Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Sarı çamadanın sərgüzəştləri», Seite 2

Schriftart:

Ana və uşaq həkimi avtobus dayanacağına yaxınlaşdılar. Sarı hasarın arxasında səmayadək ucalan televiziya qülləsi vardı. O, çox gözəl və çox hündür idi. Yəqin, rayonun bütün oğlan uşaqları hər gecə yuxularında həmin qülləni görürdülər. Düz yuxarısında isə parlaq işıq yanırdı. İşıq elə parlaqdı ki, bir dəqiqə ona baxmaqdansa, bir saat ara vermədən Günəşə baxmaq daha yaxşı olardı.

Qəfildən işıq söndü. Məhz bundan sonra yüksəklikdə hansısa bir qara qarışqanın qurdalandığını görmək mümkün oldu. Daha sonra həmin qara qarışqa aşağıya doğru süründü. Aşağı endikcə daha da böyüyürdü. Elə bu zaman aydın oldu ki, o, əslində, qarışqa yox, göy kambinezon geyinmiş işçidir. Sonra sarı hasarda hansısa qapı açıldı və işçi əyilərək oradan çıxdı. İşçinin əlində sarı çamadan vardı. Üzü günəşdən qaralmış gənc işçinin gözləri açıq-maviydi.

“Bəlkə, gözlərinin açıq-mavi olması belə yüksəklikdə işləməsi ilə bağlıdır? – uşaq həkimi düşündü, – Əlbəttə, yox. Mən sadəlövh kimi düşünürəm.”

– Mən qocanı bağışlayın! – uşaq həkimi gənc işçiyə müraciət etdi, – Sizin cəsarətli olduğunuzu demək istəyirəm!

– Nə danışırsınız… – gənc işçi bir qədər utandı və sanki bir anda yeniyetmə uşağa döndü, – Hansı cəsarəti nəzərdə tutursunuz?

– Bu qədər yüksəklikdə işləməyinizi. İcazə verin, əlinizi sıxım! – uşaq həkimi həyəcanla dedi. Əlindəki sarı çamadanı yerə qoyub gənc işçinin əlini sıxdı.

Gənc işçi də öz sarı çamadanını yerə qoyub həkimin əlini sıxdı.

– Yəqin ki, uşaq vaxtı dalaşmağı sevmisiniz. Səhv düşünmürəm ki?

Gənc işçinin yanaqları qızardı. O ətrafında növbəyə dayanmış insanlara baxaraq cavab verdi:

– Bəli, olub… Belə axmaqlıqları xatırlamağın nə mənası var ki?

– Bu axmaqlıq deyil! – uşaq həkimi dilləndi, – Elmi cəhətdən.... Ancaq bu haqda danışmağın yeri deyil. Ən vacibi odur ki, sizin cəsarətiniz var. Cəsarət isə…

– Bizim avtobus gəldi, – ana sakitcə həkimə dedi. Amma bu sözü elə səslə dedi ki, uşaq həkimi o dəqiqə ona baxdı. Ananın bənizinin tamamilə ağardığını, sanki bir anlıq daşa döndüyünü gördü. Düşünmək olardı ki, o, ana yox, ananın heykəlidir. Parıldamağı bacaran gözləri isə daha da kədərli idi. Uşaq həkimi günahkarcasına başını əyib sarı çamadanını yerdən götürərək avtobusa mindi.

“Ax, mən sınıq termometrəm! – düşünən uşaq həkimi anaya baxmamağa çalışdı, – Onun yanında cəsarətdən danışmaq necə də axmaq hərəkətiydi. Mən həkiməm, ancaq amansızlıqla yarasına od basdım. Özü də elə yaxşı anadır ki… Ax, mən yararsız .... ax mən…”

İkinci fəsil

Qorxaq oğlan

Ana qapını açdı və həkimi qaranlıq dəhlizdən işıqlı otağa ötürdü. Sanki otağa günəş boylanırdı. Hələ bu da azmış kimi çilçıraq yanırdı. Tumbanın üstündəki masaüstü lampalar da bərq vururdu. Masanın üstündə isə əl fənəri yanırdı.

– Petenka! – ana sevgi və nəvazişlə səsləndidi, – Bu mənəm! Haradasan?

Çarpayının altında kimsə tərpəndi. Sanki orada böyük ilan vardı.

– Petenka! Mən buradayam, – ana yenə nəvazişlə dedi, – Heç kimi səni incitməyə qoymaram. Zəhmət olmasa, çıx!

Çarpayının altından oğlanın başı göründü. Həkim Petkaya baxıb gülümsədi. Onun xoşuna gəlməyən uşaqları müalicə etməyi sevmirdi, Petka isə ilk baxışdan xoşuna gəldi. Yəni Petka bütünlüklə yox, təkcə başı. Bədəni isə hələ də çarpayının altındaydı. Petkanın yaxşı çənəsi, hərəsi bir yana baxan qulaqları, burnunda isə dörd gözəl çili vardı.

– Çıx, çıx! – uşaq həkimi sevincək dedi, – Çarpayının altı qaranlıqdır. Günəşə çıx.

Petka qarnı üstündə sürünə-sürünə çıxmağa çalışdı. İndi o böyük ilandan çox quyruqsuz kərtənkələyə oxşayırdı.

– Tez ol, döşəmədə uzanmağın nə mənası var?! – həkim dedi, – Bilirsənmi, döşəmədə bəzən siçanlar gəzir.

– Qalx, Petenka, qorxma! – ana yenə sakit və səbrlə dedi.

Petka ayağa qalxdı. İndi o quyruqsuz kərtənkələyə yox, yaxşı uşağa oxşayırdı. Həkim Petkanın sağına-soluna keçib təcrübəli gözləri ilə onu müşahidə etdi.

– Qollarını yığ, baxım, görüm, əzələlərin nə vəziyyətdədir.

Petka yazıq-yazıq anasına baxdı və titrəyən əlləri ilə yumruğunu sıxdı.

– Elə də pis deyil! Hətta çox yaxşıdır! – həkim razılıqla dedi, – İndisə yerində hoppan!

Petka hoppanmaq yerinə oturacağın söykənəcəyindən yapışdı. Elə möhkəm tutdu ki, barmaqları don vurmuş kimi ağardı.

– Hoppan, oğlum, hoppan! – ana sakitcə dedi, – Xahiş edirəm. Bu müalicə üçün lazımdır.

Petka narazılıqla anasına baxıb yerində hoppandı. Necə hoppanırdısa, döşəmə ilə Petkanın ayaqları arasına heç körpə uşağın çeçələ barmağı da girməzdi.