Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Hekayələr»

Schriftart:

GONBUL

Bir neçə gün idi ki, əzilmiş ordunun qalıqları arasıkəsilmədən şəhərin içindən keçib-gedirdi. Bu, ordu yox, başıpozuq bir dəstə idi. Əsgərlərin üzünü tük basmışdı. Uzanmış saç-saqqalları kir-pas içində idi. Paltarları cırılmışdı. Bayraqsız, nizamsız şəkildə, yorğun-arğın halda irəliləyirdilər. Açıq-aşkar görünürdü ki, əziliblər, əldən düşüblər, nə fikirləşməyə taqətləri qalıb, nə də bir iş görməyə. Ayaq üstə güclə dayanırlar, özləri də bilmir ki, hara gedirlər. Bir balaca dayansalar, yorğunluqdan yerə səriləcəklər.

Nizami qoşun hissələrindən daha çox dünənə qədər sakit dolanan, indi isə tüfəngin ağırlığından belləri əyilmiş, qaçmağa da, hücuma keçməyə də eyni dərəcədə hazır olan, gah qorxub, gah da ruhlanan silahlı camaat daha çox gözə dəyirdi. Böyük döyüşlərdə əzilmiş diviziyanın qalıqları – qırmızı şalvarlı əsgərlər, müxtəlif alaylardan qalan piyadalar, qaşqabaqlı topçular, özlərini piyadalara güclə çatdıran süvarilərin – draqunların parıldayan dəbilqələri bu qarma-qarışıqlıq içində gözə dəyirdi.

“Məğlubiyyətin intiqamını alanlar”, “Ölüm köməkçiləri”, “Məzar vətəndaşları” kimi qəribə qəhrəmanlıq adı daşıyan, lakin görkəmlərindən əməlli-başlı quldura oxşayan könüllü nişançılar dəstəsi də gəlib-keçirdi.

Onların dünənə qədər mahud, yaxud taxıl alveri edən, piy və sabun satan, indi təsadüfən, ya pulla, ya da uzun bığlarına görə zabit rütbəsi alıb zər baftalı paltar geyinmiş, yaraqlı-yasaqlı rəisləri hay-küy salıb planlar müzakirə edir, özlərindən razı halda söyləyirdilər ki, məhv olmaqda olan Fransanın yeganə dayağıdırlar. Əslində isə çox vaxt ipə-sapa yatmayan canilərdən, oğrulardan və pozğunlardan ibarət olan öz əsgərlərindən qorxurdular.

Söz yayılmışdı ki, prussiyalılar Ruana çataçatdır.

Son iki ayda yaxındakı meşədə qorxa-qorxa kəşfiyyat aparan, çox vaxt da öz keşikçilərinə atəş açan və kolluqda bir dovşan tərpənib şıqqıltı salan kimi hücuma keçməyə hazırlaşan milli qvardiya indi evlərinə dağılmışdı. Onların bir az əvvəl adamları üç verstlikdən qorxuya salan tüfəngləri, mundirləri, dəhşətli od saçan silahları birdən-birə yoxa çıxmışdı.

Sen-Sever və Bur-Aşardan adlayıb Pont-Odemerə doğru irəliləyən axırıncı fransız əsgərləri, nəhayət, Sena çayını keçdilər, hamıdan axırda isə general, özünün iki yavəri ilə birlikdə, qoşunun arxası ilə pay-piyada sürünürdü. O, tamamilə ruhdan düşmüşdü və pərən-pərən olmuş bu adamlarla nə edəcəyini bilmirdi. Həmişə qələbə çalmağa vərdiş edən və indi özünün əfsanəvi qoçaqlığına baxmayaraq, birdən-birə dəhşətli məğlubiyyətə uğrayan xalqın vəziyyəti generalı sarsıtmışdı.

Sonra şəhərə sükut çökdü, hamı dinməz-söyləməz, qorxu içində yaxınlaşan düşməni gözlədi. Dükanda, daxıl dalında oturmaqdan piylənmiş və hər cür cəsarəti itirmiş burjualar ət qızartdıqları şişləri və iri mətbəx bıçaqlarını prussiyalıların silah hesab edib onlara cəza verəcəklərindən qorxa-qorxa qaliblərin gəlməsini həyəcanla gözlədilər.

Elə bil şəhərdə həyat ölmüşdü, dükanlar bağlanmışdı, küçələrdən səs-səmir gəlmirdi. Bu məşum sükutdan qorxuya düşən və divarın dibi ilə kölgə kimi sürünən tək-tük adamdan başqa gözə heç nə dəymirdi.

Gözləməkdən cana gəlmişdilər, istəyirdilər ki, düşmən tez gəlib çıxsın və intizardan canları qurtarsın.

Fransız qoşunlarının geri çəkilməsindən bir gün sonra, axşamüstü haradansa çapıb gələn bir neçə atlı-ulan şəhərdə göründü. Bir azdan sonra isə Sent-Katrinin döşü ilə qara bir sel axını irəliləməyə başladı. Darnetal və Buagiyom yolları tərəfdə də iki sel axını göründü. Üç korpusun avanqardı eyni zamanda şəhər bələdiyyə idarəsinin qarşısındakı meydançaya gəldi. Bunların ardınca alman nizami qoşunlarının əsgərləri qonşu küçələrə doluşdular. Əsgərlərin ahəngdar ayaq tappıltılarından küçələr uğuldamağa başladı.

Şəhər ölü sükutuna qərq olmuş və sakinsiz kimi görünürdü, əslində isə qapalı pəncərə taxtalarının arxasından müharibə qanunlarına görə şəhərin, burada yaşayan insanların və bütün var-dövlətin sahibi hesab olunan fatehləri qorxa-qorxa gizlicə süzürdülər. Küçələrdə, həmin evlərin divarları boyunca isə hərəkət edən alman əsgərlərinə yerlilərə tanış olmayan “ğığıltılı” səslə komandalar verilirdi. Yarımqaranlıq otaqlarda gizlənən obıvatellər1 insan müdrikliyini və qüdrətini aciz qoyan kortəbii fəlakətlər, hər şeyi məhv edən böyük geoloji dağıntılar qarşısında aciz qalan adamlar kimi dəhşətə gəlmişdilər. Belə hislər hər dəfə yaradılmış qayda-qanunlar devrildikdə, təhlükəsizlik duyğuları itirildikdə, təbiətin və insanların qanunları ilə qorunan hər şeyin mənasız və qəzəbli qüvvələr qarşısında qaldığı zaman baş qaldırır. Şəhərliləri uçub dağılan evlərin altında dəfn edən zəlzələlər, ölmüş öküzləri və evinin damının çatması ilə birlikdə kəndliləri aparan yatağından oynayıb daşan çaylar, ya da təslim olmaq istəməyənlərin hamısını qıran, qalanlarını isə əsir alan, qılıncının şöhrəti naminə hər şeyi talayan, top gurultuları altında hansı bir ilahi qüvvəyəsə iltifat göstərmək istəyən qalib ordu – bütün bu dəhşətli fəlakətlər göylərin ədalətinə və insan zəkasının qüdrətinə uşaqlıqdan bizə təlqin edilən bütün qədim etiqadları və ümidləri büsbütün yox edir.

Artıq qapıları bir-bir döyürdülər. Kiçik dəstələrlə içəri doluşurdular. Hücumdan sonra zəbtetmə başlayırdı. Məğlub olanların boynuna yeni vəzifə düşürdü: onlar qaliblərə mehribanlıq göstərməli idilər.

Aradan xeyli keçdi. Qorxu canlardan çıxdı və hər şey əvvəlki qaydasına düşdü. Prus zabitləri ailələrdə ev sahibləri ilə birlikdə süfrə arxasında oturub rahatca nahar eləməyə başladılar. Bu zabitlərin bəziləri ədəbli çıxır, nəzakət xatirinə Fransanın məğlubiyyətinə acıyır və belə bir müharibədə iştirak etdiyinə görə əzab çəkdiyini söyləyirdi. Fransızlar almanlara bu cür alicənablıqlarına görə minnətdarlıqlarını bildirirdilər; bu bir də ona görə edilirdi ki, almanların himayəsinə sığınmaq hər an lazım ola bilərdi.

Zabitlərin qılığına girməklə evə doluşan əsgərlərin sayını da azaltmaq olardı. Bir də asılı olduğun adama toxunmağın nə mənası vardı? Belə hərəkət etmək qoçaqlıq yox, ağılsızlıq olardı. Ruan burjuaları keçmiş zamanlarda, şəhərə şöhrət gətirən müdafiə illərində olduğu kimi, ehtiyatla hərəkət edirdilər. Onlar fransız nəzakət qaydalarına qəti riayət edərək belə bir qərara gəlmişdilər ki, evin içində xarici qəsbkarlara mehribanlıq göstərmək olar. Ancaq elə etmək lazımdır ki, bu yaxınlıqdan başqaları xəbər tutmasın. Küçədə almanlara üz göstərmirdilər. Amma axşamlar, evdə onlarla şirin-şirin söhbət edirdilər. Bu mehribanlığa alışan almanlar isə axşamlar özlərini buxarının istisinə verərək oturur, gecəyarısına qədər yerlərindən qalxmaq istəmirdilər.

Şəhər yavaş-yavaş əvvəlki adi görkəmini alırdı. Fransızlar hələ evdən çıxmağa ehtiyat edirdilər, amma küçələrdə prus əsgərlərinin əlindən tərpənmək olmurdu. Bununla belə, öz uzun qılınclarını küçələrdə lovğa-lovğa sürüyən mavi paltarlı qusarlar2 da yoxsul, adi şəhərlilərə bir il bundan əvvəl həmin qəhvəxanalarda kef sürən fransız yeger3 zabitləri kimi həqarətlə baxırdılar.

Bununla belə, havada sezilməsi çətin olan ağır, xoşagəlməz, yad bir əhvali-ruhiyyə hiss edilirdi. Elə bil hər yerə hücum, basqın qoxusu hopmuşdu. Bu qoxu evlərə, ictimai yerlərə dolmuşdu. O, yeməklərə xüsusi dad-tam vermiş, insanlarda elə bir hiss əmələ gətirmişdi ki, guya sən uzaq-uzaq ölkələrdə, qan hərisi olan vəhşi qəbilələr arasında dolaşırsan.

Qaliblər pul, həm də çoxlu pul tələb edirdilər. Obıvatellər varlı idilər və onlara dinməz-söyləməz istədikləri qədər pul verirdilər. Amma varlı norman tacirləri buna dözmürdülər. Onların xasiyyəti idi: balaca bir ziyana düşəndə, gəlirlərinin kiçik bir damlası başqasının əlinə keçdiyini hiss edəndə daha çox əzab çəkirdilər.

Bütün bunlarla yanaşı, şəhərdən iki-üç lyö aralıda, çayın aşağılarında, Kruasse, Dyepdal və Byessarın yaxınlığında qayıqçılar və balıqçılar daşla başı əzilmiş, ya yumruqla öldürülmüş, bıçaqla doğranmış, ya da, sadəcə, körpüdən başıaşağı çaya atılmış alman paltarlı köpmüş meyitləri dəfələrlə suyun dibindən tapıb çıxarırdılar. Günün günortaçağı aparılan açıq döyüşlərdən daha təhlükəli olan bu hay-haraysız, səssiz-küysüz, gizli, vəhşicəsinə, lakin qanuni intiqam hissindən doğan, sirli qəhrəmanlıqla edilən döyüşlərin qurbanı olan meyitlər çox vaxt çayda lillənib qalırdı.

Çünki yadellilərə nifrət hissi ta qədimlərdən başlayaraq məslək yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurları həmişə ayağa qaldırır.

Qəsbkarlar öz dəyişməz qayda-qanunları ilə şəhəri özlərinə tabe etsələr də, heç bir dəhşətli hadisə törətmədilər. Halbuki onların qələbə ilə irəlilədikləri yerlərdə çox amansızlıqlar etdikləri haqqındakı şayiələr şəhərə yayılmışdı. Bunu görən yerli əhali axırda cəsarətləndi və tacirlər ticarətə başlamaq ehtiyacı duydular. Onların bəzilərinin fransız qoşunlarının tutduğu Havr limanı ilə böyük pul alverləri vardı. İndi onlar bu əlaqəni bərpa etmək məqsədilə Dyeppə qədər piyada getmək, orada gəmiyə minmək və sonra özlərini Havr limanına salmaq təşəbbüsündə bulundular. Bu məqsədə çatmaq üçün tanış alman zabitlərinin təsirindən də istifadə etdilər və şəhər komendantı onların getməsinə icazə verdi.

On nəfərin yazıldığı bu səfərə çıxmaq üçün dörd at qoşulmuş karet ayırdılar və camaatın gözündən yayınmaq məqsədilə həftənin ikinci günü, səhər tezdən, işıqlaşmamışdan yola düşmək qərara alındı.

Axır günlər şaxta yeri dondurmuşdu. Bazar ertəsi isə saat üç radələrində şimaldan qara buludlar axıb gəldi, qar yağdı və bu qar axşamdan başlayıb səhərə qədər ara vermədi.

Səhər tezdən, saat beşin yarısında müsafirlər karet ilə yola düşmək üçün “Normand mehmanxanası”nın həyətinə toplaşdılar. Onlar yuxulu idilər. Böyük yun şala bürünmüşdülər. Soyuqdan tir-tir əsirdilər. Qaranlıqda bir-birini güclə seçirdilər. Əyinlərindəki qalın qış paltarları onları uzunəbalı kök keşişlərə oxşadırdı. Nəhayət, kişilərin ikisi bir-birini tanıdı, üçüncü də onların yanına gəldi.

– Mən arvadımı da özümlə aparıram, – deyə kişilərdən biri dilləndi.

– Mən də.

Birinci kişi əlavə etdi:

– Biz daha Ruana qayıda bilmərik, əgər prussiyalılar Havra gəlsələr, oradan da İngiltərəyə gedərik.

Bu adamlar eyni ictimai təbəqədən olduqlarına görə fikirləri də bir-biri ilə düz gəlirdi.

Kareti nədənsə qoşmurdular. Mehtərin əlindəki çıraq qaranlıqda qapıların birində işıldayır, dərhal da yox olur, sonra o biri tərəfdə görünürdü. İçinə peyin səpilib saman döşənmiş tövlədən at ayağının tappıltısı və mehtərin söyüşü eşidilirdi. Zınqırovların cingiltisindən başa düşmək olurdu ki, atları qoşurlar. Bu cingiltilər azacıq sonra gücləndi, atların hərəkətinə uyğun olaraq aydınca səslənməyə başladı. Bu zınqırov səsləri bəzən eşidilməz olur, sonra birdən, nallı at ayağının tappıltısı ilə bərabər güclənirdi.

Birdən qapı açıldı. Hamı səsini içinə saldı. Üşümüş yolçular soyuqdan donduqları üçün yerlərindən tərpənməyib susdular.

Ara vermədən lopa-lopa yağan qar adamın gözünü qamaşdırırdı. Bu soyuq, yumşaq qar pambıq kimi ətrafa səpələnir, evləri, çölləri bürüyür və hər şeyi bir-birinə qatıb ağ örtük altında görünməz edirdi. Qış yuxusuna dalıb dərin səssizlik və sükut içində mürgüləyən bu şəhərin sakitliyini ancaq kainatı bürüyən sonsuz ənginliklərdən axıb gələn ağ zərrəciklərin – səssiz-səmirsiz yağan qarın pıçıltıyabənzər qarışıq xışıltısından başqa heç nə pozmurdu.

Əliçıraqlı faytonçu başını aşağı salıb dartınan və tövlədən çıxmaq istəməyən atın yüyənindən çəkib həyətə gəldi. Atı karetin yanına gətirdi, yan qayışını bağladı, xamıtı boynuna keçirdi, bir əlində çıraq olduğundan tək əli ilə xeyli əlləşdi, sonra ikinci atı gətirməyə gedərkən dönüb soyuqdan büzüşən və qarın altında qaldıqlarından ağappaq olmuş sərnişinlərə baxdı:

– Niyə karetə minmirsiniz? – dedi, – heç olmasa, üstünüzə qar yağmaz.

Bu heç onların ağlına gəlmirdi. Faytonçunun sözünü eşidən kimi dərhal, tələsik karetə doluşdular. Kişilərdən üçü əvvəlcə arvadlarını karetə mindirdi, sonra da özləri çıxdılar. Onların arxasınca alaqaranlıqda güclə görünən qaraltılar içəri keçib boş yerləri tutdular.

Karetin içinə ot döşənmişdi. Adam ayağını qoyanda topuğa qədər batırdı. Karetin dərinliyində oturan xanımlar özləri ilə kimyəvi kömürlə yanan mis qızdırıcılar götürmüşdülər. Onlar dərhal qızdırıcıları yandırdılar və uzun müddət bir-birinə bu cihazın çoxdan hamıya məlum olan üstünlüklərindən pıçıltı ilə danışmağa başladılar.

Nəhayət, yolların xarab olduğunu nəzərə alaraq karetə dörd at əvəzinə altı at qoşduqdan sonra bayırdan kimsə soruşdu:

– Hamı yerindədirmi?

İçəridən cavab verdilər:

– Bəli.

Yola düşdülər.

Karet ağır-ağır, elə bil addım-addım irəliləyirdi. Təkərlər topuna qədər qara batır, karet ləngərlənib cırıldayır, atlar fınxırıb dartındıqca ayaqları sürüşür, onların bədənlərindən, burun pərələrindən buğ qalxırdı. Faytonçunun qamçısı havada oynayır, ilan kimi qıvrılıb açılır və atlardan birinin titrəyən sağrısına dəyən kimi onlar gücünü toplayıb irəliləyirdilər.

Yavaş-yavaş işıqlaşırdı. Xalis ruanlı olan sərnişinlərdən birinin dediyi kimi, “pambıq yağışına oxşayan yüngül qar yağımı” azalıb ara verirdi. Alatoranlığın işığı qırov bağlamış uca ağacların və yastı-yapalaq daxmaların hərdən gözə dəydiyi sonsuz qarlı çöllərin üzərinə qatı kölgə salan iri, qara, ağır buludlara hopurdu.

Səhərin bu ürəksıxan hüznlü işığında sərnişinlər bir-birini maraqla süzməyə başladılar. Qran-İon küçəsindən olan məşhur şərab alverçisi Luazo soyadlı ər-arvad karetin baş tərəfində, ən yaxşı yerdə, qabaq-qabağa oturub mürgüləyirdilər. Keçmiş nökər Luazo iflasa uğramış ağasının var-dövlətini ələ keçirmiş və bununla da çoxlu qazanc toplaya bilmişdi. O, ən zibil şərabı əyalət tacirlərinə lap ucuz qiymətə sırımaqda ad çıxartmış və beləliklə də, dost-tanışların arasında ən usta kələkbaz kimi, əsl mənada bic və kefcil normandiyalı kimi məşhurlaşmışdı.

Onun kələkbazlığı haqqında söhbət o qədər geniş yayılmışdı ki, öz təmsil və şeirləri ilə, həmçinin hazırcavablığı ilə lovğalanan, bir sözlə, əyalətin məşhur şairi kimi tanınmış cənab Turnel bir dəfə prefektura idarəsindəki axşam qonaqlığında darıxdıqlarından mürgüləyən xanımlara təklif etmişdi ki, gəlin “Quş uçdu”4 oyunu oynayaq. Bu zarafat ildırım sürəti ilə prefektin qonaq otağına, oradan da şəhərə, bütün evlərə yayıldı və bütün əyalət sakinləri düz bir ay gülməkdən qırıldılar.

Bundan başqa, Luazo cürbəcür məzəli əhvalatları ilə, həmçinin bəzən yerinə düşən, bəzən də mənasız görünən zarafatları ilə də şöhrət qazanmışdı. Onun haqqında kim söhbət eləsə, axırda:

– Nə deyirsiniz deyin, Luazo, hər halda, tayı-bərabəri olmayan misilsiz adamdır, – deyərdi.

O, gödəkboylu idi. Adama elə gəlirdi ki, onun bədəni iri, dəyirmi qarından və bir də onun üstünə yapışdırılmış gicgahlarına dən düşən qırmızı sifətdən ibarətdir.

Luazo özlərinin ticarət evlərini məzəli hərəkətləri ilə şənləndirirdisə, onun ucaboy, cüssəli, yoğun səsli, sərt təbiətli və qətiyyətli arvadı evin bütün səliqə-sahmanını öz əlinə almışdı.

Onların yanında özünün cəmiyyətdəki yüksək mövqeyindən və şəxsi ləyaqətinin üstünlüyündən lovğalanan fabrikant cənab Karre-Lamadon oturmuşdu. Onun üç iplik fabriki vardı və pambıq-parça istehsal edən sənaye sahəsində xüsusi mövqe tutmuşdu. Həm də fəxri legionun zabiti və Baş Şuranın üzvü idi. İmperiya dövründə, özünün dediyi kimi, ədəb və nəzakət qaydalarını gözləyə-gözləyə, xeyirxahlıq naminə müxalifətə başçılıq edirdi ki, sonradan mübarizə apardığı quruluşa tərəfdar çıxsın və bununla da çoxlu mənfəət əldə etsin. Bu onun yeganə məqsədi idi.

Öz ərindən xeyli kiçik olan xanım Karre-Lamadon Ruan hərbi qarnizonuna işləməyə göndərilən, mərifətli ailələrdən çıxmış cavan zabitlərin yeganə təsəllisi olan bir qadın idi.

Bu balacaboy, zərif, qəşəng qadın xəz paltosuna bürünərək əri ilə üzbəüz oturmuşdu və məyus baxışlarla karetin yoxsul görkəminə tamaşa edirdi.

Onlarla yanaşı Normandiyanın ən məşhur və qədim kübar nəslinə mənsub olan qraf Yuber de Brevil öz zövcəsi ilə oturmuşdu. Yaşa dolmuş, boylu-buxunlu bu qraf cürbəcür paltarlar geyinərək özünün təbiətən kral IV Henrixə oxşadığını daha da nəzərə çarpdırmağa çalışırdı, çünki dədə-babalarının iftixarla söylədiklərinə görə, de Brevil soyadlı bir xanım kral IV Henrixdən uşağa qalmış, bundan sonra onun əri qraf rütbəsi və qubernator vəzifəsi almışdı.

Baş Şurada cənab Karre-Lamadonun həmkarı olan qraf Yuber departamentdə orleançılar partiyasını təmsil edirdi. Onun birdən-birə miyanə dolanan nantlı gəmi sahibinin qızı ilə evlənməsi indi də sirr olaraq qalır. Ancaq qrafinya özünü vüqarla aparmağı, hamıdan yaxşı qonaq qəbul etməyi bacardığına görə və vaxtilə Lui-Filippin oğlanlarından birinin aşnası kimi məşhurlaşdığı üçün əsilzadələr ona hörmət edirdilər və onun evi bütün departamentdə qədim nəzakət və ədəb qaydalarını saxlayan yeganə ev hesab olunurdu, oraya düşmək isə çox çətin idi. Deyilənə görə, Brevillərin ancaq yatırdan ibarət olan var-dövləti onlara ildə beş yüz min livr gəlir gətirirdi.

Bu altı nəfər özlərinin cəmiyyətdə yüksək mövqe tutduqlarından, dinə sadiq, namuslu, hörmətli, nüfuzlu və varlı-hallı adamlar olmalarından razı halda karetin yuxarı başında əyləşmişdi.

Qəribə təsadüf nəticəsində qadınlar bir tərəfdə cərgə ilə oturmuşdular və qrafinyanın yanında uzun təsbehlərini çevirən və tez-tez “Pater”, “Ave”5 deyə dodaqaltı dua oxuyan iki rahibə oturmuşdu. Onların biri yaşlı və çopur idi. Elə bil tüfəngi düz üzünə tuşlayıb saçma doldurmuşdular. Üz-gözündən üzgünlük yağan o biri rahibənin sifəti gözəl olsa da, vərəmə oxşayırdı. Hər şeyi udan, fanatiklər və əzabkeşlər yetirən din, görünür, bu qıza da əzab verib iztirablar çəkdirirdi.

İçəridəkilərin hamısının diqqəti rahibələrlə qabaq-qənşər oturan kişi ilə arvadda idi.

Kişi hamının yaxşı tanıdığı və hörmətli adamların canına qorxu salan demokrat Kornyude idi. Düz iyirmi ildən artıq idi ki, bütün demokratik qəhvəxanaları dolaşır və özünün uzun, kürən saqqalını içdiyi pivələrlə isladırdı. O, vaxtilə şirniyyat satan atasından qalan külli var-dövləti öz dostları və tanışları ilə çoxdan göyə sovurmuşdu, indi isə böyük səbirsizliklə respublika quruluşunun yaranmasını gözləyirdi ki, inqilab yolunda düzəltdiyi içki məclislərinin və verdiyi şərab nəzirlərinin əvəzində layiq olduğu yerlərdən birini tutsun. Sentyabrın dördündə6 kiminsə zarafatına inanaraq özünü prefekt vəzifəsinə təyin olunmuş hesab etdi və istədi ki, öz vəzifəsini yerinə yetirməyə başlasın, prefektura əməkdaşlarından işdə qalan yeganə adam – katib ona tabe olmaqdan imtina etdi və Kornyude məcbur oldu ki, dinməz-söyləməz çıxıb getsin. Ümumən sakit, heç kəsə zərəri dəyməyən, lütfkar adam olan Kornyude var qüvvəsini sərf edib şəhərin müdafiəsini təşkil etmək istədi. Onun başçılığı ilə çöllərdə xəndəklər qazdılar, qonşu meşədəki körpə ağacları doğradılar, yollarda pusquya durdular və bütün gördüyü bu işlərdən razı qalan Kornyude düşmən yaxınlaşan kimi tələsik şəhərə qayıtdı; indi o belə zənn edirdi ki, Havrda da xəndəklər qazmaqla ölkəyə daha çox xeyir verəcəkdir.

Qadın isə “yüngül, əxlaqsız arvadlardan” biri idi və vaxtından əvvəl kökəlib yumurlandığı üçün ona “Gonbul” deyirdilər. O, balacaboy, yupyumru, piy içində batmış cavan bir qadın idi. Ağ, yumşaq, totuq barmaqları ortasından iplə boğulmuş sosiska kimi buğumlardan nazilirdi. Dərisi şəffaf və tarım idi. Yupyumru döşləri sinəsini qabardır və paltarlarının altından dikəlirdi. O qədər təravətli və gözəgəlimli idi ki, ehtirasları coşdururdu və kişilər ondan gözlərini çəkə bilmirdilər, az qalırdılar ki, gözləri ilə yesinlər. Yanaqları alma kimi qıpqırmızı idi, sifəti açılmaqda olan qırmızı pion çiçəyinin qönçəsinə bənzəyirdi. İri, qara, məftunedici, canalan gözləri vardı. Bu gözləri uzun, sıx, qara kirpiklər çəpərləmişdi və haşiyədən gözləri daha tünd görünürdü. Balaca ağzı, nəm dodaqları, inci kimi parlaq dişləri vardı. Elə bil Allah dodaqlarını yalnız öpüş üçün yaratmışdı.

Deyilənlərə görə, onun bunlardan başqa da çoxlu əvəzsiz, qiymətli məziyyətləri vardı.

Onu tanıyan kimi karetdə oturan abırlı, ismətli qadınlar dərhal “biabır olduq”, “küçə qızı” deyə pıçıldaşmağa başladılar, həm də bu sözləri elə tərzdə dedilər ki, Gonbul eşitdi və başını yuxarı qaldırdı. Qız yol yoldaşlarını elə sərt, qəzəbli və bu saat döyüşə çağırmağa hazır olan amansız baxışlarla süzdü ki, biclik tökülən gözlərini ondan çəkməyən Luazodan başqa hamı başını aşağı saldı və ortalığa dərin bir sükut çökdü.

Azacıq sonra xanımların üçü yenidən söhbətə başladı. Belə bir pozğun küçə qızının onlarla bir yerdə getməsi bu qadınları dərhal bir-birinə yaxınlaşdırıb dostlaşdırdı. Ləyaqətli xanımlar bu cür ayağı sürüşkən, pozğun küçə qızına qarşı birləşmək zəruriyyətini duyurdular, çünki kəbinli arvadlar bu cür qadınlara həmişə həqarətlə baxırlar.

Xanımlar birləşdiyi kimi, kişilərdən üçü Kornyudenin burada olduğunu görəndə qeyri-ixtiyari bir mühafizəkarlıq duyğusu ilə birləşdilər və dərhal puldan söhbət saldılar; onların danışıq tərzindən hiss olunurdu ki, kasıblara həqarətlə baxırlar. Qraf Yuber prussiyalıların ona vurduğu ziyandan, heyvanlarının oğurlanması və məhsulun məhv olması nəticəsində çəkdiyi zərərdən danışsa da, belə ziyanların onun kimi varlı adama uzaqbaşı bir il təsir edəcəyini söyləyirdi. Pambıq-toxuculuq sənayesinin işlərindən əməlli-başlı xəbəri olan Karre-Lamadon qara gün üçün saxladığı altı yüz min franklıq ehtiyat pulunu sayıqlıq göstərərək vaxtında İngiltərə banklarına keçirmişdi. O ki qaldı Luazoya, zirzəmisində saxladığı ucuz şərabların hamısını Fransa intendantlığına7 nisyə satmışdı və indi hökumətin ona borclu olduğu külli miqdarda pulun hamısını Havrda almaq ümidində idi.

İndi onların üçü də bir-birini ötəri mehribanlıqla süzürdü; ictimai mövqeləri müxtəlif olsa da, var-dövlət onları bir-birinə yaxınlaşdırırdı. Onlar özlərini ciblərində qızıl cingildəyən bütün xüsusi mülkiyyətçiləri ətrafında birləşdirən böyük frankmason8 təşkilatının üzvləri hesab edirdilər.

Karet o qədər yavaş hərəkət edirdi ki, saat ona qədər heç dörd lyö də yol getməmişdilər. Karet yoxuşu çıxanda kişilər üç dəfə yerə düşüb dikdiri piyada getməli olmuşdular. Sərnişinlər belə hesab etmişdilər ki, Totda səhər yeməyini yeyərlər, ancaq belə getsə, oraya heç axşam saatlarında da çata bilməyəcəkdilər. Ona görə də sərnişinlər narahat olmağa başlamışdılar. Onlar yol üstündə bir aşxana görmək ümidi ilə tez-tez ətrafa boylanırdılar, amma tərs kimi, gözlənilmədən, karet qara batdı və düz iki saat əlləşdikdən sonra onu güclə çıxarda bildilər.

Aclıq öz işini görür, içəridəkilərin başı hərlənirdi. Yollarda isə tərs kimi nə bir aşxana, nə də bir meyxana gözə dəyirdi. Ona görə ki prussiyalıların gəlişi və geri çəkilən ac fransız qoşunları alverçilərin hamısını qorxuya salmışdı.

Yol üstündə balaca kəndlərə rast gələn kimi kişilər karetdən tökülüşüb yemək dalınca getsələr də, əliboş geri qayıtmışdılar, hətta quru çörək də tapmamışdılar, çünki ehtiyatlı kəndlilər əllərinə keçəni talayan ac əsgərlərin qorxusundan nələri vardısa hamısını gizlətmişdilər.

Günorta, saat birə yaxın, Luazo acından qarnının quruldadığını söylədi. O biriləri də ac idilər və aclıqdan dilləri söz tutmurdu.

Sərnişinlər asta-asta əsnəməyə başladılar. Əsnək əsnək gətirdi və hər kəs öz xasiyyətinə, aldığı tərbiyəyə, ictimai mövqeyinə uyğun şəkildə – kimisi alçaqdan, kimisi ağzını açaraq bərkdən əsnədi və dərhal da içindən buğ qalxan yarığı əlləri ilə örtdülər.

Gonbul bir neçə dəfə aşağı əyilib elə bil ətəyinin altında nə isə axtarırdı. Amma cəsarət eləmədi, qonşularına baxıb yenidən yerində sakitcə oturdu.

Hamının sifəti ağarmışdı və üzlərində gərginlik vardı. Luazo dedi ki, bir parça çörəyə lap min frank verməyə hazırdır. Onun arvadı qaşqabağını töküb ərinə etiraz etmək istədi, lakin az keçməmiş sakitləşdi. Havayı pul xərclənməsindən söhbət belə düşəndə bu xanım, doğrudan da, narahat olurdu, hətta bu barədə edilən zarafatı belə xoşlamırdı.

– Heç özümün özümdən başım çıxmır, – deyə qraf söyləndi, – necə olub ki, yola azuqə götürməyi yaddan çıxarmışam?

Hamı elə buna görə ürəyində özünü danlayırdı.

Kornyudenin, sən demə, bir flyaqa romu varmış. O, romu çıxartdı, ətrafdakılara təklif etdi, lakin hamı rom içməkdən boyun qaçırtdı. Təkcə Luazo bircə qurtum içmək istədiyini bildirdi və qabı geri qaytarıb sahibinə təşəkkür edərək:

– Pis deyil, – dedi, – həm aclığın qabağını alır, həm də bədəni isidır.

İçki onun kefini açdı və təklif etdi ki, matros mahnılarında oxunduğu kimi, gəlin gəmidəki ən yağlı, kök sərnişini yeyək. Abır-həyalı sərnişinlər açıq-aşkar Gonbula edilən bu eyhamdan özlərini itirdilər. Cənab Luazonun zarafatına heç kəs cavab vermədi, bircə Kornyude qımışdı. Rahiblər dualarına ara verib əllərini əbalarının gen qoluna saldılar, gözlərini yerə dikib yerlərindən tərpənmədilər, göylərdən göndərilmiş əzaba, iztiraba dözüb sınaqdan çıxırlarmış kimi sakitcə oturdular.

Nəhayət, saat üçdə, karet kəndsiz-kəsəksiz, ucu-bucağı görünməyən düzənliklə gedəndə Gonbul cəld əyilib skamyanın altından üstü ağ örtüklə örtülmüş iri bir səbət çıxartdı.

Əvvəlcə səbətdən saxsı boşqabla gümüş stəkan, sonra içi doğranmış iki cücə əti ilə dolu olan iri bir cam çıxartdı. Səbətdə kağıza bükülmüş başqa dadlı yeməklər də vardı. Səbətin içi qoğal, meyvə, cürbəcür şirniyyat və bu kimi başqa ləziz yeməklərlə dolu idi. Bir sözlə, bu yeməkləri hazırlayan adam nəzərdə tutmuşdu ki, yeməkxanaya getmədən üç gün dolana bilsin. Bükülmüş yeməklərin arasından, səbətin içində dörd şüşə boğazı da görünürdü. Gonbul cücənin qanadını götürdü, Normandiyada “rejans” adlanan çörəkdən dişləyə-dişləyə yeməyə başladı.

Gözlər ona dikildi. Azacıq sonra karetə adamı iştaha gətirən yeməklərin iyi doldu. Burunlar pərələndi, ağızların suyu axdı, çənələri sıxıb güclə dayandılar. Xanımların bu küçə qızına ürəklərində bəslədiyi həqarət hissi qəzəbə çevrildi və onlar bu qızı bu saat boğub öldürmək, ya da səbəti, stəkanı və yeməyi ilə birlikdə götürüb birbaş karetdən qarın içinə atmağı arzuladılar.

Ancaq Luazo gözləri ilə camdakı cücələri yeyirdi. Axırda özünü saxlaya bilmədi:

– Hə, bu, ağıllı işdir, görünür, xanım bizdən uzaqgörənmiş. Elə adamlar var ki, hər şeyin ehtiyatını əvvəlcədən görürlər.

Gonbul onun üzünə baxdı:

– Buyurun, cənab, bütün günü ac qalmaq asan iş deyil.

Luazo baş əydi:

– Sözün düzü, boyun qaçırmaram. Çünki oldun dəyirmançı… elə deyilmi, xanım? – Yol yoldaşlarına ötəri nəzər salıb əlavə etdi: – Belə dəqiqələrdə ehtiyatlı adamlara rast gəlmək çox xoşdur.

O, şalvarını bulamamaq üçün dizinin üstünə qəzet sərdi, həmişə cibində gəzdirdiyi qatlama bıçağı çıxartdı, ağzını açdı, toyuq budunun birinə sancdı, götürüb dişinə çəkib elə iştahla yedi ki, karetdə hamı köksünü ötürüb udqundu.

Bunu görən Gonbul sakitcə, asta səslə rahibələrə təklif etdi ki, onunla çörək yesinlər. Onların ikisi də dərhal razı oldu; dodaqaltı mızıldayıb təşəkkür etdilər və gözlərini qaldırmadan tələsə-tələsə yeməyə başladılar. Kornyude də yanaşı oturduğu qızın təklifini qəbul etdi və rahibələrlə birlikdə dizinin üstünə qəzet sərdi və beləliklə, stolabənzər bir şey düzəltdilər. Ağızlar açılıb örtüldü, tikələr çeynənildi, udqunulub içəri ötürüldü.

Luazo küncdə oturub arvadını dilə tutur və pıçıltı ilə ona deyirdi ki, sən də mənim kimi elə. O xeyli razılıq vermədi, ancaq mədəsindən sancı qalxdığını hiss edəndə əlacı kəsildi. Luazo dərhal nəzakətlə, şirin sözlər seçərək “qəşəng qızdan” soruşdu ki, “o ət parçasından birini xanım Luazoya təklif etməyə lütfən razılıq verərmi?” Gonbul dərhal cavab verdi:

– Bu nə sözdür, cənab, məmnuniyyətlə və mehribanlıqla gülümsəyərək camı irəli uzatdı.

Birinci çaxır şüşəsini açanda bir az özlərini itirdilər, çünki cəmi bircə stəkan vardı. Ancaq azacıq sonra stəkanı silib bir-birinə ötürdülər. Təkcə Kornyude nəzakətli kişi kimi hərəkət etdi: stəkanı qonşu qadının dodaqlarının yeri getməyən tərəfindən ağzına aparıb çaxır içdi.

Acgözlüklə yemək yeyən adamların arasında oturan və xörəyin ətrindən boğulan qraf və qrafinya de Brevil, eləcə də Karre-Lamadon öz zövcəsi ilə dəhşətli “Tantal əzabı”9 çəkməyə başladılar. Birdən fabrikantın cavan arvadı elə dərindən köks ötürdü ki, hamı dönüb baxdı. Onun rəngi çöldəki qar kimi dümağ ağardı, boynu çiyninə düşdü, gözləri qapandı və xanım huşunu itirdi. Əri qorxuya düşdü və ətrafındakılara yalvardı ki, kömək etsinlər. Hamı özünü itirdi. Ancaq xanımın başını dizinin üstünə qoyan yaşlı rahibə Gonbulun stəkanını onun dodaqlarına yaxınlaşdırdı və bir neçə damcı şərab içməyə məcbur etdi. Gözəl xanım dərhal tərpəndi, gözünü açdı, gülümsündü və zəif səslə dedi ki, indi halı lap yaxşıdır. Lakin ürəkgetməsinin təkrar olunmaması üçün rahibə onu dilə tutdu və yenidən düz bir stəkan şərab içirtdi.

– Bu, aclığın qabağını almaq üçündür, – dedi.

İşi belə görəndə Gonbul qızardı, özünü itirdi və dönüb üzünü hələ də yerlərində donub-qalan dörd nəfərə tutdu:

– Ağalar, siz Allah, buyurun, mənim sizə yemək təklif etməyə, sadəcə, cəsarətim çatmırdı.

Gonbul təhqiramiz rədd cavabı alacağından qorxub susdu.

Luazo söz aldı:

– E, əslində, belə hallarda bütün insanlar qardaşdırlar və bir-birinə kömək etməlidirlər. Siz Allah, xanımlar, utanmayın, razı olun, qalan şeylər qoyun cəhənnəm olsun! Ola bilsin ki, biz heç gecələməyə də yer tapmadıq. Bu gedişlə sabah günorta Tota çata bilsək, böyük işdir.

Ancaq tərəddüd davam edirdi. Heç kəs razılıq vermək məsuliyyətini boynuna götürmək istəmirdi. Qabağa düşməyə cəsarətləri çatmırdı.

Nəhayət, qraf məsələni həll etdi. O, üzünü özünü itirmiş Gonbula tutdu və ağayanalıqla dedi:

– Xanım, biz sizin təklifinizi minnətdarlıqla qəbul edirik.

Çətini ilk addım atanacan idi. Elə ki ara açıldı, ondan sonra heç kəs utanmadı. Səbət boşaldı. Səbətdə yuxarıda adlarını çəkdiyimiz yeməklərdən başqa, ciyər qiyməsi, hisəverilmiş dil parçası, krassan armudu, ponlevek pendiri, qalet və ağzınacan turşuya qoyulmuş xiyar və sarımsaqla dolu olan iri bir şüşə qab vardı. Görünür, Gonbul da bütün qadınlar kimi turşuya qoyulmuş yeməkləri sevirdi.

Bu qızın yola götürdüyü bütün azuqəsini yeyib onunla danışmamaq olmazdı. Ona görə də söhbət qızışdı. Əvvəlcə təmkinlə söhbətə başladılar, sonra Gonbulun özünü çox ədəbli apardığını gördülər və tam sərbəst şəkildə söhbət getdi. Yüksək cəmiyyətin qaydalarını çox gözəl bilən qrafinya de Brevil və xanım Karre-Lamadon çox incə bir mehribanlığa başladılar. Xüsusən qrafinya kiminlə söhbət edir-etsin, öz ləyaqətini itirməyəcəyinə əmin olan bir zadəgan xanımı kimi özünü çox füsunkarcasına aparıb iltifat göstərməyə başladı. Amma jandarm kimi amansız qəlbi olan xanım Luazo inadından dönmədi, söhbətə o qədər də qarışmadı, lakin yeməyindən də qalmadı.

1.Obıvatel – ancaq öz mənafeyini düşünən adam
2.Qusar – macar geyimli süvari əsgər
3.Yeger – nişançı alayı əsgəri
4.Fransızca söz oyunu: L'oiseau vole – “quş uçur”; Loiseau vole – “Luazo oğurlayır”
5.Katolik dini duaları: "Ya Həzrət Məryəm”, “İlahi ata”
6.4 sentyabr 1870-ci il – İkinci imperiyanın devrilməsi və Üçüncü respublikanın elan edilməsi günü
7.İntendant – orduda təsərrüfat işlərinə baxan adam
8.Frankmason – XIII əsrdə meydana çıxmış dini-fəlsəfi cərəyan
9.Tantal əzabı” – həsrəti çəkilən bir şeyin əldə edilə bilməməsindən duyulan ağır əzab
€1,24
Altersbeschränkung:
12+
Veröffentlichungsdatum auf Litres:
07 Oktober 2022
ISBN:
9789952242690
Rechteinhaber:
Altun Kitab / Алтын Китаб

Mit diesem Buch lesen Leute