KAPİTAL. Siyasi iqtisadın tənqidi

Text
Autor:
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Burjua iqtisadının kateqoriyaları da məhz bu cür formalardan ibarətdir. Bunlar tarixən müəyyən olan məlum ictimai istehsal üsulu – əmtəə istehsalı şəraitindəki istehsal münasibətləri üçün ictimai əhəmiyyətə malik və, deməli, obyektiv təfəkkür formalarıdır. Buna görə də biz başqa istehsal formalarına keçdikdə, əmtəə aləminin bütün mistikliyi, əmtəə istehsalının hökm sürdüyü şəraitdə əmək məhsullarını duman kimi bürüyən bütün möcüzə və xülyalar, – bunların hamısı dərhal aradan qalxır.

Siyasi iqtisad robinzonadaları sevdiyinə görə33, hər şeydən əvvəl, Robinzonu öz adasında təsəvvür edək. O öz adətləri cəhətdən nə qədər təvazökar olsa da, hər halda müxtəlif tələbatı ödəməli və buna görə də cürbəcür faydalı işlər görməlidir: alətlər düzəltməli, mebel hazırlamalı, vəhşi dəvəni əhliləşdirməli, balıq tutmalı, ovla məşğul olmalıdır və i. a. Biz ibadət və s. haqqında hələ danışmırıq, çünki bizim Robinzon bundan zövq alır və bu qəbil işləri istirahət hesab edir. Öz məhsuldar vəzifələrinin müxtəlifliyinə baxmayaraq o bilir ki, bunların hamısı ancaq eyni bir Robinzonun fəaliyyətinin müxtəlif formalarıdır, deməli, insan əməyinin ancaq müxtəlif növləridir. Zərurət üzündən o, öz iş vaxtını müxtəlif vəzifələr arasında dürüst bölüşdürməlidir. Onun məcmu fəaliyyətində bu və ya başqa bir vəzifənin çox və ya az yer tutacağı müəyyən faydalı nəticəni əldə etmək üçün onun çox və ya azmı çətinliyi aradan qaldırmalı olacağından asılıdır. Təcrübə ona bunu öyrədir və batan gəmidən saat, mühasibat dəftəri, mürəkkəb və qələmi xilas etmiş bizim Robinzon, əsil bir ingilis kimi, dərhal öz haqq-hesabını aparmağa başlayır. Onun avadanlıq siyahısına əlində olan istehlak şeyləri, bunları istehsal etmək üçün lazım gələn müxtəlif əməliyyat daxildir, nəhayət, orada bu müxtəlif məhsulların müəyyən miqdarını hazırlamaq üçün orta hesabla sərf ediləcək iş vaxtı göstərilmişdir. Robinzonla onun özünün hazırladığı sərvəti təşkil edən şeylər arasındakı bütün münasibətlər o qədər sadə və şəffafdır ki, bunu hətta c-b Maks Virt beynini o qədər də yormadan dərk edə bilərdi. Bununla belə, həmin münasibətlərdə dəyərin artıq bütün mühüm tərifləri vardır.

Lakin Robinzonun işıqlı adasını tərk edib Avropanın orta əsrlərdəki qaranlıq dövrünə keçək. Bizim bu müstəqil adamın əvəzinə burada hamısı asılı olan adamlar: təhkimlilər və feodallar, vassallar və süzerenlər, camaat və keşişlər olduğunu görürük. Burada istər maddi istehsaldakı ictimai münasibətlər, istərsə həmin istehsala əsaslanan həyat sahələri şəxsi asılılıqla bağlıdır. Lakin bu cəmiyyətin əsasını məhz şəxsi asılılıq münasibətləri təşkil etdiyinə görə, əmək və məhsullar öz real varlığından fərqli bir fantastik forma almalı olmur. Bunlar ictimai dövrana natural xidmətlər və natural mükəlləfiyyətlər kimi daxil olur. Burada əməyin bilavasitə ictimai formasını heç də əmtəə istehsalı əsasında qurulan cəmiyyətdəki kimi əməyin ümumiliyi deyil, onun natural forması, onun xüsusiyyəti təşkil edir. Əmtəə istehsal edən əmək kimi, biyar əməyi də vaxtla ölçülür, lakin hər bir təhkimli bilir ki, öz ağası üçün işləyərkən öz şəxsi iş qüvvəsinin müəyyən qədərini sərf edir. Onun keşişə verməli olduğu əşər keşişdən aldığı xeyir-duadan müqayisə edilməz qədər aydın bir şeydir. Beləliklə, orta əsrlərdə insanlar bir-biri ilə qarşılaşdıqda onların üzündəki xarakterik maskalar hər necə qiymətləndirilsə də, insanların öz əməyində onların ictimai münasibətləri hər halda burada şeylərin, əmək məhsullarının ictimai münasibətləri cildinə girməyib məhz insanların öz şəxsi münasibətləri kimi meydana çıxır.

Ümumi əməyi, yəni bilavasitə ictimailəşmiş əməyi tədqiq etmək üçün bu əməyin bütün mədəni xalqların tarixi başlanarkən təsadüf etdiyimiz ibtidai formasına qayıtmağımıza ehtiyac yoxdur. Öz istehlakı üçün taxıl, mal-qara, iplik, kətan, geyim şeyləri və i. a. istehsal edən kəndli ailəsinin patriarxal kənd istehsalı bizə daha yaxın bir misal verir. Bu müxtəlif şeylər həmin ailəyə öz ailə əməyinin müxtəlif məhsulları kimi qarşı durur, lakin bu şeylər bir-birinə əmtəə kimi qarşı durmur. Bu məhsulları yaradan müxtəlif işlər: tarlanın becərilməsi, mal-qaraya baxılması, əyiricilik, toxuculuq, dərzilik və i. a. öz natural formasında olan ictimai funksiyalardır, çünki bunlar, əmtəə istehsalında olduğu kimi, təbii surətdə meydana gəlmiş öz əmək bölgüsü olan ailənin daşıdığı funksiyalardır. Cins və yaş fərqləri, habelə ilin fəsillərinə görə təbii əmək şəraitinin dəyişilməsi ailə üzvləri arasında əmək bölgüsünü və ayrılıqda hər bir ailə üzvünün iş vaxtını tənzim edir. Lakin fərdi iş qüvvələrinin vaxtla ölçülən məsrəfi burada artıq lap əvvəldən həmin işlərin özünün ictimai tərifi kimi meydana çıxır, çünki burada fərdi iş qüvvələri lap əvvəldən ailənin məcmu iş qüvvəsinin ancaq orqanları kimi fəaliyyət göstərir.

Nəhayət, müxtəliflik xatirinə, ümumi istehsal vasitələri ilə işləyən və planauyğun surətdə [zelbstbewusst] öz fərdi iş qüvvələrini bir ictimai iş qüvvəsi kimi sərf edən sərbəst insanlar ittifaqını təsəvvürə gətirək. Robinzon əməyinin bütün tərifləri burada təkrar olunur, lakin fərdi miqyasda deyil, ictimai miqyasda təkrar olunur. Robinzon əməyinin bütün məhsulları ancaq onun şəxsi məhsulu idi və, deməli, onun özü üçün bilavasitə istehlak şeyləri idi. Sərbəst insanlar ittifaqının bütün əmək məhsulu ictimai məhsuldur. Bu məhsulun bir hissəsi yenidən istehsal vasitələri xidməti görür. Həmin hissə ictimai məhsul olaraq qalır. Lakin digər hissə ittifaq üzvləri tərəfindən yaşayış vasitələri kimi istehlak olunur. Buna görə də həmin hissə onların arasında bolüşdürülməlidir. Bu bölüşdürmənin üsulu ictimai istehsal orqanizminin öz xarakterinə və istehalçıların tarixi inkişaf pilləsinə uyğun olaraq dəyişiləcəkdir. Yalnız əmtəə istehsalı ilə müqayisə üçün fərz edək ki, yaşayış vasitələrində hər bir istehsalçının payı onun iş vaxtı ilə müəyyən edilir. Bu şəraitdə iş vaxtı iki cür rol oynayardı. Onun ictimai-planauyğun surətdə bölüşdürülməsi müxtəlif əmək funksiyaları ilə müxtəlif tələbat arasında lazımi nisbət yaradır. Digər tərəfdən, iş vaxtı eyni zamanda məcmu əməkdə və, deməli, bütün məhsulun fərdi surətdə istehlak edilən hissəsində istehsalçıların fərdi iştirakı üçün bir ölçüdür. Burada insanların öz əməyinə və öz əmək məhsullarına olan ictimai münasibətləri həm istehsalda, həm də bölgüdə son dərəcə aydındır.

Əmtəə istehsalçıları cəmiyyətinin ümumi ictimai istehsal münasibəti ondan ibarətdir ki, burada istehsalçılar öz əmək məhsullarına əmtəə kimi, deməli, dəyər kimi yanaşırlar və bu şey formasında onların xüsusi işləri bir-birinə bərabər insan əməyi nisbətində olur; belə bir cəmiyyət üçün ən münasib din forması abstrakt insanı təqdis edən xristianlıqdır, xüsusən onun protestantlıq, deizm və i. a. kimi burjua növləridir. Qədim Asiya, antik və i. a. istehsal üsulları şəraitində məhsulun əmtəəyə çevrilməsi və, deməli, insanların əmtəə istehsalçısı kimi varlığı tabe rol oynayır, lakin icma yaşayış tərzinin dağılması daha çox dərinləşdikcə, bu rol daha əhəmiyyətli olur. Əsil tacir xalqlar Epikur allahları kimi ancaq qədim dünyanın aləmlərarası fəzalarında və ya polyak cəmiyyətinin məsamələrindəki yəhudilər kimi yaşayırlar. Bu qədim ictimai istehsal orqanizmləri burjua ictimai istehsal orqanizminə nisbətən müqayisə edilməyəcək dərəcədə sadə və aydındır, lakin bunlar ya başqa adamlarla hələ təbii-qəbilə əlaqələri göbəyindən ayrılmamış olan fərdi insanın yetkin olmamasına, ya da bilavasitə ağalıq və tabelik münasibətlərinə əsaslanır. Bunları yaşadan şərt əməyin məhsuldar qüvvələrinin aşağı inkişaf pilləsində olmasından və müvafiq surətdə insanlar arasındakı münasibətlərin həyatın maddi istehsal prosesi çərçivəsi ilə məhdud olmasından, deməli, onların bir-birinə və təbiətə olan bütün münasibətlərinin məhdudluğundan ibarətdir. Bu gerçək məhdudluq təbiəti ilahiləşdirən qədim dinlərdə və xalq etiqadlarında ideal surətdə əks olunur. Gerçək aləmin dini inikası ümumiyyətlə ancaq o zaman aradan qalxa bilər ki, insanların gündəlik əməli həyat münasibətləri onların bir-biri ilə və təbiətlə aydın və ağla uyğun əlaqələrində ifadə olunsun. İctimai həyat prosesinin, yəni maddi istehsal prosesinin quruluşu öz üzərindəki mistik dumanlı pərdəni ancaq o zaman atacaqdır ki, bu quruluş insanların sərbəst ictimai ittifaqının məhsulu olsun və onların şüurlu planauyğun nəzarəti altında olsun. Lakin bundan ötrü cəmiyyətin müəyyən maddi əsası və ya bir sıra müəyyən maddi həyat şəraiti lazımdır ki, bu da uzun sürən və əzablı bir inkişaf prosesinin təbii surətdə yetişən məhsuludur.

– Doğrudur siyasi iqtisad dəyəri və dəyər kəmiyyətini – kifayət qədər olmasa da – təhlil etmiş34 və bu formalarda gizlənən məzmunu aşkar çıxarmışdır! Lakin siyasi iqtisad bircə dəfə də belə bir sual verməmişdir ki, nəyə görə bu (məzmun belə bir forma alır, başqa sözlə desək – nəyə görə əmək dəyərdə ifadə olunur, əməyin ölçüsü olmaq etibarı ilə onun sərf olunduğu müddət isə əmək məhsulunun dəyər kəmiyyətində35? İnsanın istehsal prosesi üzərində deyil, istehsal prosesinin insanlar üzərində hakim olduğu bir ictimai formasiyaya mənsub olmaq damğası daşıyan formullar siyasi iqtisadın burjua düşüncəsinə özlüyündə aydın olan bir şey kimi, məhsuldar əmək qədər təbii və zəruri bir şey kimi görünür. Buna görə də kilsə xadimləri xristianlıqdan əvvəlki dinlərə necə xor baxırlarsa, siyasi iqtisad da burjua ictimai istehsal orqanizmindən əvvəlki ictimai istehsal orqanizmi formalarına təqribən eləcə xor baxır36.

 

Mübadilə dəyərinin yaradılması prosesində təbiətin rolu haqqında bəzi iqtisadçıların darıxdırıcı və mənasız mübahisəsi də göstərir ki, əmtəə aləminə xas olan fetişizm, yaxud əməyin ictimai təriflərinin şey şəklində görünməsi bu iqtisadçıları nə dərəcədə çaşdırır. Mübadilə dəyəri şeyin istehsalına sərf olunmuş əməyi ifadə etmək üçün ancaq müəyyən bir ictimai üsul olduğuna görə, özlüyündə aydındır ki, təbiətin verdiyi maddə, məsələn, veksellərin məzənnəsində nə qədərdirsə, mübadilə dəyərində də bundan artıq deyildir.

Əmtəə forması burjua istehsalının ən ümumi və ən az inkişaf etmiş forması olub, bunun da nəticəsində, keçmiş dövrlərdə indiki qədər hakim və, deməli, xarakterik bir forma olmasa da, çox erkən meydana çıxdığına görə, adama elə gəlir ki, onun fetişlik xarakterini hələ nisbətən asanlıqla görmək olar. Lakin daha konkret formalarda onun hətta bu zahiri sadəliyi də aradan qalxır. Monetar sistemindəki illüziyalar haradan meydana gəlir? Ondan meydana gəlir ki, bu sistem pul olmaq etibarı ilə qızıl və gümüşün ictimai istehsal münasibətini təmsil etdiyini, lakin qəribə ictimai xassələri olan təbiət şeyləri formasında təmsil etdiyini görməmişdir. Monetar sisteminə bu qədər təkəbbürlə yanaşan müasir siyasi iqtisadı götürün: məgər o, kapitalı tədqiq etməyə, başlayan kimi onun fetişizmi dərhal tamamilə hiss edilmirmi? Torpaq rentasının cəmiyyətdən deyil, torpaqdan meydana gəlməsi haqqında fiziokratların illüziyası çoxdanmı aradan qalxmışdır?

Lakin irəliyə qaçmamaq üçün biz burada əmtəə formasının özünə aid olan daha bir misalla kifayətlənəcəyik. Əmtəələrin dili olsaydı, onlar deyərdi: bizim istehlak dəyərimiz bəlkə də insanları maraqlandırır. Biz şey olduğumuza görə, bunun bizə dəxli yoxdur. Lakin bizim maddi təbiətimizə dəxli olan ancaq dəyərdir. Bizim özümüzün bir şey-əmtəə kimi tədavül etməyimiz buna ən yaxşı sübutdur. Biz bir-birimizə ancaq mübadilə dəyərləri kimi münasibətdə oluruq. İndi dinləyib görək əmtəənin qəlbi iqtisadçının dili ilə nələr söyləyir:

«Dəyər» (mübadilə dəyəri) «şeylərin xassəsidir, sərvət» (istehlak dəyəri) «insanın xassəsidir. Bu mənada dəyər hökmən mübadilənin olmasını tələb edir, sərvət isə–yox»). «Sərvət» (istehlak dəyəri) «insanın atributudur, dəyər – əmtəənin atributudur. İnsan və ya cəmiyyət sərvətli olur; inci və ya almaz qiymətli olur… İnci və ya almaz bir inci və ya almaz olaraq dəyərə malik olur»).

İndiyədək hələ heç bir kimyaçı incidə və almazda mübadilə dəyəri kəşf etməmişdir. Lakin dərindən tənqidi düşündüklərini iddia edən və bu «kimyəvi» maddəni ixtira edən iqtisadçılar hesab edirlər ki, dəyər şeylərin özünə məxsusdur, onların istehlak dəyəri isə onların maddi xassələrindən asılı deyildir. Həmin iqtisadçıların bu əqidəsini belə qəribə bir cəhət möhkəmləndirir ki, şeylərin istehlak dəyəri insanlar üçün mübadiləsiz, yəni şeylə insan arasındakı bilavasitə münasibətdə reallaşır, halbuki dəyər ancaq mübadilədə, yəni müəyyən ictimai prosesdə reallaşa bilər. Burada sadədil Doqberini necə də xatırlamayasan ki, o, gecə gözətçisi Sikola37 belə şeylər öyrədir: «gözəllik şəraitin verdiyi nemətdir, oxuyub yazmaq məharətini isə təbiət verir».

 

İKİNCİ FƏSİL
MÜBADİLƏ PROSESİ

Əmtəələr özləri bazara gedib bir-biri ilə mübadilə oluna bilməz. Deməli, biz onları saxlayanlara, əmtəə sahiblərinə müraciət etməliyik. Əmtəələr şeydir və buna görə də insan qarşısında acizdir. Əmtəələr öz xoşu ilə getmirsə, insan onlara zor işlədə bilər, yəni onları götürüb apara bilər38. Müəyyən şeylər arasındakı münasibətlərin əmtəə münasibətləri ola bilməsi üçün əmtəə sahibləri arasındakı münasibətlər gərək elə şəxslərin münasibətlərindən ibarət olsun ki, onların bu şeylərə iradəsi çatsın: beləliklə, bir əmtəə sahibi yalnız digərinin iradəsi üzrə, deməli, onlardan hər biri yalnız onların hər ikisi üçün ümumi olan iradə tədbiri vasitəsi ilə öz əmtəəsini özgəsinə verib özgə əmtəəsinə yiyələnə bilər. Deməli, onlar bir-birini xüsusi mülkiyyətçi kimi tanımalıdırlar. Bu yuridik münasibət, – bunun da forması müqavilədir, həm də bu müqavilənin qanunla təsbit edilib-edilməməsinin fərqi yoxdur, – iradə münasibətidir, bunda da iqtisadi münasibət əks olunur. Bu yuridik münasibətin və ya iradə münasibətinin məzmununu iqtisadi münasibət özü verir39. Burada şəxslər bir-biri üçün ancaq əmtəələrin nümayəndələri kimi, yəni əmtəə sahibləri kimi mövcuddurlar. Tədqiqat gedişində biz ümumiyyətlə görəcəyik ki, şəxslərin xarakterik iqtisadi maskaları ancaq iqtisadi münasibətlərin təcəssümüdür və bu şəxslər həmin münasibətlərin təmsilçiləri kimi bir birinə qarşı dururlar.

Əmtəə sahibini öz əmtəəsindən fərqləndirən məhz odur ki, əmtəə üçün hər bir başqa əmtəə cismi ancaq onun öz dəyərinin təzahür formasıdır. Anadangəlmə bərabərləşdirici və həyasız olan əmtəə nəinki öz canını, hətta öz cismini də hər bir başqa əmtəə ilə, hətta simaca Maritornesdən də eybəcər bir əmtəə ilə mübadilə etməyə həmişə hazırdır. Əmtəənin başqa əmtəə cisimlərindəki konkret xassələri qavramaq qabiliyyəti olmamasını əmtəə sahibi öz beş və daha artıq hissi ilə tamamlayır. Onun əmtəəsi onun özü üçün bilavasitə istehlak dəyərinə malik deyildir. Yoxsa o həmin əmtəəni bazara çıxarmazdı. Bu əmtəə başqaları üçün istehlak dəyərinə malikdir. Öz sahibi üçün əmtəənin bütün bilavasitə istehlak dəyəri ancaq ondan ibarətdir ki, bu əmtəə mübadilə dəyəri daşıyıcısıdır və, deməli, mübadilə vasitəsidir40. Buna görə də əmtəə sahibi öz əmtəəsini mübadilə yolu ilə elə başqa əmtəələrə dəyişmək istəyir ki, onların istehlak dəyərinə ehtiyacı olsun. Bütün əmtəələr öz sahibləri üçün istehlak dəyəri deyildir və öz sahibi olmayanlar üçün istehlak dəyəridir. Deməli, bunlar daim əldən-ələ keçməlidir. Lakin əmtəələrin belə əldən-ələ keçməsi bunların mübadiləsidir, mübadilədə isə onların bir-birinə münasibəti dəyərlərin münasibəti kimidir və onlar bir dəyər olaraq reallaşır. Deməli, əmtəələr istehlak dəyəri kimi reallaşmaq imkanı almazdan əvvəl dəyər kimi reallaşmalıdır.

Digər tərəfdən, əmtəələr dəyər kimi reallaşa bilməzdən əvvəl onlar özlərinin istehlak dəyəri olduğunu sübut etməlidir, çünki onlara sərf olunan əmək ancaq başqaları üçün faydalı formada sərf edildikdə nəzərə alınır. Lakin bu əməyin başqaları üçün həqiqətən faydalı olub-olmadığını, bu əməyin verdiyi məhsulun hər hansı bir özgə tələbatını ödəyib-ödəmədiyini ancaq mübadilə sübut edə bilər.

Hər bir əmtəə sahibi öz əmtəəsini ancaq elə əmtəələrə mübadilə etmək istəyir ki, bunların istehlak dəyəri onun tələbatını ödəsin. Bu cəhətdən mübadilə onun üçün xalis fərdi bir prosesdir. Digər tərəfdən, o öz əmtəəsini dəyər kimi reallaşdırmaq, yəni öz əmtəəsini eyni dəyərə malik başqa əmtəə ilə dəyişdirmək istəyir, həm də onun üçün fərqi yoxdur ki, öz əmtəəsi başqa əmtəələrin sahibləri üçün istehlak dəyərinə malikdir, ya yox. Bu cəhətdən mübadilə onun üçün ümumi bir ictimai prosesdir. Lakin eyni bir proses eyni zamanda bütün əmtəə sahibləri üçün yalnız fərdi və yalnız ümumi bir ictimai proses ola bilməz.

Məsələyə bir qədər diqqətlə baxdıqda görərik ki, hər bir əmtəə sahibi üçün hər bir özgə əmtəəsi onun əmtəəsinin xüsusi ekvivalenti rolunu oynayır, buna görə də onun öz əmtəəsi bütün başqa əmtəələrin ümumi ekvivalenti rolunu oynayır. Lakin bu cəhətdən bütün əmtəə sahibləri eyni vəziyyətdə olduqlarından, heç bir əmtəə ümumi ekvivalent deyildir, buna görə əmtəələr bir-biri ilə dəyər kimi eyniləşdiriləcəyi və bir-biri ilə dəyər kəmiyyətləri kimi müqayisə ediləcəyi ümumi nisbi dəyər formasına da malik deyildirlər. Beləliklə, əmtəələr bir-birinin qarşısına ümumiyyətlə əmtəə kimi deyil, ancaq məhsul kimi, yaxud istehlak dəyəri kimi çıxırlar.

Bizim əmtəə sahibləri bu çətin vəziyyətdə Faust kimi düşünürlər: «Əvvəl iş idi». Həm də onlar hələ düşünməyə başlamazdan qabaq iş görürdülər. Əmtəə təbiətinin qanunları əmtəə sahiblərinin təbii instinktində təzahür edir. Onlar öz əmtəələrini bir-birinə dəyər kimi, deməli, əmtəə kimi ancaq o halda bərabərləşdirə bilərlər ki, bunları müəyyən bir başqa əmtəə ilə müqayisə etsinlər, bunları həmin əmtəəyə ümumi ekvivalent kimi qarşı qoysunlar. Bunu əmtəənin təhlili göstərdi. Lakin ancaq ictimai hərəkət müəyyən əmtəəni ümumi ekvivalentə çevirə bilər. Buna görə də bütün başqa əmtəələrin ictimai hərəkəti müəyyən bir əmtəəni ayırır, bütün əmtəələr isə öz dəyərini onda ifadə edir. Bununla da həmin əmtəənin natural forması ictimai cəhətdən tanınan ekvivalent forma olur. Ümumi ekvivalent funksiyası göstərilən ictimai proses sayəsində həmin ayrılmış əmtəənin spesifik ictimai funksiyası olur. Bu əmtəə dönüb pul olur.

«Onların fikri birdir və öz qüvvət və hakimiyyətini yırtıcıya verəcəklər». «Bu nişana, yaxud vəhşi heyvan adına, ya da onun adının sayına malik olan şəxsdən başqa heç kəs nə ala biləcək, nə də sata biləcəkdir» (Apokalipsis).

Pul kristalı mübadilə prosesinin zəruri məhsuludur, burada müxtəlif əmək məhsulları felən bir-birinə bərabər tutulur və bununla da felən əmtəəyə çevrilir. Mübadilənin genişlənib dərinləşdiyi tarixi proses əmtəənin təbiətində istehlak dəyəri ilə dəyər arasında qalıb mürgüləyən əksliyi inkişaf etdirir. Dövriyyə üçün bu əksliyin xarici ifadəsini vermək tələbatı əmtəə dəyərinin müstəqil formasının meydana çıxmasına doğru aparır və bu tələbat o vaxta qədər davam edir ki, əmtəənin iki yerə bölünüb əmtəə və pul əmələ gətirməsi yolu ilə məsələ tamamilə həll edilmiş olsun. Deməli, əmək məhsulları əmtəəyə çevrildikcə, əmtəə də pula çevrilir41.

Bilavasitə məhsul mübadiləsi, bir tərəfdən, sadə dəyər ifadəsi formasına malikdir, digər tərəfdən isə hələ buna malik deyildir. Gördüyümüz kimi, bu forma belədir: x miqdar A əmtəə = y miqdar B əmtəəyə. Bilavasitə məhsul mübadiləsi forması isə belədir: x miqdar A istehlak şeyi = y miqdar B istehlak şeyinə42. Burada A şey ilə B şey mübadiləyə qədər əmtəə deyildir, bunlar ancaq mübadilə sayəsində əmtəə olur. İstehlak şeyinin dönüb potensial mübadilə dəyəri olması üçün lazım gələn birinci ilkin şərt ondan ibarətdir ki, bu istehlak şeyi qeyri-istehlak dəyəri kimi mövcuddur, öz sahibinin bilavasitə tələbatından artıq miqdarda olur. Şeylər özlüyündə insandan xaricdədir və buna görə də özgəninkiləşdirilə bilər. Bu özgəninkiləşdirmənin qarşılıqlı olması üçün insanlar yalnız dinməzcə bir-birinin qarşısına bu özgəninkiləşdirilən şeylərin xüsusi mülkiyyətçisi kimi, buna görə də həmçinin bir-birindən asılı olmayan şəxslər kimi çıxmalıdırlar. Lakin istər patriarxal ailə, istər qədim hind icması, istərsə inklər dövləti və i. a. olsun, təbii surətdə meydana gələn icmanın üzvləri arasında bu cür qarşılıqlı özgəninkilik münasibəti yoxdur. Əmtəə mübadiləsi icma qurtardığı yerdən, icmanın başqa icmalarla və ya başqa icmaların üzvləri ilə təmas etdiyi yerdən başlanır. Lakin şeylər zahiri münasibətlərdə əmtəəyə çevrildikdə, əks təsir yolu ilə icma daxilində də bunlar əmtəə olur. Bunların miqdarca mübadilə nisbəti əvvəllər tamamilə təsadüfidir. Bunlar ancaq ona görə mübadiləyə daxil olur ki, sahibləri bunları qarşılıqlı surətdə bir-birinə verib dəyişmək istəyirlər. Bu zaman özgəsinin istehlak şeylərinə olan tələbat yavaş-yavaş möhkəmləşir. Mübadilə daim təkrar olunmaq sayəsində müntəzəm bir ictimai proses olur. Buna görə də zaman keçdikcə əmək məhsullarının heç olmazsa bir hissəsi qəsdən mübadilə ehtiyacları üçün istehsal olunmağa başlayır. Bu vaxtdan etibarən, bir tərəfdən, şeyin bilavasitə istehlak üçün faydalılığı ilə onun mübadilə üçün faydalılığı arasındakı fərq sabitləşir. Onun istehlak dəyəri onun mübadilə dəyərindən ayrılır. Digər tərəfdən, şeylərin mübadiləsindəki miqdar nisbəti onların öz istehsalından asılı bir hal alır. Vərdiş sayəsində bunlar dəyər kəmiyyətləri kimi təsbit olunur.

Bilavasitə məhsul mübadiləsində hər bir əmtəə öz sahibi üçün bilavasitə mübadilə vasitəsidir və onun sahibi olmayan üçün ekvivalentdir, – lakin ancaq o zaman ekvivalentdir ki, bu əmtəə onun sahibi olmayan üçün istehlak dəyəri olsun. Deməli, mübadilə edilən şey hələ öz istehlak dəyərindən, yaxud mübadilə edən şəxslərin fərdi tələbatından asılı olmayan heç bir dəyər forması almır. Lakin mübadilə prosesinə daxil olan əmtəələrin sayı və müxtəlifliyi artdıqca, belə bir formanın da zəruriliyi getdikcə daha çox inkişaf edir. Məsələ onu həll etmək vasitələri ilə bir zamanda meydana çıxır. Əmtəə sahiblərinin öz məmulatını müxtəlif başqa məmulata mübadilə etdikləri və bunları bir-birinə bərabərləşdirdikləri əmtəələr dövriyyəsi heç vaxt elə baş verə bilməz ki, bu zaman müxtəlif əmtəə sahiblərinin müxtəlif əmtəələri öz dövriyyələri çərçivəsində eyni bir üçüncü əmtəəyə mübadilə olunmasın və bir dəyər kimi ona bərabər tutulmasın. Belə bir üçüncü əmtəə müxtəlif başqa əmtəələr üçün ekvivalent olub, məhdud çərçivədə olsa da, bilavasitə ümumi və ya ictimai ekvivalent forması kəsb edir. Bu ümumi ekvivalent forması onu doğuran ani ictimai təmasla birlikdə meydana gəlir və yox olur. Bu forma növbə ilə və ani surətdə gah bir əmtəənin, gah da başqa əmtəənin nəsibi olur. Lakin əmtəə mübadiləsi inkişaf etdikcə, bu forma ancaq müəyyən əmtəə növləri ilə möhkəm birləşib qalır, yaxud kristallaşıb pul forması alır. Ümumi ekvivalent formasının məhz hansı əmtəə növü ilə birləşməsi əvvəllər təsadüfi olur. Lakin burada ümumiyyətlə və bütünlükdə iki cəhət həlledici rol oynayır. Pul forması ya mübadilə yolu ilə kənardan alınan və həqiqətən yerli məhsulların mübadilə dəyərinin təbii surətdə meydana gəlmiş təzahür formasını təmsil edən ən mühüm şeylərlə, ya da özgəninkiləşdirilən yerli əmlakın başlıca ünsürü olan bir istehlak şeyi ilə, məsələn, mal-qara ilə birləşib qalır. Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, deməli, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir və bununla da məhsul mübadiləsinə sövq edir. İnsanlar çox zaman qulun şəxsində adamın özünü ilkin pul materialına çevirmişlər, amma torpağı heç zaman bu materiala çevirməmişlər. Belə bir ideya ancaq artıq inkişaf etmiş burjua cəmiyyətində meydana gələ bilərdi. Bu ideya ancaq XVII əsrin son qərinəsində meydana gəlmiş, bunu milli miqyasda həyata keçirməyə isə ilk dəfə yüz il sonra, Fransa burjua inqilabı zamanı təşəbbüs edilmişdir.

Əmtəə mübadiləsi öz məhdud məhəlli çərçivəsini dağıtdıqca və buna görə də əmtəə dəyəri yüksəlib ümumiyyətlə insan əməyinin maddiləşməsinə çevrildikcə, pul forması ümumi ekvivalent kimi bir ictimai funksiyanı yerinə yetirmək üçün lap öz təbiəti etibarı ilə xüsusən yararlı olan əmtəələrə, məhz nəcib metallara keçir.

«Qızıl və gümüş öz təbiətinə görə pul deyildir, amma pul öz təbiətinə görə qızıl və gümüşdür»43, – bu fikri, həmin metalların təbii xassələrinin pul funksiyalarına uyğun gəlməsi sübut edir44. Lakin hələlik biz pulun ancaq bir funksiyasını bilirik, bu da əmtəə dəyərinin təzahür forması olmaq, yaxud əmtəə dəyərləri kəmiyyətlərinin öz ictimai ifadəsini tapdığı material olmaqdır. Yalnız elə bir materiya dəyər təzahürünün adekvat forması, yaxud abstrakt əməyin və, deməli, bərabər insan əməyinin maddiləşməsi ola bilər ki, onun bütün nüsxələri eyni keyfiyyətə malik olsun. Digər tərəfdən, dəyər kəmiyyətlərinin fərqi xalis miqdar xarakteri daşıdığına görə, pul əmtəəsi xalis miqdarca fərqlənməyə qabil olmalıdır, yəni elə xassələrə malik olmalıdır ki, onu istənilən qədər xırda hissələrə bölmək və yenidən bu hissələrdən əmələ gətirmək mümkün olsun. Qızıl və gümüş öz təbiətinə görə bu xassələrə malikdir.

Pul əmtəənin istehlak dəyəri ikiləşir. Pul əmtəə bir əmtəə kimi malik olduğu xüsusi istehlak dəyərindən başqa, – məsələn, qızıldan dişə plomb qoymaq üçün istifadə edilir, zinət şeyləri hazırlamaq üçün o, xammal olur və i. a. – öz spesifik ictimai funksiyalarından irəli gələn formal istehlak dəyəri kəsb etmiş olur.

Bütün başqa əmtəələr pulun ancaq xüsusi ekvivalentləri, pul isə bunların ümumi ekvivalenti olduğuna görə, xüsusi əmtəə olan bu əmtəələrin pula münasibəti ümumi bir əmtəəyə olan münasibətdir.

Biz artıq gördük ki, pul forması ancaq bir əmtəəyə bütün qalan əmtəələrin münasibətlərinin həmin əmtəədə nəqş olunmuş inikasıdır. Deməli, pulun əmtəə olması45 faktı ancaq o adama bir kəşf kimi görünə bilər ki, pulun hazır formasını əsas tutub pulu bu hazır şəkildə təhlil etmək istəsin. Mübadilə prosesi pula çevirdiyi əmtəəyə onun dəyərini vermir, onun ancaq spesifik dəyər formasını verir. Bu iki tərifin qarışdırılması ona gətirib çıxarır ki, qızıl və gümüşün dəyərini xəyali hesab etməyə başlayırlar46. Pulu müəyyən funksiyalarında sadəcə pul nişanı ilə əvəz etmək mümkün olduğuna görə, buradan belə başqa bir səhv də doğmuşdur ki, pul ancaq nişandır. Digər tərəfdən, bu yanılmada belə bir cəhətin tutqun şəkildə sezildiyini görmək olar ki, şeylərin pul forması onların özü üçün onlardan kənar bir cəhətdir və bu forma arxasında gizlənən insan münasibətlərinin ancaq təzahür formasıdır. Bu mənada hər bir əmtəə ancaq bir nişan olardı, çünki dəyər olmaq etibarı ilə əmtəə ona sərf olunmuş insan əməyinin ancaq şey qabığıdır47. Lakin müəyyən istehsal üsulu əsasında şeyləri kəsb etdiyi ictimai xassələri və ya bu istehsal üsulu əsasında əməyin ictimai təriflərinin kəsb etdiyi şey formalarını sadəcə nişan adlandırmaqla bunların insan zəkasının ixtiyarı məhsulu adlandırmış olurlar. XVIII əsr maarifçilərinin həvəslə işlətdikləri üsul belə idi, bunu tətbiq etməklə istəyirdilər ki, insan münasibətlərinin daşıdığı və meydana gəlməsini hələ izah edə bilmədikləri müəmmalı formalar üzərindən əsrarəngizlik örtüyünü, heç olmazsa müvəqqəti olaraq götürüb atsınlar.

Yuxarıda qeyd edildiyi kimi, əmtəənin ekvivalent formasında onun dəyər kəmiyyəti miqdarca müəyyən deyildir. Əgər biz biliriksə ki, qızıl puldur, yəni bütün başqa əmtəələrə bilavasitə mübadilə edilə bilər, onda biz hələ heç də bilmirik ki, məsələn, 10 funt qızıl neçəyədir. Hər bir başqa əmtəə kimi, qızıl da öz dəyərinin kəmiyyətini ancaq nisbi surətdə, ancaq başqa əmtəələrdə ifadə edə bilər. Qızılın öz dəyəri onun istehsalı üçün tələb edilən iş vaxtı ilə müəyyən olunur və eyni qədər iş vaxtı hər hansı başqa əmtəənin nə qədərində kristallaşmışsa, həmin əmtəənin bu miqdarında ifadə olunur48; Qızıl dəyərinin bu nisbi kəmiyyəti qızılın istehsal edildiyi yerdə, bilavasitə mübadilə ticarətində belə müəyyən olunur. Qızıl tədavülə pul kimi girdikdə, onun dəyəri artıq məlumdur. Əgər XVII əsrin artıq axırıncı on illərində pulun təhlili pulun əmtəə olduğunu müəyyən etmiş olsa da, bu hər halda təhlilin ancaq başlanğıcı idi. Çətinlik pulun əmtəə olduğunu başa düşməkdə deyil, əmtəənin necə və nə səbəbə pul olduğunu aşkara çıxarmaqdadır49.

Biz gördük ki, sadə dəyər ifadəsinin özündə, yəni x miqdar A əmtəə = y miqdar B əmtəəyə ifadəsində belə bir illüziya doğur ki, başqa bir şeyin dəyər kəmiyyəti ifadə olunan şey öz ekvivalent formasına guya əmtəələrin bu münasibətindən asılı olmadan malikdir, həmin şey bu formaya özünün anadangəlmə ictimai xassəsi kimi malikdir. Biz bu illüziyanın necə möhkəmləndiyini izlədik. Ümumi ekvivalent forma müəyyən əmtəənin natural forması ilə qovuşduqda, yaxud kristallaşıb pul forması aldıqda, bu illüziya başa çatmış olur. Həm də bu zaman belə bir təəssürat oyanır ki, guya müəyyən əmtəənin pul olmasına səbəb ancaq bütün başqa əmtəələrin öz dəyərlərini onda ifadə etməsi deyil, əksinə, bu əmtəələrin öz dəyərlərini onda ifadə etməsinə səbəb onun pul olmasıdır. Vasitəçi hərəkət öz doğurduğu nəticədə yox olub gedir və onun izi qalmır. Əmtəələr özləri heç bir yardım göstərmədən, özlərindən kənarda və özləri ilə yanaşı mövcud olan əmtəə cismində öz dəyərinin hazır surətini tapır. Bu şeylər – qızıl və gümüş – yerdən çıxarıldıqları şəkildə eyni zamanda hər cür insan əməyinin bilavasitə təcəssümü olur. Pulun ecazkar xarakteri də buradan irəli gəlir. Bizim indi öyrəndiyimiz cəmiyyət quruluşunda insanların ictimai istehsal prosesindəki münasibətləri xalis atomistik münasibətlərdir. Bunun nəticəsində onların istehsal münasibətləri onların nəzarətindən və şüurlu fərdi fəaliyyətindən asılı olmayan şey xarakteri alır. Bu ən əvvəl onda təzahür edir ki, onların əmək məhsulları ümumiyyətlə əmtəə forması alır. Beləliklə, pul fetişinin sirri əmtəə fetişinin ancaq nəzərə çarpan və göz qamaşdıran sirridir.

332-ci nəşrə qeyd. Hətta Rikardo da öz robinzonadasına əl atmadan keçinə bilməmişdi. “O, ibtidai balıqçı ilə ibtidai ovçunu məcbur edir ki, əmtəə sahibləri olmaq etibarı ilə onlar balıqla quşu bu mübadilə dəyərlərində maddiləşmiş iş vaxtına mütənasib surətdə dərhal mübadilə etsinlər. Həm də o, belə bir anaxronizmə qapılır ki, ibtidai balıqçı ilə ibtidai ovçu öz əmək alətlərini hesaba alarkən 1817-ci ildə birjasında işlənən illik faiz ödənişləri cədvəllərindən istifadə edir. “Cənab Ouenin naraleloqramları“, deyəsən, burjua cəmiyyəti formasından başqa ona məlum olan yeganə cəmiyyət forması idi“ (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, Berlin, 1859, səh. 38, 39. [bax: K, Marks və F. Engels, Əsərləri. İknnci nəşri, 13-cü cild, səh. 46–47]).
34Dəyər kəmiyyətinin Rikardo tərəfindən edilən təhlilinin qənaətbəxş olmaması – bu isə dəyər kəmiyyətinin ən yaxşı təhlilidir – bu əsərin üçüncü və dördüncü kitablarında göstəriləcəkdir. Ümumiyyətlə dəyərə gəldikdə, klassik siyasi iqtisad dəyərdə ifadə olunan şəkildəki əməklə məhsulun istehlak dəyərində ifadə olunan eyni əmək arasında heç bir yerdə tam aydın və şüurlu surətdə açıqca fərq qoymur. Faktik surətdə klassik siyasi iqtisad, əlbəttə, belə bir fərq qoyur, çünki birinci halda əməyi miqdar cəhətindən, ikinci halda isə keyfiyyət cəhətindən nəzərdən kecirir. Lakin onun heç ağlına da gəlmir ki, əmək növlərinin xalis miqdarca fərqi onların keyfiyyət vəhdəti və ya bərabərliyini, deməli, onların abstrakt insan əməyinə müncər olmasını nəzərdə tutur. Məsələn, Rikardo deyir ki, o, Destüt de Trasinin bu sözlərinə şərikdir: “Fiziki və mənəvi qabiliyyətlərimizin yeganə ilkin sərvət olması tamamilə aşkar olduğuna görə, bu qabiliyyətlərin tətbiq olunması, yəni əmək bizim ilkin xəzinəmizdir. Sərvət adlandırdığımız bütün şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeylər ancaq onları yaradan əməyi təmsil edir və əgər bunların dəyəri, yaxud hətta iki müxtəlif dəyəri vardırsa, bu dəyər ancaq həmin şeyləri doğuran əməyin dəyərindən törəyir“ (Ricardo. „The Principles of Political Esonomy“. Biz ancaq bunu qeyd edəcəyik ki, Rikardo Destütə bu məsələ haqqında özünün daha dərin olan anlayışını isnad verir. Doğrudur, Destüt, bir tərəfdən, deyir ki, sərvətimizi təşkil edən bütün şeylər, “onları yaradan əməyi təmsil edir“, lakin, digər tərəfdən, o iddia edir ki, bunların “iki müxtəlif dəyəri” (istehlak dəyəri və mübadilə dəyəri) „əməyin dəyərindən“ törəyir. Beləliklə, o, bir əmtəənin (burada əməyin) dəyəri olduğunu fərz edib, sonra bunun vasitəsi ilə başqa əmtəələrin dəyərini müəyyən edən vulqar siyasi iqtisadın bu bayağı fikirlərini təkrar edir. Rikardo isə Destütü belə oxuyur: istehlak dəyərində də, mübadilə dəyərində də əmək (əməyin dəyəri yox) təmsil olunur. Lakin Rikardo özü ikili şəkildə təmsil olunan əməyin ikili xarakterkni o qədər pis ayırd edir ki, „Dəyər və sərvət, bunların fərqləndirici xassələri” adlı bütöv bir fəsil boyunca J. B. Sey kimi bir çənabın bayağı fikirləri ilə əlləşməyə məcbur olur. Ən axırda Rikardo heyrətlə görür ki, Destüt onunla birlikdə əməyi dəyərin mənbəyi hesab etsə də, dəyər anlayışına verdiyi tərifdə eyni zamanda Sey ilə də şərik olur.
35Klassik siyasi iqtisadın əsas nöqsanlarından biri bundan ibarətdir ki, heç bir zaman əmtəənin və xüsusən əmtəə dəyərinin təhlildən dəyəri məhz mübadilə dəyəri edən dəyər formasını hasil edə bilməmişdir. Məhz özünün A. Smit və Rikardo kimi ən yaxşı nümaytəndələrinin şəxsində klassik siyasi iqtisad dəyər formasını əmtəənin təbiətinə əsla dəxli olmayan və hətta ondan kənarda olan bir şey hesab edir. Səbəbi də təkcə o deyil ki, klassik siyasi iqtisadın bütün diqqətini dəyər kəmiyyətinin təhlili cəlb edir. Bunun səbəbi daha dərindir. Əmək məhsulunun dəyər forması burjua istehsal üsulunun ən abstrakt və eyni zamanda ən ümumi formasıdır: məhz bu forma onun ictimai istehsalın xüsusi bir növü olduğunu, bununla bərabər tarixi bir istehsal üsulu olduğunu göstərir. Burjua istehsal üsuluna ictimai istehsalın əbədi bir təbii forması kimi baxdıqda isə, dəyər formasının spesifik xüsusiyyətləri də, deməli, əmtəə formasının, sonrakı inkişafda isə pul formasının, kapital formasının və i. a. spesifik xüsusiyyətləri də hökmən nəzərdən qaçmış olacaqdır. Buna görə də, dəyər kəmiyyətinin iş vaxtı ilə ölçüldüyünü qəbul edən iqtisadçılarda pul haqqında, yəni mükəmməl şəkil almış ümumi ekvivalent haqqında olduqca müxtəlif və ziddiyyətli təsəvvürlərə rast gəlirik. Bu hal, məsələn, bank işinin tədqiqində xüsusilə aydın meydana çıxır, burada isə pul haqqında arada gəzən adi təriflərlə iş aşmaz. Bunun əksinə olaraq, yeni şəkildə bərpa olunmuş merkantilizm sistemi (Qanil və başqaları) meydana gəlmişdir ki, bu da dəyəri ancaq ictimai forma hesab edir, yaxud, daha doğrusu, dəyəri bu formanın hər bir substasiyadan məhrum bir inikası hesab edir. – Həmişəlik qeyd etməliyəm ki, mən klassik siyasi iqtisad dedikdə, U. Pettidən başlayan və burjua istehsal münasibətlərinin daxili asılılıqlarını tədqiq edən bütün siyasi iqtisadı nəzərdə tuturam. Klassik siyasi iqtisadın əksinə olaraq, vulqar siyasi iqtisad ancaq nəzərə gələn, zahiri asılılıqlar sahəsində eşələnir, elmi siyasi iqtisadın artıq çoxdan işləyib hazırladığı materialı daim yenidən çeynəyib tökür, bununla da iqtisadi həyatın ən qaba hadisələrinin burjuaziya üçün münasib şərhini vermək və bu hadisələri burjuaların ev güzəranına uyğunlaşdırmaq məqsədi güdür. Qalan sahələrdə isə bununla kifayətlenir ki, Burjua istehsal xadimlərinin öz aləmlərini ən yaxşı aləm hesab edən çeynənmiş və lovğa təsəvvürlərini pedantcasına sistemləşdirir və bu təsəvvürləri əbədi həqiqət elan edir.
36İqtisadçılar öz mühakimələrində çox qəribə bir üsul işlədirlər. Onların fikkrincə, ancaq iki cür təsisat vardır: biri süni təsisat, digəri də təbii təsisatdır. Feodalizm təsisatı süni təsisatdır, burjua təsisatı isə təbii təsisatdır. Bu halda iqtisadçılar teoloqlara bənzəyirlər, çünki teoloqlar da iki cür din olduğunu iddia edirlər. Hər bir yad din insanların uydurmasıdır, onların öz dini isə allahın vəhyidir… Beləliklə, indiyə qədər tarix var imiş indi isə daha yoxdur” (Karl Marks: “Fəlsəfə yoxsulluğu. C-b Prudonun “Yoxsulluq fəlsəfəsinə cavab”, 1847, səh. 113 [bax K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 4-cü cild, səh. 142]). Qədim yunanların və romalıların ancaq qarətlə yaşadıqlarını güman edən c-b Bastia həqiqətən gülüncdür. Axı insanlar əsrlər boyu qarətlə yaşayırlarsa, yəqin ki, həmişə qarət edilməsi mümkün olan bir şey olmalı, başqa sözlə desək, qarət edilən şeylər arası kəsilmədən təkrar istehsal olunmalıdır. Buna görə də güman etmək lazımdır ki, yunanlarla romalıların da müəyyən bir istehsal prosesi, müəyyən iqtisadiyyatı olmuş və burjua iqtisadiyyatı müasir dünyanın bazisi olduğu dərəcədə həmin iqtisadiyyat da onların dünyasının maddi bazisi olmuşdur. Yaxud bəlkə də Bastia demək istəyir ki, qul əməyinə əsaslanan istehsal üsulu bununla da qarət sisteminə əsaslanır? Bu Halda o, təhlükəli bir yol tutmuş olur. Lakin Aristotel kimi nəhəng bir mütəfəkkir qul əməyinə qiymət verərkən səhv edirdisə, nəyə görə biz Bastia kimi cırtdan bir iqtisadçıdan muzdlu əməyə düzgün qiymət verəcəyini gözləməliyik?–Bu fürsətdən istifadə edərək mən bir alman – amerikan qəzetində Siyasi iqtisadın tənqidinə dair“ (1859) əsərim haqqında çıxan etiraza qısaca cavab vermək istəyirəm. Mənim fikrimcə, müəyyən istehsal üsulu və buna uyğun olan istehsal münasibətləri, bir sözlə desək – „cəmiyyətin iqtisadi quruluşu real bazis təşkil edir, bunun üzərində hüquqi və siyasi üstqurum yüksəlir və müəyyən ictimai şüur formaları buna müvafiq olur“, „maddi həyat istehsalı üsulu ümumiyyətlə ictimai, siyasi və mənəvi həyat prosesləri üçün şərt olur“ (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 6,7] – mənim bu baxışım qəzetin fikrincə, maddi mənafeyin hökm sürdüyü müasir dünya haqqında doğrudur, lakin nə katolisizmin hökm sürdüyü orta əsrlərə, nə də siyasətin hökm sürdüyu qədim Afinaya və ya Romaya tətbiq oluna bilməz. Hər şeydən əvvəl qəribə burasıdır: hələ də elə bir adam tapılıb güman edə bilir ki, orta əsrlər və antik dünya haqqında arada gəzən bu ibarələr kimə isə məlum deyilmiş. Hər halda aydındır ki, orta əsrlər katolisizmlə, antik dünya isə siyasətlə yaşaya bilməzdi. Əksinə, həmin dövrlərdə yaşayış vasitələri əldə etmək üçün işlədilən üsul izah edir ki, nəyə görə bir halda siyasət, digər halda katolisizm başlıca rol oynamışdır. Bundan əlavə məsələn, Roma respublikasının tarixinə dair xüsusilə dərin bilik sahibi olmadan da bilmək olar ki, onun tarixinin sirri torpaq mülkiyyətinin tarixindədir. Digər tərəfdən, hələ Don-Kixot sərgərdan cəngavərliyə cəmiyyətin bütün iqtisadi formalarında eyni dərəcədə yol verilə biləcəyini güman etməklə buraxdığı səhvin ağır bəlasını çəkməli olmuşdu.
37“Observations”un müəllifi və S. Beyli Rikardsonu bunda ittiham edirlər ki, o, mübadilə dəyərinnn nisbi xarakterini görməmiş və onu mütləq bir şeyə çevirmişdir. Əslində isə əksinədir: bu şeylərin, məsələn almaz və incinin bir mübadilə dəyəri kimi malik olduqları zahiri nisbiliyi o həmin şeylərin zahiri görünüşü arxasında gizlənən həqiqi münasibətə, insan əməyinin bəsit ifadələri olmaq etibarı ilə onların nisbiliyinə müncər etmişdir. Rikardoçular Beyliyə inandırıcı şəkildə deyil, kobud bir şəkildə cavab vermişlərsə, bu ancaq ona görədir ki, onlar dəyərlə dəyər forması, yaxud mübadilə dəyəri arasında daxili əlaqə haqqında Rikardsonun özündə bir şey tapa bilməmişdilər.
38Öz möminliyi ilə şöhrət tapmış XII əsrdə əmtəələr arasında çox qəribə şeylərə təsadüf edilirdi. Məsələn, o zamankı fransız şairlərindən biri Landi yarmarkasında olan əmtəələr arasında çit, çəkmə, gön, kənd təsərrüfatı alətləri, dəri və sairə ilə yanaşı olaraq “femmes folles de leur corps [fahişə qadınlar] da olduğunu göstərir.
39Prudon öz əbədi ədalət, yustise eternelle idealını əvvəlcə əmtəə istehsalına uyğun yuridik münasibətlərdən alır, yeri gəlmişkən deyək ki, bununla da bütün filisterlərə belə təsəlli gətirən bir sübut verir ki, əmtəə istehsalı forması da ədalət qədər əbədidir. Sonra o, əksinə, həmin ədalət idealına uyğun surətdə həqiqi əmtəə istehsalını və buna müvafiq olan əsil hüququ dəyişdirməyə çalışır. Bir kimyaçı maddələr mübadiləsinin həqiqi qanunlarını tədqiq etmək və bunların əsasında müəyyən məsələləri həll etmək əvəzinə, maddələr mübadiləsini „naturalite“ və „affinite“ [„zat“ və „qohumluq”] kimi, „əbədi ideyalara” uyğun surətdə dəyişdirmək istəsəydi, biz onun haqqında nə deyərdik? Bizə deyəndə ki, sələmçilik „yustise eternelle“ [„əbədi ədalətə”], „eduite eternelle“ [«əbədi həqiqətə“ ziddir, – məgər biz vaxtı ilə sələmçiliyin „grace eternelle“,„foi eternelle“,„volonte eternellede Dieu “ [„əbədi şəfqətə“, „əbədi imana“, „allah-təalanın əbədi iradəsinə“] zidd olduğunu deyən kilsə xadimlərinin keçmişdə sələmçilik haqqında bildiklərindən azacıq da olsa artıq bir şeymi bilmiş oluruq?
40„Çünki hər bir nemət iki cür istehlak olunur. Birincisi özlüyündə şeyə məxsusdur, ikincisi isə – yox; məsələn, səndəl ayağa da geyilə bilər, mübadilə də oluna bilər. Bunların hər ikisi səndəlin istehlak dəyəridir, çünki hətta səndəli ehtiyac hiss etdiyi bir şeyə, məsələn, yeyinti şeyinə mübadilə edən bir şəxs də səndəldən bir səndəl kimi istifadə edir. Lakin bu, səndəlin istehlak olunmasının təbii üsulu deyildir. Çünki səndəl mübadilə üçün mövcud deyildir“ (Aristoteles. "De Republica", I kitab, 9-cu fəsil).
41İndi biz xırda burjua sosializminin hiylələrinə layiqincə qiymət verə bilərik, axı o, əmtəə təsərrüfatını əbədiləştirmək və eyni zamanda „pul ilə əmtəə arasındakı əksliyi“, yəni pulun özünü aradan qaldırmaq istəyir, çünki pul bu əksliyin ancaq tərkib hissəsi kimi mövcuddur. Eyni müvəffəqiyyətlə katolisizmi saxlayıb papanı da aradan götürməyə çalışmaq olardı. Bu barədə ətraflı məlumat üçün mənim bu əsərimə bax: "Siyasi iqtisadın tənqidinə dair", səh. 61 və sonrakılar. [K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 67 və sonrakılar].
42Nə qədər ki, iki müxtəlif istehlak şeyi mübadilə olunmur, çox zaman vəhşilər arasında təsadüf etdiyimiz kimi, bir şey əvəzində ekvivalent olaraq bir yığın müxtəlif şey təklif edilir, o vaxta qədər hətta bilavasitə məhsul mübadiləsi hələ öz astanasından irəli getməmiş olur.
43Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, səh. 135 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci naşri, 13-cü cild, səh. 137]. „Qiymətli metallar… öz təbiətinə görə puldur“ (Galiani. „Della Moneta“, Kustodi nəşri. Parte Moderna, III çild, səh. 137).
44Bu barədə ətraflı məlumat almaq üçün mənim indicə sitat gətirilən əsərimdə "Nəcib metallar" bölməsinə bax.
45„Pul universal əmtəədir" (Verri, sitat gətirilən əsər, səh. 16).
46„Qızıl və gümüş sikkə olmazdan əvvəl, bir metal olaraq öz dəyərinə malikdir“ (Galiani, sitat gətirilən əsər). Lokk deyir: „Gümüşün xassələri onu pul rolu oynamaq üçün yararlı etdiyinə görə, insanlar ümumi bir razılıqla gümüşə xəyali bir dəyər vermişlər“. Lo, əksinə, deyir: Necə ola bilərdi ki, müxtəlif millətlər müəyyən şeyə xəyali bir dəyər versinlər?.. Və necə ola bilərdi ki. bu xəyali dəyər saxlanıb qalsın?“ Məsələnin mahiyyətini onun nə qədər pis antadığını özünün bu sözləri göstərir: „Gümüş malik olduğu istehlak dəyərinə görə, yəni öz gerçək dəyərinə görə mübadilə olunurmuş; pul vəzifəsi daşımaq sayəsində isə əlavə bir dəyər də kəsb etmişdir.
47„Pul onların“ (əmtəələrin) „nişanıdır“ (V. De Forbonnais. „Elements du Commerce Nouv. Edit Leyde, 1766, t.II, p.143). „Bir nişan olmaq etibarı ilə pulu əmtəələr cəzb edir“ (yenə orada, səh. 155). Pul şeyin nişanı və nümayəndəsidir" (Montesquieu, „Esprit des Loix“. Oeuvres. London, 1767, p.3). „Pul sadə nişan deyildir, çünki pul özü sərvətdir, pul dəyərlərin nümayəndəsi deyil, özü dəyərdir“ (Le Trosne, sitat gətirilən əsər. səh. 910). „Biz dəyər anlayışına diqqət yetirdikdə, şey özü ancaq bir nişan kimi nəzərdən keçirilir, həm də bu şey özlüyündə deyil, nə dəyərində olmasına görə əhəmiyyətlidir“ (Negel. „Philosophie des Rechts“, S. 100). Qızılın sadəcə bir nişan olması və nəcib metalların ancaq xəyali dəyərə malik olması təsəvvürünü iqtisadçılardan çox əvvəl yuristlər yaymışdılar; kral hakimiyyəti qarşısında nökərçilik edən bu yuristlər kralların sikkəni saxtalaşdırmaq hüququnu Roma imperiyası ənənələri ilə və pandektlərdə ifadə edilən pul anlayışları ilə bütün orta əsrlər boyu əsaslandırmağa çalışmışlar. Bu yuristlərin sədaqətli şagirdi olan Filipp Valua 1346-cı il dekretlərindən birində deyir: „heç kəs şübhə edə bilməz və şübhə etməməlidir ki, sikkə kəsmək, pul buraxmaq və sikkə haqqında hər cür sərəncam vermək hüququ, tədavülə sikkə buraxmaq, həm də öz istədiyimiz və səmərəli hesab etdiyimiz qiymətlə buraxmaq… Hüququ ancaq bizə və biz əlahəzrət krala məxsusdur". Roma hüququnda belə bir ehkam var idi ki, pulun dəyəri imperatorun verdiyi dekretlə təyin olunur. Pulu bir əmtəə kimi işlətmək qəti qadağan olunmuşdu. „Pulu isə heç kəs satın almamalıdır, çünki hamının istifadə etməsi üçün buraxılan pul dönüb əmtəə olmamalıdır“.
48„Peru mədənlərindən bir unsiya gümüş çıxarıb Londona gətirmək üçün bir buşel taxılın istehsalına lazım gəldiyi qədər vaxt sərf edilərsə, bu məhsullardan birincisi ikincisinin təbii qiyməti olar; yeni, daha zəngin mədənlər tapılması nəticəsində iki unsiya gümüşü indiki bir unsiya gümüş qədər asanlıqla çıxarmaq olarsa, əvvvəllər 5 şillinqə olan bir buşel taxıl indi caeteris parious [başqa şərtlər eyni olduqda] 10 şillinqə olacaqdır“ (William Petty “A.Treatise of Taxes and Contribitions”, London, 1667, p.31).
49C-b professor Roşer bizə öyüd verib deyir: „Pula verilən yanlış tərifləri iki əsas qrupa bölmək olar: pulu əmtəədən böyük bir şey hesab edən təriflər və pulu əmtəədən kiçik bir şey hesab edən təriflər“. Sonra pul haqqındakı əsərlərin rəngarəng kataloqu verilir, burada isə pul nəzəriyyəsinin həqiqi tarixini başa düşməkdən bir əsər-əlamət də görmək mümkün deyildir. Axırda da belə bir nəticə vardır: „Onu da inkar etmək olmaz ki, ən yeni iqtisadçıların çoxu pulu başqa əmtəələrdən fərqləndirən xüsusiyyətlərə az fikir verir“ (deməli, pul yenə də əmtəədən kiçik və ya böyük bir şeydir?)“… Bu belə olduğuna görə, Qanil və başqalarının yarım merkantilist münasibəti bir qədər əsaslıdır“ (Wilheilm Rosher. “Die Grundlagen der Nitionalokonomie”, 3 Aufl.. 1858, S. 207–210). „Böyük–kiçik–az–belə olduğuna görə–bir qədər“! Bu da anlayışlara tərif vermək adlandırılır! Həm də c-b Roşer belə bir eklektik professor boşboğazlığına təvazökarlıqla siyasi iqtisadın „anatomik-fizioloji metodu“ adını vermişdir! Amma hər halla elm ona bir kəşfinə görə minnətdardır, bu da ondan ibarətdir ki, pul „xoşagələn əmtəədir“.