Mauqli

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Redyard Kiplinq

MAUQLİ

İnsan balası canavar ailəsində

Hindistanın Sion dağlarına toranlıq düşürdü. Öz ailəsi ilə dağın döşündəki mağarada məskən salmış Ata Canavar günorta yatıb yuxusunu almışdı. İndi ova çıxmaq vaxtı idi. O gərnəşib mağaraya nəzər saldı. Küncdə onun dörd balası zingildəşirdi. Ana Canavar yekə başını balalarının üstünə qoyub mürgüləyirdi.



Ata Canavar mağaradan çıxıb dağın yamacına enməyə hazırlaşırdı ki, kolluqda xəfif bir xışıltı eşidib durdu, tüklərini qabardıb döyüşə hazır vəziyyət aldı. Sonra hıqqana-hıqqana kolluqdan çıxan çaqqalı görüb sakitləşdi. Bu, Qabyalayan Tabaki idi.



Canavarlar və ümumiyyətlə, cəngəllik heyvanları çaqqallara ikrahla yanaşırlar. Çünki bu rəzillər onun-bunun artığını yeyir, hamıya yaltaqlanır, söz gəzdirir, ara vururlar. Bununla belə, heyvanlar həm də çaqqallardan qorxurlar, ona görə ki daim zibillikdə eşələnən çaqqallar tez-tez quduzluq xəstəliyinə tutulurlar, sonra da qabaqlarına gələni dişləyib bu xəstəliyə yolux-dururlar. Bu, dəhşətli xəstəlikdir, odur ki heyvanlar çalışırlar çaqqallara baş qoşmasınlar.



– Uğur olsun, ey böyük canavar! – Tabaki yaltaq səslə dilləndi. – Sənin balalarına möhkəm ayaqlar, iti dişlər arzulayıram. Qoy onlar heç zaman unutmasınlar ki, bu dünyada aclar da var.



Ata Canavar Tabakinin istəyini başa düşürdü, ancaq bu iyrənc məxluqu mağarasına buraxmaq istəmirdi.



– Burada yeməyə bir şey yoxdur. Mən indi ova hazırlaşıram.



– Canavar üçün, ola bilsin ki, yoxdur. Ancaq mənim kimi xırda, aciz məxluq üçün bir parça quru sümük də böyük nemətdir.



– Yaxşı, gir bax, gör nə tapırsan.



Tabaki mağaranın küncündə iri bir maral sümüyü tapıb ləzzətlə xırçıldatmağa başladı. Yeyib qarnını bərkitdikdən sonra o, ev sahiblərini yeni cəngəllik xəbərləri ilə təəccübləndirmək istədi:



– Şirxan ovlağını dəyişib. O, indi burada, dağda ov edəcək. Özü mənə dedi.



Şirxan pələng idi. O, mağaradan iyirmi mil aralıda, Vayiqanqa çayının sahilində yaşayırdı.



– İxtiyarı yoxdur! – deyə Ata Canavar qəzəblə dilləndi. – Cəngəllik qanununa görə, o heç kimə xəbərdarlıq etmədən ovlağını dəyişə bilməz.



Bu yerdə söhbətə Ana Canavar qarışdı:



– Şirxana doğulduğu gündən Lanqri (Topal) deyirlər, çünki o, axsaq doğulub. Odur ki bu yaramaz yalnız ev heyvanlarını ovlayır. Görünür, Vayiqanqa sahillərində yaşayan insanlar onun əlindən zinhara gəlib o yerlərdən qovublar. İndi də bizim tərəflərə təşrif buyurub. Bir azdan yaxın kəndlərin adamları duyuq düşüb cəngəlliyi ələk-vələk eləyəcəklər. O, yenə başını götürüb başqa yerlərə gedəcək. Bəs bizim balalarımızın axırı necəolacaq?



Elə bu zaman aşağıdan, balaca çaya tərəf uzanan vadidən pələngin sərt, canları lərzəyə salan nəriltisi eşidildi. Bu, həmin səs idi ki, gecələr meşədə qalanların tükünü ürpədir, onları qaçaraq bəzən pələngin caynağına keçməyə məcbur edir. Ata Canavar hiddətlə:



– Axmaq! – dedi. – Heç gecə ovuna da belə səs-küylə başlayarlar?! İndi bütün maralları ürküdəcək…



– Suss! – Ana Canavar onun sözünü kəsdi. – Onun bu saat ovladığı maral deyil. O, insan ovlayır.



Cəngəllik qanununa görə, heç bir heyvan mənsub olduğu qəbilənin ərazisində insan öldürə bilməzdi. Cəngəllik heyvanları yaxşı bilirdilər ki, öldürülmüş bir insana görə cəngəlliyə öyrədilmiş fillər üstündə yüzlərlə adam məşəllərlə və od püskürən silahlarla soxulacaq. Onda bütün heyvan sürüsü bu əraziləri tərk edib başqa yerlərə köçməli olacaq. Bir də ki, deyilənə görə, adamyeyənlər bir müddətdən sonra qotura tutulurlar, dişləri tökülür. Heyvan üçün bundan pis şey yoxdur.



Pələngin tükürpədici nəriltisi birdən-birə ulama səsi ilə əvəz olundu. Bu anda Tabakiyə maraq güc gəldi. O, yavaşca sivişib mağaradan çıxdı.



– Tuta bilmədi, – deyə Ana Canavar dilləndi. – Görəsən, niyə?



– Pəncələrini yandırdı… Axmaq!.. Yəqin, tonqalın üstünə atılıb.



Artıq canavar ailəsi də mağaranın ağzına çıxmışdı. Ana Canavar qulaqlarını şəkləyərək:



– Kim isə mağaraya tərəf qalxır, – dedi. – Hazır ol!



Doğrudan da, lap yaxından, meşənin sıx yerindən xışıltı səsi gəlirdi. Ata Canavar dal ayaqları üstə çökərək sıçramağa hazırlaşırdı ki, ağacların arxasından çıxan məxluqu görüb belini dikəltdi və yerindəcə donub-qaldı.



– İnsandır! – deyə o mırıldandı. – Özü də lap baladır!



Canavar ailəsinin qarşısında təzəcə ayaq açmış qarabuğdayı, yarımçılpaq bir oğlan uşağı ağaclardan yapışıb dayanmışdı. O, Ata Canavarın üzünə baxaraq sanki ondan mağaraya dəvət gözləyirdi. Cəngəllik tarixində indiyə kimi belə şey olmamışdı – insan övladı, özü də lap balacası təmbələmtəkcə canavar mağarasına təşrif buyurmamışdı.



– İnsanın balası belə olurmuş? – deyə Ana Canavar dilləndi. – Onu bura gətir.



Canavar, adətən, öz balasını dişi ilə tutub ora-bura daşıyır və bunu elə edir ki, bala canavarın heç ruhu da incimir. İndi də belə oldu: Ata Canavar dişləri ilə körpənin belindən yapışıb mağaraya elə apardı ki, uşağın heç dərisi də cızılmadı.



Körpə insan balası heç nə olmayıbmış kimi canavar balalarının arasında özünə yer elədi və hətta bir azdan Ana Canavarı əmməyə başladı.



Ana Canavar mehribanlıqla ona baxıb təəccübləndi:



– Bir buna bax! Lap ətcədir.



Elə bu zaman Tabakinin cır səsi eşidildi:



– Ağa, ağa, o, buraya girdi!



Mağaraya düşən ay işığı yoxa çıxdı: Şirxanın yekə başı girəcəyi tutmuşdu. Mağaranın ağzı dar olduğundan yekə pələngin bədəni buradan keçmirdi.



Ata Canavar çağırılmamış qonağı görüb hiddətlənsə də, təmkinini pozmadı.



– Şirxan bizə xoş gəlib. O nə istəyir?



Şirxanın qaranlıqda parıldayan yaşıl gözləri mağaranın künc-bucağını axtarırdı:



– Ovunu! İnsan balasını! Onun ata-anası qaçıb canlarını qurtardılar. Özü isə sizin mağaraya gəlib. Onu mənə verin.



Ata Canavar yenə də sakit cavab verdi:



– İnsan balasını biz tapmışıq. O bizimdir. İstəsək, özümüz parçalayıb yeyərik. Sənin sözün bizim üçün qanun deyil. Canavarlar ancaq sürü başçısının dediyinə əməl edirlər.



Pələngin göy gurultusuna bənzəyən nəriltisi mağaranı lərzəyə gətirdi:



– Qulaq as! Səninlə Şirxan danışır! İnsan balası mənim qənimətimdir! Onu mənə qaytarmasan…



Bu yerdə Ana Canavar yerindən sıçrayıb üzünü Şir-xanın sifətinə lap yaxınlaşdıraraq düz onun gözlərinə baxdı.



– Bura bax, səninlə danışan Rakşadır. İnsan balası mənimdir, mənimlə də qalacaq. O, sürüdə yaşayacaq və sürünün qanunlarına tabe olacaq. İndi isə rədd ol burdan, cəngəlliyin bədheybət məxluqu!



Rakşa "iblis" deməkdir. Bu adı Ana Canavara nahaq yerə verməmişdilər. Onu acıqlandıranda heç bir canavar qarşısına çıxa bilməzdi. Rakşanın gözlərini görən Şirxan başa düşdü ki, bu qurdla zarafat etmək olmaz, odur ki mırıldana-mırıldana daldalı bayıra çıxdı. Özünü genişlikdə hiss edincə yenidən nərildədi:



– Hələ baxarıq, görək sürü insan balasını qəbul edəcəkmi! Bu qənimət mənimdir, gec-tez onu yeyəcəyəm…



Şirxan uzaqlaşdıqdan sonra Ata Canavar mırıldandı:



– Pələng düz deyir. İnsan balasını saxlamaq üçün sürüdən icazə almaq lazımdır.



Artıq bir qədər sakitləşmiş Rakşa nəvazişlə insan balasına baxıb dilləndi:



– Sakit uzan, bala qurbağa. Nə qədər ki mənimləsən, heç kim səni incidə bilməz. Sənin adını da belə qoyuram: Bala Qurbağa, Mauqli.



Canavarlar şurası Mauqlini sürüyə qəbul edir

Cəngəllik qanununda deyilir ki, canavar balaları bir qədər böyüyüb yeriməyə başlayanda ata və anası onları sürü şurasına gətirib hamıya göstərməlidir. Yalnız bundan sonra onları sürüyə qəbul edirlər. Bala canavar ilk ovunu edənə qədər heç bir canavarın ona toxunmağa haqqı yoxdur.



Rakşanın balaları artıq ayaq tutub yeriyirdilər. Onları şuraya göstərmək vaxtı çatmışdı. Odur ki Ata Canavar və Rakşa balalarını və Mauqlini götürüb şuranın yığışdığı qayalığa gətirdi. Burada yüzdən çox canavar toplaşmışdı. Bu sürüyə yaşadığı dağın adı ilə Sion sürüsü deyirdilər.



Sion sürüsünə Akela adlı nəhəng qurd başçılıq edirdi. O, cəldliyinə, gücünə və sürü qayda-qanunlarını yaxşı bildiyinə görə başçı seçilmişdi. Akela qayanın başında uzanıb bala canavarları nəzərdən keçirirdi. Əlbəttə, insan balası haqqında sürüdə xəbər yayılmışdı, ancaq bir çoxları, o cümlədən Akela Mauqlini birinci dəfə görürdü. İki ayağı üstə yeriyən, hərdən yerə uzanıb məzəli hərəkətlər edən insan balasını canavar balaları ilə səhv salmaq olmazdı.



Akela qayanın başından uladı:



– Qanun sizə məlumdur, ey canavarlar! Yaxşı-yaxşı baxın!



Bu zaman qayanın dalından Şirxanın boğuq nəriltisi eşidildi:



– Bu körpə mənimdir! Verin onu mənə! İnsan balası canavar sürüsünün nəyinə lazımdır?!



Lakin Akela Şirxanın sözünə əhəmiyyət vermədi:



– Baxın, ey canavarlar! Yadların sözü bizim üçün qanun deyil. Yaxşı-yaxşı baxın.



Cəngəllik qanununa görə, canavar balasını sürüyə qəbul edərkən mübahisə yaranarsa, onun xeyrinə sürünün ən azı iki üzvü danışmalı idi. Lakin bu zaman nə atanın, nə ananın rəyi nəzərə alınırdı.



– Kim bu körpənin sürüyə qəbul olunmasına tərəfdardır? – deyə Akela soruşdu.



Elə bu an Balu adlı tənbəl qonur ayı dal ayaqları üstə qalxaraq donquldandı. Balu başqa cinsdən olan yeganə heyvan idi ki, sürü şurasında iştirak etməyə icazə verirdilər, çünki qoca Balu canavar balalarına cəngəllik qanunlarını öyrədirdi.



– Qoy insan balası da sürü ilə birlikdə gəzsin. Ondan heç kimə ziyan gəlməz. Mən özüm ona tərbiyə verərəm.

 



Akela yenidən dilləndi:



– Balu öz sözünü dedi. Başqa kim danışmaq istəyir?



Bu zaman yumşaq, şirin bir səs eşidildi:



– Ey Akela! Ey canavarlar!



Bu, Bahirə adlı qara bəbir idi. Cəngəllikdə hamı ondan ehtiyat edirdi, çünki Bahirə zərif olduğu qədər də hünərli, cəsur və hiyləgər idi. O, bihuşedici səslə sözünə davam etdi:



– Əlbəttə, sizin şurada mənim səs hüququm yoxdur. Lakin cəngəllik qanununa görə, körpə üstündə mübahisə olarsa, hər kəs haqq ödəməklə onu ala bilər. Mən bu hüqüqdan istifadə etmək istəyirəm. Yarım mil burdan aralı, çay vadisində yenicə kök bir kəl öldürmüşəm. Əgər sürü insan balasını qəbul etsə, bu kəli sizə bağışlamağa hazıram.



Bu sözdən sonra sürüdə hay-küy qopdu. Ac canavarlar mırıldandılar:



– İnsan balasından kimə nə ziyan ola bilər? Qoy sürüyə qoşulub gəzsin. Onsuz da yağışlar başlayanda tələf olub gedəcək.



Beləliklə, Mauqli də Rakşanın balaları kimi Sion sürüsünə qəbul olundu.



Hamı Bahirənin ovladığı kəli didişdirmək üçün vadiyə endi. Qayalıqda yalnız canavar ailəsi, Balu, Akela və Bahirə qaldı. Akela razı halda dilləndi:



– Biz yaxşı iş gördük. İnsanlar ağıllı olurlar. Vaxt gələr, onun sürüyə xeyri dəyər.



Sonra sürü başçısı üzünü Ata Canavara tutdu:



– Körpəni götür apar. Onu azad canavar qəbiləsinə layiq tərbiyə et.



Mauqli cəngəlliyin sirlərini öyrənir

İllər keçdi. Hindistan cəngəlliyində ilin fəsilləri, demək olar ki, hiss edilmədən dəyişilir. Sanki cəmi iki fəsil vardır: biri quraqlıq, digəri isə yağmurludur. Buna görə də cəngəllik sakinləri çox vaxt illəri yağmurlu fəsillərin sayı ilə hesablayırlar.



Heyvanlar tez böyüyüb yetkinləşir. Mauqlinin canavar qardaşları da artıq böyük canavar olmuşdular. Lakin Mauqli bir qədər böyüsə də, hələ uşaq idi.



Ata Canavar başqa balaları kimi ona da öz peşəsini öyrədir, qoca ayı Balu isə cəngəlliyin sirlərini başa salırdı. Balu canavarlara və Mauqliyə dostu düşməndən ayırmağı, hər qəbilənin – quşun, timsahın, ilanın öz dilində danışmağı öyrədirdi. Cəngəllikdə hər qəbilənin öz ərazisi var idi. Onlar yadları sevmirdilər və adətən, onlara öz ərazilərində ov etməyə icazə vermirdilər. Balu yad əraziyə düşdükdə yerli qəbiləyə necə müraciət etməyi də öyrədirdi. Bu müraciətin mənası belə idi: "İzin verin, bu yerlərdə ov ovlayım, çünki mən acam". Onda belə bir cavab gəlirdi: "Ovla, ancaq əylənmək üçün yox, qarnını doydurmaq üçün ovla".



Balu çox sərt müəllim idi. Balacalar onun sözünə qulaq asmayanda onları şapalaqlayırdı. Ayının pəncəsi isə çox ağır olur. Qaradərili Bahirə bəzən balaca dostunu sərt müəllimdən müdafiə etmək istəyirdi:



– Ay insafsız, sənin şapalaqlarından onun bütün bədəni gömgöydür. İnsafa gəl, axı o balacadır, özü də zəif məxluqdur, insan balasıdır.



– Elə buna görə də çox şapalaq yeməlidir. Cəngəllikdə tək qalanda heç kim onun balacalığını nəzərə almayacaq. Sonralar başqasına yem olmaqdansa, indi kötək yesə yaxşıdır. Ey, balaca qardaş, sən haradasan? – deyə Balu Mauqlini səslədi.



Mauqli ağacların bir budağından digərinə tullana-tullana Balu ilə Bahirənin qarşısında peyda oldu:



– Nədir, gonbul Balu? Elə bilirsən sənin çağırışına gəldim? Mən dostum Bahirəni görməyə gəlmişəm.



Balu donquldandı:



– Görürsən, budur balacaların müəllimə təşəkkürü. Yaxşı, cəngəlliyin Müqəddəs Sözünü de görüm.



– Hansı tayfanın dilində deyim? Cəngəllikdə çox dil var. Mən onların hamısını bilirəm.



– Yaxşı, lovğalanma. Mənim dilimdə de.



Mauqli ayı kimi nərildədi:



– Səninlə mən qan qardaşıyıq – sən və mən!



– İndi ilan dilində.



Mauqli ilan kimi fışıldayaraq eyni sözləri təkrar etdi. Sonra qartal kimi qıy çəkərək həmin şeyi söylədi. Balu məmnun halda dilləndi:



– Hə, buna görə bir neçə şapalaq yeməyin zərəri yoxdur. Vaxt gələr, bu sözlərin qiymətini bilərsən. İndi cəngəllikdə Mauqlini heç bir təhlükə gözləmir – nə quşlardan, nə ilanlardan, nə də dördayaqlılardan.



– Öz tayfasından başqa, – deyə Bahirə yavaşca öz-özünə pıçıldadı.



– Mənim öz tayfam olacaq, – deyə birdən Mauqli dilləndi. – Bizim ərazimiz cəngəlliyin ağacları olacaq.



Balu ilə Bahirə insan balasının sözlərindən heç nə anlamayıb təəccüblə bir-birinə baxdılar. Birdən Balu onun dediklərini başa düşdü.



– Sən bandarloqları, meymun tayfasını nəzərdə tutursan?



Mauqli Bahirəyə baxdı ki, görsun o da acıqlanır, ya yox. Bəbirin gözləri hiddətlə parıldayırdı:



– Sən meymunlarla tanışlıq edirsən? Eyib deyilmi sənə?!



– Niyə eyib olmalıdır? Balu məni döyəndə onlar ağacdan düşüb mənim könlümü alır, mənə qoz, meyvə gətirirlər. Özləri də mənə dedilər ki, mən onların tayfasındanam, çünki onlara oxşayıram, bircə quyruğum yoxdur. Mən böyüyəndə onların başçısı olacağam.



Balu Mauqlinin boynundan yapışıb dizi üstünə qoydu, yumşaq yerinə yaxşı bir şapalaq ilişdirdi. Sonra acıqlı-acıqlı nərildədi:



– Qulaq as mənə, insan balası! Meymunlar cəngəllikdəki başqa heyvanlar kimi deyillər. Onlar qanun nədir, bilmirlər, onların başçısı olmur. Bu məxluqlar qabaqlarına nə gəldi yeyirlər, onun-bunun ağzını yamsılayırlar. Özləri də oğrudur, murdar və həyasız tayfadır. Cəngəllikdə heç bir tayfa onlarla yaxınlıq etmir. Onlardan hər şey gözləmək olar.



Elə bu zaman ağacların budaqlarından onların başına dolu kimi qoz yağdı, hündürlükdən öskürək, zingilti və sıçrayış səsləri eşidildi.



Bahirə Balunu məzəmmət etdi:



– Məgər sən indiyə kimi onu xəbərdar etməmisən?



– Mən haradan biləydim ki, o belə zibillərlə oturub-duracaq?!



Balunun dedikləri həqiqət idi. Meymunların çox murdar xasiyyətləri vardı. Onlar ağacların zirvələrində yaşadığından cəngəllik heyvanları onlara fikir vermirdi. Bu iyrənc məxluqların yaddaşı yox idi, ona görə də onlar özlərinə nə qanun yarada, nə də başçı seçə bilirdi. Həmişə də hər vəchlə cəngəllik heyvanlarının diqqətini özlərinə cəlb etmək istəyirdilər.



Nə vaxt idi ki, bandarloqlar Mauqliyə göz qoyurdular. Onun iki ayağı üzərində yeridiyini görüb öz tayfa-larından olduğunu güman edirdilər. Lakin onlardan fərqli olaraq Baludan dərs almış Mauqli müxtəlif heyvanların dilində danışmağı bacarır, suda balıq kimi üzür, cəngəllik lianalarından kəndir hörür, ağacda koma düzəltməyi bacarırdı. Odur ki meymunlar Mauqlini özlərinə başçı seçməyi qərara almışdılar. Belə bir bacarıqlı, ağıllı başçıları olsa, cəngəllikdəki başqa tayfalar onlarla hesablaşardı.



Meymunlar haqqında həqiqəti eşidən Mauqli onlarla yaxınlıq etdiyindən çox xəcalət çəkdi.



İnsan balası meymunların əsirliyində

Günorta istirahətininvaxtı yetişirdi. Balu ilə Bahirə bir ağacın altında uzanıb mürgülədilər. Mauqli də onların arasında özünə yer eləyib uzandı. Bir azdan hər üçünü şirin yuxu apardı.



Birdən Mauqli yatdığı yerdə kiminsə qaba əllərinin onun çiynindən və ayaqlarından yapışdığını hiss etdi. Sonra üzünə çırpılan budaqlar onu yuxudan oyatdı.



Bu, bandarloqlar idi. Onlar Mauqlini oğurlayıb qaçırırdılar – ağacların zirvələrində onu bir-birinə ötürür, böyük cəldliklə həmin yerdən uzaqlaşırdılar.



Bir azdan Balunun nəriltisi eşidildi. Bahirə bir göz qırpımında bir ağacdan o birinə tullanaraq Mauqliyə çatmağa çalışırdı. Lakin meymunların məskən saldığı ağac zirvələrindəki nazik budaqlar onun ağırlığına davam gətirə bilməzdi.



– Bahirə bizi gördü. İndi cəngəllikdə hamı bizdən danışacaq, – deyə meymunlar cır səslə bağırırdılar.



Bir neçə qüvvətli meymunMauqlinin əl-ayağından yapışmışdı. Onlar boş əlləri və ayaqları ilə budaqlardan tutaraq ağacdan-ağaca elə tullanırdılar ki, heç yerlə qaçan maral da onlara çata bilməzdi. Yerdən 20–30 metr hündürlükdə bu uçuş əvvəlcə Mauqlinin xoşuna gəldi. Sonra o oğurlandığını başa düşüb bunu dostlarına xəbər vermək haqqında düşündü. Sıx ağacların zirvəsindən yer görünmürdü və heç bir cəngəllik heyvanına xəbər çatdırmaq mümkün deyildi. Mauqli yuxarı, səmaya baxdı. Bu vaxt cəmdək tapmaq ümidi ilə cəngəllik üzərində qanad çalan quzğunu – Çili gördü. Çil meymunların nə isə apardığını görüb bir qədər aşağı enmişdi. Onun iti gözləri Mauqlini gördü. Quzğun sürüdə yaşayan insan balası haqqında eşitmişdi. Başa düşdü ki, meymunların qəniməti həmin insan balasıdır. Çil sürətlə qaçan meymunların üzərində dövrə vurub uçurdu ki, birdən uşağın səsini eşitdi:



– Səninlə mən qan qardaşıyıq – sən və mən! Mənim yolumu yadında saxla! Sion sürüsündən Baluya və qaradərili Bahirəyə xəbər çatdır.



– Kimdən, qardaş? – Çil dəqiqləşdirmək istədi.



– Bala qurbağadan… Mauqlidən.



Çil bir qədər də onların arxasınca uçdu. Mauqlini aparan bandarloqların son dayanacağını bilmək istəyirdi.



Həminvaxt Balu ilə Bahirə meymunların getdiyi istiqamətdə var gücləri ilə qaçırdılar. Bahirə geridə qalan yastıdabana ağzından çıxanı deyirdi:



– Balacanı döyüb bədənini göyərtməkdənsə, bandarloqların necə məkrli olduğunu ona başa salaydın…



Yanlarını basa-basa, tövşüyə-tövşüyə qaçan qoca Balu az qala canavar kimi ulayırdı:



– Uuu… Məni görüm quru sümükdən başqa yeməyə heç nə tapmayım. Qoy məni cəngəlliyin bütün arıları sancsınlar! Axı niyə mən Mauqlini başa salmadım, onu qorumadım? Tez ol, Bahirə, tez ol!..



– Sən mənə deyirsən "tez ol"? Bir özünə bax! Bir mil də belə qaçsan, cəngəllikdə balalar müəllimsiz qalacaqlar. Qoy qalsınlar! Sənin kimi müəllimin olmağındansa, heç olmamağıyaxşıdır. – Bahirənin hirsi soyumurdu. – Yaxşısı budur, gəl oturaq fikirləşək. Bandarloqlar Mauqlini hara apara bilərlər? İnsan balası meymunların nəyinə lazımdır?



Onlar dayanıb bir kötüyün üstündə oturdular. Balu tərini silib dedi:



– Təki onu əylənmək xatirinə yuxarıdan yerə atmasınlar. Əgər Mauqli Müqəddəs Sözü unutmayıbsa, o zaman xilas olacaq.



Birdən Balunun ağlına bir fikir gəldi:



– Bandarloqların cəngəllikdə qorxduğu yeganə canlı – əfi ilan Kaadır. O da meymunlar kimi ağacların əlçatmaz yerlərinə dırmaşa bilir, gecələr onların balalarını oğurlayır. Kaanın adı gələndə meymunlar tir-tir əsirlər.



– Kaa bizə kömək edərmi? Axı o, bizim tayfadan deyil.



– Biz ona çoxlu dağkeçisi vəd edərik. Əgər ac olsa, razılaşar.



Bahirə Kaaya çox da etibar etmirdi. Doğrusu, başqaları kimi o da dağ əfisindən qorxurdu, çünki Kaanın gözləri çox zəhmli idi. Ancaq başqa əlac yox idi. Mauqlinin dostları Kaanın yanına yollandılar.



Dağ əfisi qayalıqda, günəş altında uzanıb qızınırdı. O, yenicə qabıq qoymuşdu və indi yeni, gözəl dərisinə tamaşa edirdi. Onun uzunluğu on metrə çatan bədəni günəş altında qıvrılaraq əcaib düyünlər, halqalar əmələ gətirirdi. Əfinin zəhərli dişləri olmur. O, şikarının bədəninə dolanaraq onu sıxmaqla öldürür. Lakin bundan əvvəl o, gözləri ilə şikarını sanki ovsunlayır. Onun gözlərinə baxan yerindəcə donub-qalır, əfi onun belinə dolandıqda isə canını qurtarmaq artıq gec olur.



Cəngəlliyin bütün sirlərini bilən Balu əfinin günəş altında parlayan dərisini görüb yavaşca Bahirəyə pıçıldadı:



– Ehtiyatlı ol, Bahirə. O, dərisini dəyişdikdən sonra bir müddət pis görür, hamıya dərhal hücum edir.



Balu dal pəncələri üstə şöngüyərək:



– Ovun uğurlu olsun, Kaa! – dedi.



– Hamımızın ovu uğurlu olsun! – deyə Kaa cavabında fışıldadı. – İndi burada bir maral, ya heç olmasa, bir dağkeçisi olsaydı, heç də pis olmazdı. Mən çox qocalmışam, Balu, tənbəl olmuşam.



Bu yerdə Bahirə dilləndi:



– Hə, o gün bandarloqlar çığırışırdılar ki, Kaanın ağzında bir dişi də yoxdur.



– Bandarloqlar?



– Hə, boş-boş danışırdılar. Guya sənin heç çəpişə də gücün çatmaz.



– Elə belə də deyirdilər?



– Hə, bu iyrənc məxluqları tanımırsan? Ağızlarına gələni danışırlar. Hərdən elə sözlər deyirlər ki, adamın deməyə dili də gəlmir.



– Nə deyirlər?



– Boş sözlərdir, fikir vermə, Kaa. Yaxşısı budur, gəl ovdan danışaq.



– Yox! – Kaa dəhşətli səslə fışıldadı. – Nə eşitmisən, hamısını de.



– Deyirdilər ki, Kaa torpaqda gizlənən sarı soxulcandır.



İlanlar, xüsusilə Kaa kimi qoca ilanlar çox təmkinli olurlar. Ancaq bu sözləri eşidən əfi ilanın bədəni gərildi, çənəsinin altındakı iri əzələlər hərəkətə gəldi.



– Onlar boşboğaz və axmaq tayfadır. – İstədiyinə nail olmuş Bahirə sözünü deməyin məqamı yetişdiyini hiss edirdi. – Özləri də oğrudur. Bizim yanımızdan insan balasını oğurlayıblar. Sən, yəqin, onun haqqında eşitmisən…

 



– Deyirsən, məni sarı soxulcan adlandırırlar?



– Hə, yer soxulcanı… İndi insan balası onların əlindədir.



– Onlar indi haradadır?



– Biz fikirləşdik ki, sən bilərsən.



– Mən? Mən onları güdmürəm və yerlərini də bilmirəm. Sadəcə, qarşıma çıxanda tutub qarnıma ötürürəm.



Elə bu zaman ağacların yuxarısından səs gəldi:



– Sion sürüsündən olan Balu, yuxarıya bax, yuxarıya.



Bu, Çil idi. O, Mauqlidən xəbər çatdırmaq üçün Balu ilə Bahirəni axtarırdı. İndi onları görüb qıy çəkdi:



– Mauqli mənim dilimdə Müqəddəs Sözü deyib xahiş etdi ki, sizə ondan xəbər verim. Bandarloqlar insan balasını çayın o tərəfindəki meymun şəhərinə – Soyuq Kahaya aparıblar. Mən bilmirəm onlar orada nə qədər qalacaqlar.



Bahirə sevincindən ağaca sıçrayıb Çilə yaxın gəldi:



– Çox sağ ol, quşların ən ağıllısı. Mən sənin yaxşılığını unutmaram.



Balu da kövrəldi:



– Afərin, insan balası. Bu vəziyyətdə də quşların dilində Müqəddəs Sözü unutmayıb.



Soyuq Kaha deyilən yer meşənin sıx yerində idi. Orada nə vaxtsa insanlar yaşamışdılar. Odur ki meymunlardan başqa heç bir cəngəllik heyvanı ora ayaq basmırdı.



Bahirə üzünü Baluya tutdu:



– Balu, sənin yerişinlə biz ora gec gedib çıxarıq. Biz Kaa ilə tələsməliyik.



Bunu deyib Bahirə Kaa ilə birlikdə sürətlə Soyuq Kahaya tərəf yollandı. Əfi ilan heç də cəld bəbirdən geri qalmırdı. Balu isə var gücü ilə onların arxasınca yorturdu.



Bir azdan Bahirə ilə Kaa kiçik çayı keçib Soyuq Kaha deyilən şəhərin divarlarına yaxınlaşdılar. Buradan artıq meymunların çığırtısı, cır səsləri eşidilirdi. İlanl

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?

Weitere Bücher von diesem Autor