Şahmat. /novella/

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Yarım ildən sonra Mirko şahmat texnikasının bütün sirlərinə bələd oldu, lakin sonralar ixtisas dairələrində tez-tez üzə çıxan və lağa səbəb olan qəribə məhdudluğunu dəf edə bilmədi, çünki Çentoviç, bircə partiyanı da olsun, əzbərdən, ya da peşəkarların dediyi kimi, “gözübağlı” oyna-mağı bacarmırdı. Şahmat xanalarını fantaziyanın sonsuz kəhkəşanında canlandırmaq bacarığı onda yoxuydu. Altmış dörd xanadan, otuz iki fiqurdan ibarət ağlı-qaralı dördkünc taxta gərək həmişə gözünün qabağında olaydı. Lap dünya şöhrətinə yetişdiyi çağlarda da həmişə özü ilə qatlaqlı cib şahmatı gəzdirərdi ki, ustad partiyalardan birini bərpa edəndə, ya da hər hansı bir məsələni həll etmək istəyəndə vəziyyəti gözü önündə canlandıra bilsin. Özlüyündə xırda sayılan bu çatışmazlıq təxəyyül gücünün kəmliyindən xəbər verirdi və görkəmli bir virtuoz, ya da dirijor bağlı partitura ilə ifa edə, yaxud ifa etdirə bilmədiyini büruzə verəndə musiqiçilər arasında gedən dedi-qodular kimi bu da dar çərçivədə canlı mübahisələrə səbəb olurdu. Lakin bu qəribə xasiyyət Mirkonun ecazkar yüksəlişinə heç də maneçilik etmirdi. Hələ on yeddi yaşını keçəndə bir qalaq şahmat mükafatı qazanmışdı, on səkkiz yaşında Macarıstan çempionu, iyirmisində isə artıq dünya çempionu olmuşdu. Napoleon pəndəm Kutuzova, Hannibal ləng Fabiyə təslim olduqları kimi, ən cəsur çempionlar da özü də hər biri intellektual bacarığına, fantaziyasına, cəsurluğuna görə ondan qat-qat üstün onun ardıcıl, soyuq məntiqinin qarşısında diz çökürdülər. Belə çıxırdı ki, öz sıralarında çeşidli ağıl dəryalarını filosofları, riyaziyyatçıları, hər şeyi düşünüb-daşınanları, ölçüb-biçənləri və daha çox yaradıcı insanları birləşdirən şahmatçıların görkəmli qalereyasına birinci dəfəydi, mənəvi aləmin tam autsayderi, ağır, qatırtək tənbəl bir kəndli balası düşmüşdü ki, ondan da çapa gedə biləcək fərli-başlı bir söz qoparmaq indiyə qədər, ən çevik jurnalistə belə müyəssər olmamışdı. Orası da var ki, Çentoviçin ictimaiyyətdən gizlətdiyi və qəzet səhifələrində gedən sığallı fikirlərini tezliklə şəxsiyyəti barədə saysız lətifələr əvəz etdi.

Çünki mütləq çempion kimi şahmat taxtasının arxasından duranda, o, məzəli, az qala, gülməli bir görkəm alırdı; dəbdəbəli qara kostyumuna, adamın gözünü qamaşdıran mirvari sancaqlı ehtişamlı qalstukuna, səliqə ilə boyanmış dırnaqlarına baxmayaraq, hərəkətlərində, davranışında yenə də keşişin evini süpürən həmin kəndli balasıydı. Kütlüyü, həm də abırsız pəndəmliyi ilə peşədaşlarının gülüşünə, hiddətinə səbəb olan hərəkətlər edirdi, hər xırda şeyə əlahiddə acgözlük göstərib öz istedadından, öz şöhrətindən pul qoparmağa çalışırdı.

Bu şəhərdən o şəhərə yollanır, ən ucuz mehmanxanalara düşür, pul boyun olunsaydı, adı it dəftərində tapılmayan yerlərdə də oynayırdı, sabun reklamlarında şəklini çəkdirir, üç cümləni bir-birinin ardınca düzgün yaza bilmədiyinə yaxşı bələd olan rəqiblərinin kinayəsinə məhəl qoymadan pul xatirinə adını hətta “Şahmat Fəlsəfəsi”ndə gedən yazıların altına da atırdı, həqiqətdə isə bunu hələlik tanınmayan qalitsiyalı bir tələbə öz işinin ustası naşirin sifarişi ilə yazırdı. Bütün cahillərdə olduğu kimi, onda da gülüş duyğusu çatışmırdı. Dünya çempionatlarındakı yengisindən sonra özünü yer üzündə ən dəyərli insan sayırdı, bu cür ağıllı, kamallı parlaq natiqlərin, yazarların hamısını öz meydanlarında yerə vurduğu fikri, öncə də onlardan çox qazanması faktı keçmiş inamsızlığını onun ləngliklə, açıq-aşkar büruzə verdiyi soyuq bir təşəxxüsə çevirmişdi.

– O cür tez gələn şöhrət belə boş başı necə gicəlləndirməsin axı?! Çentoviçin uşaqlıq nadanlığından bir-iki klassik epizodu mənə indicə söyləmiş dostum öz hökmünü verdi. Banat vilayətindən olan iyirmi bir yaşlı kəndli balası taxta üstündəki daşları oyan-buyana fırlamaqla, doğma kəndinin bir ildə meşə doğramaqla, özünü oda-közə vurmaqla qazandığını qəflətən bircə həftədə qazanırsa, necə olmalıydı?!

Bir də ki Rembrandtın, Bethovenin, Dantenin, Napoleonun həyatda haçansa yaşadığından yerli-dibli xəbərsiz bir adamın özünü böyük şəxs sayması nə çətinmiş ki?! Bu gədənin daşlaşmış beynində vur-tut bircə fikir dolaşır ki, o da aylardan bəri heç kəsə uduzmamasıdır, yer üzündə şahmat və puldan başqa ayrı dəyərlərin varlığından bixəbər olduğuna görə öz-özünə vurulmağına hər cür əsası var.

Dostumun bu kəlmələri düz hədəfə dəyib məndəki xüsusi marağı yenidən oyatdı. Yalnız bir ideyaya qapılmış monomanial adamların bütün növləri ömrüm boyu məni rahat buraxmırdı, çünki özünü daha çox məhdudlaşdıranlar həm də daha çox sonsuzluğa yaxınlaşırlar. Özlərini dünyadan açıq-aşkar təcrid etmiş belə adamlar, termitlər kimi, öz xüsusi maddiliklərində aləmin çox qəribə, həm də tamam təkrarsız, xırdalanmış obrazını yaradırlar. Ona görə də Rio-de-Janeyroya qədər olan on iki günlük səfərimdə onu daha yaxından müşahidə edəcəyim barədəki fikrimi gizlətmədim. Amma dostum məni xəbərdar edib dedi:

– Bu sarıdan bəxtiniz gətirməyəcək. Mənim bildiyimə görə, Çentoviçin psixoloji aləmindən az-çox bir şey qoparmaq hələ heç kəsə nəsib olmayıb. Bu ütük kəndli uçurumlu məhdudluğunun arxasında həm də böyük bir ağıl gizlədir, heç vaxt eybini büruzə vermir, çox sadə bir yolla, balaca mehmanxanalarda axtarıb-tapdığı özü səviyyəli yurddaşlarından başqa heç kəslə söhbətə qoşulmur. Savadlı adamın iyini alan kimi ilbiztək öz çanağına çəkilir, ona görə də heç kim döşünə döyə bilməz ki, ondan nəsə axmaq bir söz eşidib, ya da kəmsavadlığının hüdudsuz dərinliyinə haçansa baş vurub.

Yəqin ki, dostum haqlı imiş. Səyahətimizin birinci günü üzə salmadan Çentoviçə yaxın düşmək qəti mümkün olmadı, məndə də elə xasiyyət yoxdur ki, üzümə salım. Hərdən göyərtədəki gəzinti meydançasında bir-iki addım vurnuxurdu, onda da əllərini dalına qoyub öz aləminə qapılmış həmin məğrur vəziyyətində, Napoleonun məşhur şəklində olduğu kimi, bundan əlavə, göyərtədə çöl ördəyi kimi elə tez-tez yeriyirdi ki, dindirmək üçün gərək mütləq arxasınca qaçaydın. Ümumi odalarda– barda, siqaret guşəsində isə qəti görünmürdü, gəmi bufetçisinin etibarlı mənbələrdən öyrənib mənə çatdırdığına görə günün çox hissəsini öz kayutunda keçirir və burada iri şahmat taxtasının arxasında müəyyən partiyaları təhlil edib təkrarlayırdı.

Üç gün keçəndən sonra, doğrudan da, öz-özümə hirslənməyə başlamışdım, çünki oğlanın ustalıqla özünümüdafiəsi mənim ona yaxın düşmək cəhdimdən xeyli məharətli idi. Şahmat çempionu ilə şəxsi tanışlıq yaratmaq imkanı hələ indiyə qədər həyatımda mənə qismət olmamışdı və indi belə bir adamı yaxından tanımağa nə qədər çalışırdımsa, ömrü boyu yalnız qaralı-ağlı altmış dörd xananın məkanında fırlanan əqli fəaliyyət mənə bir o qədər ağlasığmaz görünürdü. İnsanın düşünüb tapdığı, təsadüfün zülmündən müstəqil şəkildə qopan öz zəfər bayrağını yalnız mənəviyyata, ya da daha çox Tanrı vergisinin müəyyən formalarına bəxş edən bu “xaqanlar oyunu”nun, bütün oyunlar içində bu yeganə oyunun sirli cazibə qüvvəsinə, görünür, mən də öz şəxsi təcrübəmdən bələd imişəm. Ancaq şahmata oyun deyəndə məgər insan özünü təhqiramiz məhdudluğa borclumu bilməlidir? O özü də bir elm, bir incəsənət deyilmi, Məhəmməd peyğəmbərin ruhu Göylə Yer arasında süzdüyü kimi, o da həmin kateqoriyalar arasında süzmürmü, bütün qoşa ziddiyyətlərin birdəfəlik əlaqəsi deyilmi, həm ulu, həm də əbədiyaşar, quruluşca sadə, təxəyyülcə təsirli, geometrik donuq məkanda məhdud, kombinasiyalarında isə hüdudsuz, həmişə inkişafda, amma yenə də tərtəmiz, insanı heç yana çıxara bilməyən bir riyaziyyat, əsərsiz bir incəsənət, varlıqsız bir arxitektura, bununla belə, öz varlığında, öz yaşamında bütün kitablardan, bütün əsərlərdən dözümlü, bütün xalqlara, bütün zamanlara aid olan bir oyun, sıxıntını öldürmək, zehni itiləmək, qəlbi riqqətə gətirmək üçün hansı tanrının onu yer üzünə göndərdiyindən heç kimin xəbəri olmayan əvəzsiz bir oyun deyilmi? Əvvəli haradadır, sonu harada? İlk qaydalarını hər uşaq öyrənə bilər, hər naşı özünü orada sınayar, lakin bu dəyişməz, dar kvadratın içində növ-növ ustalar yetişər ki, buradan da biri digərinə bənzəməyən şahmat istedadlı insanlar, öz təxəyyüllərində, səbirlərində, texnikalarında dəqiq, müəyyən bölgü ilə fəaliyyət göstərən dahilər yaranar– riyaziyyatçılar, şairlər, musiqiçilər kimi, ancaq başqa səpkidə, başqa qovuşuqda. Fizioqonomiyaya marağın ilkin çağlarında Qall kimi birisi, bəlkə də, belə şahmatçıların beynini yaraydı, öyrənmək istəyəydi ki, bu şahmat dahilərində beynin boz kütləsində xüsusi bir qırış, şahmat əzası, ya da şahmat çıxıntısı varmı, başqa kəllələrə nisbətdə oradakı cizgilərin sayı nə qədərdir? Yüz kiloluq boş qayanın içindən keçən yeganə qızılı sap kimi mütləq intellektual ətalətə sərpələnmiş təki görünən bu bənzərsiz dahi Çentoviçin məsələsi belə bir fizioqonomu, bilirsiniz, necə maraqlandırardı! Əslində mənə çoxdan aydın idi ki, bu cür təkrarsız, bu cür dahiyanə oyun önəmli xadimləri çoxdan yaratmalıydı, lakin ruhən dinclik tapmayan, dünyanı özü üçün daraldıb qaralarla ağlar arasında biryönlü, dar orbitə çevirən, həyat üzərindəki qələbələrini otuz iki fiqurun ora-bura, irəli-geri çəkilməsində axtaran, insanın həyatını, yeni debütdə piyada əvəzinə at qabağa verməkdə ciddi bir əməl görən və şahmat taxtasının bir qırağında ona ölməzlik gətirəcək vecsiz bir guşənin ayrılmasına böyük əhəmiyyət verən bir insanı, on, iyirmi, otuz, qırx il zehnini gərginləşdirib var gücünü ardı-arası kəsilmədən taxta üstündə taxta şahı bir küncə qısnamaq kimi gülünc bir məşğuliyyətə sərf edən ağıllı insanı təsəvvürə gətirmək nə qədər çətin, nə qədər də mümkünsüz imiş!

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?