saxlaya bilmədi:

– Mus-mus deyincə, Mustafa de, daha səbrim daraldı.

– Yaxşı, diqqətlə qulaq as. Rəşidin sevdiyi başqa bir qadın var.

– Nə? – Zərifə qəfil zərbə almış adamlar kimi müvazinətini itirdi. Yıxılmamaq üçün tez stula çökdü. – Nə dedin? Rəşidin sevdiyi qadın var? – O, var gücü ilə bağırdı. Aydın onun dəhşətdən dəyişmiş sifətini görüb dediyinə peşman oldu. Lakin artıq söz deyilmişdi.

– Sən yalan danışırsan! Bizim xoşbəxtliyimizə həsəd apardığına görə bunu uydurmusan. İstəyirsən bu yolla Rəşidi mənim gözümdən salasan.

Aydın bu ittihamlara davam gətirə bilməyib dedi:

Mənin haqqımda nə düşünürsən, öz fikrindir. Amma mən sənə ancaq həqiqəti dedim. Həqiqət isə acı olur. Qadının adı Asyadır, bir yerdə işləyirlər.

Niyə bizim aramızı vurmaq istəyirsən? – Zərifənin gözləri yaşla dolu idi. Bunu görəndə Aydın daha heç nə deməyib otağı tərk etdi.

Həmin hadisədən sonra Zərifə bir həftə işə çıxmadı. Bir həftə sonra xəstəxananın pilləkənlərində onunla üz-üzə gələn Aydın Zərifənin soluxmuş bənizini, qəmli gözlərini görəndə:

– Məni bağışla, Zərif, – dedi. – Gərək sənə deməyəydim. Özüm də bilmədən qəlbinə yara vurdum.

Zərifə təmkinini pozmadı:

– Aydın, sən pislik etməmisən. Yalan içində yaşamağımı müşahidə etmək pislik olardı. Səndən bir xahişim var, Asyanın evininin yerini mənə nişan ver. Qoy öz gözlərimlə görüm.

Bu, xahişdən çox, əmrə bənzəyirdi. Aydının razılaşmaqdan başqa çarəsi qalmadı. Ünvanı Zərifəyə verdi, evin harada yerləşdiyini təfərrüatı ilə ona izah etdi. Üzü pörtmüş, gözlərinə qan çilənmiş Zərifəyə yazığı gəldi. Onu heç belə çarəsiz, ümidsiz görməmişdi. Zərifəni bu hala o salmışdı. Bu əzablı hiss onu incitsə də oyunu axıra çatdırmaq qəranna gəldi:

– Bu gün Asyanın doğum günüdür. Çox güman ki, bir yerdə olacaqlar:

Zərifə uşaqları bağçadan götürməyi qonşusu Sahibə xaladan xahiş edib axşam saat 6-da Aydının nişan verdiyi həmin ünvanı axtarıb tapdı. Evin üzbəiizündəki xiyabanda salxım söyüdün kölgəsindəki skamyada oturub gözləməyə başladı. Xoşbəxtlikdən çox gözləməli olmadı. Yarım saat sonra Rəşidin gül dəstəsi ilə taksidən düşüb həmin bloka girdiyini görəndə Zərifə ildırım vurmuş kimi bir xeyli yerindən tərpənə bilmədi. Nə etməli olduğunu dərk edəcək halda deyildi.

Nəhayət, ayaqlarını arxasınca sürüyə-sürüyə evə qayıtdı. Birdən öz-özünə acığı tutdu. “Bəlkə ora Asyanın evi deyil? Bəlkə Rəşid qohumlarından birini təbrik etməyə gedib?” Şübhələr ona aman vermirdi. Sonra nə fikirləşdisə, Rəşidin stolunun siyirtməsindən onun telefon kitabçasını tapıb Asyanın te-lefonunu axtarmağa başladı. “İ” hərfi olan bölmədə “İsmayılova Asya” sözlərini oxuyub nömrəni yığdı. Dəstəyi qadın götürdü. Zərifə güclə özünü ələ alıb sakit, təmkinli səslə:

– Rəşid lazımdır, – dedi.

– Bu dəqiqə. Rəşid, səni istəyirlər.

– Allo! – Rəşidin səsini eşidəndə dəstək Zərifənin əlindən düşdü.

Həmin hadisədən sonra Zərifə sındı. Bu sınmaq onunla nəticələndi ki, o, tamamilə özünə qapandı. Rəşidə bircə kəlmə də demədi, bunu ona bildirməyi özünə ar sandı. “Qoy elə bilsin ki, mənim heç nədən xəbərim yoxdur” , – deyə fikirləşdi. Lakin o gündən yataq otağındakı qoşa çarpayıları ayırdı. Ən təhqiredici bu idi ki, Rəşid onları niyə ayırdığını Zərifədən soruşmadı da. Deyəsən buna heç fikir də vermədi.

* * *

Zərifə yenicə hamamdan çıxmışdı. Nazik gecə köynəyində güzgünün qabağında dayanıb yaş saçlarını darayırdı. Uzun, şabalıdı saçlarını dəsmalla bir xeyli qurulayıb çiyinlərinə atdı. Rəşid divanda uzanıb oradan arvadına tamaşa edirdi. Birdən yuxudan ayılan kimi oldu: elə bil Zərifəni ilk dəfə görürdü. Bu fikirdən tutulan kimi oldu. Amma arvadının varlığını deyəsən doğrudan da unutmuşdu. Bir evin içində iki yad kimi dolanırdılar. “Hə”, “Yox” dan başqa son vaxtlar Zərifədən ayn söz eşitmirdi.

– Evə bir şey lazımdır? – Rəşid bunu danışmaq, bir söz demək xatirinə dedi. Dediyinə də peşman oldu. Onsuz da evin bütün ağırlığı Zərifənin üstündə idi. Bir şey lazım olsa da, Zərifə ona deməyəcəkdi.

– Yox.

– Bazara getmək lazımdır?

Getmişəm.

– Mən sabah da işdə olacağam.

Sabah bazar günü idi. “Sabah da işdə olacağam” o demək idi ki, Rəşid gününü yenə də Asyanın evində keçirəcək.

Zərifənin etinasızlıqla saçlarını daramaqda davam etdiyini, onu sorğu-suala tutmadığını görəndə Rəşidin arvadına acığı tutdu: “Vecinə də deyil”. Sonra isə Asyanı gözləri önündə canlandırdı. Asya onu büsbütün ram etmişdi. Zərifədən elə soyutmuşdu ki, buna bəzən özü də təəccüb qalırdı. Axı Zərifəni sevib evlənmişdi. O, heç də pis həyat yoldaşı deyildi. Zərifəyə tamaşa edə-edə onu Asya ilə müqayisə etdi. Hər ikisi gözəl idi. Amma Asya onu daha çox cəzb edirdi. Onun cazibəsi qarşısında Rəşid heç vaxt belə sakit dayana bilməzdi. O, üzünü divara çevirib gözlərini yumdu.

Zərifə güzgüdə bunu gördü. Özünü heç vaxt belə təhqir olunmuş, alçalmış hiss etməmişdi. Amma incikliyini bildirməmək üçün soyuqqanlıqla dedi:

– Uşaqları niyə soruşmursan?

– Demirdin rayona göndərəcəksən?

Vəssalam. Bununla da onlann dialoqu bitdi. Bu, küsülü olmadıqlarını bir-birinə sübut etmək üçün deyilən növbətçi sözlər idi.

Üç gün idi ki, Zərifə uşaqları rayona yay tətilinə, anasıgilə yollamışdı. Amma bu üç gündə Rəşid bir dəfə də maraqlanmamışdı ki, onlar haradadır, Zərifə onlan kiminlə yola salıb. Son vaxtlar ərinin etinasızlığına məəttəl qalırdı. Bəzən onun uşaqları sevdiyinə də şübhə edirdi. Uşaqlarla oynamaqla, məşğu-liyyətləri ilə maraqlanmaqla arası yox idi. Elə buna görə də analarına qarşı mehriban olan, ərköyünlüklərindən qalmayan Raminlə Çingiz atalarından çəkinirdilər. Onların arasında gözəgörünməz bir pərdə var idi. Oğlanları atalarının evə gec gəlməsinə və yaxud evdə gecələməməsinə adət etmişdilər, bunu adi hal kimi qəbul edirdilər. Bu, onu bəzən narahat edirdi, ata-övlad münasibətlərinin həddindən artıq soyuqluğu ona əzab verirdi, amma nə edə bilərdi?

Ərinin etinasızlıqla dediyi “Demirdin rayona göndərəcəksən?” sözlərini eşidən Zərifə daha heç nə demədi. İşığı söndürüb yavaşca çarpayısına uzandı. Amma yata bilmədi – yuxu gözlərindən qaçaq düşmüşdi. Acı fikirlər yenə beynində dolaşmağa başladı. O, başdan-ayağa kimi tanma çəkilmişdi. Bu vaxta kimi əhəmiyyət vermədiyi əzablı bir duyğu vücuduna sarılmışdı. Öz-özündən utansa da, həya etsə də ürəyində etiraf etdi: tumar istəyirdi, əzizlənməyə, oxşanmağa ehtiyac duyurdu. Ötən illər boyu o, əsl məhəbbətin nə olduğunu bilməmişdi, kişi nəfəsini doyunca hiss etməmişdi. Zərifəyə ən çox əzab verən yaşı idi. O gecə özünü güzgüdə görəndən bəri tez-tez yaşı haqqında düşünürdü. 35 yaşında hər qadın öz gənclik təravətini saxlaya bilmir. Kim bilir, bəlkə də 2-3 ildən sonra onun bu gözəlliyindən əsər-əlamət də qalmayacaq.

“Ailə həyatı mənə Rəşidlə bağlı nə qədər həyəcanlar, nə qədər əzablar gətirdi. Mənim seçimim düz olmadı. O, məni heç vaxt sevməyib, bundan sonra da sevməyəcək”. Bu fikir onun beynində ölüm hökmü kimi səsləndi. Birdən “Mən sənə xəyanət edəcəyəm. Sən buna layiqsən. Rəşid! Səndən intiqam almaqla öz mənliyimi təhqir olunmaqdan xilas edəcəyəm”, – deyə qətiyyətlə özünə söz verdi. Bir qədər sakitləşən kimi oldu. Bu fikir ona qəribə bir yüngüllük gətirdi, haçan yuxuya getdiyindən xəbəri olmadı.

* * *

– Sən bu gün həmişəkindən də gözəlsən, Zərif. Sənə nə olub?

Həkimlər şöbə müdirlərinin gündəlik tapşırıqlarını alıb kabinetlərinə dağılışandan sonra Aydın bu sözləri deməkdən ötrü Zərifəni yanına çağırtdırmışdı.

– Yaz gəlib. Aydın. – Zərifə mənalı tərzdə gülümsədi. Sonra isə əlavə etdi. – Adam heç işə gəlmək istəmir. Elə dincələrdim…

– Sən dincələndə yanında olmağı necə də arzulayardım… – Aydın bu sözləri onun xətrinə dəyməkdən qorxa-qorxa dedi. Amma Zərifə hirslənmək əvəzinə güldü:

– Pis fikir deyil. Bəlkə doğrudan da bir yerdə dincələk?

Aydın qulaqlarına inanmadı. Heyrət dolu gözlərlə ona baxdı. Zərifənin yanaqlan allandı. Birdən-birə dilindən çıxan sözlər onu öz gözündən saldı, başqalaşdırdı. Amma Aydının gözlərində qəribə bir işıltının doğulduğunu görüb “oyunu” davam etdirmək qərarına gəldi.

– Bir gün səninlə olsam neynərsən? – Zərifə rola girmişdi.

Aydının söz danışmağa, cavab verməyə iqtidan çatmadı. O, köynəyinin yaxasını açıb dərindən nəfəs aldı. Alnında əmələ gəlmiş tər damcılarını yaylığı ilə silib Zərifəyə uzun, qəribə bir nəzər saldı. Zərifə bu baxışların mənasını anlamadı. Onlarda inciklik, yazıqlıq, nifrət bir-birinə qarışmışdı: “Mənim yüngülbeyinliyimə lağ etdi”. Zərifə bu fikirdən vicdan əzabı çəkdi. Amma rolunu sona kimi oynamaq qərarına gəldi. Pəsdən oxuya-oxuya otaqdan çıxdı:

Gözlərin aldı məni,

Kəməndə saldı məni.

Getmə, getmə, gəl gözəl yar,

Getmə, getmə, gəl.

Qurbanam xan gözünə,

Nazla baxan gözünə,

Yenə sürmə çəkmisən

Evlər yıxan gözünə.

Bilirdi ki, Aydının bu xalq mahnısından xoşu gəlir.

Zərifə xəstələrini yenicə qəbul edib qurtarmışdı ki, baş tibb bacısı Məleykənin qaça-qaça Aydının kabinetinə tərəf getdiyini görüb narahat oldu:

– Nə olub? – deyə Məleykədən soruşdu.

– Doktor Ömərovun ürəyi tutub.

Zərifə həyəcanla özünü içəri atanda bir neçə həkimi burada gördü. Aydını taxta uzandırmışdılar. Onun rəngi avazımışdı, bayaqkı şən əhval-ruhiyyəli adamdan əsər-əlamət qalmamışdı. Məleykə onun qoluna iynə vurdu, sonra dərman içirtdi.

Bir azdan Aydının halı yaxşılaşanda hamı bir-bir otaqdan çıxdı. Zərifə isə içəridə ayaq saxladı.

– Sənə birdən-birə nə oldu? – deyə günahkar tərzdə soruşdu. Sanki onun bu halına Zərifə bais olmuşdu.

– Mənimlə bir də o cür zarafat eləmə. – Aydının bu bir cümləsində hər şey var idi. Bu bir cümlə Zərifəyə qarşısındakı adamın bütün varlığını, ürəyinin bütün duyğularını açıb göstərdi. Bu sözlərdə yalan və qəlp ola bilməzdi. Aydının onu sevdiyinə bundan böyük sübut nə ola bilərdi? Onu bu vaxta kimi heç kəs, heç vaxt belə güclü məhəbbətlə sevməmişdi. Lakin bu fikir onu sevindirmədi, əksinə, ürəyinə həzin bir kədər yayıldı. “Qəribədir, mən Rəşidi sevirəm, Rəşidsə Asyaya vurulub. Aydın məni sevir, mənsə ona qarşı etinasızam. Niyə belə olsun axı? Dünyanın qəribə işləri var, sən sevdiyin səni sevmir, səni sevəni sən sevmirsən. Görəsən həyat niyə belədir? Rəşid məni Aydın qədər sevsəydi, həyatım bu qədər əzablı, bu qədər iztirablı keçməzdi. Bəs niyə başqasını sevən biri ilə ömür sürməlisən? Bilə-bilə ki, o, səni sevmir, addımbaşı sənə xəyanət edir, buna dözməlisən? Qadınsan deyə hər şeyə göz yumub ismətini, namusunu qorumalısan? Bəs Asya? Onun isməti yoxdur? Eh, keçdin yenə Asyanı tənqidə. Bəs o insan deyil? O sevə bilməz? Neynəsin ki, qismətinə evli kişi çıxıb. Eh, ay Aydın, sən heç olmasa arxayınsan ki, arvadın aydan arı, sudan durudur. Nə olsun ki, onu sevmirsən. Axı həyat təkcə mə-həbbətdən ibarət deyil. Həyat etibar, vəfa, sədaqətdir. Bunlar olmayandan sonra yaşamağın nə mənası?”

Birdən Aydına yazığı gəldi, ürəyində şəfqətli bir nəvaziş hissi doğuldu. Ona nə isə xoş bir söz demək, ürəyini ovutmaq, təsəlli vermək istədi. Yavaşca dedi:

– Zarafat etmirəm, mənə diqqətlə qulaq as. Sən məni çağıran kimi görüşünə gələcəyəm. Düz sözümdür.

* * *

Zərifə sonsuz həyəcan içində çırpınırdı. Fikirləşməkdən beyni şişmişdi. Qarşıda onu gözləyən imtahanın sürətlə yaxınlaşdığım, cəmi bir neçə saatdan sonra çoxdan bəri qorxa-qorxa, həm də qəribə bir maraqla gözlədiyi görüş vaxtının gəlib çatacağını düşündükcə ürəyinin döyüntüləri artırdı. Gərginlikdən başının damadan gərilmişdi. Gicgahlarında qan zərblə vururdu. Əsəbi və qərarsız hərəkətlərlə boş yerə vurnuxmaqdan bezmişdi.

Bir neçə saatdan sonra onun həyatı dəyişəcəkdi: ya yaxşılığa, ya da pisliyə doğru dəyişəcəkdi. Nə olacaqdı, nə baş verəcəkdi, bunlan demək indi çox çətin idi. Amma bir şeyə şübhə yox idi ki, əvvəlki ürək rahatlığı, qəlb sakitliyi onu həmişəlik tərk edəcəkdi. Həmişəki Zərifə daha olmayacaqdı: təmiz, saf, namuslu Zərifə.

Bu görüş adi görüşlərdən deyildi. Ərli qadınla evli kişinin görüşündə nə isə təhqiredici bir şey var idi. Əslində bu, xəyanətdən başqa bir şey deyildi. Bu gün Zərifə bilə-bilə, qərannın nə dərəcədə düzgün olub-olmadığını dərk edə-edə ağlının hökmü, ürəyinin tələbi ilə Rəşidə xəyanət edəcəkdi. Nəhayət, ondan qisas alacaq, illər boyu çəkdiyi əzabların, ağnlarin heyfini çıxacaqdı.

Bir həftə idi ki, Zərifə bu görüşə hazırlaşırdı. Bir həftə idi ki, onun ağlı ilə ürəyi bir-biri ilə döyüşürdü. Ağlı onu bu görüşdən çəkindirməyə çalışır, səhvini, qəbahətini, atacağı addımın yanlışlığını başa salır, ürəyi isə əksinə, ona şirin vədlər verir, başgicəlləndirici sözlər pıçıldayırdı. O, qarşıda şirin bir görüşün, gözəl bir əyləncənin olacağını vəd edirdi. Əslində onu bu görüşə məhəbbətsiz, sevgisiz keçən illər çoxdan hazırlamışdı. Zərifə sevgiyə təşnə idi, əsl istəyə, ürəkdən gələn, qəlbə nüfuz edən dərin hisslərə möhtac idi. Əslində ürəyinin dərinliklərində Rəşidi qınamırdı. Hər şeyə səbəb sevgi idi. Rəşid Asyanı sevirdi. Bunu Zərifəyə hiss etdirməməyə çalışsa da, o, qadın həssaslığı ilə Rəşidin ondan soyumağının əsl səbəbini bilirdi.

Rəşidin məhəbbətini qazana bilmədiyinə görə özünə nifrət edirdi. Ərinin ürəyini ələ almaq üçün çox vasitəyə əl atmış, lakin hamısı uğursuzluqla nəticələnmişdi. Nəhayət, hər yerdən, hər şeydən əli üzüləndən sonra taleyi ilə barışmaqdan başqa qeyri əlacı qalmamışdı. Qısqanclıq adlı şeytan ürəyinə girəndən sonra isə ərindən qisas almaq qəranna gəlmişdi. Son vaxtlar Rəşid Asyanın yanında olanda qisas alacağına özünə qətiyyətlə söz verirdi. Düşünürdü ki, xəyanət etsə, bəlkə də bu qədər əzab çəkməz. Atılmış, tərk olunmuş, unudulmuş qadın olmaqda təhqiredici nə isə var idi. Bu hiss ona elə əzab verirdi ki, bəzən özünə ölüm arzulayırdı. Belə yaşamaq çətin idi, ruhun-dakı daimi fırtına onu bezdirmişdi. Amma fikirləşəndə ki, yoxluğu Rəşidi nəinki yandıracaq, əksinə, əl-qolunu açacaq, nəhayət, Asya ilə kəbin kəsdirə biləcək, ölüm barədə yox, xəyanət haqqında düşünürdü. Fikirləşirdi ki, xəyanət etsə, Rəşid Asyanın qucağında xumarlananda o, daha əvvəlki kimi acı göz yaş-lan axıtmaz, ürəyində təsəlli tapar ki, özü də kiminləsə olub.

Zərifəyə elə gəlirdi ki, bu görüş Aydından ötrü bəlkə də kiçik bir təsəlli, bir baş sığallama olacaq. Onu bu qədər sevən, yolunda hər cür fədakarlığa hazır olan bu adamın ürəyinə həmin görüş xoş bir sərinlik yayacaq. Bəzən Zərifə qorxu içində düşünürdü ki, bu görüşdən sonra Aydının gözlərində adiləşəcək, zirvədən aşağı diyirlənəcək, onun üçün həyatdakı adi qadınlardan birinə çevriləcək. O, bunu istəmirdi. Aydının gözündə adiləşməkdən qorxurdu. Bunun xudpəsəndlik olduğunu bilsə də, Aydının ona olan məhəbbətinin azalmasını istəmirdi. Lakin görüşdən sonra Aydın ona möhkəm bağlana da bilərdi. Zərifəyə əli çatandan sonra daha da çılgınlaşa bilərdi. Zərifəni ən çox qorxudan da elə bu idi.

…Zərifə ərinin açılmamış yatağına baxdı: ötən gecə də gəlməmişdi. Qısqanclıq gürzə kimi yenidən ürəyində baş qaldırdı. Ağır düşüncələr içində geyinib evdən çıxdı. Təyin olunmuş vaxta hələ çox qalırdı. Ona görə də küçələri dolaşmağa başladı. Özünü ağır bir cinayətə hazırlaşan adam kimi hiss edirdi. Zərifəyə elə gəlirdi ki, küçədən ötənlərin hamısı ona baxır, ürəyindən keçənləri gözlərindən oxuyur, şərəfsiz hərəkətinə görə onu ittiham edirlər. Keçirdiyi sonsuz həyəcandan sifəti pörtmüşdü. “Bəlkə getməyim?” – deyə fikirləşdi, lakin birdən Aydını gözləri önündə canlandırdı. Onun nə hala düşəcəyini təsəvvür edəndə həmin fikirdən daşındı. Bu zarafat ona baha başa gələ bilərdi. Yox, getməli idi, artıq qərar qəbul edilmiş, ox yayından atılmışdı.

Ürəyindəki ittihamçı elə hey xatırladırdı: “Sən uçurum qarşısındasan, pozğunluğa doğru gedirsən”. Ərlərinə xəyanət edən pozğun qadınlara həmişə nifrət etmişdi. İndi özü onlardan birinə çevrilirdi. “Pozğun”. Bu söz onu diksindirdi. Deməli, bu gündən etibarən əvvəlki ismətli, namuslu Zərifə öləcək, onun yerində başqa bir Zərifə doğulacaqdı. Birdən Aydının dünən ona dediyi sözlər yadına düşdü: “Mən səndən çox şey istəmirəm, Zərif, bircə saat yanımda ol. Eləcə əllərini əllərimə alıb gözlərinə tamaşa edəcəyəm. Mənə daha heç nə lazım deyil”.

“Doğrudanım Aydın məni bu qədər sevir? Axı nəyə görə? Hansı cəhətim məni ona bağlayıb? Bu, adi bağlılıq, adi məhəbbət deyil. O, mənə pirə sitayiş edən kimi səcdə edir. Məhəbbətini sınamağa ehtiyac varmı? Axı bir il deyil, on il deyil.” Bu fikirlər onu bir qədər sakitləşdirdi. Lakin onun ardınca şübhə dilə gəldi: “Aydının əvvəllər yerin dibindən qaynayan bulaq kimi sakit məhəbbəti son vaxtlar təlatümlü, fırtınalı dənizə çevrilib. Bu, səni qorxutmurmu?”

* * *

Onlann görüşəcəkləri ev Bakının mərkəzindəki sakit məhəllələrdən birində, dar dalanda yerləşirdi. Bura Aydının böyük qardaşının evi idi. O, ailəsi ilə üç illiyə xaricə işləməyə getmişdi. Aydın hərdən bura gəlib evə baş çəkirdi. Zərifə bunu bilirdi. Qorxa-qorxa, arxasınca gələnin olub-olmadığını yoxlaya-yoxlaya, atdığı addımın yalnışlığım, etdiyi hərəkətin ağılsızlığını bir daha dərk edə-edə binanın birinci blokunun ikinci mərtəbəsinə qalxdı.

Zəngi çalmaq istəyəndə qapı yavaşca açıldı: Aydın qapının ağzında dayanmışdı. Onun bütün görkəmindən elə bəxtiyarlıq, elə özündən razılıq yağırdı ki, bu, nədənsə Zərifəni hirsləndirdi. Onsuz da əsəbi olan Zərifənin kefinə elə bil soğan doğradılar. Lakin bunu hiss etdirməməyə çalışdı. Salam verib içəri keçdi.

– Sən gəldin? Sən gəldin? – Aydın gözlərinə inanmırmış kimi sevinclə bu sözləri təkrar edib onun çiyinlərini qucaqladı. Aydının belə tez, belə üzlü halda ona yaxınlaşması Zərifənin xoşuna gəlmədi.

Dayan, neynirsən? – dartınıb onun əllərindən xilas oldu. Divara söykənib soyuq baxışlarla əvvəl Aydını, sonra isə otağı nəzərdən keçirdi.

Stolun üstündəki güldandakı qızılgüllərin ətri otağı bürümüşdü. Boşqablarda armud, qoz ləpəsi, badam içi qoyulmuşdu. “Gör nə canfəşanlıq edib”, – deyə fikirləşdi. Nədənsə bunlar Zərifəni hövsələdən çıxardı. Ümumiyyətlə, bu mənzilə qədəm qoyduğu andan hər şey onu cin atına mindirirdi. Atdığı addımın ağılsızlığını yalnız indi bütün dərinliyi ilə anladı. Özünə də, Aydına da bərk acığı tutdu. Gəldiyi cəmi bir neçə dəqiqə idi, amma o, getmək, onun üçün qurulmuş bu könüllü cələdən təcili qurtulmaq barədə düşünürdü.

– Niyə ayaq üstə durmusan? Keç otur. – Aydın mehribanlıqla dilləndi.

– Niyə danışmırsan? Yoxsa gəldiyinə peşman olmusan?

– Əlbəttə peşman olmuşam. Özümdən zəhləm gedir, Aydın. Gör nə ağılsız iş tutmuşam. – Zərifə boğuq səslə cavab verdi.

– Gəl ürəyini üzmə, qanını qaraltma, – Aydın onu ərklə, məhrəmanə tərzdə divanda oturdub çəkmələrini soyundurdu, yumşaq məs geyindirdi. Sonra isə yalvancı tərzdə dedi: – Xahiş edirəm, stolun arxasında otur.

Zərifə könülsüz halda onun dediyinə əməl etdi. Aydın sevincək halda konyak şüşəsinin qapağım açıb ondan badələrə süzdü. Birini Zəri fənin, o birini isə özünün qabağına qoydu. Bu da Zərifəni özündən çıxardı: “Elə bilir şərab içməkdən çox elə xoşum gəlir”.

– Mən içməyəcəyəm, – Zərifə qətiyyətlə badəni kənara itələdi.

Aydın elə təəccübləndi ki, sanki Zərifə hansısa bir taleyüklü məsələnin həllindən yayınırdı:

– Nə danışırsan? Mütləq içməlisən.

– Dedim ki, içməyəcəyəm. Məcbur eləsən, indicə çıxıb gedəcəyəm. – Zərifə əməlli-başlı incidi. Onun kəskinliyi Aydını geri çəkilməyə məcbur etdi.

– Yaxşı, özün bilən məsləhətdir. Mən isə sənin sağlığına içəcəyəm.

Aydın badəni başına çəkdi. Sonra onu təzədən konyakla doldurub:

– Bunu isə içirəm ikimizin sağlığına, – deyib onu da içdi.

Zərifə heç cür özünə gələ bilmirdi, o, Aydını söz yağışına

tutmuşdu:

– Bura gəlməklə nə qədər ağılsız hərəkət etdiyimi fikirləşəndə az qalıram dəli olam. Mənə elə gəlirdi ki, bu görüş hər ikimizə bir təsəlli olar. Amma belə deyilmiş. Rəşidi necə sevdiyimi bu dərəcədə anlamamışdım. Həyatda heç kəsi onun qədər istəməmişəm, yəqin ki, bundan sonra da istəməyəcəyəm.

– Mənə bunları deməkdən ötrü gəlmisən? – Aydın acı-acı güldü.

Zərifə onun ürəyinin incə telinə toxunduğunu başa düşdü:

– Məni bağışla, Aydın. Gərək sənə deməyəydim.

Aydının gözləri yaşardı:

– Bəs mənə yazığın gəlmir? Gör neçə illərdir arxanca sürünürəm. Doğrudanım ürəyində mənə qarşı zərrə qədər də istək yoxdur?

Aydının göz yaşlan Zərifəni yumşaltmaq əvəzinə bir az da hövsələdən çıxardı.

– Özümü çox məcbur etmişəm, amma alınmayıb. Nə etməli, həyat təzadlarla doludur. Bilirəm ki, Rəşid məni sevmir, amma buna baxmayaraq başqa heç kəsə bağlana bilmirəm. İncimə, Aydın, nə edim, ürəyimə hökm edə bilmirəm. Mən həqiqəti sənə deməliyəm. Səni sevmirəm və heç vaxt da sevməyəcəyəm. Özümü yaxşı tanıyıram.

Aydının gözlərinin ifadəsi dəyişdi. Bayaqkı səmimi baxışlarda indi həris və çılğın işartı közərirdi.

– Eybi yoxdur, sevmə, Zərif, səndən incimirəm. İndi yanımda olmağın, belə yaxından sənə tamaşa edə bilməyim özü xoşbəxtlikdir. – Aydın bunu deyib bir göz qırpımında onu qucağına alıb qonşu otaqdakı çarpayıya tərəf apardı. Bunu ovunu parçalamağa hazır olan pələng cəldlyi ilə elə ani etdi ki, əvvəl Zərifə onun məqsədini başa düşə bilmədi. Özünü çarpayıda görəndə sarsılıb:

– Nə edirsən, burax məni, burax! – deyə çığırdı. Lakin Aydın ona əhəmiyyət vermədən kobudcasına Zərifənin əynindəki paltarları çıxarırdı. Zərifə paltarlarını tutub saxlamağa çalışır, Aydın isə vəhşicəsinə onları çıxarmaqda davam edirdi. Artıq Zərifənin əynində yalnız alt geyimi qalmışdı. O, Aydının qarmaqlarından qurtulmaq üçün var-gücü ilə çalışır, amma gücü çatmırdı. Nəhayət, bütün daxili qəzəbini toplayıb var – gücü ilə onun üzünə sillə çəkdi. Aydın elə bil yuxudan ayıldı. Onun əlləri boşaldı. Döşəmədə ayaqlan üstə çömbəlib başını aşağı saldı. Nə etdiyini, necə kobudluğa yol verdiyini sanki in-di anladı. Zərifəyə qarşı necə vəhşilik etdiyini başa düşdü. Heyvani hisslərinin selini başlı-başına buraxdığına görə özünü ittiham etdi.

Zərifə əlləri ilə üzünü tutmuşdu. Təhqir olunmuş, alçalmış adamlar kimi səssizcə ağlayırdı. Bədəni Aydının qarmaqlarından qıpqırmızı idi. Bundan mütəəssir olan Aydın onun çiyinlərini qucaqlayıb öpməyə başladı. Zərifə daha dartınmır, müqavimət göstemirdi, buna onun taqəti qalmamışdı. Yaman yo-rulmuşdu. Bu nəvazişlərdən. Aydının atəşli öpüşlərindən xoşhal olmurdu. Aydının odlu dodaqlan onun hisslərini oyatmırdı. Aydından zəhləsi gedirdi, ona nifrət edirdi, onu dünyalar qədər sevən, yolunda həyatından keçməyə hazır olan bu adamdan o, iyrənirdi.

Birdən belə fikirləşdiyinə görə öz-özündən utandı. Aydına yazığı gəldi. Ayaqlarına yıxılmış bu adam onun yadına Hüseyn Cavidin sözlərini saldı: “Siz qadınlar ayaqlarınıza qapananları təhqir edər, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız!” Elə bil bu sözlər Zərifə üçün deyilmişdi. O, Aydını qucaqlayıb oxşamaq, öpüşlərinə cavab vermək istədi. Lakin bu, bircə an çəkdi. Onun sarışın saçlarını sığallamaq üçün qaldırdığı əlləri sözünə baxmadı. “Hər şey necə də mürəkkəbdir. Sevmədən xəyanət etmək də olmazmış”, – deyə fikirləşdi. Onun bura gəlməyi, Aydının hissləri ilə oynamağı böyük səhv idi. Tutduğu işin ağılsızlığını bir daha anladı. Güclə eşidiləcək səslə Aydına dedi:

– Bir də mənə yaxınlaşsan, ömürlük səni dindirməyəcəyəm.

– Sən məni bu halda qoyub gedə bilməzsən.

Aydın kallaşmış səslə, az qala qışqıra-qışqıra dedi. Zərifənin dinmədiyini görüb yalvarıcı nəzərlərlə ona baxdı. Lakin Zərifə onun qan çəkmiş, yadlaşmış gözlərinə baxmırdı. O, heç nə demədən paltarını geyinməyə başladı. Aydın paltan onun əlindən almaq, geyinməyinə mane olmaq istədi.

– Get, mənə su gətir, – Zərifə əmr elədi. Aydın suyu gətirənə kimi Zərifə artıq geyinib yataq otağından çıxmışdı. O, əlləri əsə-əsə suyu içdi. Aydının üzünə baxmadan:

– Qapını aç, gedirəm, – dedi.

– Necə? Gedirsən? Axı gəldiyin heç on dəqiqə deyil. – Aydın təşvişə düşdü. Lakin Zərifənin əməlli-başlı titrədiyini görüb qorxuya düşdü. – Zərif, sənə nə olub? Bir yerin ağrımır ki? – deyə əl-ayağa düşdü. Onun əllərini ovuclarına alanda bumbuz olduğunu görüb həyəcan içində onu divanda oturtdu. Zərifə yalvarış dolu səslə dilləndi:

– Burax məni. Yalvarıram sənə, gözümdən düşmək istəmirsənsə, qapını aç gedim.

– Qorxma, Zərif, daha əlimi sənə toxundurmayacağam. Eləcə otur. Bir az özünə gəl.

Zərifə daha söz demək iqtidarında deyildi. O, başını divana söykəyib gözlərini yumdu. Elə yorulmuşdu ki, ayağa qalxmağa taqəti yox idi. Özünü pis hiss edirdi. Aydın cəld o biri otaqdan adyal gətirdi, onunla Zərifənin üstünü örtdü.

– Vəhşilik etdiyimə görə məni bağışla. Özümdən asılı olmadı. Amma məni də başa düş. Səni yanımda görəndə özümü itirdim, hisslərimi cilovlaya bilmədim.

Aydının pıçıltılı səsi Zərifəyə qətiyyətini qaytardı. O, adyalı üstündən atıb ayağa qalxdı:

– Bu dəqiqə qapını açmasan, sənə ömrüm boyu nifrət edəcəyəm.

– Sənə yalvarıram, ayaqlarına döşənirəm, Zərif!

Aydın doğrudan da onun ayaqları altında yerə döşəndi. Lakin bu hərəkəti Zərifəni daha da hövsələdən çıxardı:

– Alçalma, Aydın, sənə yaraşmır. İstəmirəm ki, alçalasan. Qalx ayağa!

– Demək mənə rəhmin gəlməyəcək, hə?

– Sən bu saat elə haldasan ki, onsuz da heç nəyi başa düşməyəcəksən. – Zərifə qapıya san getdi. Lakin Aydın ona qapını açmağa imkan vermədi. Zərifə boğuq səslə:

– Mənə zərrə qədər hörmət edirsənsə, burax gedim, – dedi.

Aydın daha heç nə demədi. Qapını açıb bir kənarda dayandı. Zərifə özünü bayıra atdı. Azadlığa çıxmış məhbus sevinci ilə qaça-qaça pilləkənləri düşdü. Buradan, onu bu qədər alçatmış, əzmiş, təhqir etmiş bu məkandan bacardıqca tez uzaqlaşmaq istəyirdi. Taksi saxlayıb mindi.

Evə çatanda əl çantasını bir kənara atıb üzüqoylu divana yıxıldı. Xeyli vaxt beləcə uzanılı qaldı. Düşünmək, nəticə çıxarmaq iqtidarında deyildi. Bütün əzaları ağrıyırdı. Aydının kobud barmaqlarının ağrısını, odlu dodaqlarının təmasını bədəninin hər yerində hiss edirdi.

Birdən telefon zəng çaldı. Əvvəl dəstəyi götürmək istəmədi. Amma telefon aramsız olaraq səslənirdi. Nəhayət, əlini dəstəyə uzatdı. Aydın idi:

– Mənəm, Aydın. Eşidirsənmi? Axşama kimi sənə vaxt verirəm. Əgər qayıdıb yanıma gəlməsən, hər şeyi açıb Rəşidə deyəcəyəm.

Elə bil danışan Aydın deyil, hansısa uzaq planetdən gəlmiş yad bir adam idi. Səsi elə soyuq idi ki, Zərifə üşüdü.

– Nə? Nə dedin? – o, qulaqlarına inanmadı.

– Eşitdiyini. Əgər qayıdıb bura gəlməsən, hər şeyi ərinə danışacağam.

– Axı nəyi danışacaqsan? Bizim ki, aramızda heç nə olmayıb.

– Xeyr, olub, sən mənimlə olmusan.

Zərifə eşitdiklərinə inanmadı.

– De, Aydın, nə istəyirsən de. – Zərifə taqətsiz halda dəstəyi yerinə asdı.

* * *

Gecə yarısı qapı zərblə döyüldü. Zərifə diksinib yatağından qalxdı, həyəcandan ürəyi sıxıldı. Qaranlıqda ayaqları ilə başmaqlarını axtardı. Bir tayını ayağına keçirtdi, amma o biri tayını tapa bilmədi. Hirslənib o biri başmağını da soyundu. İşığı yandırmadan qapıya getdi. Açar yerindən kəskin araq iyi onu vurdu. Qapını açıb ərini içəri buraxdı. Rəşidin içkidən qızarmış qəzəbli sifətini görəndə her şeyi anladı: Aydın dediyinə əməl etmişdi. Rəşid salam vermədən, kəlmə kəsmədən otağa keçdi. Zərifə də ürəyi əsə-əsə onun ardınca içəri girdi. Birdən üzündə açılan şillədən müvazinətini saxlaya bilməyib yanındakı stula aşdı, aradan da yerə yıxıldı. Bu, elə ani, elə tez baş verdi ki, Zərifə özünü itirib bir kəlmə söz deyə bilmədi. Rəşid onun yaxasından tutub ayağa qaldırdı, indi də o biri yanağına sillə çəkdi. Sonra isə yumruqlan ilə onun bədəninə ağır zərbələr endirməyə, söyüşlər yağdırmağa başladı. Zərifə ağrıdan qovrulsa da, səsini çıxarmırdı. Qəribə bir inadla, bircə damla göz yaşı axıtmadan bütün bunların nə ilə bitəcəyini gözləyirdi. Onu qəribə bir etinasızlıq, heyrətamiz bir biganəlik bürümüşdü. Daxili sakitliklə, inadcıl təmkinlə bunun nə ilə qurtaracağını gözləyirdi. Hər şeydə olduğu kimi bunda da bir sonluq olmalı idi. Bu sonluq bir saatdanmı, yarım saatdanmı, haçansa gələcəkdi. Bircə səbr etmək lazım idi. “Səbr ilə açılar bağlı qapılar”, – deyə öz-özünə təlqin edirdi.

Rəşid, nəhayət, yorulub stulda oturdu. Arvadının üzünə baxmadan dedi:

– Paltarlarımı yığ, həmişəlik gedirəm. Sənin kimi əxlaqsız qadınla bir damın altında qala bilmərəm.

Zərifə mütiliklə ərinin paltarlarını yığmağa başladı. Heç nə soruşmadı, heç şey demədi. Nəhayət, işi sona çatdıranda Rəşid iri yol çantasını götürüb boğuq səslə:

– Sənədlərini hazırla, məhkəmə yolu ilə ayrılacağıq, – dedi. Sağollaşmadan qapını çırpıb getdi.

Zərifə onun arxasınca qapını qıfıllayıb otağa qayıtdı. Nə ağlamağa, nə də düşünməyə taqəti qalmamışdı. Elə paltarlı halda divanda uzandı. Onun üçün zaman, vaxt məfhumu öz mənasını itirmişdi.

Səhər yuxudan oyananda güzgüdə özünü görüb qorxdu. Üzü, bədəni başdan-başa göy ləkələrlə örtülmüşdü. Bunlar Rəşidin yumruqlarının izləri idi. Bu görünən yaralar onu ağrıtmırdı. Qəlbində daha böyük, daha dərin yaralar göynəyirdi. Bu görünməyən yaralar onu öldürürdü. Başını dəhşətli bir ağrı bürümüşdü. İlıq duşun altında bir xeyli dayandı. Qurulanıb üz-qözünü səliqəyə salmaq istədi. Lakin nə qədər çalışdısa da göyləri heç cür gizlədə bilmədi. Bu halda işə gedə bilməzdi. Yenidən divana uzandı. Gözlərini yumub dünənki hadisələri beynində saf-çürük etməyə başladı. Qəribə bu idi ki, Rəşidin gedişi onu zərrə qədər də ağrıtmamışdı.

Əslində o, Zərifənin həyatından çoxdan getmişdi. Asya onu çoxdan Zərifənin əlindən almışdı. Dünən ona əl qaldırmaqla, onu “əxlaqsız” adlandırmaqla isə o, Zərifə üçün həmişəlik ölmüşdü. Rəşid on beş ildə onun vəfasını, sədaqətini, fədakarlığını, məhəbbətini qiymətləndirməmişdi. Ani səhvindən isə tez xəbər tutmuşdu. Lakin Zərifəni ən çox heyrətləndirən Rəşidin qəribə soyuqqanlığı idi. O, Zərifədən heç nə soruşmadan, həqiqəti öyrənmədən. Aydının dediklərinin doğru olub-olmadığını yoxlamadan arvadını dəhşətli şəkildə cəzalandırmışdı. Onunla küçə qadını ilə edilən kimi rəftar etmişdi. İllərdən bəri ailəsinə xəyanət edən, bundan heç bir mənəvi əzab çəkməyən, ən yaxın adamını ağır iztirablara məniz qoyan bir adam onu xəyanətdə suçlamışdı.

Zərifə ürəyində bu vaxta qədər hiss etmədiyi qəribə bir yüngüllük duyurdu. O, buxovdan azad olmuşdu. Dünənki hadisəyə o, ürəyində minnətdar idi. Yoxsa rəsmən aynlmaq onlar üçün çətin olacaqdı. Dünənki hadisə isə hər şeyi həll etmişdi. Bir şey onun üçün aydın olmuşdu: o. Rəşidin yolunda böyük bir maneə idi. Bu maneəni yox etməyə Rəşid çoxdan fürsət axtarırdı. Sakit, mehriban, dərdkeş Zərifə buna imkan vermirdi. Kim bilir, bəlkə dünənki hadisə olmasaydı, onlar ömürlərini beləcə başa vuracaqdılar. Rəşid fikri-zikri Asyanın yanında olduğu halda, öz evində qonaq kimi dolanacaq. Zərifə isə qadın üçün ən böyük dərd olan sevilməmək cəzasını çəkə-çəkə günləri aylara, ayları illərə calaya-calaya yaşayacaqdı. Bir evdə iki yad fərəhsiz ömürlərini sürməyə məhkum ediləcəkdi.

1,90 €