Buch lesen: «On bir gecə»
YAZMAĞA BAŞLARKƏN
İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məhkum bir həyat yaşayıram. Qanlı döyüşə girəcəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yaddaşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir…
Arxa cəbhəylə əlaqəmiz kəsilmişdi. 10 nəfər əsgər Tərtər rayonunun G. kəndində düşmənin mühasirəsində qalmışdıq. Sursatımız qurtarmaq üzrəydi, ərzağımız isə demək olar ki qalmamışdı, lakin geri çəkilə bilməzdik. Qərargahın bizdən xəbəri vardı və köməyə gələcəklərindən şübhə etmirdik. Günlərdir yağmaqda olan leysan yağış uşaqların əhvalını daha da pisləşdirirdi. Sığındığımız komanın hər yerindən içəriyə su sızırdı. Gecənin qaranlığı ümidsizlik doğururdu. Deyəsən elə buna görə ta-kım komandiri Çingiz maraqlı bir təklif etdi: hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaqdı. Göz-gözü görmürdü, buna görə də utanmağın yeri yox idi…
Birinci özü başladı. Tabeçiliyində olan əsgərlərin ruh yüksəkliyini saxlamaq üçün belə etdiyini başa düşürdük. Diqqətlə ona qulaq asırdıq. Qaranlıqda siqaretinin közü havada cizgilər çəkirdi. Çingizin səsi qup-quru idi, arada uzun-uzadı fasilə verərək danışırdı, hiss olunurdu ki, həyatının intim təfərrüatlarını danışmağa onun özü də tərəddüd edir.
Sabah, on birinci gecənin tamamında, hava işıqlanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım. O gecə heç birimizin gözünə yuxu getmədi.
1
SARIŞIN, BƏYAZ TƏNLI BIR QADINDI
Çingizin Hekayəti
Uşaqlar, heç bilmirəm hardan başlayım söhbətə. Düzü, intim məsələlər haqqında danışmaq mənə görə deyil. İndi sizə danışacağım bu əhvalatı da, inanın, bu günə qədər heç kimsəyə danışmamışam. Ancaq indi, nədənsə danışmağa ehtiyac hiss edirəm. Bəzi şeylər var ki, insan onları əvvəl-axır kiməsə danışmalıdır. Bax, mən də sizə danışmaq istəyirəm ilk sevgim və ilk qadınım haqqında.
Bilmirəm bu mühasirədən salamat çıxa biləcəm ya yox, ancaq Allahdan daha bir şans istəyirəm, burdan qurtulsam düz onun Sovetskidəki evinə gedəcəm, qapısını döyəcəm və ona yalvaracam ki məni bağışlasın, elədiyim bütün səhvlərə görə günahımdan keçsin.
Onunla tanış olanda 19 yaşım vardı. Məndən 10 yaş böyükdü. Evinin yerini heç cür yadımda saxlaya bilmirdim. İri bir tut ağacı vardı qapılarının ağzında, əsas məsələ o tut ağacını tapmaq idi. Sovetskinin dolanbac küçələrində Nəzakətin evini axtarmaq indi həyatımın ən işıqlı xatirələrindən birinə çevrilib, inanın.
Cəsarət adlı uzaq qohumumun maşınında Nəzakətin iş yerinə gedirdik. Keşlə tərəflərdə dəmiryol stansiyasına gedib sonra geri qayıtmalıydıq. Bekarçılıqdan mən də yol yoldaşı olmuşdum. Nəzakət burada, dəmiryol stansiyasında işləyirdi. Yadımdadı ki, aylıq maaşını alacaqdı. Maşını idarədən aralı bir yerdə saxlatmışdı. Yolu kəsən böyük diametrli boruların üzərindən quş kimi hoppanaraq idarəyə doğru qaçdı, əynində geniş ətəkləri olan güllü bəyaz tumanı vardı, boruların üstündən adlayanda qəşəng baldırlarını görmüşdüm və çox xoşuma gəlmişdi. Cəsarət bicbala bir adamdı, o saat ürəyimdən keçənləri oxumuş, “isteyirsən munu sənə düzəldim” demişdi. Heç nə deməyib susmuşdum. Qohumum məni həyatın abırsızlıqlarına alışdırmaq vəzifəsini könüllü olaraq boynuna götürmüşdü. Deyəsən bu da mənim xoşuma gəlirdi, ona görə də səsimi çıxartmadım. Ancaq nəyə görəsə, Nəzakət haqqında dediyi bu sözlər xətrimə dəydi, ürəyimdə ondan incidim. Nəzakətə qarşı beynimdən gizli fikirlər keçmişdisə də, kənardan onları kiminsə oxuması qüruruma toxunmuşdu.
Bir az keçəndən sonra qayıdıb gəldi, yanında da özü yaşlarında bir kişi vardı. Çox nəşəliydi, gülür, danışır, ətrafa işıq saçırdı. Maşının arxa oturacağında mənimlə yanaşı oturdu, aradabir, söhbət əsnasında, heç nə olmamış kimi əlini dizlərimə toxundurur, maşın sağa-sola dönəndə rahatca qolumdan tuturdu. Eyni hərəkətləri Cəsarət ön sırada oturmuş adamla da edirdi. Bu qadının fınış olduğunu başa düşürdüm. Ancaq bu məni o qədər də hirsləndirmirdi. Onun yanımda olmasından çox xoşbəxt idim, istiliyini hiss edirdim və bu istiliyin azalmamasını diləyirdim. Görünür Nəzakət də bunu hiss edirdi, lom udmuş kimi oturan bu cavan oğlanın, bütün varlığıyla onun təsiri altında olması qadına ləzzət eləyirdi.
Çoxdanın söhbətidir, hər şey yadımdan çıxıb… Necə oldusa həmin gecə Nəzakətin evində qaldım. Sonradan tikilmiş məhəllə eviydi. Küçə qapısından girən kimi sola burulub ikiotaqlı mənzilin qapısına çıxırdın. Həyətin quruluşu eləydi ki, qonşuların diqqətini çəkmədən xəlvətcə bu evə gəlib-getmək olardı… Nəzakət süfrə açmışdı, biz üç kişi divanda və kresloda, o özü isə stulda oturmuşdu, tez-tez qalxıb süfrəyə nəsə gətirirdi. Bizimlə birgə araq içdi, – ilk dəfəydi qadının araq içməyini görürdüm. Ondan sonra daha da nəşələndi, mahnı oxuyur, bərkdən qəh-qəhə çəkib gülürdü.
Sarışın, bəyaz tənli bir qadındı, boğazının altına qırışlar düşmüşdü. Sakit oturanda üzündə dəhşətli kədər ifadəsi yaranırdı, çox qoca görünürdü. Ancaq, güləndə son dərəcə gözəlləşirdi, sanki bunu özü də bilirdi, buna görə də yeri gəldi-gəlmədi, hey gülürdü.
Arada gəlib divanda mənim yanımda oturdu, qolunu boynuma salıb özünə tərəf sıxdı, nə üçün heç nə danışmadığımı soruşdu.
– Nə danışım? – dedim sakit səslə.
– De görüm istədiyin qız varmı?
– Var idi, ancaq indi yoxdur.
Yenə qəhqəhə çəkib güldü:
– Gör necə düz danışır, var idi indi yoxdur…
Cəsarət, sonra adını unutduğum həmin adam siqaret çəkə-çəkə nərd oynadılar, sonra ikisi də birdən ayağa qalxıb sağollaşdılar, mənə ağzımı da açmağa imkan vermədən evdən çıxıb getdilər. Nəzakətlə evdə tək qalmağım qəlbimi sirli bir həyəcanla döyündürürdü. Sanki elə belə də olmalıydı, mən burada qalmalıydım, Nəzakət də buna təəcüblənməməliydi, sakitcə ayağa qalxıb süfrəni yığışdırmalı, qabları yumalı idi. Oğrun-oğrun ona göz qoyurdum, gözəl ayaqları, yuvarlaq arxası vardı. Bir azdan sonra bu qadın mənim olacaqdı, buna inanmağım gəlmirdi. Eyni zamanda qəlbimi dərin bir qüssə bürümüşdü, hər şeyin belə asanlıqla başa gəlməsinə təəssüflənirdim.
Deyəsən o özü də utanırdı, birdən-birə mənimlə nə cür rəftar edəcəyinə qərar verməmişdi. Təkrar masaya iki dilim kolbasa, şoraba və araq gətirdi. Ürəyimdən olmuşdu, mən də içmək və utancaqlığımı yox etmək istəyirdim. Üzündə hiyləgər təbəssüm vardı, sanki məni ovcunun içində tutmuşdu, hər şeyimi görürdü, onun bu təbəssümündən qaçmaq, gizlənmək çox çətin idi.
– Madam sevgilin yoxdur, onda qoy mən sənin sevgilin olum, – dedi, bic-bic gözümün içinə baxaraq, cavabımı gözlərimin içindən oxumaq istəyirmişcə lap yaxınıma gəldi. Ürəyim şiddətlə döyünürdü. Yox, əslində belə bir sevgili xəyal etməmişdim, ideallarım başqaydı. Ona yalan söyləmək istəmədim.
– Bilmirəm, – dedim.
Ən doğrusu da buydu, bilmirdim onu sevə bilərəm, yoxsa bilmərəm. Mənim düşüncəmə görə sevgililər bulvarda əl-ələ tutub gəzməli, öpüşməliydilər. Ərdə olmuş, boşanmış, yad kişilərlə qol-boyun olan bir qadından mənə nə sevgili olacaqdı. Ancaq, indi, bu saat kainatın bütün cazibə qüvvəsi bu sarışın, bəyaz tənli qadının üzərində toplanmış-dı, onun qarşısında iradəsiz idim.
Birdən yadına nəsə düşmüş kimi ayağa qalxdı, qapını kilidlədi, pərdələri əliylə düzəltdi. İşığı söndürüb başıyla mənə yataq otağına keçməyi işarət etdi. Üzünə yenə də kədər çökmüşdü. Deyəsən özünü zorla gülümsəməyə vadar etdi, əlimdən tutub məni arxasınca çəkdi.
– İstidən bişmirsən? Paltarını çıxart – dedi.
Paltarımı soyunub yatağa girdim. Onu gözləməyə başladım. İlk dəfə idi bir qadının soyunmasını görürdüm. Yəqin ki bundan sonra 50 il də yaşasam o mənzərə yadımdan çıxmayacaq. Şifonerin qapısı arxasında dayanıb bir-bir üstündəkiləri çıxarırdı, ancaq mən onu güzgüdə görürdüm. Səninçün soyunan qadın, bu elə xoşbəxtlik deyilən şeyin özüdür. Birdən qapının arxasından boylanıb “Baxma!” dedi. Üzündə yenə təbəssüm vardı. Məncə hər bir qadın bu soyunma anına xüsusi diqqət verməlidir. Kişi üçün dəyərli olan elə bu soyunma anıdır. Üstəlik, Nəzakət kimi gülümsünüb “Baxma!” deməlidir.
Bir dəqiqədən sonra artıq biz yataqda qucaqlaşmışdıq. Öpüşməyə başladıq. Yalnız indi hiss etdim, Nəzakətin ağzından dəhşətli iy gəlirdi, buna dözmək mümkün deyildi. Özü bunun fərqindəydimi, bilmirəm. Ancaq ilk gün də, sonrakı görüşlərimiz-də də mən onun nəfəsindən yayınmağa çalışırdım.
Elə o gecə öz əhvalatını mənə danışdı. Nəzakət kənd qızıydı. Orta məktəbi bitirən kimi onu öz istəyi olmadan bir oğlana nişanlayıblar. Ailə adlı-sanlıymış, ancaq oğlan elə ilk baxışdan qızın xoşuna gəlməyib. Ata-anasının iradəsinə qarşı gedə bilməyib. Bütün qızları elə bu cür ərə verirdilər, o da hər şeyin yaxşı olacağına inanıb. Ancaq elə toy gecəsi oğlanın iqtidarsız olduğu ortaya çıxıb. Oğlan tərəfi hay-küy salıb, qızın “bağlı” olduğunu deyiblər. Rayon yerində belə söhbətləri çox eşitdiyinə görə həqiqətən “bağlı” olduğunu düşünüb. Türkəçarə çağırıblar. Bağlı qızları açan bu qadın barmaqlarının arasında ülgüc tutaraq əlini Nəzakətin vajinasına soxub, problemi aradan qaldırıb. Ancaq qızcığaz ölüb ölümdən qayıdıb. Güclü qanaxma keçirib, təcili yardımla xəstəxanaya çatdırılıb. Bundan sonra 5 il evlilik həyatı yaşayıb, uşağı olmamaq adıyla boşayıblar. “Qaynatam yaxşı adam idi, – deyirdi Nəzakət, – ancaq qaynanam çox rəhimsizdi, məni məcbur boşatdırdı”. Sonra Bakıya köçüb Nəzakət. Bu balaca evdə kirayədə qalırmış.
Çox kasıb idi. Hər dəfə ona zəng edəndə Pasaj bazarının giriş qapısında görüşərdik. Bazarın alt qapısından girib mənə lazım olan şeyləri aldırardı, üst qapıdan çıxıb evə yollanardıq. Məktəbi təzə qurtarmışdım, heç yerdə işləmirdim. Bəzən istədiklərini ala bilməyəcəyimdən qorxub aylarla ona zəng etmirdim. Onu himayə edəcək bir adama ehtiyacı vardı. Mənimlə heç bir gələcəyinin olmadığını başa düşürdü. Bəlkə də buna görə yavaş-yavaş aranı soyutmağa çalışırdı. Bəlkə də yanılıram. Küçədə məni qarşılayanda üzündə yenə o qorxulu kədər ifadəsi olurdu. Sanki özünü bilərəkdən yaşlı göstərmək istəyirdi. Ancaq evdə, yarımqaranlıq məkanda yenə də ay kimi işıq saçardı.
Burdan salamat qurtarsam, birbaşa Nəzakətin yanına gedəcəm, həyatımda mənə xoşbəxt günlər yaşatmış o qadını tapacam, onun üçün əlimdən nə gəlirsə edəcəm…
2
GECƏYARI RƏQQASƏSI
Samirin hekayəti
Mənim qadınla ilk tanışlığım Ukraynada olub. Günlərin bir günü, məndən 3 yaş böyük olan əmim oğlu Zamin mənə birlikdə Ukraynaya getməyi təklif etdi. Bir il olardı əsgərlikdən gəlmişdi, kənddə avaralanıb dururdu, heç bir işin qulpundan yapışa bilmirdi. Soruşanda, “buralar ürəyimi sıxır, onsuz da çıxıb gedəcəm” deyirdi. Ukrayna qızlarıyla çəkdiyi keyflərdən mənə bol-bol danışardı.
– Əmoğlu, orda bilirsən necə qızlar var… Bu tərəfindən baxanda o tərəfləri görünür…
– Necə görünür? – soruşurdum.
– Şüşə kimidirlər də, yemək yeyəndə boğazlarından yemək görünür.
Ukrayna haqqında fantastik xəyallarım vardı, bu ölkəyə yollanmaq mənə yuxu kimi görünürdü. Məktəbi yeni qurtarmışdım, payızda onsuz da əsgərliyə gedəcəkdim, qismət olarsa Zaminin dediklərini öz gözlərimlə görəcəkdim. Ancaq o vaxta qədər gedib Rusiyanı görmək mənim üçün göydəndüşmə idi.
Avqustun axırlarında əmioğlumla Ukraynaya hazırlaşmağa başladıq. Getmək pulumuz düzəlmişdi, ancaq orada bir həftə qalmağın və geri qayıtmağın yolunu tapmalıydıq. Zamin bağçalarındakı narı toplayıb Ukraynaya aparmağı təklif etdi, bu işdə varsanmı dedi, varam dedim. Qərara gəldik, narları yığmaq üçün qutular tapdıq. Bu işə əmioğlu rəhbərlik edirdi, necə, hansı yolla, hara gedəcəyimizə o qərar verirdi. Əvvəlcə “malı” Bakıya aparmaq, ordan Kiyev qatarıyla yollanmaq istəyirdik. Sonra məlum oldu, Abxaziyada ruslar körpünü partlatdığına görə Tiflis-Kiyev qatarı Azərbaycan ərazisindən keçməyə başlayıb. Bu yeni reysdən çox adamın xəbəri yox imiş və buna görə də qatar demək olar ki boş olurmuş. Zamin gecə-gündüz vurnuxurdu, Göyçay stansiyasıyla kənd arasındakı yolu demək olar hər gün gedib-gəlir, məlumat toplayırdı. Bir anda plan dəyişdi, əl yükü nar aparacağımız halda, çəki bir tona yüksəldi. Kənddən özümüzlə apardığımız bir dəstə uşağın köməyilə yeşikləri sərnişin qatarına yüklədik, bütöv bir kupeni doldurduq, qonşu kupeni isə özümüz üçün tutduq. 1990-cı il, sentyabr ayının 2-si idi. Həyatımda ilk dəfə Azərbaycanın sərhədlərini aşacaqdım.
Vaqon bom-boş idi. Qonşu kupedə Volodya adlı bir Bakılı rus vardı. Tezliklə onunla dostlaşdıq. Yemək sırası gələndə süfrələrimiz birləşdi, Volodya masaya bir şüşə araq qoydu. Yeyib içib keflənəndən sonra danışmağa başladı. Qırx yaşlarında bir adam idi. Danışdıqlarından başa düşdüyümə görə arvadı arxasından bir təpik vurub qapıdan bayıra itələmiş, get pul qazan demişdi. Mənə çox yaşlı görünən bu adam Rusiyaya öz bəxtini sınamağa gedirdi. O da elə bizim günümüzdəydi: qayıtmağa pulu yoxdu, ancaq satmaqdan ötrü özüylə bəzi şeylər aparırdı:
bir balon tomat və arvadının hördüyü yun jaket.
Zamin rusca yaxşı bilirdi, Volodya ilə çənə vurur, mənsə tambura çıxıb pəncərədən geriyə axan təbiət mənzərələrinə baxırdım. Qatarla getmək xoşuma gəlmişdi. Getdiyim yerlərdə məni çox maraqlı əyləncələrin gözlədiyini bilirdim. Bayırda yağış yağırdı, üşüyüb içəri keçdim, bunu görən Volodya toxunma jaketi mənə uzatdı, geyinib onların yanında oturdum. Canıma istilik yayıldı. Bir azdan məni yuxu tutdu.
Ertəsi gün artıq Rusiya ərazisində idik. Vaqonumuz yeni sərnişinlərlə dolmuşdu. Volodyanın kupesinə girib jaketi qaytarmaq istədim, qalsın, hava soyuqdur dedi. İçəridə əsgərliyini bitirib evlərinə qayıdan cavan oğlanlarla yeyib-içirdi, danışıb-gülürdülər. Onlarla oturmaq təklifini qəbul etmədim, koridora çıxdım. Burada sarışın bir qız dayanıb pəncərədən çölə baxırdı. Son dərəcə gözəl idi. Deyəsən Zaminin dediyi həmin qızlardan biri idi, həqiqətən də mənə elə gəldi bu qızın bu tərəfindən baxanda o tərəfi görünürdü. Məndən saatı soruşdu. Beləcə tanış olduq. Adı Lena idi. Dərin ruscam yox idi, ancaq Lena ilə ordan-burdan söhbət etdik, sən demə artıq ərə gedib, boşanıb, bir uşağı da var. Mən də “bizneslə” məşğul olduğumu, Ukraynaya nar apardığımı söylədim. Lena Ukraynanın Vinnitsa şəhərində yaşayırdı. Telefonunu verdi, Vinnitsaya gəlsən mənə zəng et, dedi. Sonra öz kupesinə çəkildi. Mən də şirin xəyallar içərisində öz kupemə çəkildim. Zamindən Vinnitsa şəhərinin harada olduğunu, oraya gedib-getməyəcəyimizi soruşdum. Biz elə Vinnitsaya gedirik sözünü eşidəndə sevincimdən az qala qışqırdım. Lena haqqında Zaminə danışdım. Eh, darıxma hələ, o qədər Lena görəcəksən ki, dedi.
Qatar Kiyevə çatanda dan yeri ağarmağa başlamışdı. Mən Volodyanın kupesinə keçib onu oyandırdım, jaketi qaytardım, çox sağ ol dedim. Yaddaşımda nəcib bir insan kimi qalıb Volodya… Yuxulu gözlərini ovuşdurub, key kimi oturdu, cavab olaraq nəsə mızıldadı. Sonra birdən diksinən kimi oldu, tez sıçrayıb pencəyini qapdı, ciblərini yoxladı və ağır zərbə almış kimi zarıdı. Axşam yeyib-içdiyi əsgərlər cibindəki olan-qalan pulunu da oğurlamışdılar. İndi Volodyanın avtobusa verməyə belə pulu yox idi.
Nar yeşiklərini perrona daşıdıq. Bir az sonra baş verən hadisə Ukrayna haqqındakı bütün xoş xəyallarımı qara pərdəyə bürüdü. Bir dəstə cavan oğlan bizə yaxınlaşdı. Mallar kimindir, soruşdular. Məlum oldu ki, bunlar “reket”dir. Zamin irəli yeriyib onlarla “razborkaya” girdi. Kənara çəkildilər. Nəylə qurtaracağını bilmədiyim bu söhbətlər məni çox qorxudurdu. Zamin qayıdıb gəldi, pox yeyirlər, dedi, bir köpük də verən deyiləm. Sonra məni yükün yanında qoyub Vinnitsaya gedən qatarları axtarmağa getdi. Ən xoşagəlməzi də elə bu idi. Yad yer, hava soyuq, cavan oğlanlardan biri 20 metr aralıda dayanıb gözlərini mənə zilləyib. Öldürücü təsiri vardı bu baxışların. Bu bir cüt gözdən qurtulmaqdan ötrü bütün “mal”dan əl çəkməyə hazırdım. Zamin isə görünmək bilmirdi. Bir az aralıda Volodya məzlum-məzlum səkinin üstündə oturmuşdu. Bu ağır saatda nar qutularından aralanıb Volodyanın yanına getmək böyük təsəlli idi. Birlikdə siqaret çəkdik. Volodya Kiyev ətrafındakı bir qohumugilə getməkdən ötrü elektriçka biletinə yetəcək qədər pul istədi məndən. Öz kasıb büdcəmdən ona 1 rubl verdim. Yaşarmış gözlərində təbəssüm vardı, nəsə demək istəyirdi, ancaq minnətdarlıq hissi deyəcəyi sözlərdən daha güclü idi. Pulu almağa bənd imiş kimi, çantasını götürüb uzaqlaşdı.
Bundan sonrakı günlərdə də bir neçə dəfə bu hal təkrar oldu: Zamin məni yükün yanında qoyub harasa yox olur, o gəlib çıxanacan o dünyanı görüb qayıdırdım. Nəhayət qayıdıb gəldi, yanında kürən bir xoxol vardı. Reketlərin başçısı deyəsən bu adam idi. Artıq mənzərə dəyişmişdi; bayaqdan bizi hədələyən cavan oğlanlar yeşikləri qonşu platformaya daşımağa başladılar. Əmoğlum allahın bəlası idi, onlarla necə dil tapmışdısa canla-başla qulluğumuzda hazır idilər. Ən qəribəsi bundan sonra oldu. Vinnitsaya başqa sərnişinlər kimi getmirdik. Yükümüz qatarın əks tərəfindəki lokomotivin kabinəsinə yüklənmişdi. Biz də maşinistin yerində oturub sürətlə uzaqlaşan qatarın geridə buraxdığı yollara baxırdıq. Sevincimizdən bağırırdıq, mahnı oxuyurduq, sanki bütün dünya bizim olmuşdu.
Vinnitsada Vera Nikolayevnanın evinə gəldik. Vera Nikolayevna Nadejdanın anası idi. Nadejda Zaminin köhnə sevgilisi. Nadya özü də qonşuluqda yaşayırdı. Təsadüfən Şimaldan məktəb rəfiqəsi – Lyüdmila qonaq gəlmişdi. Birdən-birə böyük bir şənliyin içinə düşmüşdük. Lüdmila hırhırının biriydi, tez-tez adamı qucaqlayır, sürtüşürdü. Pivə içməkdən çəlləyə dönmüşdü, qırmızı yanaqları, dombalan gözləri vardı. Lüdmila Vinnitsada doğulmuş, ancaq Arxangelskə ərə getmişdi. Düzdür orada maaşlar yüksək idi, ancaq bir ayağı buradaymış, gec-tez Vinnitsaya qayıdacaqmış. Elə ilk saatlardan bir-birimizi çoxdan tanıyırmış kimi olduq. Zamin mənə göz vurub, “hə necədir, xoşuna gəlir, istəsən…” deyirdi, ancaq mənim ağlım Lenanın yanında idi.
Zaminlə birlikdə onun tanıdığı yerli kooperativlərə gedir, gətirdiyimiz malı təklif edirdik. İşlərimiz yaxşı getmirdi. Pulumuz qurtarmaq üzrəydi. Ertəsi gün Zamin qatara minib Çernovtsı şəhərinə yollandı. Rumınya ilə sərhəddə yerləşən bu şəhərdə böyük baraxolka (bit bazarı) vardı. Zaminin coğrafiyası şəhərlərə görə deyil, sevgililərə görə dəyişirdi. Sevgilisi olan şəhərlər onun vətəni idi. Mən Vera Nikolayevna ilə tək qalmışdım. Son dərəcə təmizkar olan bu qadının zəif damarı vardı. Masamızın üzərindəki araq butulkasına gözucu baxırdı. Ürəyindən keçəni anlayıb ona içki təklif edirdim. “Yox, yox, olmaz” deyirdi, ancaq tərəddüdü üzündən oxunurdu.
– Bəlkə bir damcı içəsiniz?
– Hə, bir damcı olar…
Sonra bu bir damcı bir qədəh olurdu. İradəsini toplayıb:
– Artıq bu qədər yetər – deyirdi.
Həqiqətən də azacıq içki ona yetirdi, kefi yaxşılaşır mahnı oxuyurdu.
Axşam Lena ilə görüşdüm. Ukraynada, gözəl bir qızla parkda dolaşıram, nə edəcəyimi bilmirəm, ruscam zəifdir, cibimdə qəpik-quruş var. Onunla nə söhbət etdiyim yadımda qalmayıb. Yadımda qalan budur ki, Lenanın pula ehtiyacı vardı, Türkiyəyə işləməyə getmək istəyirdi, ancaq bunu necə edəcəyini bilmirdi. Mənim düşüncələrim daha romantik idi, parkda onunla qucaqlaşmaq, öpüşmək istəyirdim. Lena istəklərimi geri qaytarırdı. Yalnız indi başa düşürəm, ona yardım etməliydim, bir qafqazlıyla yaxınlıq etməsinin başqa səbəbi ola bilməzdi. Tək körpəsi ilə ehtiyacın son həddinə gəlmişdi. Ancaq o zaman bunu başa düşmürdüm, başa düşsəydim belə, Lenanın axtardığı qafqazlı mən deyildim, yəqin ki sabah pulum olacaqdı, ancaq bu gün, bu axşam yoxsul idim. Həm də, Lenayla pul qarşılığında sevgi yaşamaq istəmirdim. Bəlkə də həyatımı ona bağlaya bilərdim, qal desəydi onunla orada, Vinnitsada qalardım, ancaq Lenanın düşüncələri başqaydı.
Dükandan yeyəcək bir şeylər və içki aldıq, Lenanın evinə yollandıq. Kiçik jurnal masasında süfrə açdıq, tanışlığımızın şərəfinə yarım qədəh “qrilka” içdik. Plastinkada musiqi qoydu, rəqs etməyə başladıq. Köynəyinin altından əlimi çılpaq kürəyinə toxundurdum. Qeyri-adi bir istilik vardı bədənində. Lena bu tərəfindən baxanda o tərəfi görünən həmin o qızlardandı…
Qapı döyüldü. Lena gözlükdən baxıb:
– Ərimdir, – dedi.
Necə dəhşətli qorxu hissi keçirdiyimi təsəvvür edin. Artıq hər şey bitdi, bu iş qanla qurtaracaq deyə düşündün. Bir anda nə edəcəyimi götür-qoy etməyə başladım. Gözümün ucuyla masanın üstündəki bıçağı işarətlədim. Ayaq üstə dayanıb gözləməyə başladım.
Lena soyuqqanlı idi. Üstünü qaydaya saldı, tələsmədən gedib qapını açdı. Cavan oğlan içəri girdi, demək olar ki üzümə də baxmadan:
– Bağışlayın, narahat etmək istəməzdim… – deyib, soyuducuya yaxınlaşdı, içki şüşəsini götürüb sağollaşıdı, qapını arxasınca çəkib yox oldu. Lena da gedib qapının zəncirini keçirtdi.
Bu hadisə ovqatımı korladı. Bəlkə bir az içsəm özümə gələrəm dedim. Ancaq Lena daha içmək istəmirdi. Əlindən tutmaq istədim. Yenə könülsüz idi. Balaca çarpayıda uşaq yuxudan oyanıb ayaq üstə qalxmışdı, çarpayının kənarlarından yapışıb dartınır, sanki idman edirdi.
Ərindən yenicə boşanmışdı, hələ rəsmi işləmlər tamamlanmamışdı. Ağlıma gəldi, bəlkə də yad bir kişini evinə gətirməklə ərindən qisas almaq, “bax, mən heç də bədbəxt deyiləm” demək istəyirdi. Artıq bu vəzifəni tamamlamış kimiydi. Çünki, tamamən süstləşdi, öpüşlərimə cavab vermədi, əlinin yüngül hərəkətiylə məni özündən kənarlaşdırdı.
Lenayla sevişmədən ayrıldıq.
Vera Nikolayevna ilə evdə tək qalmışdım. Qonşu mənzildə Lyuba da tək qalmışdı, çünki Nadejda “çamadan ticarəti”ylə məşğul olurdu, biz gəldiyimiz günlərdə Türkiyə səfərinə hazırlaşırdı, bu axşam Kiyevə yola düşmüşdü. Babuşka Vera dadlı borş bişirmişdi.
Der kostenlose Auszug ist beendet.