İnsan təbiətinin gələcəyi

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

III

Kyerkoqorun post-metafizik etikası ugursuzluğa uğramamış bir həyatı, yuxarıda bəhs edilən post-dini baxımdan da səciyyələndirmə imkanı verir. Özün olma imkanının variantlarına dair ümumi ifadələr, sıx təsvirlər olmasa da, normativ məzmuna, həmçinin yön verəcək gücə sahibdirlər. Bəhs etdiyimiz dəyərləndirmə etikası ekzistensial formanın deyil, amma fərdi həyat dizaynları ilə cüzi həyat formalarının müəyyən istiqamətlərinin xaricinə çıxsa belə, sekulyar plüralizmin bütün tələblərinə cavab verir. Çox maraqlıdır ki, post-metafizika səssiz qalma “sub-etikası” ətrafında meydana gələn suallar qarşısında acizdir. Fəlsəfə danışmaq və hərəkət etmək bacarıqlarına qabil fərdlərin etika anlayışından bütün olaraq bəhs etdiyi vaxt, məzmuna dair mütaliələrə girməkdən qaça bilməyəcəkdir.

Bu gün belə bir vəziyyətlə üz-üzəyik. Bioelmlərdəki inkişaf və biotexnologiyalardaki tərəqqi tətbiq sahəsindəki imkanları artırmaqla yanaşı, yeni bir müdaxilə fürsətini təqdim edir. Bu günə qədər orqanik təbiət olaraq “verilmiş” olub da, olsa-olsa “yetişdirilmə potensial”ı olanlar, hədəfə yönəlik müdaxilələrin sahəsinə düşürlər. Artıq insan orqanizminin də bu müdaxilə sahəsinə daxil olduğunu düşündükdə, Helmut Plessnerin bəhs etdiyi “vücud olaraq mövcud olmaq” və “bədən sahibi olmaq” arasında fenomenoloji bölgü yeni və şiddətli bir aktuallıq qazanır. “Mövcud” olaraq gördüyümüz təbiət və öz-özümüzə verdiyimiz təbii forma arasındakı sərhəd itməkdədir. Beləliklə, vücuda gətirmə qabiliyyətinə malik fərdlər olaraq bizlər üçün, təbii olanın daha dərin qatlarına enən, tamam başqa bir daxili əlaqəqurma üsulu ortaya çıxmaqdadır. Çünki bundan sonra bu yeni seçimetmə və qərarvermə imkanının necə istifadə olunacağı, fərdlərin özünüdərketməyindən asılı olacaq. Bu ya demokratik iradə formalaşdırma səviyyəsinə çatan normativ mülahizələrin işığında avtonom, ya da bazarın tənzimlədiyi şəxsi seçimlərə əsaslandığı üçün ixtiyari olacaq. Burada müzakirə etdiyimiz məsələ, elmin alqışlanmalı olan inkişafına qarşı mədəni-tənqidi bir yanaşma deyil. Yeganə məqsədimiz elmi nailiyyətlərin tətbiqinin reallıqda yaratdığı məsuliyyətin bizə necə təsir edib-etməyəcəyini, əgər təsir edəcəksə, necə olacağını araşdırmaqdır.

İnsan genomuna (irsi özəllikləri daşıyan biokimyəvi, yəni genetik material – tərc) müdaxilə etmə imkanının (kateqorik baxımdan bu yepyeni bir imkandır) normativ olaraq nizamlanmağa ehtiyac duyulan bir haqq olaraqmı, yoxsa hansısa bir məhdudlaşdırmağa ehtiyac olmayan və fərdin seçiminin yerinə yetirilməsi kimimi görürük? Bu əsas sual, birinci variantı seçib və ona cavab vermədiyimiz müddətdə, xəstəliklərin ortadan qaldırılmasını hədəfləyən və neqativ imicdə olmadığı üçün yanlış anlamaya yer verməyən “yevgenika” əsasında müzakirə edilə bilməz. Bu mövzu ilə bağlı suala onun sadəcə bir tərəfini ələ alaraq toxunmaq istəyirəm: Modern azadlıq anlayışının bu səbəblə qarşı-qarşıya qaldığı meydan oxuma tərəfi ilə. Belə ki, insan genomunun şifrəsinin həlli ilə mümkün olan müdaxilələr, normativ özünüdərkimiz baxımından təbii olduğunu zənn edərək indiyə qədər bəhs etmədiyimiz, amma artıq xüsusi bir yanaşma tələb etdiyini gördüyümüz “azadlıq” kəlməsinə tamamilə başqa bir bucaqdan baxmağımızı zəruri edir.

Çağımızın Avropasında həm sekulyar düşüncə, həm də dini inanc indiyə qədər bir yeni-təbiətin genetik materialının və bununla bərabər onun gələcək həyat hekayəsinin organik başlanğıc şərtlərinin “başqa şəxs”lərin proqramlaşdırma və qəsdlə manipulyasiyalarına məruz qalmayacaqlarını güman edirdi. Şübhəsizdir ki, həyat tarixçəmiz onu “özümüzə xas edəcəyimiz” və Kyerkoqorun bəhs etdiyi mənada “məsuliyyət daşıyaraq sahib olacağımız” bir maddədən yaradılmışdır. Amma artıq günümüzdə tamam başqa mətləblər müzakirə olunur; iki fərqli xromosom dəstinin əvvəlcədən müəyyən olunmayan kombinasiyasından əmələ gələn müsbət bir döllənmə müddətinin ortada olduğundan söhbət getmir. Elə də diqqət çəkməyən bu müsbət gedişat, ona sahib olduğu andan etibarən insanın özü olma imkanının əsas şərtinin və insanlararası münasibətlərimizin əsasən bərabərlik üzərində qurulduğunu təhdid edən bir səviyyəyə çatmaqdadır. Çünki günün birində, böyüklər uşaqlarının genetik formasını şəxsi arzu və istəklərinə görə seçəcək. Və bu uşaqlar sanki, müəyyən bir dizaynda şəkilləndirilən məhsul halına gələcək və valideynlər genetik olaraq manipulyasiya olunmuş bu məhsullar üzərindəki spontan əlaqələrinin somatik təməllərinə və “başqa şəxsin” etik azadlığına müdaxilə etmiş olacaqlar. Halbuki, indiyə qədər insana deyil, yalnız əşyalara qarşı münasibətdə belə yanaşmaya yol verilirdi. Belə olan halda uşaqlar genom istehsalçılarını mühakimə edəcək və həyat hekayələrinin özləri üçün uyğun olmayan orqanik başlanğıc şərtlərinin doğurduğu nəticələrə görə onları cavabdeh biləcəklər. Bu yeni cavabdehlik növü, şəxs ilə əşya arasındakı fərqin ortadan qalxmasından doğur. Məsələn; günümüzdən bir nümunə olaraq uşağı əlil doğulan bir cüt valideyn, bu əlilliyin maddi xərclərini qarşılamaq üçün doğumöncəsi yanlış diaqnoz qoymuş məsul həkimlərə qarşı məhkəmədə iddia qaldırmışdı. Nəticə olaraq isə, həkimlərin gözlədiyinin əksinə, xəstə doğulan uşağın hüquqi cəhətdən maddi ziyan kimi qiymətləndirilməsini tələb etmişdilər.

Bir şəxsin başqa bir şəxsin “təbii” təchizatı ilə bağlı geriyə dönüşü olmayan bir qərar verməsi ilə, eyni zamanda bundan əvvəl heç bir zaman yaşanmamış insanlararası münasibətlər meydana çıxır. Bu yeni münasibət növü modern cəmiyyətlərin hüquqi cəhətdən təşkilatlandırılmış münasibətlər sistemində fərqli qəbul olunduğu üçün əxlaq hissiyatımızı zədələməkdədir. Birinin o biri üçün geriyə dönüşü olmayan, onun organik materialına dərinləməsinə nüfuz edən bir qərar verdiyində, azad və bərabər fərdlər arasında əsasən var olan məsuliyyət simmetriyası məhdudlaşdırılmış olur. Belə ki, genomumuzun doğumöncəsi təşəkkülü ilə qarşılaşdırıldıqda yaşadığımız cəmiyyətimin içində taleyimizin fərqli bir azadlığa sahib olduğunu görürük. Bir gün gələcək, inkişaf dövründəki gənc öz həyat yolunun və öz varlığının məsuliyyətini üzərinə götürəcəkdir. O özünün yetişdirilmə mərhələsi üzərində düşünüb fərqli fikirlərə gələ bilər, özünüdərketməni təftiş edə bilər və beləcə, uşağın yetişdirilməsində valideynlərin daşıdığı asimmetrik məsuliyyəti retrospektiv şəkildə tarazlaya bilər. Özünün yaradılma tarixinin özünütənqid yolu ilə yenə özünə aid olabilmə imkanı, genetik baxımdan manipulyasiya edilmiş materiallarla qarşılaşdırıldığında eyni qaydada faydalı olmur. Yetişkin bir insan başqa bir insanın təftiş olunmayacaq qərarına kor-koranə bir tabeçilik sərgiləməyə məcbur olacaq və yaşıdları arasındakı münasibətlərdə mütləq olan məsuliyyət simmetriyasını geriyə dönüşü olan bir şəkildə və ağlını işlədərək yenidən qurma şansına sahib olmayacaqdır. Tərəddüd edənlər isə, öz taleyi ilə barışmaq və ya kin saxlamaq kimi yollardan birini seçəcəklər.

Embrion anlayışını əşyalaşdırdığımız vaxt və yetişkinin öz genomu üzərində materialist korreksiyalar aparmasına yol verəcək qədər genişləndirdiyimizdə, yuxarıda bəhs etdiyimiz vəziyyətlərdə nə dəyişəcək? Hər iki halda da, biotexnik müdaxilələrin indiyə qədər olduğu kimi sadəcə əxlaqi suallar doğurmaqla yanaşı, başqa bir sıra suallara da hamilə olduğu ortaya çıxır. Veriləcək cavablar insanlığın bir bütün olaraq etik mahiyyətinə toxunur. Məsələn Nitsada bəyan edilən Avropa Birliyi Əsas Haqqlar Xartiyası, döllənmə və doğum sahəsində normativ qavrama baxımından əsas olan təbii yolların artıq olmadığını belə nəzərə almışdır. Fiziki və ruhi sağlamlığı və toxunulmazlığı təminat altına alan Maddə 3-də, “üstün gen yaratma cəhdlərinin, xüsusilə də insan seleksiyasını hədəfləyən formalarının qadağan edilməsi” və “insan klonlanmanın qadağan edilməsi” hökmləri yer almışdır. Onda köhnə Avropadakı bu dəyərlər icmalı sevimli, amma zamandan geri qalmış xoş bir qəribəlik kimi görünməyəcəkmi? Xüsusilə, ABŞ və ya başqa yerlərdə.

Hələ də özümüzü qarşılıqlı həmrəylik içində cavabdehliklər daşıyan və bir-birimizdən bərabər hörmət gözləyən normativ məxluqlar kimi görmək istəmirikmi? Normasız-funksional məfhumlara dönüşdürülən cəmiyyət həyatında bundan sonra əxlaq və hüququn hansı dəyəri ola bilər? Bir də son zamanlarda, xüsusilə, naturalist seçimlər üstünlük qazanır: Sadəcə təbiət alimlərinin reduktiv tövsiyyələri deyil, məsələn, gələcəyin robot nəsillərinin üstün süni zəkaları barədə yetkinləşməmiş spekulyasiyalar bu seçimlər arasında ən çox nəzərdə olandır.

Beləliklə, “özün olma uğurunun etikası” mövcud bir çox seçim arasında yeganə seçimə çevrilir. Belə bir anlayışın əsası, rəqib cavablara qarşı özünü artıq sadəcə formal arqumentlərlə müdafiə etmir. Xüsusilə də “doğru həyata” dair əsl fəlsəfi sual günümüzdə antropoloji bir bütün halında yenidən sorğulanmağa başlanmışdır. Yeni texnologiyalar öz-özlüyündə mədəni həyatın formalarına aid, doğru anlayışın nə demək olduğu barədə ictimai bir yanaşma meydana gətirir. Və artıq filosofların bu mübahisə mövzusunu bioalimlərə və elmi-texnologiaya meylli mühəndislərin ixtiyarına buraxmaq üçün heç bir sağlam səbəb və bəhanələri qalmır.

NÖVÜMÜZÜN ETIK DƏRKINƏ DAIR MÜBAHISƏ

Gələcəyin ana-ataları hədsiz öz-determinist (öz müqəddəratını təyin etmə – tərc.) haqqlarını tələb edərkən, gələcəyin uşaqları üçün müstəqil bir həyat davam etdirmə haqqının qarantilənməsini müdafiə etmək də haqlı və ədalətli bir tələb olacaqdır.

(Andreas Kulman)

1973-cü ildə genomun əsas tərkib hissələrini ayırıb-yenidən birləşdirən təcrübə müvəffəqqiyyətlə sonlandı. Genlərin bu süni rekombinasiyasından sonra gen-texnologiyası tibb sahəsində, xüsusilə də, süni mayalanma elmi sahəsindəki inkişaf geniş vüsət almış və doğumöncəsi diaqnoz metodlarında nailiyyətlər əldə edilmişdir. 1978-ci ildən bu yana, süni mayalanmanın tətbiqi uğurla başa çatdırılmışdır. Labaratoriya şəraitində yumurta hüceyrəsinin sperm hüceyrəsiylə döllənməsi (in vitro) ilə birlikdə, insanın kök hüceyrələrinin (kök hüceyrəsi – bir canlının bədənində çox uzun müddət bölünməyə davam edərək özünü yeniləyən və bunun sayəsində fərqliləşmiş hüceyrələr əmələ gətirən, fərqlənməyən hüceyrələrə verilən ad – tərc) ana bətnindən kənar bir yerdə də genetik tədqiqat və təcrübələrə açıq olma imkanı əldə edilmişdir. “Tibbi cəhətdən dəstəklənən döllənmə” elə bir mərhələyə gəlib çıxmışdır ki, nəsil silsiləsi inanılmaz dərəcədə pozulmuş, ictimai valideynlik ilə bioloji valideynlik arasındakı əlaqə aradan qalxmışdır. Məsələn, daşıyıcı analıq və sperm bankı, menopoz sonrası hamiləliyi mümkün edən yumurta bankı, ya da donmuş yumurta hüceyrələrinin daha gec zamanda istifadə olunması ağlıma gələn ilk nümunələrdəndir. Reproduktiv tibb ilə gen texnologiyasının bir yerdə istifadə olunması ilə pre-implantasiya diaqnozu və gen materialına müalicə məqsədi ilə müdaxilələr mümkün olmuş və orqan yetişdirmə imkanları artmışdır. Bunlar isə, biz yurddaşlardan təşkil olunmuş cəmiyyətin gözündə əxlaqi ağırlığı gündəlik siyasi ixtilafları dəfələrlə aşan məsələlərdir. Bəs onda problem nədir?

 

Genetik pre-implantasiya diaqnozu sayəsində, dördüncü hüceyrə bölünmə mərhələsindəki (yəni səkkiz hüceyrəli mərhələdəki) embirionu genetik cəhətdən kontrol etmək və hər hansı bir xəstəliyə tutulma ehtimalın bilmək, artıq mümkündür. Bu diaqnoz metoduna xüsusilə də, genetik xəstəliklər daşıyıcısı olan ana-atalarda riski minimuma endirmə məqsədi ilə müraciət edilir. Əgər labaratoriya şəraitində incələnən bir embrion öz təsdiqini tapmazsa, ana bətninə yerləşdirilməyəcək və bu doğumöncəsi müdaxilə metodu seçilməklə gələcəkdə ehtimal olunan abortetmə riskini ortadan qaldıracaqdır. Totipotent kök hüceyrələr üzərində aparlan tədqiqatlar (tam gizligüclü kök hüceyrələr – dölyatağına yerləşdirildiyində tam və bütün bir canlı yetişdirəbilmək gücündə olan hüceyrələrdir – tərc) ümumi tibbi sağlamlıq mülahizələrinə daxil olmaq üzrədir. Tədqiqatçılarla bərabər, dərman sənayesi və iqtisadi qayğılar içindəki siyasətçilər, orqan nəqlində rast gəlinən çətinliklərin yaxın bir tarixdə embrional kök hüceyrələrdən əldə edilən orqana xas toxumaların yetişdirilməsi ilə aşılacağının, gələcəkdə isə ağır monogenetik (“tək genli” mənasında. Günümüzdə 6500-dən yuxarı tək gen xəstəliyi aşkar edilmişdir. Bu xəstəliklər tək genin içində əmələ gəlib mutasiya nəticəsində əlaqədar genin kodladığı proteinin funksiyasının itməsinin nəticəsində əmələ gəlir – tərc) xəstəliklərin əlaqədar genoma müdaxilə edilərək sağaldılacağı müjdəsini verməkdədir. Hal-hazırda, Almaniyada qüvvədə olan Embrion Qoruma qanununun bu baxımdan dəyişdirilməsi üçün edilən təzyiqlər getdikcə artmaqdadır. Tədqiqetmə azadlığının embriyonu qorumaqdan daha vacib olduğunu düşünən Alman Araşdırma Cəmiyyəti (DFG-Deutsche Forschungsgemeinschaft), yeni müalicə üsulları tətbiq etmək məqsədi ilə bu yöndəki “real şəraiti” nəzərə alaraq “ilkin mərhələdə insan həyatının tədqiqetmə məqsədi ilə istehsal olunmasını deyil, istifadə olunmasını” tələb edir.

Halbuki, bu arqumenti müdafiə edən yazarlar “müalicə etmək məntiqinə” özləri də çox güvənmirlər. Əks təqdirdə, normativ bir diskursa müraciət etməkdən çəkinər, mübahisəyə müşahidəçi statusundan baxmazdılar. Süni olaraq döllənmiş yumurta hüceyrələrinin onsuz da dondurulub saxlandığı, nidasiya (nidation) maneələrinin (yəni döllənməni deyil, bətnə yerləşməni əngəlləyən spiralların) uzun müddətdir işləndiyini və mövcud abort qaydalarını xatırladan bu tədqiqatçılar, “süni mayalanmanın tətbiqinə keçildiyindən bəri bu diskussiyaların praktiki olaraq arxada qaldığını, embrionun yaşama haqqına dair onsuz da var olan qərarlar ortamında cəmiyyətimizin zamanı geri çəkərək əvvəlki halına dönəcəyinin real olmadığını bildirməkdədir.” Sosioloji bir qənaət olaraq bəlkə də, bu görüş, doğru ola bilər. Amma əxlaq üzərində qurulmuş bir hüquqi-siyasi düşüncədən çıxış etsək, yuxarıdakı cümlələrdə müdafiə olunan “real olanın normativ gücü var” yanaşması, elm, texnologiya və iqtisadiyyata əsaslanan sistematik dinamiklərin normativ çərçivəyə geri qaytarılmayacaq nəticələr doğuracağından, vəziyyəti narahatlıqla izləyən şübhəçi ictimai fikri haqlı çıxara bilər. DFG-nin dürüst olmayan bu manevri, böyük miqyasda sərmayə sektoru tərəfindən maliyyələşdirilən bu tədqiqat sahəsindən gələn sakitləşdirici qiymətləndirmələri də gözdən salır. Biogenetik tədqiqatlar investorun mənfəət güdməsi və milli hökümətlərin uğur əldəetmə cəhdi ilə bərabər addımladığı üçün, biotexnoloji nailiyətlər ictimai fikirdə uzun-uzadı yayılması lazım olan normativ elan və müzakirə etaplarını əzəcəyi qorxusunu yaradır14.

Mövzuya aid siyasi başadüşmə və danışma müddətləri təbii və işin məğzinə bağlı olaraq çox uzun davam etməkdədir. Bu müddət baxımından ən böyük təhlükə perspektivin yoxluğudur. Əslində isə, müzakirələr müasir texnoloji nizam və nizamlama ehtiyacına bağlı qalmamalı, yeniliklərin tamamına yayılmalıdır. Məsələn, orta vədəli inkişafları əks etdirən xəyali ssenarilərin biri belə təsvir oluna bilər: Siyasi arenada və parlamentdə gedən müzakirələr yalnız potensial olaraq zərərçəkmişin olacağı qeyd edilmiş ağır genetik xəstəliklər ətrafında aparılsa da, xalq ayrıca bəhs edilən İmplantasiya-öncəsi diaqnozun əxlaqi, ya da hüquqi cəhətdən qəbul edilən olma qənaətini hasil edər. Biotexnoloji yeniliklərin və genetik müalicə imkanlarının meydana çıxardığı fürsətlərlə bərabər belə bir məhdud icazə, bu (və buna bənzər) genetik xəstəliklərin qarşısının alınması üçün bədən hüceyrələrinə (və hətta dölyatağına)15 müdaxilə ediləcək səviyyəyə çatdırıla bilər. Birinci qərarın tələbləri çərçivəsindən baxsaq, həm hər hansı bir etiraz yaratmayan, həm də onun təbii bir nəticəsi kimi görünüən bu ikinci addım, bəhs edilən (doğru qəbul edilən) “neqativ yevgenika”nı hələ doğru qəbul edilməyən “pozitiv yevgenika”dan ayırmaq məcburiyyəti yaradır. Belə bir sərhəd konseptual və praktiki səbəblərdən dolayı qarışıqdır. Buna görə də, həddlərini aşan genetik müdaxilələri dayandırmaq cəhdimiz bizi paradoksal bir vəziyyətlə üz-üzə buraxır. Başqa sözlə, sərhədlərin bulanıq və qeyri-müəyyən olduğu bir yerdə olduqca dəqiq xəttlər çəkib onları pozmamaq tələbini müadifə etmək lazım olacaqdır. Əslində isə, bütün bu arqumentlər silsiləsi günümüzdə müalicəvi və intensiv müdaxilələr arasında sərhədin olmadığını iddia edən, amma keyfiyyət dəyişikliyi müdaxilələrində hədəflərin seçilməsi ilə bağlı individual seçim haqqını bazardakı oyunçulara verən liberal yevgenikanın müdafiəsi üçün istifadə olunur.16

18 May 2001-ci ildə, Almaniya prezidentinin nitiqinin təməlində eyni bu ssenarinin olduğunu düşünürəm. Prezident xəbərdarlıq edirdi: “İnsan həyatını instrumentalizasiya etdiyimizdə, yaşamağa dəyərli olan ilə dəyərli olmayan arasında seçim etsək, dayanacağı olmayan bir yeni yola girmiş sayılırıq17 Gen texnologiya lobbiçiləri isə, üzərində çox düşünülməyən əmsallardan və diqqət çəkmədiyi üçün öyrəşdiyimiz vəziyyətlərdən (məs: Günümüzdəki doğumöncəsi diaqnoz vasitələrin-dən) retroaktiv şəkildə faydalanıb əxlaqi qayğılar qarşısında çiyinlərini çəkib “artıq gec qaldıq” deməkdə və bu suallardan yayınmaqdadırlar. Bu və oxşar vəziyyətlərdəki “bəndin uçması” arqumenti isə heç bir işə yaramır. Çünki bu arqument, metodik baxımdan doğru işləndiyi və hazırkı dəyişiklikləri normativ olaraq qiymətləndirdiyimiz vaxt qoyduğumuz sualların, nə vaxtsa (hələlik hipotetik də olsa) gen-texnoloji yenilikləri nəzərə almasını ehtiva edir (hətta mütəxəssislər bu inkişafın baş vermə ehtimalının çox az olduğunun teminatını versələr belə)18. Bu düstur hadisəni dramatikləştirmək üçün ortaya atılmış deyil. Sabah, o biri gün, keçiləcək sərhədləri indidən dramatik şəkildə çəkməklə bu günün problemləri ilə daha rahat maraqlana və xəbərdaredici etirazların məcburi etik səbəblərlə qarşılaşmayacağını daha rahat etiraf edə bilərik. Burdan məqsədim isə, dünyəvi plüralist olan bir cəmiyyətdə rasional qəbuledilmə gözləntisinin doğurduğu sekulyar səbəblərdir.

Necə ki, implantasiya əvvəli metodun tətbiqi ilə qarşımıza belə bir hüquqi sual çıxır: “Müəyyən bir skeptik vəziyyətdə istehsal edilən və bəzi genetik yoxlamalardan keçdikdən sonra mövcud olmağına və inkişaf etdirilməyə layiq olduğuna qərar verilən bir həyat anlayışı insanlıq qüruruna sığışarmı?”19. Seçmək məqsədi ilə insan həyatı haqqında rahat-rahat hökm verilə bilərmi? Gələcəkdə, hətta öz bədənimizin hüceyrələrindən belə, nəqledilən toxumlar yetişdirildikdə və bunları (yad hüceyrələrə qarşı mübarizə aparan immun sistemimizin yaradacağı problemləri həll edəndən sonra) bədənimizə yerləşdirmə şansı olacaqsa, bu məqsədə xidmət edəcək embrionların “istehlaki” məsələsinə münasibət necə olmalıdır? Bu sual bir az əvvəlki sualla üst-üstə düşür. Tibbi tədqiqatlar aparmaq üçün embrionların istehsalı və istifadəsi yayğınlaşdığı və belə hallar normala çevrildiyi vaxt, doğumöncəsi insan həyatına dair mədəni anlayışımız dəyişir və bunun nəticəsində fayda-çıxar hesablarına dair əxlaqi həssasiyyətimiz tamamilə korlanır. Amma indilərdə, bu cür praqmatik yanaşmaları ədəbsizlik sayırıq və öz-özümüzə fərdi narsis seçimlərimizə bu dərəcə önəm verib-veməyəcəyimizi, normal və təbii həyat qaydaları-mıza qarşı qeyri-həssaslıq göstərən cəmiyyətdə yaşamaq istəyib-istəmədiyimizi götür-qoy edirik.

İÖD (PİD) və kök hüceyrələri tədqiqatları eyni kontekstdə o vaxt qəbul edilir ki, insanoğlu öz mövcudluğunun bioloji təməllərindən çıxış edərək özünü instrumentalizasiya və optimizasiya etsin. Əxlaqda əmr edilən və hüquqda təminat altına alınan şəxsin toxunulmazlığı və bədən formasının təbii halı üzərində qənaət etmənin yolverilməz olduğunun əsasən diqqətdən qaçan normativ eyniliyi elə bu nöqtədə müşahidə olunmaqdadır.

 

Məsələn, İÖD tətbiqi əsnasında istənməyən genetik materialın seçilməsi və bunların optimizasiyası arasındakı sərhədləri qorumaq indidən çox da imkan daxilində olan bir şey deyil. Bu mərhələdə birdən çox ehtimal olunan “çox sayda çoxhüceyrəlilər” arasında seçim etməli olduğumuz üçün, ikili, yəni bəli-xeyr qərarlarıyla məhdudlaşa bilmərik. Belə vəziyyətdə ağır bir xəstəliyi olan uşağın dünyaya gəlməsinin qabağını almaq ilə onun genetik materialını düzəltmək (bu açıqca yevgenik bir qərardır) arasındakı prinsipial fərq öz kəskinliyini itirir20. İnsan genomuna daha əhatəli müdaxilələr olunması və monogenetik xəstəliklərdən qorunma imkanları artdıqca, yuxarıdakı problemin praktiki əhəmiyyəti daha da qabaracaqdır. Beləliklə, yevgenikanın prinsipial olaraq məhdudlaşdırılması məsələsi siyasi qanunvericiliyin vəzifəsinə çevriləcəkdir. Tibb sahəsində marjinal nöqtələrdə olan bəzi şəxslərin insan orqanlarının reproduktiv klonlanması üzərindəki tədqiqatlarını da nəzərə alsaq, insan növünün çox yaxın bir tarixdə öz bioloji təkamülünü öz əlinə alması faktı ilə üz-üzə gələcəyik21.

Növümüzün öz-özünü çevirməsi artıq yaxın bir gələcəkdə gerçəkləşə bilər. Belə ki, bu yeniliyi təsvir edərkən “təkamülün həmmüəllifi- aktyoru” və hətta “Tanrı olmaq” metaforalarına da rast gələ bilərik.

Təkamül ideyasının insanın yaşam dünyasına girdiyinə dair iddialar ictimai fikirdəki müzakirələr üçün yeni deyildir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində Pax Britannicanın (ingilislərin dünya hegemonluğu altındaki “sülh” şəraiti – tərc) qoruyucu çətiri altında yayılan darvinizm və sərbəst ticarət idealogiyasının əmələ gətirdiyi partlayıcı birləşmə, belə görünür ki, qloballaşan Yeni Liberalizm dalğası altında bir daha parlamaqdadır. Əlbəttə ki, artıq movzu bioloji mülahizələrin ifrat sosial darvinist ümumiləşdirmələri deyil. Mövzu biotexnoloji tərəqqiyə maneə törədən “sosio-əxlaqi qandalların” tibbi və iqtisadi səbəblərə görə boşaldılmasıdır. Elə tam bu nöqtədə də Şroderlə (AFR kansleri – tərc) Raunun (AFR prezidenti – tərc), Azad Alman partiyası ilə Yaşılların siyasi münasibəti bir-birinə ziddir.

Bu mövzu isə təbii ki, ağlagəlməz spekulyasiyalardan xali deyil. Bir ovuc çılğın intellektual naturalizmə çevrilmiş post-humanizmin falına baxıb gələcəyi görməyə çalışmaqdadır. Əslində isə, onların etdikləri dırnaqarası zaman divarının (hipermodernizmə qarşı hiper əxlaq) dibində açıq bir formada Almaniya idealogiyasının çox tanış motivlərini örtməyə davam etmək mənasına gəlir22. Elitalar “bərabərlik illüziyalarını” və ədalət anlayışını tərk etsələr də, onların hələ bu fikirləri geniş kütlələrə yoluxdura bilmədiklərinə sevinməliyik. “İnsanlığın böyük yetişdiriciləri ilə kiçik yetişdiriciləri arasındakı dava”da “gələcəyin əsas ziddiyətini görən” və “mədəni ana fraksiyaları'' reallıqda ələ keçirdikləri seçmə qüdrətlərini artıq reallaşdırmağa cəsarətləndirən özündənrazı nitsşeci təlxəklərin fantaziya gücü, hal-hazırda sadəcə yazılı mətbuatda hay-küy qoparmaqdan o yana keçmir23. Mən isə, bunun əvəzinə, qorxudulub hürküdülən əxlaq duyğularımıza, plüralist bir cəmiyyətin qurduğu konstitusiyaya söykənən hüquqi dövlətin əsaslarından24 hərəkət etməklə izah etməyə çalışacağam25.

Ancaq bu yazı, bir-birinə qarışmış duyğuları aydınlatmağa yönəlmiş bir cəhddir. Bu cəhddə özüm də tam müvəffəq olduğuma əmin olmadığım halda, bəhs etdiklərimizdən başqa daha uğurlu həllərin olmadığı da başqa bir gerçəkdir26. Burda narahat olduğumuz fenomen özümüz olaraq mövcudluğumuz təbiətimiz ilə, özümüzə verdiyimiz orqanik material arasındakı sərhədin qarışmasıdır. Fiziki mövcudluğumuzun genetik təməlləri üzərində qənaət edilib-edilməyəcəyi məsələsinin, bizim həyat tərzimiz və əxlaqlı canlılar olaraq özünüdərkimiz baxımından daşıdığı önəm, mənim gen texnologiyası sahəsində hər hansı bir nizamalamaya ehtiyac olub-olmadığına dair müzakirələrə münasibətimi müəyyən edir. (İ) Abort mübahisələrində istifadə olunan arqumentlər, məncə, debatları yanlış yönə aparır. Çünki manipulyasiya edilməmiş genetik materiala sahib olmaq haqqı, hamiləliyə son vermə tənzimləmərindən fərqli bir mövzudur. (İİ) Başqa bir tərəfdən isə, gen manipulyasiyası növ-kimliyi ilə bağlı məsələlərə toxunur. Amma gəlin unutmayaq ki, növ-yaradılışı olan insanın özünüdərki ilə bağlı hüquq və əxlaq təsəvvürlərinin kök saldığı kontekst də bu sahədə yaranmaqdadır. (İİİ) Xüsusilə maraqlandığım məsələ, “doğub yetişən” ilə “edilib hazırlanan” arasındakı ənənəvi fərqin biotexnologiya sayəsində ortadan qalxması ilə subyektiv və obyektiv arasındakı indiyə qədər olan növ-etik ozünüdərkimizin necə dəyişəcəyi (İV) və genetik olaraq planlanan bir şəxsin öz mahiyyətinə necə təsir edəcəyidir. (V) Genetik materialın yevgenik olaraq proqramlanmış olduğu biliyi şəxsin, öz həyatını müstəqil olaraq şəkilləndirmə azadlığının məhdudlaşdırılacağını, azad və bərabər fərdlər arasındakı əsasən simmetrik olan münasibətləri laxladacağını güman edə bilərik. (Vİ) Embrion istehlak edən tədqiqatlar və İÖD, sürətlə yaxınlaşan liberal yevgenikanın gizlətdiyi təhlükələri əks etdirən nümunələr olduqlarını düşündüyümüzə görə, böyük etirazlara səbəb olmaqdadır (Vİİ).

14R. Kollek, I. Schneider, “Verschwiegene Interessen”, Suddeutsche Zeitung, 5 iyul 2001. Embriyon tədqiqatlarının siyasi əsaslarının ardında yatanlar haqqında baxın. Chr. Schwagerl, “Die Geister, die sie riefen”, FAZ, 16 iyun 2001.
15Hələ də qadağan olan dölyatağı müalicəsinin ümumi, ya da bəədn hüceyrə müalicəsinin dölyatağını dəyişdirəcək, ikinci nəticləriylə əlaqəli nəsillərarası təsirlərə bağlı əxlaqi məsuliyyət suallarını burda vermək istəmirəm. Bu barədə bax. M. Lappe, “Ethical Issues in Manipulating the Human Germ Line”, der. H. Kuhse ve P. Singer, Bioethics, Londra (Blackwell) 2000, s. 155-164. Bundan sonra, doğumöncəsi gerçəkləşən “genetik müdaxilələr”-dən bəhs ediləcək.
16N. Ağar, “Liberal Eugenics,” der. H. Kuhse, P. Singer (2000), s.173: Liberallar xəstəlik məfhumunun müalicəvi/yevgenik bölgüsünün zəruri etdiyi əxlaqi öhdəliklə əlaqəli oduğuna şübhə edirlər.
17Johannes Rau, “Der Mensch ist jetzt Mitspieler der Evolution geworden”, FAZ, 19 Mayıs 2001.
18Mən də digər dostlarım kimi bioelmlərdə sürətli, biotexnoloji cəhətdən qiymətləndirilən produktivliyin mümkün olduğunu düşünürəm: “Əksərən elm, ən yaxşı niyyətə sahib proqnozları qabaqlamaqdadır. Buna görə də Xiroşimanın genetik mühəndislik sahəsindəki oxşarı ilə hazır olmadan qarşılaşmaq riskini daşıya bilmərik. Çıxılmaz vəziyyətləri də hesablayan qaydalara sahib olmaq, anidən düşəcəyimiz vəziyyətlərlə bağlı heç bir prinsibə sahib olmamaqdan yaxşıdir.” N. Agar, “Liberal Eugenics”, der. H. Kuhse ve P. Singer (2000), s. 171-181, s. 172.)
19R. Kollek, Praimplantationsdiagnostik, Tübingen və Basel (A.Francke) 2000, s. 214.)
20A. Kuhlmann, Politik des Lebens, Politik des Sterbens, Berlin 2001,s. 104
21James D. Watson, “Die Ethik des Genoms. Warum wir Gott nicht mehr die Zukunft des Menschen überlassen dürfen”, FAZ, 26 Sentyabr 2000.
22Thomas Assheuer, “Der künstliche Mensch”, Die Zeit, 15 Mart 2001.
23Baxın:Zeit-Dokument 2,1999, s. 4-15.
24Habermas, Faktizitat und Geltung, Frankfurt am Main 1992; J.Habermas, Die Einbeziehung des Anderen, Frankfurt am Main 1996.
25Baxın:Die Zeit, S. 4-10, 2001.
26Lutts Vinqert ile Rayner Forstla etdiyim sıx fikir mübadiləsi, mənə çox kömək oldu. Əhatəli şərhləri səbəbilə Tilmann Habermasa da təşəkkür edirəm. Təbii ki, mənə köməyi dəyən bu şəxslərin, bu mövzuda çoxlu çəkinəcək məqamları var. Mənim ən böyük şəxsi narahatlığım, bioetika sahəsində təhsilimin olmadığı halda, bu mövzuya girməyimdir. Məsələn, Aylen Byukenen, Daniel V. Brok, Norman Daniels və Daniel Viklerin From Chance to Choice, Cambridge UP, Cambridge, Mass. 2000 adlı tədqiqatları ilə bu mətni yazdıqdan sonra tanış olduğuma görə heyfslənirəm. Həmin diskussiyalarda qoyulan deontolojik perspektivi mən də qəbul edirəm, amma bəzi fikir ayrılıq-larımızın olması, mətnin sonundakı qeydlərimdə öz əksini tapır.
Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?