Kostenlos

Bizi Umudsuz qoyma

Text
Als gelesen kennzeichnen
Schriftart:Kleiner AaGrößer Aa

–Vəzir, mən nə dediyimi yaxşı bilirəm. Bir o qədər düşüncəsiz deyiləm ki, qan töküb günaha batam. Atam Misirxan padşah Əmir Teymurun yeddinci dönəm qız nəvəsidir. Onun cəddinə and olsun mənim qan töküb Tanrı qarşısında günaha batmaq fikrim yoxdur.

–Bəs siz nə etmək fikrindəsiniz? – Daşdəmir ağa astadan soruşdu.

–Ulu əcdadımız Teymur yaşamağa haqqı olmayanlara dərin quyu qazdırardı. Sonra da elliklə, tayfa-tayfa adamları həmin quyulara doldurtdurub üstünü torpaqladardı.

–Səndəmi bu fikirdəsən, qibləgahım?

–Yox. Mən onların hamısını dar ağacından asdıracağam. Qoy, Afrikadan gətirəcəyimiz zənci muzdurlar onların cəsədlərini görüb özləri üçün nəticə çıxartsınlar. Görsünlər ki, Buludxan padşahın əkinini əkməyən, biçinini biçməyən, təsərrüfatında canı dildən işləməyən hökmən dar ağacından asılmalıdır.

Bunu deyən Buludxan padşah gözünü elə bərəltdi ki, vəzir dərhal mayasını uddu, daha onun söz deyib, söz soruşmağa həddi çatmadı.

–Camaat! – Buludxan padşah səsini ucaldıb üzünü əhaliyə tutdu. – And olsun əcdadımız Əmir Teymurun cəddinə, sizin yer üzündə yaşamağa haqqınız yoxdur. Hamınız bir nəfər kimi ölümə məhkumsunuz. On gün ərzində meşədəki ağacların hamısı qırılmalı, bax, bu oturduğunuz meydanda dar ağacları qurulmalıdır. On birinci gün hamınız dar ağacından asılacaqsınız.

Onsuz da səs çıxmayan meydanda sükut davam edirdi. Elə bil qurbağa gölünə yenidən daş atıldı, torpaqdan səs çıxdı, əhalidə tərpəniş olmadı.

–Gördünmü, vəzir? – Bu dəfə padşah Daşdəmir ağaya tərəf əyildi. – Camaatdan bir nəfər də olsun ayağa durub soruşmur ki, ay padşah, bizim günahımız nədir? Bizi niyə qırırsınız, yaşamağa qoymursunuz? Nəyimiz vardısa hamısını əlimizdən almısınız. Yatmağımıza mitil olanda sevinirik. Yeməyə çörək qırıntısı tapanda bilmirik Allaha dua edək, yoxsa padşaha. Nə istəyirsən bizdən? Nə vermisən bizə ala bilmirsən? Hə, vəzir, onsuz da ölürlər də, ölüm qabağı sözlərini deməyə nə söz?

Vəzir hazırlaşırdı ki, nə isə desin, gördü arxa cərgədən kimsə əlini lap yuxarı qaldırıb, söz istəyir.

–Qibləgahım! – Vəzir sevincək dilləndi. – Görürsünüzmü, arxa cərgələrdən əlini yuxarı qaldıran var. Çağırın, yaxına gəlsin, dinləyək, görək nə deyir. Mən dedim axı. Kimsə ayağa durub bunu bizdən soruşacaq.

Padşah əli ilə işarə verdi ki, əlini qaldırıb söz demək istəyən cavan oğlan onlara yaxınlaşsın. Uzundraz bir cavan oğlan arxa cərgələrdən birində ayağa qalxıb, oturanların üstündən aşa-aşa, az qala tapdaya-tapdaya özünü padşahın taxtının qabağına yetirdi. Dayanıb məsum-məsum gözlərini döyməyə başladı.

–Buyur, oğlum! – Vəzir ona ürək-dirək verdi. – Qibləgahım səni dinləyir. Ərz elə görüm, sözün, xahişin nədir? Padşahdan nə rica etmək istəyirsən. Çəkinmə, sözünü söylə.

–Mənim heç bir ricam yoxdur. Gəldim ki, soruşum görüm, özümüzlə kəndir tapıb gətirək, yoxsa ipi cəlladlar hazırlayacaq?

–Rədd ol, get yerinə! – Buludxan padşah acıqlı-acıqlı qışqırıb uzundrazı yerinə göndərdikdən sonra üzünü vəzirə tutdu. – Gördünmü, vəzir? Sənin kimi filosofu yetişdirən millətin aqibəti başqa cür ola da bilməz. Qırx ildir moizə oxuyursan, yenə də arpanı darıdan ayıra bilmirlər. Odur ki, bunlara heç bir güzəşt olmayacaq. Fərmanımın icrasına şəxsən özün nəzarət edirsən. Dar ağaclarının qurulmasını bircə gün gecikdirsən dar ağacından ilk asılan özün olacaqsan.

Padşahın müəyyən elədiyi vaxt tamam olanda dar ağacları qurulmuşdu. Axşam vəzir getdi padşahın hüzuruna ki, xəbər versin. İçəri girəndə padşahı çox gərgin və qəmli gördü.

–Qibləgahım, – dedi və təzim etdi. – dar ağacları hazırdır.

–Neçə dar ağacı qurdurmusan? – Buludxan padşah başını qaldırmadan soruşdu.

–Dar ağacları məmləkətdəki adamların sayına görədir, qibləgahım. Nə bir dənə artıq, nə də bir dənə əskikdir.

–Zəncilərin arxasınca gedənlərdən bir xəbər varmı?

–Sizin müəyyənləşdirdiyiniz vaxt, vədə sabah, nahardan sonra tamam olur. Harda olsalar, özlərini yetirəcəklər.

–Çox yaxşı. Onda de, görüm, nə vaxt başlayaq adamları məşhər ayağına çəkməyə?

–Qibləgahım, siz bilən məsləhətdir. Tanrının bizim məmləkətdəki ən yüksək nümayəndəsi, onun ən yaxşı bəndəsi sizsiniz. Madam ki, belə bir qərara gəlmisiniz, nə vaxt desəniz, icrasına başlaya bilərik.

–Məncə elə indi, gecə ikən başlasaq yaxşıdır. Tanrının yaratdıqları ən sirli, sehirli və möcüzəli işlərini gecələr həyata keçirirlər. Səhərə qalsa bir hoqqası çıxa bilər.

–Elə mən də bu fikirdəyəm.

–Vəzir, diqqətli ol. Bu işi çox ehtiyatla həyata keçirmək lazımdır. On nəfər cəllad götürürsən özünlə, hansı ki, bu işin öhdəsindən hamıdan yaxşı gələ bilərlər. Şəhərin bir tərəfindən başlayırsan, adamları oba-oba çəkirsən meydana. Ancaq elə edirsən ki, səs-küy düşməsin. Bax, ha…

–Narahat olmayın, qibləgahım. Elə mənim də acığım var onların üstündə. Qırx ildir moizə oxuyuram…

–Get, get! – Padşah onun sözünü kəsdi, gerisini deməyə imkan vermədi və vəzir otaqdan çıxar-çıxmaz arxasınca deyinməyə başladı. – Sən heç də məndən geridə qalan deyilsən. Bu hələ harasıdır? Gör, sizin başınıza nə oyunlar açıram?

Tezdən yuxudan oyanan kimi padşaha xəbər verdilər ki, məmləkətdə dar ağacından asılmamış yüz-yüz əlli nəfər qalar, ya yox. Vəzir cəlladları ilə bütün gecəni işləyiblər. Yorulub tamam taqətdən düşüblər, güclə ayaq üstə dururlar.

–Hələlik, deyin, işlərini davam etdirsinlər! Bir azdan onları dəyişmək üçün başqa qrup göndərərik. – Buludxan padşah xəbərçini vəzirin yanına yollayıb vəkili çağırdı.

“Yaxşı, deyək ki, yüz, yüz əlli nəfəri də asdılar. Bəs sonra necə olsun? Bir az baş işlətmək lazımdır, Buludxan, yaman yerdə axşamlamısan. Cəlladları, saray əyanlarını necə asdıracaqsan? Onları dilsiz-ağızsız camaat kimi asdırmaq mümkün olmayacaq. Fikirləş, fikirləş…”

–Qibləgahım, çağırmısınız? – Buludxan padşahı fikirlərdən qapıda görünən kimi ucadan səslənən vəkil ayırdı. O, təzim edib içəri keçdi. Hiss olunurdu ki, baş verənlərdən dəhşətə gəlib, gözləri az qalırdı hədəqəsindən çıxsın.

–Vəkil, saray əyanlarını üç qrupa böl. Üç nəfər, ən etibarlı adam səninlə qalsın. Beş nəfər eşikağası ilə, on nəfər də mənim sərəncamıma ayır. Ancaq elə et ki, bir-birindən zəhləsi gedənlər bir qrupda olsun, dilləşib birləşə bilməsinlər. Saray əyanlarını səndən yaxşı tanıyan yoxdur.

–Qibləgahım, olmaya bizi də bir-birimizə asdırmaq fikrindəsiniz? – Vəkil ağıllı adamdı, Buludxan padşahın hiyləsini, bəlanın qaçılmazlığını hiss etmişdi, yəni saray əyanlarından da yan keçməyəcəyinə əmin idi.

–Sənin təklifin nədir, vəkil? Buyur, söylə! – Padşah elə hiddətlə soruşdu ki, zəhmindən az qaldı vəkilin bağrı yarılsın.

–Qibləgahım, biz varıq deyə, siz başımızın üstündə padşahsınız. Biz olmasaq, siz kimin padşahı olarsınız? Heç olmasa bizə rəhminiz gəlsin, saray əyanlarına dəyməyin. Ölüncə sizin qulluğunuzda durarıq.

–Yaxşı, o məsələyə baxacağıq. Hələ ki, get, mən dediklərimi elə.

Günortaya yaxın həmin xəbərçi xəbər gətirdi ki, bəs vəzir işini yekunlaşdırıb, məmləkət əhlindən asılmamış bir nəfər də olsun adam qalmayıb. Buludxan padşah ikinci planını işə salmağa başladı. Dərhal vəziri on nəfər cəlladı ilə saraya çağırtdırdı. Əvvəlcə onlara dinclik verdi ki, yatıb dincəlsinlər. Vəzirə toxunmamaq şərtilə vəkilin hazırladığı on nəfərə cəlladları bir-bir aparıb dar ağacından asmaq əmri verdi. Elə ki, cəlladlar asıldı, onları asan on nəfəri bir-birindən ayıraraq saraya çağırtdı və eşikağasının başçılığında olan qrupun əli ilə onları asdırdı. Bundan sonra vəkil tabeçiliyində olan üç nəfərlə eşikağası qarışıq beş nəfərlik dəstənin boğazına kəndir keçirdi. Yalnız bundan sonra Buludxan padşah atını minərək vəzirlə bərabər meydana baxmağa gəldi. Meydan adamlar asılmış dar ağacları ilə dolu idi. Baş tərəfdən on bir gün əvvəlki yığıncaqda taxt qurulmuş yerdə yeddi dar ağacı qalırdı. Padşah onları boş görən kimi üzünü vəzirə tutdu.

–Vəzir, bunlar niyə boşdur? – deyə soruşdu.

–Qibleyi aləm sağ olsun, siz necə demişdinizsə…

–Yəni, özünü, vəkili, məni də nəzərdə tutmusan?

–Elədir, qibləgahım.

–Sən nə cürətlə mənə, məmləkətin padşahına dar ağacı qurdurmusan?

Buludxan padşah atını vəzirə tərəf sürdü. Şallağı yuxarı qaldırıb qıcandı, amma vurmadı. Vəzir başını aşağı salıb durmuşdu. Puçur-puçur tər tökürdü, qulaqlarına qədər qızarmışdı. Padşah şallağı aşağı salıb bir az zəif tonla soruşdu:

–Bəs onda dar ağaclarından biri niyə artıqdır? Onu kimin üçün nəzərdə tutmusan? Bəlkə düşünürsən ki, atamın çürümüş cəsədini qəbirdən çıxardıb onu da dar ağacından asasan?

–… – Vəzirdən səs çıxmadı.

–Vəziri çəkin dar ağacına! – Padşah gözləmədən vəkilə əmr verdi. O, bilirdi ki, belə etməsə sona qalan vəzir mütləq bir hoqqa çıxardacaq, çünki Başbilən vəzir sarayda hamıdan güclü, hamıdan da yaltaq-yalaq idi, nə desən bacarardı.

Elə ki, vəziri dar ağacından asdılar, padşah növbəti tapşırığını verdi. Bu dəfə o, işarə verdi ki, növbə ilə kəlmeyi-şəhadətlərini oxuyub, hər kəs öz dar ağacının altına keçsin.

Bir neçə dəqiqədən sonra padşah vəkilin kəlmeyi-şəhadətini oxuduğunu gördü. Bu vaxt bir atlı çaparaq onlara yaxınlaşmaqdaydı.

–Vəkil, bir əl saxla. Gör, bir çaparaq gələn atlı kimdir?

Vəkil sanki padşahın dediklərini eşitmirdi, öz aləmindəydi. O, ibadətini tamamlayıb kəlmeyi-şəhadətinin son kəlmələrini ibarəli şəkildə ifadə etdikdən sonra ayağa qalxıb padşaha tərəf baxmaq istəyirdi ki, atlı gəlib çatdı. Tanıdılar, Afrikaya, zənci gətirməyə gedənlərdən birisiydi.

–Qibləgahım! – Həmin atlı gəlib çatan kimi yerə tullanıb təzim etdi. – Zəncilər hamımızı qırıb çatdılar. Mən özümü güclə onların əlindən qurtardım.

–Zənciyə bir bax! Acından ölürlər, ancaq gəlib çörək qazanmaq istəmirlər. – Padşah deyinə-deyinə soruşdu. – Nə dedilər? Niyə gəlmək istəmədilər?

–Dedilər ki, Tanrı bizi Afrikada yaradıb. Lazım olsaydı, Omanda, Həbəşistanda, Azərbaycanda yaradardı. Madam ki, burada yaradıb, burada da yaşamalıyıq.

 

–Tanrılı, Allahlı olublar, buddist köpəkuşağı. Allaha inananlara bir bax! – Padşah zəncilərin qarasınca deyindi. – Siz onlara dedinizmi ki, Afrikada yeməyə quru çörək də tapa bilmirsiniz. İldə bircə dəfə yağış yağır. Quraqlıqdan taxıl da bitmir. Nə qədər heyvan kimi ağac qabığı, yarpaq yemək olar?

–Elə biz də bunları dedik. Cavabları o oldu ki, Tanrı belə məsləhət buyurub, bizə belə xoşdur.

–Vəkil, yubatmaq olmaz, bunu da çək öz dar ağacına. Mən sizi zənci gətirməyə göndərmişdim, çaparaq zəncinin sözlərini gəlib mənə deməyə yox. Heç olmasa bircə zəncini atın tərkinə basıb gətirsəydin, bəlkə də, nə isə fikirləşmək olardı.

–Qibləgahım, nədir günahım? Mən tək bu işin öhdəsindən gələ bilməzdim.

–Mən sizi tək yox on nəfər göndərmişdim. Özünüz ağırlığında pul, qızıl-gümüş vermişdim…

–Qibləgahım… – Çaparın sözləri ağzında qaldı.

Vəkil onun nə deyəcəyinə əhəmiyyət vermədən dar ağacına çəkib kəndiri boğazına keçirtdi. Kəndirdən asılı çapar yellənməkdə ikən üzünü padşaha tutdu:

–Son buyruğunuz, qibləgahım?

“Bayaqdan fikirləşirdik ki, vəzir məmləkətin əhalisini düz saya bilməyib, bir dar ağacını artıq hazırlatdırıb. Hamı asılandan sonra biz altı nəfər qalmışdıq, dar ağacı isə yeddiydi. Hamımız asılandan sonra bir dar ağacı boş qalacaqdı. Ağlıma sığışdıra bilmirdim ki, sonuncu dar ağacı kimə qismət olacaq. Ancaq dar ağacı artıq deyilmiş. Sən demə, sonuncu dar ağacı zəncilərin əlindən canını salamat qurtarıb bizə pənah gətirmiş həmin o atlının qismətinə yazılıbmış”.

–Son buyruğunuz, qibləgahım? – Vəkilin sözü padşahı fikirdən ayırdı.

–Son vəzifəni icra et. – Sakit, olduqca hüznlü, məlhəm və həzin bir səslə dilləndi padşah.

–Qibləgahım, bəs indi siz tək-tənha bu məmləkətdə nə edəcəksiniz? Kim sizin qulluğunuzda duracaq?

–Vəkil, sənə deyirəm son vəzifəni icra et. Bundan sonra mənim qulluğumda durmağa ehtiyac yoxdur. Sənin arxanca mən də özümü asacağam.

–Qibləgahım, siz şah oğlu şahsınız. Görürəm, özünüzü asmaqda çətinlik çəkəcəksiniz, bəlkə də heç asa bilməyəcəksiniz. Yaxşısı budur, əvvəlcə mən sizi asım, sonra kəndiri öz boğazıma keçirərəm.

–Vəkil, sən mənə görə heç narahat olma, kəndiri boğazına keçirt.

–Onda, gəlin, ikimiz də birdən kəndirləri boğazımıza keçirdək.

–Vəkil, deyəsən, cox çərənləyəcəksən. Baş-beynimi aparma, sənə dedim ki, son vəzifəni icra et.

Vəkil daha bir söz deməyin əhəmiyyətsiz olduğunu görüb kəndiri boğazına keçirtdi və daşın üstündən tullandı. Bir neçə saniyə göydə yellənərək ayaqları titrədi, boğazı xırıldadı və ağacdan sallanaraq quruyub qaldı. Bərəlmiş gözlərini sanki padşahın gözlərinə zilləyərək onu qorxutdu. Bütün bunları at üstündən müşahidə edən Buludxan padşah ani olaraq vahimələndi. Elə bil vəkil onu da arxasınca çağırırdı. O, indi hiss etdi ki, dünyanın sonu çatıb.

Qanrılıb geriyə baxdı, hər tərəf dar ağacı ilə doluydu. Dar ağaclarından sallanan meyidlər küləyin zəif təsiri ilə tərpənir, onun üstünə gəlirdilər. Atını ayaqları ilə dəhmərləyib sonuncu dar ağacının altına sürmək istədi. At yerindən tərpənmədi. Ayaqlarını bir az da möhkəm vurdu. At könülsüz-könülsüz bir-iki addım atıb dar ağacının altına yaxınlaşdı. Buludxan padşah əl atıb kəndirdən tutdu, boynuna keçirtmək istəyirdi ki, at ürkdü və kəndir onun əlindən çıxdı. Bir az aralıda bayaq çaparaq gələn atlının atı otlayırdı, sanki dünyadan xəbərsizdi, heç nə vecinə deyildi. Padşahın atı ürküb ona tərəf götürüləndə həmin at təhlükə hiss etmiş kimi qulaqlarını şəklədi, amma ağzını otdan ayırmadı. Atın qulaqlarını şəklədiyini görən padşah hiss etdi ki, təhlükə gözlənilir. Ancaq, bundan betər daha nə təhlükə gözlənilə bilərdi ki? Bütün məmləkət bir günün içində dar ağacından asılıb. Yox, padşah təslim olmaq istəmirdi. Atını dəhmərləyib obalara tərəf çapdı, bəlkə kimsə qoyun, mal pəyələrinə girib, gizlənib.

Atı çapdıqca ona elə gəlirdi ki, kimsə Şütürü küləyi kimi arxasınca çapmaqdadı. Lap yaxındadı, kürəyinin arxasındadı, indicə ondan yapışıb kəndiri boğazına keçirəcək. Bir anın içində altındakı at çapıb gedəcək, o, isə kəndirdən asılı qalacaq.

Amma bu olmurdu. Kürəyinin arxasınca çapan kimsə padşaha çata bilmirdi. Deməli, hələ həyat vardı, yaşamaq olardı, vəziyyətdən çıxış yolu axtarmaq gərəkdi. Obalara çatanda atın cilovunu çəkdi, at yavaşıyıb dayandı. Padşah qorxunu dəf etmək üçün yox, maraq xatirinə yavaş-yavaş qanrılıb geriyə baxdı. Bayaq onlardan bir az aralıda otlayan at da arxalarınca qaçıb gəlmişdi. “Allahın dilsiz-ağızsız heyvanı da təklikdən başını götürüb arxamızca gəlib. Şüursuz beyni ilə düşünüb ki, biz buralardan çıxıb gedirik. Ay yazıq heyvan, haramız var, hara gedək?” Padşah deyinə-deyinə bir az özünə gəldi. Elə bildi ki, ondan başqa kimsə var, ona həyan olur.

–Ehe…heeeyyy… – Var gücü ilə qışqırdı. – Kimsə vaar?

Obalardan səs çıxmadı. Padşahın səsi yuxarıdakı qayalarda əks-səda verib geri qayıtdı, sanki yel olub onun üstünə yeridi. Bayaq birisi onun kürəyinin arxasınca hücum çəkirdisə indi yeddi yerdən üstünə cummağa hazırlaşırdılar.

“Vəkil düz deyirmiş, gərək beş-on nəfər saxlayardım, qulluğumda durardılar. Onlar vardı deyə mən padşah idim. Indi onlar yoxdu, heç kim yoxdu, bəs mən kiməm? Bəlkə çıxıb başqa məmləkətə gedim? Yox, bir nəfər tapıb həmin o boş dar ağacından asmalıyam. Dar ağacının boş qalması yaxşı əlamət deyil”.

Atını səyirdib başqa obalara getdi. Artıq axşam düşməkdəydi, yəni şəvinik qarışmaq üzrəydi. “Heç olmasa qocadan, şikəstdən bircə nəfər tapıb sonuncu dar ağacından assaydım, məmləkəti tərk edərdim, buralardan rahatca çıxıb gedərdim”.

Buludxan padşah çox axtardı, ancaq bir kimsə tapa bilmədi. Vəzirin başçılıq etdiyi dəstə camaatı bir ucdan gecə ilə çarmıxa çəkmişdi. Qalanlarını da səhər açılandan sonra dar ağaclarından asmışdılar. İndi bu həndəvərdə bir padşah özü qalmışdı, bir atı, bir də zənci gətirməyə gedən adamın atı. Ətrafda bircə it də qalmamışdı. Deyirlər, ruhu, cini, əzraili ilk görən it olur. İtlər hələ gecə yarısı uluya-uluya obanı tərk edib getmişdilər. Haraya üz tutmuşdular, hara çıxıb getmişdilər, Buludxan padşahın bundan xəbəri yox idi.

“Aha, tapdım. Mən niyə özümü asıram? Elə zənci gətirməyə gedib boş qayıdanın atını asaram. Bir dar ağacı boş qalmayıbmı? Atı asaram, sonra da öz atımı minib bu məmləkətdən çıxıb gedərəm. Yəni bu iki əlimlə bir başı dolandıra bilməyəcəyəm?”

Buludxan padşah atdan düşdü. Atın cilovunu çəkib obalardan birinin dirəyinə bağladı. Sonra aralıda durub şübhəli-şübhəli onlara baxan zənci gətirməyə gedən adamın atına tərəf yaxınlaşdı.

–Tuxu, tuxu, tuxu. Mənim ağıllı atım. – Buludxan əlini yarıyumulu vəziyyətdə tutmuşdu, elə tutmuşdu ki, sanki ovcunda kişmiş, noğul, ya da heç olmasa şəkər var, atı yemləyib ağzını şirin etmək istəyir. – Tuxu, tuxu, tuxu…

Buludxan qarış-qarış ata tərəf addımlayır və düz atın gözünə baxırdı. Çalışırdı ki, asta hərəkət etməklə atı hürkütməsin. At qulaqlarını şəkləyib başı aşağı vəziyyətdə Buludxana baxırdı, arxa ayaqlarından birini də bir az geriyə qoymuşdu, belə görünüşü ilə yabını xatırladırdı.

–Gəl, kəhərim, gəl. Burda sənin məndən başqa kimin var ki? Tuxu, tuxu, tuxu…

Buludxan atın lap yaxınlığında idi, iki-üç addımdan sonra, bəlkə də əlini uzadıb atın yalmanını sığallaya biləcəkdi. At diqqətlə ona yaxınlaşmaqda olan Buludxanın gözlərinə baxdı, baxdı və fınxıraraq başını yuxarı qaldırdı. Başını bulayaraq yalmanına yığılmış toz-torpağı silkələyib çırpdı. Gözlənilmədən cəld hərəkəti ilə böyrüüstə tullanaraq qoşa şıllağa qalxdı. Həmin şıllaqla at nəinki Buludxanı, kimi desən vurub yerə sərə bilərdi. (Atlar, adətən canavardan belə qorunurlar). At Buludxanı vura bilsə də vurmadı, kişnədi və qaçıb getdi. Elə bir kişnərti qopartdı ki, Buludxan vahimələndi. Buludxanın dirəyə bağlanmış atı da həmin atın dalınca vurnuxmağa, dartınmağa başladı. O da qabaq ayaqlarını yerə döyəcləyərək kişnədi.

Hava qaralmaqda, şər qarışmaqda idi. Buludxan indicə atının cilovu dirəkdən qopararaq o biri atın dalınca qaçıb gedəcəyindən qorxaraq cəld ata yaxınlaşdı.

–Mənim qəşəng kəhərim, ağıllı atım. – deyərək yalmanını sığallamağa başladı, at sahibinin isti münasibətini duyub sakitləşdi.

Buludxan cilovu dirəkdən açaraq atın belinə qalxdı. Ayaqları ilə dəhmərləyib dar ağacları olan tərəfə istiqamətləndirdi. O biri at heç yerdə görünmürdü, heç səsi də gəlmirdi.

Dar ağacına yaxınlaşanda at duruxdu, sahibinin hiyləsini anlamışmış kimi yerə mıxlandı. Buludxan nə qədər dəhmərlədisə də tərpənmədi, qulaqlarını şəkləyib kişnədi. Təhlükənin yaxınlaşdığını duyub ayaqlarını yerə döyməyə başladı. Buludxan bir qamçı çəkdi ata, at şahə qalxdı, endi və arxası üstə qoşa təpiyə qalxdı.

Buludxan ayılanda yerdə olduğunu hiss etdi, hər yeri sızıldayırdı, sifəti cızılmışdı, dirsəyi, dizləri çapıqlamışdı. Özünü toplayıb ayağa qalxdı, bütün saray əyanları qabağında idi, gecənin bu vaxtına baxmayaraq hamısı bayram libasını geyinmişdi.

–Qibləgahım, niyə gec qaldınız?

–Əlahəzrat, sizi gözləməkdən gözümüzün kökü saralır.

–Nə tapmısınız orda? Əsil yaşamalı yer burdaymış…

–Kef içində kef, ləzzət…

–Bircə siz yoxsunuz…

Buludxan darıxdı onlar üçün, padşahlıq hissi oyandı, hökmranlığı baş qaldırdı.

–Bəs mən sizin yanınıza necə gəlim? – Soruşdu.

–Çox asan. – Başbilən vəzir işarə elədi. – Ayağınızı körpünün üstünə qoyun.

Vəzirin körpü dediyi kötük idi, padşahın gözünə gah kötük, gah da uzun körpü kimi göründü.

–Bu kötüyümü deyirsən? – Buludxan soruşdu.

–Nə kötük, qibləgahım? – Vəzir gülümsündü. – Bu həmin körpüdür ki, sizi bizim yanımıza keçirdib gətirəcək.

–Onda gəl, bura, əlimdən tut, məni də ora apar.

–Burda nə çətin iş var ki? Özünüz keçib gələcəksiniz.

Buludxan gözlərini yumub açdı, bu, həmin dar ağacının altındakı kötük idi – aradabir uzun, nazik körpü kimi göründü.

–Bu körpü çox ensizdir, yıxılaram. – dedi Buludxan, tezcə də ağlı başına gəldi, soruşdu. – Birdən bu körpü qıl körpüsü olar ha. Məni cəhənnəmə apararsınız.

–hmm… hıı… hııı… – hırhahır gülüşdülər. – Qibleyi-aləm sağ olsun, nə cəhənnəm? Bütün huri mələklər burdadır, adamı heç darıxmağa qoymurlar. Sizin ki, ən sevimli əyləncənizdir. Gününüz onlarsız keçmirdi. İndi yolunuzu gözləyirlər. Cəsarətli olun.

Buludxan körpünün üstünə qalxdı, səntirlədi.

–Qoymayın, yıxılıram. – deyə çağırdı.

–Yıxılmazsan, qorxma, tut o kəndirdən. – Kimsə dar ağacından asılmış kəndiri göstərdi.

–Tutdum.

–İndi kəndirin içindən keç, gəl yanımıza.

–Axı kəndirin həlqəsi çox nazikdir. Mən ordan keçə bilmərəm.

–Biz hamımız ordan keçib gəlmişik. Siz də keçə bilərsiniz. Əsas odur ki, başınız keçsin. Birinci başınızı salın, başınızı… Başınız keçsə, bütün bədəniniz keçəcək. Elə həmin an bu tərəfdə, bizim yanımızda, huri-mələklərin əhatəsində olacaqsınız. Bir baxın, əndamları yanmış…

Buludxan gözlərini oynaşan huri-mələklərdən çəkmədən ehmal-ehmal başını kəndirin həlqəsindən keçirtməyə çalışdı.

–Biz hələ də başa düşə bilmirik ki, orda necə ilişib qalmısınız. Siz axı… bir dəqiqə də olsun, huri-mələklərsiz…

Buludxan daha heç nə eşitmədi. Ayağı necə sürüşdüsə, kəndir harayına çatdı, qoymadı yerə yıxılsın. Ayaqlarını bir neçə dəfə yığıb uzatsa da yerə çatmadı, eləcə göydən asılı qaldı. İndi gözləri qamaşdıran bərli-bəzəkli paltarları ilə onu əyləndirəcək nə saray əyanları vardı, nə huri-mələklər. Gecənin qaranlığı hər şeyi ağuşuna alıb boğmaqdaydı.

…Çox-çox uzaqda isə at kişnəyirdi…

… Dədə Qorquddan üzübəri dağlar belə kişnərti eşitməmişdilər…

…sahibsiz qalmış bir məmləkətin dağları-daşları lərzəyə gətirən kişnərtisiydi bu.

Weitere Bücher von diesem Autor