Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Cenni Herhardt»

Schriftart:

I FƏSİL

1880-ci ilin bir payız səhərində ortayaşlı bir qadm on səkkiz yaşlı bir qızın müşayiəti ilə Kolumbus şəhərinin (Ohayo ştatı) baş otelinə daxil oldu, kontor xidmətçisinə yanaşaraq, burada onun üçün bir iş olub-olmadığını soruşdu. O, dolu bir qadın idi. Lakin bədəncə möhkəm deyildi. Özünü təvazökar və sadə tuturdu. Açıq üzündəki iri gözləri səbirlə və fəqiranə baxırdı. Bu gözlərdə yalnız dərddən, qüssədən sarsılmış aciz, köməksiz bir yoxsulun üzünə mərhəmətlə baxanların anlaya biləcəyi kədər kölgəsi gizlənmişdi. İndi onun qızını anasının arxasında durmağa və süni laqeydliklə ətrafa baxmağa məcbur edən cəsarətsizlik və utancaqlığın haradan gəldiyini anlamaq çətin deyildi. Bu qızın təbiətində anasından irs qalmış xəyalpərvərlik, təbii həssaslıq, hələ təkmilləşməmiş, lakin şairanə ağlın tez mütəəssir olmaq qabiliyyəti, atasının ciddiyyət və təmkinliyi ilə birləşmişdi. Bu qadınları ehtiyac buraya gətirmişdi. Onlar namuslu yoxsulluğu elə təsirli təcəssüm etdirirdilər ki, hətta kontor xidmətçisində belə rəğbət oyadırdılar.

O soruşdu: – Siz nə cür iş axtarırsınız? Ana qorxa-qorxa cavab verdi: – Bəlkə siz bir yeri süpürtmək, yaxud təmizlətdirmək istəyirsiniz. Mən döşəmə yumağı da bacarıram.

Qızı bu sözləri eşidərkən büzüşdü – ona görə yox ki, işləmək istəmirdi, ona görə ki, böyük bir ehtiyac üzündən çirkli işə girişməyə məcbur olduqlarının başqaları tərəfindən anlaşılacağı ona ağır gəlirdi. Kontor xidmətçisi, bir kişi kimi, bu gözəl qızın kədərindən mütəəssir olmuşdu. Əlbəttə, qızın sadəlövhlüyü və acizliyi onların nəsibini daha ağır göstərirdi.

Kontor xidmətçisi:

– Bir dəqiqə gözləyin, – dedi və kontora keçərək baş qulluqçunu çağırdı.

Oteldə iş, doğrudan da, tapıldı. Daimi döşəməyuyan hesabını aldığı üçün baş pilləkən və vestibül təmizlənmirdi.

Baş qulluqçu uzaqdan qadınlara nəzər salaraq:

– Bu onun qızıdır? – deyə soruşdu.

– Görünür, qızıdır.

– Nə deyim, qoy elə bu gündən işə başlasınlar. Qız yəqin ki, kömək edəcəkdir. Kontor xidmətçisi öz yerinə qayıdaraq mehribanlıqla:

– Baş qulluqçu ilə danışın, – dedi. O, yaxında olan qapını göstərdi:

– Bax, oraya keçin. Orada danışarsınız.

Bu səhnəni, şüşəüfürən Uilyam Herhardtın və onun ailəsinin illər boyu məruz qaldığı bir çox bədbəxtçilik və müvəffəqiyyətsizliklərin facianə nəticəsi adlandırmaq olar. Bu adam işini itirmişdi – taleyin bu cür səbatsızlığı yoxsul əməkçilərə yaxşı tanışdır. O indi hər bir səhəri yeni günün ona, arvadına və altı uşağına nə gətirəcəyini bilmədən ürək çırpıntısı ilə qarşılayırdı, çünki onların bir tikə çörəyi təsadüflərin şıltaqlıqlarından asılı idi. Herhardtın özü xəstələnib yatağa düşmüşdü. Onun böyük oğlu Sebastyan, yaxud dostlarının adlandırdıqları kimi Bass, yerli vaqonqayırma emalatxanasında usta əlaltısı işləyirdi, həftədə vur-tut dörd dollar alırdı. Böyük qızı Cenevyevanın on səkkiz yaşı tamam olmuşdu, lakin indiyədək ona heç bir sənət öyrətməmişdilər. Herhardtın başqa uşaqları da var idi: on dörd yaşlı Core, on iki yaşlı Marta, on yaşlı Uilyam və səkkiz yaşlı Veronika. Bunlar işləmək üçün hələ çox balaca idilər, bunların hamısını saxlamaq lazım idi. Ailənin yeganə sərvət və istinadgahı Herhardta mənsub olan ev idi, ancaq o da altı yüz dollara girov qoyulmuşdu. Herhardt ev almaq üçün qənaət edib yığdığı pulları xərclədikdən sonra ailənin gen-bol yaşaması üçün evin yanında üç otaq və eyvan tikdirmək istədiyi zaman bu cür borca düşmüşdü. Girov vaxtının tamam olmasına hələ bir neçə il qalmışdı, lakin elə günlər gəlib çatmışdı ki, əsas borcu vermək üçün qorunub-saxlanmış az miqdar pulu da, illik faiz hesabına verilməli pulu da xərcləməyə məcbur olmuşdular. İndi Herhardt tamam başını itirmişdi, o anlayırdı ki, vəziyyəti ümidsizdir, dəhşətlidir: onun çox təmiz adam olmasına arxalanaraq son imkana qədər ona borc verən qəssab və çörəkçiyə borcu bir yana, hələ həkimin ödənilməmiş haqqı, girov faizləri – bütün bunlar onu əzir və əzab verir, xəstəliklə mübarizə etməyə mane olurdu.

Missis Herhardt heç də aciz deyildi. Müştəri tapa biləndə yumağa paltar götürür, qalan vaxtlarda isə uşaqların paltarlarını yamayır, onları məktəbə yola salır, xörək bişirir, xəstə kişisinə qulluq edir, bəzən ağlayırdı. O çox vaxt evindən getdikcə daha uzaqda olan yeni bir baqqal dükanı tapır və əvvəlcə nağd pul verərək, sonra başqa dükançılar sadəlövh ehsançını xəbərdar edənədək, nisyə ərzaq alırdı. Qarğıdalı hər şeydən ucuz idi. Missis Herhardt bir yekə qazan qarğıdalı bişirirdi, demək olar ki, yeganə və əvəzsiz olan bu yemək düz bir həftə yeyilirdi. Heç nədənsə qarğıdalı xəşili yaxşıdır. Buna bir az süd qatmaq mümkün olanda isə ailə lap bayram kefi çəkirdi. Herhardtlar ailəsində kartof qızartması ən zəngin xörək hesab olunurdu, qəhvə isə nadir hadisə idi. Onlar vedrə və zənbillərlə, yaxındakı dəmiryol deposu yanından keçən yollarda dolaşıb kömür toplayırdılar. Odun da taxta-şalban anbarlarına tərəf bu cür yürüşlər zamanı tapılırdı. Onlar, beləliklə, günü-gün arxasınca yola salır, hər saat ümid edirdilər ki, ataları sağalacaq və şüşə zavodunda işləməyə başlayacaqdır. Lakin qış yaxınlaşır, Herhardt daha böyük ümidsizliyə qapılırdı. Bu inadcıl alman tez-tez:

– Mən mütləq, mümkün qədər tez bu vəziyyətdən çıxmalıyam, – deyə təkrar edirdi. Onun zəif səsi qəlbini parçalayan təşvişi ifadə etməkdən aciz idi.

Bütün bu bədbəxtliklər az imiş kimi, balaca Veronika qızılcaya tutuldu, bir neçə gün onun həyatı təhlükə altında oldu. Ana bütün işlərini buraxdı, uşağın yanından çəkilməyib hey dua etdi. Həkim Eluonqer bir rəğbət hissi ilə hər gün xəstəni yoluxurdu. Lüterçi ruhani, pastor Vundt müqəddəs kilsə adından təsəlli verməyə gəlirdi. Onlar hər ikisi evə qara riyakarlıq ruhu gətirirdilər. Onlar ulu qüvvələrin başdan-ayağa qara geymiş elçiləri idilər. Missis Herhardt qızını itirəcəyini düşünür və gecələr gözlərini yummadan hüznlə, kədərlə onun yatağının yanında qalırdı. Üç gündən sonra təhlükə sovuşdu, lakin evdə bir tikə çörək yox idi. Sebastyanın maaşı dərmana getmişdi. Yalnız kömür müftə başa gəlirdi, ancaq uşaqları bir neçə dəfə depodan qovmuşdular. Missis Herhardt iş üçün müraciət edə biləcəyi bütün yerləri xəyalından keçirdi və ümidsiz halda otelə yollandı. Budur, sanki bir möcüzə baş vermiş, onun bəxti gətirmişdir.

Baş qulluqçu soruşdu:

– Siz nə qədər istəyirsiniz?

Missis Herhardt ondan bu barədə bir söz soruşacaqlarını heç ağlına da gətirməmişdi, lakin ehtiyac ona cəsarət verdi.

– Gündə bir dollar – o qədər çox deyil ki?

Baş qulluqçu:

– Olsun, – dedi, həftədə təqribən üçgünlük iş olar. Siz hər gün, günortadan sonra gəlin, vaxtınız lap yaxşı çatar, işin öhdəsindən gələrsiniz.

Missis Herhardt:

– Sağ olun, – dedi, – elə bu gündən başlamaq olarmı?

– Bəli, gedək, mən sizə vedrənin və əskinin yerini göstərim.

Onların gözlənilmədən gəldikləri bu otel, o zaman üçün, Kolumbus şəhəri üçün çox əlamətdar bir müəssisə idi. Kolumbus – ştatın paytaxtıdır. Burada əlli min adam yaşayır, həm də daima xeyli gəlmə olur. Bunun üçün də burada otel və mehmanxanalar inkişaf etməli idi. Bu vəziyyətdən çox yaxşı istifadə edilirdi. Hər halda şəhər əhalisi bunun belə olduğunu qürurla düşünürdü. Kolumbusun mərkəzi meydanında böyük beşmərtəbəli bina var idi. Ştatın qanunverici məclisi və ən böyük dükanları də bu binada idi. Otelin geniş vestibülü bu yaxınlarda yenidən düzəldilmişdi. Döşəmə və mərmərlə örtülmüş divar təmiz silinir, ağlıqdan parıldayırdı. Yuxarıya qalxmaq üçün məhəccəri qoz ağacından olan gözəl pilləkən vardı. Onun pillələrinə salınmış xalça mis millərlə bərkidilmişdi. Vestibülün bir küncündə qəzet və siqarlar satılan piştaxta görkəmli yer tuturdu. Pilləkənlərin altında kontor xidmətçisinin növbətçilik kontorka və otelin müdiriyyətinin otağı var idi. Hər şey ən yaxşı ağaclardan qayrılmış, o zaman üçün yenilik olan qaz lampaları ilə bəzədilmişdi. Vestibülün qurtaracağında bərbərxana vardı – qapının arxasından kreslolar və parıldayan üzqırxma cihazları görünürdü. Otelin qarşısında həmişə iki, yaxud üç omnibus görmək olardı – onlar qatarların cədvəlinə müvafiq olaraq gəlir və gedirdilər.

Bu mehmanxanaya ştatın ən böyük siyasi və ictimai xadimləri düşürdülər. Bir neçə qubernator növbə ilə buranı özlərinin iqamətgahına çevirmişdi. Birləşmiş Ştatlar Konqresinin hər iki senatoru bir münasibətlə Kolumbusa gəldikdə mütləq bu oteldə lüks nömrə tutardılar. Otel sahibi onlardan birini – senator Brenderi demək olar ki, otelinin daimi sakini hesab edirdi, çünki bu köhnə subayın Kolumbusda oteldən başqa ayrı evi yox idi. Nisbətən az qalan başqa sakinlər arasında ştatın konqresinin və qanunverici məclisinin üzvləri, həmçinin dəhliz siyasətçiləri, tacirlər, vəkillər, həkimlər – xülasə, kim desəniz vardı. Bu müxtəlif təbəqələrdən olan adamlar gəlir-gedir və otel tez-tez dəyişən al-əlvan, narahat bir həyat sürürdü.

Taleyin qəflətən bu gözqamaşdırıcı aləmə atmış olduğu ana və qız bərk qorxmuşdular.

Onlar hər bir şeyə qorxa-qorxa toxunurdular. Süpürməli olduqları qırmızı xalça döşənmiş geniş dəhliz onlara saray kimi əzəmətli görünürdü, onlar gözlərini yerdən qaldırmağa cəsarət etmir, pıçıltı ilə danışırdılar. Gözəl pilləkənləri yumaq, mis milləri və barmaqlıqları təmizləmək lazım gəldikdə isə onların hər ikisi: ana cəsarətsizliyini, qızı isə hamının gözü qarşısında belə işlə məşğul olduğundan doğan utancaqlığı rəf etmək üçün bütün mətanətlərini yardıma çağırmalı olurdular. Aşağıda böyük vestibül vardı, orada istirahət edənlər, papiros çəkənlər, girib-çıxanlar – hamı onları görə bilərdi.

– Bura necə gözəldir, elə deyilmi? – deyə Cenni yenə pıçıldadı və öz səsindən diksindi.

– Elədir, – deyə dizi üstə oturub əskini yöndəmsiz hərəkətlə, səylə sıxan anası yavaşdan cavab verdi.

– Burada yaşamaq üçün, yəqin bir yığın pul lazımdır!

– Bəli, – deyə ana cavab verdi. – Bax, buranı, künc-bucağı silməyi yadından çıxartma. Gör nə qədər çirk-toz qoymusan.

Bu məzəmmətdən pərtləşmiş Cenni səylə işə girişdi, artıq ətrafa baxmağa cəsarət etmədən var qüvvəsi ilə silməyə başladı.

Onlar cidd-cəhdlə, əllərinə heyfləri gəlmədən saat beşə qədər işlədilər. Küçədə artıq hava qaralmış, vestibüldə gur işıq yanırdı. Onlar pilləkəni yuyub qurtarırdılar: ən aşağıda cəmi bir neçə pillə qalmışdı.

Bu zaman tez-tez açılıb küçənin soyuğunu içəri dolduran ikitay qapı aralandı, silindr və hərbi biçimli geniş plaş geymiş ucaboy yaşlı bir adam içəri daxil oldu. Avara adamlar içində o, kəskin surətdə fərqlənirdi, dərhal hiss olunurdu ki, bu, böyük adamdır. Onun qarayanız, ciddi, lakin açıq və xoş sifəti var idi, parıldayan gözlərinin üstündə qalın qara qaşları sallanmışdı. O, kontorkada əvvəlcədən onun üçün qoyulmuş açarı yeriyə-yeriyə götürdü və pilləkənlə qalxmağa başladı.

O nəinki əlində əski parçası olan yaşlı qadının yanından ehtiyatla keçdi, hətta ona lütfkarlıqla əl elədi, sanki: "Eybi yoxdur, narahat olmayın, keçərəm" – deyirdi.

Bu zaman qız belini düzəltdi və onlar üz-üzə gəldilər, qızın gözlərindən hiss edilirdi ki, bu adamın yolunu kəsdiyindən çox qorxmuşdur.

Silindrli kişi mehribanlıqla gülümsədi, baş əydi və:

– Nahaq narahat oldunuz, – dedi.

Cenni bunun cavabında yalnız gülümsədi.

O, bir meydança yuxarı qalxıb bilaixtiyar döndü, qıza nəzər saldı və əmin oldu ki, qız, ilk baxışdan göründüyü kimi, çox qəşəngdir. O, qızın hündür təmiz alnını, düz ayrılmış və hörüklənmiş saçlarını, mavi gözlərini, üzünün gözəl rəngini gördü. O hətta qızın dodaqlarının gözəl cizgilərinə, uşaq simasını xatırladan üzünə, gənclik, sağlamlıq və ümid təcəssümü olan boy-buxununa, gözəl qamətinə, artıq yaşa dolmuş, gəncliyi ötmüş adamların yüksək qiymətləndirdiyi hər şeyə göz yetirə bildi. Sonra o, təmkinlə yoluna davam etdi, bir dəfə də olsun qız tərəfə nəzər salmadı, lakin qızın gözəl surətini özü ilə apardı. Bu şəxs möhtərəm senator Corc Silvestr Brender idi.

Bir qədər keçəndən sonra Cenni dedi:

– İndi yuxarı çıxan adam necə gözəldi! Düz demirəm?

– Bəli, – deyə anası təsdiq etdi.

– Ağacının dəstəyi qızıldandı. Anası nəsihətamiz tərzdə:

– Gözlərini adamlara zilləmə. Yaxşı deyil, – dedi. Cenni sadəlövhlüklə etiraz etdi:

– Mən gözümü ona zilləməmişdim, o özü mənə baş əydi. Ana dedi:

– Sənin adamlara baxmağın yaxşı deyil. Bəlkə bu onların xoşuna gəlmir.

Cenni yenə dinməz-söyləməz işə girişdi, lakin bu heyrət oyadan dünyanın parıltısı onu məşğul etməyə bilməzdi. O, qeyri-ixtiyari olaraq ətrafdakı qaynar həyata, söhbətlərə və gülüşlərə qulaq asırdı: bu səslər birləşir, şən uğultuya çevrilirdi. Birinci mərtəbənin bir qurtaracağında restoran var idi. Oradan qabların cingiltisi eşidilirdi, şam yeməyi üçün stol hazırladıqlarını başa düşmək çətin deyildi. O biri tərəfdə qonaq otağı var idi – orada kim isə royal çalırdı. Adətən, şam qabağı adamlar dirçəlib ruhlandıqları kimi, indi də ətrafda bir şənlik, sərbəstlik hiss olunurdu. Bu şənlik zavallı qızın ürəyini ümidlə döyünməyə məcbur etdi, çünki o, cavan idi, ehtiyac hələ bütün ağırlığı ilə onun qəlbini əzə bilməmişdi. O, can-başla yuyur və təmizləyir, yanında işləyən, mərhəmətli gözlərini qırışıq toru bürümüş, dodaqları tükənməz gündəlik qayğıları səssiz-səmirsiz təkrar edən yorğun anasını bəzən unudurdu. Qız ancaq ətrafda hər şeyin necə cəzbedici olduğunu düşünə bilirdi, o istəyirdi ki, bu şan-şöhrətdən və şənlikdən bir az da onun payına düşsün.

Saat altının yarısında baş qulluqçu onları xatırlayıb, buraxmaq üçün gəldi. Pilləkənlərdə iş qurtarmışdı, onlar üstlərindən dağ götürülmüş kimi yüngüllüklə nəfəs alaraq vedrəni və əskini yerinə qoyub evə tələsdilər. Ana, nəhayət, iş tapdığı üçün çox razı idi.

Onlar böyük, gözəl binaların yanı ilə gedirdilər. Cenni oteldə gördüyü qeyri-adi və yeni şeylərin oyatdığı tutqun həyəcanı yenidən hiss etdi.

O dedi:

– Varlı olmaq yaxşıdır, düz demirəm?

– Bəli, – deyə ana xəstə Veronikanı düşünə-düşünə cavab verdi.

– Sən gördün onların necə böyük aşxanaları var?

– Gördüm.

İndi onlar miskin, görkəmsiz evlərin yanından keçib gedirdilər, payız yarpaqları ayaqlarının altında ölgüncəsinə xışıldayırdı.

– Kaş biz də varlı olaydıq – deyə, Cenni, demək olar ki, öz-özünə pıçıldadı. Ana köksünü dərindən ötürərək:

– Heç bilmirəm neyləyim, – dedi. – Yəqin evdə yeməyə heç nə yoxdur. Anasının səsindəki ümidsizlikdən mütəəssir olmuş Cenni ürəyi yana-yana dedi:

– Biz ona deyərik ki, iş tapmışıq. Mən özüm deyərəm.

– Yaxşı, – deyə ana yorulmuş halda razılaşdı.

Evlərinə iki kvartal qalmış onlar tutqun işıqlanmış kiçik baqqal dükanına bir sıxıntı içində girdilər. Missis Herhardt danışmaq istədi, lakin Cenni onu qabaqladı:

– Siz bu gün bizə çörək və bir az donuz yağı nisyə verməzsiniz? Biz "Kolumbus-Xauz"da iş tapmışıq, şənbə günü mütləq borcunuzu qaytararıq.

– Bəli, – deyə missis Herhardt əlavə etdi, – indi mən işləyirəm.

Onlar hələ bütün bədbəxtlik və xəstəliklərin başlanmasına qədər Baumenin daimi müştəriləri idilər və o bilirdi ki, onlar düz deyirlər.

– Siz orada çoxdanmı işləyirsiniz? – deyə o soruşdu.

– Bu gün birinci gündür. Baumen dedi:

– Missis Herhardt, siz məni tanıyırsınız, mən sizə borc verməkdən imtina etmək istəməzdim. Mister Herhardt etibarlı adamdır, ancaq bir şey var ki, mən də varlı deyiləm. İndi zəmanə ağırdır, – deyə o əlavə etdi, – mənim də ailəm var. Missis Herhardt yavaşdan dedi:

– Elədir, mən başa düşürəm.

O, işdən kobudlaşmış, qızarmış əllərini köhnə şalının altında gizlədərək nigarançılıqla, həyəcanla onları sıxır, əzişdirirdi. Cenni gərgin sükut içərisində onun yanında dayanmışdı. Nəhayət, Baumen dedi:

– Yaxşı, qoy olsun, bu dəfə də borc verirəm. Şənbə günü nə qədər bacarsanız, verərsiniz. Baumen çörək və yağ bükdü, onları Cenniyə uzadaraq təbəssümlə dedi:

– Yenidən pullananda siz, yəqin, başqa dükandan şey-şüy alacaqsınız.

– Düz demirsiniz, – deyə missis Herhardt etiraz etdi, – siz bilirsiniz ki, belə şey ola bilməz.

Missis Herhardt elə üzülmüşdü ki, uzun izahata girişmək iqtidarında deyildi. Onlar döngədən burulub, yoxsul, miskin evləri olan qaranlıq küçə ilə getdilər. Evə bir neçə addım qalmış missis Herhardt yorğun-yorğun dedi:

– Görəsən, uşaqlar kömür tapıblarmı?

– Narahat olma, – deyə Cenni cavab verdi. – Əgər tapmayıblarsa, mən özüm gedib gətirərəm.

Ana kömür gətirib-gətirmədiklərini soruşan kimi Corc salamlaşmadan tələsə-tələsə dedi:

– Bir kişi bizi qovdu. Ancaq mən yenə bir az gətirdim. Platformadan yerə atdım. Missis Herhardt gülümsədi, Cenni isə ucadan qəhqəhə çəkdi.

– Veronika necədir? – deyə o soruşdu.

– Deyəsən, yatır. Saat beşdə mən ona bir də dərman verdim, – deyə ata söhbətə qarışdı. Ana yoxsul şam yeməyi hazırladı, xəstə qızın yatağı önündə oturaraq həmişəki kimi bütün gecəni onun yanında oyaq keçirməyə hazırlaşdı.

Şam yeyiləndə Sebastyan səmərəli bir təklif irəli sürdü, hamı bu təklifə diqqətlə qulaq asdı, çünki o, işgüzar adamdı, bütün yaşayış məsələlərində başqalarından daha təcrübəli idi. Sebastyan vaqonqayırma emalatxanasında usta şagirdi vəzifəsində işləyirdi və heç bir təhsil almamışdı. Ona yalnız qətiyyən xoşlamadığı Lüter dininin ehkamlarını öyrətmişdilər, lakin o, sırf Amerika enerjisi və coşqunluğu ilə dolu idi. Ucaboylu, pəhləvan bədənli, yaşına görə çox möhkəm olan Sebastyan tipik şəhər uşağı idi. Artıq onun özünəməxsus həyat fəlsəfəsi yaranmışdı: müvəffəqiyyət qazanmaq istəyirsənsə, fürsəti əldən vermə. Bunun üçün isə bu dünyada, xarici görünüş və zahiri bəzək hər şeydən üstün olan bu dünyada, görkəmli yer tutanlara yaxınlaşmaq, yaxud heç olmazsa, özünü onlara yaxın göstərmək lazımdır.

Məhz, buna görə Bass "Kolumbus-Xauz"un yanında avara-avara dolaşmağı xoşlayırdı. Ona elə gəlirdi ki, bu otel dünyanın bütün güclü, nüfuzlu adamlarının toplandığı yerdir. Abırlı bir kostyum almaq üçün pul yığandan sonra o, axşamlar şəhərin mərkəzinə getməyə başlayır, dostları ilə otelin qarşısında saatlarla boş-bekar dururdu. Dabanlarını şaqqıldadır, ikisi beş sentə olan siqar çəkir, özünü varlı, müstəqil adam kimi göstərərək qızlara baxırdı. Burada başqa gənclər də, otelə üzlərini qırxdırmağa, yaxud bir stəkan viski içməyə gələn şəhər ədabazları və avaraları da olurdu. Bass bu oğlanlara heyrət edir, özünü onlara oxşatmağa çalışırdı. Burada adamları, hər şeydən əvvəl, paltarlarına görə qiymətləndirirdilər. Madam ki, adamlar yaxşı geyinmişlər, üzük və sancaq taxmışlar, nə edirlərsə etsinlər, hamısı yaxşıdır. Bass onlara oxşamaq, onlar kimi hərəkət etmək istəyir, boş və mənasız vaxt keçirmə sahəsində onun təcrübəsi sürətlə artırdı.

O, Cenninin bugünkü əhvalatlar haqqında danışdıqlarını dinlədikdən sonra qıza dedi:

– Sən niyə oteldə qalanların paltarlarını yumağa götürməyəsən? Bu, pilləkən yumaqdan çox yaxşıdır.

– Bunu necə etmək olar? – deyə Cenni soruşdu.

– Kontor xidmətçisinə müraciət et.

Bu məsləhət Cenniyə çox ağıllı göründü.

Onlar tək qaldıqları zaman Bass Cenniyə xəbərdarlıq etdi:

– Otelin yanında mənə rast gəlsən, mənimlə danışma. Özünü elə göstərmə ki, məni tanıyırsan.

– Nə üçün? – deyə qız sadəlövhlüklə soruşdu.

– Sən çox gözəl bilirsən, nə üçün, – deyə qardaşı cavab verdi, o artıq bir neçə dəfə demişdi ki, onların hamısının miskin görkəmləri vardır, belə qohumların üzündən adam biabır olar. – Bir-birimizə rast gəlsək, yanımdan öt, vəssalam. Eşitdin?

– Yaxşı, – deyə Cenni çəkinə-çəkinə cavab verdi. Qardaşı ondan bircə yaş böyük idi, buna baxmayaraq, Cenni həmişə ona tabe olurdu.

Ertəsi günü otelə gedərkən o, qardaşının məsləhətini anasına söylədi.

– Bass deyir ki, biz oteldə yaşayanların paltarlarını götürüb yuya bilərik.

Oteldəki iş üçün həftədə alacağı üç dollardan əlavə bir şey qazanmaq barədə bütün gecəni əzabla düşünmüş missis Herhardt, Bassın fikrini bəyəndi.

– Yaxşı məsləhətdir, mən kontor xidmətçisindən soruşaram.

Lakin onlar otelə gəldikdən sonra bunu etmək üçün uzun müddət əlverişli təsadüf tapmadılar. Yalnız axşamüstü tale onlara gülümsədi: baş qulluqçu onlara kontor xidmətçisinin əyləşdiyi yerin qabağını yumağı tapşırdı. Bu böyük vəzifəli şəxs onlara açıqcasına xeyirxahlıq göstərirdi. Xoştəbiətli, qayğılı ana və qəşəng qız onun xoşuna gəlmişdi. Missis Herhardt bütün günü başından çıxmayan sualı ona verməyə cəsarət etdikdə, o, iltifatla dilləndi.

– Bəlkə burada qalanlardan birisi paltarlarını mənə yudurtmağa razı olar? Mən çox minnətdar olardım…

Kontor xidmətçisi ona baxdı və bu kədərli simadakı ağır ehtiyac izlərini yenidən gördü. O:

– Baxarıq, – dedi və dərhal senator Brenderi və general Qopkinski düşündü. İkisi də rəhmdildir və zavallı qadına məmnuniyyətlə yardım edərlər. – Yuxarıya, senator Brenderin yanına qalxın. İyirmi ikinci nömrəyə. – O, nömrəni kağıza yazıb: – Alın, – dedi, – gedin və deyin ki, sizi mən göndərmişəm.

Missis Herhardt titrəyən əli ilə kağızı aldı. Onun gözləri sözlə ifadə edə bilmədiyi minnətdarlıqla dolu idi…

Onun həyəcanlandığını görən kontor xidmətçisi: – Eybi yoxdur, eybi yoxdur, – dedi, – elə bu saat gedin. O indi öz otağındadır.

Missis Herhardt iyirmi ikinci nömrənin qapısını ehtiyat və ehtiramla döydü. Cenni səsini çıxarmadan onun yanında durmuşdu.

Bir dəqiqə sonra qapı açıldı, gur işıqlı otağın qapısı ağzında senator göründü. O, zərif smokinq geyinmişdi, ana ilə qızın ilk dəfə gördüklərindən cavan nəzərə çarpırdı.

Senator dərhal onların hər ikisini tanıyaraq missis Herhardtdan soruşdu:

– Mənə dair qulluğunuz, xanım?

Özünü tamamilə itirmiş ana dərhal cavab verə bilmədi.

– Biz soruşmaq istəyirdik ki… bəlkə siz paltar yudurtmaq istəyirsiniz? O, heyrət oyadan gur səslə:

– Paltar yudurtmaq? – deyə soruşdu. – Paltar yudurtmaq? Buyurun içəri. Bu saat baxarıq. O, nəzakətlə kənara çəkilib onları içəri buraxdı və qapını bağladı.

– İndi baxarıq, – deyə qoz ağacından iri şifanerkanın yeşiklərini bir-bir çəkərək təkrar etdi.

Cenni maraqla otağı nəzərdən keçirirdi. O hələ heç bir zaman burada – buxarının və tualet stolunun üstündə olduğu qədər bəzək-düzək və gözəl şeylər görməmişdi. Yumşaq kreslo, onun yanında yaşıl abajurlu lampa, döşəmədə qalın, yumşaq xalça, ora-bura atılmış bir neçə kiçik xalça – hər şey çox bahalı və zəngin idi!

Senator qonşu otağa keçərkən mehribanlıqla:

– Buyurun əyləşin, burada əyləşin – deyə stulları göstərdi.

Ürkək ehtirama qapılmış ana və qız ədəb xatirinə hələ də ayaq üstündə durmuşdular. Lakin senator axtarışı qurtardıqdan sonra onları bir daha əyləşməyə dəvət etdi. Onlar utana-utana və yöndəmsiz halda oturdular.

– Bu sizin qızınızdır? – deyə senator Cenniyə baxıb gülümsəyərək missis Herhardtdan soruşdu.

– Bəli, ser – deyə ana cavab verdi. – Bu mənim böyük qızımdır. Senator dalbadal sual verirdi:

– Əriniz sağdır? Familiyanız nədir? Harada yaşayırsınız?

Missis Herhardt bütün suallara itaətlə cavab verir, senator isə sorğu-sualı davam etdirirdi:

– Neçə uşağınız var?

– Altı.

– Söz yox, böyük ailədir. Siz, şübhəsiz, ölkə qarşısında borcunuzu yerinə yetirmişsiniz.

– Bəli, ser – deyə onun diqqətindən mütəəssir olmuş missis Herhardt cavab verdi.

– Siz deyirsiniz ki, bu sizin böyük qızınızdır?

– Bəli, ser!

– Bəs əriniz nə ilə məşğul olur?

– O, şüşəüfürəndir. Ancaq indi xəstədir.

Onlar söhbət edir, Cenni isə dinləyirdi. Onun iri mavi gözləri heyrət və maraqla baxırdı. Hər dəfə senator ona baxdıqda elə sadəlövh, məsum baxışlarla, elə gözəl təbəssümlə qarşılaşırdı ki, gözlərini ondan çəkməyə çətinlik çəkirdi.

O, rəğbət hissi ilə:

– Bəli, bunlar hamısı çox ağırdır, – dedi. – Burada mənim bir az palarım yığılıb qalıb, siz onları, lütfən, yuyun. Gələn həftə, yəqin, yenə olacaqdır.

O, paltarları üstünə naxış vurulmuş kiçik, göy kisənin içinə qoydu.

– Nə vaxt gətirək? – deyə missis Herhardt soruşdu. O, dalğıncasına cavab verdi:

– Fərqi yoxdur. Gələn həftənin hansı günündə istəsəniz, gətirə bilərsiniz. Ana təvazökarlıqla təşəkkür etdi və onlar çıxmağa hazırlaşdılar.

– Gəlin belə edək. Bazar ertəsi gətirin, – deyə senator qabağa keçərək qapını açdı. Missis Herhardt:

– Baş üstə, ser, – dedi, – sağ olun.

Onlar getdilər, senator isə yenidən mütaliəyə başladı, lakin nədənsə qəribə bir fikir dalğınlığı ona hakim kəsildi.

O, kitabı örtərək:

– Kədərli haldır, – dedi. – Bu adamlarda nə isə çox mütəəssiredici bir şey vardır. Cenninin maraq və heyrət ifadə edən obrazı otaqda dolaşırdı.

Missis Herhardt isə öz qızı ilə yenə qaranlıq küçələrlə evə qayıdırdı. Gözlənilməz müvəffəqiyyət onları dirçəltmişdi.

– Onun otağı necə gözəldir! Düz demirəm? – deyə Cenni pıçıltı ilə soruşdu.

– Bəli, – deyə ana cavab verdi. – O, çox yaxşı adamdır. Qız davam etdi:

– O senatordur, eləmi?

– Bəli.

Qız yavaşcadan:

– Adlı-sanlı olmaq, yəqin, yaxşı şeydir, – dedi.

€1,98
Altersbeschränkung:
16+
Veröffentlichungsdatum auf Litres:
29 Oktober 2022
ISBN:
978-9952-8245-4-4
Rechteinhaber:
JekaPrint

Mit diesem Buch lesen Leute