Buch lesen: «Dalanda»
Alim-sosioloq dostum Tacid Xasiyevin unudulmaz xatirəsinə ithaf edirəm.
Sabir Azəri
Ortaboylu, arıq, çox fikirli görünən bir kişi, əlində köhnə, iri, qara portfel dəniz kənarında o başa-bu başa gəzişirdi. Axırda boş-boşuna veyillənməkdən, bir də onun kimi sahildə hey vurnuxan, çığırışan qağayıların səsindən bezib, evə getməyi qərara aldı. Üstəlik də hava qaralmışdı, sahildəki işıqlar xeyli vaxtdı ki, yanmışdı; sarımtıl işıqda sahildə gəzişən adamların üzləri də sapsarı, ölü rənginə çalırdı və bu ölü rəngli sifətlər də onu bir yandan sıxırdı.
Onu ən çox yorub əldən salan isə eyni bir sualı beynində günortadan bəri dolandırması idi. Lap bezmişdi bu sualın əlindən: «Kimi aldadırıq? Yəni anlamırıq ki, yalnız özümüzü aldadırıq? Axı, niyə aldadırıq? Nəyin naminə aldadırıq?..»
O, xiyabanları, sonra maşınların sel kimi axdığı Neftçilər prospektini keçdi. Qız qalasının yanından ötəndə ayaq saxladı. Adəti idi, hər burdan ötəndə dayanıb Qız qalasına tamaşa edər və hər dəfə də ürəyindən keçərdi ki, bu qalanı tikənlər heç yaxşı iş görməyiblər, çünki onu görəndə adamın ürəyini qüssə bürüyür, dərhal yadına gözəl, amma taleyi çox uğursuz bir qız düşür. Ona elə gəlirdi ki, o qız dayanıb qalanın lap zirvəsində, indicə özünü atacaq aşağı və dəyəcək asfalta; nədən ki, indi dəniz qaladan xeyli aralı idi.... Bu anlarda qışqırmaq, hamını köməyə çağırmaq istəyirdi. Nədənsə səsi batırdı. Qışqırmaq nədir, heç pıçıldaya da bilmirdi, eləcə yazıq-yazıq, altdan-yuxarı, sonra da ətrafına boylanır və çox vaxt da ətrafında deyib-gülən, harasa tələsən adamlar görürdü. İstəyirdi bu deyib-gülən, harasa tələsən adamları saxlasın, qalanın başındakı o gözəl, o dümağ paltarlı (niyəsə həmin qızı yalnız ağ paltarda, buludların arasında süzən göyərçin kimi, qanadları gərili təsəvvür edirdi) qızı göstərsin və yalvarsın ki, bir dayanın, bir ora baxın…
Bu gün də belə oldu və yenə fikirləşdi ki, yox, Qız qalasını tikənlər yaxşı iş görməyiblər. Gərək adamı bədbinləşdirən, əl-qolunu bağlayan, ümidini üzən abidələr qoyulmasın. Axı, kimə, nəyə lazımdır belə abidələr? Məyər insanların bu dünyada dərdi azdı, hələ üstəlik yadlarına da dərdli əhvalatlar salırıq?!
Bax, bu yerdə, düşüncələrinin bu məqamında, yəni həmin o «Niyə? Kimə?…» suallarından sonra halı daha da xarablaşır, təzədən əsəbiləşir və titrəməyə düşürdü. Çünki yenə səhərdən onu üzən sualı təkrar etməli olurdu: «Kimi aldadırıq? Axı, niyə aldadırıq? Nəyin naminə aldadırıq?»
O, hər bu sualdan sonra yerişini bərkidirdi…
Yenə elə oldu. İçərişəhərin ensiz küçələri ilə yeyin-yeyin, az qala qaça-qaça getdi. Öz dalanlarına təzəcə çatmışdı ki, fışıltı qopdu. Bircə onu gördü ki, dalandan tünd qırmızı rəngli «Jiquli» çıxıb düz üstünə şığıyır…
Qırmızı «Jiquli»dəki adamlar – cavan oğlan və qız donub qalmışdı, maşından düşə bilmirdilər.
Qızın alnı qabaq şüşəyə dəyib qanamışdı, şüşə də ortadan çatlamışdı. Qız alnının isindiyini hiss etdi, əlini alnına aparanda və barmaqlarını qıpqırmızı görəndə qışqırdı, oğlan bu qışqırıqdan özünə gəldi, dəsmalını çıxarıb tələsik qızın alnının qanını sildi və səsi titrəyə-titrəyə dedi:
– Qorxma, bekar şeydir.
Qız doğrudan da sakitləşdi. Lakin bu, bir an çəkdi, sonra təzədən uçunmağa başladı.
– Görən öldümü?– Oğlan çiynini oynatdı.– Diri olsaydı qalxardı, heç qımıldanmır da.
– Bə indi neyləyək? Bəlkə aradan çıxaq?– İndi də qız çiynini oynatdı. Yanaqlarından süzülüb ağzına dolan göz yaşlarını dili ilə yalayıb dedi:– Ələ keçsək xaric məsələn batdı, bütün arzularımızın üstündən qara bir xətt çəkildi.
Oğlan maşını işə salanda bir qadın peyda oldu. Qadın yerdə uzanmış adamı və onun başının yanında göllənmiş qanı görüb, dalı-dalı çəkildi və çığırdı:
– Ay haraaay, bizim Qafarı öldürüblər!
Qadın əlinin işarəsiylə «Jiquli»dəki oğlanı başa saldı ki, maşını dala çək, oğlan həyəcandan açarı yerə salmışdı, əvvəlcə onu çətinliklə tapdı, sonra zor-bəla maşını geri verdi. Gözləri necə torlanmışdısa da gündə azı on kərə girib-çıxdığı dalan ona çox ensiz göründü…
* * *
…Qafar Vəlizadə o biri otaqdakı danışıqları zorla eşidirdi. Danışan yoğun səsli kişi idi. Dayan, dayan, tanıdı, qonşuları akademik Mürşüdov idi. «Bacı, bir xatadı, olub – deyirdi.– Sırf təsadüfdü, vallah, gərək bağışlayasınız. Marks deyib ki, həyat təsadüflərlə doludur. Bu da sırf təsadüfdür. İş adam başına gələr. Şükür allaha, arada ölüm-itim yoxdur. Gərək hər şeyi bağışlayasız qonşuluğa. Nahaq deməyiblər ki, ən yaxın qohum sənin qonşundur».
Fəridə ağlayırdı. Bir ara ortaya sükut çökdü. Sonra təzədən akademik Mürşüdovun səsi gəldi: «Sizdən bir balaca xahişim var. Hələlik heç yana xəbər verməyin. Həkim üçün də narahat olmayın, çağırmışam. Bakının ən məşhur professorudur, neyroxirurqdur, əlləri qızıldır, ərinizi beş-on günə qaldırıb qoyacaq ayaq üstə. Onu bəyənməsəniz başqasını gətirərəm. Bilirsiz də mən akademikəm, maşallah, tanışlar istənilən qədərdir. İnanın, tezliklə hər şey yaxşı olacaq…»
Fəridə ona küt-küt baxırdı, elə bil kişinin danışdıqlarını ya başa düşmür, ya da heç eşitmirdi. Akademik Mürşüdov ürəklənib əlini cibinə saldı, bir qalaq pul çıxarıb qımışa-qımışa ona uzatdı: Fəridə yuxudan ayılan kimi oldu və bağırdı:
– Çıxın gedin! Tez olun, əkilin, gözüm görməsin sizi!
Akademik Mürşüdovun əli uzanıqlı qalmışdı. Fəridə bir də qışqırdı:
– Gedin, deyirəm sizə! Çıxın gedin!
Bu vaxt dalanda «QAZ-24» göründü. Ortayaşlı, qıvraq bir kişi, əlində diplomat maşından düşüb həyətə girdi, tələsə-tələsə yuxarı qalxdı.
Mürşüdov pulu cibinə qoyub dedi:
– İndicə haqqında danışdığım professor budur. Cərrahiyyədə tayı-bərabəri yoxdur.
Fəridə ara qapının ağzını kəsdi.
– Sizin həkiminiz mənə lazım deyil, özüm çağırtdırmışam.
– Çağırtdırmısınız?– ikisi də birdən soruşdu.
– Hə.
– Haçan!? Kimi?..– professor nigarançılıqla Mürşüdova baxdı, Mürşüdov özünü tez ələ aldı, hətta gülümsədi də.
– Bacı, neylək,– dedi,– çağırtdırmısınız lap əcəb eləmisiniz. İcazə verin, hələlik professor baxsın. Elə bilin o qardaşınızdır.
– Xəstə yanına gəlib ona ilk yardım göstərmək hətta düşmənin də borcudur, o handa qala sovet həkimi ola.– Professor sumkasını açdı.
Fəridə ara qapını aralayıb, ərinə tamaşa edəndə gördü ki, Qafarın sağ qolu çarpayıdan yerə sallanır, elə bildi ki, ölüb, qışqırıb özünü onun üstünə saldı.
Onlar yenə nigarançılıqla baxışdılar. Professor pıçıltıyla dedi ki, «təcili yardım»ı içəri buraxmaq olmaz, sən yeri, dalanı kəs.
Akademik Mürşüdov bayıra çıxdı.
Professor Mürşüdov Qafarın biləyini Fəridənin əlindən zorla aldı və nəbzini yoxladı. Sevinmiş dedi:
– Bacı, qorxmayın, nəbzi vurur. Qaydasınca vurur.
– Nəbzi vurur? Doğru sözündür?– Fəridə az qala professoru qucaqlayacaqdı. Əyilib qulağını ərinin sinəsinə söykədi, ürək döyüntüsünü eşitmədi. Hönkürdü.–Yalan deyirsən! Məni aldadırsan, kişi keçinib.
– Vallah, yalan demirəm, bacı, bir əlini bəri ver– Professor Mürşüdov Fəridənin barmaqlarını aparıb Qafarın nəbzinin üstünə qoydu.– Hiss edirsən?
– Yox, heç nə hiss etmirəm.
– Çünki həddindən artıq həyəcanlısan, öz ürəyin bərk vurur. Əllərin əsir. Sakit ol. Bir az da. Baax belə… İndi hiss edirsən?
Fəridə üzüntülü səslə pıçıldadı ki, hə, zorla hiss edirəm.
– Di kənara çəkil.
Professor bir azca pambığa naşatır spirti damızdırıb Qafarın burnuna yapışdırdı. Qafar yavaş-yavaş üz-gözünü turşutdu, sonra asqırdı və gözlərini açdı.
Fəridə ərinə sarmaşdı. Qafar zorla gülümsündü, daha doğrusu onun gözlərində təbəssümə oxşar işartı yarandı, amma sifəti hələ də ağrılı, əzablı idi. Fəridə göz yaşlarını silib dedi:
– Sənə baxmağa professor gəlib. Şəhərdə ən yaxşı cərrahdır, beş-on günə sapsağ eliyəcək.
Professor Mürşüdov o biri otaqda iynə qaynadır, dərman hazırlayırdı. Su qaynağa düşəndə iynəni çıxartdı və yenə Qafarın yanına qayıtdı.
– Bu iynədən sonra özünü lap yaxşı hiss edəcəksən. Sən kənara çəkil, bacı.
Fəridə azca aralandı, hətta iynənin venaya sancıldığını görəndə yönünü divara çevirdi.
– Həə, indi rahatca yatacaqsan.– Fəridə bu yana çevrilib ərinə baxdı. Qafarın sifətindəki qırışlar azalmışdı, gözlərini onlara zilləmişdi. Fəridə ərinin baxışındakı nigarançılığa dözə bilməyib yazıq-yazıq soruşdu:
– Necəsən? Ağrın azalırmı, Qafar!
Qafar dinmədi, eləcə kirpiklərini çaldı.
Professor Mürşüdov yorğanı Qafarın sinəsinə doğru çəkdi.
– Hələlik onu çox danışdırmaq olmaz, qoyun dincəlsin. Öyüməsi, yəni ürəkbulanması olubmu?
– Olub. Təzə-təzə çox öyüyürdü.
Aydındır…
Professor Mürşüdov həyətə düşəndə böyük qardaşı tez soruşdu:
– Vəziyyəti necədir?
– Ayağı sınıb.
– O heç. Ayağı cəhənnəmə sınsın, özgə?
– Beyin silkələnməsi də var.
– Beyin silkələnməsi?.. Güclüdür?
– Əgər arvadının sözünə inansaq, çox da güclü deyil.
– Birdən beyninə qansızma olar?
– Nə deyim, qardaş, o da mümkündür.
– Durduğumuz yerdə əcəb işə düşdük!
– Təcili yardım gəlmədi?
– Gəlmişdi, qaytardım. Dedim ki, özümüz apardıq xəstəxanaya… Məsələnin üstü açılsa uşağın xaric söhbəti batdı Şamaxı batan kimi.
Professor Mürşüdov qardaşına qüssəli-qüssəli, bir az da incik baxdı, köksünü ötürüb maşından xeyli buz, pambıq, tənzif götürüb evə qayıtdı. O, buzu Qafarın alnına, başının dörd tərəfinə düzdü və üstündən tənziflə sarıdı.
Fəridə onun bu hərəkətinə göz qoyur və tez-tez də qorxa-qorxa soruşurdu:
– Doktor, siz allah, vəziyyəti ağır deyil ki?
Professor Mürşüdov da hər dəfə özünü zorlayıb gülümsünürdü:
– Qorxulu heç nə yoxdur, – deyirdi, – bu nədir ki, biz o dünyalıq adamları geri qaytarırıq. Bəxtiniz gətirib, kişi yüngül zərbə alıb. Gərək bir qurban kəsəsiniz.
– Təki, Qafar sağalsın, niyə kəsmirəm.
– Əgər doğrudan da istəyirsən ki, ərin tez sağalsın, ilk növbədə ona sakitlik yaratmalısan.
– Baş üstə, doktor.
Professor Mürşüdov əllərini yudu, dava-dərmanının qalanını sumkasına yığıb dedi:
– Uzağı iki saata yenə gələcəm. Başqa həkim-zad yaxına buraxmayın. İncimə, naşı adam əlinə düşər, kişini…– Sözünün dalını gətirməsə də Fəridəyə necə baxdısa onun rəngi ağardı.
– Bəs «Təcili yardım» gələndə?
–Gəlmiyəcək.
– Niyə? Axı…
– Gəlibmiş, qar… Akademik Mürşüdov qaytarıb. Yaxşı da eləyib, «Təcili yardım»ın əlindən nə gəlir ki! Bir də görürsən adicə başağrısı dərmanları yoxdur, xəstəni arxayın salmaq üçün qarınağrısı dərmanı verdilər.– Professor Mürşüdov qımışdı, Fəridənin dodağının tərpənmədiyini görəndə qaşqabağını salladı,– Xəstəyə gərək əvvəldən axıracan bir həkim baxsın. Çünki hər həkimin öz müalicə üsulu var. Başqası gələr, qaş qayırdığı yerdə vurub göz çıxardar. Ərini mən özüm sağaldacam. Ayrı dərdləri də varmış, ürəyi zəifmiş, əsəbi də yerində deyilmiş… Hamısına elə əncam çəkəcəm ki, əvvəlkindən də möhkəm olacaq…
– Allah sizdən razı qalsın!
Professor gedəndən sonra Fəridə bərk darıxdı, hətta vahimələndi, ara qapını ehtiyatla açıb ərinə göz qoydu. Qafarın sinəsi asta-asta qalxıb enirdi. Fəridə qapını örtdü. Şüşəbənddə var-gəl etməyə başladı.
Həyətdə, sonra da onların taxta pilləkənlərində taqqıltı eşidildi. Fəridə qapını açanda çaşıb qaldı– cavan bir milis zabiti idi. Milis zabiti də duruxdu.
– Bağışlayın, bura Qafar Vəlizadənin evidir?
– Bəli.– Fəridə udquna-udquna cavab verdi.
– Milis şöbəsinə siz zəng vurmuşdunuz?
– Kiim? Məən?.. Yox, mən heç kəsə zəng çalmamışam.
Milis zabiti duruxdu.
– Bağışlayın, siz Qafar Vəlizadənin nəyisiz?
– Arvadıyam.
– Üzr istəyirəm, sizin ərinizi maşın… vur… mayıb ki?
– Hə, vurub.–Fəridə doluxsundu.– Bizi yazıq günə qoydular, ay qardaş. Bəs siz hardan bildiz?
– Bir qadın telefonla xəbər verdi.
– Həə, yəqin ki, Həmidə xanımmış. Qonşumuz. Onun gözünün qabağında olub hər şey. Bağışlayın, adınızı da bilmirəm.
– Milis leytenantı Davudov.
– Keçin içəri, yoldaş Davudov, keçin…
Müstəntiq Davudov içəri keçən kimi sumkasından bloknot çıxartdı.
– Xəstə hardadır?
Fəridə yan otağa boylandı və pıçıltıyla dedi:
– Yazıq bayaqdan zarıyırdı, təzəcə yuxuya gedib.
– Eybi yoxdur, gözlərəm. Qoy yatsın, hələlik sizinlə söhbət eləyək.
***
Qafar ayılmışdı, ürəyi bərk yanırdı, istəyirdi Fəridəni çağırsın, lakin səsləməyə heyi qalmamışdı. Diliylə dodaqlarını islatdı. Bir müddət təəccüb elədi ki, ona nə olub? Ayağı, başı niyə belə sızıldayır? Sol ayağını heç tərpədə bilmir ki! Baho, boynu da dönmür… Qəribədir, bədəni alışıb yanır, amma qulaqları, alnı, başı, hətta beyninin içi üşüyür. Görəsən niyə?
Birdən hər şey, daha doğrusu dalana girməyi, bir qırmızı «Jiquli»nin onun üstünə şığıması yadına düşdü… Bəs sonra? Yox, sonrasını xatırlamır.. Bəs ondan əvvəl? Hə, hə, yadına düşdü. Lap yaxşı yadına düşdü. Bərk tələsirdi. Niyə? Çünki yaman hirslənmişdi. Niyə? Bu da yadına düşdü…
…Sahə rəisi Yaqub deyəndə ki, hazır ol, sabah komissiya gəlir, Qafar heyrətləndi.
– Nə komissiya?
– Necə yəni nə komissiya!? Sabah dövlət komissiyası bizim tikdiyimiz binanı təhvil alacaq.
– Yaqub, dəli olmusan, nədir, bina hazırdır ki?
Deyəsən Yaqub əvvəlcədən belə cavab gözləyirdi, qapqara qaralsa da, bu bircə an çəkdi, hətta acı-acı qımışdı da.
–Eh, Qafar, Qafar! Ağıllanmadın ki, ağıllanmadın. Bütün dünya ayıldı, amma sən hələ də qəflət yuxusunda şirin-şirin yatırsan. Lap ayı kimi qış yuxusundasan.
– Sizin vicdanınız var? Ə, de görüm bircə qram… heç o kökdə binanı da təhvil verərlər?
Yaqub hirslənmək əvəzinə irişdi. Bu da Qafarı təbdən tamam çıxartdı.
– Yox, mən bir iş icraçısı kimi razı deyiləm. Bina hələ yarımçıqdır. Bu vəziyyətdə təhvil vermək…
– Noolub, ay prorab?!
Qafar çevriləndə gördü ki, bənna Sadıqdır. Sevindi ki, yaxşı oldu, bəlkə Sadıq kişi Yaqubun başına ağıl qoyar… Əhvalatı hirsli-hirsli ona danışdı. Lakin bənna Sadıq da qəzəblənmək əvəzinə çox sakitcə dedi:
– Bala, sən bu mərdüməzarlıqdan haçan əl çəkəcəksən?
– Nəə? Nə dedin, Sadıq əmi? Mən… – Qafar doluxsunmuşdu, boğulurdu.– Mən kimə mərdüməzarlıq eləmişəm ki?
– Bizə.
– Sizə? A kişi, ağsaqqal adamsan. vic… allahın yoxdur belə danışırsan?
–Bala, binanı tez təhvil vermək nə deməkdir?
– Tez təhvil vermək ayrı şeydir, yarımçıq təhvil vermək…
– Yox, sən mənim sözümün ağzını özgə səmtə, dərə-təpəyə salma, de görüm binanı vaxtından qabaq təhvil verəndə nə olur? Dinmirsən? Qoy mən deyim. O olur ki, birincisi– illərlə ev gözləyənlər sevinirlər. İkincisi– biz də sevinirik, çünki mükafat alırıq.
Qafar da acı-acı gülümsündü.
– Həə, heç yadıma düşmürdü, siz axı mükafat alırsız.
– Təkcə biz yox, hamımız. Sən də. İş içraçısı Qafar Vəlizadə də! Bəlkə yalan danışıram? Bəlkə sən o mükafatı «Uşaq evi»nə verirsən? Ha-ha-ha-ha, ay verdin ha! Özünə çatır ki, başqasına da əl tutasan! Mən bənnayam, bax bu əllərim,– Sadıq kişi bağa çanağına oxşayan yekə, qabar-qabar əllərini ortaya uzatdı. Qafar onun əllərinə çox baxa bilmədi.– Əziyyət çəkib ev tikib, indi də haqqını istəyir.
– Bunu heç kəs danmır, Sadıq əmi, ancaq yarımçığımız çoxdur. Santenika işlərimiz lap yarıtmazdır, kanalizasiyanı abırlı birləşdirməmişik, hətta bir neçə blok səhv quraşdırılıb…
– Bunların mənə dəxli yoxdur. Mən öz işimi vaxtında, həm də keyfiyyətli başa vurmuşam?
– Vurmusan.
– Onda zəhmət çək, mükafatımı ver!
– Bizdə mükafat ayrı-ayrı işlərə görə yox, bütün binaya…
– Çox nahaq! Elə bu cür elədiyinizə görə də biri o birisinin kölgəsində yatır, yaxşıynan pis ayırd olunmur.
– Bu qaydanı mən yaratmamışam.
– Bilmirəm, kim yaradıb, haçan yaradıb, niyə yaradıb, heç bilmək də istəmirəm. Mən bənnayam, qara fəhləyəm, mənimki başımı aşağı salıb namusnan-qeyrətnən işləməkdi. Qandın? Evdə bir çətən külfətim var, hamısı da gözünü o mükafata dikib, verməsən yoxsa bax, bu əlləri sənin gözlərinə soxaram. Qandın?
Sadıq kişi kor-kobud əllərini onun gözlərinin qabağında oynatdı, o əllərin soyuq yeli Qafarın yanaqlarını üşütdü və qoca bənna uzaqlaşandan xeyli sonra da dalınca baxa-baxa qaldı.
Yaqub qəhqəhə çəkdi.
– Nooldu, iş icraçısı? Qazın yatdı? Buna da fəhlə deyərlər, adamın ciyərini çıxarıb şişə çəkər və özünə yedirər!
– Qoy çəksinlər. Qoy birdəfəlik fəhlələr bizim ciyərlərimizi çıxartsınlar, bəlkə camaatın canı qurtara əlimizdən.
– Di, ağlını başına yığ! Sabah…
– Hə, düz deyirsən, qoy qalsın, sabaha. Sabah komissiyanın qabağında hər şeyi ayırd edərik.
***
Heç yarım saat keçməmiş Qafarı tikinti idarəsinin rəisi yanına çağırdı. Qafar kabinetə girəndə rəisin sifəti əyildi, pəncəsini stola dayayıb, yavaş-yavaş kreslodan aralandı– elə bil üstünə çox qorxunc, yırtıcı bir heyvan yeriyirdi və rəis də özünü müdafiəyə hazırlayırdı. Qafar qapının ağzındaca dayandı. Rəis qışqırdı:
– Sən nə kəndir olub keçmisdin boğazımıza? Çöldə qalmışdın, pislik elədik, çörək verdik? Qudurmusan? İstəyirsən qovum?.. Başa düşürsənmi ki, səni qovmaq məndən ötrü su içməkdən də asandır!– Rəisin qabağında armudu stəkanda çay vardı. Çay çoxdan soyumuşdu. O, stəkanı götürüb bircə qurtuma başına çəkdi.– Bax beləcə asandı. Qandın?
– Yoldaş İslamov, axı…
– Yoldaş İslamov da ölsün, sən də, səni bizə calayan da!
– Axı, bina tam hazır…
– Nəyi hazır deyil? Divarı var? Var! Tavanı, döşəməsi qapısı, pəncərəsi var? Var! Daha camaata nə lazımdır?
– İçərisi… İçərisi tam hazır deyil, camaat köçən kimi təmirə başlamalı…
– Lap yaxşı! Çox əcəb! Qoy başlasınlar. Bundan ötrü də dövlət xüsusi təşkilatlar– mənzil istismar kontoru, məişət xidməti idarəsi yaradıb, ətək-ətək pul ayırıb. Onlar da bir iş görməlidirlər, ya yox? Onların da planları var, bu planı yerinə yetirməlidirlər, ya yox?
– Bu… Bu… dövlətin pulunu havaya sovurmaqdır.
İslamov dərindən nəfəs alıb oturdu. İndi o da Qafar kimi, hətta ondan da betər yorğun görünürdü. Əli ilə sinəsini ovxaladı. Deyəsən, ürəyi sancırdı. Stolun siyirtməsindən nəsə bir dərman çıxardıb ağzına atdı, armudu stəkana baxdı– orda damcı da qalmamışdı. Zəngi basdı, katibə gəldi, stəkanı boş görəndə heç nə demədən götürüb apardı, bir an sonra çayla dolu qaytardı. İslamov dərmanı dilinin altında saxlayırmış, indi uddu. Yenə iki-üç dəfə dərindən nəfəs saldı, Qafara hüznlü nəzər saldı. Qafar bu nəzərin ağırlığına dözə bilməyib, başını aşağı dikdi.
– Bala, məni başqa idarələr, kimin orda nə işlə məşğul olması, harda nə xərcləməsi, necə xərcləməsi yox, öz idarəm, bu idarənin planı maraqlandırır. Qandın?
– Bunu qandım, amma…
– Bala, nə qanmısansa mənim bəsimdir, o ammanı saxla özünçün. Di yeri, get, ağlını yığ başına! Sizin obyektlə əlaqədar məni nazir çağırır, boş söhbətlərə vaxtım yoxdur…
Qafar ordan çıxanda bir müddət, burulğana düşmüş çöp təki, həyətdə vurnuxdu. Kimsə ondan nəsə soruşdu. Qafar o adamın sualını gec başa düşdü, başa düşəndə gördü ki, o adam yanında yoxdur.
Qafar harasa gedirdi. Hara?
Bunu xeyli sonra– üçmərtəbəli, dümağ binaya çatanda anladı. Başını qaldırıb gördü ki, Rayon Partiya Komitəsinə gəlib. Əvvəlcə çaşıb qaldı ki, bura niyə, kimin yanına gəlib? Sonra yadına düşdü ki, birinci katibin, orta məktəb dostu Fərəc Muradovun yanına gəlib.
Qəbul otağında heç kəs yox idi. Katibə də yox idi. Qafar katibin qapısını ehtiyatla, sıxıla-sıxıla açanda gördü ki, Fərəc Muradov içəridədir, oturub stolun arxasında, nəsə yazır.
Qafar bu kabinetdə olmuşdu. İlk dəfə buraya ayaq basanda olduğu kimi, yenə ürəyindən keçdi ki, bax tikəndə də belə geniş, hündür, işıqlı, gözoxşayan naxışlarla bəzənmiş otaqlar tikəsən. Bu cür otaqlarda adamın könlü açılır, deyib-gülmək, yazıb-yaratmaq istəyirsən…
Fərəc Muradov hənirti hiss edib, başını qaldırdı və eynəyini çıxarmalı oldu.
– Qafar?!. Sənsən? Çoxdan burdasan?
– Yox, elə bu dəqiqə girmişəm.
– Gəl bəri, gəl!– Qalxıb Qafarla qucaqlaşdı.
– Bağışla, deyəsən, işdən ayırdım.
– Eybi yoxdur, iş qurtaran ha deyil. Çay gətirdim, içək.
– Sağ ol, istəmirəm.
– Mənə görə qulluğun?
Qafar əhvalatı danışdı. Danışdıqca da hirslənir, səsi titrəyirdi. Fərəc Muradov indi ona yox, qarşısındakı kağıza baxırdı. Daha doğrusu, əlləriylə üzünü tutub, başını aşağı dikmişdi, gözləri görünmürdü.
Qafar son sözlərini üç dəfə təkrar etdi:
– Fərəc, qardaş, biz bu saxta qabaqcıllıqla nə qazanırıq? Kimi aldadırıq? Niyə, nəyin naminə aldadırıq? Səninləyəm, Fərəc.
Fərəc Muradov əlini üzündən götürdü və sakitcə dedi:
– Özümüzü aldadırıq. Yalnız özümüzü!
– Öz-özünü aldatmaq adamı uçuruma aparar, Fərəc.
– Elədir.
– Onda çağır, bunu bizim idarənin rəhbərlərinə də başa sal.
Fərəc Muradov bir siqaret yandırdı. Siqaretin qutusu stolun siyirtməsindəydi, Qafar onu görmədi və bilmədi ki, nə siqaretdir belə. Amma tütünün ətri xoşuna gəldi. Qafar on beş yaşından otuz səkkiz yaşınadək çəkmişdi. Çox zaman da «Avrora». Sonra tərgitmişdi. Həkimlər demişdilər ki, papirosu atmasan ürəyini tamam üzəcəksən. O vaxtdan yanında papiros, xüsusən «Avrora» tüstülənəndə ürəyi bulanırdı. İndi isə Fərəcin siqaretinin ətrindən xoşu gəldi.
Fərəc Muradov isə siqaretə sonralar öyrəşmişdi. Həm də çox bərk çəkirdi, tüstünün az qala hamısını sorub qaytarırdı sinəsinə.
İndi də siqaretin axırına çıxıb gülümsündü.
–Heç dəyişməmisən. Kənddə necəydinsə eləcə də qalıbsan. Xasiyyətini deyirəm, zahirən çox dəyişibsən, saçı-saqqalı çalladıbsan.
– Elə sən də ağardıbsan, başında qara tük qalmayıb.
– Doğrudan?– Fərəc Muradov əlini başına çəkdi, sonra ovcunu güzgü kimi gözünün qabağına tutdu.– Hanı, heç ağ tük görmürəm.
İkisi də ürəkdən güldü.
– Uşaqlar necədir?– Fərəc Muradov soruşdu.– Böyüyüblər?
– Hə, böyüyüblər. Mahmud xalq təsərrüfatının son kursunda Oxuyur.
– Yox, əşi? Afərin!
– Çimnaz da orta məktəbi keçən il qurtarıb, tibb institutuna girmək istəyirdi, balı çatmadı.
– «Niyyətin hara– mənzilin də ora!» deyiblər. Yəqin ki, inşallah əvvəl-axır daxil olar.
– Görək də. Bu il ingilis dili fakültəsinə hazırlaşır. Həkimlikdən ürəyi döndü.
– Evindən razısan?
– Razıyam, çox sağ ol.
– Gərək ki, sənə üç otaq verdik?
– Hə, üç otaqdır. Şüşəbəndi də var, həm də ki, şəhərin mərkəzində.
– Səhv eləmirəmsə köhnə binalardandır?
– Hə, köhnə binalardandır.
– Köhnə binaların əvəzi yoxdur: hündür, geniş…
Telefonlardan biri zəng çaldı, Fərəc Muradov dəstəyi götürdü:
– On dəqiqədən sonra gələ bilərsən.– Fərəc Muradov bu sözü deyəndə Qafara baxdı. Qafar sıxıldı və tez ayağa qalxdı…
***
Qafar yüngülləşmişdi, hətta fitlə mahnı çalırdı. Poeziya Qafarın yaralı yeri idi, çox istəyirdi, lakin şeirlər yadında qalmırdı. Mahnıların sözləri də yadında qalmırdı, havaları isə unutmurdu. Kefinin kök vaxtlarında ürəyinə yatan havaları fitlə çalırdı. Özü də fit çalmaqda usta idi.
Tikinti sahəsinə çatanda katiblə söhbətini Yaquba danışdı. Yaqub heç nə demədi, harasa getdi, on-on beş dəqiqədən sonra qayıdıb gəldi və səbəbsiz-filansız başladı gülməyə. Güldü. Güldü… Və yenə Qafara heç nə demədən qeyb oldu.
Qafar onun hərəkətinə məəttəl qalmışdı. Bundan heç nə anlamadı. Pərt halda evə yollandı…
Gedə-gedə bugünkü əhvalatları– Yaqubla, bənna Sadıqla, İslamovla, Fərəc Muradovla söhbətlərini bir-bir xatırladı və fikrindən qəribə şey keçdi– görəsən bu axşam Fərəc anasının qəbrini ziyarət edəcəkmi?
***
… Fərəcin anası Bakıda vəfat etmişdi, onu şəhərin kənarındakı köhnə, böyük qəbiristanlıqda basdırmışdılar. Qafar ildə iki dəfə– ölən günü, bir də Novruz axşamı Leyla xanımın qəbrini ziyarət edirdi, çünki Leyla xanım Qafarı çox istəyir, öz oğlundan ayırmazdı. Tələbəlik illərində, əziyyətini çox çəkmişdi.
Bir dəfə, onda qarlı bir qış günü idi, Leyla xanım Qafarın yuxusuna girmişdi. Evdən çıxanda Fəridə təəccübləndi: «Belə vivaxt hara?» Dedi: «Bu gecə Leyla xanım yuxuma girib. Giley-güzar eləyirdi ki, ay etibarsız, heç məni yada salmırsan? Qoca arvadam, bəlkə yerim-yurdum soyuqdur, üşüyürəm burda! Gəlib bir baş çəksənə». Fəridə üz-gözünü turşutdu:
– Özünküləri çağırsın yanına!
Qafar da qaşqabağını salladı:
– Elə danışma, günaha batarsan. Fəridə yenə ağzını açmaq istəyəndə Qafar onu qorxuzdu.– Ölü ki, yuxuna girdi, üstəlik də səni çağırdı, elə o günü gedib Quran oxutmadın, ya da heç heç olmasa, üstündə salavat çevirmədin, axırı pis qurtarar…
– Pis qurtarar?.. Nolar ki?
– O günü… yas yerində bir molla deyirdi ki, onda həmin ölü qəzəblənib, həmin evdən başqa adamı çağırar yanına.
– Doğru sözündü?– Fəridənin rəngi qaçdı.
– Molla elə deyirdi… Yəqin sınanmış şeydir…
Fəridə bir-iki dəfə udqundu.
– Getməyinə sözüm yoxdur, intəhası gündüzü siçan ha yeməmişdi?
– Gündüz başım işə qarışdı. Sabah da vaxtım olmayacaq.
– Özün bil.– Qafar qapını arxasınca örtəndə Fəridə özünü saxlaya bilməyib qaramat atdı:
– Ala ey, ölü xortdayıb sənin qədrini biləcək! Bundansa dirilərə yaltaqlan ki, bir xeyirin çıxsın…
Qafar arvadının sözlərini eşitdi, amma dinmədi, fikirləşdi ki, cavab qaytarmağın mənası da yoxdur, çünki Fəridə ömründə belə incə mətləbləri başa düşməyib, indən belə də başa düşməyəcək…
…Şər qarışmışdı, əgər qəbiristanlıqdakı təkəm-seyrək işıqlar yanmasaydı, qəbirləri bir-birindən seçmək olmazdı. Əslində heç Leyla xanımın qəbrini tapa da bilməzdi.
Hərdən o təkəm-seyrək lampaların işığı azalır, itirdi. Belə məqamlarda Qafar üşənir, dayanıb yan-yörəsinə baxırdı? Ona elə gəlirdi ki, səslər eşidir, sanki kimlərsə pıçıldaşır. Hətta inildəyənlər də vardı. Deyəsən, axı, onu çağırırlar?
İstədi geri qayıtsın. Bu vaxt başının üstündə işıq yandı, diksindi, yuxarı boylananda gördü ki, dibində dayandığı şam ağacından elektrik lampası asılıb, külək oynatdığına görə lampa gah közərir, gah da öləziyirdi. İşıqla bərabər elə bil başdaşları da titrəyirdi. Onu soyuq tər basırdı.
Axır ki, Leyla xanımın qəbrini tapdı və əvvəlcə bərk qorxdu. Elə qorxdu ki, az qaldı qışqırsın. Yox, yanılmamışdı. qəbrin baş tərəfində, qara mərmərdən tökülmüş büstün yanında bir adam vardı. O adam büstün üstündəki qarı təmizləyirdi. Deyəsən o da hənirti hiss edib üşənmişdi, çünki kəskin hərəkətlə geri çevrildi. Bir anlığa bir-birlərinə baxa-baxa qaldılar. Hər ikisinə elə gəlirdi ki, onu qara basır.
İlk dinən Fərəc oldu:
– Qaa…far!
Qafar hay vermək istədi, amma səsi çıxmadı. Yenə Fərəc soruşdu:
– Qafar, sənsən?
Qafar lap arxayın oldu ki, yox, onu qara basmır, bu Fərəcdir.
– Hə, mənəm,– dedi.
– Bu vədə xeyir ola burda?– Qafar yaxınlaşdı– Siqaretin var?
– Sən ki, bilirsən, mən xeyli vaxtdır tərgitmişəm.
– Hə, hə, bilirəm. Elə mən özüm də tərgitmişdim, bu gün bürodan sonra təzədən başladım. Zəhrimar siqaretim yadımdan çıxıb qalıb kabinetdə.
Leyla xanımın qəbrinin yanındakı qəbrə işıq çəkmişdilər, o, lampanın ziyası bura da düşürdü. Onlar bir-birini qüssəli-qüssəli süzdülər. Qafar dərindən ah çəkdi.
– Dünən Leyla xanım yuxuma girmişdi. Sənin də?
– Yox… Bilirsən, katib olandan məndə qəribə vərdiş yaranıb; çox ciddi bir tədbir görəndə, kimisə cəzalandıranda həmin gün mütləq gəlib anamla məsləhətləşirəm, dərdləşirəm. Elə ki, anam mənə haqq qazandırır, sanki üstümdən dağ götürülür, gücüm də birə on qat artır. İkinci qəribəlik, qəribəlik nədir, möcüzə də ondadır ki, həmin gecə anam mütləq yuxuma girir.
– Rəhmətlik Leyla xala xeyirxah, həm də çox ədalətli adam idi.
– Hə, anam həm insaflı idi, həm də ədalətli. Yuxuda da həmişəki sözün təkrar eləyir: «Heç vaxt haqqı qoyub nahaqdan yapışma! Bunun üstündə ziyan çəksən də haqqın tapdanmasına razı olma! Belə eləsən ürəyi rahat yaşayacaqsan. Torpağın altında da rahat olacaqsan»… Anam bu sözləri elə aydın deyir ki, yuxudan ayılandan bir müddət sonra da onun səsini eşidirəm. Qəribədir, qardaş, həmişə deyirlər ki, ölünün səsi adamı qorxuzar, amma mən anamın səsindən heç vaxt qorxmuram, hətta bəzən gündüzlər, işin-gücün arasında da, anamın səsi qulaqlarımda səslənir və belə anlarda özümü yaman gümrah, güclü hiss edirəm…
Qar asta-asta yağsa da Leyla xanımın büstü ağarırdı. Fərəc susub büstün qarını təmizləməyə başladı. Qafar da o biri tərəfdən qarı əlinin içiylə təmizlədi. Leyla xanımın saçlarındakı, üzündəki qarı daha səliqəylə, həm də çox ehtiyatla silirdilər.
Fərəc dayanıb Qafara baxdı. Qafar da ona baxdı və… bir-birinə sarmaşdılar.
Onların ürəkləri dolu idi, amma bir-birini bu cür möhkəm qucaqlamaqlarından hiss edirdilər ki, danışmağa ehtiyac yoxdur, çünki hər ikisi bir-birinin ürəyindən keçənləri nəinki duyurdu, hətta eşdirdi də…
…İndi Qafarı bir sual yorurdu: görəsən, bu gecə Fərəc anasının qəbrini ziyarət edəcəkmi? Görəsən yenə anasıyla məsləhətləşəcəkmi?
Qafar özünü inandırmağa çalışırdı ki, mütləq gedəcək! Yəqin ki, çağırıb İslamovun dərsini verəcək! Deyəcək ki, binanı yarımçıq qəbul elətdirmək böyük günahdır. Yalandan qabaqcıl adı almaq, özümüzü də, dövləti də aldatmaq böyük günahdır!–deyəcək.
Fərəc mütləq belə deyəcək, İslamova isə ağır cəza verəcək ki, başqalarına da dərs olsun!
Fərəc başqa cür hərəkət etməz!
Qafar gözlərini yumdu və ona elə gəldi ki, gecədir, qəbiristanlığa gəlib, Fərəc də burdadır, anasının qəbrini qucaqlayıb nəsə pıçıldayır…
* * *
Mahmud bir dostunun ad günündən qayıdırdı.
Kefi kök idi. Çünki qonaqlıqda gözəl bir qızla tanış olmuşdu, bütün qonaqlıq boyu gözlərini zilləmişdilər bir-birilərinə. İndi də qabağında zərif bir qız gedirdi. Qız ayaqlarını yerə elə asta basır, elə yüngül yeriyirdi ki, elə bil indicə qanadlanıb göyə qalxacaqdı. Onun uzun, yoğun hörükləri vardı, atmışdı kürəyinə. Hörüklər də qızın özü kimi havalı idi. Qarşıdan gələn bütün kişilər, hətta qadınlar da dönüb o qıza, daha doğrusu onun uzun, yoğun hörüklərinə tamaşa edirdi. Yaşlı bir kişi özünü saxlaya bilməyib bərkdən dedi: «Heyif deyil hörük!» Bu arada yanlarından cins şalvarda bir qız gəlib keçirdi, o qız da qocaya tərs-tərs baxıb dodaqlarını büzdü: «Fu, arxaiçeskiy eksponat!»
Mahmud indi də cins şalvarlı qızın arxasınca tamaşa etdi və ürəyində fikirləşdi ki, canı yanmışın əcəb bədən quruluşu var… Tez də, yox,– dedi, ürəyində– bu gün tanış olduğum bunların ikisindən də gözəldir! Zil qara, iri ağıllı gözləri… Bəs təbəssümü? Ələsgər demişkən: «Güləndə qadası canıma düşdü…»
Mahmud onda ayıldı ki, dalanlarına çatıb. Dalanın ağzında süd rəngli «QAZ-24» dayanmışdı. Maşından əvvəlcə bir kişi düşdü, Mahmud onu– öz diplom rəhbəri, iqtisad kafedrasının müdiri professor Qasımzadəni görəndə gözlərinə inanmadı. Bu vaxt maşından ikinci kişi də düşdü və professor Qasımzadə onu Mahmuda təqdim etdi:
– Tanış ol, akademik Mürşüdovdur! Mənim ən yaxın dostumdur.
– Tanıyıram,– dedi,– biz qonşuyuq.
– Qonaq istəmirsən, Mahmud?– Professor Qasımzadə çox ərkyana danışırdı.
– Gözüm üstə yeriniz var. Bu saat…– Mahmud istədi evə qaçsın, ata-anasını xəbərdar etsin ki, görün bizə kimlər gəlir… Professor Qasımzadə onu buraxmadı.
– Hə, heç soruşmursan ki, bir akademiklə bir professor bizə gəlməkdə xeyir ola?
– Qonaqdan belə şey xəbər almazlar.
– Afərin! Zəhmətim sənə halal olsun!– Professor Qasımzadə əlini onun kürəyinə döydü və akademik Mürşüdova sarı çevrildi.– Sizə dedim, axı, mənim tələbəm mərifətli oğlandır.
– Görünür. O saat görünür ki, böyük yolu gözləyəndir. Beləsinə çəkilən zəhmət halaldır.– Akademik Mürşüdov da onun başını sığalladı.