Ağ qəm

Text
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
Schriftart:Kleiner AaGrößer Aa

Ağ qəm

Kəskin tormoz və gaba kişi səsi eşidəndə yuxudan ayılan kimi oldu.

– Korsan nədir?

Ətrafına yığışmış adanılan və “Moskviç”dən çıxıb qəzəb dolu baxışlarla onu süzən yaşlı kişini yalnız indi gördü. Qəbahətini anlayıb utandığından deməyə söz tapmadı, qulaqlarının dibinə kimi qızardı.

– Yazıq fikirli imiş… – Kimsə bu sözləri canıyananlıqla dedi.

– Gözün görmür? – Sürücü heç cür sakitləşə bilmirdi. Amma Talihə daha heç nə eşitmədi. Ağ duman onu başdan-ayağa kimi bürüyüb hara isə apardı.

Ayılanda xəstəxanada idi. Həmin yaşlı sürücü yanındakı stulda oturub nəzərlərini ona zilləmişdi. Talihəyə elə gəldi ki, kimsə başının üstündə dayanıb küt bir alətlə onun beynini döyəcləyir. Ağrı onu halsız etmişdi. O, nə baş verdiyini öyrənmək üçün soruşdu:

– Mənə nə olub?

– Xoşbəxtlikdən yaxşı qurtarmısınız. – Gənc, yaraşıqlı həkim qız ona yaxınlaşdı. – Yüngül beyin silkələnməsini nəzərə almasaq, hər şey qaydasındadır. Bir həftəyə kimi o da keçib gedər.

Həkim sürücüyə nə isə işarə edib otaqdan çıxdı. Him-cimi Talihə hiss etdi və bu, onun qanını qaraltdı. Bu dəfə sürücü mülayim səslə dilləndi:

– Bacı, mən qaçqınam, bir çətən külfətim var, bir il işsiz qalandan sonra təzəlikcə işə düzəlmişdim. Məni işə saldın… Hər nə isə, olan oldu, keçən keçdi. Məni balalarının başına çevir.

Talihə heç nə başa düşməyib soruşdu:

– Məndən nə istəyirsiniz? Nə etməliyəm?

– İndi müstəntiq gələcək, səndən ifadə alacaq. Ona deyərsən ki, keçiddən qırmızı işıqda keçmisən, yaxşımı?

– Yaxşı.

Bu enlisifət, kəntöy adam nədənsə onun əsəblərinə təsir edirdi. İndi o, Talihəyə nə desəydi, edərdi, təki əl çəksin, təki onu danışdırmasın. Söz demək, etiraz etmək, mübahisə açmaq iqtidarında deyildi. Beyni dumanlı, fikirləri qarışıq idi.

– Mümkünsə indi məni sakit buraxın, yorulmuşam. – Bu sözləri güclə eşidiləcək səslə, az qala yalvarışla dedi.

Sürücü otaqdan çıxanda sağ tərəfdəki çarpayıda uzanmış yaşlı qadın mehriban səslə dedi:

– Eh, ay bala, bəxtin olsaydı, səni milyonçu maşını vurardı, bala-bala kasıbçılığını edərdin…

Sonra Talihənin solğun bənizinə baxıb təəssüflə davam etdi:

– İndi səni o qədər sorğu-suala tutacaqlar ki, ağrıların gözünə görsənməyəcək, canın boğazına yığılacaq.

– Nədən bilirsiniz ki?

– Məni də sənin kimi maşın vurub. Bir aydır ki, gəlib-gedənlərin əlində əsir-yesir olmuşam.

Talihə çəkmələrini haçan ayağına keçirdiyini, pencəyini geyinib otaqdan necə çıxdığını, xəstəxananın uzun dəlizindən keçib pilləkənləri necə düşdüyünü bilmədi. Başındakı dəhşətli ağrı indi onu maraqlandırmırdı. Talehin, qizlarının narahat olacaqlarını, fikir çəkəcəklərini düşünəndə qərarsız olurdu. Həm də yaman yorulmuşdu. İstədiyi yalnız sakitlik idi. Bilirdi ki, başını balışa qoyan kimi yuxuya gedəcək. İndi o, heç nəyi yatmaq qədər arzulamırdı. Amma həyatında ilk dəfə idi ki, doğma evi onu çəkmirdi. Ayaqları Talihəni hara isə başqa yerə aparırdı. Bu yerin səmti, istiqaməti ayrı idi.

Beş saatdan artıq idi ki, evdən çıxmışdı. Hara, niyə getdiyinin fərqinə varmırdı, elecə yol ölçür, küçələri dolaşırdı.

Elə hey gedir, gedirdi. Oturacağa rast gələndə bir hovur dincini alır, amma 5-10 dəqiqədən artıq oturmağa hövsələsi çatmır, yenidən qərarsız halda yoluna davam edirdi. Özü də tez-tez, tələsə-tələsə gedirdi. Elə bil haradasa, kimsə onu gözləyirdi. Eyni küçələrdən, eyni səkilərdən kim bilir, neçənci dəfə keçirdi. Elə köməksiz idi ki, özünə yazığı gəldi. “Yəqin ayranı dağılmış qarıya oxşayıram,”– deyə fikirləşdi. Bir tərəfdən qəmli fikirlər, o biri tərəfdənsə aclıq onu haldan salmışdı. Amma cibindəki pula metroya minmək üçün bircə jeton almaq mümkün idi. Ürəyində “Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır,” – deyib ac-acı güldü.

* * *

Son vaxtlar həyat onun üçün işgəncəyə çevrilmişdi. Könlünü şad edən, qəlbini sevindirən, ürəyini xoş hisslərlə dolduran heç nə tapa bilmirdi. Sevinc, fərəh ondan gen düşmüşdü. Hərdən ona elə gəlirdi ki, bu duyğularla yerli-dibli tanışlığı olmayıb. Hə etsə də, özünü nə ilə məşğul etsə də, başını nə ilə qarışdırsa da xeyri yox idi, varlığına çökmüş acı kədər onu tərk etmirdi. O, heç kəslə görüşmək istəmirdi. Xasiyyəti də dəyişmişdi, tez-tez heç nədən özünden çıxırdı, qızları, əri ilə əvvəlki kimi mehriban davrana bilmirdi. Hər şeydən inciyirdi, az qala hər söz, hər hərəkət xətrinə dəyir, onu hövsələdən çıxarırdı.

Saatlarla yataq otağına çəkilib dərin düşüncələrə dalmaq onda adət halı almışdı. Qəfildən başlarının üstünü almış səfalətin (Hə, səfalətin! Onu daha nə cür adlandırmaq olardı?) gətirdiyi ağrı-acılan saf-çürük edir, bu vəziyyətə niyə düşdüklərini özü üçün aydınlaşdırmağa cəhd edir, çıxış yolu axtanrdı. Beləcə, fikirlər labirintində dolaşıb qalırdı. Bütün bu faydasız cəhdlərdən sonra “Ay zamana, zamana, oxun qoydun kamana,”– deyib yenidən bədbinləşir, gözlərindən yaş sel kimi axırdı. Xeyli ağlayandan sonra əli istər-istəməz qələmə uzanırdı. Yazır, yazırdı.

Onun qəhrəmanı özünün prototipi idi. Talihə üçün bu əsəri yazmaq çətin deyildi. Hiss və duyğularını, qəmli düşüncələrini, düşdüyü burulğanları, keçirdiyi əzab və işgəncələri, rastlaşdığı eybəcərlikləri sadəcə vərəqə köçürürdü. Yalnız bundan sonra nisbətən sakitləşir, özünə gəlirdi. Yazmaq, içini göynədən, onu yandırıb-yaxan, qərarsız edən duyğuları boşaltmaq onun üçün yeganə təsəlli idi. Qəribə burası idi ki, bundan sonra doğrudan da özünə gəlirdi. Kükrəyib-coşub öz məcrasından çıxan çay yenidən yatağına qayıdanda necə sakitləşirsə, öz adi axan ilə necə axırsa, Talihə də eynilə o cür olurdu. Yazmaq, qəlbindəki fırtınaları qələmlə içindən dartıb çıxartmaq ona bir qədər rahatlıq gətirirdi.

Harda gəldi yazırdı. Qızlarının köhnə dəftərlrinin yarımçıq səhifələrində, təqvim vərəqlərinin arxasında, qəzetlərin ağ haşiyələrində. Bir sözlə, əlinə nə keçsə, onu qaralalyırdı. Bunu ona görə edirdi ki, daha evdə yazmağa təmiz vərəq qalmamışdı. Əvvəllər ağ kağızları işdən gətirərdi. Amma son bir ildə redaksiyanın kağız ehtiyatı tükənmişdi, işçilər bir üzü yazılmış vərəqlərdən istifadə etmək məcburiyyətində qalmışdılar. Artıq bütün kollektiv qənaətə öyrəşmişdi. Talihə isə ikiqat, üçqat qənaətcil olmuşdu. Adətən iri xətlə, tələsik, səliqəsiz yazmağa adət edən, bir yazının üzünü iki-üç dəfə köçürməyə, koçürə-köçürə redaktə etməyə öyrəşmiş Talihə indi xırda hərflərlə, düşünədüşünə, səhvsiz yazmağa çalışırdı ki, israfçılığa yol verməsin. Amma daha qənaətdən də keçmişdi, evdəki kağızları tükənmişdi.

Talihə üçün ən dəhşətlisi qələmlərinin qurtardığı gün idi. O gün o, həyəcanından nə edəcəyini bilmirdi. Beynindəkiləri kağıza köçürmək lazım idi, amma qələm yox idi.

Karandaşla yazanda hirslənirdi, fikirləri dağılırdı, mütləq qələm almalı idi. Qızlarla Taleh hələ gəlməmişdilər. Həm də onların qələmlərinə qıymırdı. Bir oturuma 10-15 vərəq qaraltmağa adət etmişdi, ona qələm çatdırmaq çətin idi. Ona görə də 10-20 qələm birdən alardı. Dostları, tanışları çox vaxt bayramlarda, ad günlərində ona qələm bağışlayardılar. Bilirdilər ki, bu hədiyyə Talihənin ürəyincə olacaq. Taleh də hara getsə, mütləq onun üçün yaxşı bir qələm alıb gətirərdi. Ona görə də heç zaman qələmdən korluq çəkməzdi. Birinci dəfə idi ki, evdəki qələm ehtiyatı qurtarmışdı.

Otaqda xeyli var-gəl edəndən sonra nə fikirləşdisə, geyinib evdən çıxdı. Son dəfə Taleh onun üçün beş qələm almışdı, hərəsinə 200 manat vermişdi. İndi fikirləşirdi ki, cibindəki son min manatı verib beş qələm alacaq, bu da onu xeyli vaxt görəcək. Ancaq hansı köşkə yaxınlaşdısa, orada 350 manatdan ucuz qələm görmədi.

Bir saat ətrafda dolaşandan sonra ərinin ona nişan verdiyi yerə yollandı. “Gənclik” metrosunun girişində alver edən min cür xırdavatçılardan qələm soraqlamağa başladı. Həmişə “qələm alın, beşi min manata” deyib zəhlə tökən uşaqlar bu gün gözə dəymirdilər. Dəzgələrin üstünə qoyulmuş qələmlərin qiyməti isə bərabər şəkildə qalxmışdı. Əlacsız qalıb 350 manata qələm almaq istəyirdi ki, əlində qələm pastası tutmuş bir qocanın onun yanından ötdüyünü görüb sevindi: biri yüz manata idi. Talihə onların yazıb-yazmadığını yoxladı.

– Ay bala, elə bil qızıl alırsan, – qoca deyindi.

Talihə bu sözlərdən yaman utandı. Ürəyində “Alacağın qarğa, verecəyin qırğı” , – deyə fikirləşdi. Eşidən olub-olmadığını yoxlamaq üçün yan-yörəsinə boylandı, pörtdüyünü gizlətmək üçün dedi:

– Əmi, xətrinə dəyməsin, bir dəfə burdan aldığım pastaların içinə rəngli su doldurulmuşdu, ona görə də məcburam yoxlayam.

– Mən namaz qılan adamam, bala, elə insafsız iş tutmaram.– Qocanın sözləri elə inandırıcı idi ki, Talihə daha heç nə deməyib on pasta alıb geri qayıtdı. Ürəyində məmnunluq hiss etdi. “Bir xeyli vaxt qələmə ehtiyacım olmayacaq”. Bu, kədərli sevinc idi.

Belə bir sevincli anı axşam ikinci dəfə yaşadı. Zirzəmidəki rəfin küncündən bir topa plakat tapanda elə bil dünyanı ona verdilər. Talehin üzv olduğu partiyanın sədrinin ağappaq, keyfiyyətli kağızda çap olunmuş portreti parlament seçkilərindən yadigar idi. Pullu, imkanlı sədr o qədər plakat çap etdirmişdi ki, onların hamısını yapışdırmağa Talehin nə həvəsi, nə gücü, nə də vaxtı olmuşdu, ona görə də böyük bir topanı gətirib evdə qoymuşdu. Bir xeyli keçəndən sonra isə evdə yer tutduğuna görə onlan zirzəmiyə düşürtmüşdü.

Talihə plakatları diqqətlə nəzərdən keçirdi: birindən 6 vərəq çıxırdı. Onları evə gətirib səliqə ilə kəsməyə başladı, şkafda yerləşdirəndən sonra rahat nəfəs aldı.Son vaxtlar heç belə sevinməmişdi. Bu sevincə də acı dad qarışmışdı.

* * *

Artıq altı ay idi ki, Talihə işsiz idi. Ömrü boyu dövlət idarəsində çalışmış, səhər saat 9-dan axşam saat 5-ə kimi iş yerində olmağa adət etmiş bir adam üçün birdən-birə belə uzun müddətdə evdə qalmaq o qədər də asan məsələ deyildi. Neçə illər fasiləsiz çalışdığı qəzet maddi çətinliklər üzündən bağlanmışdı. Bakının işsizlər ordusuna onların 40 nəfərlik kollektivi də qarışmışdı.

 

Talihə uzun illər idi ki, qəzetdə ədəbi işçi işləyirdi. Gənclik çağından buraya elə bağlanmışdı ki, başqa iş yerini

ağlına belə gətirə bilmirdi. Qəzet işini sevir, ondan zövq alırdı.Talihə yaxşı jurnalist idi, imzası tanınırdı. Onun hər məqaləsi hadisəyə dönür, əks-səda doğururdu. Bundan başqa onlarca kitabını da burada çalışa-çalışa yazmış, çap etdirmişdi. Redaksiya onun üçün bir növ yaradıcılıq laboratoriyası idi. Saatlarla öz iş stolu arxasında sakitcə oturub yazılarını yazmağa, qəhrəmanlarının taleləri ilə yaşamağa, onların aləmində olmağa adət etmişdi. Ona görə də indi qəzetin bağlanması ona dəhşətli faciə kimi görünürdü.

Əslində son bir ildə kollektivin bütün üzvləri kimi o da redaksiyanın fəaliyyətsiz qalacağı günün uzaqda olmadığı fikri ilə yaşamışdı. Çoxdan heç kəs əmək haqqı almırdı. Vaxtilə yüz minə yaxın oxucu olan gündəlik qəzet indi həftədə, on gündə bir dəfə çap olunurdu. Borcu xərcini ödəmirdi. Amma buna baxmayaraq, hamı, hər gün işə çıxırdı. Hər kəsin ürəyində bir ümid qığılcımı közərməkdə davam edirdi ki, bu əzablı günlər bitəcək, redaksiyanın dəhlizinə, iş otaqlarına çökmüş darıxdırıcı, əzablı sükutun, nəhayət, sonu çatacaq, əvvəlki gur, coşqun redaksiya həyatı yenidən başlanacaq. Amma günlər uzanır, həftələr aylara çevrilir, həmin gün gəlib çıxmırdı ki, çıxmırdı.

Bir gün redaktor kollektivi yığdı və hamıya elan etdi ki, daha qəzet çıxmayacaq, maliyyə imkanlan tükənib. Bu sözləri o, qəhərlə dedi…

Talihənin həyatında bundan ağır gün olmamışdı. Bu, onun və iş yoldaşlarının ümidlərinin alt-üst olduğu gün idi. O gün onun arzuları çilik-çilik olmuşdu. O gün Talihə illərdən bəri əzizləyə-əzizləyə becərdiyi ağacları tufanın qoparıb atdığı qoca, zəif, köməksiz bağbana bənzəyirdi.

Üstündən aylar keçməsinə baxmayaraq, o, hələ də həmin günün təsiri altında idi. Hələ də o günün ağrısını,əzabını yaşayırdı. Amma ilk günlər ürəyinin hansısa güşəsində qəribə bir arxayınlıq hissi də var idi ki, işsiz qalmayacaq. Köhnə qəzetlərin ömrünün bitdiyi, onların yerində yüzlərcə yenisinin yarandığı, peşəkar, səriştəli jurnalistlərin arxa, peşə təhsili olmayan, ancaq zirəkliyi, mövzulara qəribə, qeyri-adi yanaşma üsulları ilə seçilən gənc müxbirlərin ön plana keçdiyi bir vaxtda onun kimi analitiklər də kara gəlməli idi. Bunları fikirləşən Talihə bəxtini sınamağı qərara aldı. Bir həftə ərzində tanıdığı qəzet redaksiyalarının hamısına baş çəkdi. Hər yerdə onu böyük hörmətlə qarşılayır, yazılarından məmnuniyyətlə söz salır, peşəkarlığını xüsusi qeyd edir, sonra isə “sizin kimi jurnalistlərə böyük ehtiyacımız var, amma heyf ki, boş yerimiz yoxdur'’, deyib yola salırdılar.

Hər növbəti redaksiyanı tərk edəndə özünü təhqir olunmuş hiss edirdi. Qürurunun alçalmasına görə özünə acığı tuturdu. Amma dolanmaq üçün iş tapmaq lazım idi. Nəhayət, qəzetlərdən əli üzülən Talihə şəhərdəki xarici şirkət və firmalara üz tutdu. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bildiyini, tərcümələrlə məşğul olduğunu qeyd edərək, 30-dan çox ünvanda oldu, amma bu təşəbbüsü də uğursuzluqla nəticələndi. Hər yerdə gənc qadınları işə götürürdülər. Bunu ona açıq-aydın bildirirdilər.

Talihə hər gün səhər tezdən evdən çıxır, günortadan keçəndə yorulub əldən düşmüş halda evə qayıdırdı. Arvadının əsəbilik keçirdiyini, həyəcan içində olduğunu görən Taleh özünəməxsus sakitliklə ona təskinlik verirdi. İlk baxışda təmkinli görünən Talehə işsiz qalmağın əzabı yaxşı tanış idi. Ömrünü elmə həsr edən, öz sahəsində yaxşı mütəxəssis sayılan, neçə-neçə ixtirası ilə tanınan Talehin çalışdığı elmi- tədqiqat institutu da bir ildən artıq idi ki, işçilərə maaş verə bilmirdi. Bir il idi ki, o, hansısa partiyada vaxtını öldürürdü. Amma qazandığı qəpik-quruş çörəyə ancaq çatırdı. Talehin iş tapmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələnmiş, o, nəhayət, əlini hər yandan üzmüşdü.

Təbiətən şən, qaynayib-qarişan, ətrafı dost-aşnalı Taleh bu bir ildə dəyişmiş, sakit, başıaşağı olmuşdu. O, həftədə bir, ya iki dəfə öz iş yerinə gedir, qalan vaxtını evdə, yazı masasının arxasında keçirirdi. Üzdə özünü şax tutan, fikirsiz görünməyə çalışan Talehin nə çəkdiyini Talihə yaxşı bilirdi. Son on ilini o, dəniz suyunun saflaşdırılması probleminə sərf etmişdi. Günlərlə, aylarla kitabxanalarda olur, elmi kitablardan, jurnallardan bu problemə həsr olunmuş materialları axtarıb oxuyurdu. Vaxtının çoxunu laboratoiyada keçirir, evə qayıdanda isə yazı masasının arxasına keçib çertyojları və formulları ilə məşğul olurdu. Zəhməti hədər getməmiş, son dərəcə maraqlı bir ixtira etmişdi. Amma onun bu ixtirası ilə maraqlanan, ona əhəmiyyət verən yox idi. Qapılan döyəndən, çoxlu müraciətlər edəndən sonra bütün bunlardan bezmiş, ruhdan düşmüş Taleh taleyi ilə barışmış, sakitləşib özünə qapanmışdı. Uzun fasilədən sonra yenidən siqaretə meyl salmışdı.

Gecələr hamı yatandan sonra papirosu papirosa calayan Talehin onunla əvvəllər olduğu kimi dərdləşməməsi, həyəcanlarını arvadından gizlətməsi, gözlərində daim fikir buludunun gəzişməsi Talihəni yaman ağrıdırdı. Amma nədənsə ərinə təskinlik verə bilmirdi. Adətən həssas, duyumlu, duyğulu olan Talihə son vaxtlar əsəbi, deyingən, boş şeydən hirslənib özündən çıxan olmuşdu. Həm də ən çox ərinin üstünə çımxırırdı. Bunu özü də hiss edirdi, hər belə sözləşmədən, toqquşmadan sonra günahkar olduğunu, heç nədən evdə gərginlik yaratdığını ürəyində etiraf edirdi. Amma bir neçə gündən sonra bu hal yenidən təkrar olunurdu.

Talihə üçün sirr deyildi ki, Taleh öz yeni həyatına yalnız zahirən öyrəşib. Ancaq bunu da bilirdi ki, ərində qəribə bir etinasızlıq, daha doğrusu, süstlük yaranıb. Son vaxtlar heç nə ilə maraqlanmır, ev, ailə qayğıları onu əsla narahat etmirdi. Talihəni saysız-hesabsız problemlərlə təkbətək qoyub yaxasını kənara çəkmişdi. Arvadı ərzağı necə, neçəyə alır, uşaqlar nə geyinir, yol pulunu haradan əldə edirlər – bunlardan xəbəri də olmurdu. Bu isə Talihəni hirsləndirir, təbdən çıxarırdı. Amma ərinin xətrinə dəyməmək üçün sözarası yumşaq şəkildə ona xatırladırdı ki, iş axtarmaq lazımdır, evdə oturmaqla kar aşmaz. Hər dəfə də eyni cavabı eşidirdi:

– Elə bilirsən iş tökülüb?

Belə söhbətlər evdə gərginlik yaradırdı. Taleh inciyib yeməkdən boyun qaçırır, saatlarla küsülü qalırdı. Qan qaraldan hər növbəti söz-söhbətdən sonra Talihə özünə qəti söz verirdi ki, bir də belə iş tutmayacaq, amma sözünə əməl edə bilmirdi. Heç nədən yenidən gərginlik yaranırdı. Talihə küsüb yataq otağındakı yazı masasının, Taleh isə inciyib qonaq otağındakı iş stolunun arxasına keçirdi. Onlar saatlarla öz aləmlərinə dalırdılar. Belə vaxtlarda qızlar sakitcə öz dərsləri ilə məşğul olurdular.

Talehin işsizliyi az imiş kimi, indi də Talihə bu bəlaya düçar olmuşdu. Bu gün, uzun sürən axtarışlardan sonra o, anladı ki, bütün səyləri səmərəsizdir, iş tapa bilməyəcək. Həm də öz-özünə etiraf etdi ki, daha qapıları döyməyə nə amanı qalıb, nə də heysiyyatı buna imkan verəcək. O, yolunu çox yerdən salmışdı, hər dəfə rədd cavabı alanda ayaqları yerdən üzülmüş, ümidsizliyə düçar olmuşdu. Amma bir təhər özünü məcbur etmiş, yenidən qapılara üz tutmuşdu. Juranalist yeri tapmağın çətin olduğunu anlayanda heç olmasa korrektor yeri tapmağa çalışmışdı. Redaksiyalarda isə boş yer tapmaq müşkül məsələ idi.

Bu gün, bütün bu axtarışlrın əbəs olduğunu birdəfəlik anlayandan, ümidlərinin qapıları bağlanandan sonra Talihə birdən-birə həyat eşqinin, yaşamaq həvəsinin söndüyünü, heç nəyə marağının qalmadığını dərk elədi. O, nə edəcəyini bilmirdi. Xəstəxanadan qaçıb kor-koranə halda ayaqlarının arxasınca gedirdi. Başında anlaşılmaz bir ağrı dolaşırdı. Bu ağrı onu keyidirdi. Ona elə gəlirdi ki, bir yerdə dayansa, son qətiyyəti də əlindən çıxar, müvazinətini itirib yerə yıxılar və bir də ayğa dura bilməz.

Bir neçə saat yol ölçəndən, yorulub əldən düşəndən sonra heydən düşmüş ayaqları yenidən onu evə qaytardı.

Qapını açan Taleh arvadını pəjmürdə görüb narahat oldu:

– Nə oldu, bir şey çıxmadı?

Onun bu sualı Talihəni cin atma mindirdi, hirsini saxlaya bilmədi:

– Bəlkə sən də iş axtarasan? Mənim dərdimi çəkməkdənsə, özünə bir gün ağlasan yaxşı olmazmı?

– Nə yemisən belə? – Taleh incidi, amma özünü o yerə qoymadı.

– Evdə yeməyə bir şey var bəyəm? – Talihə suala sualla cavab verdi.

– Yoxdur, yemə!

Ərinin sərt cavabı Talihənin hirsini alovlandırdı:

– Mən yemərəm, bəs uşaqlar? Onlar yazıq deyillər, bir həftədir evdə şordan başqa heç nə yoxdur.

– Tək sənin evin belədir bəyəm? Şor tapmayanlar da var. Allahına şükür elə ki, osa da var.

– Özgələrin dərdi mənə qalmayıb. Məni yandıran odur ki, neçə aydır qapılar döyürəm, amma sənin tükün də tərpənmir. Özünə zəhmət verib iş axtarmaq fikrinə düşmürsən. Elə bil bu evin sənə heç bir dəxli yoxdur.

– Neynim, gedib oğurluq edim?

– Oğurluğa qədərki bütün yolları keçmisən bəyəm? Demirəm ki, dostların, qohumların kimi alver elə. Tutaq ki, üzüyolasan, bu iş əlindən gəlmir, bəs başqa iş niyə axtarmırsan?

– Sən çox axtardın, tapa bildinmi?

– Sən kişisən, yük də daşıya bilərsən.

– Demək istəyirsən ki, gedib hamballıq edim? – Taleh səsini qaldırdı.

– Mənim istədiyim odur ki, ayağını ayağının üstündən aşırıb günlərini televizorun qabağında keçirməyi tərgidəsən. Özünü ailə başçısı kimi aparasan, ailə təəssübü çəkəsən, məsuliyyət hissi keçirəsən.

Taleh əlini zərblə stola çırpdı:

– Bəsdir, mənə ağıl öyrətmə, özüm bilərəm nə edərəm. – O, əsəbi halda qonaq otağına keçib qapını arxasınca çırpdı.

Taleh son vaxtlar arvadının hər sözündən inciyirdi, hər iradı xətrinə dəyirdi. Ona elə gəlirdi ki, Talihənin sözlərinə zəhər qarışıb, arvadının hər sözü məcazi mənada işlədir, ərinin düşdüyü indiki vəziyyət onu əsla maraqlandırmır, daşqəlbli, hissiz, duyğusuz adam olub.

Ürəyində arvadına bərk acığı tutmuşdu, ondan zəhləsi gedirdi. Qınayan olmasaydı, indi dişinin dibindən çıxanı ona yağdırardı, kinini, qəzəbini, hirsini söyüş söyməklə dağıdardı. Amma bunu edən deyildi, belə şeylər təbiətinə yad idi, həm də bilirdi ki, arvadı nəyə dözsə də, söyüşə, təhqirə davam gətirməz. İlk dəfə ürəyində küçə sözləri ilə, ən kobud, ən qaba sözlərlə söyüş söymək arzusu baş qaldırdı. Ömründə belə arzuda olmamışdı. Bir azdan bu arzusu arvadını vurmaq, əzişdirmək arzusu ilə əvəz olundu. Sonra evdəki qab-qacağı sındırmaq, dağıtmaq istədi. Amma bir azdan sakitləşdi, aynabəndə çıxıb dərindən nəfəs aldı. Xəfif axşam küləyi üzünə dəyəndə bundan xoşhallandı.

Talihə içəri keçib çarpayısına uzandı. Balışı üzünə qoyub gözlərini yumdu, amma heç cür sakitləşə bilmirdi, əsəbi halı, həyəcanı keçib getmirdi. Üstəlik beynini dağıdan dəhşətli ağrı da onu üzürdü. Əslində onu haldan çıxaran elə bu ağrı idi. Nə qədər çalışdısa da özünü ələ ala bilmədi. Bu vəziyyətdə iki saata yaxın vaxt keçdi.

Məktəbdən qayıtmış kiçik qızı Aytən onun üzündən öpüb hansısa melodiyanı zümzümə edə-edə vanna otağına keçib çimməyə başladı. Birdən Talihənin yadına düşdü ki, işlə əlaqədar səfirlikdə işləyən bir tanışının yanına getməli idi. Ürəyində kiçicik, iynənin ucu boyda ümid işığı yandı. “Bəlkə bir şey çıxdı?” – deyə düşündü. Tələsik geyinib mətbəxə keçdi, özünə çay süzüb içməyə başladı.

– Hara belə? – Taleh acıqla ondan soruşdu.

– Gəzməyə, – Talihə saymazyana cavab verdi.

– Sən də Süzen kimi gəzmək öyrənmisən deyəsən.

“Süzen” ərinin hər gün televizordan tamaşa etdiyi “sabun operasrnın qəhrəmanı idi. Talehin onu bu gəzəyən qadına oxşatması Talihənin xətrinə dəydi. Ona görə də acıqla dedi:

– Hər nə var, gəzməkdə var.

– Görüm necə gedəcəksən. – Ərinin səsində hədə var idi. Bu, Talihəni təbdən çıxardı. Hər dəfə haqlı danlanandan, təqsiri üzə deyiləndən sonra Taleh qısqanc ər rolunu oynamaqla sanki arvadından qisas alırdı. İndi də Talihəyə elə gəldi ki, əri rola girib. Həyatda əsla qısqanc olmayan Talehin bu xasiyyəti onu həmişə haldan çıxarardı, indi də onu, zəhləsi getdiyi bu rolda görəcəyini düşünmək Talihə üçün dözülməz dərəcədə əzablı idi.

O, cavab vermədi, çayını içib qurtarandan sonra güzgünün qarşısına keçib üzünü, saçlarını qaydaya saldı. Çəkmələrini geyinək istəyirdi ki, Taleh qapını kəsdirdi:

– Özünü karlığa vurmusan? Sənə demədimmi heç yana getməyəcəksən?

– Bu nə danışıqdır? Bunlar nə sözlərdir mənə deyirsən? – Talihə səsini qaldırdı.

– Səndən soruşuram hara gedirsən, utanmadan deyirsən ki, gəzməyə.

– Hara getdiyimi bilə-bilə niyə soruşursan?

– Mən nə bilim hansı cəhənnəmə gedirsən?

– Çox yaxşı bilirsən, təkrarlamağa ehtiyac yoxdur.

– Səndə abır-həya qalmayıb. – Talehin gözlərindən nifrət yağırdı.

– Nə? Nə dedin? Deməli mən abırsızam, hə? Sən iş axtarmaqdansa, acından ölməmək üçün mən qapılara düşmüşəm ki, qəpik-quruş qazanım, üstəlik abırsız da oluram?

– Lazım deyil mənə sənin işin, qaxılıb otur xarabanda. – Taleh hirsindən tir-tir əsirdi.

 

– Mən sənə görə yox, uşaqlara görə əldən-ayaqdan gedirəm ki, sabah küçələrə düşməsinlər.

– Hələ ki, mənim maaşımı yeyirsiniz.

– Ay yazıq, sənin maaşın yavan çörəyə də çatmır. Bir ildir evin əşyalarını satıram, onun pulunu yeyirik. Daha satmağa da bir şey qalmayıb, görüm indi nə yeyəcəksən.

– Sən mənə bəhanələr gətirmə, Allah bilir hansı cəhənnəmə gedirsən.

Bu sözlər Talihənin olan-qalan səbrini də əlindən aldı. Çantasını zərblə yerə çırpıb var-gücü ilə çığırdı:

– Vicdansız! Şərəfsiz! Özünü qısqanc qələmə vermək istəyir.

Talihə hiss etdi ki, dodaqlan, burnu keyiyir. Əllərinin, ayaqlarının barmaqları bircə anın içində buza döndü. Müvazinətini itirib yerə yıxılmamaq üçün özünü güclə ələ aldı, yataq otağına keçib qapını içəridən bağladı. Çarpayıya sərilib hönkür-hönkür ağlamağa başladı. Hirs, qəzəb, hikkə, açıq dolu hönkürtü bir xeyli çəkdi. Doyunca ağlayandan sonra yo-rulub sakitləşdi. Bir saata qədər beləcə uzanılı qaldı. Bu halda özündən, ərindən zəhləsi gedirdi, həyatına nifrət edirdi.

Birdən nə fikirləşdisə, tələsik yerindən qalxdı, özünü bir babat səliqəyə salıb, geyinib evdən çıxdı. Bayaqdan onu müşahidə edən Taleh bu dəfə müqavimət göstərmədi. Hamamdan təzəcə çıxmış Aytən təəccüblə valideynlərinə baxır, nə baş verdiyini anlamağa çalışırdı.

* * *

Küçələr yenidən onu qoynuna almışdı. Sel kimi yağan yağış ara vermək bilmirdi. Yollar başdan-başa gölməçələrlə dolmuşdu. Artıq onların arasından keçib dayaz yer tapmaq mümkün deyildi. Əslində bunun mənası da yox idi, çəkmələri su içində idi. Addım atdıqca su onların içinə dolur, lırça-lırç salırdı. Paltan əyninə yapışmışdı. Yağış saçlarını, üzünü yuyur, yuyurdu. Amma o, bunların heç birini hiss etmirdi. Nə yağışın güclənib az qala şırnaqla yağmasından, nə də küləyin qalxmasından xəbəri var idi. Bircə onu bilirdi ki, gedir. Amma hara, niyə, nədən ötrü – bunlan duymaq, dərk etmək iqtidarında deyildi. Onun yağışa acığı tutmurdu, ondan zəhləsi getmirdi. Əksinə, yağış xilasakarı idi. İçindən, qəlbindən gözünə axan, oradan isə üzünə tökülən göz yaşlarını yağış yuyub aparır, yanından ötüb keçən yad adamaların yanında onu xəcalətli etmirdi. Gözləri elə hey dolub-boşalırdı. Yağış kimi onlar da yorulmaq bilmirdi.

Nə qədər yol getdiyini, hara səmt aldığını bilmirdi. Bircə onu bilirdi ki, bu yol bitib-tükənmək istəmir, bu çox uzun və əzablı yoldur. Amma onu da bilirdi ki, indi onun yeganə xilaskarı da bu yoldur. Bu yol var deyə o, ayaq üstədir, yeriyir. Bu yol onu yıxılmağa qoymur. Bu yol indi onun üçün məqsəddir, fərqi yoxdur ki, bu məqsəd mənalıdır, ya mənasız, lazımlıdır, yaxud lazımsız, amma hər halda məqsəddir.

Ürəyində bir qasırğa, bir tufan haray qoparmışdı. Onun amansız dalğalan sahillərə çırpılır, elə bil hirsini, hikkəsini burada soyutmaq istəyirdi. Ürəyi sanki sinəsini yarıb çölə çıxmaq istəyirdi, döyüntüləri onu halsız edir, büdrədir, taqətini əlindən alırdı. Amma o, gedir, gedirdi. İçində bir dəli hönkürtü dolaşırı. İçin-için ağlamaq onu sakitləşdirmirdi. Bağıra-bağıra ağlamaq, qiyya çəkmək istəyirdi. Utanmasaydı, elə buradaca, küçənin ortasında, adamların yanında hönkürərdi. İçini ovan, ruhunu dağıdan, hisslərini təlatümə gətirən nə varsa, hamısını çölə tökərdi. Amma yox, nə qədər sarsıntı içində olsa da, iradəsini itirməmişdi. Son ümidgahını – səfirlik binasını tərk edən andan eşitdiyi rədd cavabı qulaqlarından getmirdi, orada qəribə bir uğultu salmışdı.

Sahil bağına haçan gəlib çatdığını bilmədi. Son beş ildə ilk dəfə idi ki, bura yolu düşürdü. Cavid prospektindən burayacan piyada gəlmiş, amma bunu hiss etməmişdi. Bağın kimsəsiz, alaqaranlıq xiybanlarında dolaşmağa başladı. Nəhayət, dənizə yaxın bir yerdə skamyada əyləşdi. Ərtafda ins-cins görünmürdü. Çiyinləri əsə-əsə hönkürməyə başladı. Küləyin vıyıltısı, yağışın şırıltısı onun səsini batırır, göz yaşlarını yuyub apanrdı. Xəzərin suyuna bir-neçə damcı duz əlavə olunurdu.

Talihə burada nə qədər oturduğunun, nə qədər ağladığının fərqində deyildi. Ömründə ilk dəfə idi ki, hərəkətlərinə görə özünə hesabat vermirdi. İndiki zamanda onun üçün nə etdiyinin, niyə etdiyinin heç bir mənası yox idi. Əslində o, bu haqda düşünmək halında deyildi. Elə bil gecənin bir vədəsində bu tənha güşedə yalqizca oturub ümidsizliyə qapa-nan başqa bir adam idi, o yox.

– Xanım, çıx get evinə!

Başının üstündə yaşlı bir kişi dayanmışdı. Talihə onu eşidir, amma nə dediyini anlamırdı. Haradansa peyda olmuş, ömründə ilk dəfə rastlaşdığı bu adam onda qorxu hissi yaratmırdı. Bəlkə bunun səbəbi onun baxışlarının yumşaqlığı idi? Yox, o, bunları hiss edəcək halda deyildi. Sadəcə olaraq düşünmək, dərk etmək qabiliyyətini itirmişdi. Kişi ona nə isə deyirdi, amma o, bu sözlərin mənasını başa düşmürdü.

Naməlum adam gəldiyi kimi xəbərsiz getdi. Talihə nə onun gəlişini hiss etmişdi, nə də gedişim duydu. Onun gözləri elə hey dolub-boşalırdı. Talihə indi yalnız bir şeyə təəccüblənirdi: gözlərində nə qədər yaş vardı.... Yağış kəsmək bilmədiyi kimi, gözləri də qurumaq bilmirdi. O, ağlayır, ağlayırdı. Bu halda nə qədər vaxt keçdiyinin fərqinə varmırdı.

– Xanım, yazıqsan, xəstələnərsən! – Bayaqki kişi yenidən peyda oldu. Bu dəfə deyəsən onun səsini eşitdi. Nimdaş paltarlı bu yaşlı kişinin gözləri kədərli idi. Talihə bunu o saat duydu. Nədənsə bu adama qarşı ürəyində bir mərhəmət hissi baş qaldırdı. Ömründə birinci dəfə gördüyü bu yad adama ürəyini açmaq, dərdlərini danışmaq, içini ovub dağıdan hə-yəcanlarını ona bildirmək istədi. Gör haçandan bəri bir kimsəyə dərdini danışmır! İçində əzablı fikirlər qalaq-qalaq idi, onları əritmək, dağıtmaq lazım idi. Əzizlərindən, dostlarından son bir ildə xeyli uzaq düşmüşdü. Şərait onlan yadlaşdırmırdı. Bəlkə onlar Talihədən də dözülməz vəziyyətdə yaşayırdılar. Hər nə idisə, yadlıq, soyuqluq, qarşılıqlı biganəlik onları bir-birindən uzaqlaşdırmışdı.

Talihə qarşısındakı adamla dərdləşməyə ehtiyac duydu. Kişi elə bil onun xəyalından keçənləri anladı:

– Ağla, xanım, ağla, boşalarsan. Nə qədər ki, ağlaya bilirsən, ağla, yoxsa xəstələnərsən.

Talihə minnətdarlıq dolu baxışlarını ona zillədi. Ağlamağına ara verdi, daha doğrusu, göz yaşlan çəkilib getdi.

– Dərdin böyükdür? – Kişi bunu kədərlə soruşdu.

– Çox.

– Əziz adamını itirmisən?

Bu sözlərdən Talihənin bədənini üşütmə tutdu. “Əziz adamalarını” gözləri qabağına gətirdi – Aygün, Aytən, Taleh… Təsəvvür etdi ki, onlardan birini itirib. Bu fikirdən dəhşətə gəldi.

– Yox, yox, heç kimimi itirməmişəm. – Talihə həyəcan içində, qorxunu özündən uzaqlaşdınrmış kimi cavab verdi.

– Onda çəkdiyin dərd deyil, çətinlikdir, çətinliyi isə həll etməyə çalışmaq lazımdır.

Bu naməlum adam onda qəribə bir etibar hissi oyatmışdı. Gecənin bu vaxtında, gur yağışın altında onunla belə məhrəmanə söhbət edən adama ürəyini açmaq, onu bu vəziyyətə gətirib çıxaran həyəcanlarını onunla bölüşmək istədi.

– Əyləşin, – deyib ona yer göstərdi.

Kişi oturanda onun pəjmürdə halı gözlərindən yayınmadı. İlk dəfə fikrindən keçdi ki, onun da dərdi ola bilər. Bura niyə gəldiyi bir anlığa yadından çıxdı. Yanındakı bu yaşlı adamın gecənin bu vaxtında kimsəsiz sahil bağında gur yağışın altında gəzişməsinin səbəbi nə idi? Öz dərdini ona danışmaq arzusu bir anda müsahibinin dərdini öyrənmək istəyi ilə əvəz olundu. Nə idi onu gecənin zülmətində küçələrə salan?

– Sizə nə olub? – Ehtiyatla soruşdu.

– Bu gün rəhmətlik arvadımın ilidir.

– Allah rəhmət eləsin. Yəqin yaxşı insan idi.

– Eh, yaxşı var, yaxşı var....

– Deyəsən mehriban dolanmısınız.

– Elədir.

– Uşaqlarınız varmı?

Üç oğlum var. Amma uşaqların öz yeri var, ömür-gün yoldaşının öz. İndi yaşımın bu vaxtında tək-tənha qalmışam.

– Oğlanlarınız sizə baxmırlar?

– Baxmağına baxırlar, amma onları ayırmışam. Gəlinlərim növbə ilə evimin səliqəsinə, paltarlarımın təmizliyinə diqqət yetirirlər, arada gəlib yemeyimi də bişirirlər. Amma dünyada heç kəs adama həyat yoldaşını əvəz edə bilməz. İnsan belədir, itirməsə, qədir bilməz. Rəhmətə gedən günü anladım ki, onsuz mənim yaşamağımın heç bir mənası yoxdur. İndi hamı öz evində, isti ocağındadır, mənsə tək-tənha, yetim uşaq kimiyəm. – Kişinin gözləri yaşla dolu idi. O, Talihəyə uzun, sınayıcı nəzərlə baxdı:

Weitere Bücher von diesem Autor