Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Alisa möcüzələr diyarında»

Schriftart:

I fəsil
DOVŞAN YUVASI İLƏ ÜZÜAŞAĞI

Alisa sahildə, böyük bacısının yanında oturub boş-bikar darıxırdı. Başını qatası heç bir məşğuliyyət yox idi. Doğrudur, o, bir-iki dəfə boylanıb bacısı oxuyan kitaba baxdı, ancaq orada nə şəkil var idi, nə də yazını oxuya bildi. O düşündü: “Şəkilsiz, oxuya bilmədiyin kitabın nə əhəmiyyəti var!”

Qız dilxor-dilxor düşünməyə başladı ki (əlbəttə, belə isti gündə düşünmək də asan iş deyildi, başı heç işləmirdi), qızçiçəyindən çələng hörmək, əlbəttə, pis olmazdı, amma bunun üçün gərək ayağa duraydı, gedib qızçiçəyi dərəydi. Elə bu zaman yanından qırmızı gözlü ağ dovşan qaçdı.

Burada, əlbəttə, qeyri-adi bir şey yox idi. Dovşanın öz-özünə: “Ah, fəlakət, fəlakət! Mən gecikirəm!” – deməsi də Alisaya o qədər qeyri-adi görünmədi. Sonralar Alisa bunu xatırlayanda ağlına gəldi ki, axı buna təəccüblənməli idi. O zaman isə ona hər şey təbii görünmüşdü.


Dovşan jiletinin cibindən saat çıxarıb baxdı, sonra daha da bərk qaçdı; bunu görən Alisa yerindən sıçradı, çünki birdən ağlına gəldi ki, hələ indiyə qədər nə jilet geyən, nə də cibindən saat çıxaran dovşan görüb. Qız maraqla onun dalınca cumdu, xoşbəxtlikdən lap vaxtında Dovşanın qəfildən hasarın yanındakı böyük dovşan yuvasına girdiyini gördü.

Alisa cəld Dovşanın ardınca yuvaya girdi və heç fikirləşmədi ki, onu yuvadan kim çıxaracaq.

Dovşanın yuvası əvvəl yeraltı yol kimi düz idi, sonra gözlənilmədən Alisanın qarşısına elə bir uçurum çıxdı ki, özünü saxlaya bilməyib dərin quyuya düşdü.

Ya quyu çox dərin idi, ya da o, həddindən artıq yavaş enirdi – çünki bu müddətdə ətrafa baxmağa və başına nələr gələ biləcəyi barədə düşünməyə onun kifayət qədər vaxtı vardı. Alisa çalışdı ki, əvvəl aşağını görsün, sonra hara düşəcəyini bilməyə cəhd etdi. Aşağı çox qaranlıq idi, heç nə görmək olmurdu.

Qız quyu divarlarına baxdı: orda bufet və kitab ləmələri gördü. Hər tərəfdə payalardan xəritələr və şəkillər asılmışdı. O, aşağı uça-uça ləmələrin birindən üstündə “PORTAĞAL MARMELADI” yazılmış banka götürdü, amma çox məyus oldu: banka bomboş idi. Alisa onu aşağı atmağa cəsarət etmədi, çünki kimi isə zədələyəcəyindən qorxdu. Fürsət tapıb bankanı yanından ötüb-keçdiyi bufetin birinə qoydu.

– Bəli, – Alisa düşündü, – belə bir uçuşdan sonra mənim üçün nərdivandan yerə yıxılmaq boş şeydir. Evdə məni yamanca qoçaq sayacaqlar ha! Nərdivan nədir! Mən damdan belə yıxılsam, səsimi də çıxarmaram! (Bu lap həqiqətə bənzəyirdi.)

Aşağı, aşağı, aşağı… Bu uçuşun əvvəl-axır sonu çatacaqmı, görəsən?

O, ucadan dedi:

– Maraqlıdır, görəsən, bu müddətdə mən nə qədər məsafə uçmuşam? Yəqin ki, Yerin mərkəzinə yaxınlaşıram. Məncə, Yerin mərkəzi təxminən dörd min mil dərinlikdədir. (Çünki Alisa sinifdə dərs zamanı buna oxşar bir şey eşitmişdi. Hərçənd düşdüyü vəziyyət Alisaya öz biliyini göstərməyə yol verməsə də – axı burda onu dinləyən yox idi – hazırda keçmiş dərsləri təkrarlamaq üçün münasib fürsət yaranmışdı.) Bəli, bu, təxminən dəqiq məsafə idi. İndi də bilmək istəyirdi ki, Yerin hansı uzunluq və en dərəcəsindədir? (Uzunluq və en dərəcələri barədə bir təsəvvürü olmayan Alisa elmi istilahlar işlətməyi çox sevərdi.)

O, yenidən sözə başladı:

– Maraqlıdır, bəlkə, Yerin ortasından keçib o taya çıxacağam? Başı üstə gəzən adamların içinə düşsəm, nə gülməli olar! Mənə elə gəlir ki, onların adı anti… antipatiyadır… (Ancaq indi razı qaldı ki, nə yaxşı onu eşidən yoxdur, çünki axırıncı söz çox da doğru deyilməmişdi.) Ancaq mən kimdənsə soruşmalıyam: “Xanım, zəhmət olmasa, deyin görüm, sizin ölkənin adı nədir?! Bura haradır? Yeni Zelandiya, yoxsa Avstraliyadır?” (Bunu deyə-deyə o, reverans etməyə çalışdı – təsəvvür edin: havada reverans etmək! Bəlkə, siz də belə edə bilərdiniz?) – “Nə avam qızcığazdır” deyib onlar mənim haqqımda düşünəcəklər! Yox, bunu əsla soruşmaq olmaz; bəlkə də, ölkənin adı bir yerdə yazılıb.

Aşağı, aşağı, aşağı… Başqa iş görmək qeyri-mümkün olduğu üçün Alisa öz-özüylə danışmağa başladı:

– Təsəvvür edirəm, axşam Dina mənsiz necə darıxacaq! (Dina pişikdir.) Güman edirəm ki, çay içiləndə ona da bir nəlbəki süd verməyi unutmazlar. Dina, əzizim, elə istəyirəm ki, indi burda mənim yanımda olasan! Təəssüf ki, burda siçan yoxdur, amma sən havada yarasa (bilirsənmi, yarasa da siçana oxşayır), ya da qırxayaq tuta bilərdin. Maraqlıdır, pişik qırxayağı yeyirmi, görəsən?

Sonra Alisa mürgülədi, yuxulu-yuxulu təkrarlamağa başladı:

– Pişik yarasanı yeyirmi, görəsən? Pişik yarasanı yeyirmi, görəsən? – Bəzən də: – Yarasa pişiyi yeyir, – deyirdi. (Çünki qız bu iki sualın heç birinə cavab verə bilmədiyindən arasında fərq görmürdü.)

Sonra o, doğrudan yuxuladı və belə bir yuxu gördü: Dinanın pəncəsindən tutub gəzir və ciddiyyətlə deyir: “Dina, indi düzünü de, ömründə yarasa, ya qırxayaq yemisən?” – Birdən “Şap, şarap! Şap” – o, çır-çırpının, quru yarpaqların üstə düşdü və bununla da uçuş qurtardı.

Alisa zərrə qədər də əzilmədi. O bir göz qırpımında ayağa qalxdı. Yuxarı baxdı, lakin başının üstü tamam qaranlıq idi. Qarşıda uzun bir yol göründü. Bu yol boyu sürətlə qaçan Ağ Dovşan hələ də uzaqdan görünürdü. Bir saniyə də itirmək olmazdı. Alisa elə vaxtındaca yel kimi götürüldü, çünki tini burulub gözdən itən Ağ Dovşanın sözlərini eşitdi:

– Ay aman, yazıq qulaqlarım, bığlarım! Mən nə yaman gecikirəm!

Alisa tini burulub ona çatınca Dovşan görünməz oldu: qız işıqlı, alçaqtavanlı uzun zala gəlib çıxmışdı. Tavandan yan-yana sallanmış çıraqlar zalı işıqlandırırdı.

Zalın hər iki tərəfində çoxlu qapı vardı, amma hamısı bağlı idi. Alisa zalın hər iki tərəfini gəzə-gəzə bir-bir qapıları açmaq istədi – bacarmadı, sonra da necə və nə vaxt burdan çıxacağını düşünə-düşünə kədərlə zalın ortasına qayıtdı.

Birdən Alisa qarşıda qalın şüşədən düzəlmiş üçayaqlı, balaca masa gördü. Masanın üstündə kiçik bir qızıl açar vardı. O, dərhal fikirləşdi ki, açar zaldakı qapıların hansı birinəsə düşə bilər. Əfsus, ya açar yeri çox iri idi, ya da açar çox kiçik idi. Açar qapıların heç birinə düşmədi. Ancaq zalı ikinci dəfə dolandıqda ilk dəfə görmədiyi oyuncaq pərdəyə yanaşdı. Pərdənin dalında, otuz santimetr hündürlüyündə balaca qapı vardı. Alisa açarı qapının açar yerinə saldı – açarın qapıya düşməsi qızı bərk sevindirdi.

Alisa qapını açdı. Siçovul yuvasından azca enli bir yol gördü. O, dizləri üstə durub içəri baxdı. Sizin heç xəyalınıza da gəlməyən çox gözəl bir bağça gördü. Alisa bu qaranlıq zaldan çıxmaq və yaraşıqlı gül ləkləri, sərin fəvvarələri olan həmin o bağçada gəzmək istədi! Lakin o, qapıdan başını belə içəri sala bilmədi. “Hətta başımı salsam da, – zavallı Alisa düşündü, – xeyri yoxdur. Bəs çiyinlərim? Ah, kaş mən teleskop kimi yığıla biləydim. Bu işə necə başlayacağımı bilsəydim, zənn edirəm ki, öhdəsindən gələrdim”.



Bilirsinizmi, son zamanlar Alisanın başına o qədər qeyri-adi hadisələr gəlirdi ki, qız az qala hər şeyin mümkün olduğuna inanmağa başlamışdı.

Qapının ağzında gözləmək faydasız idi. Ona görə geri – masaya tərəf qayıtdı. O az da olsa ümid edirdi ki, masanın üstündə başqa bir açar, ya da insanın teleskop kimi yığılmasını öyrədən bir kitab tapacaq. Bu dəfə masanın üstündə kiçik şüşə gördü. Alisa düşündü: “Şübhəsiz ki, şüşə əvvəl burda yox idi”. Şüşəyə bağlanmış kağız parçasında çox gözəl, iri hərflərlə “MƏNİ İÇ” sözləri yazılmışdı.

“Məni iç” deməyə nə var ki, lakin ağıllı, balaca Alisa çox da tələsmədi.

– Yox, əvvəlcə baxım görüm orda “Zəhər” sözü yazılmayıb ki? – O, yanğın, vəhşi heyvanlar, başqa xoşagəlməz hadisələrin qurbanı olan uşaqlar haqqında tez-tez məzəli əhvalatlar oxuyardı. Çünki bu uşaqlar dostlarının öyrətdikləri sadə qanunları yada salmaq İstəmİrdİlər; məsələn: əgər siz bərk közərmiş atəşkeşi əlinizdə çox saxlasanız, əlinizi yandırar, əgər siz bıçaqla əlinizi dərİndən kəssəniz, mütləq qan axar. Alisa heç vaxt yadından çıxartmırdı ki, əgər siz “Zəhər” yazılmış şüşədən bir xeyli içsəniz, çox güman ki, tez, ya gec qarnınız pozular.

Lakin şüşədə “Zəhər” yazılmamışdı. Ona görə Alisa ürək edib şüşənin içindəkinin dadına baxdı. Ləzzətli olduğunu görüb (həqiqətən də, bu maye albalı tortu, peçenye, ananas, qızarmış hindtoyuğu, qaymaqlı saqqız konfeti, süd və yumurta qatışığının dadını verirdi) şüşəni lap başına çəkdi.

***

Alisa qışqırdı:

– Özümü qəribə hiss edirəm! Sanki teleskop kimi yığılıram!

Doğrudan da, indi onun boyu iyirmi-iyirmi beş santimetr idi. Alisanın üzü güldü, çünki yadına düşdü ki, balaca qapıdan o gözəl bağçaya girmək üçün elə bu boyda olmaq lazım idi. Amma Alisa daha kiçilməyəcəyinə əmin olmaq üçün iki-üç dəqiqə də gözlədi. O, bir az həyəcanlı idi. “Bu elə ola bilər ki, – Alisa düşündü, – mən şam kimi əriyib tamamilə yox olam. Maraqlıdır, görəsən, onda nəyə oxşayaram?” – O, sönmüş şamın alovunu təsəvvür etməyə çalışdı. Lakin bacarmadı. Çünki indiyə kimi buna bənzər bir şeyi heç yuxusunda da görməmişdi.

Bir az keçdi, daha kiçilməyəcəyinə əmin oldu və nəhayət, bağçaya girmək qərarına gəldi. Zavallı Alisanın bəlalı başı! O, qapıya yaxınlaşdıqda məlum oldu ki, qızıl açarı unudub; açarın dalınca qayıtdı, gördü ki, onu götürməyə boyu çatmır; şüşə masanın üzərindəki açarı aydınca görürdü, amma masanın ayağından yapışıb yuxarı çıxmağa nə qədər çalışdısa, bacarmadı, çünki masanın ayağı çox sürüşkən idi. Qızıl açarı əldə etmək təşəbbüsünün faydasız olduğunu görən zavallı balaca yorulub döşəməyə düşdü, acı-acı ağladı.

Sonra Alisa sərt tərzdə öz-özünə dedi:

– Bəsdir zarıdın! Bircə bu çatmırdı. Ağlamaqla yara sağalmaz. Məsləhət görməzdim gözünün yaşını tökəsən.

O çoxdandır ki, özünə yaxşı məsləhətlər verməyə adət etmişdi (hərçənd onları nadir halda yerinə yetirirdi) və hərdən özünü elə sərt danlayırdı ki, gözləri yaşarırdı. Bir dəfə öz-özüylə kroket oynayan zaman özünü aldatdığına görə özünə qulaqburması vermişdi. Ümumiyyətlə, bu qəribə uşaq iki müxtəlif adamı bir sifətdə görmək həvəsində idi. “İndi isə özümü iki adam kimi görmək, – zavallı Alisa düşündü, – mənasızdır. Zənnimcə, mənim indiki vəziyyətim təkcə bir ləyaqətli adama çata-çatmaya!”

Bir az keçəndən sonra o, masanın altında kiçik şüşə qutu gördü. Qız qutunu açdı, balaca bir piroq tapdı. Piroqun üstünə xırda kişmişlə, gözəl xətlə yazılmışdı: “MƏNİ YE”.

Alisa dedi:

– Yaxşı, mən piroqu yeyərəm. Əgər boyum uzansa, açarı götürə bilərəm, əgər qısalsa, onda sürünüb qapının altından keçərəm. Hər iki halda mən bağçaya girə bilərəm. Bunun necə baş verəcəyinin qeydinə qalmayacağam!

O, bir tikə uddu, “hər iki halda! Hər iki halda!” sözlərini nigarançılıq içində bir neçə dəfə təkrar etdi. Alisa uzandığını, yaxud qısaldığını bilmək üçün əli ilə başını tutdu. Elə nə boyda var, eləcə də qaldığını görəndə bərk təəccübləndi. Əslində, kimsə piroq yeyəndə belə də olur. Amma Alisa qeyri-adi hadisələrin mütləq baş verəcəyinə vərdiş etmişdi, buna görə indiki adi vəziyyətin gedişi ona dözülməz dərəcədə darıxdırıcı göründü.

Qız tələm-tələsik piroqu yeyib qurtardı.

II fəsil
GÖZ YAŞI GÖLÜ

– Qülubədir, çox qülubədir! – deyə Alisa qışqırdı. (O elə təəccüblənmişdi ki, sadə sözlərlə fikrini ifadə edə bilmirdi, özündən təzə sözlər uydurmağa başladı.) – İndi mən Yer üzündə misli görünməmiş lap böyük teleskop kimi uzanıram! Əlvida, dabancıqlarım! (Çünki o, aşağı, ayaqlarına baxdıqda onlar elə uzaqlaşmışdı ki, sanki tamam gözdən itmişdi.) Ah, mənim yazıq, balaca ayaqlarım! Görəsən, indi sizə corabı, ayaqqabını kim geyindirəcək! Əminəm ki, mən bunu edə bilmərəm. Mən indi çox uzaqdayam, sizin qeydinizə qala bilmərəm, özünüz öz dərdinizə qalın…

“Lakin onlara qarşı mütləq mərhəmətli olmaq lazımdır, – Alisa düşündü. – Yoxsa bir də gördün ki, məni istədiyim yerə aparmadılar. İcazənizlə, hər Yeni ildə onlara bir cüt təzə başmaq bağışlayacağam!”

Qız bu işin planını ölçüb-biçməyə başladı. O düşündü: “Onları kuryerlə göndərmək lazım gələcək. Məzəli olacaq: öz ayaqlarıma hədiyyə göndərəcəyəm! Ünvanı da çox qəribə olacaq:

Alisanın evi.

Uzun xalça küçəsi.

Şəxsən sağ ayaq həzrətlərinə!

– Mən yaman boşboğazlıq edirəm! Nə deyirsən de, boyum azı üç metr var.

Nəhayət, o, qızıl açarı götürdü və tələsik bağçanın qapısına tərəf getdi.

Zavallı Alisa! O, böyrü üstə uzandısa da, bağçaya ancaq bir gözü ilə baxa bildi. İndi içəri girməyə cəhdi əvvəlkindən də ümidsiz idi. Qız yenə hönkürüb ağladı.

Sonra dedi:

– Heç utanmırsan! Böyük qızsan (belə deməyə tamamilə ixtiyarı vardı), amma bu cür bağırırsan! Əmr edirəm: bu dəqiqə səsini kəs!

Lakin qız o qədər göz yaşı axıtdı ki, ətrafda böyük bir göl yarandı.

Bir az keçmiş o, uzaqdan yüngül ayaq səsi eşitdi və tez gözünü sildi ki, görsün gələn kimdir. Bir əlində bala geyilən dəri əlcək, o birində böyük yelpik tutmuş, gözəl geyimli Ağ Dovşan geri qayıdırdı. O, zal boyunca təngnəfəs qaça-qaça burnunun altında mızıldanırdı:

– Ah, hersoginya, hersoginya! Ah! Mən onu gözlətməli olsam, qəzəblənəcək!

Alisa elə bir vəziyyətdə idi ki, kim olursa-olsun, kömək istəyəcəkdi. Ona görə Dovşan yaxınlaşanda qız yavaş səslə, qorxa-qorxa dedi:

– Bağışlayın, zəhmət olmasa…

Dovşan bərk diksindi, dəri əlcəyi və yelpiyi yerə saldı, bacardığı qədər sürətlə qaçıb qaranlıqda yox oldu.

Alisa yelpiyi, əlcəyi yerdən qaldırdı və zal çox isti olduğundan yelpikləyə-yelpikləyə dedi:

– Gör ha! Bu gün hər şey nə qəribədir, dünən isə hər şey həmişəki qaydada idi. Maraqlıdır, görəsən, mən bir gecədə dəyişilmişəmmi? Qoyun bir fikirləşim, səhər yuxudan duranda həmişəki kimi idim? Deyəsən, yadıma düşür, bir azca özümü başqa cür hiss edirdim. Yaxşı, əgər mən – mən deyiləmsə, onda bəs, ümumiyyətlə, mən kiməm? Ah, bu nə çətin tapmaca imiş!

Tanıdığı yaşıdlarından birinə çevrilib-çevrilmədiyini bilmək üçün o onları bir-bir xəyalından keçirdi.

– Əminəm ki, Ada deyiləm, çünki onun uzun, buruq-buruq saçı var, mənim isə saçım qəti burulmur. Əminəm ki, Mabel ola bilmərəm, çünki mən savadlıyam, o isə… Eh, o çox az bilir! Bir də ki o – odur, mən isə – mən. Eh! Bütün bu işlər necə də dolaşıqdır! Baxaq görək keçmişdə bildiyimin hamısını indi bilirəmmi? İcazənizlə: dörd dəfə beş on iki, dörd dəfə altı on üç, dörd dəfə yeddi… Eh! Bu üsulla mən heç vaxt iyirmiyə çatmaram. Bir də ki vurma cədvəlini bilmək hələ heç bir şey demək deyil. Coğrafiyaya baxaq: London – Parisin paytaxtıdır. Paris – Romanın paytaxtıdır, Roma da… Yox, əminəm ki, bütün bunlar düz deyil. Deyəsən, mən çevrilib Mabel olmuşam! “Şən arı məskənində…” şeirini görüm əzbərdən deyə bilərəmmi?

O sanki müəlliməyə cavab verirmiş kimi döşlüyündə əllərini cütlədi və şeiri deməyə başladı. Lakin səsi xırıltılı və qəribə çıxırdı, sözləri də düzgün demirdi:

 
O yerdə ki tənbəl Nil yarıb keçir səhranı,
Bala timsah üzərək qamışlıqdan boylanır.
Zərli quyruğunu o çırpır səslənən suya,
Qızılı zirehinə yağış yağdırır guya.
Açıb ağzını gülür (sən güləmməzsən belə!),
Körpəcə balıqları udmaqçın tutur dilə1.
 

– Əminəm ki, şeiri başdan-ayağa səhv deyirəm! – zavallı Alisa qışqırdı və şeirin gerisini söyləmək istədikdə gözü yenə yaşardı. – Şübhəsiz, mən bu gündən sonra Mabeləm. Mən onların mənfur evində yaşamalı olacağam. Yox, bu barədə bir daha fikirləşməliyəm! Əgər mən – Mabeləmsə, yaxşısı budur, elə buradaca qalım. Onlar əbəs yerə başlarını quyuya sallayıb: “Yuxarı çıx, əzizim!” – məni çağıracaqlar. Mən isə ancaq yuxarı baxıb soruşacağam: “Mənə əvvəlcə deyin görüm, mən indi kiməm?” Onların dedikləri ad xoşuma gəlsə, burdan çıxaram, xoşuma gəlməsə, başqa adam olana qədər burada qalaram… Aman Allah! – Alisa yenə göz yaşları içində çığırdı. – Mən indi, doğrudan da, istəyirəm ki, onlar başlarını quyuya sallayıb məni səsləsinlər. Burada tək-tənha qalmaqdan lap cana gəldim!”

O bunu deyib öz əllərinə baxdı və təəccübləndi, danışdığı müddətdə Dovşanın balaca, dəri əlcəyindən birini geymişdi. “Bunu necə edə bilərdim? – deyə düşündü. – Deyəsən, yenə kiçildim”. O ayağa qalxdı və masaya yaxınlaşdı ki, onun vasitəsilə boyunu ölçsün. Bəli, indi o, təxminən iki fut hündürlükdə idi, amma sürətlə kiçilirdi. Tezliklə anladı ki, bunun səbəbi əlində tutduğu yelpikdir. Tamam kiçilib yox olmamaq üçün elə vaxtındaca tələsik onu yerə tulladı.

– Mən güclə xilas oldum! – Alisa gözlənilməz dəyişiklikdən yaman qorxdu, – amma hələ də salamat qalmağından razı idi, – hə, indi isə bağçaya!

O, cəld geri, balaca qapıya tərəf qaçdı! Qapı yenə bağlı, qızıl açar da əvvəlki kimi şüşə masada idi. “İşim əvvəlkindən də pis oldu, – qız düşündü. – Mən heç vaxt indiki qədər kiçilməmişdim! Xəbərdar edirəm ki, bu boyda kiçilmək pisdir, olduqca pisdir!”

Birdən onun ayağı sürüşdü, bir anda – şapp! – Alisa çənəsinə qədər şor suya düşdü. İlk növbədə, ağlına gəldi ki, yəqin, dənizə düşüb.

Öz-özünə dedi:

– Əgər belədirsə, dəmiryol qatarı ilə qayıda bilərəm. – Alisa ömründə bircə dəfə dəniz sahilində olmuşdu və belə bir nəticəyə gəlmişdi ki, İngiltərə sahillərinin hansı yerində olursunuzsa-olun, dənizin hər yerində soyunmaq üçün çoxlu kiçik otaq, taxta bellə qum qazıyan çoxlu uşaq, mebellə təchiz edilmiş bir sıra ev və dəmiryol stansiyası görəcəksiniz. Alisa üzmək bacarırdı, amma bir qədər keçəndən sonra anladı ki, bayaq boyu doqquz fut hündürlükdə olanda ağlayıb tökdüyü göz yaşı gölündədir.

Gölü uzununa və eninə üzərək quruya çıxmağa cəhd edən Alisa dedi:

– Elə ağladığım üçün təəssüf edirəm! Cəza olaraq indi öz göz yaşlarım içində boğulmalıyam! Əlbəttə, bu çox qəribə olacaq. Lakin bu gün hər şey qəribədir.

Bu zaman o lap yaxında suda şappıltı eşitdi və nə olduğunu bilmək üçün yaxına üzdü. Əvvəlcə elə bildi ki, bu, su inəyi, ya da begemotdur. Lakin çox kiçildiyi yadına düşdükdə diqqətlə baxdı və özü kimi sürüşüb gölə düşmüş bir siçan gördü.

Alisa düşündü: “Görəsən, bu siçanla danışmağın mənası varmı?” Burda hər şey qeyri-təbiidir və mən əminəm ki, o danışa bilir. Hər halda, yoxlamaq çətin deyil”. O sözə başladı:

– Ay Siçan! Siz göldən çıxmaq üçün bir yol bilirsinizmi? Mən bayaqdan o qədər üzmüşəm ki, yorulmuşam, ay Siçan! (Alisa elə bilirdi ki, Siçanla ən düzgün danışıq üsulu belədir: o heç vaxt buna oxşar vəziyyətə düşməmişdi, qardaşının latın qrammatikası kitabında oxuduğu yadına düşdü: “Siçan – siçanı – siçanla – siçan haqda!”)

Siçan şübhə ilə ona baxırdı, sanki xırda gözü ilə ona göz vurur, lakin cavab vermirdi.

“Bəlkə, ingiliscə başa düşmür, – Alisa düşündü. – Güman edirəm ki, bu hələ İstilaçı Vilhelmlə gəlmiş fransız Siçanıdır”. (O, tarixdən bütün bildiklərini yadına salsa da, bu hadisədən neçə il keçdiyini çox da dəqiq təsəvvür edə bilmədi.)

O bu dəfə fransızca sözə başladı:

– “Ou est ma chatte?” (Mənim pişiyim hardadır?) – Onun fransız dərsliyindən bildiyi ilk cümlə bu idi.

Siçan gözlənilmədən sudan sıçradı və dəhşətdən titrədi.

– Ah, üzr istəyirəm! – deyə tez səhvini düzəldən Alisa yazıq heyvanın hissiyyatını təhqir etdiyinə görə qüssələndi. – Mən tamam unutmuşdum ki, siz pişikləri sevmirsiniz.

– Pişikləri sevmirəm! – Siçan kəskin, coşqun səslə qışqırdı. – Mənim yerimə sən olsaydın, pişikləri sevərdinmi?

Alisa mülayim səslə dedi:

– Çox güman ki, yox. Buna acığınız tutmasın! Amma təəssüf ki, bizim pişiyimiz Dinanı sizə göstərə bilmirəm; zənnimcə, onu bircə dəfə görsəniz, pişikləri bəyənərsiniz. O çox gözəl, sakit heyvandır. – Alisa tənbəl-tənbəl göldə üzərək sanki öz-özüylə danışırmış kimi davam edirdi: – Pişik sobanın yanında uzanıb pəncəsini yalayır, üz-gözünü yuyur… Onu yedizdirəndə elə mehriban və səliqəli olur ki… Siçanları tutmaqda məharətinə də söz ola bilməz!.. Oy, məni bağışlayın, – Alisa yenə qışqırdı, çünki Siçan tüklərini qabartdı, bu dəfə əməlli-başlı hirsləndiyi aşkar hiss olundu. – Əgər istəmirsinizsə, daha bu barədə danışmarıq!

Quyruğunun ucuna qədər tir-tir əsən Siçan qışqırdı:

– Bəli, biz bu barədə danışmayacağıq! Guya ki, mən bu barədə danışmaq istəyirdim?! Biz siçanlar həmişə pişiklərə nifrət edirik: onlar iyrənc, murdar, alçaq heyvandır! Mən bu sözü eşitmək istəmirəm!

Söhbəti dəyişməyə çox çətinlik çəkən Alisa dedi:

– Daha bu barədə danışmaram. – Siz… Siz… itləri sevirsiniz?

Siçan cavab vermədi. Alisa ehtirasla davam etdi:

– Bizim evin yanında çox gözəl, balaca bir it var… Parlaq gözlü, balaca teryer, bilirsinizmi…m...o! Bax, belə uzun, qıvrım şabalıdı tükləri var! Siz ona nə atsanız, hər şeyi qapar, dal ayaqları üstə durub yemək istəyər; o, ümumiyyətlə, hər işi bacarır! Onun bacardıqlarının yarısı da yadıma düşmür. Bilirsinizmi, o, fermerin itidir, sahibi deyir ki, o çox faydalı heyvandır. Qiyməti də yüz funtdur! Fermer deyir ki, teryer bütün siçovulları məhv edir və… oy, əzizim! – Alisa pərt olaraq qışqırdı. – Təəssüf edirəm, mən yenə sizi hirsləndirdim!



Siçan iri dalğaları yararaq bacardıqca tez üzüb ondan aralandı.

Alisa nəvazişlə Siçanı çağırdı:

– Əziz Siçan! Geri qayıdın. Sizin xoşunuza gəlmirsə, bundan sonra biz nə itdən, nə də pişikdən söhbət açarıq.

Bunu eşidən Siçan çöndü və yavaş-yavaş geri, Alisaya tərəf üzdü; onun üzü ağappaq idi. (Alisa düşündü, “hirsindəndir”.) Siçan boğuq, titrək səslə dedi:

– Sahilə çıxaq, mən başıma gələn əhvalatı başdan-ayağa sənə danışaram. O zaman başa düşərsən nə üçün mən pişiyə, itə nifrət edirəm.

Həqiqətən də, sudan çıxmaq vaxtı idi. Gölə o qədər heyvan və quş düşmüşdü ki, onların əlindən tərpənmək olmurdu: Qaz və kökü kəsilmiş Dront quşu, Tutuquşu Lori və Qartal, cürbəcür başqa qəribə quşlar və heyvanlar suda qaynaşırdılar. Alisa başda olmaqla bütün dəstə sahilə tərəf üzdü.

1.Şeirlərin tərcuməsi Fikrət Sadığındır.

Der kostenlose Auszug ist beendet.