Buch lesen: «Kopenhagen trilogiyası»
UŞAQLIQ
I BÖLÜM
Səhər ümid vardı. Ümid anamın toxunmağa heç zaman cəsarət etmədiyim qara, hamar saçında keçici parıltı kimi idi; ümid şəkər qatıb sıyıq yeyən dilimdə idi, həmin ərəfədə anamın hərəkətsiz dayanan, İspan qripindən və Versal müqaviləsindən bəhs edən qəzet səhifəsi üzərinə qoyulan arıq əllərinə baxırdım. Atam işə çıxıb getmişdi, qardaşım isə dərsdə idi. Baxmayaraq ki, mən orada idim, anam yenə də tək idi. Əgər mən tamamilə sakit olub bir kəlmə də danışmasaydım, onun anlaşılmaz ürəyindəki uzaq sakitlik səhərdən xeyli keçənə, adi evdar qadınlar kimi durub bazarlıq etmək üçün İsteqada küçəsinə gedənə kimi davam edəcəkdi.
Günəş sanki içindən keçirmiş kimi qaraçı faytonu üzərində doğmaqda idi. Skabi Hans sinəsi açıq, əlində əlüzyuyan çölə çıxdı. Su töküb yuyunduğunda əlini uzadıb Gözəl Lilinin ona verdiyi dəsmalı götürdü. Onlar bir-birinə bir söz belə demədilər. Kənardan səhifələri tez-tez çevrilən şəkilli kitaba bənzəyirdilər. Anam kimi onlar da bir neçə saatın içində dəyişə bilirdi. Skabi Hans Xilaskar Ordunun əsgəri, Gözəl Lili isə onun sevgilisi idi.
Yay vaxtı onlar bir dəstə uşağı yaşıl faytona doldurur və birlikdə kəndə gedərdilər. Valideynləri buna görə onlara günə bir kron ödəyərdi. Mənim üç yaşım, qardaşımın isə yeddi yaşı olanda ora getmişdik. İndi mənim beş yaşım vardı və həmin səfərdən yadımda qalan yeganə şey Gözəl Lilinin bir gün məni faytondan itələyib çölə – isti qumun üzərinə atması olmuşdu. Sonra həmin yaşıl fayton məndən uzaqlaşdı və getdikcə balacalaşdı, faytonun içində isə bir də heç zaman görməyəcəyim qardaşım və anam oturmuşdu. Uşaqlar geri qayıtdıqlarında qotur tutmuşdular. Qotur Hans ləqəbini də məhz belə almışdı. Gözəl Lili isə əslində heç gözəl deyildi. Fəqət rahat buraxdığım qəribə və xoşbəxt günlərində anam gözəl görünürdü. O gözəl, toxunulmaz, tənha idi və heç zaman öyrənməyəcəyim sirli düşüncələrlə dolu idi.
Onun arxasında güllü divar kağızına atam qəhvəyi yapışqan lentlə cır-cındır yapışdırmışdı. Bundan əlavə, divardan pəncərədən bayıra tamaşa edən bir qadın şəkli də asılmışdı. Qadının arxasındakı döşəmədə içində balaca uşaq olan beşik vardı. Şəklin altında belə yazılmışdı: ərinin dənizdən evə gəlməsini gözləyən qadın. Bəzən olurdu ki, çox təsirli və qəmgin hesab etdiyim şəklə nəzər yetirərkən baxışlarım anamın diqqətindən yayınmırdı. Bu zaman anam qəhqəhə çəkib gülərdi və onda bu gülüş səsi mənə elə təsir bağışlayardı ki, minlərlə kağız çantanı hava ilə doldurub hamısını birdən partladıblar. Ürəyim nigaran halda qəm-qüssə ilə döyünürdü, çünki dünyanın sakitliyi həmin anda pozulmuş olurdu. Amma mən də ona qoşulub gülürdüm, çünki bunu məndən anam gözləyirdi. Stulu bir kənara itələdi, ayağa qalxdı, gəlib qırışmış xalatı ilə əllərini ombasına qoyub şəklin qarşısında dayandı. Sonra həmin səhər baqqaldakı şeylərin qiymətləri ilə bağlı mübahisə etdiyi səsindən tamam fərqli üsyankar bir səslə oxumağa başladı:
Oxuya bilmərəm
Arzuladığım hər şeyi öz Tullem üçün?
Visselulle, viselulle, viselulle.
Pəncərəmdən uzağa get, əziz dost
Başqa vaxt geri dönərsən.
Şaxta və soyuq özü ilə
Köhnə dilənçini yenidən evə gətirib.
Nəğmə xoşuma gəlmədi, amma bərkdən gülməli idim, çünki anam bunu məni əyləndirmək üçün etmişdi. Hərçənd, bu mənim öz günahım idi, çünki əgər mən şəklə baxmasaydım, o da məni görməyəcəkdi. Belədə o, başını sakitcə əlləri arasına alıb, kəskin, gözəl gözlərini aramızdakı neytral bölgəyə dikib oturacaqdı. Və mən də hələ uzun müddət ürəyimdə “Ana!” deyə qışqırmağa davam edəcəkdim. Bilirdim ki, o, mənim bu qışqırığımı mistik şəkildə eşidir. Onun mənim adımı heç bir söz demədən çəkməsi və aramızda bağlılıq olduğunu bilməsi üçün mən onu uzun müddət tək başına qoya bilərdim. Sonra sevgiyəbənzər nə isə bütün dünyanı dolduracaqdı və Skabi Hansla Gözəl Lili bunu hiss edərək kitabda rəngli şəkillər olmağa davam edəcəkdi. Gözlənildiyi kimi nəğmə bitən kimi onlar bir-biri ilə dalaşmağa, bir-birinin üstünə çığırmağa, saçlarını yolmağa başladılar. Elə o andaca əsəbi qışqırıqlar qonaq otağına daxil oldu, mən də həmin an özümə söz verdim ki, sabah özümü elə aparacam, sanki bu lənətə gəlmiş şəkil heç orada yoxdur.
Ümid bu şəkildə məhv olduğunda anam sərt, əsəbi hərəkətlərlə, sanki üzərindəki hər paltar ona təhqirmiş kimi əynini geyindi. Mən də geyinməli idim və dünya mənim üçün soyuq, təhlükəli və məşum bir zamana çevrilirdi. Çünki anamın belə əsəbi olması sonda mənim üzümə şillə vurması, ya da qaz sobası istiqamətində itələməsilə nəticələnərdi. O yad idi, qəribə idi və mən düşünürdüm ki, çox güman, doğuş vaxtı məni dəyişiblər, mən heç onun övladı deyiləm. Geyinəndən sonra yataq otağında güzgünün qarşısında dayanır, çəhrayı salfetə tüpürür və bərk-bərk onunla yanaqlarını silirdi. Fincanları mətbəxə daşıdım və daxilimdə uzun, sehrli sözlər qoruyucu membran kimi sürünməyə başladı. Bu bir nəğmə idi – sakitləşdirici, ritmik, hədsiz düşündürücü. Amma heç bir halda məyusedici və qanqaraldıcı deyildi, çünki onsuz da günümün qalan hissəsinin dilxorluqla və əhval-ruhiyyəsiz keçəcəyindən əmin idim. Bu söz yağışı üzərimə yağdığında anladım ki, anam heç nə edə bilməz, çünki artıq mənim üçün vacib sima deyildi. Anam da bunu bilirdi və onun gözləri soyuq düşmənlik dolu duyğularla alışıb-yanırdı. Gəlib bu halda məni görüb təsirlənəndə heç zaman vurmazdı. Amma heç dindirib danışdırmazdı da.
Həmin dəqiqədən növbəti səhərə kimi bir-birinə yaxın olan yalnız bədənlərimiz oldu. Dar yer olmasına baxmayaraq, bədənlərimiz hətta kiçik bir kontaktdan belə qaçırdı. Divardakı dənizçinin arvadı hələ də həsrət dolu baxışlarla ərini gözləyirdi. Amma anam və mənim bu yer üzərində nə bir kişiyə, nə də bir oğlana ehtiyacımız vardı. Kövrək və son dərəcə qəribə xoşbəxtliyimiz yalnız biz birlikdə olanda çiçəklənirdi. İndi ki, anam ölüb, birlikdəliyimizlə bağlı gerçək əhvalatlar danışan biri də qalmayıb, uşaqlığımdan sonra ümumiyyətlə həmin anların xatirəsi yalnız nadir hallarda beynimdə canlanırdı.
II BÖLÜM
Uşaqlığımızın lap dərinliyində atam gülərək dayanıb. O böyükdür, soba kimi qaradır, amma onunla bağlı qorxduğum heç nə yoxdur. Onun haqqında maraqlandığım hər şeyi öyrənməyə icazə vardı və başqa bir şey öyrənmək istəyirdimsə, onda da soruşmalıydım. Özbaşına mənimlə danışmır, çünki balaca qızlarla nə danışılacağını bilmir. Ara-sıra başıma sığal çəkib “ Heh, heh” deyir vəssalam. Onda anam cəld dodaqlarını bir-birinə sıxır və atam əlini başımdan çəkir. Atam bizi təmin edən adam olduğundan onun bəzi imtiyazları var. Anam bunu qəbul etməlidir, edir də, ancaq etirazla. Atam divanda uzananda anam deyir: – Sən də burada bizim kimi otura bilərsən! Atam kitab oxuyanda isə anam deyir: – Kitablar insanları qəribələşdirir. Həm də kitablarda yazılanlar hamısı səhvdir. Bazar günləri atam pivə içərkən yenə də anam deyir: İki pivənin qiyməti 26 öre edir. Əgər belə davam etsən, bizim axırımız Sundholmdur. Düzdür, bilirəm ki, Sundholm insanların saman üzərində yatdıqları, gündə üç dəfə siyənək yedikləri yerdir, amma yenə də bu ad mənim tək qalmış və qorxmuş olduğum məqamlarda uy-durduğum sətirlərə yaxşı uyğun gəlir. Çünki bu sözün özü atamın şəkilli kitablarındakı şəkillər qədər gözəldir. Kitabın adı “Fəhlə ailəsi piknikdə”dir. Üz qabığında ata, ana və onların iki övladı təsvir edilib. Hamısı yaşıl otun üzərində uzanıb və aralarına qoyduqları piknik səbətindən yeyə-yeyə nəyəsə gülürlər. Dördü də atanın başı tərəfdən yerə sancılan bayrağa tərəf baxır. Bayraq qıpqırmızıdır. Mən kitaba yalnız baş-ayaq vəziyyətdə baxa bilirəm, çünki onu yalnız atam oxuyanda görürəm. Sonra anam işıqları yandırır və hələ qaranlıq düşməsə də, sarı pərdələri çəkir və deyir: – “Mənim atam əclafın biri idi, sərxoşluq edirdi, amma ən azından heç zaman sosialist olmayıb.”Atam sakitcə mütaliəyə davam edir, çünki bir qədər kardır, bu da bir sirr deyil. Qardaşım Edvin oturub masaya mıx çalır, sonra isə kəlbətinlə onları dartıb çıxarır. O, bacarıqlı işçi olacaq. Bu xüsusi bir şeydir. Bacarıqlı işçilərin masası üzərinə qəzet əvəzinə süfrə örtüyü salınır, onlar bıçaq və çəngəllə yemək yeyir. Heç zaman işsiz olmurlar və sosialist deyillər. Edvin yaraşıqlıdır, mənsə çirkin. Edvin ağıllıdır, mən isə axmağam. Bunlar küçənin aşağısında çörəkçi evinin yuxarı hissəsində böyük, ağ hərflərlə olan yazı kimi təkzibedilməz faktlardır. Orada yazılıb ki, “Politiken” ən yaxşı qəzetdir. Bir dəfə mən atamdan soruşdum ki, niyə “Politiken”əvəzinə “Sosial demokrat” qəzetini oxuyur. Amma o, cavabında qaşlarını çatdı və boğazını arıtladı. Həmin anlarda mənim belə axmaq sualımın müqabilində anam və Edvin özünəməxsus qəhqəhələrə boğulurdular.
Minlərlə axşamdır ki, qonaq otağımız işıq və istilik adasıdır. Biz isə kukla teatrından dörd kukla kimi bu otağın sakinləri idik. Atamın “Familie Journalen”dən kəsib düzəltdiyi fiqurların bənzəri kim. Hər zaman qışdır və bayırdakı dünya da bizim yataq otağında və mətbəxdə olduğu kimi soyuqdur. Qonaq otağımız zaman və məkan arasında üzür və sobadakı ocaq çırtıltı ilə dilim-dilim yanır. Edvinin öz çəkici ilə xeyli səs-küy salmasına baxmayaraq, atam qadağan olunmuş kitabın səhifələrini çevirərkən sanki daha çox səs gəlir. Atam bir neçə səhifə çevirəndən sonra Edvin iri, qəhvəyi gözləri ilə anama baxıb çəkicini yerə qoyur.
– “Ana, bizim üçün nəsə oxuyarsan?” deyə soruşur. “Yaxşı” anam ona gülərək cavab verir. Qəfildən atam oxuduğu kitabı qarnının üstünə qoyur və mənə sanki nəsə sözü varmış kimi qəribə nəzərlərlə baxır. Amma atamla mənim bir-birimizə demək istədiyimiz sözlər heç zaman deyilmir. Edvin yerindən sıçrayır və sahib olduğu, qayğısına qaldığı yeganə kitabı anama uzadır. Bu, müharibə mahnıları olan kitabdır. Anam kitabı vərəqlədikcə o da yanında əyilib dayanır. Hərçənd onlar bir-birinə toxunmurlar, amma elə yanaşı dayanıblar ki, bu duruş atamla məni onlardan ayırır, təcrid edir. Anam oxumağa başlayan kimi atam əllərini sinəsində, qadağan olunmuş kitabın üzərində çarpazlayaraq yuxuya gedir. Anam ucadan, həvəslə oxuyur, sanki oxuduğu mahnının sözləri ilə vəhdətdə olur:
Ana – bu anadır?
Mən sənin hönkürüb ağladığını görürəm.
Sən çox gəzmisən və heç yatmamısan.
Mən indi xoşbəxtəm, ağlama ana.
Bütün bu qorxulara rəğmən sağ ol ki, gəldin!
Anamın bütün mahnılarının bir neçə bəndi var və o, birincinin sonuna çatmamış Edvin yenidən çəkicləməyə başlayır, atam isə ucadan xoruldayır. Edvin ondan ona görə oxumağı xahiş etmişdi ki, atamın oxumağından diqqətini yayındırsın. O oğlandır, oğlanlar isə insanı ağladan mahnıları dinləməyi xoşlamırlar. Anam da mənim ağlamağımı sevmir, belədə mən boğazımda yekə bir parça otururam və kitaba, döyüş səhnəsinə, ölməkdə olan, son anında əlini işıq saçan anasına doğru uzadan – əslində bu adamın orada olmadığını bilirəm – əsgər şəklinə baxıram. Kitabdakı bütün nəğmələrin eyni mövzusu var və anam onları oxuduğu müddətdə mən istədiyimi edə bilərəm, çünki həmin anlarda o qədər öz dünyasına qərq olur ki, ətraf aləmdə baş verən heç nə onun vecinə olmur. Heç aşağıdakılar sözləşməyə, dalaşmağa başlayanda belə onların səsini eşitmir. Rapunzel öz uzun, qızılı saqqalı ilə məhz orada öz valideynləri ilə birgə yaşayır və bir dəstə növruzgülü qarşılığında onu küpəgirən qarıya satmaqdan imtina edir. Mənim qardaşım şahzadədir və o bilmir ki, az sonra qüllədən yıxıldıqdan sonra kor qalacaq. O, masaya mismar çalır və ailənin sevincidir, fəxridir. Oğlanlar hər zaman belə olur, qızlar isə sadəcə ərə gedib dünyaya övlad gətirir. Onlara sadəcə dəstək vermək lazımdır və onlar nə başqa bir şey gözləyə, nə də başqa bir şeyə ümid edə bilərlər. Rapunzelin ata-anası Garlsberq pivə şirkətində işləyir və hər biri günə 50 pivə içir. Onlar axşam evə gələndən sonra da içməyə davam edir və mənim yatmaq vaxtımdan bir qədər öncə Rapunzelin üstünə bağırmağa, onu qalın çubuqla döyməyə başlayırlar. O, həmişə məktəbə üzündə, ayaqlarında göy qançırlarla gedir. Onlar onu döyməkdən yorulduqda isə sınmış stul ayağı, ya da butulka götürüb bir-birinə hücum etməyə başlayırlar. Və polis gəlib onlardan birini apardıqdan sonra nəhayət ki, bina üzərinə hüzur, sakitlik çökür. Polisi nə atam, nə də anam xoşlayır. Valideynlərimin düşüncəsinə görə, sakitlikdə yaşamaq istəyirlərsə əgər, Rapunzelin ata-anasına bir-birini öldürməyə icazə verilə bilər. “Onlar öz işini görür” – atam polis haqqında deyir. Anam isə polisin gəlib atasını həbsxanaya apardığı zamanlar haqqında xatirələrini tez-tez yada salır. O, bunu heç zaman unutmayacaq. Mənim atam isə heç içmir və heç vaxt da həbsxanaya düşməyib. Valideynlərim heç zaman dalaşmır və mənim vəziyyətim onlar uşaq olduqları zamandakından xeyli yaxşıdır.
Amma aşağıda səs-küy qurtaranda, qaranlıq bir qorxu varlığımı, düşüncələrimi çulğayır və mən yatmağa getməli oluram. “Gecən xeyrə qalsın!” anam deyir, qapını bağlayır və yenidən isti qonaq otağına keçir. Mən paltarlarımı, hər ay Milad bayramında hədiyyə aldığım uzun qara corablarımı, axşam xalatımı əynimə keçirdib bir dəqiqə pəncərə kənarında otururam. Aşağıda həyətə baxıram, sanki bu dəqiqə yağış yağmış kimi hər zaman su axan qarşı binanın ön divarına tamaşa edirəm. Üzbəüz binadakı evlərin demək olar ki, heç birində otaqların işıqları yanmır, çünki hamısı yataq otaqlarıdır. Və tərbiyəli insanlar işıqları yanıq qoyub yatmır. Divarların arasından səmada tək ulduzun aradabir sayrışdığı bir dörbucaq parçasını görürəm. Mən onu axşam ulduzu adlandırıram və anam girib otağımın işıqlarını söndürdüyündə bütün varlığımla həmin ulduz haqqında düşünürəm. Çarpayımda uzanıb qapının arxasında qalaqlanan paltarlara baxıram. Onlar əyri-üyrü əllərə çevrilib boğazımdan yapışmağa cəhd edirlər. Qışqırmağa çalışıram, amma ağzımdan yalnız boğuq bir pıçıltı çıxır. Və nəhayət ki, qışqıra bildiyimdə həm yatağım, həm də özüm tər içində üzürük. Atam qapımın ağzında dayanıb, otağımın işığı isə yanıqdır. “Sən qarabasma görürdün.” – o deyir, – “Mən də uşaq olanda qarabasmalardan çox əziyyət çəkmişəm.” Mən cavabında deyirəm: – “Amma onda fərqli çağlar idi.” Dalğın baxışlarla mənə baxır, deyəsən düşünür ki, mənim kimi yaxşı həyat yaşayan bir uşağın qarabasmaları olmamalıdır. Mən utancaqlıq və üzrxahlıqla onun üzünə gülürəm, sanki bu qışqırıq axmaq bir davranış idi. Yorğanımı çənəmə kimi çəkirəm, çünki ata öz qızını gecə paltarında görməməlidir. “Yaxşı, yaxşı.” – o deyir, işıqları yenidən söndürüb çıxıb gedir. Eyni zamanda necəsə özü ilə mənim qorxumu da götürüb aparır. Çünki indi rahat yatıram, qapının arxasındakı paltarlar isə sadəcə köhnə cır-cındırlardır. Pəncərənin o tərəfində qorxusu, məşumluğu və təhlükəsi ilə çulğayan gecədən qaçmaq üçün yatıram. Gün ərzində bayram əhvalına bürünən, çox işıqlı olan İstedqade küçəsində polis və təcili yardım maşınlarının siqnal səsləri gəlir, mən isə heç nədən narahat olmadan yorğanın altında uzanmışam. Küçələrdə içkili kişilər yarılmış başları ilə yerdə sərələnib və əgər sən Kafe Çarlza girsən, öldürüləcəksən. Bu mənim qardaşımın dediyi sözdür, və o nə deyirsə, həmişə doğrudur.
III BÖLÜM
Demək olar ki, 6 yaşım var və tezliklə məni məktəbə qoyacaqlar, çünki oxuyub yaza bilirəm. Əziyyət çəkib anama qulaq asan hər kəsə bu haqda xəbər verib deyir ki, kasıb insanların uşaqlarının da beyinləri ola bilər. Beləliklə, bəlkə də hər şeyə rəğmən sevir məni? Mənim onunla münasibətim dəyişkən, yaxın, ağrılı olur və mən hər zaman onunla münasibətimizdə bir sevgi nişanəsi axtarıram. Etdiyim hər şeyi onu məmnun etmək üçün, güldürmək üçün, sevindirmək üçün edirəm. Bu iş son dərəcə yorucudur, çünki eyni zamanda ondan gizlədiləsi o qədər işim var ki. Bəzi şeyləri gizlincə qulaq asıb öyrənirəm, bəzilərini atamın kitabların-dan, elələri də var, qardaşım deyir. Anam təzəlikcə hospitalda olduğu müddətdə hər ikimizi Aqnete xalamla Peter əmimin evinə göndərdilər. Onlar anamın bacısı və onun varlı əridir. Mənə dedilər ki, ananın qarnında nəsə problem var, sonra isə Edvin gülüb mənə izah etdi ki, anamızın “məfkurə”si pozulub. Yəni, orada bir uşaq olub, amma sonra ölüb. Ona görə də göbəkdən aşağı hissəsindən kəsib həmin uşağı götürdülər. Bu sirli və dəhşətli idi. O, hospitaldan evə döndüyündə hər gün əlüzyuyanın altındakı vedrə qan ilə dolurdu. Hər dəfə bu barədə düşünəndə bir şəkil gəlir gözümün qabağına. Şəkil Zakarias Nielsenin hekayələr toplusundandır – orada uzun, qırmızı paltarlı çox gözəl bir qadın təsvir edilir. O, nazik, ağ əlini sinəsinin altında tutub eleqant geyinmiş centlmenə deyir: Mən ürəyimin altında bir uşaq gəzdirirəm. Kitablarda belə şeylər gözəldir, qansızdır, oradakılar məni rahatladır, əmin edir. Edvin deyir ki, belə qəribə olduğuma – qəribəliyimin səbəbi isə bu qədər çox kitab oxumağım, bir də necə oynamağı başa düşməməyimdir – görə məktəbdə xeyli kötək yeyəcəyəm. Hətta bu durumda belə anamın əlindən tutub Enqhavevay məktəbinin qırmızı qapısından içəri girdiyimdə qorxu keçirtmirəm. Çünki anam mənə tamamilə bənzərsiz olmağım haqqında yeni duyğu aşılayıb. Xəz yaxalığı qulaqlarına qədər qalxan yeni paltosunu geyinib, belində kəməri də var. Yanaqları salfetlə silməkdən qızarıb, elə dodaqları da. Kipriklərini elə bəzəyib, sanki iki balığın tərpənən quyruqlarıdır. Əminəm ki, uşaqların heç birinin belə gözəl anası yoxdur. Mən özüm Edvinin kəsilib düzəlmiş paltarlarını geyinmişəm. Amma bunu Rozalia xala etdiyi üçün heç kim başa düşə bilməz. O tikiş ustasıdır və qardaşımı da, məni də sanki öz uşaqlarıymışıq kimi sevir. Ancaq özünün uşağı yoxdur.
Bizə tamamilə boş görünən binaya daxil olduğumuzda burnuma kəskin qoxu dəyir. Həmin an tanıyıram və qəlbim daralır, çünki bu artıq mənə yaxşı tanış olan qorxunun qoxusu idi. Anam da bu iyi duyduğu üçün biz pilləkənlərlə yuxarı qalxdıqda əlimi buraxır. Bura direktorun otağıdır. Bizi küpəgirən qarıya oxşar bir qadın qarşılayır. Yaşılsov saçları quş yuvasına bənzəyir. Yalnız bir gözü üçün eynəyi var, yəqin o biri şüşəsi sınıb. Mənə elə gəlir dodaqları yoxdur, onlar bir-birinə o qədər sıxılıb. Onların üzərində isə böyük donqar, ucu qırmızı burun var. – “Hmm…”, – o girişsiz deyir, – “Belə, sənin adın Tovedir?” – “Hə”, – mənim anam deyir. Anama tərəf heç baxmır, oturmağa yer təklif etməkdən heç danışmıram belə. – “Və, o, səhv etmədən oxuyub-yaza bilər.” Qadın mənə elə baxır, elə bil mən onun qaya altında tapdığı bir şeyəm. – “Bu çox pisdir”, – qadın soyuq-soyuq dilləndi, – “Bilirsiniz, bunları uşaqlara öyrətmək üçün bizim öz metodlarımız var.” Utanıram, yanaqlarım qızarır. Anam mənə görə alçalanda hər zaman belə oluram. Fəxarətim yox olub, məxsusi olmağım haqda qısasürən sevincim uçub getdi. Anam yanımdan bir qədər kənara çəkilir və zəif səslə deyir: – “Özü öyrənib, bizim günahımız deyil.” Başımı qaldırıb ona baxıram və çox şeyi dərhal başa düşürəm. Başqa yaşlı qadınlardan balaca görünür, başqa analardan cavan görünür. Mənim küçəmdən kənarda qorxduğum bir dünya var. Və biz ikimiz də bu qorxunu birlikdə yaşayanda, arxadan mənə bıçaqla zərbə endirir. Həmin küpəgirən qarının qarşısında dayanarkən həmçinin anamın əllərindən qabyuyan sabunun iyininin gəldiyini duyuram. Bu iyə nifrət edirəm və biz məktəbi tam bir səssizlik içində tərk edərkən ürəyim pərakəndə əsəblə, qəm-qüssə ilə və mərhəmət hissi ilə dolub daşır. Həmin andan etibarən ömrümün sonuna kimi bu mərhəmət hissi içimdə hər zaman oyaq olacaqdı.
IV BÖLÜM
Eyni zamanda bəzi faktlar da mövcuddur. Onlar küçədəki işıq dirəkləri kimi möhkəm, hərəkətsizdir. Amma ən azından dirəklər axşamlar işıqçının sehrli toxunuşu ilə dəyişirlər. Sonra isə gündüz və gecə arasındakı dar sərhəddə, bütün insanların yaşıl okeanın dibində sakit gəzişi misalı, böyük, yumşaq günəbaxanlar kimi işıqlanırlar. Faktlar isə heç zaman işıqlanmır və onlar mənim ilk oxuduğum kitablardan sayılan “Ditte menneskebarn” kitabındakı kimi insanların qəlbini yumşalda bilmir. Bu “sosial romandır” atam laqeydliklə deyir. Ola bilər, bu həqiqətən də belədir, amma bu fakt deyil və mənim ona ehtiyacım yoxdur. “Cəfəngiyyatdır!” faktlara önəm verməyən amma eyni zamanda onları məndən daha yaxşı görməzdən gələn anam deyir. Atam nadir hallarda onun əlindən çox acıqlı olanda yalanlarla dolu insan olduğundan şikayətlənir. Amma mən bunun belə olmadığını bilirəm. Mən hər uşağın öz uşaqlıq dövrü olduğu kimi hər böyüyün də öz həqiqəti olduğunu anlayıram. Anamın həqiqəti atamınkından tamamilə fərqlidir. Bu atamın qəhvəyi, anamın isə mavi gözlərinin olması qədər açıq-aşkardır. Xoşbəxtlikdən işlər elə qurulur ki, sən həqiqəti ürəyində sakitcə saxlaya bilirsən. Yaxşı ki, həqiqi faktlar məktəb kitablarında, dünya tarixində, kilsə külliyatında və qanun məcmuələrində əks olunur. Heç kim onları dəyişə bilmir, heç kim buna cəhdə cəsarət də etmir. Heç Allahın özü də – mən onun görkəmini baş nazir Stauninqin görkəmindən ayıra bilmirdim. Hərçənd atam deyir ki, kapitalistlər hər zaman ondan kasıblara qarşı istifadə ediblər, odur ki, bu səbəbdən də ona inanma.
Mən 1918-ci ilin 14 dekabrında Kopenhagenin Vesterbro bölgəsində iki otaqlı balaca bina evində doğulmuşam. Biz Hedebiyqade küçəsi 30A-da yaşayırdıq. “A” o deməkdir ki, bu arxa binadır. Pəncərələrindən küçəyə mənzərə açılan ön binada isə daha “yaxşı” insanlar yaşayırdı. Hərçənd onların evləri dəqiqliklə bizimkilərin oxşarı idi, onlar kirayə haqqı kimi hər ay bizdən iki kron daha artıq ödəyirdilər. Bu həmin il idi ki, I Dünya müharibəsi bitmişdi və 8 saatlıq iş vaxtı tətbiq edilmişdi. Qardaşım Edvin dünya müharibəsi başlayanda, atamın gündə 12 saat işlədiyi vaxtlarda doğulmuşdu. Atam soba ustası idi və sobanın qığılcımlarının təsirindən gözləri hər zaman qızarardı. Mən doğulanda atamın 37 yaşı vardı. Anam isə ondan 10 yaş kiçik idi. Atam Niyşöbinq Morsda doğulmuşdu. O, nigahdankənar doğulduğundan heç zaman atasının kim olduğunu öyrənə bilməmişdi. 6 yaşı olanda onu çoban kimi heyvanların üstündə göndərirdilər, elə həmin vaxtlarda da anası Floutrup adlı dulusçu ilə evlənmişdi. Anası bu kişidən 9 uşaq dünyaya gətirmişdi, amma mən bu ögey qardaş-bacılar haqqında heç nə bilmirdim, çünki onları heç zaman görməmişdim və atam onlar barədə heç bir kəlmə də danışmırdı.
O, 16 yaşında Kopenhagenə köçəndə ailəsi ilə bütün əlaqəni kəsibmiş. Hər zaman yazmaq haqqında xəyalları vardı və bu xəyallar onu heç zaman tərk etmirdi. Bir-iki qəzetdə müvəqqəti müxbir kimi işə düzəlsə də bilinməyən səbəblərdən hər dəfə işi ilə vidalaşmalı olmuşdu. 26 yaşında Tordensoldsqadedəki çörəkçidə anamla tanış olana kimi isə on ilini Kopenhagendə necə keçirdiyi haqqında heç bir fikrim yoxdur. Atam həmin çörəkçidə köməkçi işləyirmiş. Bu qeyri-adi dərəcədə uzun müddət davam edən və atamın anamın onu aldatdığı düşüncəsi ilə bir neçə dəfə yarımçıq buraxdığı bir sevgi macərası idi. Məncə bu halların əksərində anam tamam günahsız olub. Bu iki insan bir-birindən o qədər fərqlidir ki, sanki hər ikisi ayrı-ayrı planetlərdən gəlib. Atam melanxolik, ciddi, qeyri-adi dərəcədə mənəviyyatçı, anam isə ən azından cavan qız olduğu vaxtlarda, həyat dolu, axmaq, məsuliyyətsiz və bihudə biri idi. O, bir çox yerlərdə qulluqçu kimi çalışıb və harada ona uyğun gəlməyən bir şey baş verirdisə oranı tərk edirmiş. Sonra atam gedib . Sonradan anam mənə etiraf etmişdi ki, heç bir işdə bir yumurtanı qaynatmağa yetəcək qədər zaman keçirtməmişdir.
Bədbəxtlik baş verdiyində mənim 7 yaşım vardı. Anam yenicə mənə yaşıl sviter toxumuşdu. Əynimə geyinmişdim, çox gözəl olduğu düşüncəsində idim. Günün axırına doğru atamı işdən götürməyə yollandıq. O, Kinqosqadedə Riedel və Lindeqaard şirkətində çalışırdı. O, orada uzun müddətdir işləyirdi, belə deyək, mən özümü biləndən orada idi. Ora bir qədər erkən yetişdik, mən səki boyu əriməkdə olan qarı təpikləyirdim, anam isə yaşıl məhəccərə söykənib gözləyirdi. Atam alaqapıdan çıxdığında ürəyim şiddətlə çırpınmağa başladı. Onun üzü boz, gülməli və fərqli idi. Anam tez ona yaxınlaşdı: – “Ditlev”, – o dedi, – “nə baş verib?”
Atam yerə baxaraq dedi: – “Məni işdən qovdular.” Mən bu sözün özünü olmasa belə, onun ishalolunmaz acıya səbəb olduğunu başa düşmüşdüm. Atam işini itirmişdi. Yalnız başqalarını vura biləcəyini düşündüyümüz bəla bizi də vurmuşdu. İndiyə kimi yalnız yaxşı şeylərin gəldiyi Riedel və Lindeqaard şirkəti mənim atamı çənəsinə alıb sıxan, əzən, çeynəyən qəddar, daşqəlbli əjdahaya çevrilmişdi. Nə atam, nə biz, nə də hələ görmədiyi təzə yaşıl sviterim bu əjdahanın vecinə deyildik. Evə gedərkən heç birimiz dinib-danışmadıq. Əlimi anamın əlinin içinə salmaq istədim, amma sərt bir hərəkətlə əlini əlimdən kənarlaşdırdı. Biz yataq otağına girdiyimizdə atam günahkar nəzərlərlə ona baxdı. “Belə-belə işlər…” – o, iki barmağı ilə qara bığlarını sığallaya-sığallaya dedi. İşsizliyə görə müavinətin ödəniləcəyi günə hələ çox var. Onun 43 yaşı vardı, haradasa daimi iş tapmaq üçün artıq çox yaşlı idi. Bununla belə yalnız bir dəfə yadımda qalıb ki, bizim üçün sosial müavinət məsələsi müzakirə edildi. Bu müzakirə mənlə qardaşım yatandan sonra pıçıltı ilə davam etdi. Çünki bu biabırçılıq idi, aşağılanmaq idi. Əgər sosial müavinət alırsansa, bu zaman səs vermək hüququnu itirirsən. Biz heç zaman acından ölmürdük, ən azından hər zaman mənim qarnımda nələrsə olurdu. Amma daha imkanlı ailələrin mətbəxlərindən gələn gözəl iylər sayəsində hərdən yarıac olduğumu anlayırdım. Xüsusən də günlərlə qəhvə və bir böyük məktəb çantası 25 öre olan bayat un məmulatlarını yedikdən sonra.
Bu un məmulatlarını alan mən idim. Hər bazar günü saat 6-da anam məni yuxudan oyadır və gün ərzində görəcəyim işləri tapşırırdı. Özü isə hələ də yatmış olan atamın yanında, evlilik çarpayılarında yorğanı başına çəkib uzanırdı. Küçəyə çatmamış artıq soyuqdan keyiyən barmaqlarımla məktəbli çantamdan bərk yapışıb günün həmin vaxtında hələ də zülmət qaranlıq içində olan pilləkənlərlə aşağı uçurdum. Küçə qapısını açıb hər istiqamətə baxandan sonra ön binadakı pəncərələrə mübhəm bir nəzər salırdım, çünki heç kim mənim bu iyrənc tapşırığı həyata keçirdiyimi görməməli idi. Karlsberqvay məktəbinin bufetində yemək yemək heç də yaxşı şey hesab edilmirdi. Ora isə 1930-cu illərdə Vesterbroda yerləşən yeganə sosial institut idi. Sonuncuya, Edvin və mənə bunu etməyə icazə vermədilər. Bu baxımdan işləməyən ataya sahib olmaq da heç ürəkaçıcı deyildi, hərçənd birzlərdən çoxu məhz işsiz idik. Belədə biz bu utanc gətirən durumu dəlisov yalanlarla ört-basdır edirdik. Daha çox atamızın iş başında yıxılıb indi də sağlamlığına görə icazəli olduğu yalanını uydururduq. Tönderqada küçəsindəki çörəkçinin qarşısında uşaqlar ilan kimi burulan növbələr düzəltmişdilər. Hamısının çantası vardı və hamısı hansı çörəkçidə hansı çörəyin necə ləzzətli olması haqqında üyüdüb-tökürdülər. Xüsusən də çörək təzə bişmiş olanda. Növbə mənə çatanda mən çantamı piştaxtaya dürtdüm, tapşırığımı pıçıltı ilə deyib bərkdən əlavə etdim: “Varsa, kremli kökə verin. Anam dönə-dönə ağ çörək istəməyimi tapşırmışdı. Evə qayıdarkən 4-5 kremli kökəni birdəfəyə ağzıma basdım, sonra paltomun qolu ilə ağzımı sildim və anam çantanın dibində eşələnəndə belə ifşa olunmadım. Çox nadir hallarda, demək olar heç vaxt etdiyim cinayətlərə görə cəzalanmırdım. Anam məni tez-tez, özü də möhkəm vurardı, amma adətən bu lüzumsuz, ədalətsiz cəzalar idi. Və mən bu cəza müddətində gizli utanc, yaxud dərin kədər hiss edirdim. Çünki gözlərimdə yaranan yaş gilələri bizim aramızdakı məsafəni daha da böyüdürdü. Atam heç zaman məni vurmayıb. Əksinə, o, mənə qarşı mülayim olub. Bütün uşaq vaxtı sahib olduğum kitablar onunku idi və beş yaşım tamam olanda o, mənə “Qrim qardaşları nağılları”-nın möhtəşəm nüsxəsini hədiyyə etdi. Bu kitab olmasaydı uşaqlığım saya, mənasız, darıxdırıcı olardı. Bununla belə ona qarşı xüsusi güclü hissim yox idi. Atam divanda oturub sakit, nəsə axtaran nəzərlərini üzərimə zilləyəndə buna görə özümü tez-tez qınayırdım. Sanki mənə tərəf baxıb nəsə etmək, heç zaman demədiyi, ifadə edə bilmədiyi nəyi isə demək istəyir. Mən anamın qızı idim, Edvin də atamın oğlu – təbiətin qanunu dəyişdirilə bilməzdi. Bir dəfə atamdan soruşdum: – Sısqamaq nə deməkdir? Mən bu ifadəyə Qorkinin yaradıcılığında rast gəlmiş və bunu sevmişdim. Bığları ilə oynaya-oynaya atam uzun müddət bu söz üzərində götür-qoy etdi. Sonra dedi ki, “bu rus məfhumudur”. Ağrı, miskinlik və kədər deməkdir. Qorki böyük şair olub. Mən xoşbəxtliklə dedim: – “Mən də şair olmaq istəyirəm”. Dərhal sifəti dəyişdi, qaş-qabaq sallayıb dedi: – “Axmaq olma, qızdan şair ola bilməz”. İncidim, yenidən özümə qapandım, həmin ərəfədə isə anamla Edvin bu axmaq ideyaya dəli kimi gülməyə başladılar. Özümə and içdim ki, bir də heç vaxt xəyallarımı kimsəyə açıqlamayacağam və bütün uşaqlığım boyu bu anda əməl etdim.