Buch lesen: «Bəhlul Danəndə lətifələri»
ÖN SÖZ
Bəhlul Danəndə lətifələri ərəb şifahi ədəbiyyatından qaynaqlansa da, Yaxın Şərqdə, o cümlədən Azərbaycanda çox geniş yayılmışdır. Bəhlul Danəndə adı ilə bağlı, el arasında ağızdan-ağıza söylənən xeyli lətifə, didaktik rəvayət, hekayə və nağıl vardır. Bəzi yazıçı və dramaturqlarımızın əsərlərində də bu obraza rast gəlmək mümkündür. Cəlil Məmmədquluzadənin nəşr etdiyi "Molla Nəsrəddin" jurnalı haqqında bir çoxlarının xəbəri var. Lakin çox az adam bilir ki, 20-ci əsrin əvvəllərində Azərbaycanda "Bəhlul" adında satirik jurnal da buraxılmışdır.
Bəhlul Danəndə ilə Molla Nəsrəddin lətifələri bir-birindən forma və üslubca kifayət qədər fərqlənir. Molla Nəsrəddin lətifələri qısa, yığcam, gülməli, yumşaq satira və yumoru ilə seçilirsə, Bəhlul lətifələrinin əksəriyyəti nisbətən geniş süjetə malik olan novellavari hekayəyə, fəlsəfi-didaktik rəvayətlərə oxşayır. Bu iki obraz da bir-birindən fərqlidir.
Bəhlul Danəndə daha çox qədim yunan filosofu Diogeni xatırladır. Diogen kimi Bəhlul da özünü dünya nemətlərindən təcrid edir, şəxsi azadlığı, sərbəstliyi hər cür var-dövlətdən və mənsəbdən üstün tutur, hakimlər, varlılar qarşısında əyilməzlik nümayiş etdirir və eyni zamanda onları satirik tərzdə rüsvay edir, məsxərəyə qoyur. O, acgözlüyə, tamahkarlığa, fırıldaqçılığa, ədalətsizliyə qarşı özünəməxsus tərzdə mübarizə aparır. Bəhlul aldadılmış, təhqir edilmiş, yazıq, yoxsul insanlara kömək edir, onları bəzən ölümdən belə qurtarır, müdrik hərəkətləri ilə haqq və ədalətin bərpasına çalışır. Məhz belə olduğuna görə hamı öz dərdini ona söyləyir, onu özünə ən yaxın məsləhətçi sayır. Onun xalq arasında hörmətini görən qüdrətli hökmdarlar belə ondan çəkinirlər.
Bir çox lətifə və rəvayətlərdə Bəhlul VIII əsrdə yaşamış Harun-Ər-Rəşidin qardaşı kimi qələmə verilir. Öz dövrünün ədalətsiz qayda-qanunları ilə mübarizə etmək üçün Bəhlul özünü dəliliyə vurubmuş. O, uşaq kimi qarğıdan at düzəldib minərmiş. Buna görə də lətifələrdə bəzi ağılsızlar ona Bəhlul Divanə deyə müraciət edirlər. Bəhlulun dəli olmadığını, yalnız fərasətlə özünü dəliliyə qoyduğunu bilmək üçün onun lətifələrinə diqqət yetirmək kifayətdir.
BİŞMİŞ YUMURTADAN DA CÜCƏ ÇIXARMIŞ
Bir tacir səfər üstəymiş. Axşam dükan-bazar bağlandığına görə yeməyə bir şey tapa bilmir. Bir həyətin qapısını döyüb bir qarıdan on dənə bişmiş yumurta alır. Elə olur ki, tələsdiyindən yumurtaların pulunu vermir.
Tacir mallarını satmaq üçün bu ölkədən çıxıb özgə bir ölkəyə gedir, aradan bir neçə ay keçir, geri qayıdanda aldığı yumurtaların pulunu vermək istəyir. Tamahkar qarı ona belə deyir:
– Əgər yumurtaların pulunu o vaxt versəydin, sözüm olmazdı. İndi isə aradan gör nə qədər keçib. Bu müddətdə on yumurtadan on cücə çıxardı, onlar da böyüyüb bir toyuq olardı, hər toyuq da gündə bir yumurta yumurtlayardı. Sonra o yumurtaların da hərəsindən yenə bir cücə çıxardı, onlar da böyüyüb toyuq olardılar. Bu toyuqlar da yumurtlayardılar.
Qərəz, qarı bu toyuq-cücə haqq-hesabını o qədər artırır ki, tacir bütün var-dövlətini ona versə, yenə ödəməzmiş. Buna görə də tacir onun haqqını ödəməkdən boyun qaçırır. Qarı isə gedib xəlifəyə şikayət eləyir. Xəlifə qarının sözünə inanıb tacirin bütün var-dövlətini əlindən aldırıb qarıya verdirir. Tacir əli qoynunda qalır, bilmir nə eləsin.
Bəhlul Danəndə bu əhvalatı eşidir. Qardaşının yanına gəlib ona belə deyir:
– Qardaş, həyətdə bir az buğda əkmək istəyirəm, icazə verərsənmi?
Xəlifə fikirləşir ki, yəqin Bəhlul ağıllanıb, əkinçiliklə məşğul olmaq istəyir. Odur ki, icazə verir.
Bəhlul elə həmin gün yeri şumlayır, həyətin ortasından da yekə bir qara qazan asıb su qaynadır. Xəlifə külafirəngidən baxıb görür ki, həyətdə qara qazan asılıb, Bəhlul da yeri şumlayıb qurtarıb. Xəlifə vəzir-vəkili ilə birlikdə gəlib Bəhluldan soruşur ki, bu nə əhvalatdır?
Bəhlul deyir:
– Bu saat görərsiniz.
Sonra Bəhlul bir torba buğdanı tökür qaynar su qazanına, bişdikdən sonra abgərdənlə çıxarıb şumlanmış yerə səpələməyə başlayır. Xəlifə deyir:
– Bəhlul, mən elə bilirdim, sən ağıllanıbsan, amma görürəm ki, elə həmin Bəhlulsan.
Bəhlul özünü bilməməzliyə vurub deyir:
– Ey ədalətli, ağıllı xəlifə, nə olub ki?
Xəlifə deyir:
– Nə olacaq, bişmiş buğdadan da taxıl bitər?
Bəhlul deyir:
– Yaxşı, bir halda ki, bişmiş buğdadan taxıl bitməz, bəs bişmiş yumurtadan da cücə çıxar ki, sən tacirin bütün mal-dövlətini alıb, yalançı bir qarıya vermisən?!
ƏVƏZİNƏ ON TÜMƏN VERƏRƏM
Xəlifəyə özgə ölkədən üç nəfər qonaq gəlir. Söhbət zamanı qonaqlardan biri Xəlifəyə deyir:
– Ay Harun, sən böyük xəlifəsən, niyə qardaşın Bəhlulun başına ağıl qoymursan, heç olmasa ona bir qədər var-dövlət ver, bəlkə təlxəkliyindən əl çəkə.
– Bəhlul elə adamdır ki, nə mənə yaxın durur, nə də məndən pul götürür, – deyə xəlifə cavab verir.
Qonaqlar xəlifəyə inanmırlar, deyirlər ki, belə ola bilməz.
Xəlifə deyir:
– Durun gedək, Bəhlulu tapaq, görərsiniz ki, mən düz deyirəm.
Qonaqlar xəlifə ilə birlikdə şəhərə çıxırlar. Bir körpüdən keçəndə görürlər ki, Bəhlul uzaqdan gəlir. Xəlifə tez bir torba çıxarıb körpünün üstünə atır. Bir kənarda dayanıb pusurlar. Bəhlul körpünün yanına çatanda öz-özünə ucadan deyir:
– Görəsən, korlar körpüdən necə keçirlər? Gəl gözünü yum, körpüdən keç, görək necə keçirsən?
Bəhlul gözünü yumub körpüdən keçir, qızılla dolu torbanı guya görmür.
Xəlifə deyir:
– Gördünüzmü, Bəhlul qəsdən gözünü yumdu ki, guya qızıl torbasını görə bilməmişdir.
Bəhlul dönüb gözucu onlara baxır, hiss eləyir ki, nə isə ondan danışırlar. Odur ki, yaxınlaşıb salam verir. Sonra cibindən bir abbası çıxardıb deyir:
– Harun, cibim cırıqdır, düşüb itər, al bunu saxla. Amma bir şərtim var: harda istəsəm, gərək orda verəsən.
Harun:
– Baş üstə, – deyib pulu ondan alır.
Bəhlul bilirdi ki, Harun cümə günləri hamama çimməyə gedir, odur ki, həmin gün gəlib hamamın qabağında onu gözləyir. Harun hamama girəndən bir az sonra Bəhlul da içəri girib camadara deyir:
– Get Haruna de ki, qardaşın deyir, bir abbasımı versin.
Harun camadarla qayıdıb Bəhlula belə deyir:
– Hamamın içində abbasını hardan verim?
Qoy çıxım, əvəzində on tümən verərəm. Bəhlul deyir:
– Yox, mənə on tümən lazım deyil, şərtimiz var, mən bir abbasımı elə burada istəyirəm.
Harun deyir:
– Qardaş, bu mümkün olan iş deyil. Axı mən hamamda çimdiyim yerdə onu sənə necə verə bilərəm?
Bəhlul deyir:
– Sən böyük bir xəlifə olduğun halda, bu yekəlikdə hamamın içində bir abbasını verə bilmirsən, neçə illərdir kasıb-kusubun var-yoxunu yeyirsən, bəs dar qəbrin içində onların haqqını necə qaytaracaqsan?!
BƏHLUL NƏ ÜÇÜN GÜLÜRMÜŞ
Deyilənə görə, Bəhlul heç gülməzmiş. Bunu bilən xəlifə hər yerə car çəkdirir ki, kim Bəhlulun güldüyünü görüb ona xəbər gətirsə, həmin adama böyük bəxşiş verəcək.
Bəhlul bir gün Təbrizin küçələrində avara-avara gəzərkən yolu bir qəssab dükanının qabağından düşür. Görür dükanda heyvan cəsədlərini qarmaqlara keçirib ayaqlarından asıblar; qarmağın birindən qoyun şaqqası, o birindən keçi, üçüncüsündən mal budu asılıb. Bunları görən Bəhlul bərkdən qəhqəhə çəkib gülür. Qəssab Bəhlulun güldüyünü görcək qaçır xəlifənin yanına, xəbər verir ki, bəs, qardaşın bu gün qəssab dükanının yanından keçəndə bərkdən gülübdür. Xəlifə dərhal Bəhlulu çağırtdırıb soruşur ki, eşitdiyimə görə, gülübsən, bu doğrudurmu?
Bəhlul cavab verir:
– Doğrudur.
Xəlifə qəssabın xələtini verib onu yola salır. Sonra Bəhlula deyir:
– Bəhlul, axı sən heç gülməzdin, mənə bu sirri aç görüm, səbəb nə olub ki, sən gülübsən?
Bəhlul deyir:
– Qardaş, mən sənin pis əməllərinə dözə bilməyib, baş götürüb bərri-biyabanı, şəhərləri, kəndləri gəzirdim, hey fikirləşirdim ki, qardaşın olduğum üçün görəsən məndən də əvəz çıxacaqlarmı?.. Qəssab dükanının qabağından keçəndə gördüm hər heyvanı öz ayağından asıblar. Nəticə çıxartdım ki, demək, sənin cəzanı yalnız sənə verəcəklər. Odur ki, özüm barədə arxayın olub güldüm.
TORPAĞIN SÖZÜ
İki kəndli qonşuluqda yer şumlayırmış. Bir axşam işdən sonra üz-üzə gəlirlər. Kəndlinin biri o birinə deyir:
– Sən mənim torpağımı da öz torpağına qatıbsan!
O biri kəndli də deyir:
– Yox, sən mənim torpağımı oğurlayıbsan!
Onlar o qədər mübahisə edirlər ki, axırı vuruşası olurlar. Bu zaman Bəhlul yol ilə keçirmiş, kəndlilərin dalaşdığını görüb, onların yanına gəlir. Məsələdən halı olub deyir:
– Siz iki addım geri çəkilin, mən torpaqdan xəbər alım, görüm onun bu haqda fikri nədir.
Kəndlilər geri çəkilirlər. Bəhlul əyilib qulağını yerə söykəyir. Bir azdan sonra qalxıb deyir:
– Torpaq deyir ki, onlar yalan danışırlar, mən onların deyiləm, onlar ikisi də mənimdir.
Kəndlilər bir ağızdan deyirlər:
– Bu necə olur ki, biz torpağın oluruq?
Bəhlul deyir:
– Torpaq demək istəyir ki, ey insanlar, siz məndən əmələ gəlibsiniz, sonra da ölüb torpağa qarışacaqsınız, iki qarış yer üstündə nahaq bir-birinizi qırırsınız.
YAVAŞ DANIŞ, İTLƏR EŞİTMƏSİN
Harun-Ər-Rəşid bir gün xörək yediyi vaxt Bəhlul Danəndə yadına düşür, aşpazını çağırıb deyir:
– Bu xörəklərdən bir yaxşı pay düzəlt, apar Bəhlula, heç olmasa, qoy o da bir dəfə dadlı yemək yesin.
Aşpaz xörəklərdən götürüb Bəhlulu axtarmağa gedir. Bir xeyli axtardıqdan sonra onu avara, yiyəsiz itlərin gecələdiyi bir xarabalıqda tapır. Aşpaz xörəkləri ona göstərib deyir:
– Harun-Ər-Rəşid öz dadlı yeməklərindən sənə pay göndərib, gəl ye!
Bəhlul deyir:
– Onu tök, itlər yesin!
Aşpaz təəccüblənib deyir:
– Bəhlul, sən nə danışırsan? Bu, Harunun yediyi xörəklərdəndir.
Bəhlul deyir:
– Ay kişi, yavaş danış, itlər eşitməsin. Əgər eşitsələr ki, xörəyi Harun-Ər-Rəşid göndərib, onda heç biri yeməz.
SƏN DƏ MƏNİM ƏSGƏRLƏRİMDƏNSƏN
Bir gün Bəhlul Harun-Ər-Rəşidin yanına gedirmiş. Yolda onunla rastlaşan vəzirlərdən biri Bəhlulu ələ salmaq üçün deyir:
– Ey Bəhlul, muştuluğumu ver! Əmirəlmöminin səni öküzlərə, eşşəklərə baş sərkərdə təyin eləyib!
Bəhlul halını pozmadan deyir:
– İndi ki, elədir, onda mənə qulaq as, əmrimi yerinə yetir, çünki sən də mənim əsgərlərimdənsən.
MƏBADƏ QATIRÇININ QATIRINI HÜRKÜDƏSƏN
Yayın isti günlərindən birində Bəhlul adəti üzrə karvan yolunun üstündə gül satırmış. Deyilənə görə, hər gülalana bir ağıllı söz deyib yola salırmış. Bəhlul yol üstündə o qədər oturur ki, yorulub yuxusu gəlir. Odur ki, paltarını soyunub başının altına qoyur, çuxasını üstünə salıb bir az gözünün acısını almaq istəyir. Yerə uzanan kimi yuxuya gedir. Elə bu vaxt yolla bir qatır karvanı keçir. Külək Bəhlulun çuxasını üstündən atır. Karvan gəlib onun yanından keçəndə Bəhlul səs-küyə yuxudan ayılır. Görür ki, alt tuman-köynəkdə qalıb, ayağa qalxıb o tərəf-bu tərəfə qaçaraq çuxasını axtarmağa başlayır. Onun bu qəfil hərəkətindən karvan hürkür, bir qarışıqlıq düşür ki, gəl görəsən. Tacirlər qəzəblə Bəhlulun üstünə tökülüşürlər ki, onu döysünlər. Bəhlul görür bu vurhavurda onları başa salmaq çətindir, başlayır qaçmağa, ha qaçır, gizlənməyə bir yer tapmır. Axırda gəlib çatır xəlifənin sarayına, görür ki, sarayın qapısı açıqdır, girir içəri. Bu vaxt xəlifə adamlarını yığıb camaatın şikayətinə baxırmış.
Xəlifə Bəhlulu alt tuman-köynəkdə görüb soruşur:
– Bəhlul, de görüm bu nə haldır düşübsən, hardan gəlirsən?
Bəhlul özünü toxdadıb deyir:
– O dünyadan gəlirəm.
Xəlifə soruşur:
– Xeyir ola, o dünyadan nə xəbər gətirmisən?
Bəhlul deyir:
– O xəbəri gətirmişəm ki, məbadə qatırçının qatırını hürküdəsən!
Xəlifə deyir:
– Bu nə deməkdir? Qatırçının qatırını hürkütsəm, bəyəm nə olar?
Bəhlul deyir:
– Bir gör dalımca nə qədər adam tökülüb gəlir? Bax onda belə olar.
Xəlifə görür, Bəhlulun dalınca o qədər əliağaclı adam tökülüb gəlir ki, əgər Bəhlul onların əlinə düşsə, onu xurd-xəşil eləyərlər.
Xəlifə deyir:
– Bəhlul neyləyibsən ki, onlar səni qovurlar?
Bəhlul deyir:
– Mən onların qatırlarını hürkütmüşəm. Bəs sən nə məşvərət keçirirsən?
Xəlifə deyir:
– Camaatın şikayətlərinə baxıram.
Bəhlul deyir:
– Hə, məsələ aydındır. Deməli, sən də camaatın qatırını hürküdübsən. Mən bircə qatır karvanını hürkütmüşəm, alt tuman-köynəkdə məni qovub öldürmək istəyirlər. Sən isə minlərlə insan karvanı hürküdübsən, gör onda sənə nə eləyərlər!
DAHA MƏNƏ EHTİYAC YOXDUR
Bağdad xəlifəsi bir gün Bəhlulu yanına çağırıb deyir:
– Ay qardaş, bəsdir bu qarğı atı minib o tərəf-bu tərəfə çapdığın. Hamı səni dəli-divanə hesab eləyir. Gəl sənə bir vəzifə verim.
Bəhlul deyir:
– Məni elə işə qoy ki, işimi özgəsi görməsin. Öz işimi özüm görüm.
Xəlifə deyir:
– Onda bu gündən səni bazara darğa qoyuram. Hər gün gedərsən bazara, qayda-qanun yaradarsan, qoymazsan bir kimsə bir başqasını aldatsın. Çəkiyə, haqq-hesaba nəzarət edərsən.
Elə həmin gün Bəhlul gəlir bazara. Görür ki, bir uşaq qəssabdan üç girvənkə ət istədi. Qəssab uşağı aldadıb əti yarım girvənkə əskik çəkdi. Uşaq əti alıb gedən kimi, bir it qəssabın qabağından bir bud əti götürüb qaçdı. Bəhlul bu hadisəni görən kimi qayıdır birbaş evinə, düz bir həftə bazara çıxmır.
Xəlifəyə xəbər çatdırırlar ki, bəs sənin təzə təyin elədiyin darğa bazara bir həftədir ayaq basmır.
Xəlifə Bəhlulu çağırtdırıb deyir:
– Qardaş, bəs mən sənə vəzifə verdim ki, bazarda qayda-qanun yaradasan, amma sən çəkilib oturmusan evdə. Niyə belə?
Bəhlul bazarda gördüyü əhvalatı xəlifəyə danışıb axırda deyir:
– Orda mənsiz də qayda-qanun yaradan var, daha mənə ehtiyac yoxdur.
Der kostenlose Auszug ist beendet.