Buch lesen: «Ev»
Yola çıxdığım bu üç gündə qatar məni lap bezdirdi. Döşəməsindən tutmuş illərlə silinməmiş, açmaq istəyəndə açılmayan, bağlamaq istəyəndə də bağlanmayan pəncərələrinə qədər çirk içindəydi. Dəhlizdə cövlan edən küləyin sovurduğu toz-torpaq hər yerə möhürünü vurmuşdu. Tüpürcək lombaları, siqaret kötükləri döşəmədə «gül» açmışdı. Kupedə də vəziyyət bundan yaxşı deyildi. İçəridə tüstü-duman, divarın o üzündə səs-küy əksik olmurdu. Səslər o qədər aydın eşidilirdi ki, sanki arakəsmə kartondandı. Özün kimi səfehlərin əhatəsində hərəkət etmək ideyası qədər qədim olan gic-gicə kart oyunu bu səfərin də əvəzolunmaz müşayiətçisi idi. Önlüyünün çirkindən cin hürkən qaşqabaqlı bələdçi qadın rəngsiz ilıq çayı müştərilərə sırımağa çalışırdı. Mənə elə gəlirdi ki, buna nail olanda qadın tualetə girib unitaza oturur, əllərini bir-birinə sürtüb qəh-qəhə çəkir, beləliklə, hisslərinin cilovunu buraxır. Soyuq və iyləmiş tualetdə. Ona nifrət etdim. Ona, həmçinin bu səfərə, vaqona, kupeyə, arakəsmədən gələn mənasız, gurultulu gülüşlərə, ruhi xəstəxananın xəstələrini andıran boz pijamalı yolçuların şaqqıltı ilə çırpdıqları domino daşlarına, iki kupe o yanda ağlayan uşağın diş ağrısı kimi beyinə işləyən çığırtısına. Narahatlığa, işti may gecəsində haradan gəldiyi bəlli olmayan soyuğa nifrət etmək üçün iki saat da bəs edərdi. Acığımdan yaxın stansiyada düşmək istədim. Bələdçi gombul barmaqlarıyla dişini qurdalayıb platforma radiosu kimi sərt və rəsmi tərzdə bildirdi ki, ən yaxın stansiyaya altı saatdan sonra, yəni səhərə yaxın çatacağıq. Stansiya Şəhərcik adlanırmış. «Necə yerdir? – deyə gic-gic soruşdum, guya bələdçi o qədər mehriban idi ki, onunla ünsiyyətdən nə qədər zövq aldığımı göstərmək üçün dəridən-qabıqdan çıxırdım. Və buna görə də söhbəti uzatmağa çalışırdım.– Doğrudan şəhərcikdir? Yaşamalı yerdir?» Qadın cavabı ləngitdi, üzümə tərs-tərs baxdı, elə bil kobud söz demişdim. Sonra baxışlarının ifadəsini dəyişdi, yəqin ki, iti gözləriylə haraya getməsinin, harada enməsinin fərqinə varmayan birisi olduğumu anlamışdı. Saymazyana dedi: «Adi şəhərcikdi, bir halda ki, orada yaşayanlar var, demək, yaşamaq olar».
Yüngülləşib sorğu-sualı kəsdim, nə qədər ki, tündməcaz qadın arxasını qaşımağa başlamayıb, uzaqlaşmağım məsləhətdi. Kupeyə girdim, kiminsə corabı iylənmişdi, üçqat xorultu səsi kupeni başına götürmüşdü. Aşağı qatdakı yerimə uzandım. Şəhərcik… Nə mənasız addır, boş, boz şəhərcik. Solmuş al qızılgül. Cəhənnəmə, qoy Şəhərcik olsun. Elə cana doymuşam ki, nə olursa – olsun, o stansiyada enməliyəm. Bir-iki gün dincəlib başqa qatarla yoluma davam etməliyəm, bəlkə, bu dəfə iylənmiş, iyrənc qatara düşmərəm. Qarşıda məni heç kim, heç nə gözləmir, arxada-arabir göynərtisilə özünü xatırladan mənasız keçmiş. Əl-qolumu bağlayan yoxdu və qərara aldım ki, rəngsiz, qoxusuz sandığım Şəhərəcikdə qala bilərəm. Bu düşüncələrlə yuxuya getdim. Amma qəribədir, bələdçinin bəhs etdiyi stansiyaya çatmağımıza on dəqiqə qalmış oyandım, sanki kimsə məni durquzdu, halbuki son dəqiqəyədək möhkəm yatmışdım. Dəhlizə çıxdım. Hələ qaranlıqdı, pəncərədən gecə boylanırdı. Yalnız üfüqdə güclə nəzərə çarpacaq çəhrayı ləkə tezliklə sübhün doğacağından xəbər verirdi.
– Odur, Şəhərcik,-arxadan gələn oğrun səsdən diksindim.
– Eh, məni qorxutdunuz. Məni güdürsünüz nədir?
Yatmaqdan, ya da yuxusuzluqdan üz-gözü şişmiş pinti-pələş bələdçinin tükü də tərpənmədi, elə bil mən ağzımı heç açmamışdım.
Qadının hər bir hərəkəti təəccüb doğururdu- gah cavab vermək əvəzinə mırıldanır, gah marığa durub səsini dəyişərək adamı diksindirir, gah mineral su əvəzinə çay gətirir, onu da sərnişinin şalvarına dağıdıb üzr istəmədən dönüb gedirdi. Mən artıq onun qəribəliklərinə alışmağa başlamışdım, buna görə də sözlərimə münasibət bildirməsi üçün təkid etmədim və gümüş üzüyünü, pul kisəsindən altmış üç manatını qəsb etmək üçün keçən il zəhərlədiyi mərhum xalasını görürmüş kimi bərəlmiş gözlərini zillədiyi pəncərəyə baxdım. Uzaqda gah bir tərəfdə, gah o biri tərəfdə bir-birinə könülsüzcə göz vuran işıq topaları görünürdü. Qəribədir, Şəhərcik sakinləri günün bu çağında oyaq idi. Həm də sübh çağı yuxu şirin olur, bilmirəm mən niyə oyanmışam? Qatarda ağıllı bir mən çıxmışam hər halda, bizim vaqonda məndən və bələdçi qadından başqa hamı yuxudaydı.
– Bu vaxt niyə hamı oyaqdı?– Çəkilməkdə olan gecənin yaxasında sayırşan işıqlara baxıb mızıldandım.-Hər halda mənim gəlişimə müntəzir deyillər.
Bələdçinin qaşqabağı açılmadı:
– Burada düşürsünüz?
– Görürəm ki, bu, sizi sevindirmir.
Qadın nədənsə acıqlandı:
–Çox lazımdı mənə. Baş maşinistə xəbər vermişdim ki, Şəhərcikdə düşən olacaq, qatarı saxlasın. Sizə görə nə qədər əziyyət çəkirik,-deyib cəld uzaqlaşdı.
– Amma.. Dayanın, necə yəni?… Saxlamaq nə deməkdir. Məgər… Başa düşmədim…
– Sonra başa düşərsiniz.
Qadın əsnəyib iri siçovul kimi yuvasına sürüşdü və qapını elə çırpdı ki, başqa qapı parça-parça olardı. Bu, o deməkdi, ki, onu qətiyyən narahat etmək olmaz.
İydən və xorultudan baş çatlayan kupeyə girdim, kiçik çemodanımı götürdüm. Səyahətə ağır yük götürmürəm. Xüsusən də indiki kimi bir səbəb olmadan, yola çıxdığım gün nə vaxt qayıdacağımı təxminən belə bilmədiyim halda. Əlimdə çemodan dəhlizdə dayanmışdım. Zəhləmgetmiş qatarın sürətini azaldaraq yaxınlaşdığı Şəhərciyin işıqlarına baxırdım. Nəhayət, qatar platformaya yan aldı. Bələdçi qadın yuvasından çıxdı, nədənsə kəmərində kabura vardı, tələsik qapını açdı, mən pillələri enər-enməz-məncə, o məni yüngülcə itələdi də – qapını elə qüvvətlə çırpdı ki, ayağım arasında qalsaydı, ömürlük əlil olacaqdım. Qatar da elə bil mənə bənd imiş, o dəqiqə yerindən tərpənib sürət qatarlarına məxsus becidliklə stansiydan uzaqlaşdı. Ayağım platformanın daşlarına toxunanda (belə hallarda matroslar çemodanlarını yelləyib qışqırırlar: Torpaq!), məlum oldu ki, bu platforma uzun qatarlar üçün nəzərdə tutulmayıb, o qatardan iki dəfə qısa idi. Qatarın quyruq hissələrinə platforma çatmamışdı və oradan enən sərnişinlər olsaydı, nə baş verərdi? Məndən başqa qatardan düşən yoxmuş. Qatar yola düşdü. Son vaqonun damında közərən qırmızı işıq sübh dumanında əriyib itənədək qatarın arxasınca baxdım. Yalnız bu vaxt platformada yalqız olmadığımı hiss etdim. Bir neçə addımlığımda furajkalı yaşlı kişi – yəqin ki, stansiya rəisi idi (zənn etdiyim kimi də çıxdı) -teleqrafçı olduğu hər zatından görünən başqa birisi və hətta itə bənzətdiyim dördayaqlı (sonra məlum oldu ki, bu ehtimalımda da yanılmamışam, hərçənd bu canlı sakitliyilə pişiyə daha çox bənzəyirdi) dayanmışdı və hər ikisi elə diqqətlə baxırdı ki, özümü itirdim, ətrafıma, üst-başıma göz gəzdirdim. Hazırda dünya mənimçin platforma boyda idi və bu dünyada bizdən başqa kimsənin olmaması haradasa bizi yaxınlaşdırırdı, buna görə də, istəməsəm də salam verdim. Cavab gəlmədi. Platformadaşlarım key- key baxırdılar. Yad adamlarla salamlaşmaq adətim deyildi və güc-bəla verdiyim salamın alınmaması xoşuma gəlmədi. Nəhayət, yaşlı-diqqətlə baxıldıqda qoca olduğu bəlli olan – adam özünə gəlib yuxuda gəzənlər kimi əlini uzadaraq mənə yaxınlaşdı, sanki əlilə toxunub mənim yuxu olmadığımı bilmək istəyirdi. Hər halda üzünün ifadəsindən məlum olurdu ki, onunla bir platformada dayanmağıma inanmır. Yaşlı adamın qəribə hərəkətindən nə qədər təəccübləndiyimi və narahat olduğumu söyləməyə ehtiyac varmı?!
– Siz?-Aydın olmasa da, axır ki, kişidən səs çıxdı. -Siz…-Yenidən susdu, sanki ardını gətirməyə kişinin taqəti qalmamışdı.– Siz burada qatardan düşdünüz?..
– Hə,-deyib çiyinlərimi çəkdim- Düşdüm. Başa düşmürəm, bunda nə…
Teleqrafçı heyrətlə sözümü kəsdi:
– Sizə kimsə lazımdır?
– Necə yəni, kim lazımdır?-Lap çaşıb qalmışdım.
Birdən kişinin səsi təmamilə başqa ahəng aldı:
– Bilirsiniz, bizim stansiyada düşən olmur.
– Başa düşmürəm,-deyib izahat gözlədim.
Arıq teleqrafçı:
– Məsələ burasındadır ki, burada düşmək üçün səbəb yoxdur,-deyib susdu.
Izahat məni qane etmədiyi üçün yenidən sual verməli oldum:
– Nə demək istəyirsiniz?
Rəisin üzündən görünürdü ki, məlum olan şey haqqında danışmaq onun üçün çətin və maraqsızdır:
– Gördüyünüz kimi, bura stansiyadır, sadəcə stansiya.
– Bəli,-dedim,-sadəcə stansiya. Nə olsun?
– Heç nə başa düşmürsünüz, burada stansiyadan başqa bir şey yoxdur.
– Nə,-deyə soruşdum-Bağışlayın, başa düşmədim.
Arıq teleqrafçf (ürəyimdə ona ad qoydum:-AT) ağıldankəmə izah edirmiş kimi məlumat verdi:
– Bura sadəcə stansiyadır. Stansiya, ucsuz-bucaqsız düzün ortasında kiçicik bir stansiya.
Qulaqlarıma inanmadım.
– Düzün? Necə yəni düzün. Mənə dedilər ki, bura şəhərcikdir. Mənə qatarda dedilər.
– Bəli, elədir. Lakin Şəhərcik yalnız addır. Burada heç bir şəhərcik yoxdur.
– Necə? «Yoxdur» nə deməkdir?-Get-gedə baş verənlərin reallığına inanmağa başlayırdım, ya da bu, sarsaqların gic zarafatı, məsxərəsiydi.-Axı evlərin işıqlarını öz gözlərimlə görmüşdüm.
– Orası elədir. Gecələr düz naməlum işıqlara qərq olur.. Daha doğrusu, hər tərəf deyil, stansiyanın ətrafı. Biz də bilmirik bu nədir. Gecələr o tərəflərə keçmirik. Işıqlara görə adam elə bilir ki, bura şəhərcikdir. Əslində isə heç bir şəhərcik yoxdur. Özünüz də buna əmin ola bilərsiniz,-deyib AT xəfifcə əlimə toxunub onunla getməyə dəvət etdi.
Artıq hava açılmış, sübh dumanı çəkilmişdi, ətraf apaydın görünürdü. Stansiyanın qonduğu çölün boşluğu və intəhasızlığı adamı üşəndirirdi… AT məni vağzalın boz binasının qarşısından keçirib platformanın kənarına gətirdi. Stansiyanın arxası da həyat əlaməti görünməyən düzənlikdi. Özümü itirdim.
Bu nədir? Belə çıxır ki, stansiya yanmış çölün ortasında yararsız ada kimidir.
– Demək belə…-Matım-qutum qurudu- Bəs Şəhərcik?
Arxamca platformanın kənarına gələn rəis dedi:
– Heç bir Şəhərcik yoxdur. Heç bir Şəhərcik. Amma sərnişinlər bunu bilmirlər. Onlar buradan gecə-hər tərəfdən işıq saçılanda keçirlər. Gözünə yuxu getməyənlər buranı şəhərcik bilirlər. Qatarlar burada cəmi beş saniyə durur, o da həmişə yox. Bixəbərlər buranın adını Şəhərcik qoyublar. Əslində isə burada stansiyadan başqa bir şey yoxdur. Siz də buna əmin oldunuz, eləmi?
–Əmin oldum,-key kimi, heç bir şey düşünmədən cavab verdım.-Bəs necə olacaq?.. Növbəti qatar haçan keçəcək?
– Növbəti qatar?-Rəis üzümə elə heyrətlə baxdı ki, sanki ondan ölüm tarixini soruşmuşdum.– Onu bir Yaradan bilir,-bu işlək ifadəni moizə kimi tələffüz etdi.-Bizim stansiyadan tək-tük qatar keçər. Növbəti qatar bir həftədən, bəlkə, lap bir ildən sonra keçə bilər. Bir dəfə belə bir şey də olub: düz on dörd ay büradan qatar keçməyib. Sözün düzü, biz heç gözləmirik də. Sizi görəndə ona görə təəccübləndik. Burada heç kim düşmür.
– Nə…– Aldığım ağılasığmaz məlumatı həzm etmək iqtitarında deyildim və çaşıb qalmışdım.-Mən nə etməliyəm…
– Hə-ə,-rəis mızıldandı. İşə düşmüsünüz. Amma biz sizi yerbəyer edərik. Başa düşürsünüz də, burada biz bir ailə kimi yaşayırıq, hamı özümüzküdü. Heç nəyi dəyişmək olmur, sizi ailəmizə daxil etməyə məcburuq. Necə deyərlər, ailəmizin qonağı olacaqsınız. Sən isə-üzünü AT-a tutdui-təcili teleqram göndər ki, bizdə fövqalədə hadisə baş vermişdir. Sərnişin düşmüşdür, nə edcəyimizi bilmirik. Göstəriş gözləyirik. Nəisə belə şeylər, özün bilirsən də. Qoy onların da başı ağrısın.
AT başını əyib binanın içinə girdi. Rəis xoş təbəssümlə mənə baxıb başını yellədi:
– Hə, başımıza iş açdınız.
– Sizə yük olmaram,– deyə vəd etdim, amma hələ də nə baş verdiyini yaxşı dərk etmirdim və sonsuz sayda sual boğazıma yığılıb qalmışdı.
– Sizə kim buyurdu ki, burada düşəsiniz?
–Əslində mən, – çaşıb qalmışdım, istəmirdim ki, rəis haraya getdiyi və harada qatardan endiyini eyninə almayan bekara adam olduğumu zənn etsin-mən dincəlməyə gedirdim…Havamı dəyişməyə. Şəhərcik xoşuma gəldi, daha doğrusu, Şəhərciyin işıqları elə cəlb edirdi ki… Mən də qərara aldım ki…
– Aydındır, – rəis sözümü kəsdi, amma üzündən görünürdü ki, dediklərim ağlına batmamışdı, necə yəni adam səbəbsiz-zadsız tanımadığı stansiyada düşür.
– Olan oldu, çemodanınızı götürün gedək. Sizi yerləşdirək. Dəbdəbəli nömrələr söz vermirəm, amma əlüzyuyanlı otağa imkanımız çatar,-deyib rəis qabağa düşdü, bilmədim nıqqıldayırdı, ya xısın-xıçın gülürdü.-Hə, sərnişin, başımıza cəncəl açmısınız. Bir də nə vaxt qatar gələr?. Çox vaxt bizim stansiyada dayanmır, sürətlə keçib gedir…Hə, hadisədir də… Yer tapmısınız düşməyə… ha-ha-ha…
Kiçik gözləmə zalına daxil olan kimi (yəqin, bura vaxtı ilə gözləmə salonu olub, divarda saralmış cədvəllər hələ də qalırdı, küncdə bufetin piştaxtası da dururdu, salonda dəyişiklik edilmişdi və buranın bir vaxtlar gözləmə salonu olduğunu xatırladan bəzi işarələr vardı, sərnişin kreslolarının bir neçə çərgəsi qaldırılmış, əvəzinə salonun düz ortasında, qalan kresloların qarşısında uzun, alçaq stol qoyulmuşdu, salonun sonunda geyimdəyişmə kabinələrinə bənzəyən bir şey quraşdırılmışdı) bizi dövrəyə aldılar. Belə başa düşdüm ki, stansiyanın əhalisi səhərin erkən çağında yuxusuna haram qatmış bu heyətdən ibarət idi. Görünür səbrsiz AT camaatı ayağa qaldırmağa və qeyri-adi xəbərlə heyrətə salmağa macal tapmışdı. Lakin belə deyilmiş. Hərçənd mənim zühur etməyim həqiqətən olanları heyrətləndirmişdi, amma onları ayağa qaldıran səhərin gözü açılmamış peyda olan qatarmış. Sonradan bildim ki, bu, möhtəşəm və nadir hadisəymiş. Heyrətlə mənə baxan, az qala əllərilə toxunan adamların əhatəsində özümü təyyarə qəzasına uğrayıb cəngəllikdə yaşayan vəhşi qəbiləyə əsir düşmüş pilot kimi hiss edirdim. Artıq tanıdığım stansiya rəisi və AT-dan başqa rəisin saçları işıldayan, ağappaq, hərəkətsiz, səssiz, cussəli arvadı, cizgiləri pozulmuş sifətindən yaşı bəlli olmayan, lakin işvəsi heç bir yaşa və əndazəyə sığmayan işvəkar bufetçi qadın, stansiya rəisinin – nəyləsə AT-a bənzəyən – qaşqabaqlı qızı, görkəmlərindən mehribanlıq, məsumluq yağan gözətçi və arvadı buradaydılar. Biz tanış olduq, mən çağırılmamış və imtina olunmayacaq qonaq kimi (imtina edib neyləyəcəkdilər ki, getməyə yer vardı?!) onların cəmiyyətinə qəbul edildim.
Mənə otaq verdilər, stansiya rəisinin vəd etdiyi kimi, əlüzyuyan da vardı, böyükdü, bəzi yerləri pas atmışdı. Çarpayıya bənzər (yataq demək olmazdı, məhz səyyar qatlama çarpayıya oxşar) bir şey, bir də camaşir üçün rəfli və kostyum-palto üçün ayrıca hissəli ikigözlü ensiz dolab da qo- yulmuşdu.Nədənsə həbçxanalardakı kimi möhkəm barmaqlıqlar taxılmış pəncərə vağzal binasının önündəki platformaya açılırdı. Barmaqlıqlara istinadən zənn etmək olardı ki, əvvəllər bu otaqda dəftərxana yerləşmişdi və burada məxfi sənədlər saxlanılmışdır. Ehtiyat tədbirlərinin görülməsi bu səbəbdəndi. Istifadə edəcəyimə əmin olmadığım kiçik masanın önünə qoyulmuş döşəməyə qədər örtüklə örtülmüş kətilin əslində kiçik, lakin yetərincə ağır seyf olduğunu biləndə təxminimdə yanılmadığım məlum olurdu. Çarpayının görünüşü o qədər ikrahedici və istirahət anlayışının dışındaydı ki, bu yöndəmsiz qurğuya bir baxmaqla yuxum qaçdı. Adamın əhvalını pozan əşyaların sanki bilərəkdən düzüldüyü bu daxmadan çıxmaq, heç olmazsa platformada gəzmək, təmiz hava almaq istədim. Elə bu vaxt otağın qapısı bir az nəzakətsizcəsinə (bir az ona görə deyirəm ki, döyülmədən olsa da qapı o qədər zəif, cəsarətsiz hərəkətlə açıldı ki, sanki qapının arxasında uşaq vardı və «açım-açmayım» deyə tərəddüd edirdi) açıldı, nəyi gözətlədiyi məlum olmayan vağzal gözətçisinin arvadı kəndarda dayanmışdı. Əslində hər şey müəmma idi, AT-dan başlamış (arıq teleqrafçıya ixtisarlı ləqəbi mən verdim, çünkü elə ilk dəfə görəndə xoşuma gəlmədi, ola bilsin ki, mənim burada peyda olmağım, yumşaq desək, onu o qədər də fərəhləndirməyib. Tezliklə anladım ki, niyə? Yəqin ki, məni arıqlıqda ondan geri qalmayan rəis qızına nəvaziş göstərə biləcək rəqib hesab edirdi. Görünür, teleqrafçı nəvazişə çoxdan başlamışdı və bu, bəhrəsini vermişdi – evli olmasalar da, bir-birlərinə çox uyğundular. Ola bilsin rəis işçisini sərfəli adaxlı hesab etmirdi və Yaradanın yaddan çıxardığı bu ucqara şahzadənin gələcəyini gözləyirdi. Deyəsən, mətləbdən yayındım) yad adam görəndə hürməyə ərinən, ya da taqəti çatmayan itə qədər. Teleqrafçıya ona görə qısa ləqəb qoşdum ki, xoşuma gəlməyən adamları müxtəsər işarələmək məndə vərdişdi. Guya tək elə buna görə onlar normal adam adları daşımağa layiq deyillər. Əlqərəz, buradakılar – AT-dan tutmuş köpəyə qədər mənim üçün müəmma idi. Köpək deyən kimi yadıma yemək düşdü. Itə yeməyə nə verirdilər? Özləri nə yeyirdilər, axı deyirdilər ki, buradan aylarla qatar keçmir. Lap keçsə də, stansiyada cəmi beş saniyə dayanan qatardan ərzaq boşaltmaq olar? Hər şey qəribə, şübhəli, sirliydi. Qadın isə hələ də kəndarda dayanmışdı, içəriyə keçməyə ürək eləmirdi.
– Gəlin,-dedim.
Qadını qapıda saxladığım üçün bir az sıxıldım. Lakin üzr istəmədim, qoy bilsinlər ki, burada yeniyəm deyə, istədikləri vaxt məni narahat edə bilməzlər.
– Bağışlayın,– qadının səsindən yorğunluq yağırdı, nasaz ciyərlərinin xırıltısı eşdilir, təngnəfəs olurdu, yəqin ki, canında salamat yer yoxdu. Sısqa vücuduna keçirdiyi, geyimdən başqa nəyə desən oxşayan tünd rəngli formasız cübbəyəbənzər bir şey geyimdən kasad olduğunu göstərirdi. O dəqiqə gənc AT və rəis qızını, onların kasıbyana, köhnə, lakin tərtəmiz geyimlərini xatırladım.
– Bağışlayın,-qadın təkrar etdi, ayaqlarını sürüyüb otağa girəndə olan-qalan boşluğu işğal etdi.
–Üzr istəyirəm,– zorla gülümsəməyə çalışan qadının ölçüsüz nəzakəti məni qıcıqlandırmağa başlayan anda əlində çöl güllərindən kiçik gül dəstəsi göründü. -Sizə gətirdim…Xoş gəlmisiniz.
Düşdüyüm yerin təlaşından fikrim özümdə deyildi və qadının son sözlərini eşidəndə elə bildim məni ələ salır. Amma haqq naminə demək lazımdır ki, onun səsində qətiyyən istehza notu yoxdu. Qeyri – ixtiyari gül dəstəsini aldım, haraya qoyacağımı bilməyib əlimdə yellətməyə başladım.
–Çox mütəəssir oldum,-burnumun altında mızıldandım,-çox xoşdur…
Qadın dəvət gözləmədən çarpayıya oturdu. Nə qədər çalışsam da heyrətimi gizlədə bilmədim, o da heyrətli baxışlarımı görüb astadan dedi.
пароараримимпвмсеьмотпримблмлмлмьбмдбмьмбдбмдолаьлмьмльтврсьь
– Oğlum bu çarpayıda ölüb,-bir qədər susub hüznlə davam etdi.-Bu, inişil yayda olub. Qan qusdu, tez inkişaf edən vərəmə yoluxmuşdu. Elə uşaqlıqdan zəif idi. Qəfildən də bu xəstəlik… Teleqrafçı dalbadal teleqram göndərdi, amma cavab çıxmadı. Dərman yoxdu, beş aydı qatar da gəlmirdi.-Qadın sanki uzun söhbətdən yorulmuş kimi susdu, nəfəsini dərdi.
Əlimdəki gül dəstəsi ilə yatağı göstərib:
– O burada ölüb?-deyə soruşdum.
Çimçəşdiyimi ifadə edən bu hərəkəti görmək üçün çox da diqqətli olmaq lazım deyildi.
Qadın nəfəsini dərib sualımı eşitməyibmiş kimi əvvəlki halıyla davam etdi:
– Onu vağzalın arxasında, buraya yaxın bir yerdə dəfn etdik…. Qəbrin belə yaxında olmasına rəis etiraz etmişdi, amma mən xahiş etdim, dedim ki, uzağa getmək mənimçün çətin olar, o da icazə verdi. Onu dəfn etdik, ehsan verdik. Hər şey yerli-yerində oldu. Altı gündən sonra qatar gəldi. Doğrudur, həkim gəlməmişdi, dava-dərman da gətirməmişdilər. Qatar heç dayanmadı da. Bəlkə də qatarda həkim vardı, oğlum sağ olsaydı belə, həkim ona kömək edə bilməyəcəkdi. Bəlkə də qatarın gecikməyi xeyirliyəydi. Ömrünün son saatlarını da ümidlə yaşadı, qatarı gözlədi, qurtuluşunu o qatarda görürdü. Əgər onun sağlığında qatar belə… Bu ona ağır zərbə olardı. Onun-oğulcuğumun iyirmi altı yaşı vardı…-Qadın ah çəkib qəfil yerindən qalxıb asta-asta qapıya sarı getdi. Çıxışda dönüb dedi:– Istəsəniz, onun qəbrini sizə göstərə bilərəm. Sağ olsaydı, yəqin ki, sizinlə dostlaşardı, elə həlim xasiyyəti vardı… Səhv etmirəmsə, siz onunla həmyaşsınız. Onun qəbrini sizə göstərə bilərəm,-qadın təkrar etdi, deyəsən mən də, başımı tərpətdim, o, əlavə etdi.-Hər halda gəlməyiniz yaxşı oldu. Bizə danışarsınız, böyük dünyada necə yaşayırlar… Amma yox, rəisin xoşuna gəlməz. Biz heç radio da işlətmirik, radiomuz isə var…Düzü radio xətti yoxdur, radio da qutu kimi durur, ölü qutu kimi, amma bir vaxtlar radio idi, axı canlı kimi danışırdı… Yox mənim xoşum gəlmir, heç kimin xoşu gəlmir yenilikləri öyrənməkdən. Biz belə alışmışıq, başa düşürsünüz? Yemək istəyirsinizsə, aşağı düşün, ərzaqla ərim və stansiya rəisinin qızı məşğul olur. Indi yemək vaxtı deyil, amma sizin üçün istisna etmək olar.– Sözünü bitirib qadın tələsmədən, keyləşmiş kimi qapını arxasınca örtüb gözdən itdi. Asta, qocafəndi yerişindən dəhlizin döşəmələri cırıldayırdı, sonra cırıltı səsi salona enən taxta pilləkəndə eşidildi. Qeyri-ixtiyarı əlimdəki gül dəstəsini oynatdım, fərqinə varıb kənara tulladım və stolun arxasında oturdum. Başımın içində hər şey bir-birinə qarışmışdı, diqqətimi toplamaq, düşüncələrimi yerbəyer etmək iqtidarında deyildim. Başıma gələnləri dərk edə bilmirdim, məntiqə sığmırdı, daha çox pis yuxuya bənzəyirdi, yatmış olsan da, bunun yuxu olduğunu bilirsən və pis yuxudursa, özünü oyanmağa məcbur etməyin səni xilas edər. Havalanmadığıma əmin olmaq üçün özümü çimdiklədim. Əslində lap yaxşı bilirdim ki, bu, gerçəkdi. Qəribədir, stansiyaya düşdüyüm vaxtdan təxminən iki saat keçməsinə baxmayaraq, nə qədər cəfəng vəziyyətə düşdüyümü anladığım halda hiss edirdim ki, yavaş-yavaş olanları qəbul etməyə başlayıram. Sanki belə də olmalıymış, bu həqiqətə bənzəməyən vəziyyətə uyğunlaşıram, bəlkə, ona görə ki, çoxdan uyğunlaşmış və bu həyat tərzini təmamilə təbii sayan adamlar göz qabağındaydı. Bütün bunların yuxu deyil, həqiqət olduğunu qapı taqqıltısı da təsdiq etdi. Izn alınmadan qapı açıldı və stansiya rəisi qapıda göründü.
– Yəqin ki, acmısınız?– deyə soruşdu. Stolun arxasından qalxmadan başımı tərpətdim.
Rəis sözünə davam etdi:
– Yeni adam bizim üçün böyük hadisədir. Düzü, çaşıb- qalmışıq.
Başımı təsdiqedici tərzdə yellədim:
– Başa düşürəm.
Rəis razılaşmadı:
– Yox, tam anlaya bilməzsiniz. On dörd ildir mən bu stansiyanın rəisiyəm. On dörd il əvvəl ailəmlə buraya gəlmişəm. Məndən iki il sonra teleqrafçı gəlib. O, on iki ildə bizim stansiyada vaqondan düşdüyünü gördüyüm sonuncu adamıdır. Yerdə qalanlar bizdən əvvəl burada yaşayanlardır. Artıq bəziləri qocalıqdan, xəstəlikdən ölüb.Yaxınlıqda kiçik qəbiristanlıq da var.
Susdu, alnını ovuşdurdu, sanki nəyisə xatırlamağa çalışırdı. Yaranmış fasilədən istifadə edib oturmağı təklif etdim:
– Ayaqüstə qalmayın.
– Nə? Yox, yox. Hə, yadıma düşdü. Nə üçün gəldim? Yəqin başa düşmüsünüz ki, burada biz birgə yaşayırıq, bir növ kommuna şəklində, hərənin öz vəzifəsi var. Sizə təsərrüfatımızı göstərmək istəyirdim, ərzağı özümüz istehsal edirik. Nə isə, özünüz görəcəksiniz… İnəyimiz, toyuğumuz, bostanımız, meyvə bağımız var.– Sadaladığı şeylərə görə kişinin iftixar hissi keçirdiyi səsindən bəlli olurdu, o da hiss olunurdu ki, yenə də nəylərinsə adını çəkmək istərdi, amma gülünc görünməkdən ehtiyatlanırdı.-Hər şeyi yavaş-yavaş əldə etmişik, bəzi şeylər mənim gəlişimə qədər vardı. Ən yaşlı bizim indiki gözətçimizin atası idi. Çox yaşlanmışdı, cəmi üç il əvvəl vəfat edib, amma demək olar ki, ömrünün sonuna kimi vəzifəsini yerinə yetirib, asta-asta işləyirdi. Elə iş başında da öldü. Sonra nəvəsi,gözətçimizin oğlu öldü… Yəqin arvadı sizə danışıb. Bura onun otağıydı. Hə, belə. Nə deyəcəkdim? Hə, deməli, biz vəzifələri çoxdan bölüşdürmüşük və hərə öz işini görür. Sizə də iş tapılar. Başa düşürsünüz də, yaranmış şəraitdə işdən kənar qala bilməzsiniz. Kim bilir növbəti qatar hacan gələcək? Hələlik…
Der kostenlose Auszug ist beendet.