Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Alfred Nobel»

Schriftart:

Həyat ana təbiətin bizə bəxş etdiyi qeyri-adi hədiyyə, qiymətli daşdır. Biz bu daşı o qədər cilalamalıyıq ki, onun parıltısı yolumuza işıq salsın.

Alfred Nobel

I FƏSİL

Beynimdə yaranan minlərlə ideyadan yalnız biri uğurlu alınırsa, məmnun qalıram.

Alfred Nobel

Alfred Nobelin atası Emmanuel Nobel

1815-ci ildən etibarən Avropada ciddi dəyişikliklər baş verirdi. Fransada Napoleon dövrünün şan-şöhrəti arxada qalmış, qitədə yeni böhranlı dövr başlamışdı. Qanlı-qadalı müharibələrdən keçən İsveç də həmin vaxt yoxsulluq içində idi. Bircə dəniz vasitəsilə taxta-şalban ticarəti tədricən inkişaf edirdi. Bu da sonralar ölkəyə böyük faydalar gətirəcəkdi.

Kitabımızın qəhrəmanı Alfred Nobelin atası Emmanuel Nobelin uşaqlığı məhz belə bir çətin vaxta təsadüf edirdi. O, 1801-ci ildə İsveçin liman şəhəri Evledə anadan olmuşdu. Onun ana tərəfdən qohumları arasında bir neçə dənizçi var idi. Odur ki Emmanuel də özünü bu sahədə sınamağı qərara aldı. 1816-cı ildə, cəmi on beş yaşı olanda həmin dövrün ən yaxşı yelkənli gəmilərindən birinə matros düzəldi. Bu gəmilərdə sərt nizam-intizam hökm sürürdü, bu nizam-intizamı pozanları isə çox vaxt fiziki cəzalar, hətta işgəncələr gözləyirdi. Bütün bu çətinliklər gənc Emmanuelin formalaşmasında, polad iradəyə sahib olmasında böyük rol oynadı. Üstəlik, dəniz səyahətləri onun dünyagörüşünü əməllicə artırdı.

Emmanuel 1818-ci ildə gəmi səfərindən Evleyə qayıtdı və kimya ilə maraqlanmağa başladı. Hərbi həkim olan atası oğlunun bu həvəsinə o qədər də baş qoşmurdu. O, oğlunu yeni dokların1 tikintisinə göndərmək qərarına gəldi. Orada Emmanuelin mexanika və çertyoj sahəsində bacarığı diqqəti cəlb etdi. Elə bu bacarıq da onu Stokholm Akademiyası yanında memarlıq məktəbinə gətirib çıxardı. Bir müddət sonra laborant vəzifəsinə qəbul olundu. Memarlıq təhsilini başa vurduqdan sonra isə o vaxtlar Stokholmda həyata keçirilən tikinti və bərpa işlərində iştirak etməyə başladı.

1830-cu ildə Fransada İyul inqilabı baş verdi. İnqilabda iştirak edən fəhlələr hakimiyyətdə olan Burbonlar sülaləsinin devrilməsinə, demokratik ideyaların genişlənməsinə nail oldular. İsveç Fransadan xeyli uzaqda olsa da, bu ölkədə baş verən inqilab paytaxt Stokholmdakı burjuaziyanın əl-qolunu işdən soyutdu. İndi onlar öz vətənlərində də inqilab olacağından qorxurdular.

Bu əndişə tezliklə özünü doğrultdu. Fransada baş verən hadisələr İsveçdə sosial mübarizəyə təkan verdi. Siyasi vəziyyət pisləşdi, inflyasiya və qıtlıq dolanışığı daha da ağırlaşdırdı. Aclıq başladı. 1838-ci ilin yayında isə ilk üsyan qalxdı. Həmin dövr tarixdə həm də Amerikaya kütləvi mühacirətlə yadda qalıb…

Belə bir vaxtda Emmanuel Nobel ölkəsinin iqtisadi həyatında fəal iştirak edirdi. O, körpülər tikməyə, bundan başqa, dəzgahlar və avadanlıqlar istehsal etməyə başlamışdı. Onun iti zəkası, daim nələrsə icad etmək həvəsi sonralar oğlu Alfredə «miras qalacaqdı». Dəzgahqayırma sahəsində fəaliyyəti dövri hərəkətin irəli hərəkətə çevrilməsini icad etməsinə imkan yaratdı. Emmanuel Nobel bu kəşfini 1828-ci ildə patentləşdirdi.

Emmanuel atasının hərbi keçmişini də unutmamışdı: eyni zamanda döşək, xilasedici jilet və üzən platformanın bir hissəsi kimi istifadə oluna bilən rezin əsgər çantasını icad etməsi də, yəqin ki, buradan qaynaqlanırdı. Həmin çantanı istehsal etmək üçün o, 1835-ci ildə İsveçdə ilk kauçuk zavodunun əsasını qoydu. Onun kimyaya göstərdiyi həvəs illər keçdikcə daha da artırdı. Laboratoriyası olmadığından ev şəraitində partlayıcı maddələrlə təhlükəli təcrübələr keçirirdi. Emmanuel «metal korpusun içində olan barıt vasitəsilə düşmən qüvvələrini suda və quruda məhv etmək üçün» mərmi hazırlamağa cəhd göstərdi. Söhbət adi minadan gedirdi. Sonradan bu ixtirasını İsveç hökumətinə təklif etdi. Ancaq hərbi neytrallığını saxlamağa və müharibələrə qoşulmamağa çalışan yerli hökumət həmin vaxt bu ixtiraya heç bir maraq göstərmədi.

Alfred Nobelin anası Andrietta Altsel

1825-ci ildə Emmanuel Nobel kəndli ailəsindən çıxmış Andrietta Altsellə ailə qurdu. Andrietta İsveçin cənubunda yerləşən Smolandda doğulmuşdu. Ata-babaları kimi o da məhrumiyyətlərə qarşı çox dözümlü idi. Bu isə Andriettaya həyatı boyu qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməyə kömək elədi. O, həmişə öz ərinə dayaq durmağı bacardı. Onun sonradan Stokholma köçən valideynləri qızlarını gözləyən çətinlikləri hiss eləsələr də, cavanlara xeyir-dua verdilər.

Gənc ailənin maddi vəziyyəti get-gedə pisləşirdi. Onlar ucuz ev axtarışı ilə yaşayış yerini tez-tez dəyişməyə məcbur olurdu. Az qala hər dəfə yeni mənzilə köçəndə isə ailənin növbəti uşağı dünyaya gəlirdi.

Andrietta on bir uşaq doğmuşdu: səkkiz uşaq İsveçdə, üç uşaq Rusiyada dünyaya gəlmişdi. Onlardan isə yalnız üçü on üç yaşını adlaya bilmişdi.

1832-ci ildə Emmanuel evdə olmadığı vaxt böyük bir yanğın baş verdi və bütün məhəlləni bürüdü. Andrietta son məqamda üç uşağı ilə birlikdə xilas ola bildi. Lakin ev içindəki əşyalarla birgə yanıb kül oldu. Ailə tamamilə var-yoxdan çıxdı.

Emmanuelin həmin dövrdə çəkilmiş fotoşəklinə baxanda ciddi sifəti, dalğın baxışları olan bir adam görürük. Onun sifətindən nəsə bir narahatlıq, narazılıq oxunur. Bu narahatlıq, bəzi xəstəliklər – miqren, döş anginası – sonralar atasından Alfred Nobelə keçəcəkdi.

Alfred Nobelin anadan olması

Alfred Bernhard Nobel 1833-cü il oktyabrın 21-də doğulub. O vaxt ailə Stokholmun mərkəzində yaşayırdı. Alfredin doğulduğu ev indi də qorunub saxlanılır. Elə də gözəgəlimli olmayan bu mansardalı ikimərtəbəli evin birinci mərtəbəsində əvvəllər mağaza yerləşirdi. Emmanuel ev kirayəsini zorla ödəyə bilirdi. Balaca Alfred isə vücudca və səhhətcə çox zəif idi. Emmanuel ilə Andrietta onun və o biri uşaqların həyatda qalması üçün gecə-gündüz işləməli olurdular.

Alfred Nobel on səkkiz yaşında avtobioqrafik poema yazacaqdı.

 
Mənim beşiyim ölünün çarpayısına oxşayırdı,
Uzun illər anam yuxusuz qaldı başım üstündə
Narahat, qorxa-qorxa,
Çünki bu odun sönməməsinə ümid az idi.
Özümdə güc tapıb nəfəs alanda
Qıcolmadan başlayırdım boğulmağa.
Bədənim üzgün halda titrəyirdi,
Hər an gələcək ölümü gözləyərək.
 

Bu şeir parçasının son misrasından fərqli olaraq Nobelin ömürboyu «ölümü gözlədiyini» söyləyə bilmərik. O, daim yaşamaq və yaratmaq eşqi ilə çırpınırdı: heç vaxt intihar haqqında fikirləşməmiş, ən çətin anlarda belə, həyata olan ümidini üzməmişdi. Lakin həmişə diri-diri basdırılacağından – hələ nəfəsi gedib-gələrkən dəfn ediləcəyindən qorxurdu. Çünki Alfredin yaşadığı dövrdə həkimlər belə səhvlərə tez-tez yol verirdilər: bəzən xəstə hələ canını tapşırmadan ölmüş hesab edilir və məzara qoyulurdu…

Emmanuel Rusiyada

Çətin gün-güzəran Emmanueli nəsə başqa addımlar atmağa məcbur edirdi. Bu yerdə valideynləri dadına çatdılar: iş dalınca Rusiyaya gedə bilməsi üçün ona yolpulu verdilər. Andrietta üç oğlu – Robert, Lüdviq və Alfredlə Stokholmda qaldı: dolanışıq üçün normal pul qazananda ərinin yanına köçəcəkdi.

Üç uşaqla tək qalan Andrietta valideynlərinin və dostlarının köməyi ilə dükan açdı. Beş il ərzində süd və tərəvəz satıb güc-bəla ilə ailəsini dolandırdı.

Xəstəhal uşaqlıq Alfred Nobelin bir insan kimi formalaşmasına böyük təsir göstərir. O, yaşıdları ilə oynaya bilmədiyindən qapalı həyat sürürdü. Məktəbə isə vur-tut səkkiz yaşında gedə bilmişdi. Bütün bunlar uşaq yaşlarından onu adamayovuşmaz eləmişdi. Həmin çətin illəri Alfred öz poemasında belə xatırlayırdı:

 
Budur, yenə uşağam.
Zəiflik qoparıb onu
Yaşadığı dünyadan.
Dostları oynayır,
O isə fikirli bir tamaşaçı;
Öz yaşının gözəlliyindən
Ala bilmir ləzzəti.
Gələcəyə qanadlanır düşüncələri.
Xəyalları uçur
Ağlının əlçatan yerlərə qədər.
Onda bəlli deyildi
Bu uçuşu dayandırmağın yolları.
Heç olmasa, nəşəli arzuların
Sərhədlərinə toxunmaq!
Kədərli keçmişim, kədərli indim
Bəlkə, xoşbəxt gələcəyə ilk addımımdır?!
 

Stokholmdakı ibtidai məktəblərin birində cəmi bir il oxusa da, bu müddətdə Alfred özünü yaxşı şagird kimi göstərə bilmişdi. Düşdüyü yeni aləmdə onun özünü necə hiss etdiyi barədə heç bir məlumat yoxdur. Ancaq uşaqların xarakterinə bələd olduğumuzdan, onların zəiflərlə qəddarcasına davrandıqlarını bildiyimizdən Alfredin çətin vəziyyətə düşdüyünü anlamaq olar. Yəqin, bu səbəbdən məktəbə yalnız bir il gedə bildi. Buna baxmayaraq yetkin yaşlarında o artıq bir neçə dil öyrənmişdi və hərtərəfli biliyi ilə hamını heyrətləndirirdi.

Atasının yanında olmaması uşağı get-gedə daha çox sıxırdı. Emmanuel onun üçün yalnız göndərdiyi məktublarda mövcud idi. O haradasa uzaqlarda ailənin firavan yaşayışını qurmağa çalışırdı. Fədakar atanın məskunlaşdığı ilk yer Finlandiyadakı Turku şəhəri idi.

Minanın ixtirası

1809-cu ildən Finlandiya Rusiyanın tərkibində idi. İlk vaxtlar hamıya elə gəlirdi ki, bunda pis heç nə yoxdur, çünki mədəni və siyasi həyatda nəzərəçarpacaq irəliləyiş baş vermişdi. Ancaq rus hökuməti yerli əhaliyə qarşı amansız ruslaşdırma siyasəti aparmağa başlayanda bütün illüziyalar darmadağın oldu.

Emmanuelin məskunlaşdığı Turku şəhəri körfəz kənarında yerləşdiyi üçün vətəni Evleni xatırladırdı. Yeri gəlmişkən, 1827-ci ildə baş verən yanğında ölkənin bu ən qədim şəhərinin dörddə üçü məhv oldu. Bərpa işləri uzun illər sürdü. Bu işdə Emmanuel Nobel də iştirak etdi və onun ucaltdığı binalar indi də qalır.

1840-cı ilin baharında Emmanuel Nobel Sankt-Peterburqa köçdü. Həmin vaxt Rusiyanı I Nikolay idarə edirdi. Fransada 1830-cu ildə baş verən inqilabdan dərhal sonra monarxiyanın və rus milliyyətçiliyinin qatı tərəfdarı olan I Nikolay ölkəsinin limanlarını bu ölkəyə aid gəmilərin üzünə qapatdı. Üstəlik, Burbonları hakimiyyətə qaytarmaq üçün Avstriya və Prussiya2 ilə ittifaqa cəhd etdi. Bundan başqa, I Nikolay Fransada güclənməkdə olan respublika ideyalarına3 qarşı çıxdığından Belçikadakı oxşar inqilabı yatırmaq istədi. Ancaq başqa hadisələr onun planına mane oldu: Varşavada qiyam başladı. I Nikolay oraya qoşun göndərməli oldu. Polşa konstitusiyası ləğv edildi, ölkənin özü isə Avropa xəritəsindən silindi. Yalnız 1918-ci ildə, I Dünya müharibəsindən sonra Polşa uzun mübarizə və çətinliklərdən sonra müstəqil ölkə kimi yenidən dünya səhnəsinə qayıtdı. Polşanın ardınca I Nikolay Macarıstandakı milli azadlıq hərəkatını darmadağın etdi, bu da birbaşa Nobellərin taleyinə təsirsiz ötüşmədi.

Ümumiyyətlə, I Nikolay özündən sonra heç də yaxşı izlər buraxmayıb. Onun hakimiyyətdə olduğu müddətdə polis hər yerə, hamının işinə burnunu soxurdu. Ölkədə sərt senzura hökm sürürdü. Ancaq nə qədər qəddar olsa da, I Nikolayın incəsənətdən başı çıxır və onu yüksək qiymətləndirirdi. Müxalif yazıçıların rəğbətini qazanmağa çalışır, onlara yardım edirdi. Millətçi olmasına baxmayaraq Rusiya imperiyasının ərazisində məskunlaşmaq istəyən əcnəbilərə xeyirxahlıqla yanaşırdı. Vergiləri müntəzəm verəndə isə onlara hətta müəyyən güzəştlər də edirdi. Və bütün bu güzəştlər əcnəbilərin böyük var-dövlət sahibi olmasına imkan yaradırdı.

Emmanuel məhz bu səbəbdən bəxtini Rusiyada sınamaq istəyirdi. Ona görə də çar ordusu generalı Oqaryovun qəbuluna gedib icad etdiyi «dəmir korpusun içindəki barıtdan» söhbət açdı. General belə silahın faydalı olacağını düşünüb Nobelə öz axtarışlarını davam etdirməyi məsləhət gördü.

Emmanuel bir müddətdən sonra minanın gücünü hərbçilərə nümayiş etdirəndə, axır ki, çoxdan gözlədiyi uğura qovuşdu. Rusiya İsveçdən fərqli olaraq Nobelə lazım olan vəsaiti ayırdı.

Nobel bu uğurla kifayətlənməyib dövr edən qaynar su vasitəsilə Rusiyada ilk dəfə olaraq qızdırıcı sistem yaratdı. Bu yalnız başlanğıc idi. Daha da irəliyə getmək lazım idi.

Kimyanı dərindən bilmədiyindən onun eksperimentləri bəzən təhlükəli xarakter alırdı. Partlayıcıları quraşdırmağı başqalarına qadağan edir, həyatı bahasına olsa da, bu təhlükəli işi öz üzərinə götürürdü. Hansı qüvvələrin onu ölümdən qoruduğunu isə demək çətindir…

Andrietta və oğullarının Sankt-Peterburqa gəlişi

Öz məqsədinə çatıb kifayət qədər varlanandan sonra Nobel anladı ki, artıq ailəsini İsveçdən gətirə bilər. 1842-ci ildə Andrietta üç oğlunun müşayiəti ilə Sankt-Peterburqa gəldi. Onda Alfred Nobelin doqquz yaşı vardı. Onun qarşısında yeni dünya açılmışdı, kasıblıq isə tədricən xoşagəlməz xatirəyə çevrilirdi…

Sankt-Peterburqa gəlişindən bir il sonra Andriettanın oğlu Emil, sonra isə daha iki uşaq – oğlan və qız dünyaya gəldi. Ancaq İsveç kimi Sankt-Peterburqda da həmin illərdə uşaq ölümlərinin sayı çox yüksək idi. Bu səbəbdən də Emmanuel Nobelin Rusiyada doğulan uşaqlarından yalnız Emil sağ qaldı…

Stokholmla Sankt-Peterburqu eyniləşdirən xüsusiyyət onların hər ikisinin bataqlıqda salınması idi. İki şəhər arasında oxşarlıq bununla da bitirdi. Stokholm o dövrdə başdan-başa «çirkab sularının axıdıldığı arx» idi, evlər necə gəldi, səliqəsiz halda səpələnmişdi. Sankt-Peterburq – bu «Şimal Venesiyası» isə memar Leblonun layihəsi əsasında tikilmişdi. Barokko4 və klassik üslubda ucaldılmış binalar ona başqa şəhərlərə xas olmayan əzəmət verirdi. Burada dünya Nobellərin gözündə gözəlləşmişdi. Andrietta və uşaqları İsveçdə görmədikləri həyatı, cah-calalı yalnız burada daddılar. Emmanuel Nobelin uğuru fantastik idi. O qədər fantastik idi ki, bir-iki il ərzində Stokholmdakı bütün borcları ilə üzülüşə bildi. Uşaqlar məktəbə getmirdilər, ataları onların təhsilini evə gələn bir neçə müəllimə tapşırmışdı. Onların arasında kimya müəllimi Nikolay Zinin5, xarici dil və tarix müəllimi isveçli B.Lare Santesson da var idi.

Bu iki şəxs Alfred və qardaşlarına son dərəcə böyük təsir göstərmişdi. Alfred Nobel yetkinlik yaşında İsveç, rus, alman, fransız və ingilis dilində sərbəst danışır, dünya tarixini gözəl bilirdi; Nikolay Zinindən aldığı biliklərin ona olan faydasına isə şübhə etməyə dəyməzdi. Alfredin şəxsiyyət kimi formalaşmasında Persi Biş Şellinin6 poeziyasının, rus ədəbiyyatının da rolu az olmayıb. Fiziki cəhətdən zəif olan bu uşaq hər şeyə maraq göstərir, biliyə can atır, oxuduqlarını tezcə qavrayırdı. O bir dəfə də olsun, imtahan verməmişdi. Buna baxmayaraq zavodda atasına kömək eləyirdi, sonralar isə orada mühəndis oldu.

Həyatda elə də ünsiyyətcil olmayan Emmanuel qaynı Lüdviqə yazırdı: «Ailəmizdə hamı Alfredin biliyinə, əməksevərliyinə mat qalıb». Öz inadkarlığı sayəsində varlanan bu adamın oğlu haqqında tərifi, əlbəttə, heç də boş sözlər deyildi.

Alfredin gənc yaşlarındakı fotoşəkillərində onun atasından çox anasına oxşadığını görürük. Heyif ki, ona irsən anasının sağlamlığı keçməyib. Ancaq fiziki cəhətdən zəifliyinə baxmayaraq çox zəhmətsevər olduğunu bilirik. Alfredin bitib-tükənməyən daxili enerjisi həyatı boyu onu izləyən xəstəliklərə qarşı mübarizə aparmasına kömək etdi.

Bu ortaboylu, həyatsevər, zəif, eyni zamanda ciddi oğlanın gözlərindən həmişə kədər oxunurdu. Ruh düşkünlüyünə səbəb olan bu kədər Alfredə əzab verirdi.

Həyatda arzularına çatmaq üçün təkcə zəhmətsevərlik kifayət etmir: sistemli təhsil almaq lazımdır. Emmanuel Nobel istəmirdi ki, oğlu da onun özü kimi biliklərinin mükəmməl olmadığından əzab çəksin. Həmin vaxt isə Rusiyada münasib təhsil almaq mümkün deyildi. Oğlunu hansısa universitetə göndərə də bilərdi, ancaq buna diplom və zəmanət lazım idi. Emmanuel belə qərara gəldi ki, Alfred üçün öyrənməyin ən yaxşı yolu səyahət ola bilər…

II FƏSİL

O, son dərəcə gənc idi. O qədər gənc idi ki, gəncliyi vaxtsız qocalıqdan xəbər verirdi.

Filip Supo

Alfred səyahətə çıxır

Gənc Alfred Nobelin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, İtaliya və Almaniyaya səyahəti nə az, nə çox – düz üç il uzanacaqdı…

Alfredin heç nəyə xüsusi heyranlıq hissi yox idi; bu onu yaşıdlarından fərqləndirirdi. Şübhəsiz, ruh düşkünlüyünə meyilliyi onu bu duyğudan məhrum eləmişdi. Buna görə də ucsuz-bucaqsız okean Alfredə xəyallarında olduğu kimi təsir etmədi və bu məyusluğun izlərinə onun poemasında rast gəlirik:

 
Dənizlərin o tayındakı torpaqları görmək üçün
Tərk etdim doğma yurdu gənc yaşlarımda.
Okean öz böyüklüyü ilə canlandı qarşımda,
Ancaq onun hüdudsuzluğu məni heyrətləndirmədi,
Çünki təsəvvürümdə o daha nəhəng idi.
 

Beləcə, Alfred Nobel ömründə ikinci dəfə evdən ayrıldı. Ancaq bu ayrılıq ona ağrıdan, məyusluqdan başqa heç nə vermədi. Bu sarsıntı o qədər güclü idi ki, uzun illər ərzində özünə daimi sığınacaq tapa bilməyəcəkdi. Nədən belə idi? Hər şeyin bir dəfə olduğu kimi, yenə dağılacağı, məhv olacağı qorxusundanmı?

Onun səyahəti 1851-ci ildən başladı. Həmin vaxtlar səyahətə çıxmaq elə də asan məsələ deyildi, çünki nəqliyyat vasitələri inkişaf etməmiş, dəmiryolları isə yenicə yaranmağa başlamışdı.

Təəssüflər olsun ki, gənc Nobelin öz səfəri haqqında heç bir xatirəsi yoxdur. Poema bununla bağlı onun yalnız hiss-həyəcanlarını əks etdirir.

Çox heyif ki, bu dövrdə Alfred daha çox öz daxili aləminə aludə idi. Yoxsa Almaniyanın birləşdiyi7 məqamda onun iti zəkası bizə həmin dövr haqqında bir çox qiymətli məlumatlar verə bilərdi.

O ki qaldı Fransaya, Alfred bu ölkəni 1848-ci il inqilabından sonra yaranmış böhranın ağuşunda gördü. O bu ölkəni elə sevəcəkdi ki, bir neçə ildən sonra orada yaşamaq qərarına gələcəkdi. Alfredin nitroqliserinin8 vətəni İtaliyada olması barədə isə bizə, demək olar, heç bir məlumat çatmayıb. Gələcəkdə Alfred orada da öz laboratoriyasını yaradacaqdı.

Gənc Nobel həmin dövrdə Amerika sənayesinin inkişafı barədə heç nə deməyib. Həmin vaxt Amerikada köləliyə qarşı mübarizə gedirdi, Kaliforniyada qızıl çıxarılmasına başlanmışdı. Ancaq Alfredin bu ölkədə barıt sənayesinin inanılmaz dərəcədə yüksəlişi barədə bir kəlmə də bəhs etməməsi lap təəccüblüdür. Halbuki Eleter İren9 tərəfindən 1802-ci ildə yaradılan firma əvvəl Amerikada, sonra isə bütün dünyada ən böyük kimya korporasiyasının əsasını qoymuşdu.

Hər halda, bu susqunluq Nobelin Amerikanı diqqətlə müşahidə eləməsinə, dərindən öyrənməsinə, dərk etməsinə mane olmayıb. O, səyahətin gedişində əldə etdiyi biliklərdən sonralar yetərincə yararlanmağı bacardı: öz istehsalat fəaliyyətini elə təşkil etdi ki, bunu yalnız Amerikada bacarmaq mümkün idi.

Beləliklə, Alfred Nobel həmin maraqlı dövrdə tarixin gedişatına təsir edən bütün mühüm hadisələrin şahidi oldu. O, tarixi proseslərin lap mərkəzində idi, ancaq gördüklərindən bir kəlmə də danışmır, susqun müşahidəçi olaraq qalırdı. Səyahət zamanı müxtəlif adamlara yazdığı məktublarda o yenə xəstəhal, xəyalpərvər, narahat adam təsiri bağışlayırdı. Bu məktublarda onun tənhalığa can atdığı ifadə olunurdu. Sanki gələcəkdə ona lazım olacaq bilik və ideyaları dinməzcə toplayırdı. Sonradan o, bir zamanlar susqun müşahidəçi kimi dolaşdığı yerlərə qayıdacaq, orada yaradacaq, ixtiralar edəcək, müxtəlif nailiyyətlərə imza atacaq, eyni zamanda yenə problemlərlə və uğursuzluqlarla üzləşəcəkdi.

Hələliksə…

Hələliksə Alfred susurdu…

Məhv olmuş məhəbbət

Gənc Nobel Fransada olarkən Parisdə bir qadına vurulur, ancaq onların yaxınlığı uzun çəkmir; bu yaxınlıq kimliyi müəmmalı qadının ölümü ilə bitir. Həmin qadın, çox şübhəsiz ki, Nobelin həyatı ilə bağlı ən cazibəli sirlərdən biridir. Bu gözəl, xeyirxah qadını Alfred yazdığı poemada heyranlıqla, öz sözləri ilə desək, «başgicəlləndirici» xoşbəxtlik kimi xatırlayır.

 
Heç bir xudbinlik bizi birləşdirən telləri qıra bilməz,
Heç bir valideyn bizim qovuşmağımıza mane ola bilməz.
Onu niyə sevirdim?
Çünki o, qızılgülün ətri kimi
təbiətin özü idi.
 

Qızın ölümü Nobelə çox pis təsir eləyir, ona görə «divanə dünyada zahid kimi tək-tənha yaşamaq», ömrünü dəyərli işlərə həsr etmək qərarına gəlir.

«Zahid kimi tək-tənha…» Deyəsən, bu ifadəyə qırx yaşlı Alfred Nobelin məktublarının birində yenə rast gəlinəcək…

Bu məhəbbət həqiqətən olub, yoxsa Nobelin xəyallarının məhsuludur? Nobeli yaxından tanıyan adamlara həmin sirli əhvalat inandırıcı görünməyib. O, uydurmalara meyilli olmasa da, bu kədərli əhvalat gənc Nobelin sevdiyi kitabların süjetini çox xatırladır. Onun narahat xarakteri, xəyalpərvərliyi bu fantaziyanın yaranmasına səbəb ola bilərdi.

Gənclikdə, xəyalla reallıq arasında fərq hələ dərk olunmayanda belə fantaziyalar yaranır. Melanxoliyaya10 meyilli adamlar bu cür fantaziyaların yaranmasına hərdən imkan verirlər. O dövrün ədəbiyyatında, qədim əfsanələrdə, şimal xalqlarının miflərində bol-bol rast gəlinən bu mövzu tədricən Nobelin şüuruna həkk olunmuşdu.

Belə çıxır ki, sevdiyi qızın ölümü yalnız fantaziyadır? Əlbəttə, bunu dəqiq deyə bilmərik, bu da fərziyyələrdən biridir.

Nobel səyahət zamanı Parisdə çox qalmış, öz biliklərini Peluzun11 laboratoriyasında xeyli təkmilləşdirmişdi. Və orada Peluzun şagirdi Askanyo Sobrero (1812–1888) və fon Libixlə12 tanış olmuşdu.

1.Dok – limanlarda gəmilərə baxış keçirilməsi və onların təmirə dayanması üçün xüsusi yer, qurğu
2.Prussiya – 1701–1918-ci illərdə Mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət
3.İnsanlara geniş hüquq və azadlıqlar verilməsi
4.Barokko – XVI–XVIII əsrlərdə Avropada yayılmış çox təmtəraqlı incəsənət (memarlıq) üslubu
5.Nikolay Zinin (1812–1880) – Peterburq Elmlər Akademiyasının akademiki; Rus Kimya Cəmiyyətinin ilk prezidenti
6.Persi Biş Şelli (1792–1822) – ingilis şairi, romantizm cərəyanın ən böyük nümayəndələrindən biri
7.1871-ci ildə Prussiya krallığının rəhbərliyi altında Avstriya və İsveçrə istisna olmaqla almandilli ərazilərin vahid dövlətdə birləşdirilməsi – Almaniya imperiyasının yaradılması nəzərdə tutulur.
8.Nitroqliserin – partlayıcı təsirə malik olan maddə
9.Eleter İren Düpon de Nemur (1771–1834) – kimyaçı və sənayeçi; DuPont-un yaradıcısı və ilk prezidenti
10.Melanxoliya – ruh düşkünlüyü, bədbinlik, fikirçəkmə, depressiya və qəmginlik halı; məyusluq, bəd şeylər haqqında düşünmə və bundan əzab çəkmə
11.Teofil-Jül Peluz (1807–1867) – fransız kimyaçısı
12.Yustus fon Libix (1803–1873) – alman kimyaçısı, professor, Bavariya Elmlər Akademiyasının prezidenti
€0,92
Altersbeschränkung:
12+
Veröffentlichungsdatum auf Litres:
07 Oktober 2022
Umfang:
1 S. 2 Illustrationen
ISBN:
9789952244144
Rechteinhaber:
Altun Kitab
Text
Durchschnittsbewertung 0 basierend auf 0 Bewertungen
Text, audioformat verfügbar
Durchschnittsbewertung 4 basierend auf 2 Bewertungen
Text, audioformat verfügbar
Durchschnittsbewertung 5 basierend auf 1 Bewertungen
Audio
Durchschnittsbewertung 5 basierend auf 1 Bewertungen
Text
Durchschnittsbewertung 0 basierend auf 0 Bewertungen
Text
Durchschnittsbewertung 4,8 basierend auf 5 Bewertungen
Text PDF
Durchschnittsbewertung 5 basierend auf 4 Bewertungen
Audio
Durchschnittsbewertung 4,3 basierend auf 4 Bewertungen
Text
Durchschnittsbewertung 5 basierend auf 2 Bewertungen
Text
Durchschnittsbewertung 5 basierend auf 1 Bewertungen
Text
Durchschnittsbewertung 4,8 basierend auf 4 Bewertungen