Kostenlos

Bizi Umudsuz qoyma

Text
Als gelesen kennzeichnen
Schriftart:Kleiner AaGrößer Aa

Yer necə fırlanır ki…

Bu əhvalat XX əsrin doxsanıncı illərində olub. O vaxt çoxlarının anaları kimi mənim anam da sağ idi, ayaqdaydı, nəvələrinə həyan olurdu. İndi neçə illər keçsə də “ANALAR GÜNÜ” gələndə bütün xoş xatirələrlə bərabər həmin əhvalat da yada düşür.

Ermənilərlə müharibənin qızğın vaxtlarıydı. Rayonumuz işğal olunduğundan camaat, kimin gümanı hara gəlmişdi, səpələnmişdi. Biz ailəliklə Sumqayıta üz tutmuşduq. Qardaşım Qara həkim ailəsi ilə bərabər bağ evində yaşadığından onun dəniz kənarındakı beşmərtəbəli binada olan birotaqlı mənzilinə sığınmışdıq. Çox gərgin bir dövr idi.

Uşaqlar məktəbə gedirdilər, Vüsal yeddinci, Günel isə dördüncü sinifdə oxuyurdu. Şəhər xəstəxanasında işə düzəlmişdim deyə uşaqların dərsi ilə məşğul olmağa macal tapmırdım. Odur ki, anama tapşırmışdım. Anam savadsız bir kənd adamı olsa da, diri, zirək qadın idi. Onun da uşaqlıq bəxtinə Böyük Vətən müharibəsi yazılmışdı, oxuyub savad ala bilməmişdi. İstəmirdim ki, uşaqlar təhsildən kənarda qalsınlar, oxumasınlar. “Sən eləcə nəzarət elə, qoy oxusunlar, ev tapşırıqlarını yerinə yetirsinlər” demişdim anama, uşaqlara da hələmhəlbət tapşırmışdım. Həftəsonu gündəliklərinə nəzarət edirdim, görüm necə oxuyublar, necə qiymətləndiriliblər.

Bir şənbə axşamı baxdım ki, Günel “Təbiətşünaslıq” dan “qeyri-kafi” qiymət alıb. Hirs vurdu təpəmə. Yenə “İnfgilis dili”, “Rus dili”, lap elə “Riyaziyyat” ola, başa düşüləsidir. “Təbiətşünaslıq” dan niyə “iki” alasan? Bu necə ola bilər axı? Günel həm çalışqan uşaqdı, həm də dərslərini yaxşı oxuyurdu.

–Ay arvad… – deyə anama müraciət etdim, mən də, qardaşım da anama “arvad” deyirdik, heç inciməzdi, belə müraciətə uyğunlaşmışdı. – Bəs sənə deməmişdim ki, uşaqlarla məşğul ol, qoy dərslərini oxusunlar?

–Demişdin. – Anam heç təmkinini pozmadan cavab verdi. – Mən də məşğul olmuşam. Uşaqlar da dərslərini oxuyublar.

–Bəs bu nədir? – Gündəlikdəki qırmızı “iki”ni ona göstərdim.

–Müəllim səhv yazıb. – Anam yenə də arxayınlıqla cavab verdi. – O müəllimin başı xarabdır. Heç özü bilmir ki…

–Ana, o müəllimdir. Necə yəni özü bilmir?

–Yaxşısı budur Günelin özündən soruş…

–Danış görüm bu “iki” nədir? – Həmin hikkə ilə üzümü Günelə tutdum.

–Mən dərsimi oxuyurdum. Nənəm dedi ki, ucadan oxu, mən də eşidim. Mən də ucadan oxudum. Kitabda yazılmışdı ki, Yer kürə şəklindədir, yumrudur. Öz oxu və Günəş ətrafında fırlanır. Nənəm dedi ki, səhv yazıblar. Onu yazanın başı xarabdır. Görmür ki, Yer düzdür, dərəli, dağlıdır? O necə yumru ola bilər? Yumru olsa, ya yerindən tərpənsə, biz hamımız dənizə tökülərik. Yer də fırlanıb eləmir, eləcə durduğu yerdə durub. Ay da, Günəş də onun başına fırlanırlar.

Diqqətlə qulaq asandan sonra düşdüm anamın üstünə.

–Qoymursan uşaq kitabda yazılanları oxuyub öyrənsin. Gedib danışsın, müəllimdən qiymətini alsın.

Bir sözlə, anamı o ki var danladım. Arvad heç nə demədi. Eləcə oturub, qımırlı-qımırlı üzünü divara tutdu, gözünü məchul bir nöqtəyə zilləyib durdu. Gözünü də qırpmadan fikirləşdi, fikirləşdi və nə fikirləşdisə, birdən qayıtdı ki:

–Aaz Almaz, məylim Yer fırlanır? Yer necə fırlanır ki, elə həmişə Zeynəbgilin pəncərəsi dənizə baxır. Qoy bir dəfə də bizim pəncərə dənizə baxsın dayna…

Gülmək məni tutdu. Özümü güclə saxladım. Doğrudan ha! Bircə “arvad” deyil ki, Yerin fırlandığını bilməyən… İstədim deyəm ki, Zeynəbgilin evi də, pəncərəsi də, elə dəniz özü də bizim evlə bərabər fırlanır, amma demədim. Azacıq anamı “danlamağımın” peşmançılığını çəkdim.

–Nə düşmüsən arvadın üstünə?! – Qaranın qəflətən səslənməsi məni fikirdən ayırdı, həmin vaxt o da bizdəydi.

…Gərginlik aradan götürüldü…

Qapıçı

Hər bir qadın xəyalən qurduğu güllü-çiçəkli baharının o xoş anlarını qoca yaşlarında belə, hər zaman gözləməkdədir. Bəzən bir xoş söz də onun həyatını allı-güllü laləzara çevirə bilir, xüsusən də o sözü gözlədiyi kişidən, əziz-giramından eşidəndə. Hərdən də bunun əksi olur. Otuz il, qırx il, lap elə daha çox müddətdə bir yastığa baş qoyduğu ərindən könlündə bəslədiyi o xoş sözü eşitməyəndə, xəyalında qurduğu o xoş nəvazişi görməyəndə bir anın içində şahmar ilana dönür, könlünü oxşayan bir qucaq sevgi dünya boyda nifrətlə əvəzlənir. Onun üçün əziz olan insan bir göz qırpımında dünyanın ən pis, arzuolunmaz adamına çevrilir.

Ömrünün altmış beş ilini arxada qoyan Nazlı da bu gün beləydi, lap bahar buludu kimi dolmuşdu, bir himə bənddi ki, şimşək təki çaxsın, ildırımtək gurlayıb aləmi bir-birinə qatsın. Ərindən indiyə kimi görmədiyi hərəkətlər onu narahat etməyə başlamışdı. Düz qırx ildi onunla birlikdə yol gəlirdilər, qız-oğul dünyaya gətirmişdilər, böyüdüb oxutmuş, ailə qurmalarına köməklik göstərmişdilər; hər işdə dayaq durmuşdular. İndi, maşallah, övladlarının hərəsinin öz evi, öz ailəsi, öz işi vardı. Yaşlı vaxtlarında tez-tez olmasa da həftə səkkiz-mən doqquz nəvələrini gətirirdilər. Hər yerə qoşa gedib, qoşa gəlmişdilər. İndi iki il olardı ki, Nazlı təqaüdə çıxmışdı, Elxas isə yaşda ondan böyük olsa da hələ işləyirdi, çünki kişinin elmi dərəcəsi vardı, alimdi. Alimlər üçün qanunda təqaüd yaşı müəyyənləşmirdi, nə qədər ki, canın suludur, yəni potensialın var, işləyə bilərsən.

Bütün bu illər ərzində Nazlı ərini “ağır oturub batman gələn” biri kimi tanımışdı. İndi birdən-birə onda bu yorğalıq hardandı? İyirmi-iyirmi beş yaşlı cavan oğlanlar kimi qıvraqlaşması onu narahat edirdi. Qadın beyninə də min cür müəmmalar dolurdu. Onun da lap birincisi… yenə də qadın şübhələriydi. Kim idi onun ərini bu yaşında qıvraqlaşdırıb dingildədən? Maraq Nazlının beynini qurd kimi yeyirdi.

Səhərdən ütünü bəhanə eləyən Nazlının fikri-zikri ancaq ərinin hərəkətlərindəydi, azacıq kostyumun pencəyini ütüləyir, tez-tez də əl saxlayıb güzgünün qabağında “bəzənib-düzənən” ərinə göz qoyurdu.

Elxas boynunu sağa-sola əyərək tez-tez qalstukunu düzəldir, seçdiyi qalstukun geydiyi köynəyə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə çalışırdı. Odur ki, gah bu böyrü üstə durub güzgüdə özünə baxırdı, gah da o biri böyrü üstə çevrilirdi. Tez-tez də əlləri ilə saçını arxaya darayırdı, sanki dahilərdən, böyüklərdən kiməsə oxşatmaq istəyirdi özünü. Havayı deyildi, uzun ayrılıqdan sonra tələbə yoldaşları, onların arasında orta məktəb partasından yoldaşlıq elədikləri də vardı, onu yada salmış, dostlarından birinin oğlunun toyuna çağırmışdılar. “Pul yazdırmaq lazım deyil, eləcə sən gəl, görüşək”, demişdilər.

–Yaxşı, görək. – Axır ki, Nazlı özünü saxlaya bilməyib atmacasını atdı. – Az bəzən, qız, xanım görüşünə getmirsən ha…

–Nədi, paxıllığın tutur? Uşaqlarla bir neçə saat bir yerdə olacağıq. Gör neçə ildir bir-birimizi görmürük. Bir də adam qız, xanım görüşünə gedəndə yaxşı bəzənməlidir? Bəlkə elə qızlarımız da toyda olacaq, bizim qrupda cəmi on bir nəfər oğlan idik, qızlar bizdən çoxuydu.

–Uşaqlar e… – Nazlı sözünü bitirməyə ərinə imkan vermədi, ağzını büzüb ütüsünü sürtələdi. – Uşaqlara bir bax! Bu gün-sabah nəvələriniz ərə gedəcək, siz hələ də bir-birinizə “uşaqlar” deyirsiniz. Az qalır yaşınız yetmişi haqlasın e… Yetmiş yaşında da uşaq olar?

–Diqqətli ol, sən öz işini gör. Bax ha, yandırmayasan. Başın qarışar, pencəyi yandırarsan. Geyməyə başqa kostyumum yoxdur.

–Sənsən də…, “özünə kostyum al”, deməkdən dilimdə tük bitib. Sən isə köhnə kostyumunu geyib nimdaşını çıxartmayınca nə ondan əl çəkə bilirsən, nə də gedib özünə təzəsini alırsan.

–Ağzımı açdırma…, artıq pul oldu, gedib almadım?

–Pul niyə yoxdur? Artıq pulun olanda da tez qoyursan qırağa ki, kitabımı çıxaracam. Kitaba pul toplaya bilirsən, təzə kostyum almağa yox…

–Arvad, bu sən baş açası iş deyil. Sənin işin pencəyi ütüləyib mənə verməkdir.

…Nazlı ərinin qəribə hərəkətlərini hələ səhər tezdən müşahidə etməyə başlamışdı. Çayı qızdırıb yataq otağına qayıtdı ki, ərini yuxudan oyatsın. Baxdı ki, Elxas gülümsəyir və halından çox razıdı. Onu yuxudan dərhal oyatmadı Nazlı, dayanıb bir xeyli müşahidə apardı. Elxas yerində qurcalanır, gülümsəyir, yuxusunun ləzzətini çıxarırdı. Nazlının səbri çatmadı axıra kimi dayanıb baxmağa, paxıllığı, bəlkə də qısqanclığı tutdu ərinə. “Cavan, yeniyetmə oğlan deyil ki, yuxusunu qarışdırsın. Şeytanlar yoldan çıxarıb ona huri-mələk məclisi düzəltsinlər. Yaşlı adamdı, bu yaşda o, yuxuda nə görə bilər ki, halından belə meyxoşdu?”

–Elxas, qalx, dərsə gecikirsən!

Səs Elxasın başının üstündə ildırım kimi çaxdı, şaqqıldadı. Amma Elxas təmkinini pozmadı, belə şaqqıltılara artıq öyrəncəliydi. Elə həmin gülərüz sifətlə yuxudan oyandı, gözlərini açıb başının üstündə duran arvadına zillədi. Elə bil heç yuxuda deyil gerçəkdə görürmüş, nə idisə həmin yaşantıları. Yuxusunu qarışdıran da heç huri-mələklər deyil, dost-doğmaca arvadı Nazlı imiş.

–Nə olub?

–Heç nə. – Nazlı dodağını büzüb çiyinlərini çəkdi.

–Bəs onda nədi Ərəbzəngi kimi başımın üstünü kəsibsən? Qoymazsan bir havır gözümüzün acısını çıxaraq?

–Hmm… Gözümüzün acısını almağa bir bax! Allah bilir neçənci qat yuxunu yatırdın. Özü də, deyəsən, yenə yuxunu qarışdırmışdın.

–Yox, ay Nazlı, nə yuxunu qarışdırmaq. Bu dəfə əsl kef idi.

–Deyirəm də… Yenə də o universitetdəki laborantkalardan hansınısa xəyalına gətirmisən… – İstədi desin ki, qucaqlayıb özünə sıxmışdın, amma demədi, dilini sürütləyib saxladı.

–Sən də e.., ay Nazlı, elə öz xülyalarındasan. – Elxas da arif adamdı, arvadının nəyə him-cim elədiyini göydə tutdu. – Qadın ki, qadın. Siz heç vaxt düzəlməyəcəksiniz. Bir ayağım bu dünyadadı, bir ayağım gorda, sən hələ də məni gah müəllimələrdən hansınasa, gah da laborantkalara qısqanırsan. Heç ayıb deyil…?

–Deyirsən, düz danışmıram? Siz müəllimlər axı öyrənibsiniz hamını kəsib tökməyə, yalanını çıxarmağa. Karam, yoxsa koram? Heç eşitməmişəm, bir dənə də olsun kinoya baxmamışam, anadangəlmə əlimə bircə kitab alıb oxumamışam. Bilmirəm o universitetlərdə nələr baş verir?! Hələ heç tələbələri demirəm. Qiymət almaq üçün az qalırlar müəllimlərin kirpiklərini aralayıb gözlərinə girsinlər. – Nazlının gül ağzı açılmışdı, bir az da keçsəydi…

 

–Yaxşı, ay Nazlı, bəsdir daha. Mən nə hayda, sən nə hayda. Gül kimi yuxu görmüşdüm. Ovqatımı yenə təlx eylədin. İndi mən bu ovqatla auditoriya qarşısına necə çıxacam?

–Lap yaxşı. Həmişə necə çıxmısan, indi də elə çıxarsan. Müəllim deyilsən? Hamıya hər vəziyyətdən çıxmağı siz müəllimlər öyrətmir, bəs kim öyrədir? Müəllimi gecə yarısı şirin yuxudan oyatsalar da gərək sorğu-suala hazır ola. – Yorğanı dartıb ərinin üstündən qaldırdı. – Qalx, əl-üzünü yu, keç mətbəxə, yeməyin hazırdır.

–Bircə bu işinə əla!

–Qarnın olmasa bunu da deməzsən.

–Yox, canım, ciddi sözümdür. – Elxas yataqdan qalxıb Nazlını öpmək istədi, amma arvadı buna imkan vermədi, üzünü o tərəfə çevirib ərinin yaxasından itələdi.

–Minnətin olsun, aaz! – Elxas ağzını turşudub əynini geyinməyə başladı.

Əl-üzünü yuyub mətbəxə təzəcə keçmişdi ki, Nazlı gəldi. Qadın marağı onu rahat buraxmırdı.

–Səni dədiyin goru, danış görüm, yuxuda kimi görmüşdün? Cavan idi? Gözəl idi?

–Gəlib danışaram. İndi danışsam dərsə gecikə bilərəm.

–Yox e.., buraxmaram. Eləcə çörək yeyə-yeyə ucundan-qulağından danış. Görüm bu gecə səni hansı arvad yoldan çıxarıb.

–Bu gecə çox qəşəng bir yuxu gördüm. – Elxas bunu deyib ciddiləşdi. – Səni niyə bu qədər maraqlandırır mənim yuxularım?

–Başqa vaxt olsaydı, soruşmazdım. Amma deyirlər, səhər obaşdan görülən yuxular çin olur. Deyirəm birdən… Həm də bilmək istəyirəm görüm səni yoldan çıxaran o ləçər kimdir ki, yuxuda bu qədər xoşallanırdın?

–Gördüm ki, getmişəm qəbiristanlığa – Qurd qapısındakı qəbiristanlığa.

–İrağ olsun. Sənin qəbiristanlıqda nə işin var? Özü də Qurd qapısındakı qəbiristanlığa. Yenə Biləcəridəki köçkün qəbiristanlığına getsəydin, dərd yarıydı, deyərdik ki, ölənlərimizi yada salıb qəbirlərini ziyarətə getmisən.

–Sən də bir dayan görək. Qəbiristanlıqda kimi görsəm yaxşıdır?

–Mən nə bilim kimi görübsən.

–Azadı.

–Bizim bu Qəriblərdən olan Azadımı?

–Hə də. Orta məktəbi də bir yerdə oxumuşuq, institutu da. O, heç orta məktəbdə də yaxşı oxumurdu, institutu da birtəhər başa vurdu, demək olar ki, sürünə-sürünə.

–Azad qəbiristanlıqda nə edirdi? Olmaya rəhmətə gedəni olub, xəbər tutmamısan?

–Baahooo, desəm, inanmazsan. Azad qəbiristanlıqda sex açıb – mərmər sexi. Bəlkə iki milyonluq mərməri vardı.

–Doğrudan e.., Qurd qapısındakı qəbiristanlıq axı bahalı yerdir. Orda hələm-hələm adamlar ölüsünü dəfn edə bilmirlər.

–Hə, Nazlı, Azad məni görüb hal-əhval tutan kimi gileyləndi.

–Nə dedi?

–Dedi ki, müəllim, ta məşhur olandan sonra görünüb-eləmirsiniz. Sorağınızı ancaq televiziyadan, radiodan alırıq. Deyirdilər, indi də Almaniyada kitablarınızı çap edirlər, çox sevindik. Adam yazıçı olanda nə olar. Kitablarınızdan bir-ikisini də bizə göndərin, boş vaxtlarımızda oxuyaq. Azad elə bunu deyən kimi əl atdı cibinə. Nə qədər desəm də əl çəkmədi, bir qırmızı yüzlüyü zorla dürtdü cibimə, dedi, bu da kitabın şirinliyi.

–Sağ ol Azad.

–Nazlı, bu hələ harasıdır. Azadın yanında bir qaradıbırıq kişi vardı. Azad tanış elədi, dedi ki, Həmid kişidir, qəbiristanlığın müdiri. Özü də biz tərəflərdəndir, Qarabağlıdır, Xocavəndin Qaratorpaq kəndindən. O da məni tanıdı. Dedi, haqqınızda çox eşitmişəm. Uşaqlar elə hey sizin kitabları oxuyurlar. Təzə kitabınızdan birini də mənə göndərərsiniz, apararam uşaqlara. Həmid kişi də bunu deyib bir sarı əllilik dürtdü cibimə. Vallah, utandığımdan o pul kimi saraldım.

–Sağ olsunlar, mən heç bilməzdim ki, kitabların səni belə mərtəbəyə qaldırıb. Həm də qəbiristanlıq işçisi olasan, kitaba belə yüksək dəyər verəsən! – Nazlı başını buladı. – Hə, sonra nə oldu?

–Day nə olacaq? Maşını sürüb gəlirdim ki, yolda birisi sıxışdırdı, karıxdım. Sükanı yığışdıra bilmədim, buferi sürtdüm bardyura. Bir az əzildi, bir də boyası getdi. Cibimdə pul var idi deyə evə gəlmədim. Birbaş sürdüm Dərnəgülə. Orda böyük qaraj var. Canavar kimi uşaqlar işliyir orda. Bir saatın içində maşını söküb yığırlar. Maşını Qorxmaz adında bir dəmirçiyə göstərdim, başladı düzəltməyə. Əzilmiş yerlərin düzəltmişdi, kraskasını vurmaq istəyirdi ki…

–Belə tez?

–İndi kraskanı şotka ilə vurmurlar, sənin dezodarantın kimi fısqırdırlar, bildinmi?

–Mən nə bilim axı.

–Hə, Qorxmaz kraskanı vurmağa başlamışdı ki, Vidadi gəlib çıxdı.

–Hansı Vidadi?

–Aaz o parabeyini deyirəm də, bazarkomun oğlu, bizinən oxumurdu? Həmişə məndən köçürürdü, yenə də səhv eliyirdi.

–Hə, yadıma düşdü, sonra da bir müddət kənd məktəbində direktor işlədi. Ancaq səni heç vaxt unutmurdu, bayramlarda həmişə payını göndərirdi.

–Hələ bir deyirsən göndərməsin də? İnstitutu mənim hesabıma oxumuşdu.

–Sənin yox, bazarkom dədəsinin pulunun hesabına. Hə, nə isə, sözünü de.

–Görüşdük, hal-əhval tutduq. Soruşdum ki, sən burda nə eliyirsən, nə desə yaxşıdı? Dedi ki, mən bu qarajın müdiriyəm. İnanırsan, əlim qaldı ağzımda.

–Burda təəccüb eləməli nə var ki. Atası bazarkom olanın qarajı da olacaq, hələ deyirsən anbarı da.

–Nazlı, sən təsəvvür eləmirsən e.., bu qarajın ərazisi, bəlkə, bir hektardır. Qarajda yüzdən çox adam işləyir. Elektrik ayrı, motorist ayrı, dəmirçi ayrı, akkumulyatora baxan ayrı, təkər yamayan, yağ dəyişən, antifriz tökən, amortizator nizamlayan, nə bilim e.., maşına nə qulluq lazımdırsa, hamısı burda. Bir də bir diaqnostika aparatı qoyublar. Xəstəni müayinə edən kimi bunlar da maşını müayinə edib xarab yerini deyirlər. Yanasan, a texnika…

–Day, denən qaraj yox, hər şeyi olan bir qəsəbədir ki.

–Hə, bircə diskotekası çatışmır. O da axşam saat yeddidən sonra qarajı bağlamasalar ustalar kafedə onu da təşkil edərlər – böyük kafesi var qarajın.

–Sonra nə oldu? Vidadi necə yola saldı səni?

–Biləndə ki, maşını gətirmişəm, srazu ustaya gözünü necə ağartdısa, Qorxmaz dərhal işini bildi. Nə qədər elədimsə bircə manat da götürmədi. Sağ olsun Vidadi, məni qapıdan yola salanda əlini cibimə saldı. O dəqiqə bildim ki, pul qoyur cibimə. Duyuq düşdüyümü görüb ağzımı açmağa macal vermədi. “Təzə kitabın çıxan kimi birincisini götürüb gəlirsən, yoxsa eşitsəm ki, məndən qabaq başqasına aparıbsan, inciyərəm”, dedi. Darvazadan aralanan kimi baxdım ki, yüz manatdır. Sağ olsunlar, məni heç yaddan çıxarmayıblar.

–Elə bu? Bəs sonra nə oldu?

–Sonra sürdüm maşını peşə məktəbinin qabağına. Dedim, cibdə pul var ikən bir yaxşı bazarlıq eliyim. Axı peşə məktəbinin qabağında hər bazar günü kənd təsərrüfatı məhsullarının həftəbazarı təşkil olunur.

–Hə, heç xəbərim yox idi.

–Necə xəbərin yoxdu? Bu ki, yarım ildən çoxdur təşkil olunur.

–Deyirlər e.., ancaq bilmirdim ki, peşə məktəbinin də qabağında kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunur.

–Hə, elə maşını təzəcə salmışdım məktəbin qabağına, qırağa verib saxlamaq istəyirdim ki, gördüm pilləkəndə iki-üç nəfər durub siqaret çəkir. Maşını saxlayıb baxdım. Kimi görsəm yaxşıdır?

–Mən nə bilim kimi görmüsən? Özün de də…

–Aliki – Fəttah kişinin nəvəsin.

–Hə, tanıdım. Institutda oxuyanda bir dəfə də olsun atası arxasınca gəlmədi, elə həmişə babası gəlirdi.

–Bəs elə uşaqlıqdan babası saxlayıb onu. Metirkasın yazdıranda gedib kənd sovetinin yanına. Deyib uşağın adın Əli yaz. Kənd soveti də həm orta məktəbdə rus sektorunda oxuyubmuş, həm də əsgərlikdən təzə gəlibmiş. Yeri gəldi, gəlmədi, hamıyla yarırusca danışırmış. Götürüb uşağın adın Əli əvəzinə Ali yazıb. Fəttah kişi bir az hirslənib, ancaq hara çatasıydı onun hirsi, hikkəsi. Axırı razılaşıblar ki, adın sonuna bir “k” hərfi də əlavə etsinlər. Beləliklə, uşağın adı qalıb Alik.

–De, görüm, Alik qardaşdığın neylədi səninçün?

–Day neyləməliydi? Müavini Əjdərə tapşırdı ki, müəllimə bir yaxşı bazarlıq elə. Mənim heç xəbərim də olmadı. Biz Aliklə onun kabinetində çay içib durana kimi Əjdər müəllim baqajı ərzaqla doldurdu. Görüşüb ayrılanda Alik müəllim bir əlini kürəyimə vurub o biri əlini yavaşca saldı cibimə. “Alik, bu olmadı” deyib etiraz etmək istəyəndə sözümü kəsdi. “İnciyərəm, dedi. Eşitmişəm, təzə kitabın çapdadı, inşallah çıxan kimi götürüb gəlirsən. Həm məktəbdə tədbirini keçiririk, həm də… yuyuruq!”

–Bəs sonra nə oldu?

–Sonra nə olasıdır? İmkan verdin ki, nəsə də olsun. Ərəbzəngi kimi başımın üstünü kəsdirib qışqırdın. Elə qışqırdın ki, dost-tanış da yoxa çıxdı, bir anın içində pullar da uçub-getdi. Sən həmişə beləsən, elə həyatda da, yuxularda da.

Nazlı acı-acı gülümsündü.

–Heç bilirsənmi belə olanda Zöhrə qocam nə deyirdi?

–Nə deyirdi sənin o məktəb görməmiş qocan?

–Deyirdi ki, ac toyuq yuxuda darı görər.

…Elxas həmişəki kimi məktəbdən günortadan sonra qayıtdı. “İştaham yoxdur” deyə günorta yeməyindən imtina elədi. “İştahan yoxdur, yoxsa iştahanı qaqalarınla ley-peyə saxlayırsan?” deyə Nazlı atmacasın atıb soruşduqda bir az da hirsləndi.

–Tutaq ki, lap elədi. Sonra?

–Sonra da sənin can sağlığın. Deyirəm son vaxtlar belə birtəhər olmusan.

–Yəni nətəər?

–Demirsən ki, ay arvad, bizi toya çağırıblar. Geyin, dur düş yanıma. Gedək, bir az şənlənək.

–Nədii, könlünə toy düşüb?

–Niyə də düşməsin? Restorana aparmırsan, gəzməyə getmirik, ilboyu Bakıdan qırağa çıxmırıq. Nədi, mən adam deyiləm? Yoxsa, qorxursan ki, toyda səni pis göstərəm? Qızlarınız məni bəyənməyələr?

–Nazlı, Allah eşqinə, məni cin atına mindirmə.

–Sən heç cin atından düşmüsən ki? Mən səni tanıyandan, elə cin atının belindəsən.

–Nazlı, dedim axı, məni toy sahibi yox, uşaqlar dəvət edib. Pulumu da onlar yazdıracaq. Düz qırx ildir bir yerə yığışmırıq. Hamısının əli uzundur. Vəzifədədirlər, pulludurlar, imkanları hər yerə çatır. Beş kitabım hazırdır, pul dərdindən çapa göndərə bilmirəm. Deyirəm bəlkə, insafa gəldilər, kitabların çapına kömək elədilər. Yuxusunu da görmüşəm. Özün deyirsən ki, səhərə yaxın görülən yuxular çin olur.

–Nə deyirəm ki. Təki elə olsun!

Nazlı daha heç nə demədi. Vaxt gəlib çatdı, Elxasın kostyumunu ütüləyib geyindirdi və toya yola saldı.

–Allah ürəyincə versin. Təki sən deyən kimi olsun. Amma uşaqlara uyub cavanlığını yada salma.

–Yenə öz dediyindəsən e.., bu yaşda da məni qısqanırsan.

–Onu demirəm. Deyirəm ki, cavanlığını yadına salıb qaqalarının sağlığına çox içmə. Ürəyin xəstədir, dözməz.

–Noolub aaz, mənim ürəyimə. Lap on beş yaşlı yeniyetmənin ürəyi kimi döyünür.

Elxas kefi kök evdən çıxdı. Nazlı onun arxasınca bir diş qənd tulladı.

Toy “Yeganə” restoranındaydı. Ətrafda belə dəbdəbəli, möhtəşəm ikinci bir restoran yoxuydu. Deyirdilər, Dədə Mamedin restoranıdı. Elxas bunu elə-belə sözgəlişi eşitmişdi. Kimidi bu Dədə Mamed, nə iş yiyəsiydi, Elxas bilmirdi, heç maraqlanmamışdı da. Bir də nəyinə gərəkdi, beşdə alacağı yoxdu, üçdə verəcəyi. Toy sahibi də hər kimiydisə, Dədə Mamedin uzaq, ya yaxın qohumlarındandı. Çünki hər kəs burda toy sifariş eləməzdi.

İndi bunlar hardan düşdü Elxasın yadına. Son vaxtlar sponsor hesabına kitab çıxartmaq dəb halını almışdı. Kitab yazanlar axtarıb, arayıb varlı adamlar tapırdılar. Sonra da kitablarını onların hesabına çap elətdirirdilər. Giriş hissəsində də həmin haminin, sponsorun bütöv bir səhifə rəngli şəkilini verirdilər. Səhifənin arxasında da onun tərcümeyi halını yazırdılar. Guya ki, Hacı Zeynalabdin Tağıyevdən millətə miras qalan xeyirxahlıq missiyasını indi Filankəsov Bəsmənkəs Hətəmkəs oğlu çiyinlərində daşıyır. Necə ki, çiyinlərini qarşınızdakı kitabın ağır yükünün altına verib. Hardansa Elxasın da ağlına belə bir fikir gəldi. İndi müxtəlif vəzifələrdə olan tələbə yoldaşları nə kömək edərlər, edərlər. Əsası toy sahibi ilə tanış olub onun vasitəsilə Dədə Mamedə çıxmaqdır. Bu boyda dəbdəbəli restorana sahib olan adamın əlində bir kitab çap elətdirmək nədi ki?!

Restorana çatanda gözlərinə inanmadı. Bura doğrudan da, olduqca dəbdəbəli, möhtəşəm bir bina idi. Başında tacı da vardı. Restorandan daha çox malikanəyə, şah sarayına oxşayırdı. Çöldən sakit görünsə də içəridə insanlar qaynaşırdı. Elxas içəri keçib dazbaş, yekəpər, ortayaşlı birisi ilə qarşılaşdı. Boğazında qırmızı qalstuk və gözlərində bahalı eynək olduğundan toy sahibinin yaxın adamı zənn etdi. Salamlaşıb gözaydınlığı verdi. Müəllim yoldaşlarını soruşdu.

–Xoş gəlmisiniz, buyurun! – Qırmızı qalstuklu onu foyedən salona keçirdi. Hardasa lap arxa tərəfdən on dördüncü, ya on beşinci cərgəni göstərib:

–Müəllim, sizin uşaqlar ordadır, buyurun, keçin! – dedi.

Elxas sağa-sola baxmadan göstərilən masaya doğru irəlilədi. Guya baxsaydı nə olacaqdı, kimi tanıyacaqdı. Amma istəmədi baxsın, birdən kimsə tanıyardı. Durub görüşər, öz masalarında oturmağa dəvət edərdi. Niyə də olmasın, azdan-çoxdan tanınan yazıçılardandı. Kim istəməzdi tanınmış yazıçı ilə bir masada əyləşsin. Sonra da şəkil çəkdirsin. İnternetdə paylaşsın, dost-tanış arasında lovğalansın; baxın, bu mənəm, tanınmış yazıçı ilə birlikdə, toy masası arxasında.

 

Salonun yarısını keçmişdi ki, tələbə yoldaşlarının əyləşdiyi masanı lap aydınca gördü. Deyəsən, masa dolu idi, hər halda dolu görünürdü, masada qadın da vardı, ancaq kişilər çoxluq təşkil edirdilər. Bəli, tələbə yoldaşlarıydı, Elxas ilk baxışdan onları ayırd edə bilməsə də təxmini tanıdı. “Necə də qocalıblar, ilahi, bu qırx il nə tez gəlib keçdi. Yenicə bığ saxlayan şəvərək oğlanların indi başı dazlaşıb, sifətləri qat bağlayıb, qarınları necə də qabağa çıxıbdı. Çiyinlərini çəkib, tellərini yana ataraq naz satan nərmənəzik qızların görünüşündən əsər-əlamət qalmayıbdır” – bir anlıq Elxasın beynindən yalnız bu fikirlər keçdi. Baxdı ki, masanın qabağında dayanıb, birinci kiminlə görüşəcəyini, harda, kimin yanında oturacağını götür-qoy eləyir. Masanın baş tərəfində bir boş yer vardı, lakin keçib oturmazdan əvvəl hamıyla görüşmək lazımdı, on bir nəfər masa arxasından qalxıb onunla görüşməyəcəkdilər ki!

–Qızlar, salam! – İlk olaraq aşağı tərəfdə oturub ona tərəf baxan qızdan başladı.

–Əleykümə salam. – “Qız” bir az ciddi görkəm alıb cavab verdi, görünüşündən tanımadığı hiss olunurdu.

–Yasəmən deyilsən? Qara, uzunsaçlı qız? Məni tanımadın? – Elxas gülümsəyərək soruşdu.

–Hə, Yasəmənəm, amma o qara, uzunsaçlı qızdan əsər-əlamət qalmayıb, nəvə-nəticə sahibiyəm. Sizi kiməsə oxşadıram, amma ayırd edə bilmirəm. Doğrudan tanımadım. – “Qız”, daha doğrusu yaşlı qadın çiyinlərini çəkdi, o biri üç qadın da ona baxıb irişdilər.

Elxasa elə gəldi ki, heç “oğlanlar”, indi artıq kişiləşmiş tələbə yoldaşları da onu tanımayıblar, elə bu an, bu dəqiqə tanışlıq verməsə onu məsxərəyə qoyub gülüşəcəklər. Yaman güləyən qrup idi onların qrupu, adlarını çöpəgüləyən qoymuşdular, hər şeyə gülürdülər; fərqi yoxdu, barmağını yuxarı qaldır, ya yumruğunu, güləcəkdilər. Özü də gülmək var, gülmək var; bunlar lap qəşş eliyib gülənlərdəndi.

–Mənəm də Elxas İlyasov.

–Axı sənin bir adın da vardı.

–Hə. Elə kənddə də hamı məni Eyvaz kimi tanıyırdı.

–Ohooo, Eyvaz!

–Ay səni xoş gəlmisən, Xan Eyvaz!

–Bizim məclisimizi feyziyab elə, yoldaş İlyasov!

Hamısı bu sözə bənd imiş kimi yerbəyerdən səsləndilər.

Qucaqlaşma, görüşmə, öpüşmə anları bir-iki dəqiqə çəkdi. Elxas qrup yoldaşları olan qızlarla da əl tutub görüşdü. Sonra ona göstərilən yerdə əyləşdi.

–Götürün, görək. – Şadoğlan badəsini qaldırıb təklif sürdü. – Şərəfə. Qırx ildən sonra bir yerə yığışmağımızın, görüşməyimizin şərəfinə. Ə, ordan qızlara şampan süzün.

–Bəlkə tamadanın çıxışını gözləyək! – Elxas astadan dilləndi. – Axı o da nə isə sağlıq deyir. Biz də sağlığımızı onun sağlığına qoşaq.

–Sən onlara fikir vermə. Şərəfə!

Şadoğlan badəsini bir az da yuxarı qaldırıb irəli uzatdı. Taqqataraq toqquşdurdular və neçə ilin tamarzıları kimi başlarına çəkdilər. Mıshamıs masanı başına götürdü. Əl atıb masadan nələrsə götürüb ağızlarına təpişdirdilər, kimisi xiyar turşusu, kimisi alça, kimisi də təzə pomidoru eləcə bölmədən ovurduna basdı. Mısıltı marçıltı ilə əvəzləndi.

–Yeyin, için, kef eləyin. – Baloğlan özünü tarazlayıb ortalığa söz atdı. – Dünya beş günlükdür, onun da cəmi ikisi şənbə, bazara düşür.

–İndi nə deyirsən, bu yaxşıdır, yoxsa pisdir? – Qədimalı soruşdu.

–Baxır nəbzini hansı tərəfdən tutarsan? – Vüqar tez cavablandırdı. – Şənbədən tutarsan, iş günləri də ley-peylə keçər. Yox, istirahətini bazara saxlarsan, azara düşərsən.

–Nə azarına? – Bədrəddin təəccübünü gizlətmədi. – İstirahətdə nə azar?

–Birinci gün işə çıxmaq azarı boğazını üzər, qoymaz bir damcı da içəri keçsin.

–Yaxşı, Götürün. – Baloğlan badəsini qaldırdı. – Yaxşı deyil, tamada gözləyir.

Badələri qaldırdılar, toqquşdurdular və xor dərnəyində keçirilən məşqlər təki hamı bir nəfər kimi başına çəkdi. İçib yenidən süfrəyə girişdilər.

–Hə, Elxas, danış görək nə işlə məşğulsan? – Bədrəddin soruşdu.

–On ildən artıqdır ki, Şərq-Qərb universitetində müəllim işləyirəm. Bir də yaradıcılıqla məşğulam, yazıram.

–Hə, sən universitetdə oxuyanda da nə isə yazırdın. – Valeh əlavə etdi.

Elxas baxdı ki, tələbə yoldaşları onu yaxşı tanımırlar. Səhərdən kefləri durulurdu, indi yazmaq məsələsi ortaya atılan kimi burunları sallandı. Odur ki, söhbəti bir az dərinləşdirmək istədi.

–Məni heç oxuyursunuzmu?

–Hardan tapıb oxuyaq? Heç olmasa kitabın çıxıbmı?

Gözlənilməz sualdan Elxas duruxdu.

–Siz mənimlə məzələnirsiniz? Artıq mənim on iki kitabım çıxıb.

–Ət ağa haqqı xəbərimiz olmayıb.

–İki kitabım osmanlı türkcəsinə uyğunlaşdırılıb, böyük tirajla Türkiyədə çap olunub.

–Pah atonnan! – Əl-ələ vurdular. – Halal olsun!

–Bir kitabım alman dilinə tərcümə edilib Berlində çap olunub.

–Əla!

–Gürcü, rus, özbək dillərinə tərcümə olunanları demirəm, onlar özümüzünkülərdir, keçmiş Sovet ailə üzvlərimizdəndirlər.

–Bravo!

–Yaşasın!

–Halal olsun1

Tələbə yoldaşları onu alqışladılar, amma Elxas onların səsində bir sevinc duymadı, bir səmimiyyət hiss etmədi.

–Doğrudan mənim yazdıqlarımdan xəbəriniz olmayıb? – Elxas ciddiləşdi.

–Sənə “sən öl” demirəm, vallah xəbərimiz olmayıb. – Baloğlan hamının əvəzindən xəbər verdi.

–Axı sən nə yazırsan? – Şadoğlan elə maraqla soruşdu ki, Elxasın özündə də nə yazdıqlarına maraq oyandı.

–Necə nə yazırsan? – Elxas acı-acı gülümsədi. – Yazıçı nə yazar? Roman, povest, hekayələr…

–Həə…, belə de… Mən də deyirəm bəs…

–İndi mən ölkənin ən məşhur, ən məhsuldar beş yazıçısından biriyəm. Orta məktəb dərsliklərinə ən çox hekayəsi daxil edilmiş yeganə yazıçıyam. Sizin bundan da xəbəriniz yoxdur?

–Vallah, xəbərimiz yoxdur.

–Bəs siz məktəbdə necə dərs keçirsiniz? Keçdiyiniz dərsliklərə baxmırsınızmı? – Elxas bu yerdə lap hövsələdən çıxdı. – Mən bəziləri kimi təxəllüs də götürməmişəm. Familiyamı da dəyişməmişəm. Familiyamın sonluğuna zadə, lı, li də artırmamışam. Eləcə institutda oxuyanda necə Elxas İlyasov idimsə, eləcə də qalmışam. Odur ki, sizi başa düşə bilmirəm. Necə yəni siz şagirdlərə keçdiyiniz dərsliklərdə mənim on bir hekayəmdən birinə rast gəlməmisiniz?

–Ə kişi, birincisi, sənə deyirik rast gəlməmişik, deməli rast gəlməmişik. İndi dərsliklərə fikir verən kimdir. Hər il yeni dərslik yazırlar. Heç bilmirsən kim yazıb, necə yazıb. Gündə bir xoruz səsi eşitməmiş dərsliklər üzə çıxarırlar. Bunların hamısına baxmağa vaxt lazımdır. Bizdə də ona vaxt yoxdur. Indi hamı testlə məşğuldur. – Şadoğlan bəzi məsələləri açıqlamağa çalışdı.

–İkincisi, lap xəbərimiz olub, həə, noolsun? – Baloğlan əlindəki badəni toqquşdurmadan, sağlıq gözləmədən başına çəkdi, xiyar turşusunu ağzına basıb gəvələyə-gəvələyə sözünə davam etdi. – Sözünün mustafasını de.

–Daha sizə sözüm yoxdur. Mən səhv eləyib bura gəlmişəm. Sizinlə oturmağın, vaxt öldürməyin heç bir adı, mənası yoxdur. Həmişə toyda. – Elxas bunu deyib ayağa qalxdı və asta addımlarla masadan uzaqlaşdı.

–Elxas…

–Xan Eyvaz…

Arxadan səsləndilər… Qədimalı ayağa qalxıb onu saxlamaq istəsə də Valeh qolundan tutub aşağı oturtdu.

–Yox bir, böyük yazıçı olub, tanımamışıq. O boyda Səməd Vurğun vur-tut altı kitab yazıb. Heç onların adlarını yadda saxlaya bilmirik. İndi mindən çox kitab yazan var, biz nə bilək kim kimdir.

Elxas foyeyə çıxdı, ora adamla dolu idi. Toy təzə başlasa da burada iki-bir, üç-bir yığışıb söhbətləşir, çay içir, siqaret çəkirdilər. Müəllim yoldaşlarından kiminsə onun arxasınca gəlib geri qaytarmağa cəhd göstərəcəyindən ehtiyatlandı. Durub süpürləşməyəcək ki, ayıbdır, görənlər nə deyər. Sakitcə çıxmağın da mənası yox idi, toydan gedəndə kiməsə gözaydınlığı vermək gərəkdi. Bu heç yaxşı olmadı. Elxas çıxışa doğru ehmal-ehmal addımladıqca foyedəkilərin hamısını nəzərdən keçirdi, hərə öz kefindəydi, heç ona fikir verən də yox idi. “Necə də həvəslə gəlmişdim. İndi dilxor halda çıxıb gedirəm, amma ayaqlarım heç getmək istəmir. Elə bil bir maşın daş daşıtdırıblar”.

Elxas öz-özünə sakitcə danışa-danışa restorandan çıxdı. Binanın çölündə qapıçıdan başqa heç kim yox idi. Qəşəng geyimi vardı qapıçının – qusarlara, süvarilərə bənzədilmişdi. Heyif ki, at belində deyildi. Odur ki, dərhal aralaşmadı, elə qapının ağzında bir siqaret çıxarıb yandırdı. Birdən qapıçı da toy yiyələrindən olar, onda elə siqaret çəkməyə çıxmışam.

Weitere Bücher von diesem Autor