Xəmsə

Text
Aus der Reihe: Uşaq ədəbiyyatı #9
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Ağıllı qocalar xəbər verdilər ki, o şux pərilər çox da uzaqda olmurlar. Görünən dağın ətəyində yaşıl bir düzən onların məskənidir. Bu yerin ətrafı sıx meşədir.

Elə ki sincab örtüyünə bürünmüş dövran başaq rəngli paltar geyindi – səhər açıldı, Əlbürzün başında günəş göründü, Şapur oyandı. O ürək oynadan gözəllərdən qabaq oyanmış Şapur onlardan əvvəl çəmənə gəldi. Bir kağız alıb üzərində Xosrovun şəklini yaratdı. Sənətkarlıqla yaratdığı həmin şəkli bir ağacdan asdı. Sonra isə bir xəlvətə çəkildi.

Pəri üzlü gözəllər çəmənə toplaşdılar. Gah şümşad, gah gül topladılar. Qönçətək bağlı, tazə-tər gözəllər dost kimi əyləşmişdilər. Könülsüz bir qədəh mey içmədilər, gül-çiçəyə mey çilədilər. Bu yer yadlardan uzaq olduğuna görə sərxoş halda rəqsə başladılar. Biri təzə-tər gülə salam verir, biri bülbülə nəğmə oxuyurdu. Şadlıqdan başqa bir şey bilməyən qəlblərində qüssədən əsər yoxdu. Şirin də o gözəllərin içində Ülkər içində Ayı xatırladırdı.

Birdən gözü Xosrovun şəklinə sataşdı. Gözəllərə dedi:

– Şəkli mənə gətirin, onu çəkəni isə tez axtarıb tapın.

Şəkli gətirdilər. Onu əlinə alıb bir saata qədər lal-dinməz ona baxdı. Qırağa qoymağa ürəyi gəlmirdi. Həya imkan vermirdi ki, şəkli qucaqlasın. Hər an baxanda bihuş olurdu. Qədəhdən bir az sərxoş olan Şirin şəkli görürkən ruhu gedirdi. Gözəllər şəkli gizlətsələr də, yenə tələb edirdi. Qaravaşlar qorxuya düşdülər ki, Şirin bu şəklə bənd olar. Ona görə də şəkli cırıb aradan götürdülər. Şirin şəkli soruşanda cavab verdilər:

– Yəqin, divlər apardı. Bu yer qorxulu yerə bənzəyir. Gedək başqa bir yerdə məclis açaq.

Atları başqa bir çəmənə sürdülər.

Səhər Şapur yenə qızlardan qabaq çəmənliyə gəldi. Xosrovun şəklini çəkib onların məclis quracaqları yerdə asdı. Şirin şəkli görüb çox təəccübləndi. Qızlar yenə də şəkli onun əlindən aldılar, yerlərini dəyişib başqa məclis qurdular.

Ertəsi gün vəziyyət yenidən təkrarlanır. Qızlar yenə də şəkli gizlətdikdə Şirin şəkli tələb edir. Qızlar nə qədər onu sakitləşdirmək istəsələr də, bacarmırlar. Şirin təkidlə şəkildəkinin kim olduğunu bilmək istəyir. Qızlardan birini göndərir ki, bir xəbər öyrənsin.

ŞAPURUN ÖZÜNÜ ŞİRİNƏ GÖSTƏRMƏSİ

Şapur qəflətən xəlvətdən çıxdı. Şirin Şapurun üzündə özünə bir məhrəmlik gördü. Hiss etdi ki, şəkildən onda bir xəbər var. İşarə elədi:

– Çağırın gəlsin, bir az yeyib-içsin, bir az da dincəlsin. Bəlkə, bu şəkildən bir xəbər verdi.

Kənizlər Şapurdan şəkli soruşdular. Şapur cavab verdi ki, bu, ayaqüstü söhbət deyil.

Xidmətçilər Şirinə sarı qaçıb onun söylədiyini xəbər verdilər. Xəbəri eşidən Şirinin damarda qanı qaynadı. Ucaboylu pəri, mələküzlü qız Şapurun yanına gəldi. Qərarsız halda Şapuru səslədi:

– Mənimlə bir müddət həmsöhbət ol.

Bu sözü eşidən hiyləgər Şapur dayanmaq qərarına gəldi, o pəriüzlüyə xeyli tərif söylədi.

Şirin soruşdu:

– Kimsən, nəçisən?

– Yaxşıya, yamana çox rast gəlmişəm, – deyə Şapur cavab verdi, – dünyada nə qədər məna varsa, hamısından xəbərdaram. Məğribdən Məşriqə qədər böyük dünyanı hədər gəzmədim.

Şirin Şapuru cəsarətli görüb soruşdu:

– Bu şəklin mənası nədir?

Şapur cavab verdi:

– İstəyirəm ki, üzün bəd nəzərlərdən uzaq olsun. Bu şəklin isə söhbəti çox uzundur. Mənzil xəlvət olsa, bildiyimin hamısını deyərdim.

Şirin ətrafındakılara əmr etdi, onlar da ulduztək dağılıb getdilər.

Şapur meydanı belə görcək dedi:

– Şəkildə gördüyün bu pak üzlü insan yeddi iqlimə hökmrandır, şahlar şahıdır. Adı Xosrov Pərvizdir. Şahənşahlıq ondan qüvvə alır.

Şirin Şapurun sözünə dərindən fikir verir, şirin sözlərinin dadını duyurdu.

… Müsahibini dost, yeri tək görüb dedi:

– Ey abid, sən allah, kömək elə, sənə pənah gətirdim. Bu surətə çox vuruldum.

Vəziyyəti belə görən Şapur düşündü: “Doğrunu demək daha xoş olar”.

Sonra and içib söylədi:

– Ey göylərin şamı, şahların ilhamı! Nəqqaşlıqda ad çıxarmışam. Bu şəkli də mən yaratmışam. Sən onun şəklinə bu qədər vuruldunsa, gör özünü görsən, neylərsən?

Xosrov Pərviz maraqlı, zirək və ayıq igiddir. Ülfətdə dostluğu, qəzəbdə şiri xatırladır. Bir güldür ki hələ xəzan görməyib. İlk bahar gəncliyi ondan öyrənib. Nəsəbini tanımaq istəsən, Cəmşid, həsəbini bilmək istəsən, günəşdir. Onun qoşununa aləm dar gəlir. Bayrağı göylərdən də ucadır. əgər polad behbudunu götürsə, almaz zirehi belə məhv edər. Gözəllikləri bayrama zinətdir. Hüsnü əlavədir, əsas onun hünəridir. Bu camal, bu calala sahib olsa da, sənin yolunda gecəsi-gündüzü yoxdur. Nə şərab içir, nə də danışır. Şirindən başqa bir həmdəm istəməz. Heç kəs belə bir qüssəyə batmasın.

Bundan ötrü məni qasid göndərib. Mən söylədim. İndi hər iş sənindir.

Şapur sözünü qurtardı. Şirin bu sözlərdən sanki sərxoş olmuşdu. Birtəhər özünü cəmləyib Şapura dedi:

– Ey aqil kişi, bu işi necə başa vuraq?

Şapur dedi:

– Sən ey günəşdən gözəl, qəlbini qayğıdan kənar saxla. Sirrini heç kəsə açma. Sabah gərək ov adıyla qaçasan. Sən səyyarə kimi mil-mil uzaqlaş. Mən də sənin ardınca gəlməyə çalışaram.

Bunları deyən Şapur Xosrovun göndərdiyi üzüyü çıxarıb ona verdi və dedi:

– Əgər yolda şaha rast gəlsən, bu hilalı ona göstər. Xosrovun köhləni qızıl nallı, paltarı isə qaş-daşlı və cah-cəlallıdır. Görməsən, Mədain yolunu tutub get. Şah qəsrini soruş, həmin mənzilə get. Mədaində xəznələr üstə xəzinə taparsan. Müşk ilə dolu qəsri tapıb, ora düş. Şahın üzüyünü qızlara göstər, həmin gülşəndə sərv kimi azad, təzə meyvə vermiş budaq kimi şad yaşa…

Şapur sözünü başa vurdu. Sehri ayı, məkri isə hurini tutdu.

ŞİRİNİN OVA GETMƏSİ VƏ ORADAN MƏDAİNƏ QAÇMASI

Elə ki Günəş qalxıb göyləri nurlandırdı, Şirin qalxıb atına mindi, yola hazırlaşdı. Gözəllər örpəklərini başlarından açdılar. Başqa cür paltar geyindilər. Başlarına gözəl oğlanlartək papaq qoydular. Adət belə idi: ova gedənlər oğlan paltarında gedərdilər. Şirinin dövrəsində halqa vurdular. Hamısı birdən atlara mindilər. Saray həyətindən çox şad – həyat suyu içmiş Xızırtək çıxdılar.

Çöldə atlarını sürüb getdilər. Dağlardan aşıb düzə yetdilər. Şirin Şəbdizin belində idi. Özü minici, atı isə qaçağandı. At qızışdı, onun halı dəyişdi. Kənizlər Şirindən aralı düşdülər. Dedilər, yəqin, at cilov aparır. Ardınca bir xeyli at qovdular, lakin tozundan belə əsər yox idi. Gecə yarıya qədər axtardılar. Ümidlərini üzüb geri döndülər.

Şahlarından ayrı düşdüklərindən geri dönərkən hamısı yorğundu. Ulduz karvanı axşam aysız geri – Banunun sarayına döndü. Başlarını əyib məyus durdular. Nə varsa, yanıqlı bir dillə söylədilər.

… Banu bu xəbəri alanda köhnə dərd-qəmini yadına saldı. Taxtdan çox qəmli-qəmli düşdü. Qəmindən başını qucaqladı, göz yaşı tökdü… yaman ağladı.

… Bu zaman Şirin Şəbdizin belində dünyanı cavan Pərviz üçün ölçürdü. Gecəli-gündüzlü yol gedirdi. Kişilər kimi paltar geymişdi. Bir qəfil düşməndən xof etdiyindən yoldan qıraq, dağda-çöldə gedirdi. Şirin cana cəfa verərək atını yüyrək sürürdü. Birdən behişt kimi xoş bir çəmənzar gördü. Dirilik suyu kimi bir çeşmə vardı. Şirinin bədəni xeyli yorğundu. Sifəti və əli tamam toz içində idi. Çeşmə ətrafını bir qədər gəzdi. On ağaclıda da bir insan yox idi. Atdan yerə endi. Atı bağladı.

Bildi ki, onu bir insan övladı görməz. Mavi rəngli fitə bağladı, suya girdi. Gülü çeşmə yusa, nə qəşəng olar… yox, səhv etdim, suda gül bitsə. O, gümüş əndamı ilə sulara nur səpən bir mələyə bənzəyirdi.

ATASINDAN QORXUB QAÇAN XOSROVUN ƏRMƏNƏ GƏLMƏSİ

Xosrov şahın əziz bir övladı idi. Bu mehribanlığı düşmənlərin gözü götürmədi. Bir neçə hiyləgər bir yerə toplaşıb Pərvizin adına sikkə kəsdilər, onu bir neçə şəhərə göndərdilər. Əcəm şahı bundan çox narahat oldu. Sikkəni və qılıncı gördüyü zaman qoca qurd cavan aslandan qorxdu.

Şah istədi bir şey bəhanə edib Xosrovu tutub zindana salsın. Bilmirdi ki, təzə ayı tutub saxlamaq olmadığı kimi Xosrovu da bağlamaq olmaz. Qəlbində doğruluq olan insan cahan tutar, amma cahan onu tuta bilməz.

Büzürgümmid bu işdən xəbər tutub tez Xosrovu tapdı, nə varsa, ona anlatdı. Xosrov başa düşdü ki, pis zəmanədir, hər şey onun ölümünə bir bəhanə ola bilər.

… Xosrov atın belinə qalxıb Ərmən elinə üz tutdu. Qəlbi qəm-kədərlə yüklənmiş Xosrov iki günlük yolu bir günə qət edirdi. Şirinin çimdiyi çeşmənin yanından keçəndə gördülər ki, atlar tamam yorulub. Xosrov əmr etdi ki, qullar dayansın, köhlənlər yemlənib tumarlansın.

Xosrov qullardan ayrılıb bir kənara çəkildi. Yavaş-yavaş o çəmənzara sarı getdi. Bir firuzə rəngli bağçanı fırlandı. Bir çeşmə gördü ki, hər yanı güldü.

… Xosrov baxdı, nurdan gözü qamaşdı. Birdən gözü aya sataşdı. Bir az ona baxdı, canı üşəndi. Titrəməyə düşdü, qanı üyüşdü.

… Şirin başına su töküncə, elə bil aya mirvarilərdən şeh düşürdü.

… O sənubər gül şahdan xəbərsizdi. Saçları gözünü tutmuşdu, sanki sünbül nərgizin yolunu kəsmişdi. Saçlarını geri atan zaman Şirin şahzadəni gördü. Şahın baxışından utandı. Suya düşmüş aytək titrədi. Başqa bir çarə tapmadığından saçları ilə ay üzünü bürüdü.

Xosrovun da qəlbi titrədi. Gördü ki, onun halı da dəyişdi. Sanki ürkmüş çəmən maralı ovçu şiri görmüşdü. Şir qorxmuş ovu parçalamaz. Odur ki, Xosrov da nəfsini topladı, həvəsini mərdanəliklə boğub daha o tərəfə baxmadı. Lakin yaralı könlü ordan ayrılmırdı. Başqa çiçək, gül ona xoş gəlmirdi.

… Şirin bu çeşmə üçün yolundan qaldı, Xosrovu isə bu çeşmə dərbədər saldı. Hər kəs çeşmə üstə durub dincələr, quru çörəyini isladar. Onlarsa bu yerdə qəmlə yükləndilər. Nazik ürəkləri min dərdə düşdü.

Şah ona bir az imkan yaratdı. Pəri çıxıb paltarını geyindi, Şəbdizi mindi. Öz-özünə fikirləşdi: “Bu gənc, görəsən, kimdir? Əgər bu gənc mənim sevdiyim deyilsə, niyə onu görüncə qəlbimi çaldı? Xosrovun geyimi, deyilənə görə, ləldir. Əgər dildardırsa, bəs həmin nişan hanı?”

Şirin bilmirdi ki, şahlar səfərə çıxarkən ehtiyatdan başqa cür paltar geyinərlər.

 

… Qəlbi çırpınır, ağlı isə deyirdi: “Bəsdir, üzünü döndər. İki yana namaz qılmaq əbəsdir. Eyni zamanda iki badə içilməz. Bir bəndəyə iki ağa seçilməz. Bu cavan oğlan həmin şah olsa da, qoy məni pərdədə görsün. Pərdəsiz gülə toz qonar”.

Bu fikirlərlə atını səyirtdi. Xosrov bir də geri dönüb baxanda heç kəsi görmədi. Atını o yan-bu yana sürdü, çeşmə ətrafını bir qədər gəzdi, gövhərdən orada bir əsər tapmadı. Heyrət etdi ki, o könül çalan bu tezlikdə necə gözündən itdi? Qəlbindən bir ah qopdu: “Bahar tapdım, əlim bir bar dərmədi. Fərat gördüm, əlim suya dəymədi. Nadan olduğumdan gövhər əlimdən çıxdı. Gərək bu qəlbimə min daş vuram. Səhər gördüyüm gülü dərmədim, onu gecə küləyi apardı”.

Bir xeyli ağlayıb göz yaşı tökən Xosrov çeşmə ətrafında bir xeyli gəzib dolandı. Sonra isə baş götürüb Ərmən torpağına getdi.

ŞİRİNİN XOSROVUN SARAYINA YETİŞMƏSİ

Fələk bir işi düzəltmək istəsə, əvvəlcə gərək min oyun çıxartsın. Bir əkinçiyə xəzinə vermiş olsa, gərək əvvəlcə onu incitsin. Həyat yolunda tikan olmasa, güllərin qədrini bilən olarmı?

Xosrovdan ayrılan Şirin hər gün Xosrov Pərvizi soraqlaya-soraqlaya gəlib Mədain qəsrinə çıxdı. Özünü kənizlərə nişan verdi. Şirinin üzünü görən kənizlər həsrətlə dodaq dişlədilər. Hamı şah hüzuruna gəlmiş adam hesab edib Xosrovtək ona hörmət elədilər. O qəsrdə olan bir çox rəqiblər hesab elədilər ki, o da bir kənizdir. Şirin də onlarla kənizlər kimi rəftar elədi.

XOSROVUN ATASINDAN QAÇMASINDAN ŞİRİNİN XƏBƏR TUTMASI

Şirin Mədaində vüsal gözləyir, şirin dodağından bal axıdırdı. Bir ay səbir elədi, intizar çəkdi. Sonra Xosrovdan xəbərdar oldu. Bildi ki, şahdan qorxub ova getmiş, Ərmən tərəfə səfər etmişdir.

Bir acı həqiqət də ona açıldı ki, onun yoluna çıxan Xosrov imiş.

Şirin bir müddət orada qaldıqdan sonra kənizlərdən xahiş etdi ki, onun üçün yeni bir saray tiksinlər. Şirinin gözəlliyinə həsəd aparan kənizlər bənnaya çoxlu pul verib tapşırırlar ki, yolu daşlıq, havası boğucu olan bir yerdə qəsr tiksin. Kirmanşahdan on ağac qədər məsafədə Şirin üçün saray tikildi. Şirin bir neçə mehriban, təmiz qızla ora köçdü.

XOSROVUN ƏRMƏNƏ ÇATMASI

Xosrov o yerlərə gəlib çatcaq nəsim sərhədçilərə xəbər çatdırdı. Məmurlar qabağa yüyürdülər. Yoluna xalı, ipək, zər döşədilər. Oradan birbaş gedib Muğana çıxdı. Muğandan da Baxrzana keçib getdi. Məhin Banu bundan xəbər tutunca qarşılamaq üçün tədbir tökdü. Banu özü şah dərgahına gəldi. Şah da ona çox ehtiram göstərdi. Banu bir həftə tamam səhər-axşam ona töhfələr göndərdi. Bir həftədən sonra gözəl bir gündə Banu yeri öpüb ayağa qalxdı. Xosrovla danışmağa başladı. Dedi:

– Gəl bizimlə Bərdəyə gedək. Qışı orda qalaq, gəzək, kef eləyək. Bizim bu Bərdənin yeri Arandır. Otu, suyu çox olan bir gülüstandır.

Xosrov Banunun təklifini qəbul edib, dedi:

– Sən get. Mən də ardınca dayanmayıb gələrəm.

Sübh açıldı, Xosrov ayağa qalxdı. Oradan birbaş Ağ bağa yollandı.

XOSROVUN KEF MƏCLİSİ VƏ ŞAPURUN GƏLMƏSİ

Bir gecə Xosrov məclis qurmuşdu. Novruzdan da şən olan bu gecə şahın məclisində incə sözlülərin mehriban səsi qulaq oxşayırdı. Nədimlər hikmətdən söhbət açmışdı. Bir tərəfdə məzhəkə, bir tərəfdə ülfət… Kəyan çadırının dörd bir yanı göz oxşayırdı. Çadırlarda yanan udun, ənbərin xoş ətri hər yana çökmüşdü. Şərablar içəni xumar edirdi.

Kaman Musa kimi yanır, inləyir, Xosrov xanəndəni dinləyirdi. Oxuyan bir gözəl qəzəl başladı. Bu isə məclisə başqa bir ruh gətirdi.

Şah sərxoş idi. Saqinin əlindəki cam onu gözləyirdi. Çəng səsi hər yanı tamam tutmuşdu. Xosrovun sərvtək gözəllərindən biri sevincək halda şaha yaxınlaşdı:

– Şapur gəlib, – dedi, – rüsxət istəyir, gəlsin, ya gəlməsin.

Xosrov sevincindən sıçrayacaqdı. Özünü güclə saxladı, tərpənmədi.

– Şapuru hüzura buraxın, – dedi. Qəlbi həyəcanla titrədi. Təlaşlı ürəyi çırpındı. Göz yolda qalanda ürək paralanar. Ayrılıq çəkmək ağır bəladır. Doğrudur, heç bir qəm işgəncəsiz olmaz, ancaq gözü yolda qalmaq lap yaman olur. Həsrət ömrü qırıb, üzü saraldır.

Şapur içəri gircək yerə öpüşdən bəzək vurdu. Şahın qarşısında bir qul kimi qaldı. Xosrov onu oturtdu, məclisdəkilərə oranı tərk etməyi tapşırdı.

Şapur şaha dua etdi:

– Şahımın işi rəvac olsun! Qoşunu daim düşmənə qələbə çalsın! Bu dövlət papağı daim onun başında qalsın!

Sonra isə başına gələnləri əvvəldən-axıra bir-bir şaha danışdı. Qızların gözündən gizləndiyini, şəkli asıb Şirini necə məftun etdiyini, hindular kimi yoldan çıxardığını, şahın qəsrinə necə yola saldığını bir-bir söylədi.

Şah ixtiyarsız qucaqladı, gövhərə qərq elədi. Çox təşəkkür edib dedi:

– Hünərin mənə aydın oldu.

Çeşmə əhvalatı, o ay, o həsrət Şapurun sözünə qüvvət verirdi.

Xosrov da bir-bir gördüyünü danışdı. O ay üzlüyə necə əsir olduğundan söz açdı. Yəqin etdilər ki, o sevimli quş burdan düz Mədain şəhərinə uçmuşdur. Qərara aldılar ki, Şapur yenə durmasın. Mədainə yollansın. Şirini geri qaytarsın.

XOSROVUN ŞİRİN ƏHVALATINI MƏHİN BANUYA XƏBƏR VERMƏSİ

Həyat aləmi hər şeydən üstün, cavanlıq isə ən qiymətli gündür. Həyatdan yaxşı olan nə ola bilər? Gənclikdən başqa hər şey əfsanədir. Xosrov dünya böyüyü idi. Könlü, qəlbi şən bir gənc idi. Nəğməsiz bir udum badə içməzdi. Bir günü də çalğısız, rəqssiz keçməzdi. Bir dastan söyləyənə xəzinə verərdi.

Bir gün Xosrov əldə badə içərkən Məhin Banu həmin məclisə gəldi. Şah ona xüsusi hörmət göstərdi.

Böyük məmurlar Xosrovun yanında oturub içməyə qərar verdilər. Xosrov Banu ilə mey içə-içə gizlicə xeyli söhbət elədi. Acı meydən sərxoş olunca Şirindən söz saldı. Onun qaçmasından danışdı – dilində təəssüf, qəlbində sevinc:

– Deyirlər, qardaşınız qızı bir sərvboylu dilbərdir. Eşitdim ki, yeltək qaçan atı onu qaçırıb. Bizim ölkədən bir qasid gəlib. Ondan xeyir xəbər eşitmişəm. Əgər bir-iki həftə burada qalsam, harada gizləndiyini bilərəm. Adam göndərərəm ki, onu geri qaytarsın.

Bu xəbəri eşidən Banunun sevindiyindən huşu başından getdi. Qəlbdən gələn həzin bir nalə ilə şaha yalvarmağa başladı:

– Haradadır? Kaş bircə dəfə yuxuma girsəydi! Görsəm ki, dəryanın içində üzür, onu gözlərimlə çıxarardım. Onu cantək sevib can verərdim.

Əgər şah Şirin üçün qasid göndərsə, mənim də ondan xəbərim olsun. Gedərkən Gülgünü ona verərəm. Dediyim köhlən Şəbdizlə eyni döldəndir. Büdrək olsa da, Şəbdizlə ancaq Gülgün ayaqlaşa bilər.

Xosrov buyuruq verdi ki, at gətirilsin, indi Şapura verilsin. Şapur atı mindi, bir an yubanmadan Mədainə yola düşdü.

Mədain mülkündə heç bir səs salmadan bir ay o sevimli ayı axtardı. Gördü ki, o ay üzlü sarayda yoxdur. Şapur onun öz qəsrinə yola düşdü.

Şapur təzə qəsrə girəndə qəmli, dünyadan uzaq bir yer gördü. Sanki gövhər bir daş yuvaya girmişdi. Şapur gövhəri görcək lələ döndü, onun ay üzünə təriflər deməyə başladı:

– Yolu necə gəldin, ay dilbər?

… Şirin Şapuru görərkən arzusuna yetişdi və utandığından üzünü örtdü. Təşəkkür eləyib dedi:

– Yediyim qəmləri, keçirdiyim acı dəmləri sənə söyləsəm… Yox, yox onları nə dil deyə bilər, nə də söz anladar… Bir daha o anlar geri dönməsin. Orda neçə fitnəkar kəniz vardı. Hərə öz kefində, gəl, ləzzət apar!

… Onlardan ayrılıb tək yaşamaq üçün dedim ki, mənə gərək bir qəsr tikilsin. Bu can sıxan yeri də onlar bəyəndi. Neyləyim, qatlaşdım, səbrim tükəndi.

Şapur Şirinə söylədi:

– Dur gedək! Pərvizin əmrinə itaət edək.

Şapur Şirini Gülgünə mindirib birbaş arzu gülzarına apardı.

XOSROVUN ATASININ ÖLMƏSİNDƏN XƏBƏR TUTMASI

Şah bir gün yarı xumar oturmuşdu. Gözləyirdi ki, haçan bəxti açılar. Bir qasid tələsik ona yanaşdı. Ona bir məktub gətirdi. Saraya yaxın olan kəslər yazıb anlatmışdılar ki, Hörmüz öldürülüb, taxt qəsb edilib. Anlatmışdılar ki, Xosrov tez gəlsin, bir tədbir görsün.

“Başın gilablısa, orda yuma, gəl” – deyə həyəcanla xəbərdar etmişdilər.

Xosrovu zəmanədən ağır bir dərd aldı. Gördü ki, zamanın vəfası yoxdur. Bu fani dünyanın ilqarı yoxdur. Bəzən insana bal qismət olur, bəzən də arı. İşdə dönüklük, sevgidə hicran olur. Şirin əsla acıdan ayrı olmur.

XOSROVUN MƏDAİNƏ GETMƏSİ

Elə ki Allahın əmri ilə Hörmüzün şahlığı puç oldu, Xosrov uğurlu bir vaxtda gəlib taxta oturdu. Ürəyi Şirinə nə qədər bağlı olsa da, ölkəni tərk eləmək xəta olardı. Bir yandan ölkəyə şahlıq edir, bir yandan da yar üçün ürəyi gedirdi. Dünyanı tikdirib ölkəni abad elədi. Ölkəni fitnədən azad elədi. O qədər zəlilə pasiban oldu ki, Nuşirəvan xalqın yadından çıxdı.

Məmləkət işini başa vurub yenə də qonaqlıqlara başladı. Günləri həmişə ovda keçirdi. Ovlayır, quşlayır, şərab içirdi. Qəlbini sevgi titrədincə rəqiblərdən Şirini soruşdu. Onlar xəbər verdilər ki, Şirin bir neçə gündür ki, qəsri tərk edib.

Şah çərxin hiyləsinə heyran qaldı. Anladı ki, insan nə qədər acizdir. Şirindən yeganə yadigar qalan Şəbdiz idi. Odur ki, gününü Şəbdizlə keçirirdi.

ŞAPURUN ŞİRİNİ ƏRMƏNƏ GƏTİRMƏSİ

Şapur Şirini götürüb qayıtdı. Gördü ki, Xosrov yoxdur. Şirini Gülgündən düşürdü. Şirin Banunun gözəl güllüyünə düşəndə, elə bil behiştə huri düşdü. Qohum-əqrəbalar, kəniz və qullar Şirinin intizarını çəkirdilər. Onu görəndə yeri öpdülər. Hər biri torpaqtək ayaqlara düşdü. Çox şükür edib nəzir verdilər. Atəşgaha xeyli pay göndərdilər. Banu sevindiyindən otaqlara sığmırdı. Qoca idi, sanki bir anda cavan oldu. Elə bil yenidən dünyaya gəlmişdi. Şirinə bir naz-niyaz göstərdi ki, onları yüz beytlə vəsf eləmək mümkün deyil. Buyurdu:

– Dövlət xəzinəsindən, şahlıq mülkündən nə istəyirsən, götür, payla!

Utanmasın deyə olub-keçənləri üzə vurmadı. Bilirdi ki, bu iş əbəs deyil, məftun olduğuna möhkəm dəlildir. Bəzi şeyləri Xosrovdan duymuşdu.

Şirinə nəvaziş göstərib, öz köhnə əhdini tutmuşdu. Şirinə yetmiş gözəl bəxş etdi ki, ömrünü meyli, məzəli sürsün. Şirin o qızları görüb güldü, ulduzlara aydan bir bəzək vurdu.

XOSROVUN BƏHRAMDAN QAÇIB ƏRMƏNƏ GETMƏSİ

Zəfərin açarı dəmir iradədir. Yüz qalpaqdan bir şah papağı xoşdur. Fikir bıçağı yüz iti qılıncdan itidir. Bir qılınc on adam öldürərsə, düşüncə ordunu dərbədər elər.

İradəli Bəhram belə bir xəbər aldı ki, çox ölkələr Xosrova tabe olub. Şahlıq həvəsi başına dolmuşdu. İradəsi bu işdə yar oldu. “Hürmüzün gözünü kor edib” – deyə Xosrova şər atdı. Hər yana gizli məktublar göndərdi:

“Bu uşaq şahlığı anlayan deyil. Atasını öldürən qatildən şah olmaz. Onun üçün bir içimlik od rəngli çaxır yüz qardaş qanından yaxşıdır. Bir çalğı səsinə bir ölkə verər. Onun üçün nəğmə bu ölkədən yaxşıdır. Ürəyi sevgidən çarpaz dağlıdır, Şirinin saçına qultək bağlıdır. Bu baş vuran şuxdan əl çəkin. Sizin boynunuzu vursa, nə edərsiniz? Yaxşısı budur ki, onu həbs edək. Bu odla, su ilə necə yola gedə bilərik? Bəlkə, bu tənbehdən bir öyüd aldı. Almaz, atasıtək ölər. Siz qılıncla onun yolunu kəsin, mən də şirtək gəlirəm”.

Rəiyyəti şahın üstünə qaldırdı. Bu tədbirlə də qələbə çaldı.

Şahənşah gördü ki, bəxti yatıb. Xalq ondan üz döndərib. Qızılla bəxtinə qüvvət verir, pulla düşməninə güc göstərirdi.

Bir gün gördü ki, düşmən artıq saraya çatıb, rəiyyət əlini taxta uzatdı. Pərviz yalqız qaldığını görüb Şəbdizin belinə atıldı. Düşündü ki, tacdan baş qiymətlidir. Aralıqdan çıxdı. Kəyan taxt-tacı sahibsiz qaldı. Onu başqa bir cahangir aldı. Zəmanə Xosrova yar olmadı, o, Bəhrama məğlub oldu.

Yüz hiylə ilə ora-bura vurnuxdu, axırda özünü Azərbaycana yetirdi. Sızlayan könlündə Şirin dərdi vardı. Birbaş Muğan deyib atını ora sürdü.

ŞİRİNLƏ XOSROVUN OVLAQDA GÖRÜŞMƏSİ

Xosrov düzə yetişdi. Hər yanı gəzərək şikar edirdi. Birdən Şirin aşkar oldu. O gözəllər şahı kənizləri ilə ovlağa çıxmışdı. Ovçular qarşılaşdılar. Ov ova baxdı. Sanki bir-birini ovlayacaqdı. Hər ikisi eşqdən xumar olub, yoldaşlarından uzaq oldular. Cavan sərvə bənzəyən iki oxatan məhəbbət oxuna nişan oldular. O qədər bir-birinə baxdılar ki, baxışmaqdan gözlərinə yaş doldu. Nə Pərviz Şirindən ayrı düşə bilirdi, nə də Gülgündən Şəbdiz. Burda dostluq binasını quraraq bir-birindən soraq tutdular.

… Atlılar dörd tərəfdən çapıb gəldilər. Onları görən mat, heyran qaldı. Bir neçə qarınca gizlicə söylədi: “Biri Bilqeyisdir, biri Süleyman”.

Şirin Xosrov şaha dedi:

– Hökmdar, mənim kimi saysız kənizlərin var. Tacın uca göylərə yaraşıqdır. Yerə ucalığı taxtın vermişdir. Bu dünya yeddi iqlim boyu bu gün şahımın hökmü altındadır. Ancaq bu yaxında bir evimiz var. Şahın sayəsində qayğıdan kənardır. Şah ora buyursa, məmnun qalarıq, onun beli bağlı qulu olarıq.

Şah cavab verdi:

– Can qəbul etsən, çox həvəslə qonağın olaram.

Şirin şaha xeyli təşəkkür etdi, sevincindən göz yaşları axıtdı. Əmr etdi ki, bir nəfər tez getsin, Banuya şahın gəldiyini xəbər versin.

 

Banu bu işdən xəbərdar olan kimi qəlbində şirin arzular oyandı. Şahın qabağına peşkəş çıxartdı. Şabaşdan ay, günəş pay aldı. Xosrovu elə eyvana düşürdü ki, sarayın başı buludlara dəyirdi. Eni, boyu iki meydan qədərdi. Şaha o qədər peşkəş verdi ki, sayını nə qələm, nə dil söyləyə bilər.

Şahın ürəyində Şirin olduqca eşqi Şirin kimi şirin olurdu.

MƏHİN BANUNUN ŞİRİNƏ ÖYÜD VERMƏSİ

Əgər cütçü torpağa saf tum səpsə, şübhəsiz ki, torpaqdan da saf tum göyərər. Pak adam torpağı təmiz saxlasa, gövhər də torpağa bulaşmaz.

Banu həm ismətli, həm də kübardı. Xosrovdan da, Şirinin eşqindən də xəbərdar idi. İki qəlbin fikri onu almışdı. Axı odla odunu necə yola vermək olar? Ona görə də Şirinə dedi:

– Qızım, bil ki, sən bütün gözəllərin sultanısan. Sənin bir nazın yüz şahlığa dəyər. Sənin avazın dünyalara dəyər. Səadət sənin arxanca kölgətək gəzir. İsmət, nəzakət sənin bəzəyindir. Camalın daim dünyaya nur saçır. Hüsnün ismətinin pənahındadır. Qapısı bağlı bir xəzinəsən. Yaxşıdan, pisdən xəbərdar deyilsən. Dünyanın cürbəcür hiylələri var – gah yaqutu əzər, gah dürr oğurlar.

Ürəyimə damıb ki, gələn cahangir, səninlə qovuşmaq niyyətindədir. Əgər bu Xosrov sənə vurulubsa, əlinə çox gözəl bir ov keçib. O, çox səbirsizdir, sən də bir yaxşı bax. Qorxuram ki, sənə bir hiylə qurar. Şirin dilə tutar, min bir söz deyər, şirin halvanı müftəcə yeyər. Sən rüsvay olarsan, qalarsan belə. Onun da könlü başqa eşq ilə coşar. O günəşlə elə rəftar elə ki, təndirinə çörəkdən qabaq düşmə.

Eşitmişəm on min gülüzlüsü var. Əgər hər gün o qədər gülü açılırsa, könül bülbülü bir gülə bənd olmaz. Görsə ki, vəfalı, ismətli qızsan, adətlə elçi göndərəcək. Onda adın da bu dünyada namuslu qalacaq. Əgər o, aydırsa, biz afitabıq, o, Keyxosrovdursa, biz də Əfrasiyabıq.

Kişinin dalınca düşmək qadına yaraşmaz. Bu sifət gərək qadında olmasın. Çox təzə-tər gülü əldə tutdular. Amma iyləyəndən sonra atdılar. Çox gül qədəhə şərab tökdülər. Dadandan sonra da yerə tökdülər. Bilirsənmi, baş uca olduğu zaman ərə getmək eşqbazlıqdan xoşdur.

Şirin bu sözləri diqqətlə qulaq dinlədi, sanki qulağından sırğa asdı. Bu sözlər onun qəlbinə çox yatdı. Onun könlündəki də elə bu idi. Ona görə də and içib yəmin elədi:

– And olsun ki, gözümdən qanlı yaş axsa da, Xosrova yalnız halal bir arvad olacağam.

Banu Şirinin andını eşidib rahat oldu, qayğı, nigaranlıq onu tərk etdi. İzn verdi ki, şahla evdə, meydanda qarşılaşanda oturub söhbət etsin. Bu şərtlə ki, bu ülfət xəlvətdə yox, camaat içində olsun.

Ertəsi gün günəş çöldə gülərkən dürr-gövhərdən bir təpə düzəldi. Dişi aslan kimi yetmiş nəfər qız qayğısız halda Şirinin yanına gəldi. Onların hər biri cürətdə İsfəndiyara, ox atmaqda Rüstəm Zala bənzəyirdi. Çövkan oynamaqda da çox çevik idilər.

Oxdanlar sərvlərdən asıldı, sərvə bənzər qızlar isə yəhərə atıldılar. Oyun meydanına gedəndə şadlıqdan uçdular. Sanki hər kəklikdən bir tülək-tərlan doğdu. Xosrov gördü ki, onlar çəməndə qırqovul, ovda qaraquş kimi durlarmış Şirinə dedi:

– Gəl bu geniş düzdə çövkan oynayaq.

Xosrovun topuna çövkan atdılar. Geniş düzəndə sanki maralla şir oynayır, turac qaraquşu əsir alırdı.

Artıq çövkan oyunundan bezib, meydan ətrafında gəzişməyə başladılar. Ordan da çölə tərəf at səyirtdilər. Ov ardınca çıxıb düzə getdilər. Dağda, düzdə o qədər ov vurdular ki, onları min nəfər saya bilməzdi.

Bu dişi şirlərin at minməsini görən Xosrov heyran olmuşdu. Şah Şirinə baxıb deyirdi:

– Görək bu ov mənə necə sovqat verəcək!

Elə bu dəmdə gözü bir ceyrana sataşdı. Az qaldı ki, özü ona ov olsun. Əlində şəmşir olan sərxoş bir maraldı qarşısındakı. Ceyran əvəzinə şir ovlanmışdı. Xosrov – o böyük şah özü bir ov olmuşdu.

Bir ayı beləcə keçirdilər. Xosrov bir bəhanə, fürsət gəzirdi ki, bəlkə, Şirinə bir eyham sezdirə. Lakin əlinə fürsət düşmürdü.

XOSROVUN KEF MƏCLİSİNDƏ ŞİR ÖLDÜRMƏSİ

Şah bir gün erkən gəzməyə çıxmışdı. Yanında çəmən də Şirintək gözəldi. Hər kəsin Şirintək həmdəmi olsa, ona hər şey xoşdur, dərdin, qəmin nə olduğunu bilməz.

Ətirli, gülşən bir yer bəyəndilər. Hər yana baxsaydın, süsən açmışdı. O cənnətə bənzər yerdə dayandılar. Şah üçün möhtəşəm bir çadır qurdular. Çadırı qullar, kənizlər bürüdü. Sanki aya ülkər dövrə çəkmişdi.

Eşq ilə şərab əl-ələ vermişdi. Şah bu iki meydən halsız olmuşdu. Qəflətən yandan bir qızmış şir çıxdı. Tozdan duman qaldıraraq sərxoştək qoşunun canına düşdü. Qoşun şirdən qorxaraq hürkdü. Şir gəlib barigaha yaxınlaşdı. Qəzəbli-qəzəbli şaha yanaşdı. Qılıncsız, zirehsiz şah şirin üstünə atıldı. Yumruğunu elə hiddətlə çaldı ki, şir bihal olub yerə sərildi. Tez əmr etdi:

– Durmayın, tez başını kəsin, dərisini boğazından çıxarın.

Pərviz şir gövdəli olsa da, şahdır, şahlar isə təmkinli və ağır olur.

Şirin gördü ki, əlinə fürsət düşüb, nəhayət, Xosrovun əlini öpdü. Bu öpüş Xosrov üçün nadir ləldən də yuxarı oldu.

XOSROVUN ŞİRİNLƏ ƏYLƏNMƏSİ

Gündüzdən də nurlu aydın bir gecə idi. Ay görününcə aləm nura boyanmışdı. İnsana ruh verən sərin bir külək əsirdi. Bu külək çırağı söndürməyəcək qədər xəfif idi. Burada qaranlıqdan bircə nişan vardı – həyat suyu görünmürdü.

O qara çadırda nazlı dilbərin – Şirinin ismətdən başqa qoruyucusu yoxdu. Şirinin üzündən işıq alan Xosrov başqa bir çıraq yandırmamışdı.

Reyhan ətri ilə əsən o yellər Xosrovdan Şirinə bir xəbər yetirdi: “Bu gecədən daha xoş bir gecə gəlməz, bu iydən daha xoş iy yüksəlməz. Vüsal qovuşan nur qədər yaxındırsa, niyə də olmasın?”

… Qız ehtiras divini boğaraq andına sadiq qalmışdı. Bir yanda şah taxt üstündə oturmuşdu. Qullar səf-səf ayaq üstündə durmuş, Şapur isə taxtın önündə dayanmışdı. Pərilərsə mey içib xeyli gülüşdülər. Xosrov buyurdu:

– Hər ürək çalan yeni bir dastan söyləsin.

Şirinlə Xosrovun ətrafındakı qızlardan hərəsi bu iki aşiqin məhəbbətini rəmzi şəkildə ifadə edən maraqlı bir əfsanə söylədi. Növbə Şapura çatdı. O, söylədiyi əfsanədə bu məhəbbətin yaranmasındakı iştirakına işarə vurdu. Daha sonra Xosrovla Şirin söylədikləri əfsanələrdə özlərinin məhəbbətə əsir olduqlarını bir-birinə çatdırdılar.

Orda hansı gözə baxsan, dostluq vardı. Hamı deyilən sözə əl vururdu. Dost qəlbi torpaqdır, ona əl vursan, paka çıxar.

Gecə sabaha qədər yatmadılar. Neçə gözəl gecə belə keçdi. Ay və günəş ova hazırlaşdılar – Şəbdizə, Gülgünə süvar oldular. Atları Muğandan Şahruda sürdülər. Şənlik büsatı dünyanı doldurdu. Bəzən də ovlaqları Kürbasar oldu. Çoxlu quş ovlayıb, balıq tutdular. Gah da Məntur çölünə at sürdülər, ceyran, maral ovladılar.

Günlər çöldə, səyahətdə, vaxtları ovda, şənliklərdə keçirdi.

XOSROVUN ŞİRİNDƏN MURAD İSTƏMƏSİ VƏ ONUN ETİRAZI

Əyləncə məclislərinin birində Xosrov Şirinlə əylənirkən Şirin onun qarşısında qəti bir şərt qoydu: “Olsam, sənə yalnız halal bir arvad olacağam”. Xosrov israr etdikdə Şirin sözünün üstündə daha möhkəm durub şaha dedi:

– Bu qızğınlıqdan əl çək. Mən durmuşam burda. Sən yaxşı olar ki, şahlığı al. Öz taxtını qaytar, mən, onsuz da, sənin əlindəyəm.

… Əvvəl üzüm olur, sonra isə mey. İnsan kamına səbir etməklə yetər, yavaş-yavaş dilaramına çatar. Aralıqda belə bir avaralıq varsa, şahla murada yetmək xoş olmaz. Əgər desəm ki, şahın yarıyam, gərək sənin işlərinə yarayam. Sən mülkünü yenidən ələ gətir. Bəxtin yar olsa, mən də hazıram. Qorxuram ki, sən mənimlə kef etdiyin zaman mülkün əldən gedə.

Bütün tarixə baxsan, görərsən ki, yalnız cəld olan qazanıb. Cavansan, şir kimi cəsarətin var. Tacidar olmağa ləyaqətin də var. Ölkəni fitnədən xilas edib qüdrətini göstər.

Oğrunun biri varını alıb, bütün ixtiyarını güclə qəsb edib. Qılınc götür, meydanda özünü göstər. Qurduğu bütün hiylələr məhv olsun. Dünyanın hər yerindən qoşun yığ. Mən də bacardığım qədər kömək edərəm. Bacarmasam da, daim dua edərəm.

Bu sözlər Xosrovu yaman qızdırdı. Dayanmadan Şəbdizin belinə qalxdı.

– Salamat qal, – dedi, – mən gedəsi oldum. Dənizdən, atəşdən bir qorxum yoxdur. Zənn etmə ki, mən bundan sonra yataram. Mən hara, yuxulamaq hara? Uca dağları yerdən qaldıraram. Fil ayaqları bəndimdən qurtarmaz.

… Bəzən məni kama çatmamaqla qorxudur, gah da mənə mərdlik dərsi verirsən. Sənin eşqin məni tacdan elədi. Əgər başımda sənin eşqin olmasaydı, bu sevdalı başım tacsız qalmazdı. Sən məni dünyada avara, qaragünlü, biçarə etdin. Əgər eşqinin dərdi könlümə dolmasaydı, məni bu torpağa kim gətirərdi?

İndi ki mənimlə ülfəti kəsirsən, artıq icazəmi də verdin, mən getməliyəm.