Maresi

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Yeməyimizi yedikdən sonra oturduğumuz taxta skamyaya söykəndim, dumbul qarnımı şappıldatdım.

“Əgər evdəkilər burada nələr yediyimi eşitsələr, qətiyyən, inanmazlar”.

Evdəkilərin mənim monastırda yediyim qədər yemə-diklərini düşünəndə canım yanırdı. Bəlkə, bəzən, ac da qalırdılar. Evim çox uzaqda idı. Qışların necə keçdiyini, məhsulun necə olduğunu, süfrələrində yemək olub olmadığını bilmirdim. Yalnız bir boğazın azalmasının onların bir qədər rahatladacığını bilirdim. Məktub yaza bilərdim, lakin evdə oxuya bilən yox idi. Bir də böyük Rovas vadisinin quzeyində yerləşən kiçik qəsəbəmizə necə məktub göndərəcəkdim…

Başımı silkələyərək içimi yandıran düşüncələrdən qurtuldum, cəsarətləndirici bir təbəssümlə Jaiyə baxdım.

“Keçmişi unut”, dedim, “indi monastırda, bizim yanı-mızdasan. Buranın çox sərt qaydaları olduğunu deyirlər. Bəlkə, bunları eşitmisən. Amma bu, doğru deyil. Axşam yeməyindən sonra tam sərbəstik”.

Ətrafımızdakı qızlar Rahibə Ersin zəhmli baxışları altında qalxdılar, boşqab və stəkanlarını qab yuyulan otağa apardılar. Rahibə Ersin rahibəliyə namizədləri yemək növbəsi gələn rahibələr üçün uzun masanı təmizlədilər. Boşqab və stəkanımı götürdüm. Jai də etdiklərimi təkrarladı. Qab yuyulan otağın qarşısındakı uzun növbəyə durduq.

“Rahibəliyə namizədlərin çoxu axşamlar dənizdə üzmək ya da balıqqulağı toplamaq üçün sahilə enirlər”, dedim. “Bəziləri isə çiçək toplamaq ya da mənzərəni seyr etmək üçün dağa qalxır. Bəziləri Rahibə O-nun ya da Rahibə Nummelin tapşırıqlarını yerinə yetirər, bəziləri isə boşboğazlıq edər ya da oyun oynayar”.

Bulaşıq qabları soyuq su ilə dolu bir ləyənin içinə qoyduq və axşam günəşinə çıxdıq. Keçi ağılından mələşmə səsləri gəlirdi. Süd sağma vaxtına az qalmışdı. Rahibələrin bir qismi söhbət edə-edə Şəfəq pilləkənlərinə çıxırdı. Rahibə O. otağından çıxmamış tələsməli idim.

“Rahibəliyə namizədlərin Evini tapa biləcəksən?” Jaidən soruşdum. “Gül Məbədindəki şükür ayininə qədər istədiyini edə bilərsən”.

“Səninlə gələ bilərəm?”

Səsinin dərinliyi yenidən məni sarsıtdı. Əllərini önündə kilidləyib baxışlarını yerə dikmişdi. Ürəyim sızıldadı. Amma mənimlə gəlməsini istəmirdim. Hər axşam etdiklərim, yalnız, mənə aid idi. Bundan əvvəl heç kimlə paylaşmamışdım.

“Darıxacaqsan”, dedim. “Yəni mənim…”

Yerindən tərpənmədi. Əllərini elə bərk kilidləmişdi ki, birləşən yerlər ağappaq olmuşdu. Göz-gözə gəlmək istəmirdi. İlk gecə onu tək-tənha buraxmağa ürəyim gəlmədi.

“Əgər istəyirsənsə, mənimlə gələ bilərsən”.

Nəzərlərini mənə qaldırdı. Gülümsədim.

“Hə, onda tələs”.

Şəfəq Pilləkənləri ilə aşağı qaçmağa başladım. Qarşıma çıxan rahibələrdən mızıldanaraq üzr istəyirdim. Rahibə Loeni ilə elə toqquşdum ki, yaylığı yana getdi.

“Maresi! Qabağına bax! Sən heç Ananın…” Sözləri arxamda qaldı. İç həyətin əyri-üyrü daşlarını kəsəsinə keçərək Axşam Pilləkəninə çatdım. Jai dabanbasma arxamca gəlirdi.

Məbədin həyəti üç tərəfdən binalarla əhatələnirdi. Dördüncü tərəfi aşağıdakı Rahibələr Evinin damına baxırdı. Rahibələr Evi divarın qərb tərəfində idi. Divardan şərqdə, dağ tərəfdə Gül Məbədi; quzeyində monastırın ən köhnə binası Mədrəsə; arxasında içində tək bir limon ağacı olan Bilgi Həyəti; həyətin yanında da Bilgi Bağçası var idi. Bağçanı dənizdən əsən küləklərdən qorumaq üçün alçaq bir divar hörülmüşdü.

Rahibələr Evinin qapısına qədər qaçdım, açıq dəhlizdən içəri girdim, Rahibə Onun qapısına qədər getdim. Jai bir addım məndən arxada idi.

Rahibə Onun qapısını döymək lazım idi. Bunun üçün düyüdən kiçik bir toxmaq düzəldilmişdi. Toxmaq öz quyruğunu sancan ilan şəklində idi. Rahibə Odan bu ilan barədə soruşanda gülümsəmiş, ilanın onun qoruyucusu olduğunu demişdi. Cavab məni qane etməmiş və bu barədə başqa vaxt daha ətraflı soruşmaq qərarına gəlmişdim.

Qapını döydüm. Rahibə O. hər zaman olduğu kimi sərt bir səslə “Gəl”, dedi. Meşə ağacından düzəlmə ağır qapını açdım. Qərb tərəfdəki pəncərənin qarşısında böyük bir yazı masasının başında oturmuşdu. Qarşısında xeyli kağız və kitab var idi. Köynəyi mürəkkəbə bulaşmasın deyə kətan qolcaqlar taxmışdı. Barmaqlarında mürəkkəb ləkələri var idi.

Gələnin mən olduğumu görüb həmişəki kimi qaşlarını qaldırdı, arxasındakı divarda məşəlin altında asılqandakı açara işarə etdi. Arxamda duran Jaini görüb lələyi bir kənara qoyub belini düzəltdi.

“Oradakı kimdir?” soruşdu. Həmişə olduğu kimi sözü düz adamın üzünə deyərdi. Jainin geri çəkildiyini hiss etdim. Bir-birini daha yaxşı görə bilsinlər deyə bir addım kənara çəkildim.

“Jaidir”, dedim, “adaya bu gün gəlib. Ona xəzinə otağını göstərəcəyəm”.

Üzümün qızardığını hiss etdim. Başqalarının yanında bu sözdən istifadə etməməyə çalışırdım. Otaqdakıları görəndən sonra uşaq kimi otağa bu adı vermişdim. Xəzinə otağı deyilən bir yer yox idi. Amma mənim üçün adanın ən dəyərli yeri ora idi.

Rahibə O. çoxdan öz işi ilə məşğul idi. Əli ilə açara işarə etdi və qarşısndakı kitabın vərəqini çevirdi. Düşünürəm ki, axşam yeməyinə gəlməyi tez-tez unudurdu.

Açarı götürdüm. Əlim boyda idi, sapı işləməli idi. Rahibə Onun qapısını sakitcə örtdüm. Jaiyə baxıb gülümsədim. Hər dəfə açarı alanda sevuncumdən uçurdum.

Xəzinə otağı Bilgi Evində idi. Siniflərin önündən keçib daş döşənmiş dəhlizin sonuna qədər getməli idik. Axşamlar bina boşalır, bütün qapılar bağlanırdı. Bir dəfə Ennike gün batıb əl-ayaq çəkiləndən sonra ora necə cəsarət edib getdiyimi soruşmuşdu. Qorxmaq mənim ağlıma belə gəlmirdi. Orada qorxulu nə olacağını bilmirdim.

İlk dəfə idi ki, Xəzinə otağına başqa biri ilə gedirdim. Bir az narahat idim. Monastırda nadir hallarda tənha qalırdıq. Xəzinə otağında keçirdiyim zaman bütünlüklə mənə aid idi. Amma Jaini incidə bilməzdim. Getdiyim yeri görəndən sonra dərhal geri qayıdacağını düşünmüşdüm. Bəlkə, monastırdakı pişiklərdən biri ilə oynayacaq ya da qızlardan biri ilə söhbət edəcəkdi. Söhbətcil deyildi, amma yenə də…

Xəzinə otağının qapısı Bilgi evinin digər qapıları kimi hündür və ikilaylı idi. Qızıla çalan qəhvə rəngli bir ağacdan düzəldilmişdi. Elə gözəl cilalanmışdı ki, cam kimi parıldayırdı.

Bu qapılara Rahibə O. baxırdı. Hər ay bir neçə dəfə nərdivana çıxıb yumşaq bir əski ilə qapıları təmizləyər, sonra da balmumuyla cilalayardı. Əslində, bunu özü etməməli idi. Rahibə Loeni onu belə görəndə hər dəfə damağını şakkıldadaraq narazılığını bildirirdi. Amma mən Rahibə Onu çox yaxşı başa düşürdüm. Bəzi qapılar nələrisə içəri buraxmır, bəziləri bir sirri gizlədir, bəziləri də təhlükəli bir şeyin üzünə qapanırdı. Bu qapılar Xəzinə Otağını şəfqətlə qoruyurdu. Rahibə O.-ya kömək etməyi, kapıların gözəl taxtalarını sürtərək parıldatmağı çox istərdim. Bir gün bunu etmək üçün ondan izin istəyəcəkdim.

Açarı kilidin dəliyinə salıb çevirdim. Bal qoxulu qapılar səssizcə açıldı.

Jai tez nəfəs aldı.

Xəzinə Otağı uzun dar bir yerdi. Yan divarları tavana qədər rəf idi. Qapının qarşısındakı qısa divarda hündür bir pəncərə var idi. Axşam günəşi oradan içəri düşürdü. İyirmi bir bölməli, indiyə qədər gördüyüm ən hündür pəncərə idi. Bu pəncərədən rəflərdəki minlərlə kitabın üstünə yumşaq bir işıq süzülürdü. Bir müddət qapının astanasında dayanıb toz, perqament və xoşbəxtliyin qoxusunu ciyərlərimə çəkirdim. Günün ən dəyərli anı idi. Ailəmdən, dağların arasındakı yaşıl vadimdən çox uzaqlarda yaşamağa, gecələr içimi dağıdan həsrətdən yuxusuz qalmağa, işlərin necə getdiyini, nəyin doğru olduğunu öyrənənə qədər rahibələrdən yediyim acı sözləri, böyük rahibə namizədlərinin itələşmələrinə, hər şeyə dəyərdi. Bir il ətrafımda nə barədə danışıldığını doğru dürüst anlaya bilməmişdim. Ümid və həsrətlə Xəzinə Otağında olmak bütün bu yaşadıqlarıma, hətta bundan da artığına dəyərdi. Bu həsrət ürək çırpıntılarımı sürətləndirən, canımı yandıran bir həsrət idi.

Jai rəflərdən birinin yanına getdi, böyük bir sayqı ilə kitablara toxundu, oxşadı. Sonra mənə tərəf döndü.

“Dünyada bu qədər çox kitab olduğunu bilmirdim!”

“Bura gələnə qədər mən də bilmirdim. Oxuya bilirsən?”

“Anam öyrədib”.

Jai başını qaldırıb tavana qədər uzanan rəflərə baxdı.

“Nə qədər çoxdur…” yenidən heyranlıqla dedi.

“Hamısını oxuya bilərik. Yalnız ən yuxarıdakı perqament bükümlərinə toxunmaq olmaz, çünki çox kövrəkdirlər. Onlara, yalnız, Rahibə O. toxuna bilər.

Artıq özümü saxlaya bilmədim. Jai istədiyini etsin. Mən dünən axşam oxumağa başladığım kitabı götürdüm. Sonra daha birini, sonra yenə birini. Pəncərənin kənarında dayanan masalardan birinə yaxınlaşdım. Orada çiynimdən aşağı süzülən işıqda oxuya bilirdim. Qaz lampalarını yandırmağıma icazə yox idi. Amma bu önəmi deyildi. Axşam günəşi mənə bəs edirdi: gözlərim gənc və iti idi. Hava qaralana qədər oxuya bilirdim. Bir dəfə oxumağa elə aludə olmuşdum ki, vaxtı unutmuşdum və şükran ayini çoxdan başlamışdı. Vaxtın nə qədər keçdiyini Rahibə Onu qapıda görəndə anlamışdım. Nə vaxtdan orada dayandığını bilmirdim. Dərhal ayağa sıçramış, üzr istəyərək kitabları yerinə qoymuşdum. Ürəyim ürkmüş bir quş kimi çırpınmışdı. Rahibə O. səssizcə məni izləmişdi. Onun bu səssizliyi məni deyəcəyi acı sözlərdən daha çox qorxutmuşdu. Amma yaxınına gedəndə incə dodaqlarında təbəssüm, gözlərində şəfqət görmüşdüm. Saçlarımı tumarlamışdı. Anamdan ayrıldığım gündən ilk dəfə idi ki, kimsə saçlarımı oxşayırdı. Qəhər məni boğmuş, səsim batmışdı. Rahibə O. yaylığımın altından tökülən saçlarımı qulağımın ardına etmiş, yanağıma sevgi ilə yüngül bir sillə vurmuşdu. Mən Xəzinə Otağının qapısını kilidləyib açarı Rahibə O.-ya vermişdim. Bilgi Evindən birgə çıxıb Gül Məbədinə birlikdə getmişdik. Səssizcə içəri girməyimə kömək etmiş, məni cəzadan qurtarmışdı. O səfərlik.

Rahibə O. o gündən sonra da əvvəlki kimi mənə qarşı sərt idi, amma mən artıq ondan əvvəlki kimi qorxmurdum. Bir dəfə otağına girəndə qarşısındakı kitaba elə aludə olmuşdu ki, mənim gəlişimi hiss etmədi. Yaylığı başından düşmüşdü. Bir əli ilə boz saçlarını oynadır digəri ilə ağır-ağır səhifələri çevirirdi. İndi bilirəm: o da mənim kimidir.

 

Böyük bir acgözlüklə oxumağa başladım. Otaqda sakitlik idi. Çöldən dənizin bitib-tükənməyən fısıltısı və dəniz quşlarının səsləri gəlirdi. Uzun müddət oxudum. Önümdəki kitabı bitirib digərinə keçmək istəyərkən Jai yadıma düşdü. Başımı qaldırıb baxdım.

Yerə düşən gün işığında oturmuşdu. Qucağında bir kitab var idi. O qədər böyük bir kitab idi ki, ayaqları onun altından görünmürdü. Axşam günəşi oxuduğu kitabın üzərindən çəkildiyi zaman ayağa qalxmadan hərəkət edərək günəşi izləyirdi. Şükran ayininin vaxtı gələndə onu kitabdan qopara bilmək üçün bir neçə dəfə xəbərdarlıq etməli oldum.

O axşamdan sonra Jai Xəzinə Otağında həmişə yanımda olacaqdı. Onun otaqdakı varlığına çox tez alışdım. Bir siçovul qədər səssiz idi, istədiklərimə heç bir etiraz etmirdi. Sanki onunla orada hər zaman birlikdəymişəm fikrinə çox tez alışdım.

Jainin monastıra gəldiyi ilk səhər günəşli idi. Yazın erkən çağlarında belə gözəl havalar çox olurdu. Yazın sonunda isə Qədim Ana saçlarını darayarkən adanı fırtınalar dövrəyə alardı. Qayalara çırpılıb parçalanmaq qorxusu ilə çölə çıxmağa cəsarət etməzdik. Menos adamız hələ öz çiçəkli libasını geyinməmişdi, lakin keçilər yeyəcək qədər yaşıllaşmışdı.

Hamımız ayağa qalxdıq, yataqlarımızı düzəldib sıraya düzüldük. Yatqxananın qapısını açdım. Rahibə Nummel bizi saydı, önümüzə düşdü, iç həyətə keçdik. Çox tez olduğundan hava hələ sərin idi. Rahibə Nummelin rəhbərliyi ilə günəşi salamladıq. Dənizdən yüksələn günəş istilik və həyat bəxş edərkən hər zaman onu salamlardıq. Bura gələnə qədər günəşin nə qədər önəmli olduğunu, onsuz həyatın olmayacağını bilmirdim. Bunu öyrəndiyim üçün və qızlarla onu salamladığım üçün çox xoşbəxt idim. Bir gün gələcək günəşi Məbədin Həyətində rahibələrlə birlikdə salamlayacağımı xəyal edirdim. Günəşin doğması və batması oradan daha yaxşı görünürdü.

Jaiyə edəcəkləri hərəkətləri göstərdim, pıçıldayaraq mənalarını söylədim. Günəşi salamlayan zaman danışmaq olmaz, lakin Jai təzə olduğundan Rahibə Nummel etiraz etmədi. Buna görə məni qınayan varmı deyə ətrafıma baxdım. Joem mənə elə baxdıqdan sonra burnunu dik tutdu. Kiminsə onun təsirləndiyini görməsini istəməzdi.

Günəş salamlaması bitdikdən sonra Rahibə Nummel önümüzə düşüb bizi Bədən Keyfinə götürdü. Rahibə Kotke bizi gözləyirdi. Bədən Keyfi ilə o maraqlanırdı. Daim isti su və buxarla təmasda olduğundan dərisi bürüş bürüşdü. Hər zaman nəmli kimi görünən paltarı yumruca bədənini ilan dərisi kimi yapışmışdı. Nummel ilə birlikdə tez qapını açdılar. Bu ağıe qapını açmağa tək adamın gücü yetməzdi.

Jainin soyunmasına kömək etdim. Əvvəl bir az tərəddüd etdi, lakin o biri qızların soyunduğunu görüb razılaşdı. Köynəyini çıxarandan sonra niyə tərəddüd etdiyini anladım. Bədəni döyülməkdən gömgöy idi. Tək Jai belə deyildi.

Qızların bura gəlməsinin bir çox səbəbi var idi. Bəzi yoxsul ailələr dolana bilmədikləri üçün qızlarının birini monastıra göndərirdilər. Bəzən bir ailə qızlarının çox zəkalı və öyrənməyə həvəsli olduğunu görüb yaxşı təhsil alsın deyə göndərirdi. Bəziləri isə xəstə ya da əlil qız uşaqlarını müalicə üçün göndərirdi. Örneğin Ydda bunlardan biri idi. Anadangəlmə boyu çox qısa idi. Ailəsi ona baxa bilməmişdi. Yddanın əkiz tayı Ranna bacısından ayrıla bilməmiş, onunla gəlmişdi.

Zəngin bir adamın qızına sərmayə qoymaq üçün monastıra göndərdiyi də olurdu. Qızı yaxşı təhsil alsın deyə pul ödəyirdi. Bəlkə, qızının çirkin olduğunu düşünür və, yalnız, bu yolla ər tapa biləcəyini düşünürdü. Uşaqlığını monastırda keçirən qadın mütləq burda nəsə bir iş öyrənirdi.

Joem belə qızlardan idi. Atası onu yemək sənətini öyrənmək və özünə daha tez ər tapmaq üçün monastıra göndərmişdi. Joemin dörd bacısı var idi. Onlar Joemdən gözəl idilər və çoxdan ərə getmişdilər. Bəlkə, elə buna görə Joem çox sevimsiz olurdu.

Evlərindən qaçıb gələn qızlar da var idi. Bunlar ən çox Urindiendən, müstəmləkələrdən və ya qərbdəki ölkələrdən gəlirdilər. Qadınlar bir şey öyrənmək və söyləmək haqları olmadığı bu ölkələrdən oxumaq eşqi ilə monastıra gəlirdilər. Bu ölkələrdə monastırın adı qadınların oxuduqları mahnılarda, söylədikləri nağıllarda təhlükəli bir adam duymasın deyə pıçıltı ilə yayılırdı. Adamız haqqında açıq danışılmırdı, amma yenə də çoxları onun barəsində eşitmişdi. Ennike ölkəsindən qaçıb gələn qızlardandı. Akkadelidən kiçik Neo, Palissadan Namar da elə idilər. Onların da bədənində Jainin bədənindəki yaralardan var idi. Jainin keçmişində belə şeylərin olduğunu hiss etmişdim.

Jainin qabağına düşüb mərmər pilləkənlə isti su hovuzuna düşdüm. Hovuzun suyu yer altındakı istisu qaynağından gəlirdi. Əı ələ tutub hovuzun içindən qarşıdakı pilləkənə fetdik. Qızlardan bəziləri üzməyi bilirdi. Mən bacarmırdım. Jai sudan qorxmurdu, amma alışqan kimi də görünmürdü. Sanki bədəninə toxunan sudan qorunmağa çalışırdı.

İsti sudan çıxıb soyuq su hovuzuna girdik. Amma çox soyuq idi! Bəzən, tərsi olmasını istəyirdim. Soyuq sudan çıxıb isti suya girərək isinməyi. Lakin isti yaz günlərində geyinməzdən əvvəl sərinlənmək də gözəl bir şeydi.

Yunduqdan sonra Rahibə Nummel bizi daş qapıdan çölə çıxardı. İndi rahibələrin növbəsi idi. Onlar bizdən sonra yuyunurdular. Artıq yemək vaxtı gəlmişdi. Ocaq Evinə getdik. Jai yanımda oturdu. Elə o zaman mənim kölgəm olmağı seçdiyini anladım. Yeni gələn bir rahibəliyə namizədin özündən əvvəl gəlmiş bir rahibə namizədini seçməyinə belə deyirdik. Monastırda öz yerini tapana qədər seçdiyi adamı bir kölgə kimi təqib edərdi. İlk dəfə idi ki, mənim kölgəm olurdu. Doğrusu, bir az qürurlanmışdım. Qarşımda oturan Ennikeyə baxıb gülümsədim. Bir zamanlar mən də onun kölgəsi idim. Bacım Naraesə oxşayırdı: eyni qıvrım saçlar, eyni qəhvə rəngli gözlər. Ennikenin təsir dairəsindən, yalnız, bir neçə həftədən sonra çıxmağa cəsarət etmişdim. Bir dəfə də olsun mənə hirslənməmişdi. Enniknin mənə göstərdiyi dözümü və səxavəti mən də Jaiyə göstərəcəkdim.

O səhər, nəhayət, təzə çörək yeyəcəkdik. Ers ilə şagirdləri bir gün əvvəl Havvanın gününü qeyd etmişdilər. Təndiri təmizləyib çörək bişirmək üçün hazırlamışdılar. Yalnız yarma yediyimiz bir neçə aydan sonra, nəhayət, dişlərimiz duzlu çörəyə dəyib bayram edəcəkdi. Ağzım çörəklə dolu Ennikeyə baxıb gülümsədim. O da gülərək mənə qarşılıq verdi.