Buch lesen: «Bizi Umudsuz qoyma»
Bizi ümidsiz qoyma
“Heç kimi qınama, dünya işinin həmişə dəyişkən və çevrilən olduğunu nəzərə al”. Nəsirəddin Tusi
Gecənin bir aləmində qəfildən yuxudan ayıldı – hər tərəf zülmət qaranlıq idi. Başını pəncərəyə sarı çevirdi. Yaxşı ki, göydə ulduzlar sayrışırdı, onların hənirtisini canında hiss etdi, yoxsa Umudun bağrı partlayacaqdı. Qaranlığa allergiyası olan adamlar kimi havası çatmırdı, dərindən nəfəs alıb köks ötürdü.
Çarpayısının yanında döşəmənin üstünə qoyduğu telefonunu götürüb saata baxmaq, vaxtı müəyyənləşdirmək istədi. Tez də fikrindən daşındı. “Ehh, indi vaxtın nə fərqi var?! Təxmini bilirəm ki, hələ gecədir, səhərin açılmasına çox var. Bir də tutaq ki, telefonda baxıb vaxtı müəyyənləşdirdim, saatın dörd, beş, ya altının yarısı olduğunu öyrəndim. Bəs sonra? Bunun nə mənası olacaq? Gedib dəhnə bağlamayacam ki, bostan suvaram. Yer belləməyəcəm ki, əkin əkəm. Ot biçmiyəcəm, naxır otarmıyacam… Mənimki… elə bu çarpayıdı ki, uzadıblar.., uzanmışam…”
Çarpayısı pərdəsiz pəncərənin qənşərindəydi deyə hər zaman çölə baxa bilirdi. İndi də gözlərini bir neçə dəfə döyəcləyib yenə də çölə baxdı, havadan elə bil zəhrimar yağırdı, səmada təkəmseyrək sayrışan ulduzlar da bu qarmaqarışıqlıqdan bezmiş kimi gah itib-batır, gah da gözə dəyirdilər. Çox güman ki, hələ sabahın açılmasına xeyli vaxt vardı.
Bu gecə yuxusunu yaman qarışdırmışdı Umud. Ömründə bircə dəfə – o izdihamlı ayrılıq günündə gördüyü komandirləri girmişdi yuxusuna. Adı necəydi onun, hə, yadına düşdü Cahangir, elə özüydü ki, vardı cahangir Cahangir Əliyev, polkovnik ulduzları ona necə də yaraşırdı, əsl sərkərdə kimi görsənirdi.
Umid bu gecə yuxuda görmüşdü ki, yamaclardan, gədiklərdən keçən bir yolla hardansa gəlir. Əlli-altmış qoyun-quzunu da qatıb qabağına. Beş dolu qucaq palıd qırması yüklənmiş boz eşşək də qabaqda qırğı kimi gedir. Umudun da əlində dəhrə var. Onun özünə də maraqlıydı, niyə dəhrə? Niyə çomaq yox, silah yox, dəhrə? Eşşəyi yükləyəndən sonra həmişə dəhrəni, baltanı, orağı yükün bir yerinə taxardı, əlində heç nə saxlamazdı, eləcə qollarını yelləyə-yelləyə eşşəyin arxasına düşüb gedərdi.
Fikirləşə-fikirləşə bir az getmişdi ki, birdən gözü qabaqda qırğı kimi gedən boz eşşəyə sataşdı. Eşşəyin yükü yaman əyilmişdi, az qalırdı yerə çatsın. Yük azca da əyilsəydi palıd qırmalarının ucu yolun üst badındakı yarğana ilişəcəkdi. Yarğana ilişən kimi yük eşşəyi aşıracaqdı.
Yol deyəndə də adamın ağzı ağrıyır, səmtsiz bir çəhlim idi, sərt yamacın döşü ilə gedib, gədiyin başına dolanırdı. Şiv palıd qırmaları yarğana ilişən kimi boz eşşək elə yük qarışıq yumalanıb düşəcəkdi dərənin dibinə. Onda da ya qismət… eşşək ya sağ qala, ya şikəst ola… Yamacdakı kəsilmiş ağacların çəkilləri qarnını yırtmasaydı, belindəki nizə kimi palıd qırmalarından biri ilişib ya gözünü tökəcəkdi, ya da qarnını yırtacaqdı. Şikəst eşşək də Umudun nəyinə gərəkdi…
Umud tez özünü yetirdi eşşəyə. Axı eşşək hardan bilərdi ki, Umud nə düşünür. Eşşək bunları anlamırdı, heç anlaya da bilməzdi. Yükü az qala yernən sürünsə də gedirdi. “Hoqquş, hoqquş” deyib eşşəyi dayandırdı. Yükün əyən tərəfini qaldırdı ki, düzəlsin. Bu xeyli vaxt apardı, çünki örkən də boşalmışdı. Umud yavaş-yavaş örkəni də çəkib bərkitdi. Yük qarışıq örkəni çəkib bərkitmək asan iş deyildi, xeyli vaxt apardı. Başı yükü düzəltməyə necə qarışdısa, bir də baxdı ki, heyvanlar gözdən itib. Eşşəyi döyəcləyib yola düzəldi ki, gedib heyvanlara çatsınlar. Bir xeyli getmişdilər ki, gədiyin dolanbac aşırımında örkənin eşşəyin qarnının altından keçib belindəki palanı bərk saxlayan çatısı qırıldı və yük palanqarışıq belindən sivişib quyruğunun üstündən yerə düşdü. Yükün altından çıxan eşşək ilan ağzından qurtarıb gölə tullanan qurbağa kimi götürüldü, qaçdı və bir anın içində dağın arxasına keçib görünməz oldu. Umud baxdı ki, əlindəki dəhrə də yoxa çıxıb. Heyvanların itməsi, eşşəyin yükü salıb qaçması, bu yandan da dəhrənin müəmmalı şəkildə yoxa çıxması Umudu bərk üzdü. Məyus-məyus əyilib aşağılara baxdı ki, görsün heyvanlar su içmək üçün dərəyə tökülməyiblər…
Dərənin qırağında qamışdan bir çavıstan vardı. Qapısının ağzında yekəpər pəhləvana oxşar biri oturub çay içirdi. Umud baxan kimi onu tanıdı – Haramı döyüşləri zamanı briqadaya komandirlik etmiş Cahangir idi. O da Umudu tanımışdı, əli ilə işarə elədi ki, düş gəl aşağı. Tay demədi, gəl çay iç. Umud kimiydi ki, onun yanında, adi bir döyüşçü. Umud kimi döyüşçülərdən polkovnikin tabeçiliyndə minlərlə idi.
vaxtlar olduğu kimi qaça-qaça gəldi komandirinin çağırışına. Nəsə demək istəsə də səsi çıxmadı. Polkovnik də heç nə demədi, eləcə əli ilə oturmaq işarəsi verdi. Umud dəyirmi masanın ətrafına qoyulmuş kötüklərdən birinin üstündə oturdu. Polkovnik nəlbəkidəki çayını içib qurtardı. Nazik stəkanın yarısından olan qıpqırmızı çayı da nəlbəkiyə tökdü, qurtaqurtla onu da çəkdi başına.
–Kim nə deyir-desin, nəlbəki çaya dad verir. – dedi.
Sonra çəkmələrini geyib ağır-ağır ayağa qalxdı. Umuda dedi ki, dur gedək.
Umud durub polkovnikin arxasınga getmək istəyəndə baxdı ki, ayaqyalındı. Bunu polkovnik də gördü. Polkovnik geri dönən kimi elə bil Umudun dili açıldı.
–Axı mən ayaqyalınam! – Yavaşca pıçıldadı. – Geyməyə ayaqqabım yoxdur.
Polkovnik gülümsündü. Astadan, bir az da xışıltılı səslə dedi ki, ayaqqabıları neynirsən, uzağa getmirik, qapıdakı çəkələklərdən birini keçirt ayağına, tez gedək, gələk. Umud kötüyün üstündən yavaşca durub qamış çavıstanın keçə qapısına yaxınlaşmaq istəyirdi ki, ayağında kəskin ağrı hiss etdi; ya ayağına tikan batmışdı, ya da cücü çalmışdı, əqrəb də ola bilərdi. Hər nəydisə bərk ağrıtdı, elə bu ağrının təsirindən də Umud yuxudan ayıldı.
Umud yuxunun təsirindən çıxa bilmirdi. Bir vaxtlar kitablardan oxuduğu yuxuyozmaları xatırlayıb çözməyə çalışırdı, bacarmırdı. Yalnız yaddaşında ilişib qalan xoş xatirələr bircə-bircə göz önündə canlanırdı.
…Biləsuvar gömrük-keçid məntəqəsində həmişəki kimiydi, yenə də basabasdı, yenə də sıxlıqdı.
Umudu qarşılamağa gələnlər həyəcanla gözləyirdilər. Qrupa mayor Orduxanov rəhbərlik edirdi. Iki maşınla gəlmişdilər; qərargah rəisinin “Niva” sını o qədər yumuşdular ki, ağappaq gəlin maşınına bənzəyirdi, tünd yaşıl rəngli Hərbi-Tibbi Yardım maşını da elə bil zavoddan indicə gətirilmişdi.
Gələnlər arasında İsgəndər adlı xüsusi şöbənin zabiti də vardı, nədənsə mayor Orduxanovun yanını kəsdirib durmuşdu, bir addım da kənara çəkilmirdi. Həkim maşınında sürücü, Rövşən həkim və tibbi bacısı Yulyadan başqa daha iki əsgər – tibb təlimatçısı və sanitar da vardı.
Bir-iki siqaret çəkib gəzişmişdilər ki, keçid başladı. Baxdılar ki, tumanı uzun, saqqallı, orta yaşlı bir iranlı əlil arabasını itələyə-itələyə gətirir, Umud da bəy balası kimi oturub arabanın içində.
Lap uşaq kimi sevindilər. Necə sevinməyəydilər?! Odun-alovun içindən birgə çıxmış döyüşçü yoldaşları indi də qonşu ölkədən müalicədən sap-sağlam qayıdırdı. Göndərəndə Rövşən həkimin ümidi üzülmüşdü. Burda xəstəxanalarda gecikdirilmişdi deyə qıçı qanqrena olmuşdu. Dizdən aşağısının kəsilməyi bir yana, özünün sağ qalacağına ümid çox az idi. O qədər qan itirmişdi ki, yaşaması şübhəliydi. İndi budur sapsağlam öz ölkəsinə qayıdırdı.
Mayor Orduxanov sevinirdi… Umudun yaşamasına sevinirdi… Nə qədər acı olsa da əlil arabası ilə qayıtmasına sevinirdi… Umud tankdan sonra piyada qalmamışdı. O, yaxşı bilirdi ki, ölkədə xirtdəyəcən problemi var, belə tezliklə Umuda əlil arabası ala bilməyəcəklər. Sənədləri nazirliyə göndərələr, çək-çevirdən sonra ona əlillik qrupu təyin edələr, növbəyə yazalar… Bu, uzun bir mərəkə olacaqdı. Nə yaxşı ki, qonşu qardaş ölkədə bunu başa düşüblər. Umud kimi əlilləri vətənlərinə əlil arabası ilə qaytarırlar.
Nəhayət, gəlib çatdılar. Görüşmək üçün birinci mayor Orduxanov özünü toplayıb onlara tərəf addımladı. “İlahi, Umud nə günə qalmışdı! O qarayanız dolubədənli gəncdən əsər-əlamət görünmürdü. İnsan nə tez dəyişərmiş… Ağappaq olmuşdu, azca sarısı vardı. Eybi yoxdur, beş-on gün qulluğunda durarlar, yenə də gümrahlaşar, Haramının tərtəmiz vətən havası…” Təskinlik tapıb yaxınlaşdı. Umud da komandiri ilə görüşmək üçün uçunurdu, az qalırdı əlil arabasından yerə düşüb ona tərəf yüyürsün, dizləri üstə lap uşaq kimi iməkləsin…
Mayor Orduxanov addımını yeyinlədib özünü onlara yetirdi və əyilib Umudun boynunu qucaqladı. Sonra da o biriləri növbə ilə Umudun boynuna sarılıb görüşdülər.
Axırda Yulya utana-utana Umuda yaxınlaşdı. Əvvəlcə hamı kimi əyilib boynunu qucaqlamaq, üzündən öpmək istədi. Nə fikirləşdisə, dayandı… matdım-matdım ona baxdı… Baxdı və hönkürə-hönkürə əyilib onun boynuna sarıldı. Bayaqdan özünü güclə saxlayan Umud da içindəkiləri boşaltdı, onun hıçqırığı Yulyanın hönkürtüsünə qarışdı…
Yulya xoş görünüşlü ucaboy, sarışın bir rus qızı idi. Atası Gennadi rus ordusunun peşəkar zabitidir. Rusiyanın Volqoqrad şəhərində hərbi xidmət keçərkən Yevdakiya ilə evlənib. Ailənin böyük qızı Nadya elə Volqoqrad şəhərində dünyaya gəlib. Bir neçə ildən sonra Gennadini təyinatla Azərbaycana göndəriblər. Elə o vaxtdan ailə Salyan rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yaşamalı olub. Yulya da burada dünyaya gəlib. Təxminən on beş il burada yaşayandan sonra Gennadini Uzaq Şərqə xidmət keçməyə göndəriblər, daha doğrusu, o, özü bunu rəhbərlikdən xahiş edib. Təqaüdə çıxmazdan əvvəl Uzaq Şərqdə yaxşı staj yığacaqdı, maaşı da yüksək olacaqdı.
Gennadi ilə Uzaq Şərqə getməyə arvadı Yevdakiya razılıq verməyib. O, gedəndən sonra daha iki il həmin hərbi şəhərcikdə yaşayıb, əvvəlki işində işləyib. Böyük qızı Nadya da orta məktəbi bitirəndən sonra anasının yanında işə düzəlib.
Hər şey Yulya Tibb texnikumuna qəbul olandan sonra başlayıb. Gennadi təqaüdə çıxandan sonra Azərbaycana deyil, Volqoqrada qayıdacağını yazıb. Anası ilə Nadya da köçüb getməyi təklif ediblər. Yulya isə oxuyacağını, sonra da Azərbaycanda qalıb işləyəcəyini bildirib. Bu o vaxta təsadüf edirdi ki, ölkə dağılmağa sürüklənir, daxildə parçalanma gedirdi. Müstəqil dövlətlərin yaranması ilə çoxlarının ölkələrdən-ölkələrə köçünə təkan vermişdi.
Yevdakiya ilə Nadya köçməyə qərar verəndə Yulya inadından geri çəkilmədi:
–Sizin vətəniniz Volqoqraddırsa, mənim də vətənim Azərbaycandır. Siz gedin, mən qalıb oxuyacam.
–Bəs sonra? – Anası israrla soruşdu. – Sonra da gedib müharibədə yaralananların yaralarını sarıyacaqsan?
–Bəli! – Bu Yulyanın ağlına da gəlməzdi, amma anasının deməyi ilə beyninə girdi.
–Onda qal.
Anası ilə bacısı köçüb getdilər, Yulya isə təhsilini davam etdirdi. Müharibə təzə-təzə alovlanırdı. Bir müddət anası pul göndərir, yardım edirdi. Elə ki, təhsilini başa vurdu, anasının yardımları kəsildi.
Həmin vaxt daha çox gənclər ölkənin müdafiəsinə qoşulurdu. Yulya da qərarını verdi.
Çox keçmədi ki, tale onu Haramıda döyüş mövqeyində olan hərbi hissəyə gətirdi. Umudla tanışlıq da elə burda baş verdi. Həmin gün Umudgilin ekipajını və çoxlu tankçını Ağdam cəbhəsindən Haramıya gətirmişdilər.
İndi Yulya Umudun boynuna ən əziz, ən doğma adamı kimi sarılmışdı. Sağ-salamat gördüyünə nə qədər sevinirdisə, bir neçə saatdan sonra itirəcəyinə təəssüflənirdi. Xeyli müddətdən bəri isinişdiyi adamı bir daha görməyəcəyindən qorxur və hıçqırırdı.
–Gəlin çəkilək kənara, qoy yüngülləşsinlər. Bayaqdan hiss edirdim ki, bahar buludu kimi dolublar.
Mayor Orduxanov iranlını da götürüb kənara çəkildi. Onun əlini iki əlləri arasına alıb sıxdı.
–Heç bilmirəm, sizə necə təşəkkürümü bildirim. Bizə bu sevinci yaşatdığınıza görə o taylı qardaşlarımıza minnətdarıq.
İranlı başı ilə qarşılığını bildirdi, hansısa sənədləri mayor Orduxanova verdi, sənədin birinə də qol çəkdirib özündə saxladı. Mayor Orduxanov əlil arabasının sənədi olduğunu zənn etdi və farsca yazılmış anlamadığı kağızları Rövşən həkimə ötürdü. İranlı görüşün uzun çəkdiyini görüb ciddiləşdi:
–Babam! – dedi. – Xəstanızı götürün, mən arabanı aparmalıyam. Vəxtim yoxdu gözlamağa.
Bu sözdən hamısı tutuldu. Mayor Orduxanov Rövşən həkimə, Rövşən həkim də İsgəndərə baxdı, sadəcə çiyinlərini çəkdilər.
–Belə də olur. – Mayor Orduxanov təəssüflə dilləndi və işarə elədi ki, deyiləni eləsinlər.
Tibb təlimatçısı ilə sanitar əsgər Umudu əlil arabasından dik götürüb hərbi-tibbi yardım maşınına tərəf apardılar.
–Ora yox! – Mayor Orduxanov səsləndi. – “Niva” ya, özü də… qabaq oturacağa…
Umudun ürəyi dağa döndü, o, belə də zənn etmişdi, mayor Orduxanov onu, elə o biri döyüşçüləri də özünə doğma, bəlkə də, qardaşdan yaxın bilirdi. Heç vaxt razı ola bilməzdi ki, keçmiş döyüşçüsü, özü də bu vəziyyətdə narahat yerdə aparılsın. Hələ yaşı qurumamış gözlərindən iki damcı sevinc yaşı axıb sifətini yandırdı.
İsgəndərin rəngi-rufu dəyişdi, mayor Orduxanovu tərs-tərs süzdü: “Bu nə edir? Umud qabaqda oturacaqsa, deməli mən keçib arxada oturmalıyam? Hə, heç nə olmaz, elə Orduxanovla biz ikimiz də arxada oturacağıq!” Bir az rahatlandı, bir az təskinlik tapdı.
İranlı kolyaskanı götürən kimi heç sağollaşmadan onlardan uzaqlaşdı.
–Hamı yerinə! – Mayor Orduxanov səsləndi.
“Niva” nın sürücüsü Rahib əli ilə sürücü oturacağını qabağa əyib əli ilə tutdu ki, İsgəndər arxa tərəfə keçsin. İsgəndər keçib yerini rahatlayandan sonra gözlədi ki, bəlkə mayor Orduxanov da arxa oturacağa keçəcək.
–Nə gözləyirsən? – Mayor Orduxanov Rahibə baxdı. – Özün də arxaya keç.
Rahib arxa oturacağa keçib İsgəndərlə yanbayan oturdu. İsgəndər pərt olsa da daha büruzə verməyi əhəmiyyətsiz bildi.
–Bu şərəfi əldən buraxmaram. – Mayor Orduxanov yerini rahatlayıb mühərriki işə saldı.
–Hansı şərəfi? – İsgəndər pərtliyini büruzə verməmək üçün maraqlandı.
–Umud kimi qəhrəman döyüşçüyə sürücülük etmək şərəfini. Belə şans hər dəfə ələ düşməz.
“Niva” qabaqda, yamyaşıl hərbi-tibbi yardım maşını da arxasınca yola düşdü. Baş yola çıxana kimi heç kim danışmadı. Elə ki, baş yola çıxıb sürəti tarazladı, mayor Orduxanov üzünü Umuda tutub gülümsündü. Umud fürsət gözləyirmiş kimi araya söz saldı.
–Sizi də təbrik edirəm, “mayor” rütbəsi almısınız.
–Çox sağ ol, Umud. – Sağ əlini sükandan ayırıb Umudun çiyninə vurdu. – Sən bundan da yüksək rütbəyə layiqsən. Hə, danış, görüm, babalar sənə necə qulluq göstərirdilər?
–Sağ olsunlar. Bir dənə davranışları nəyə desən dəyərdi. Adamı o qədər mehriban dindirir, şirin-şirin danışdırırdılar ki, elə bil yaxın qohumların, kəndçilərindi. Bir də öz aralarında hamısı bir-birinə “ağa” deyə müraciət edirlər.
–Bəs, babam? – İsgəndər müdaxilə etdi.
–Sizə “babam, babam” demələrinə baxmayın…
–Deməli, sən orda “ağeyi Umud” oldun… – Mayor gülümsündü.
–Hə, elə deyirdilər… – Umud da qımışdı.
–Özgə deyillər ki… onlar da bizdəndi… bizimdi… yarımız Arazın bu tayında… yarımız da o tayında…
–Hərdənbir söhbət düşəndə onlar da belə deyirdi. – Umud nə fikirləşdisə əlavə etdi. – Yox, onlar ayrı cür deyirdilər. Deyirdilər ki, buralar o tayın olub… bir vaxtlar… Sonra Şahənşah Rusiya ilə cəngi aparıb ki, buraları qorusun, qoruyammıyıb. Urus güclü olub, cəngi qazanıb, buraları o taydan qoparıb. Yoxsa, indi buralar da İranın tərkibindəydi. Onda ermənini həddi nəyidi cəngi açsın, buralara hücum eləsin…
Mayor Orduxanov güzgüdə İsgəndərə göz vurdu…
–Umud, farslar belə danışırdı, yoxsa o taylı azərilər? – İsgəndər soruşdu.
–Heç bilirsən ki, farslar hansıdı, azərilər, ermənilər hansı? – Umud qanrılıb arxaya baxa-baxa cavab verdi.
–Orda ermənilər də işləyir? – İsgəndər sual yağdırmaqda davam edirdi.
–Orda çoxunun familiyasının sonluğu yandır; ermənisinin də, farsın da, azərinin də… Bir də Təbrizin ən yaxşı həkimləri elə ermənilərdi. Onlar hər il xaricə gedib təhsillərini artırırlar. Azərilər də “bəsimdi, buna da şükür” deyib Allaha dua edir, yerlərində sayırlar. “Babam, bundan sonra gedib professor olmuyacam ki?”
–Hə… – Mayor söhbəti dəyişmək istədi, amma Umud imkan vermədi.
–Hə, bir də, çox xəsisdilər. – Umud qabağa çevrilib yola baxa-baxa söhbətinə davam etdi. – Əsl Hacı Qaradılar. Xəsis Culfa onların yanında toya getməlidi. İynəni də adama elə vururlar ki, elə bil qırx ildi onlardan borc alıb qaytarmamışıq. Cənab mayor, bizim hökumət onlara pul ödəmir ki, bizi müalicə etsinlər?
–İndi onun yeri deyil, Umud. Ola bilər ki, bizim hökumət hələlik pul ödəməyib. Müharibə aparan ölkə pul ödəməz, qonşulardan borc alar. Qayda belədir. Ancaq qoy, bu müharibə qurtarsın, bircə Qarabağ məsələsi həll olunsun.., bizim hökumətimiz… heç kimə borclu qalmayacaq… Hamının borcunu artıqlaması ilə, hələ desən faizi-sələmi ilə ödəyəcək. Biz güclü dövlət olacağıq; həm iqtisadi, həm də hərbi cəhətdən. Həm də…
Mayor Orduxanov nə fikirləşdisə, gerisini demədi. Onun nə deyəcəyini gözləyirmiş kimi nə İsgəndər, nə də Umud bir söz də olsun əlavə etmədi. Gözlədilər, gözlədilər, Orduxanovdan da səs çıxmadı.
Qabaqda Dövlət Yol Müfəttişliyi postu vardı. Postu keçənə kimi heç biri dinib danışmadı. Mayor Orduxanov güzgüyə baxırdı, görsün o biri maşın çox geridə qalmayıb ki…
–Umud, yaralandığın yadındadırmı? – Postu keçəndən sonra İsgəndər maraqlandı.
Umud çevrilib komandirə baxdı ki, görsün nə deyir. Mayor Orduxanov sükandan bərk-bərk yapışmışdı, gözü ancaq yolda idi, fikri, xəyalı bəlkə də Haramıda dolaşırdı.
–Qorxma, danış. – İsgəndər ürəkləndirdi. – Komandirinə niyə baxırsan? Qorxursan ki, danışmağına icazə verməyə? Burda nə var?! Bir də kənddə bostan oğurluğuna getməmişdin ki, cələyə düşüb qıçını qırasan. Ermənilərlə vuruşurdun, vətəni müdafiə edirdin, yaralandın.
–Yaralandığım yadımdadır. Siz düz deyirsiniz, döyüşdə yaralandım. Amma… yenə də… yaxşısını komandir bilir… – Umud təəssüf dolu baxışlarla başını buladı.
–Bəyəm komandir də sənin yanındaydı yaralananda? – İsgəndər inanmırmış kimi soruşdu.
–Bəli. – Umud qəti cavab verdi.
–Bəs axı sən sol cinahda yaralanmısan. Tabor komandirin də mərkəzdə hücumda olub.
–Bizim komandir ayrı komandirdi, o, hər yerdə olurdu. Neçə ildir müharibədir, ermənilərlə davadayıq, mən üç döyüş bölgəsi dəyişmişəm, hələ belə komandir görməmişəm. Harda qızğın döyüş gedir, komandir tez özünü yetirir ora. Həmişə BMP-2-nin üstündədir. Bir dəfə bərk döyüş gedirdi. Erməni tankları başımıza od ələyirdi, mərmilər dolu kimi yağırdı. – Sanki Umudun dili açılmışdı. – Əsgərlər səngərlərdən baş qaldıra bilmirdilər. Biz tankçılar da nişan alıb atəş aça bilmirdik, elə allah umuduna hərdənbir birini ermənilər tərəfə atırdıq. Bir də gördük arxadakı təpənin üstündən hacıleylək dimdiyini şaqqıldatdı.
–Nə, Hacıleylək? Sənin kod adın beləydi? – İsgəndər mayordan soruşdu.
–İmkan ver, qoy danışsın.
–Ləzzət eliyir hə, əsgərin dilindən xoş sözlər eşitmək?
–Əsgərinin söylədikləri komandirin ən böyük mükafatıdır. Mənim kod adım “Zireh” idi. Əsgərlər PDM-2-yə öz aralarında “Hacıleylək” deyirdilər.
–Yaxşı, Umud, danış. Danış, görək, sənin bu komandirin daha hansı oyunlardan çıxıb ermənilərin qabağında.
–Ermənilər yaxşı bilirdilər. Komandirin hacıleyləyi şaqqıldıyan kimi dığalar siçan deşiyini satın alırdılar.
Umud bunu deyib dayandı.
–Hə, Umud, gərək belə olmayaydı, amma oldu. Görünür, Tanrının yazısı beləymiş. – Mayor Orduxanov danışmağa başladı. – Həmin gün biz “Bəytəpə” əməliyyatına hazırlaşırdıq. “Yarğan” sıra təpələrini alandan sonra ermənilər “Bəytəpə” yüksəkliyində və oradan sağa-sola uzanan təpələrdə möhkəmlənmişdilər. Üç gün idi piyada qoşunumuz hücum edirdi, təpələri ala bilmirdi. Əmr olunmuşdu ki, tanklarla hücuma keçək. Sənin tankın da hücum qrupundaydı. Tam hazırlıq görüləndən sonra sizə dinclik verdim ki, yatasınız. Özüm isə səhərki döyüşü düşünür, döyüşdən az itgi ilə çıxmaq üçün bir daha hər şeyi götür-qoy edirdim. Bərk yorulmuşdum. Gecənin bir aləmində özüm də mürgüləmək istəyirdim ki, sən sayıqlamağa başladın. “Qoymayın! Məni burda qoymayın! Komandir!!!” Öz səsinə az qala özün oyanacaqdın, o biri əsgərləri də oyadacaqdın. Yaxınlaşıb əlimi alnına qoydum, qızdırman vardı, od içində yanırdın. Dərhal sənin tankını ehtiyata keçirmək barədə qərara gəldim. Xəbəriniz olmadan sağ cinahdakı üç tankdan birini mərkəzə gətizdirdim. Alaqaranlıqdan sizi yuxudan qaldırdıq. Sənin tankının ehtiyatda qalmasını tapşırdım. Döyüşə gedə bilməməyindən məyus oldun. Burnunu sallayıb kənara çəkildin. Mənim sözümdən çıxa bilmirdin, amma döyüşdən qalmaq da istəmirdin. Nə isə… Biz üç tank və mənim sərəncamımda olan PDM-2-nin dəstəyi ilə səhərin alatoranlığında hücuma keçdik. Elə birinci həmlədə itgisiz “Bəytəpə”ni götürdük. Birinci, ikinci motoatıcı taborlar sağ-sol cinahlardan hücumu genişləndirdilər. “Bəytəpə” dən sağda, yəni ikinci tabordan sonra dördüncü, solda, birinci tabordan sonra altıncı tabor olmaqla silsilə təpələri ermənilərdən aldıq. Səhər saat doqquz olmadan günün tapşırığı yerinə yetirilmişdi. Arada fürsətdən istifadə edib əsgərlərə səhər yeməyi yedirtmək istəyirdik ki, ermənilər mərkəzdən əks-hücuma keçdilər. Güclü əks-hücum olsa da dəf edə bildik. Ermənilərin bir az zəif ikinci əks-hücumu dördüncü tabor istiqamətində oldu. Onu da dəf etdilər. Günorta yeməyi zamanı artıq tam arxayınlaşmışdıq ki, daha ermənilər möhkəmlənmək üçün yeni mövqe seçərlər, əks-hücuma keçməzlər. Bir də baxdıq ki, sol cinahımızda qırğındır. Elə bu zaman briqada komandiri ratsiya ilə bildirdi ki, ermənilər əks-hücuma keçib, altıncı taboru yeni aldıqları mövqedən çıxarıb. Mənə əmr edirdi ki, təcili həmin taborun döyüş mövqeyinə gəlim. Orada olan iki tankla və geri çəkilmiş taborun əsgərləri ilə yenidən hücum təşkil edim və erməniləri mövqedən çıxarım. Mən “Bəytəpə” istiqamətində hücumda iştirak edən tankçılara tapşırıq verib PDM-2 ilə geriyə, Umudun tankı duran yerə gəldim. Umud vurnuxur, özünə yer tapa bilmirdi, döyüşdən kənarda qaldığını özünə bağışlamırdı. Məsələni onlara izah etdim və birlikdə altıncı taborun döyüş mövqeyinə gəldik. Orada olan iki tankı və əllidən çox atıcı əsgəri cəmləşdirib hücum təşkil etdim. Elə dörd-beş yaylım atəşindən sonra ermənilər səngərlərdən çıxıb qaçdılar, biz bunu gördük. Sürətlə səngərlərə tərəf irəlilədik və səngərlərə əlli-altmış metr qalmış mən tanklara “dur” əmrini verdim. Səngərlərin qarşısında minalanmış sahə ola bilərdi. Sərəncamımızda olan altı nəfər istehkamçını göndərdim minaların olub-olmamasını yoxlamağa. Bu zaman Umud əlində avtomat tankın üstündən yerə atıldı və səngərə tərəf götürüldü. Onun arxasınca qışqırdım:
–Umuuud!!! Dayaaan!!!
Umud isə eşitmirdi, öz aləmindəydi. Döyüşə hazır vəziyyətdə qaça-qaça səngərin yanına gəldi və səngərin içinə tullandı. Onun səngərə tullanması ilə nəyinsə partlaması bir oldu. Mən heç nəyə məhəl qoymadan onun yanına qaçıb gəldim. Umud yerə uzanmışdı, çabalayırdı. Hər iki ayağı dağılmışdı. Şiddətli qan axırdı. Tez gödəkçəmin kəndirini dartıb çıxartdım və onun ayağının birini topuqdan yuxarı bağladım ki, qanaxma dayansın. Əsgərlər də o biri ayağını bağladılar. Onu qaldırıb tanklar duran yerə gətirdik. Rahib sanitar maşını döndərib hazır vəziyyətdə saxlamışdı. Umudu maşına qoyan kimi yerindən götürüldü.
–Umuuddd, tez qayıt! Bizi Umudsuz qoymaaa!!! – Tankçılardan kimsə arxasınca qışqırdı.
Bu zaman istehkamçılar gəlib dedilər ki, hər yer tərtəmizdir, mina yoxdur. Sən demə üç səngərdə ermənilər cəmi bir mina basdırıbmış, o mina da Umudun adına yazılıbmış…
Umud doluxsundu, elə mayor Orduxanov da pis oldu, amma bunu sezdirməmək üçün arxa oturacaqda oturan nivanın əsl sürücüsü Rahibə tapşırıq verdi:
–Komandirinə bir siqaret yandır!
Rahib tez döş cibindəki dəbdə olan “Prezident” qutusundan bir siqaret çıxartdı, alışdırıcı ilə yandırıb mayora uzatdı. Mayor Orduxanov siqaret sönməsin deyə alıb iki-üç qüllab vurdu və ciyərlərinə çəkdiyi tüstünü pəncərədən çölə üfürdü.
–O vaxt həm imkan olmadı, həm də soruşmağın yeri deyildi. – Mayor Orduxanov dilləndi. – Sən birdən-birə nə fikirləşdin ki, belə hərəkət etdin?
–Komandir, siz səhər-səhər də məni döyüşə aparmamışdınız, odur ki, özümə yer tapa bilmirdim. İndi də səngərin beş addımlığında “dur” komandası verdiniz. Dişim bağırsağımı kəsirdi. Əvvəlcə avtomatı götürüb yerə düşdüm. Səngərin lap yaxınlığında olduğumuzu gördükdə özümü saxlaya bilmədim. Mənə elə gəldi ki, səngərdə bir erməni əsgəri gizlənir. İndicə o, qalxıb qumbaraatanla tankımızı vuracaq. Onun üstünə qaçdım. Həm də qaçdım ki, ermənini məhv edib mövqeyə sahib çıxım. Düşündüm ki, bizim qələbəmiz mənim səngərə girməyimdən asılıdır. Odur ki, heç hara baxmadan, heç nə eşitmədən qaçdım. Heç sizin çağırışınızı da eşitməmişdim.
–Ola bilər! – Mayor Orduxanov təəssüflə bildirdi və siqaretindən dalbadal bir neçə qüllab vurub pəncərədən çölə atdı.
–Komandir, bizimkilər indi hardadır? – Qısa fasilədən sonra Umud soruşdu.
–Umud, sən oraları tanımazsan.
–Çoxmu qabağa getmisiniz? Kənd varmı orda?
–Təəssüf ki, bizim qismətimizə kənddə döyüşmək, kənd azad eləmək düşmədi. Aşağı Veysəlli kəndini azad edəcəydik ki, “atəşkəs” oldu.
–Daha döyüş getmir? Heç güllə də atmırlar?
–Yox, Umud, yox. İndi ermənilər öz səngərlərində oturub bizə baxırlar, biz də oturub onlara…
–Gözləyirik ki, görək başbilənlər o qanmazları nə vaxt başa salıb müharibəni bitirəcəklər. – Bunu İsgəndər əlavə etdi.
Nədənsə, söhbətin belə alınması heç birinin ürəyincə olmadı. Diqqətlərini kirimişcə durub yolu nəzərdən keçirməyə yönəltdilər.
…Daşburun dördyolundan sağa döndülər. Buralar Umuda tanış gəldi. Tankları təmir edən səyyar dəstə Daşburunda yerləşdiyindən Umud bir dəfə tankını bura gətirmişdi. Qarşıda rayonun alaqapısı idi. Onlar qala divarlarına bənzər ala qapını geridə qoyanda Umudun həyəcanı bir az da artdı. Sanki, o, yenidən döyüşə yollanırdı. Mayor Orduxanov onun həyəcanını hiss edir, mənzil başına tez çatmaq üçün maşının sürətini artırırdı. O, istəyirdi ki, Umudu hərbi hissənin qərargahına daha tez çatdırsın. Ona göstərsin ki, döyüşçü dostları, briqadanın digər döyüşçüləri onun sağ-salamat qayıtmasını necə səbirsizliklə gözləyirlər. Hələ kənd camaatı…
–Komandir, deyirsiniz yəni, tam atəşkəsdir? – Umudun fikrinə nə gəldisə, birdən soruşdu.
–Elədi, Umud. – Mayor qısa cavab verdi.
–Yəni, snayperlə də erməni vurmaq olmaz? – Umud bu dəfə astadan dedi, elə bil komandirinin qulağına nə isə pıçıldayırdı.
–Nədi, Umud, qisas almaq istiyirsən? – İsgəndər bunu eşitcək müdaxilə etdi.
–Umudun qisası çoxdan alınıb! – Mayor Orduxanov Umuda ağzını açmağa imkan vermədi.
Dümağ rəngli “Niva” Daşburun – Beyləqan şossesindən üzü Allahyarlıya tərəf yön alanda onların arxasınca daha bir neçə maşın qoşularaq karvan yaratdı. Bəzədilmiş və hər birində bayraq qaldırılmış maşınları görəndə Umudun ürəyi dağa döndü. Onların arxasınca gələn kolxoz sədri Rasimin xidməti maşını UAZ-ı Kamandar sürürdü. Elşən, Nabil, Mərkəz, Qəşəm və Seyfulla isə öz şəxsi maşınlarını sürərək siqnal verir, bununla da karvanı əzəmətli edirdilər.
Komendant bölüyünün komandiri Valeh siqnal səsini eşitcək qaçaraq nəzarət-buraxılış postuna gəldi. Şlaqbaumu qaldıraraq gələnləri hərbi qaydada salamladı. Postda növbədə duran üç əsgər isə onun sol tərəfində farağat vəziyyətində durdular, karvanı onlar da baxışları ilə müşaiyət etdilər.
Nəhayət, maşın karvanı kəndin girəcəyinə çatıb sola buruldu. Burada yol boyu kənd camaatı və məktəblilər düzülmüşdü. Maşın karvanı aşağı sürətlə onların qabağından keçib kolxozun inzibati binasında yerləşən qərargahın qarşısına gəldi. Burada onları musiqi sədaları altında qarşılayırdılar.
–Umud, bax, gör səni kimlər qarşılayır! Briqada komandiri polkovnik Cahangir Əliyev, kolxoz sədri Rasim, kənd icra nümayəndəsi Ərşad, qərargah rəisi, müavinlər, xidmət rəisləri. Görürsən də, böyüklər, vəzifəli şəxslər sənin pişvazına çıxıb.
Onlara yaxınlaşanda mayor Orduxanov maşını saxlayıb yerə düşdü. Geyimini sahmanlayıb komandirə yaxınlaşdı və hərbi salam verib məruzə elədi.
Umud maşında oturub həyəcandan bilmirdi neyləsin! Onu az qala qəhrəman kimi qarşılayırdılar, bəlkə elə, doğrudan da qəhrəman ulduzu veriblər. İndi Umud bunun fərqində deyildi. Qərargahın qabağında toplaşan mülki adamların arasında yaxınlarını, doğmalarını axtarırdı. O, çox göz gəzdirsə də heç kimi görmədi. “Görəsən, bizimkilərə niyə xəbər eləməyiblər?” deyə düşündü.
Hərbi hissə komandirinin müşavirə otağında ziyafət süfrəsi təşkil olunmuşdu. Umudu komendant bölüyünün iki cüssəli əsgəri maşından götürüb içəri apardılar. Yuxarı başa keçirib masanın baş tərəfində, komandirin stulunun yanındakı stulda əyləşdirdilər. Ziyafət çox gözəl keçdi, yedilər, içdilər, ölənləri yad elədilər, qalanların da şərəfinə xoş sözlər deyib, sağlığına badə qaldırdılar. Atəşkəsdən sonra ilk dəfəydi ki, komandir bu qədər döyüşçü-zabit heyətini süfrə ətrafına toplamışdı.
Umud ziyafəti onunla vida mərasimi kimi zənn etdiyindən azca məyus da oldu. Ziyafətdən dərhal sonra komandir kapitan Hüseynova Umudun sənədlərini hazırlamaq tapşırığını verdi. Umud bu uzundraz kapitanı tanıyırdı, adı Zakir idi, özü də səfərbərlik-təşkilatçılıq işlərinə baxırdı. Onlar Ağdam cəbhəsindən Haramı cəbhəsinə döyüşə gələndə də kapitan Zakir Hüseynov qarşılamışdı, məlumatlarını iş dəftərinə qeyd eləmişdi.
Zabitlər, xüsusən də tanıdıqları bir-bir Umuda yaxınlaşır, görüşür, hal-əhval tuturdular. Darıxmasın, özünü yad hiss eləməsin deyə köhnə döyüşçü ilə şirin-şirin söhbətlər edirdilər. Yusif həkim də onların arasındaydı. Çiynində dörd parlaq ulduz olan Yusif həkim əslən Neftçala rayonundan idi, Umudla xeyli vaxt vardı ki, bir-birlərini tanıyırdılar. Demək olar ki, həmyerli kimi də isinişmiş, dostlaşmışdılar.
–Yusif həkim, indi hardasınız? – Umud maraqlandı.
–Xəbərin olsun, mənim vəzifəmi böyüdüblər. Birləşmə hospitalının rəisiyəm, bir ay olar ki, işə başlamışam. Sənin gələcəyin xəbərini eşidib çox sevindim. Gəldim görüşməyə.
–Nə gözəl, nə yaxşı! – Umud sevincini gizlətmədi.
–Yaxşı günün olsun! Gedək, bir müddət də bizim qonağımız ol. Hospitalda hər cür şəraitimiz var. On-on beş gün qalıb istirahət edərsən, sonra yola salarıq, gedərsən evə. – Yusif həkim təklif etdi.
–Yox, Yusif həkim! Bilsən ki, anamçün necə darıxmışam, belə deməzsən. Evə getmək istəyirəm. – Umud başını buladı.
–Ev həmişə yerindədi, anan da qaçmır ki! Istədiyin vaxt gedib görəcəksən. Amma bizim hospital şansın bir də ələ düşməyəcək. Sən çıxıb gedəcəksən, olacaqsan mülkü adam. Mən də mülkü adamı hospitala qəbul edə bilməyəcəyəm.
–Sağ ol, əziz ol. Elə bilirəm ki, beş-altı gün də sizin hospitalda dincəlmişəm. – Umud razılığını bildirdi.
–Ağlın o taydakı hospitala getməsin, başıbağlıların hamısının sifətindən zəhrimar yağır.
–Elə demə, onlar mənimlə də mehriban davranırdılar.
–Bizdəki kimi ola bilməzlər. Heç bilirsən necə şipşirin tibb bacıları var? Adam sifətlərinə baxanda feyziyab olur, dünyanın dərd-qəmini unudur. Qaymaq kimi, şokalad kimidilər. Bölgənin ən yaraşıqlı qızları bizdə tibb bacılarıdır.