Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Həsən bəy Zərdabi xatirələrdə», Seite 3

Коллектив авторов
Schriftart:

1906-cı ildə Həsən bəyin təşviqi ilə bir neçə türk müəllimlər qurultayı olur. (Əslində, 2 qurultay olub: 1906 və 1907-ci illərdə – T.A.) Qurultayın qərarlarını hökumətə təqdim edərək icrasını tələb etmək istəyən müəllimlər qrupunun başında mərhum Nəriman Nərimanov dururdu. Həsən bəy isə buna qarşı olaraq “bundan bir şey hasil olmaz. Çünki tələb edənlərin qüvvələri hazır deyildir” demişdir.

Bu qurultayın qərarlarına hökumət heç əhəmiyyət verməyir. Bunun türk müəllimləri üçün yalnız bir qayəsi olur ki, o da öz ana dillərinə fikir verməkdir. Bundan sonra türkcə bilməyən müəllimlər öz ana dillərini öyrənməyə başlayırlar. Bu qurultayda iştirak etmiş bəzi müəllimləri hökumət müxtəlif bəhanələr ilə qulluqdan çıxarmışdı.

1907-ci ildə ikinci qurultay olur. Həsən bəy iflic xəstəliyinə mübtəla olduğu üçün bu qurultayda iştirak etməmişdir.

Həsən bəy Bakıda təsis edilmiş maarif cəmiyyətində fəal bir surətdə iştirak etmişdir.

Həsən bəy xəstəliyinə, dilinin tutulduğuna və əlinin tutmadığına baxmayaraq, yenə də gündüzlər qəzetə idarələrinə gəlir. Axşamlar da Duma komisyonlarının iclaslarına gedirdi. Bir gün Üzeyir bəyə təsadüf edərək, xəlq mahnılarından bir opera yazmasını ona işarə ilə anlatır. "Leyli-Məcnun” operası bundan sonra yazılmışdır.

Həsən bəy Duma iclaslarına gedərdi. Hətta yeni seçki başlandığı vəqt özünə qutu da qoydurmuşdur. Fəqət xəstə olduğu üçün, onu seçməmişlər. Bununla bərabər, heç kim ona seçilmədiyi həqqində bir söz deməmişdi. Özünü əski kimi qlasnı bilirdi. Fəqət iclaslara nə üçün çağırılmadığına təəccüb edirdi.

O vəqtlər Zərdab kəndində zəhərli ilanların miqdarı çoxalmışdı. Həsən bəy vəfatından bir gün əvvəl Amerikadan ilan vuranlar üçün dərman gətirəcəyini söyləyirmiş. Ertəsi günü Həsən bəy “bərk yorulmuşam uyumaq istəyirəm” deyə uzanır və əbədi olaraq gözlərini qapayır. Bu da 1907-ci ilin noyabr ayının 28-də vaqe olmuşdur.

Cənazəsi təşyi edilərkən bir natiq demişdi ki, “Həsən bəy Bakıya ac gəldi, ac da getdi”.

Doğrudan da, Həsən bəy özündən sonra sadə bəzənmiş bir mənzildən başqa heç bir şey buraxmamışdı. Ucarda başlamış evi də yarımçıq qalmışdı.

Fərhad Ağazadə Şərqli

MƏKTUB VƏ MƏQALƏLƏR

HƏSƏN BƏY ZƏRDABİNİN MİRZƏ FƏTƏLİ AXUNDOVA MƏKTUBU

Çox hörmətli Mirzə Fətəli bəy!

Məktubunuzu və göndərdiyiniz bağlamanı aldım. Yazırsınız ki, yaşınız keçmiş, daha yeni bir şey yazmaq iqtidarında deyilsiniz; çox təəssüf. Boynuma alım ki, təəccüb eləyirəm, nədən başqaları yaşa dolduqca daha da təcrübələri artır, əsərləri daha ciddi olur; siz isə etiraf edirsiniz ki, əksinə, heç əlinizə qələm ala bilmirsiniz. Nə isə, ixtiyar sahibisiniz, görünür, dincəlmək istəyirsiniz. Allah rahatlıq versin, ancaq elə fikirləşməyin ki, xalqın maarifləndirilməsi bir məqalə və ya pyeslə düzələsi şeydir. Xeyr, burada görüləsi iş çox-çoxdur! Bu yolda külüng vura biləcək onlarla adamın həyatı və əməyi də bu iş üçün azdır.

Bəlkə, sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə belə ümidimiz olmadan, bu barədə zəhmət çəkəsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maarifləndirilməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir; xalqın, həm də geridə qalmış, avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır. Mənim bu sözlərimə məzəmmət kimi baxmayın, xahiş edirəm, belə şeydə məzəmmət ola bilməz, yeri gəldi, ona görə dedim.

Kitablarınızı almışam. Yəqin, elə güman etmisiniz ki, pyeslərinizin hamısı mənə məlum deyil. Əksinə, mən onların hamısına baxmışam, ancaq bədbəxtlikdən qalanlarını ifa üçün münasib bilmirəm. Məsələ tək bir meymun, ya ayı rolunun oynanmasında deyil, bütün şəraitin özü bizim həvəskarlar tamaşası üçün yaramır. Təbriz vəkillərini, düzdür, qoymaq olar, ancaq heyif ki, orada da bizim tamaşaçıların əqlini qidalandıra biləcək şey azdır. Bizim tamaşaçıların əksəriyyəti isə daha çox hissə təsir edən şeyləri sevir, bir sözlə, effekt axtarır. Qoy payız gəlsin, şagirdlər tətildən qayıtsınlar, baxaram, bəlkə, onda yenə pyeslərinizdən birini qoya bildim.

Mənim nəşrinə başlamaq istədiyim qəzetdə əməkdaşlıq etmək istədiyinizi bildirirsiniz. Mütəşəkkirəm, ancaq bədbəxtlikdən hələ bu vaxtacan icazəni ala bilməmişəm. Sizin baron bu barədə nə fikirləşir, bilmirəm. Amma mənə elə gəlir ki, qəzetə münasibəti yaxşı deyil. Nə isə falçılıq eləməyək; görək nə olar. Qəzetin nəşri haqqında olacaq elanı, əlbəttə, sizə də göndərərəm ki, yayılmasına kömək eləyəsiniz.

Bu məktubda sizin qəzetlərinizi və afişalarınızı da göndərirəm. Siz bilmirsiniz, mən bizim tatar kitabları haqqında deyirəm, ya sizdə, ya da Şeyxül-islamda “Cahannüma” və hesab (kitablarını) görmüşəm. Bu kitabları deyirdim, nə isə hələ bir az qoy qalsın, bəlkə, özüm elə tapdım onları.

Sizin Zərdabi Məlikov,

Bakı, 7 iyun 1873-cü il

MİRZƏ FƏTƏLİ AXUNDOVUN HƏSƏN BƏY ZƏRDABİYƏ MƏKTUBU

Mərhəmətli cənab Həsən bəy! Sizin 5 aprel tarixli məktubunuzu aldım. Göndərdiyiniz elanlardan Şeyxül-islama və müftiyə – hərəsinə 25 nüsxə verdim. Onların hər ikisindən sizin mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim. Bunun nəticəsini özləri sizə yazacaqlar.

Mənə göndərilən elanlara gəlincə, onlardan on dənəsini mənim xahişimə əsasən buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz on nəfər abunəçinin pulunu oradan alacaqsınız. Qalan 15 elana gəlincə, onlar hələlik məndədir. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmalarını xahiş edim.

Qəzetinizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. Buna görə də kiçik bir elanda bir çox bağışlanmaz səhvlərə yol vermişdir. Həmin bu mühərriri ərəb qrammatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir savadlı adamla əvəz etmək lazımdır.

Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.

Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin etdiyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir. O, xüsusilə bilməlidir ki, Azərbaycan dilində “nunisəğir” hərfi adlanan xüsusi bir hərf vardır. Şamaxı qəzasının əhalisi bu hərfi tamamilə unutmuş, hətta onun varlığına dair məlumatları belə yoxdur. Bu hərfin yerinə onlar adi “nun” (n hərfi) işlədirlər.

Mən elanda olan bütün səhvlərin altından qırmızı karandaşla cızıqlar çəkib, onlardan bir nüsxəsini tanış olmaq üçün sizə göndərirəm. Mən sizin qəzetinizdə əməkdaşlıq etməkdən boyun qaçırmıram. Qəzetinizin proqramını mənə göndərin. Səmimi ehtiram və sədaqətlə,

Sizin Mirzə Fətəli Axundov,

21 aprel 1875-ci il, Tiflis şəhəri

HƏSƏN BƏY ZƏRDABİNİN “ƏKİNÇİ”DƏ MİRZƏ FƏTƏLİ AXUNDOVA CAVABI

Ey mənim dostum milləti-islamm təqdirən vəkili-naməlumu (məktubat fəslində çap olunan kağıza cavabdır). Sizin kağıza cabəca cavab yazmaq sonraya qalsın, indi lazım bilib ərz edirəm ki, o kağız qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salır. Əlhəqq bizim zəmanədə elmsiz qalan millət mürur ilə puç olmağı məlum və aşkardır və əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imiş və ola bilməz imiş, pəs belədə sizin kağız bəzi elm təhsil edənlərin sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti dəxi ziyadə bisəmərə olacaq…

Çünki sizin kağız onu diqqət ilə oxuyanın çoxuna belə təsir edə bilər, ona binaən bu əvvəlinci cavabımda ərz edirəm ki, iş həqiqət belə deyil. Elm təhsil etmək biz Qafqaz müsəlmanları üçün elə düşvar deyil ki, siz buyurursunuz. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavanası çatan 500 adam tapılar və əgər onlardan 200-cən adam işdən xəbərdar olub, öz millətini bisəmərə olmaqdan mühafizət etmək istəyə, onlar hər ildə 20 min manat cəm edə bilər.

Ey mənim dostum, heç bilirsinizmi ki, bu məbləğ ilə nə qayırmaq olar? Əvvələn, onilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın. Saniyən, Tiflis və ya qeyri şəhərdə bir məktəbxana açmaq olar ki, hər 3 yüz ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Orada onlara türk, fars, ərəb dillərini öyrədib elm kitabları ilə təlim etməyi öyrədəndən sonra hər uşağı göndərən icma onu aparıb öz şəhərlərində və ya kəndlərində ildə evə bir manat vermək ilə bir məktəbxana aça bilər. Belədə tamam Qafqazın şəhərlərində və kəndlərində məktəbxana açdıra bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki, ol vaxtda indikindən yaxşı müsəlman oluruq.

Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət, bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizət etmək istəyirik, qəflətdə olmaq nə lazım.

Yəqin, deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü buna mane olur. Əzizim, bizim zəmanədə və bizim vilayətimizdə sünni, şiə sözü məhz anlamaz ağzında qalıb. Pəs, mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çıxmalayıb meydana daxil olun ki, bəlkə, zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz.

“Əkinçi” qəzeti, №2,

18 yanvar 1877-ci il

MİRZƏ FƏTƏLİ AXUNDOVUN “ƏKİNÇİ”DƏ HƏSƏN BƏY ZƏRDABİYƏ MƏKTUBU

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin… Çox yaxşı, sözün baməna və nəsihətin müfid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət ilə?

Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllimlər gətirdək ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?

Dövləti-qəviyyeyi-Rusiya bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir, biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kaffeyinas, Prus xalqı kimi və Yeni dünya xalqı kimi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan, buna ancaq şakir ol ki, dövləti-Rusiyanın təhti-himayətində keçən zəmanələrin qoşunkeşliyindən, çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq.

Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvələn, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünnü. Şiələrin sünnülərdən zəhləsi gedir, sünnülərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır, ərəblər ya dilənçilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır, külli İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır.

Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar, dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən bitər ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə.

Təvəqqə edirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan onun cavabı ilə öz qəzetində basasan. Yazıldı Qafqaz səfhəsində sakin olan milləti-islamın təqdirən Vəkili-naməlumu tərəfindən.

Əvvəli-yanvar, sənə 1877

“Əkinçi” qəzeti, №2, 18 yanvar 1877-ci il

HƏSƏN BƏY ZƏRDABİNİN “ƏKİNÇİ”DƏ MİRZƏ FƏTƏLİ AXUNDOVA CAVABI

Ey milləti-islamın təqdirən vəkili-naməlumu (keçən nömrədə çap olunan kağıza cavabdır), cənabınız biz müsəlman tayfası üçün elm öyrənmək düşvar olduğunu bu dəlil ilə həm sübut edirsiniz ki, müsəlman dillərində yazıb-oxumaq çətindir. Doğru buyurursunuz, bizim dillərdə yazıb-oxumaq çətindir və buna səbəb bizim hürufatdır ki, onların bəzi yazılmağına (zir, zəbər, puş), onu bir-birinə düzmək çətin olduğuna və bəzisinin sədası bir olduğuna onlara bir-birindən təfavüt vermək çətindir. Amma həqiqət heylə çətin deyil ki, siz buyurubsunuz.

Bu halda bizim məktəbxanalarda heç bir qayda olmadığına onlar çox yaman gündədir və buna səbəb uşaqlarımızı təlim edənlərdir ki, elmi-təlimdən əsla bixəbər olduğuna əvvəlinci gündən onların zəhləsini qaçırdıb, onların oxumaqdan rəğbətini kəsirlər. Amma bununla belə bizlərdən Quran oxumağı bilməyən çox azdır. Çünki Quran oxumaq da oxumaqdır, ona binaən bizim, yasin mollası çox və əsli molla az olmağına səbəb məhz yazıb oxumaq çətin olmağı deyil, onun bir qeyr ümdə səbəbi həm var. Adam yazıb-oxumağı bir tək məktəbxanada öyrənməz. Məktəbxana işin ibtidası üçündür. Gərək məktəbxanadan çıxandan sonra həm oxumaq və bundan ötrü lazımdır ki, qəzetlər, jurnallar, kitablar olsun ki, onları oxumaq ilə elm və savad kəsb olunsun.

Pəs bizim yasin mollası çox olmağa səbəb oldur ki, yasin ona lazım olduğuna məktəbxanadan çıxandan sonra onu oxuyub, əlbəttə, bir qeyr uğumlu şey olseydi, onu da oxuyub yasindən başqa şeyi də oxumağı bilirdi.

Çünki qəzeti yasin mollası da oxuya bilir və qəzet ümdə belə kəslər üçündür, ona binaən cavabınız müştəri az olmaqdan şikayət elədiyimizə bizə tənə vurmaq bicadır və bunu sübut etməkdən ötrü müştərimizin siyahısını çap edirik ki, siz insaf ilə ona mülahizə edəsiniz: Badkubədən 12 (3 rus), Qubadan 3, Şirvandan 3, Göyçaydan 3, Səlyandan 2, Qarabağdan 9, Şəkidən 7, Gəncədən 1 (erməni), İrəvan quberniyasından 11, Tiflis quberniyasından 13 (2 molla), Dərbənddən və Dağıstanın qeyri yerlərindən 35 (1 molla), Rusiyanın qeyri yerlərindən

20. Cəmiən 119, əzcümlə 3 molla. Pəs, mənim dostum, Qafqazda üçcə molla var imiş.

“Əkinçi” qəzeti, №3,

2 fevral 1877-ci il

MİRZƏ FƏTƏLİ AXUNDOVUN “ƏKİNÇİ”DƏ HƏSƏN BƏY ZƏRDABİYƏ MƏKTUBU

Həsən bəy, fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və küll ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək. Əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kampaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvillərindən və xalqın məcazından təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə dəvət et. Axund Molla Cavad sədri-məclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən, proyektini olara oxu və ağlım kəsən dəlailindən məktəbxana açmağın vücudunu olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər, bir kampaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kampaniyanın əvvəlinci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təsəvvürlərilə bu kampaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən hər şəxsdən yüz manat təmənna etmə, əlli təmənna et ki, kamaniyaya versinlər və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et. Hər birisi əli manat versə, guya, yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa, qəzetində yaz elan et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kampaniyalar tərtib olunmağını, yəqin bil, mən zamin.

Vəkili-naməlumi-millət

“Əkinçi” qəzeti№ 5, 3 mart 1877-ci il

“ƏKİNÇİ”NİN BAŞ MƏQALƏLƏRİ

DAXİLİYYƏLƏR

“Əkinçi” qəzetinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində göndərdiyimiz elannamədə danışdıq. Əlbəttə, o səbəblərdən savay buna qeyri-səbəblər də çoxdur. Arama onları burada ismən adlamaq məqdur deyil. Ona görə o səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu “Əkinçi” qəzetinin əvvəlinci nömrəsində o qəzetin məzmunundan goftügu edək. “Əkinçi” qəzetində bu aşağıda adlanan fəsillər olacaqdır.

Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin üz tərəfindən yazılan şeylər olacaqdır.

İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri-vilayətlərdə olan əkinlərdən, onları əkib-becərməkdən, onları əkib-becərən vaxtda işlənən əsbablardan, əkin yerin şüxm etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri-vilayətlərdə nə qism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır.

Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm və ya imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışıq olacaqdır.

Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qism olacaqdır.

Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri-vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər veriləcəkdir. Sani, bizim Rusiya dövlətinin və qeyri-dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların vüzəralarının aralarında olan danışıqlardan və dövlətlər arasında olan cənglərdən xəbər veriləcəkdir. Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər verəcəkdir. Rabe, bizim kənd sudlarında ya miravoy sudda və ya okrujnoy sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamis, yuxarıda zikr olan xəbərlərdən savayı, hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri-qism xəbərlərdən danışıq olacaqdır.

Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib, başlayırıq və müsəlmanların anlıyan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə, səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub, onların sözlərinə əməl ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və kuşeş etsinlər.

Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyərlər zəmanə dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəkdirlər.

Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki, onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar.

“Əkinçi” qəzeti, №1,

22 iyul 1875-ci il

Bir aydır bizim qəzet çap olunur, amma onu oxuyanların bu çağacan biz çəkdiyimiz zəhmətlərdən xəbəri yoxdur. Əlbəttə, bu işə girəndə o zəhmətləri biz qəbul etmişik. Ona binaən indi onları izhar etməyi lazım bilirik. Amma bizə məlumdur ki, bəzi kəslər bizim işə artıq diqqət edirlər. Bu diqqət edən kəslərə o zəhmətlərdən bir az danışmağı vacib bilirik. Dörd ildir ki, qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq. Bu zəhmətlərə heç bir qəzeti öz nəfindən ötrü çap elədən razı olmaz və əgər qəzet basdırmaqdan bizim muradımız ondan mənfəətbərdar olmaqlığımız olseydi, onun qiymətini gərək iyirmi, bəlkə, otuz manat qoyaydıq. Keçən zamanın zəhmətini və xərcini kənarda qoyub şimdi olunan zəhmətlərdən və xərclərdən söyləyək. Bizim müştərilərdən cəm olan məbləğ indi qəzetə olunan xərcə çatışmır və bizim zəhmətimizin əvəzində bu halda nə ki bizə bir həddə, bir quruş qalmır, bəlkə, artıcaq zərər də olur.

Bizim zəhmətimiz həddən çıxıb. Bir mətləbi özümüz yazıb ağardıb çapxanaya vermək ilə zəhmətdən xilas olseydik, çox xoşbəxt olurduq. Amma iş belə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam inşa edib onu çap elədən, hərflərin düzən, qələtlərin düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən tək özüm görüm, hətta bizim müsəlman şəhərində bir savadı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin ya hüruflarını düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı, genə bir tövr yola gedərdik. Amma dərd budur bizim elə zəhmətimiz var ki, qeyri qəzet basdıranların onlardan heç xəbəri yoxdur.

Əvvələn bu hürufat İstanbulda alınıb. Çünki bizim dildə bəzi hərflər, məsələn, q, k, r və l artıq işlənir, ona binaən ol hüruflar qəzetə çatışmır. Bu səbəbə bir mətləbi yazan vaxtında nə ki ol mətləbin məzmununu və qeyri əhvalatları yoxlayırıq, amma məzkur hüruflar az işlənməkdən ötrü bəzi sözləri götürüb onun əvəzində başqa sözlər yazırıq ki, bu sözlərdə məzkur hərflər olmasın. Əlbəttə, belə olan surətdə mətləb biz istədiyimiz kimi vazeh olmur və bunu diqqət edənlər bizə təqsir hesab edirlər. Saniyən bizim məxsusi çapxanamız yoxdur. Qəzetimiz qubernski pravleniyanın çapxanasında basılır. Əlbəttə, özgələr bizim işə özümüz kimi can yandırmır və bu barədə olan kəsirlər bizim təqsirimiz deyil. Pəs, bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayız ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur.

“Əkinçi” qəzeti, 3,

21 avqust 1875-ci il

Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün. Əlbəttə, qəzetin belə ayna kimi olmağı xalq ilədir, yəni hər kəs gərək öz dərdini və xahişini qəzetlərində bəyan etsin ki, onların barəsində işdən xəbərdar olanlar mübahisə etməkliklə onların yaxşı yamanlığını aşkar etsinlər, ta ki, ol işi görən onun yaxşı ya yamanlığından agah olub sonra peşmanlıq çəkməsin.

Pəs hər bir qəzetin ümdə mətləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız “Əkinçi” qəzetində yazılan mətləblər barəsində mübahisə başlasalar, çox şad oluruq. Amma çifayda qəbiristanlıqdan səs gəlməyən kimi bizim xalqdan bir səda gəlmir. Qəzeti oxuyanlar ol mətləblərə bir cavab yazmırlar.

Belə olan surətdə biz mübahisəyə həsrət olmaqdan savayı, hətta qəzetimizi oxuyanlar ondan narazı olduğunu da bu çağacan bilmirdik. Amma “Əkinçi” qəzetinin 9 nömrəsi xalq arasına bir səs salıb ki, o səsi eşitməyən yoxdur.

Təzə xəbərlər cümləsində Osmanlı dövlətinin borcundan və bir iranlı Moskvada xaçpərəst olmağından danışdıq, bu iki xəbər bizim xalqa xoş gəlməyib. Əvvələn, təzə xəbərləri biz özümüzdən yazmırıq. Onları xaricilərin qəzetlərindən yazırıq. Ona binaən ol xəbərlər dürüst də olmasa, onları eşitmək bizim xeyrimizdir. Ol səbəbə ki, onları oxuyub xaricilər bizlərə necə baxmağından xəbərdar oluruq. Saniyən, təzə xəbərləri yazanda biz səy edirik ki, müsəlman vilayətlərindən çox xəbər yazaq. Ona binaən ki, bizim xalqa ol xəbərlər gərək xoş gəlsin. Amma bizim müsəlmanlar elm və ədəbdən qaçmağına xaricilərə gülüş olublar. Ona binaən bizə xoş gələn xəbərlər onların qəzetlərində çox az olur. Bu səbəblərə yaxşı-yaman hər bir xəbəri yazdıq. Salisən, ol xəbərləri yazandan irəli təhqiq etmək müşküldür. Əgər onları təhqiq edib sonra yazsaq, gərək heç təzə xəbər yazmayaq.

Pəs bizim zikr olan xəbərlərdən narazı olanlar bir şirvanlı hacı kimi fikir etməsinlər ki, onları biz qəsdlə düşmənlikdən yazmışıq. Əgər qəzetdə məqdur olsaydı, mən dəlillərlə sübut edərdim ki, Osmanlı və İran əhli bizim ilə bir qanda, bir canda və bir məzhəbdə olmağına binaən mən bizim müsəlmanların çoxundan və bişəkk zikr olan şirvanlı hacıdan artıq onları dost tuturam. Pəs müsəlmanların düşməni mən deyiləm, məzkur hacı kimi adamlardır ki, bizi millətlər arasında gülüş yeri edib elmdən və dünyadan bixəbər qoyub sərgərdan və payimal ediblər.

“Əkinçi” qəzeti, 11,

18 dekabr 1875-ci il

Altı ay yoxdur ki, bizim “Əkinçi” qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəq bu çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi bir kiçik qəzet çap olunmağını eşidib istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nə ki buçağadək bizim qəzeti oxumayıblar, bəlkə, bəzi kəslər onun bina olunmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib onu almaq istəmir.

Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilir ikən biz “Əkinçi” qəzetini çap etdirməyi başlamışıq və bizim təkdə bir yuxudan oyananlarımıza ümid olmuşuq ki, xalq qəzet oxuyub ondan mənfəətbərdar olmağa və dünya işlərindən xəbərdar olmağa səy edəcəklər. Əlbəttə, onlar səy elədiklərinə keçən il bizim altı yüzəcən müştərimiz var idi. Amma indi belə məlum olur ki, onlar xalq qəzeti oxumağa səy etmirlər və yəqin fikir ediblər ki, xalq qəzet oxumağa adət edib və özü onu alıb oxuyacaqdır. Lakin iki aydır bizim qəzet gələn il çap olunmaqdan ötrü qəzetimizdə elan basdırırıq, amma buçağadək ancaq qırx adam onu gələn il almağa xahiş edib.

Biz müsəlmanlar dünya işini soyuq tutmağa bizim məzhəbimiz səbəb deyil ki, onu xaricilər bizlərə böhtan deyirlər. Cənab şeyxülislamın bu nömrədə çap olunan məktubunu oxuyana məlum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli salmaqdan ötrü onlara hökm edibdi ki, hər bir elmi təhsil etsinlər. Pəs biz müsəlmanlar millətlər arasında rüsva və zəlil olub dünya işlərinə məhəl qoymadığımıza səbəb… Ol səbəblərdən sonra danışarıq. İndi bizim alimlərdən iltimas edirik ki, bizim bu suallarımıza cavab versinlər. Çünki bizim peyğəmbərimiz müsəlmanlara elmül-əbdanı təhsil etməyə hökm edib və ona binaən bizlərə vacibdir ki, ol elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elül-əbdandan xəbərdar ola, ondan o elmləri öyrənmək olurmu ya elmül-ədyan oxudan gərək bizlərə elmül əbdanı da oxutsun?

Der kostenlose Auszug ist beendet.

2,54 €
Altersbeschränkung:
0+
Veröffentlichungsdatum auf Litres:
28 Oktober 2022
Umfang:
230 S. 1 Illustration
ISBN:
978-995-255-746-6
Rechteinhaber:
Hədəf nəşrləri

Mit diesem Buch lesen Leute

Andere Bücher des Autors