Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Odisseya»

Schriftart:

“İLİADA”dan “ODİSSEYA”ya

Homerin “İliada” və “Odisseya” poemalarının yaradılma tarixi təxminən e.ə. VII–VI əsrlərə aid olunur. Amma hər iki poemada daha erkən dövrlərdə baş verən tarixi hadisələrdən bəhs edilir. Homerin kor olduğunu və onun dövründə yazının hələ olmadığını nəzərə alaraq alimlər bu poemaların dildən-dilə keçdiyini və yalnız e.ə. VI əsrdə Afina tiranı1 Pisistratın əmri ilə yazıya alındığını söyləyirlər.

Troya şəhərinin mühasirəsindən, troyalılarla axeylilər arasında gedən müharibədən bəhs edən “İliada” mirmidonların hökmdarı Axillesin təkbətək döyüşdə Hektoru öldürməsi və onun nəşini atası Priama qaytarması ilə bitir. Müharibənin necə bitməsi oxucu üçün qaranlıq qalır. Lakin antik yunan şairləri tərəfindən yaradılmış digər mənbələrdən bu haqda məlumat əldə etmək mümkündür.

Axilles Hektorun nəşini atası Priama qaytardıqdan sonra axeylilər yenidən müharibəni davam etdirirlər. Troyalılara isə yeni müttəfiqləri kömək edir. Onların arasında amazonlar2 da var idi. Döyüş zamanı Axilles amazonların başçısını, eləcə də Troyanın digər müttəfiqi olan həbəş hökmdarı Memnonu qətlə yetirir. Amma özü də canını ölümdən qurtara bilmir. Anası Fetidanın Axillesə dedikləri doğru çıxır və o həlak olur. Əslində, Axillesi öldürmək mümkün deyildi, çünki hələ körpə ikən anası onu dabanından tutub Stiks çayının sularına salırdı ki, Axillesin bədəni ilahlarınkı kimi möhkəm olsun. Lakin Axillesin bədəninin sehrli sulara dəyməyən bir hissəsi var idi ki, o da onun dabanı idi. İlahlar bunu bilirdilər. Ona görə də troyalıların tərəfində olan günəş ilahı Apollon döyüş vaxtı yayını çəkən Parisin oxunu düz Axillesin dabanına yönəldir. Yeganə zəif yerindən yaralanan Axilles elə həmin andaca ölür. Onun nəşi üstündə gedən döyüş “Odisseya”nın iyirmi dördüncü nəğməsində təsvir olunub. Çətin vəziyyətə düşən axeyli ordusu çıxış yolu axtarır və Odisseylə Diomed digər yunan şəhərlərinə cəsur qəhrəmanlar axtarmağa yollanırlar. Onlar Lemnos adasından cəsur Filokteti və Skiros adasından Axillesin oğlu Neoptolemi Troyaya gətirirlər. Məhz Filoktetin oxundan Troya müharibəsinin səbəbkarı Paris həlak olur. Odisseyin başçılığı ilə axeyli ustalar nəhəng taxta at düzəldirlər və həmin atın içində doqquz məşhur axeyli sərkərdə gizlənir. Onların arasında Menelay, Odissey, Diomed və Neoptolem də vardı. Axeyli ordusu gəmilərə minərək Troya torpaqlarını tərk etdiyini troyalılara nümayiş etdirir, hətta sahildə olan düşərgəni də yandırıb müharibədən əl çəkdiyini göstərir. Əslində isə onlar yaxınlıqda yerləşən adaların yanında lövbər salırlar. Axeylilərdən yalnız bir neçəsi sahildə qalıb Troya hökmdarı Priamın yanına yollanır və ona barışıq əlaməti olaraq nəhəng at gətirdiklərini söyləyir. Priamın baxıcı qızı Kassandra bunun hiylə olduğunu atasına desə də, onu dinləyən olmur. At şəhər meydanına aparılır və orada qalır. Gecə düşüncə isə atın içindəki döyüşçülər oradan çıxıb şəhərin darvazalarını açırlar. Beləliklə, geri dönmüş axeyli ordusu içəri daxil ola bilir. Bundan sonra yatmış troyalı kişilərin qırğını başlanır. Troyanın bütün kişiləri qətlə yetirilir, təkcə Afroditanın oğlu Eney öz silahdaşları ilə birlikdə qaçıb canını qurtara bilir. Qadınların hamısı əsir alınır. Menelay isə əvvəlcə Yelenanı öldürəcəyini desə də, onu görəndə gözəlliyi qarşısında aciz qalıb arvadını bağışlayır.

Axeyli sərkərdə Ayaks Oiley Priamın qızı Kassandranı Afina məbədində zorladığına görə vətənə dönən axeylilərin gəmiləri ilahə Afinanın qəzəbinə tuş gəlir. Afina dənizdə qasırğa qoparır və gəmilərin çoxu sıldırım qayalara dəyərək parça-parça olur.

Birinci nəğmə

Troya müharibəsində iştirak etmiş silahdaşları artıq öz vətənlərinə dönsələr də, Odissey nimfa-kraliça Kalipso tərəfindən saxlanılırdı. Odisseyin vəziyyəti ilahları narahat edirdi, təkcə dəniz ilahı Poseydon onun vətəninə dönməsini istəmirdi.

Bir gün Poseydon həbəşlərin uzaq ölkəsində onların qurbanlarını qəbul edərkən bütün ilahlar Olimpdə toplaşıb söhbətə başladılar. Zevs dedi:

– Qəribədir ki, insanlar başlarına gələn hər şeyə görə biz ilahları günahlandırırlar! Deyirlər ki, pislik bizdən gəlir, halbuki özləri taleyin hökmünə qarşı ağılsızcasına çıxıb ölümə tuş gəlirlər. Egist3 də eləcə. Bəyəm o da taleyin hökmünə qarşı çıxaraq Aqamemnonun arvadı ilə əlaqəyə girmədi? Sonra da vətəninə dönən Aqamemnonu öldürmədi? Ancaq biz əvvəldən Hermesi onun yanına yollayıb hökmdarı öldürməməyi və arvadı ilə evlənməməyi məsləhət görmüşdük. Xəbərdar etmişdik ki, Aqamemnonun oğlu Orest böyüyüb atasının intiqamını alacaq. Lakin o bizi dinləmədi. Əvəzini də ödədi.

Afina bu an atasına müraciət etdi:

– Sən doğru deyirsən! Bu cür hərəkət edən hər kəs ölümə layiqdir! Ancaq mənim ürəyim bu an doğma diyarından uzaqda qalmış Odissey üçün ağrıyır. Kalipso onu əsarətdə saxlayır, şirin dili ilə onu ələ almağa və keçmişini unutdurmağa çalışır. Odissey isə yalnız ölüm barədə düşünür. Yəni sənin şərəfinə qurbanlar kəsən Odisseyin taleyi səni narahat etmir?

Zevs qaşlarını çataraq qızına cavab verdi:

– Heç öz dediklərinin fərqinə varırsan? Mən Odisseyi necə unuda bilərəm?! O, insanların arasında öz ağlı və şücaəti ilə seçilən bir ərəndir. Lakin Poseydonun ona qəzəbi tutub. Çünki Odissey onun oğlunun – siklopların4 arasında ən güclüsü olan Polifemin yeganə gözünü çıxarıb. İndi də Poseydon ona doğma diyarına getməyə imkan vermir. Gəlin biz Odisseyə necə kömək edəcəyimizi düşünək.


Afina atasına bir təklif verdi:

– Əgər sən və ilahlar Odisseyin doğma diyarına dönməsinə razısınızsa, onda qoy Hermes Kalipsonun yanına gedib bizim qərarımızı ona çatdırsın. Mən isə İtakaya – Odisseyin oğlunun yanına gedim, ona ürək-dirək verim. O da müdrik axeyliləri başına yığsın və Odissey dönmədiyi üçün onun arvadı Penelopaya elçi düşmüş adaxlıları qovmaq üçün kömək istəsin.

Bunları deyib Afina Odisseyin vətəni İtakaya yollandı. O, Tafos hökmdarı Mentin surətini alaraq Odisseyin evinə daxil oldu və qapının ağzında dayanaraq öküz və inək dəriləri üstündə oturub şərab içən adaxlılara tamaşa etməyə başladı. Qonağın gəlişini ilk olaraq Telemah – Odisseyin oğlu gördü. O, adaxlıların yanında qəm-qüssə içində əyləşib atasının geri dönəcəyi günü xəyal edirdi. Qonaq onu fikirlərindən ayırdı. Telemah qapıya tərəf tələsib onu evə dəvət etdi və içəri otaqlardan birində süfrə arxasına əyləşdirdi. Qulluqçular xörəklər gətirib Afinanın önünə düzdülər.

Elə bu vaxt adaxlılar onların oturduqları otağa səs-küylə daxil olub rəqs edəcəklərini bəyan elədilər. Telemah isə qonağına sarı əyilib heç kəs eşitməsin deyə pıçıldadı:

– Əziz qonaq, sənə bir söz desəm, qəzəblənməzsən ki? Bax bunların ağlında ancaq kifara5 və rəqsdir. Əlbəttə, onlara nə var ki?! Başqasının var-dövlətini xərcləmək asandır. Atamın sümüklərini isə, bəlkə də, haradasa yağış isladır. O, buraya gəlsəydi, bunların hamısı var-dövlətdənsə iti ayaqlara sahib olmağı arzu edərdi. Bəs sən kimsən, haralısan? Buraya ilk dəfə gəlirsən, yoxsa əvvəllər atamın qonağı olmusan?

Afina dedi:

– Adım Mentdir, Tafos hökmdarıyam, buraya öz gəmimlə gəlmişəm, biz Odisseylə çoxdanın dostuyuq. İstəyirsən baban Laertdən də soruş. Mənə demişdilər ki, sənin atan artıq evinə dönüb, amma belə başa düşürəm ki, ilahlar onun dönməsinə mane olurlar. Lakin Odissey həlak olmayıb. O, sonsuz dənizin adalarından birində vəhşi insanlar tərəfindən saxlanılır və nə qədər buraya gəlməyə çalışsa da, buna müvəffəq ola bilmir. Mən baxıcı olmasam da, ilahların niyyətindən xəbərdaram. Odisseyin hiylə işlətməkdə təcrübəsi var. Bu dəfə də vətəninə dönməyin yolunu tapacaq. Sənsə Odisseyə çox bənzəyirsən, onunmu oğlusan?

Telemah belə cavab verdi:

– Heç bilmirəm. Anam deyir ki, mən Odisseyin oğluyam. Lakin atasını heç görməyən biri buna necə əmin ola bilər?! Amma indi əsas dərdim adaxlıları buradan qovmaqdır, çünki onların məni öldürmək fikri var.

Afina qəzəblə dedi:

– Bədbəxtliyə bir bax! Belə başa düşürəm ki, bu çağırılmamış qonaqları buradan qovmaq üçün yalnız Odisseyin özü gərəkdir. Gəl sənə bir məsləhət verim. Elə sabah axeyliləri məşvərətə topla və onlara hər şeyi danışıb adaxlıların çıxıb getməsini tələb et. Sonra da gəmi ilə Pilosa – müdrik Nestorun yanına yollan, oradan da Menelayın yanına – Spartaya get. Onlardan atan haqqında məlumat əldə etməyə çalış. Dediklərim barədə ətraflı düşün. Mən isə öz gəmimə dönməliyəm.

Bu sözləri deyib Afina bir quştək pəncərədən uçub getdi. Telemah adi insanla deyil, ilahla söhbət etdiyini anladı.

O elə həmin gün adaxlılara dedi ki, növbəti gün məşvərət keçirəcək və bundan sonra bütün adaxlılar Odisseyin evini tərk edəcəklər. Əgər tərk etməsələr, onda Telemah Zevsdən yardım istəyəcəyini bəyan etdi. Adaxlılar Telemahın bu cəsarətinə təəccübləndilər. Antinoy adlı birisi ona dedi:

– Sənə bu cür cəsarətli danışmağı ilahlar öyrədib. Zevs bizi qorusun və sənin hökmdarımız olmağına imkan verməsin, hərçənd sənin buna hüququn çatır.

Telemah isə dedi:

– Hökmdar olmağı kim istəməz ki?! Zevs mənə bu səlahiyyəti versəydi, mən onu böyük sevinclə qəbul edərdim. Amma hökmdar olub-olmayacağımdan asılı olmayaraq mən bu evin ağasıyam.

Ziyafət bitincə bütün adaxlılar öz evlərinə yatmağa getdilər. Telemah da öz otağına çəkildi.

İkinci nəğmə

Alyanaqlı Eos dünyaya işıqlı səhəri gətirəndə Telemah yatağından qalxdı. Əyninə ən gözəl geyimlərini geyinib qılıncını taxdı. Sonra carçılara əmr etdi ki, camaatı meydana toplasınlar.

Meydan insanlarla dolduqdan sonra Telemah irəli çıxıb dedi:



– Bu gün sizinlə atamdan, evimin başsız qalmasından danışmaq üçün buradayam. Atamın yoxluğundan istifadə edən adaxlılar evimizə yığılıb var-dövlətimizi dağıdır, mal-qaranı kəsir, Odisseyin evini tar-mar edirlər. Mənsə onların qarşısını alacaq gücə sahib deyiləm. Onlar anamla evlənmək istəyirlərsə, babam İkarinin qapısına gedib ondan cehiz tələb etsinlər. Anam da ürəyinə yatan birini seçərək ona ərə getsin. Belə davam edərsə, mən dilənçi kökünə düşəcəyəm, onda da qapı-qapı gəzib dilənərək əlimdən alınanları axeylilərdən geri istəyəcəyəm.

Bu sözləri eşidən hər kəsin Telemaha ürəyi yandı. Təkcə Antinoy ona etiraz edərək dedi:

– Sən nə danışırsan, çərənçinin biri?! İstəyirsən ki, bizi el içində rüsvay edəsən? Hər şeydə sənin hiyləgər anan günahkardır! Üç ildir ki, hamımıza ayrı-ayrılıqda vədlər verərək aldatmağa çalışır. Hələ bu azmış kimi, üstəlik, bir hiyləyə də əl atdı. Elan etdi ki, həlak olmuş əri üçün tabut örtüyü toxuyacaq və yalnız onu bitirdikdən sonra kimə ərə gedəcəyinə qərar verəcək. Lakin o bizi bu dəfə də aldatdı. Düz üç il boyunca örtüyü gündüzlər toxuyur, gecələrsə sökürmüş. Bizi isə bu haqda onun qulluqçusu xəbərdar etdi. İndi də deyirəm, sən də məni eşit! Anana de ki, aramızdan birini seçib ona ərə getsin. O vaxta qədər sənin evində qalıb var-dövlətini yeyib-bitirəcəyik, ancaq başqa qızın evinə elçi düşməyəcəyik!

Telemah Antinoya belə cavab verdi:

– Mən bu sözləri anama çatdıra bilmərəm, məni boya-başa çatdırmış doğma anama evimdən getməyi tələb edə bilmərəm. Bir də deyirəm, evimdən əl çəkin. Yenə də evimdə ziyafətlər təşkil eləməkdə davam etsəniz, onda Zevsi köməyə çağıracağam. Zevsin intiqamından heç kəs canını qurtara bilməyəcək, siz hamınız məhv olacaqsınız!

Telemah elə bunu demişdi ki, Zevs iki qartalı işarə kimi İtakaya göndərdi. Qartallar əvvəlcə sakitcə və yanaşı uçurdular, lakin məşvərət yerinə çatınca bir-birini iti caynaqları ilə cırmaqlamağa və dalaşmağa başladılar. Sonra gözdən itdilər.

Bunu görən bir qoca üzünü axeylilərə tutub dedi:

– İtakalılar! Odissey tezliklə vətənə dönəcək, Penelopanın adaxlılarını da öldürəcək. Bilirsiniz ki, mən heç vaxt sözlərimdə yanılmıram. İllərlə bundan öncə – Odissey Troya müharibəsinə yollananda onun evinə düz iyirmi ildən sonra dönəcəyini demişdim. Dediklərim də düz çıxdı.

Lakin adaxlılar qocaya inanmadılar, onu yalan danışmaqda ittiham edib dedilər ki, Penelopa onlardan birini seçməyənə qədər Odisseyin evindən getməyəcəklər. Telemah isə atası haqqında xəbər bilmək üçün Pilosa yollanacağını elan edib həmyerlilərindən bu səyahət üçün bir gəmi və iyirmi gənc itakalı oğlan istədi.

Lakin qəzəbli adaxlılar məşvərəti dağıdıb axeyli camaatına evlərinə yollanmağı əmr etdilər. Özləri də yenidən Odisseyin evinə döndülər.

Telemah dənizin qumlu sahili boyunca uzaqlaşaraq əllərini göyə uzadıb Afinaya yalvardı:

– Sən dünən evimə gəlib mənimlə danışdın və atamdan xəbər tutmaq üçün mənə gəmi ilə səyahətə çıxmağı tapşırdın. Adaxlılarsa mənə mane olurlar. Mənə kömək et, ilahə Afina!

Elə o an Afina Odisseyin çoxdankı dostu Mentorun surətində Telemahın önündə peyda oldu. Bu, həmin Mentor idi ki, müharibəyə gedərkən Odissey ailəsi və sərvətinə nəzarəti ona tapşırmışdı. Afina Telemaha dedi:

– Telemah, bundan sonra güclü olmalısan. Zəiflik Odisseylə Penelopanın oğluna yaraşmaz. Əgər zəifsənsə, onda onların övladı deyilsən! Əgər damarlarında Odisseyin qanı axırsa, istədiklərinə nail olacaqsan. Adaxlılar barədə düşünmə. Onlar hamısı ölümü eyni gündə tapacaq. Mən sənə gəmi tapmaqda kömək edəcəyəm. Atana necə sadiq olduğumu görəcəksən. Sənsə evinə dön və yol üçün buğda, şərab hazırlatdır.

Telemah evə qayıtdı. Orada Antinoy ona yaxınlaşaraq əlindən tutdu və ziyafətə dəvət edərək bir müddətliyə hər şeyi unudub yeyib-içməyi təklif etdi. Telemah üçün gəmi tapacağına da söz verdi. Amma Telemah əlini sərt şəkildə geri çəkərək adaxlıların köməyinə ehtiyacı olmadığını dedi. Onlarsa onun şücaətinə lağ edir, Odisseyin var-dövlətini necə bölüşdürəcəklərini müzakirə eləyirdilər.

Telemah onlara fikir vermədən ərzağın saxlandığı anbara yollandı və qoca qulluqçudan xahiş etdi ki, onun üçün on iki kuzə şərab və on iki kisə buğda hazırlasın. Qoca qadın bunları nə üçün istədiyini soruşanda o, Pilos və Spartaya yollanacağını bildirdi. Sonra xahiş etdi:

– Amma bu xəbəri anama mən İtakanı tərk etdikdən on iki gün sonra deyərsən.

Afina isə həmin vaxt Telemahın surətini alıb şəhərə yollandı və gənc oğlanların qarşısına çıxıb onları səyahətə dəvət etdi. Lazım olan miqdarda adam yığıldıqdan sonra Afina Froninin oğlu Neomondan aldığı gəmiyə gedib onu səyahət üçün hazır vəziyyətə gətirdi. İtakalı gənclər gəmidə toplaşdıqdan sonra Afina Odisseyin evinə gəlib elə etdi ki, adaxlılar öz evlərinə erkən çıxıb getdilər. Sonra ilahə Telemaha gəminin hazır olduğunu dedi. Telemahla yoldaşları ərzağı gəmiyə daşıdıqdan sonra gəmi dənizə çıxdı. Afina gəminin göyərtəsində əyləşib küləyi səslədi. Külək gəmiyə daha sürətlə hərəkət eləməyə kömək etdi. Beləliklə, gəmi bütün gecəni və növbəti günü sürətlə üzdü.

Üçüncü nəğmə

Parlaq günəş əsrarəngiz körfəzi tərk edərək sərhədsiz səmaya qalxdı ki, öz işığı ilə ölümsüz ilahların və ölmək üçün yaranmış insanların dünyasını nurlandırsın.

İtakalılar isə həmin vaxt Nestorun əzəmətli şəhəri Pilosa çatdılar. Onlar gəmini limanda qoyub sahilə endilər. Mentor surətli Afina Telemaha dedi:

– Utancaqlığını kənara at, Telemah! Onu birdəfəlik unut! Düz Nestorun yanına yollan və ondan atan haqqında bir xəbər bilməyə çalış.

Afina belə deyib Telemahın önündə iti addımlarla getdi, Telemah da onun arxasınca tələsdi. Bir azdan pilosluların yığışdıqları yerə çatdılar. Nestorla oğulları da orada idilər. Onlar yadelliləri mehribanlıqla qarşıladılar və ziyafət masalarına dəvət edərək Nestorun yanında əyləşdirdilər. Süfrəyə şərab və dadlı xörəklər qoyulduqdan sonra Nestorun oğullarından biri Mentora, yəni Afinaya bir qədəh şərab uzatdı və Poseydona dua etmək şərəfini verdi. Afina dua etdi:

– Hökmdar Poseydon, Nestorla oğullarına cansağlığı ver! Sonra da mənimlə Telemaha buradakı işlərimizi həll edib geri dönməyə kömək et!

Hamı dua edib xörək yeyəndən sonra Nestor qonaqlardan kim olduqlarını və haradan gəldiklərini soruşdu. Afinanın dediyi sözlərdən cəsarətlənən Telemah özü Nestora cavab verdi:

– Axeylilərin şərəfi və başucalığı olan Nestor! Mən buraya səninlə birlikdə Troya divarları altında döyüşmüş atam Odissey haqqında xəbər bilməyə gəlmişəm. Yalvarıram sənə, əgər onun müharibədən sonrakı taleyindən xəbərin varsa, mənə de.

Nestor dedi:

– Dostum, sən mənə həmin döyüş vaxtı çəkdiyimiz əzab-əziyyəti xatırlatdın. Həmin vaxt ən yaxşı sərkərdələr həlak oldu. Onların arasında Ayaks, Axilles, Patrokl, mənim cəsur oğlum Antiloh var idi. İndi hamısı orada uyuyur. Troyanı aldıqdan sonra bir axşam, günəş qürub edəndə Menelay yorğun, sərxoş döyüşçüləri məşvərətə topladı. İlahə Afinanın isə Menelay və Aqamemnona ədalətsizliklərinə görə acığı tutmuş, onların arasına nifaq salmışdı. Menelay məşvərətdə evə dönməyi təklif etdi. Aqamemnon razılaşmadı. İki qardaş arasındakı fikir ayrılığı ordunu da iki yerə ayırdı. Növbəti gün yarı hissəmiz gəmilərimizə minib yola düşdük. Aqamemnonla tərəfdarları isə qaldılar. Lakin ilahlar indi də yola düşənlər arasında nifaq saldılar, bəzi sərkərdələr öz gəmilərini geri döndərib Aqamemnonun yanına qayıtdılar. Odissey də onların arasında idi. Mən, Menelay və digərləri yolumuza davam etdik. Bir neçə günə Pilosa çatdım. O vaxtdan digər sərkərdələri görməmişəm, onlardan xəbərsizəm. Ancaq yəqin ki, sizin də Aqamemnonun ölümü və oğlu Orestin intiqamından xəbəriniz var.

Telemah dedi:

– Bəli, bu haqda eşitmişəm. İlahlar Orestə belə bir güc bəxş etmişlər. Mənə də belə bir imkan versəydilər, anama adaxlı düşənlərin cavabını verərdim. Aqamemnonun başına gələnləri ətraflı danışa bilərsənmi?

Nestor bildiklərini nəql etməyə başladı:

– Biz müharibəyə yollananda Aqamemnon arvadı Klitemnestranı etibar elədiyi bir musiqiçiyə tapşırıb əmr verir ki, ona nəzarət etsin. Egistin isə gözü Aqamemnonun arvadına düşür. Egist onu tədricən razılığa gətirir. Klitemnestra onun arvadı olmağa razılaşanda o, sadiq musiqiçini uzaq bir adaya göndərir, musiqiçi orada ölür və cəsədi quşlara yem olur. Egist isə Klitemnestranı evinə gətirərək özünə arvad edir. Müharibə bitdikdən sonra bizim Menelayla dənizdə yolumuz bir idi. Gəmilərimiz bir müddət yanaşı üzdü. Amma ilahların qəzəbinə düçar olduğu üçün Zevs Menelaya ağır tale qismət etdi. O, Misir sahilinə gedib çıxdı. Bu zaman Egist Troyadan evinə dönmüş hökmdar Aqamemnonu öldürüb Mikenanı düz yeddi il idarə edir. Səkkizinci ilin başlanğıcında Aqamemnonun Afinada böyüyən oğlu Orest Mikenaya dönür, Egistlə anasını öldürərək atasının intiqamını alır. Sonra o, öldürdüyü bu iki nəfər üçün matəm təşkil edir, elə həmin gün Menelay, nəhayət ki, öz doğma diyarına dönür. Bax belə. Sən gərək Menelaya baş çəkəsən. O, vətəninə yenicə dönüb, bəlkə də, atan barədə məlumatı var. Sən Menelayın yanına gəminlə də, quru yolla da gedə bilərsən. Əgər istəsən, gərdunə6 və oğullarım ixtiyarındadır.

Nestor əhvalatı bitirəndə artıq qaranlıq düşmüşdü. Bunu görən Afina dedi:

– Müdrik qoca, sən düzgün və haqlı danışdın. Lakin indi yatıb rahatlıq tapmaq vaxtıdır.

Nestor bu təkliflə razılaşdı və Afina ilə Telemahı öz evinə gecələmək üçün dəvət etdi. Afina Telemaha məsləhət gördü ki, Nestorun təklifini qəbul etsin, ancaq özünün gəmiyə gedəcəyini bildirdi. Həmçinin Nestorun Telemahı Menelayın yanına gərdunə ilə göndərmək istəyini dəstəklədiyini deyib Afina qartala çevrildi və uçub getdi. Hamı təəccübdən donub-qaldı. Müdrik Nestor isə Telemahın əlindən tutub dedi:

– Görürəm ki, sən adi insan deyilsən, ilahlar özləri sənə arxa-dayaqdırlar. İndicə yanımızda olan isə ilahə Afinanın özü idi! Mən də elə buradaca Afinanın şərəfinə birillik buzov qurban deyirəm.



Bunları deyib Nestor dua etməyə başladı və Afina da onun dualarını qəbul etdi. Nestor Telemahı öz sarayına apardı.

Səhər açılanda isə Nestor yerindən qalxıb eşiyə çıxdı və evinin qabağında əyləşdi. Oğulları və Telemah onun yanına gəldilər. Nestor oğullarına tapşırdı ki, otlaqdan birillik buzov tutub gətirsinlər və onun buynuzları üçün qızıl bəzəklər düzəltdirsinlər.

Onlar Nestorun tapşırığına əməl etdilər, sonra da möhtəşəm ziyafət təşkil olundu, bu ziyafətə həm də Telemahın iyirmi yol yoldaşı dəvət olundu. Afinanın şərəfinə deyilmiş qurban kəsildi və hamı qarnını doyurandan sonra Nestor yenidən oğullarına müraciət edərək Telemah üçün gərdunəni, atları və yol üçün ərzaq hazırlamağı tapşırdı. Telemah Nestorun oğullarından biri ilə elə həmin gün Menelayın yanına yola düşdü.

1.Tiran – ölkəni zorakılıqla idarə edən hökmdar, diktator
2.Amazonlar – qədim yunan mifologiyasında yalnız qadın döyüşçülərdən ibarət olan tayfa
3.Egist – Mikena hökmdarı Atreyin qardaşı oğlu; həddi-büluğa çatanda Atreyi öldürdüyünə görə onun oğulları Aqamemnon və Menelay tərəfindən Mikenadan qovulmuş, qardaşlar Troyaya yollandıqdan sonra Aqamemnonun arvadı Klitemnestranı yoldan çıxarıb Aqamemnonu qətlə yetirmişdir. Orest atasının intiqamını alaraq anasını və Egisti öldürmüşdür.
4.Siklop – qədim yunan mifologiyasında təkgözlü div; ehtimal olunur ki, Homer bu obrazı oğuz mifologiyasındakı Təpəgöz obrazından götürüb.
5.Kifara – qədim yunan simli musiqi aləti; kifarada yalnız kişilər ifa edərdilər.
6.Gərdunə – cəng arabası

Der kostenlose Auszug ist beendet.

€0,94
Altersbeschränkung:
6+
Veröffentlichungsdatum auf Litres:
07 Oktober 2022
Umfang:
14 S. 25 Illustrationen
ISBN:
9789952240993
Rechteinhaber:
Altun Kitab / Алтын Китаб

Mit diesem Buch lesen Leute