Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Şəhid Ənvər Paşa», Seite 9

Schriftart:

Ənvər Bəy məşhur şeyxlərin uşaqlarından yüz nəfərlik bir gözətçi birliyi qurmuşdur. Səbirsizliklə gözlədiyini söylədiyi, beş yüzü atlı olmaqla üç min nəfərlik Berassa könüllüləri gəlirlər.

"Bütün birliklər onları qarşılamaq üçün hazırlaşdı. Bu gözəl səhnəni görmənizi necə istəyərdim! Ərəb qadınlar əsgərlərin qarşısında gedir və mahnı oxuyurdular. Şeyxlərin xanımları və tayfanın ən gözəl qızları onları dəvələrin üzərində izləyirdilər. Atlar dördnala yetişdi və şeyxlər sırayla əlimi öpməyə gəldilər. Tayfa şairləri ailələrini və məmləkətlərini tərk etdiklərini, amma ancaq zəfər Kazanıldıqdan və düşməni dənizə tökdükdən sonra onları təkrar görmək istədiklərini izah edən mahnılar söyləyirdilər." (Hanioğlu, haqqında danışılan əsər, m. 64, 27 Yanvar 1912-ci il)

Şimal və Orta Afrikada çox məşhur olan Sünusi təriqətinin Kufrada olan böyük şeyxi Əhməd Şərif Əl-Sunusi, italyanlara qarşı “Cihad-ı Mukaddes” elan etdiyini və yaxında özünün də yanına gəlib onunla birlikdə döyüşəcəyini bildirir. Əsgərlər və könüllü birliklər içində böyük sevinc yaranır. Ənvər Bəy Şeyxə cavab yazır və hədiyyələrlə yüklü əlli beş dəvəlik bir karvan göndərir.

Xəstəxana və sağlamlıq xidmətləri də nizama düşüb. "Amma," deyir Ənvər Bəy, "əsas olan Ərəblərin fövqəladə təbiəti! Döyüşdən sonra iki gün istirahət etmək yaralarının dörddə üçünün yaxşılaşmasına kifayət edir və yaralılardan yalnız yüzdə bir şəhid veririk". (Hanioğlu, haqqında danışılan əsər, m. 65, 31 Yanvar 1912-ci il) O gün çox cəsur bir səhiyyə birliyini yoxlayarkən "birdən-birə məni aralarında görməkdən çox məmnun olan Ərəblər barabanlar çalmağa başladılar; qadınlar sevincdən qışqırır və tayfa şairləri mənim haqqımda bəstələnmiş döyüş mahnıları söyləyirdilər. Onların cərgələri qarşısından qısa bir müddət dördnala keçdikdən sonra onlara salam vermək məcburiyyətində qaldım və “Padşahım çox yaşa!” “Allah Sultanımızı və bəyimiz Ənvər Paşanı müzəffər etsin!” çığırtıları içində düşərgəni tələm-tələsik tərk etdim." (Hanioğlu, haqqında danışılan əsər, m. 66, 19 Fevral 1912-ci il)

"İtalyanların 130.000 nəfərlə Tripoli və Bingazi tərəfdə olduqlarını və bunun irəliləmək üçün kifayət etmədiyini düşünürəm… Bizim qüvvəmiz durmadan artır, bilirsiniz. Və bu qüvvə bizə demək olar ki, xərcsiz başa gəlir. Bütün bölüklər və Bingazi xalqı üçün ayda iyirmi beş min Türk lirəsi xərcləyirəm."

Bu vaxt İtalyanlar Ənvər Bəyin başına böyük mükafat qoyurlar!

Ənvər Bəy şəhid və yaralıların mücahidlərin gücünü azaltmadığını söyləyir. "Çünki şəhid olanın intiqamını almaq üçün ehtirasla tüfəngi qapdığı kimi şəhidin yerinə keçəcək ya bir qardaş, ya bir oğul, ya da bir ata var, hər zaman… Məsələn, yaralılar arasında atasını izləyərək döyüşə gedən doqquz yaşında bir uşaq olduğunu söyləsəm, – sağ qolundan bir güllə yarası alıb yenə də yataqda qalmadı – beləcə yeni nəsilin müqavimətə necə hazırlandığını görərsiniz". (Hanioğlu, haqqında danışılan əsər, m. 66, 19 Fevral 1912-ci il)

Oxşar bir hadisəni də Xəlil Bəy danışır: Yanında bir ingilis jurnalist vardır. Xəlil Bəy italyanların həftələrdir tikməkdə olduqları müşahidə qülləsini işarə edərək onu bu gecə havaya uçuracağını söyləyir. Əhməd Annakı çağırır.

"… “Əhməd, bu qüllə bu gecə havaya uça bilərmi?” “Siz əmr etsəniz, uçar əfəndim!” O qüllənin tikilməsi bizi çətin vəziyyətdə qoya bilərdi, tezliklə yıxılması lazım idi. Qismət o gecəyə imiş. Bizim Əhməd, partlayıcı maddə çuvalını kürəyinə aldı və qaranlıqlarda yoxa çıxdı. Sanki uşaqlarına yemək aparırdı. Elə sevincli və qürurlu gedirdi ki…

Qonağımla yeməyə oturduq… Qaranlıqlar içindən qulaqları kar edən bir partlayış səsi yüksəldi; ətrafda əks-səda verdi… Çadırıma doqquz yaşlarında bir uşaq gəldi. Gözlərində bir qürur vardı, başı dik idi, amma bir iki damla yaşın da yanaqlarına axdığını görürdüm. “Atam vəzifəsini yerinə yetirib. Onu Əbdülkərim kürəyində evə gətirdi. Evdə yatır və sizi gözləyir…” dedi. Əhmədin evinə qaçdım. Kərpic daxmasının içində yatırdı. Əhməd məni görüncə ağlamağa başladı. “Paşam… Mən.... on altı… ildir bir şaki…quldur olaraq yaşadım… Amma sayəndə… şəhid olaraq ölürəm… ailəmin varisi sənsən…” Sonra səsi və nəfəsi kəsildi. Qarşısında hörmət ilə əyildim. Xalqı düşünməyən səltənətin dağlara quldur kimi çıxardığı əslində təmiz ürəkli və torpağını sevən bu insanın qarşısında indi mən ağlayırdım…" (Xəlil Paşa, haqqında danışılan əsər, s. 86-87)

Tripolidə istədiyinə asanca çata bilməyən İtaliya, digər Osmanlı torpaqlarına istiqamətli təhdid və dənizdən bombardmanlara başlayır. İtalyanlar, Beyrutu bombalayır; doxsan şəhid və yüz yaralı vardır və hamısı da sadə insanlardır. Osmanlı Hökuməti İtalyanların liman və sahillərə hücumu halında Boğazları bağlayacağını Avropalı dövlətlərə bildirir. İtalyan Hökuməti bir tərəfdən də böyük dövlətləri araya salaraq sülh yoluyla hədəfinə çatmaq üçün çalışmaqdadır.

Ənvər Bəy Dernedə 27 Fevral 1912-ci ildə yazdığı məktubda əsgəri, administrativ, ədliyyə və vətəndaş bir çox iş üçün alınacaq qərarlar arasında yorğun olduğunu söyləyər. "Bilirəm ki, kəlləm onlar üçün çox qiymətli və onu almaq istəyirlər, amma mən onu çox baha satmağı da bilərəm". (Hanioğlu, haqqında danışılan əsər, m. 67, 27 fevral 1912-ci il)

Çox yaxşı komandirlərim və bir mühafizə birliyim var. Artıq mənə ehtiyac duymadan da müqaviməti davam etdirə bilərlər, deyə əlavə edir. Qısaca, hər şey yaxşı gedir, amma "qərar vermək məcburiyyətində olduğum hər növ siyasi məsələlər var və bu İngilislər canımı çox sıxırlar". Yenə Derne tərəfdən yazdığı 5 Mart tarixli məktubda iki qarşıdurmanın nəticələrini izah edir: "Sevimli Allaha şükrlər olsun. Döyüşün nəticəsi təxmin etdiyimdən də böyükdür. Gətiri-lən formalardan düşmənin iki kapitan və bir çox zabit itirdiyini anladım. Yüzə qədər tüfəng, şarapnellərlə dolu yeşiklər, tapança və sursat və s. həmişə istədiyimiz qədər gəlir. Ərəblərim artıq döyüş sahəsində hər tapdıqlarını yığmırlar". Ciblərindən çoxlu pul çıxan bu zabitlərin pullarını birbaşa ailələrinə göndərirlər. Çünki "İtalyan Hərbi Nazirliyinin mənim mərhumların ailələri üçün göndərdiyim pulları yerinə çatdırdığından əmin deyiləm".

Bu vaxt İstanbul Hökuməti İtalyanların on beş günlük atəşkəs istədiyini bildirir. Ənvər Bəy rədd edir. "Müqavimət göstərəcəyik; yəni onları əzib keçəcəyik". O məşhur böyük hücumları üçün tələsikmək lazımdır deyə lağ edir. "Mənim teleqraf xətlərim indi məni Misir, Tripoli və Tunisə bağlayır və bizim narahat olacaq bir vəziyyətimiz yoxdur".

Növbəti gün qarşıdurma doqquz saat davam edir. İtalyanlar qaçırlar. "Tam da dünən düşərgəyə gələn bir İngilis və iki gənc Alman zabitinin gözləri qarşısında darmadağın qaçmağa başladılar… Yeni mühafizə birliyim vəzifəsini haqqıyla yerinə yetirdi və mənim ürəyimi rahatlaşdıracaq şəkildə döyüşdü". (Hanioğlu, haqqında danışılan əsər, m. 68, 5 Mart 1912-ci il)

14 Mart 1912-ci il; Ayne'l-Mansur (Derne tərəfdə Türk düşərgəsi): "S-bah İtalyanlara basqın edəcək mühafizə birliyindən bir dəstəni yoxladım. Gənc komandirləriylə birlikdə çox şən bir şəkildə getdilər… Tobrukdan da yaxşı xəbərlər gəldi. Mənim qoca paşam (Ethem Paşa) çox az bir qüvvəylə üstəlik iyirmiyə qədər hərbi gəminin açdığı atəşə baxmayaraq, İtalyanların beş bölüyünü və iki dağ batareyasını qovub. Bizim milislər onları əhatə etmədən əvvəl saat onda qaçıb İtalyanlar… Döyüş günəşin batışından iki saat sonraya qədər sürmüş və yüzlərlə İtalyan cəsədi döyüş meydanını doldurub. 34-cü Piyada alayından bir əsir əsgər bu döyüşə qatılan İtalyan əsgərinin səkkiz min ətrafında olduğunu deyir". Çox qənimət əldə edilib. "Bingazidəki gənc komandirim də İtalyanları əldən salıb". Dörd gün əvvəlki bir basqında "Üç yüz İtalyan cəsədi döyüş meydanında qalmışdır". Yenə çox qənimət əldə ediblər. "Bir neçə gündən bəri bizim düşərgəmizdə olan iki gənc könüllü Alman zabiti var. Birini pulemyot piyada, o birisini süvari və mənim yavərim təyin etdim." (Hanioğlu, haqqında danışılan əsər, m. 69, 14 Mart 1912-ci il)

İtalyanlar Yəməndə Salif limanını bombalayırlar. Somali Sultanı İtaliyaya qarşı cihad elan edir. Bu vaxt Bolqarlar, Serblər və yunanlılar da gizli razılaşmalarla Balkanları bölüşdürməyin planlarını qururlar. İtalyanlar Osmanlının Egey adalarını bombalayacaqlarını böyük dövlətlərə bildirir. Beş böyük dövlət İtalyanın sülh üçün hazır olduğunu İstanbula çatdıraraq şərtlərini soruşur. İtal-yan donanması Çanaqqala boğazında Kumkale və Samos adasını bombalayır.

Bu vaxt seçkilər keçirilir; Tripoli könüllülərindən Fəthi Bəy Monastırdan və Xəlil Bəy Selanikdən millət vəkili seçilirlər. Xəlil Bəy Tripolini buraxıb gedə bilməyəcəyini bildirən bir teleqraf göndərsə də, Məclis istefasını qəbul etmir və onu icazəli sayır.

1912-ci ildə sülh etmək üzrə böyük dövlətlərin bəzi təşəbbüsləri olur; görüşmələr, Bingazinin Osmanlıda qalması və Tripolinin italyanlara verilməsi müzakirə edilir Görüşmələrin aparıldığı o günlərdə Xəlil Bəydən, Avropa ictimaiyyətinə də təsir edəcək canlı bir hərəkət etməsi istənilir. Xəlil Bəy "Mənən İtalyanlardan çox üstün vəziyyətdəyik. Səksən-yüz sandıq piyada sursatı göndərməniz mümkün olsa, İtalyanların Lebda qalasına hücum edib yandıraram” cavabını verir. Sabahısı gün hərəkat müvəffəqiyyətlə reallaşdırılar; bir italyan bayrağı, çox sayda sursat ələ keçirilər. Ancaq qənimətə başı qarışan Ərəblər vaxtında geri çəkilə bilmədikləri üçün çox itki verirlər. "Qərargaha dönər-dönməz dərhal birliklərin yoxlaması keçirildi və bu döyüşün bizə iki min adama başa gəldiyini anladım. Bu, mənim qüvvəmin yarısı demək idi. Amma, İtalyanların əlimizə keçən böyük bayrağının üzərinə “LEBDA HÜCUM XATİRƏSİ” yazdırıb divara asarkən bütün Avropa bunu anlamış olurdu ki, hələ çox uzun zaman döyüşə bilərik…"

Xəbəri eşidən bələdiyyə başçısı Abdullah Melitan, Xəlil Bəyə bu teleqrafı göndərir:

"Lebdaya edilən hücumda iki minə yaxın itkinin sizin ürəyinizi qırdığını öyrəndik. Hər biri yüz güllə ilə təchiz etdiyimiz iki min mücahid sabah yola çıxarılmış olacaq. Bunların yerini doldurmaq üçün bir həftə sonra təkrar min mücahid də göndəriləcək. Sağlamlıq və müvəffəqiyyətlərinizi diləyərik".

Xəlil Bəy deyir ki, "Tripoli Ərəblərinin səmimiyyətlərini unutmaq mümkün deyil." (Xəlil Paşa, haqqında danışılan əsər, s. 91-93)

Ənvər Bəy bu hadisədən, 23 iyun tarixli məktubunda belə danışır: "İtalyanların əlindəki Ledra Qalasını bizimkilər işğal ediblər; İtalyanlardan səkkiz kapitan, doqquz zabit və minlərlə əsgər ölüb; iki topu məhv edib bayrağı götürmüşük…" (Hanioğlu, haqqında danışılan əsər, m. 84, 24 iyun 1912-ci il)

Ənvər Bəy bir təmir emalatxanası qurdurur, mütərəqqilik və yol işləri də nizamlı şəkildə getməkdədir. "Mərkəzi Hökumət mənə böyük dövlətlərin araya girmək istədiklərini bildirdi, amma İtalyanları bu məmləkətdən qovmadan bir sülh mümkün ola bilməz." (69-cu mek.) Daxili problemlərlə başı xeyli dərddə olan Osmanlı Hökuməti, böyük dövlətlərə, Tripolidə tamamən Osmanlı hakimiyyəti qəbul edilib; italyan əsgərləri çəkilmədikcə sülh ola bilməyəcəyini bildirir.

"Sizə daha əvvəl danışmışdım; böyük Bingazi döyüşündə İtalyanlar qırx üçü zabit olmaqla mindən çox itki verdilər. Biz də biri zabit olmaqla yüz iyirmi üç şəhid verdik." (Hanioğlu, haqqında danışılan əsər, m. 70, 24 Mart 1912-ci il)

Ənvər Bəy indi İtalyanların tək qaynağı olan Ayne'l-Derne'den gələn sularını kəsdiyini, başlarını sipərdən çıxarıb hücuma keçə bilmədiklərini və bu döyüşü başlatdıqlarına onları peşman edəcəyini yazır. İtaliya Egey adalarını bombalamağa və əsgər çıxarmağa davam edir. Çeşməsər, Alaçatı, Kuşadası bombalandı. Osmanlı Hökuməti boğazları ticarətə bağlayır və italyan vətəndaşlarını ölkədən çıxarmağa başlayır. İtalyanlar Rodosu bombalayırlar.

Ənvər Bəy, Aprel ayının iyirmi yeddisində ilk rəsmi keçidini təşkil edur. "Bütün milislərim, başlarında zabitləriylə məni gözləyirdilər. İndi dörd alaydan ibarətdirlər. İlk sırada mühafizə birliyi və nizamlı birliklər gəlir; arxadan topçular və pulemyotçular. Bölük komandiri önümə keçdi və birliklərin qarşısından nizamla getdikdən sonra, bütün birliklər önümdən rəsmi keçid etdilər. Hamısı mənə inanılmaz bir sevinclə baxırdılar. Məni məmnun görməkdən xoşbəxt olmuşa bənzəyirdilər; gözlərində bir şəfqət, könüllü bir itaət görürdüm. Piyada əsgərləri müxtəlif birliklər izlədi və hər tayfanın qarşısında atlılar ağır-ağır keçdilər. Hamısının qarşısından da, Ayne'l-Mansur düşərgəsi məktəbinin yüz iyirmi kiçik şagirdi gedirdi. Bilirsən, mən asan-asan məmnun olmaram. Amma bu səfər, bu qədər qısa zamanda hazır olan və bu qədər nizamlı birlikləri görməkdən həqiqi bir həzz aldım." (Hanioğlu, haqqında danışılan əsər, m. 71, 30 Aprel 1912-ci il) Qısa bir nitq söyləyir. "Sonra, Sultanımızın doğum ildönümünü qeyd etmək üçün italyanların ocaqlarının ətrafında ocaq yandırdıq".

Ənvər Bəyin yeni seçilən Osmanlı Məclisi Məbusanına göndərdiyi teleqraf oxunur: "Tripolidəki bütün Türklər sonuna qədər müqavimət göstərməyə qərarlıdır!" Osmanlı Məcliəbusanı 4 May 1912-ci il tarixli iclasında, Bingazi Deputatı Yusuf Şatvan Bəyin təklifi ilə, "İttihad və Tərəqqi Cəmiyyəti idarə heyətində olan Ənvər, Fəthi, Xəlil və Əziz Bəylərlə komandirləri Neşet Paşaya və digər kəslərə və müharibənin lap əvvəlindən bəri göstərdikləri fövqəladə xidmətlər, Tunis və Misir İslam xalqı, Məclis adından" təşəkkürlərin bildirilməsi qərarlaşdırılır.

Ölüm məndən qaçır…

Ənvər Bəy bəzən öz ifadəsiylə "inanılmaz bir ruh halı" içinə girir:

"Zənn edirəm ki, məni çox xoşbəxt bir insan olaraq görürlər; çünki burada eqoist bir insanın arzularının susuzluğunu aradan qaldıracaq hər şey var. Zəfər əldə etdim, mənə itaət edirlər və mütləq hörmət edirlər. Azadam; insanlar gəlib əlimi öpürlər və onlara əl uzatmağımı istəyirlər. Mənim üçün fədakarlıq edirlər və mən bütün bunların nəyə yaradığını öz-özümdən soruşuram.

Zənn etdiyiniz qədər qüvvətli deyiləm. Burada olan mağaralar, bəzən məndə heç kim tərəfindən tanınmayan, tənha adam olaraq həyata davam etmək istəyi oyandırır. Bəzən, sanki vətən sevgisiylə mexaniki olaraq hərəkət edirəm. Bəzən çox böyük yükləri olan bu həyatdan can qurtarmaq üçün bir güllə, ya da top mərmisi arzulayıram." (Hanioğlu, haqqında danışılan əsər, m. 73, 17 May 1912-ci il)

Bəzi Avropa qəzetlərində Ənvər Bəyin öldüyünə dair xəbərlər çıxır. "Öldüyüm barədə xəbərlərə əsla inanmayın. Düşmənlərimdən daha uzun yaşayacağımı hiss edirəm. Və bir xalqın ən uca haqqını, azadlığını qorumaq üçün yaşayacağam. İtalyanların barbarlığına qarşı çıxıram." (Hanioğlu, haqqında danışılan əsər, m. 74, Mayın sonları 1912-ci il)

Uşaqlar vətəni müdafiə etməsi üçün cəbhəyə atılan bu insanların qarşısında olduğunu, cəsədləri tapdalanmadıqca düşmənin irəliləyə bilməyəcəyini, Allah yolunda döyüşənlərin Allah tərəfindən mükafatlandırılacağını yazır.

İtalyanlar donanma üstünlükləri ilə Rodosu işğal edirlər. Adanı qoruyan Türk birliyi 950 nəfərdir; italyan qüvvələri isə 12.000 nəfər. "Rodosun işğalı bizə boyun əydirməyəcək və burada hər şey, mən olmasam da yaxşı gedəcək." Böyük Sünusi şeyxindən bir məktub gəlir. "Bu adamı heç tanımadan sevirəm; çünki ruhuyla, bədəniylə bir vətənpərvərdir. Tam xəyal etdiyim kimi bir adamdır həqiqətən… Dünən əl falıma baxan biri, səksən yaşından daha çox yaşaya-cağımı söylədi. Bu da mənim düşüncəmi və hər şeyin yaxşı gedəcəyini göstərir. Layihələrimi tətbiq edəcək zamanım olacaq".

Bu vaxt nişanlısı Naciyə Sultanın İttihadçılar əleyhinə yazmasına canı sıxılar: "Mənə elə gəlir ki, məmləkətin salamatlığını sevməyən bir neçə əxlaqsız yanına qədər soxulub, sizə həmişə olduğu kimi Cəmiyyətin seçilmişləri əleyhində sözlər söyləyiblər. Bu kininizi o qədər inkişaf etdirmisiniz ki, bunları İtalyanlardan daha alçaq görürsünüz. Mən vətənin salamatlığına, bu səbəbdən dinin, Osmanlı xanədanın şərəfinin yüksəlməsindən başqa bir şeyə işləməyən və Hökumət üçün bərabər çalışdığım və bu gün də düşmənə şiddətlə sinə gərməyə Hökuməti göndərən yoldaşlarım haqqında bu barədə yazmanızı, "ancaq məni cəzalandırmaq üçün etdiyinizi" qəbul edəcəyəm. Ümid edirəm ki, bir araya gəlib sizi qucaqladığım və gözlərinizdən öpdüyüm zaman "fikirlərimiz də, ürəklərimiz də birləşmiş olar". (İnan, haqqında danışılan əsər, s. 459)

30 May 1912-ci il tarixli məktubunda yanında bir ceyranı olduğunu yazır. "Hər yerdə məni izləyir və yatağımın qarşısında yatır". (Hanioğlu, haqqında danışılan əsər, m. 75, 30 May 1912) "Bu gün İtalyanların gülləbaranından dönəndə ceyranı xalçanın üstündə boynu irəli uzanmış, başı yana dönmüş, çox yavaş nəfəs alan gördüm və bir an öləcəyini zənn etdim. Məni necə üzdüyünü bilməzsiniz. Bir dostumu itirəcəyim düşüncəsinə qapıldım. Dərhal yerdə oturdum, onu qollarımın arasına aldım, Mənsura (ceyranın adı) deyə səsləndim. Nəhayət, yavaşca başını çevirdi, gözlərini mənə dikərək və qara dilinin ucunu göstərərək sanki təşəkkür edir kimi idi; həqiqətən, ağladım. Təsəvvür edin necə həssaslaşdım. Düşünüləcək böyüklü-kiçikli min bir şeydən sonra ruhun bu tənhalığından qorxunc acı çəkirəm. Hökumət üçün, vətənim üçün heç bir şəxsi fayda gözləmədən çalışdım. Mənim və ya ehtirasım haqqında nə söyləsələr də, dəyişmədim".

İtalyanların Osmanlı sahillərini bombalaması və adaları bir-bir ələ keçirməsi davam etməkdədir. May ayının əvvəllərində Yakova, İpək bölgəsində Alban qiyamı başlayır. Balkan dövlətləri isə Osmanlıya qarşı savaş üçün razılaşmalarını tamamlamışdır. Osmanlı Hökuməti gizli bir iclasında Bingazini əldə saxlayıb, Tripolini İtalyanlara buraxmaq surətiylə razılaşmağa qərar verir. İttihad Tərəqqi Partiyası isə sonuna qədər döyüşmək qərarındadır. İtalyanlar Osmanlı sahil və adalarını davamlı bombalamaqdadır. Albaniya üsyanını dəstəkləyən elanlar İmperatorluğun müxtəlif bölgələrində paylanmaqdadır. Ordu içindəki “Halaskar Zabitan” qrupuna mənsub bəzi zabit və əsgərlər, İttihadçı Hökuməti devirmək üçün silahlanaraq Monastırda dağa çıxırlar; eynilə daha əvvəl Ənvər Bəy və yoldaşlarının çıxdığı kimi. Osmanlı Hökuməti siyasi səbəblərlə dağa çıxanları və ordunu siyasətə qarışdıranlara qarşı rəsmi bir mövqe sərgiləyir; amma əsgəri siyasətdən ayırmaq elanla mümkün olacaq şey deyil.

"Bu gün ölümümdən sonra mənim haqqımda çıxmış məqalələri oxudum müxtəlif qəzetlərdə; “Neue Freie Presse” və digərləri. Üzümü qızardan mədhiyyələr yazırlar. Amma, heç olmasa ölümümdən sonra yaxşı qiymətləndiriləcəyimi bildim." (Hanioğlu, haqqında danışılan əsər, m. 76, iyun 1912-ci il)

İtalyanlar Soussaya çıxıblar; şəhərdə bəzi Müsəlmanları asıblar. Ənvər Bəy "Cəzalarını alacaqlar" deyə yazır. İtalyan əsgəri birliyinə girməyi rədd edən bir zəncini həbs edirlər. "İyirmi beş gün boyunca çox pis davranırlar. Durmadan rədd etdiyi üçün onu tribunalın önünə çıxarıblar. Yalnız bunları deyib: “Sizin formalarınızı geyinmək istəmirəm; sizə xidmət etmək istəmirəm; sizin həyatınızı paylaşmaq istəmirəm. Sizin ayaqlarınızın çirklətdiyi bu əziz torpağa basdırılmağı istəyirəm”. Beləcə güllələnib.. Çox qəhrəmancasınadır deyilmi? "Ona çatan zərflərin birinin üstündə bir Misirli poçt məmurunun qeydi var: “Ölü”. (Hanioğlu, haqqında danışılan əsər, m. 77, iyun 1912-ci il)

İtalyanlar da zaman-zaman düşərgəni top atəşinə məruz qoyur, amma heç nə bacarmırlar; "Düşərgənin qadınları və uşaqları çadırlarında onlarla lağ edirlər… Səma qara buludlarla tutulub. Yalnız, orada-burada olan bir neçə yarıq, bu qapqara böyük pərdənin arxasında qızıl ulduzlarla dolu gözəl, mavi bir səma olduğunu görməyimizi təmin edirdi. Hər nə qədər bu mənzərə məni kədərləndirirdisə də, təsəlli tapmaq üçün bundan faydalana bilmək istəyirdim. Öz-özümə, bu günki həyatımızın bilinməyənin qapqara pərdəsi ilə tamamilə örtülü olduğunu söyləyirdim; amma, zaman-zaman kiçik bir işıq, bu pərdənin arxasında, bizə indinin ağrısını unutduracaq gözəl günlər olduğunu hiss etdirirdi… Mənə nə üçün bu qədər acı çəkdiyimi soruşurdunuz. Acı çəkməmək üçün ürəyimin heç işləməməsi, heç bir şey hiss etməməsi lazımdır ki, bu mənim üçün qeyri-mümkündür. Sizin həyat haqqındakı Avropalı fikirlərinizi qəbul edə bilmirəm…" (Hanioğlu, haqqında danışılan əsər, m. 78, 2 iyun 1912-ci il)

6 iyun 1912-ci il tarixli məktubunda top güllələri altında düşərgəni gəzdiyini deyir: "Bu ilk dəfə olduğundan, əsgərlərimə bu güllələrin təsirinin digərlərindən daha böyük olmadığını göstərmək lazım gəldi. İlk atışlar üzərinə çadırımdan çıxıb güllələrin düşdüyü nöqtəyə getdim. Bir dənəsi tam yanımda partladı və kiçik bir parça ombama isabət etdi. Amma saatımdan asılmış bir medalyon məni qorudu və yara yerinə ətimdə medalyonun izi çıxdı. Bir başqa top gülləsinin qara tozuna tamamilə bulanmış olaraq bütün bir xətti ikinci dəfə başdan-başa keçdim. Bir top gülləsi, kiçik bir uşağın yatmaqda olduğu bir bədəvi çadırının ortasında partlamışdı. Uşaq bir metr uzağa düşdü və heç bir şey olmadı. Bunlar möcüzələrdir, elə deyilmi? Ah sevimli, hər şeyi etməyə qadir böyük Allahın bir ruhu qaçınılmaz bir təhlükədən qurtardığına inandım." (Hanioğlu, haqqında danışılan əsər, m. 79, 6 iyun 1912-ci il)

"Əgər uca Allah bizə kömək etmək üçün mələk göndərsə, biz görməsək də, onları düşmənlər görərlər; bilirsiniz bizdə bu fikirə inanılır. Madam belədir, mənim də ilk döyüşdə bu şəkildə istifadə edəcəyim minlərlə əsgərim nə üçün olmasın! İtalyanların adaları işğalı bizim mövqe və dayanıqlılığımızı dəyişdirməyəcək… Keçən gün Cümə ziyarəti üçün tayfa rəisləri çadırıma gəldilər. “İtalyanlar vətənimizdən çıxmadan, sülhdən başqa hər şeyə boyun əyərik”, – dedilər… Yalnız Derne düşərgəsindəki kasıb bədəvilərin, təyyarə satın almaq üçün iyirmi min mark yardım pulu verdiklərini söyləsəm, sizə, vəhşi deyilən bu insanların sədaqətlərini ən son nöqtəyə çatdırdıqlarını anlarsınız".

"Bilirsinizmi, mənim üçün həyatın heç bir əhəmiyyəti yoxdur; amma, komik bir şey var; mən təhlükəyə doğru qaçdıqca, ölüm məndən qaçır. Bu da, mənim vətənimin şərəfi və mənfəətlərini qorumaq üçün yaşayacağıma olan inancımı artırır. Bu olmasa, özümü alçaldılmış və yaşamağı layiq olmayan hesab edərəm. Uca bir qüvvə bu aralar məni yaşadır və qoruyur". (Hanioğlu, haqqında danışılan əsər, m. 80, 12 iyun 1912-ci il)

"Kiçik ceyranım xəstədir. Yazıq heyvan bütün gün acı çəkdi; indi mənim yatağımın yanında yatır; yumşaq və melanxolik gözləri mənə dikib. Mənə yaraşdırılan bütün mərhəmətsizliyə baxmayaraq, bu heyvanın dərin ağrısını hiss edirəm və kədərim ona köməkçi olmamın qeyri-mümkünlüyü qarşısında artır". (Hanioğlu, haqqında danışılan əsər, m. 81, 17 iyun 1912-ci il) Ənvər Bəy bu ceyranı daha sonra İstanbula, Naciyə Sultana göndərəcək.

"Bu gün kiçik şagirdlərə hədiyyələr payladıq; üç ayda bir olan bir imtahan idi. Hər kəs çox qısa zamanda nə qədər irəliləmiş olduqlarına heyran qaldı. Mən də, bu yüz əlli kiçik bədəvinin ailələri tərəfindən məktəbə gətirildiklərini görməkdən çox xoşbəxtəm… İstanbulda məni orduda baş məmur təyin etmişlər. Burada bütün qüvvələri idarə edən bir baş məmur! Hər nə qədər bu rütbəni alsam da, zabitlərimə bir şey söyləmədim. Aramızda pis qısqanclıqlar başlamasın deyə. Döyüş bitənə qədər kimsənin nişanla mükafatlandırılmasını istəmirəm".

Ənvər Bəyin böyük bir ruhi gərginliyə sahib olduğunu tez-tez söyləməkdəyik. Bunun məktublarına əks olunması da təbiidir; həyatı, hətta təbiəti dəyişdirmək isəyi duyur. Bir tərəfdə də, qədərə inanmış bir mömindir; "Bir ruhun xəttini belə" dəyişdirə bilməyəcəyinə inanır. Bəzən onu da məcbur edəcəyini söyləyir. "Ölüm istəyi" ilə "qədəri məcbur etmək" ucları arasındakı gediş-gəlişlər, zaman-zaman məktublarında da əks olunar. "Həyatı olduğu kimi qəbul et-mək gərəkdir. Amma mən dəliyəm; hər şeyi dəyişdirmək, həyata hətta təbiətə başqa bir yol cızmaq istəyirəm. Sonra bir ruhun xəttini belə dəyişdirə bilməyəcəyimi gördüyümdə, tamamilə çarəsiz qalıram." (Hanioğlu, haqqında danışılan əsər, m. 82, 17 iyun 1912-ci il)

"Vəziyyət hələlik eynidir. Bizdə, Albaniyada vəziyyətin bir az kritik olduğuna inanılır. Amma xeyr, hər şey eyni və ümumi vəziyyəti dəyişdirəcək bir şey yoxdur. Əgər bir savaş çıxarsa, çox da çətinliklə qarşılaşmarıq." (Hanioğlu, haqqında danışılan əsər, m. 83, 20 iyun 1912)

Bədəvilərin israrı ilə Şənbəni ziyarət günü olaraq qəbul edər. Əvvəl zaviye və Sünusi şeyxləri gəlir, "Hər biri sağ əlimi və ətəyimi öpüb baş əyirlər. Onlara, necəsiniz deyirəm, həmişə eyni cavabı verirlər: "Madam ki sən sağlamsan və məmnunsan, biz də məmnunuq." Sonra çölə çıxıb, gözləyənləri salamlayırlar. "Ayağa qalxıb onlar üçün Allaha dua edirəm". (Hanioğlu, haqqında danışılan əsər, m. 85, 28 iyun 1912-ci il)

"İndi müdafiəsindən məsul olduğum sevimli vətənimin bu parçasının paytaxtı Tripoli əvvəl hər halda çox gözəl olub." (Hanioğlu, haqqında danışılan əsər, m. 86, 29 iyun 1912-ci il) Gecə yarısı təftişə çıxır və ay işığında, üç yüz metrdən sədlərin şəkillərini çəkir. (Hanioğlu, haqqında danışılan əsər, m. 87, 2 iyul 1912-ci il)

4 iyul tarixli məktubunda, gəzdiyi, yaxınlarındakı Roma xarabaları haqqında bəhs edir. "Əgər dinc olsaydıq, keçmişin bu kimi şeyləriylə maraqlana bilərdik". (Hanioğlu, haqqında danışılan əsər, m. 88, 4 iyul 1912-ci il)

"Bu gün qəribə bir bitki ilə qarşılaşdım. Meyvələri sanki pambığa oxşayır. Üzərində çiçəyi olan bir budaq qırdım; qırılmasın deyə papağımla qorudum və əlavədə sizə göndərirəm. Bəlkə, orada bunun nə olduğunu söyləyə bilərlər sizə." (Hanioğlu, haqqında danışılan əsər, m. 89, 4 iyul 1912-ci il)

Könüllülər öz milli paltarları içində döyüşməkdədir. 9 iyulda Birinci mühafizə bölüyünə formaları geydirilir. Onlar bu paltarları geyincə, digərlərinin də həvəslənəcəklərini düşünür. "Yeni paltarları içində uşaqlar kimi qürurlu idilər… Əlimi öpmək üçün səbirsizlənirdilər".

Müzəffər olmaq üçün dua edirlər. "İndi Bingazinin hər yerində, mən xaric hər kəsin məmnun olduğunu hiss edirəm. Bilmirəm niyə; həqiqətən, böhrana düşürəm".

O axşam Böyük Sünusi Şeyxinin qardaşından məktub gəlir:

"Qüvvəsi və böyüklüyüylə düşmənlərimizi əzən və möminlər ordusuna zəfər qapısını açan Allaha şükrlər olsun. Beləcə, bizə verdiyi sözlərin həqiqət olduğunu göstərir. Peyğəmbərlərin ən sonuncusu olan və bizə Allahın yolunu tutmağımızı və imansızlar qarşısında əyilməməmizi əmr edən Peyğəmbərimizə salam olsun.

Vətən və din düşmənlərini məğlub edən, onu dünyanın hakimi edən yol göstəriciliyiylə, əxlaq simvolu və fəzilətli hakimlərin tək lideri, müzəffər ataların saf soyu, Sünusilərin yaşayan ya da ölü bütün böyük şeyxlərinin gözlərinin nuru, yorulmadan çalışan cəsurların cəsuru, böyük aslan, dostumuz və gözümüzün nuru, Sultanın kürəkəni, qardaşımız Ənvər Paşa həzrətləri. Allah səni həmişə müzəffər etsin və doğru yolda həmişə zəfərə aparsın. Ürəyimizin ən təmiz yerlərindən sizə və sizinlə birlikdə olanlara salamlarımızı göndəririk. Sizi həmişə xoşbəxt və düşmənləri həmişə məğlub etməsi üçün uca Allaha dua edirəm… Qardaşlarımız onlara qarşı yaxşı dav-ranışlarınızdan bizi xəbərdar etdilər. Allah varlığınızı uzun etsin. Varlığınız və tutduğunuz yol bizə böyük xoşbəxtliklər verdi. Allah sizi hamımız üçün qorusun. Siz ki Allahın əmrini yerinə yetirdiniz, bu dünyanın və o biri dünyanın yəni Cənnətin bütün zövqlərini əldə edəcəksiniz…

Bu məktubu yazan qardaşınız, özü gəlmək yerinə, əllərinizi öpmək üçün bu məktubu göndərir. Şəxsi-Şahanə və sizin tərəfinizdən qəbul edilməyi çox istəyir. Lütfən bu uca taxta bizim təvazökar salamlarımızı göndərin". (Hanioğlu, haqqında danışılan əsər, m. 90, 9 iyul 1912-ci il)

Ənvər Bəy deyir ki, "Əllərimin arasına elə bir iqtidar, elə bir qüvvət keçdi ki, Avropanın dəyişik gücləri İtalyanlar, Fransızlar, İngilislər bunun öz əllərində olması üçün milyonlar xərcləyirlər… Nə isə, lovğalanmaq istəmirəm; bilirəm ki bu, uca Allahın arzusudur və istəsə hər şeyi geri ala bilər, vətənim üçün işim xaric.

"Şam azalmağa başladı. Çöldə soyuq bir külək bütün düşərgəni azğın nəfəsiylə bürüyür. Bədəvilərin mahnıları çoxdan susdu. Bu təklikdən nə qədər xoşnudam. Bu günlərdə çox əhəmiyyətli bir şey olacaq kimi bir hissim var… Gələcəkdən çox ümidliyəm, amma təbii Allah istəsə. Bilirsiniz nə qədər qədərçiyəm". (Hanioğlu, haqqında danışılan əsər, m. 92, 11 iyul 1912-ci il)

Heç dostum yoxdur!…

12 iyul tarixli məktubunda yenə təklik mövzusu vardır: "Bilirsinizmi heç dostum yoxdur; olmasını da istəmirəm. Hər kəslə yaxşı dolanıram, amma kimsənin mənə yaxınlaşmasına icazə vermirəm". (Hanioğlu, haqqında danışılan əsər, m. 93. 12 iyul 1912-ci il) Məktubları yazdığı xanım dostu Avropa qəzetlərində Tripoli müqavimətiylə əlaqədar yazılar çap etdirməkdədir. Ənvər Bəy təşəkkür edir. "Lakin məndən çox danışmadan bu yazıları çap etdirin." deyir; "bir-iki fotoşəkil qoyun yetər."

Paşanın özünə xas bu təkliyi diqqət çəkmişdir. Şövkət Süreyyaya məktub yazan telefon texniki belə izah edər: 1917-ci ilin sonlarında Ənvər Paşa I general-leytenantlığa yüksəldilir. Özü ətrafıyla Erzincan arasındakı Korpus qərargahındadır. Qərargahda bir əyləncə gecəsi təşkil edilmişdir:

"O gecə korpus qərargahında Ordu komandiri Vehip Paşa, korpus komandirləri və qərargah zabitləri Korpusun qərargah rəisi Miralay Cavid Bəyin otağında məşhur məddah Harputlu Vahid Çavuş tərəfindən əyləndirilərkən Ənvər Paşa, Korpus Komandirinin otağında saat birin yarısına qədər yalnız, oturmadan gəzişdi və davamlı, divarlardakı xəritələrin qarşı-sında dayanır və dəqiqələrlə onları araşdırırdı. Bizim xəbərləşmə binası ilə Qərargah arasında on beş metrlik bir məsafə vardı və üz-üzə idi. O biri otaqda əyləncə səs-küyləri göylərə çıxarkən Ənvər Paşanın bu təkliyi ruh halının bir ifadəsi deyilmi?" (Ş. S. Aydəmir, haqqında danışılan əsər, c. 3., s. 371) Paşanın şəxsiyyətini qiymətləndirən Azərbaycanlı yazar K. Nərimanoğlu, "O, hər yerdə tənhadır. İnsanların arasında tənhalıq Ənvər Paşanın şəxsiyyətinin sirlərindəndir", – deyir. (Kamil V. Nərimanoğlu, "Ənvər Paşanın çəkmələri", “525-ci qəzet”, 20.9.2007, Bakı)

* * *

Mahmud Şövkət Paşanın Savaş Nazirliyindən çəkilməsi və “Halaskar Zabitan” qrupunun təzyiqləri səbəbindən İttihad Tərəqqinin dəstəklədiyi Sait Paşa Hökuməti çəkilir.

"Üç gündən bəri İtalyanlar on beş sm-lik toplarıyla dəli kimi düşərgəmizi bombalayırlar". Üç gün içində bir qoca, üç qadın və bir uşaq şəhid olub. Ənvər Bəy də Derne şəhərindəki italyan evlərinin və limanın bombalanması əmrini verir. "İndi onların topları susdular, öz dərdləriylə məşğul olurlar." (Hanioğlu, haqqında danışılan əsər, m. 94, 18 iyul 1912-ci il)

Eyni gün və sabahısı gün İtalyan donanması Çanaqqalanı bombalayır.

"Təəssüf ki, Ana vətəndə işlər istədiyim kimi getmir. Amma mənim o hadisələrə qarışmağım mümkün deyil. Hər şeyin təhlükədə olduğunu görənə qədər burada qalmağım lazımdır. Doğulduğunuz məmləkət olan Türkiyəylə əlaqədar bu xəbərləri öyrəndiyinizdə kədərləndiyinizi görürəm. Amma sevimli dostum, bir az qədərçi olmaq lazımdır, bəlkə, bir gün hər şey yaxşıya doğru gedər. Ümid edirəm ki, gəncliyimiz bu qədər tez xərclənməz". (Hanioğlu, haqqında danışılan əsər, m. 95, 20 iyul 1912-ci il) "Bütün hazırlıqlarımı bitirdim, sabah topçu bölüyümlə Bingazi qalasını bombalayacağam".