Yağış adam

Text
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Muni gözlərini kağızdan ayırmadan Çarlini dinlədi və məktubun arxasını oxudu:

– «Anasız böyüdüyün üçün daşürəkli olmağının səbəbləri də anlaşılandır. Amma sən məni sevdiyini, yaxud mənə hörmət etdiyini bir dəfə də, lap yalandan da olsa, göstərməyə çalışmadın. Hamısını keçirəm. Ancaq sən mənə heç vaxt məktub yazmadın, zəng etmədin, barışmağa kiçicik cəhd belə göstərmədin və bununla məni oğulsuz qoydun. Sənə həmişə arzu etdiklərimi indi də arzu edirəm. Həmişə sənin xeyrini istəmişəm və yenə istəyirəm».

Con Muni məktubu bitirdi, səliqə ilə qatlayıb zərfə qoydu. Açıq-aşkar görsənirdi ki, qoca vəkil təsirlənib. O, nəzakətlə öskürdü, amma Çarlidən səs çıxmadı. Çarli dinməzcə oturub işin sonunu gözləyirdi.

Bu dəfə vəkil ikinci kağızın qatını açdı və qarşısındakı gəncin üzünə baxmadan oxumağa başladı:

– «Çarlz Senford Bebbittə mənim həyatıma oğlumla eyni ildə – 1962-ci ildə daxil olmuş üstü örtülüb-açılan «byüik»i vəsiyyət edirəm. Bu maşın mənə uzun illər sədaqətlə xidmət edib. Bəlkə, ona baxanda oğlum məni xoş sözlərlə yad edər. Bundan başqa, mənim çoxsaylı mükafatlara layiq görülmüş qızılgül kollarımı da ona vəsiyyət edirəm. Ola bilsin, bu gözəl kollar ona ustalığın və daim kamilliyə can atmağın həyatda nə dərəcədə vacib olduğunu xatırladar»…

Çarlinin dumanlı şübhələri artıq gerçək cizgilər alırdı. O, burada bir kələk olduğunu bütün dərisi ilə hiss edirdi.

– «Evə, mənim digər daşınan və daşınmaz əmlakıma gəldikdə isə onlar bu vəsiyyətnaməyə əlavə edilmiş xüsusi sənəddə göstərilən qaydada idarə olunmalıdır».

Muni masanın üstündəki kağızlarını yığışdırdı.

– İdarə olunmalıdır? Xüsusi sənəd? O nə xüsusi sənəddir? Lənət şeytana, bu nə deməkdir? – Çarli tövrünü pozmadan sakit tərzdə soruşdu. – O sonuncu hissədə oxuduğunuz nə deməkdir?

– Bu o deməkdir ki, bütün vergilər ödənildikdən sonra qalan üç milyon dollarlıq varidat qəyyumluğa veriləcək. Onları anonim himayədar şəxs idarə edəcək.

– Bəs o kimdir? – Çarlinin bütün əzaları gərilmişdi, amma səsi rəvanlığını saxlayırdı. Bilmək istədiklərinin hamısını Munidən öyrənənə qədər özündən çıxmamalı idi.

Con Muni sənədləri «diplomat» çantasına qoydu.

– «Anonim» o deməkdir ki, mən bu adamın adını açıqlaya bilmərəm, – vəkil qətiyyətlə dedi. – Vəsiyyətnamə oxundu, mən öhdəmə düşən işi gördüm.

– Bu pulları kim idarə edəcək? Siz?

Muni başını buladı:

– Mister Senford Bebbitt onun adını göstərib, amma mənə bu barədə sizə məlumat verməməyi tapşırıb.

Vəkil ayağa qalxdı və əlini yumşaq şlyapasına uzatdı.

– Bu… bu idarəçilik necə olacaq? – Çarli inad etdi. Bütün bədəni gizildəyirdi. Sanki isti evin qapısını üzünə çırpmışdılar və onu şaxtalı havada lüt qoymuşdular.

– Bağışlayın, – Muni yenə başını buladı. – Bundan artıq heç nə deyə bilmərəm.

Vəkil çıxışa doğru getdi. Çarli gözünü ondan çəkmirdi. Qapıya çatanda Muni dayanıb geri döndü:

– Çox təəssüf edirəm, oğul. Görürəm ki, necə məyussunuz, amma…

– Məyusam? – Çarli bağırıb yerindən dik atıldı. – Mən niyə məyus olmalıyam? Əlimə göydən köhnə maşın düşüb, elə deyil? Hələ qızılgül kollarını demirəm! Bu lənətə gəlmiş cındır kolları da yaddan çıxarmayaq!

Qoca vəkil mərhumun oğlundan belə qeyzli hərəkət gözləmirdi, ona görə çaşdı. Çarli isə artıq hövsələsini itirmişdi, heç nə gözünə görünmürdü:

– Bu… Adına nə dediniz? «Hami»?

– Himayədar şəxs, – Muni yavaşdan dedi. – Anonim varisin himayədarı.

– Bu avara şəxs üç milyon dollara yiyələnəcək. Bəs QIZILGÜL KOLLARI ona nəsib olacaqmı? Yox, andıra qalsın o kollar! Atacığazım onları yeganə oğluna saxlayıb. O yaramaz himayədar isə buna görə acı göz yaşları tökəcək!

– Çarlz…

– Bu axmaq… – Çarlinin qan beyninə vurmuşdu, heç kimə qulaq asmaq istəmirdi, – bu fahişə qızılgül kolları!

– Lazım deyil…

– O, qəbirdə yata-yata məni qarət etdi! – Çarlini saxlamaq olmurdu. – Qarət etdi! Qarət etdi! Lənətə gəlmiş qəbrindən məni taladı!

Çarli boğulurdu, güclə nəfəsini dərə bildi:

– O, indi cəhənnəmdədir, mister Muni. Oradan bizə baxır və gülməkdən qarnı cırılır.

Çarli hirsindən dəli kimi başını sağa-sola elə yelləyirdi ki, Müni təşvişə düşdü.

– Senford Bebbitt!.. Siz, heç olmasa, bir dəqiqəliyinə bu vicdansızın oğlu olmaq istəyərdinizmi? Onun murdar məktubunu oxudunuz? Eşitdiniz?..

Çarlinin səsi qırıldı. O artıq danışa bilmirdi, xırıldayırdı. Yumruqları düyünlənmişdi, sinəsi ağır-ağır qalxıb-enirdi.

– Bəli, ser, mən eşitdim, – vəkil Çarlinin gözlərinin içinə baxdı. – Bəs siz?

* * *

Vəkil gedəndən sonra Çarli bir neçə dəqiqə qəfəsə salınmış vəhşi heyvan kimi ora-bura vurnuxdu, axırda həyətə qaçdı. Hava! Ona təmiz hava lazım idi. Boğulurdu. Hiddət, ağrı, dözülməz tənhalıq hissi onun boğazından yapışıb amansızcasına sıxır, nəfəsini kəsirdi. Elə bil Çarlini ölümcül döymüş və yolda atıb getmişdilər.

Lənətə gəlmiş gül kolları! Senford Bebbitt bu hədiyyəsi ilə ölümündən sonra da onu ələ salırdı. Qızılgüllər həmişə onun üçün oğlundan əziz olmuşdu. Çarlinin yadına uzun, bitmək bilməyən bazar günləri düşdü. Atası onu harasa – sirkə, ya futbola aparmaq, yaxud öz «byüik»ində gəzdirmək əvəzinə səhərdən-axşama zəhrimara qalmış gülləri ilə əlləşirdi. Budayırdı, alağını təmizləyirdi, dərmanlayırdı, diblərini boşaldırdı, bağlayırdı. Bu soyuq, xırdaçı adamda hissiyyat deyilən şey yox idi. Əgər vardısa da, nə insanlarla, nə də öz doğma oğlu ilə bağlı deyildi, yalnız güllərlə əlaqədardı. Çünki yalnız güllər onun ümidlərini boşa çıxarmırdı. Onlar Senford Bebbittə bir yığın mükafat qazandırmışdı, oğlu Çarli isə ömründə bir dəfə də hər hansı yarışdan evə qələbə çələngi gətirməmişdi.

Odur ki Çarlinin atasının qızılgüllərinə belə güclü nifrət bəsləməsində təəccüblü bir şey yox idi. İndi isə bu kollar sanki bütün tikanlarını birdən Çarlinin bədəninə batırmışdı, bacarıqsızlığını, saysız-hesabsız nöqsanlarını onun gözünə soxurdu. Elə isə qoy cəzalarını çəksinlər, qoy ölsünlər!

Anonim varis… Bu sözlər Çarlinin beynində təkrarlana-təkrarlana rezonans verir, başqa düşüncələrə yer qoymurdu. Anonim varis… Kimdir o?! Lənət şeytana, Çarlinin tam hüququ çatdığı, halalca üç milyon dollardan çox pulunu kim oğurlayıb? Onu – köhnə avtomobillər satmaqdan başqa əlindən bir iş gəlməyən, daha yüksək məqama qalxmaq ümidinin üstündən xətt çəkilmiş Çarlini barmağına dolayan adam kimdir? Yox, Çarli onun yaxasından belə asanlıqla əl çəkməyəcək! Çıxış yolunu tapacaq. Fikirləşmək lazımdır. O hər şeyi yaxşı-yaxşı fikirləşməlidir!

Haradasa bir adam – kişimi? qadınmı? uşaqmı? – gəzir. Yaxın günlərdə o, xoşbəxt olacaq. Çarlinin xoşbəxtliyini oğurlayacaq. Çarli bu adamı tapmalıdır! Mərəkə sonra qopacaq. Heç kim, hətta Çarli Bebbitt də gözəgörünməz «anonim şəxs»lə müharibə apara bilməz. Onu mümkün qədər tez tapmaq lazımdır. Hələ ki gec deyil, hələ ki bu vəkillər və himayədarlar suyu tamam bulandırmayıblar. Amma necə? Onu harada axtarmalı? Nədən başlamalı?

Susanna Çarlini susuz hovuzun kənarında siqaret çəkən yerdə tapdı. Çarli artıq sakitləşmişdi və beynində plan cızırdı.

– Səni hər yerdə axtarmışam. Necə oldu? – Susanna qayğı ilə soruşdu.

Çarli gülümsədi:

– Gözlədiyim kimi.

Bundan başqa vəkillə söhbəti haqda o, qıza heç nə demədi.

Üçüncü fəsil

Gecəni Çarli çox narahat yatdı. Çarpayıda fır-fır fırlanır, tez-tez diksinib oyanırdı. Arada qarma-qarışıq, dəhşətli yuxular görürdü. Gah kimsə onu qovur, gah da o kiminsə dalınca qaçırdı. Amma Çarli kimdən gizləndiyini, kimi qovduğunu, bu adamın dost, ya düşmən olduğunu, onu tapsalar, başına nə oyun açacaqlarını, yaxud qovduğunu tutsa, nə edəcəyini bilmirdi.

Nəhayət, səhər saat yeddinin yarısında gözlərini açdı. Harada gecələdiyini dərhal ayırd edə bilmədi. Axı, əslində, o, Los-Ancelesdə olmalı və adəti üzrə, iki saat bundan əvvəl oyanmalı idi. Hələ də Çarliyə elə gəlirdi ki, dalınca düşüblər, axtarırlar. Bəlkə, çox qaçdığı üçün ciyərləri susuzluqdan yanırdı?

Sonra bəzi şeylər yavaş-yavaş Çarlinin yadına düşdü. Aha, bura onun böyüdüyü ev, öz köhnə otağıdır. Atasının Sinsinnatidəki evi. Atası isə dünən dəfn olunub.

Dünənin hadisələri birdən-birə Çarlinin hafizəsində canlandı. Atasının dəfn mərasimi. Vəsiyyətnamə. Lənətə gəlmiş qızılgül kolları. Qəbrində yata-yata ona gülən Senford Bebbittin kabusu… Vicdansız!

O qalxıb çarpayının kənarında oturdu. Siqaretini uc-uca calayan adamlara xas quru öskürək sinəsini dağladı. Öskürəyi kəsməmiş təzə siqaret yandırdı. Divar tərəfdə yatmış Susanna yerində qurcalandı. O, Susannanın saçlarını sığalladı və qız dərhal yenidən yuxuladı. Çarliyə də bu lazım idi: o tək qalmaq, fikirlərini cəmləmək istəyirdi. Bəlkə də, bu gün onun həyatında ən vacib gün idi.

Çarli əynini geyinmədən barmaqlarının ucunda mətbəxə çıxdı və ocağın üstünə qəhvə üçün su qoydu. Soyuducuda ağzıaçıq paketdə portağal suyu var idi. Onu başına çəkib bir siqaret yandırdı. Sonra oturdu və dünən axşam ağlına gəlmiş planını bir daha çözələməyə başladı.

Birinci addım. Bunsuz digər addımlar mənasızdır: Çarlinin pullarını idarə edən «himayədar şəxs»in kim olduğunu müəyyənləşdirmək lazımdır. Axı bu it oğlu it «anonim varis» kim ola bilər? Onu öyrənəndən sonra qalanı nisbətən asan olacaq. Çarli bir şey fikirləşib tapacaq. O, həmişə bir çıxış yolu tapır. İndi bazar ertəsidir. Səhər saat yeddi. Bankların açılmasına hələ iki saat var, ancaq xidmətçilər işə, yəqin, səkkizdən gəlirlər. Yığışmaq vaxtıdır.

Dəfnə geyindiyi kostyumunu ütüləməmək üçün Çarli onu vanna otağından asmışdı. Buxarın və nəmişliyin təsiri altında səhərə qırışlar açılmışdı. Duş qəbul edəndən sonra o, üzünü tərtəmiz qırxdı, rəfdən tapdığı kremdən – Senford Bebbittin kremindən! – yanaqlarına sürtdü. Bircə qocanın siqarından da çəksəydi, bu saat Çarlidən atasının iyi gələrdi.

Çarli şəkərli qəhvə fincanını əlinə götürüb Susannanı yuxudan qaldırmağa getdi.

 

– Vaxtdır, əzizim, yığışmaq lazımdır. Mən bəzi işləri qaydasına qoymalıyam. Gedək.

* * *

Çarli krem rəngli «byüik»ini Sinsinnatinin mərkəzində, «Midvest Amerika Ripablik Bank»ın qarşısında saxladı. Bu, Susannaya qəribə gəldi:

– Niyə burada dayandıq?

– Bir şey öyrənməliyəm, – Çarli dedi. – Bir neçə dəqiqə vaxtımızı alacaq. Sən məni maşında gözlə.

Çarli banka girib sağa-sola boylandı. Onun planına uyğun gələn «namizəd» seçmək üçün təxminən yarım dəqiqə vaxt lazım oldu. Bu, adi xəzinədarların öhdəsindən gələ bilmədiyi əməliyyatları – pul köçürmələrini, vəsait qoyuluşlarını, müştərinin ödəmə qabiliyyətini araşdırmaq kimi işləri görən orta səviyyəli bank xidmətçilərinin sırasında oturmuş bir qız idi. Qız çox gənc deyildi, o qədər də yaraşıqlı görünmürdü və üz-gözünə səylə, bəlkə, həddindən artıq boya sürtmüşdü. Onun yarı külrəngli, yarı ağ saçlarının düzümü bərbərin kreslosunda saatlarla vaxt keçirdiyini göstərirdi. Müxtəsər, özünün çox cazibədar bir qız olduğuna şübhə etməyən bu xanımla beş dəqiqə çənə vurmaq, ona ürəkparçalayan bir əhvalat danışmaq, axırda isə «bir nömrəli» (ağlı başdan çıxaran!) gülüşü işə salmaq bəs edərdi.

Beş dəqiqədən sonra Çarli Bebbitt bankdan çıxdı. İndi o, himayədar şəxsin adını bilirdi: doktor Uolter Bruner. Çarli doktorun ünvanını da öyrənmişdi və həmin ünvanı necə tapmaq barədə ətraflı təlimatlandırılmışdı.

Çarli aydın və günəşli bir iyul günündə, yaraşıqlı və rahat maşında, gözəl və mehriban bir qızın yanında əyləşib yol gedirdi. Amma nə hava, nə «byüik», nə Susanna bu saat onu maraqlandırmırdı. O yalnız Bruner haqqında fikirləşirdi. Heç vaxt tanımadığı, görmədiyi bu adamı Çarlinin üç milyon dollarını qaytarmağa necə məcbur edəcəyini düşünürdü. Qarşıdakı ağır söhbətin ssenarisini dəfələrlə beynində fırladır, bütün mümkün variantlara hazır olmağa çalışırdı.

Şəhərdən çoxdan çıxmışdılar. Ohayo ştatının yamyaşıl çəmənliklərinin əhatəsində idilər. Amma ecazkar təbiət mənzərələri Çarlinin gözünə görünmürdü. Susanna isə bu səhnədən həzz alırdı. Qız özünü saxlaya bilməyib dedi:

– Buranın təbiəti necə də gözəldir! Sən əvvəllər bu yerlərdə olmusan?

– Əlbəttə yox.

Qız təəccübləndi:

– Onda bizim burada nə işimiz var?

Qəfildən Susannanı arxadan itələdilər, az qala burnu qabaq şüşəyə yapışacaqdı – Çarli kəskin hərəkətlə əyləci basmışdı.

– Ötüb-keçdik, – o mızıldandı və maşını dala verdi, döngənin bərabərinə çatanda dayandı.

Həqiqətən də, yolun kənarında əkilmiş ağacların qol-budaqları bu dar döngəni gözdən gizlədirdi. Hətta üstündə «Özəl malikanə» yazılmış yol göstəricisi də yaşıl yarpaqların arasında itib-batırdı.

Çarli döngəni buruldu. İri şabalıd ağaclarının budaqları çətir kimi yolun üstünü örtürdü.

Yalnız bundan sonra Çarli Susannanın sualına cavab verdi:

– Balaca bir işim də qalıb. Tez bitirəcəyəm.

Çarli bu sözləri o dərəcədə böyük etinasızlıqla dedi ki, Susannaya qəribə gəldi: «xırda bir işə görə bu boyda yolu gəlmək nəyə lazımdır?» Qız Çarlinin gözlərinə baxdı, amma qara eynək bu gözləri Susannadan etibarlı şəkildə gizlədirdi.

Maşın yavaş gedirdi. Əyri-üyrü, daş yol kəndarası enli cığırı xatırladırdı. Amma bir neçə yüz metrdən sonra yol genişləndi və kəskin döngədən sonra dağa qalxmağa başladı. Hündür təpənin üstünə qalxanda onlar qarşılarında böyük ağ bina gördülər. Yaşıl çəmənliklərlə əhatə olunmuş bu bina gözəl olmaqla yanaşı, ətraf təbiətlə vəhdət təşkil edirdi. O, otelə bənzəyirdi, amma hansısa varlı bir adamın şəxsi malikanəsi də ola bilərdi.

– Biz haradayıq? – Susanna maraqlandı.

Onlar ördəklər üzən bir gölün yanından keçdilər. Gölün mamır basmış sahilində cürbəcür güllər əkilmişdi. Yolun kənarında arxası maşına tərəf bir nəfər dayanmışdı. O, rəngə bulaşmış xalatda şəkil çəkirdi, qabağında molbert var idi. Çarli həmin adamın yanında maşını saxladı:

– Bağışlayın, təsadüfən, Uollbruk bura deyil?

Kişi reaksiya vermədi. Çarli bir az da bərkdən dedi:

– Bağışlayın…

Kişi dinməzcə üzünü çevirdi və Susannanın heyrətdən ağzı açıq qaldı. Hətta Çarli də bir anlığa soyuqqanlığını itirdi. Kişinin əlləri və sifəti parlaq rənglərə bulaşmışdı. Xalatının ətəyi tamam ala-bəzək idi. Molbertdə isə ördəklər oynaşan gölün və gözəl ağ evin idillik mənzərəsi əvəzinə qarmaqarışıq bir şey çəkilmişdi. Buna şəkil də demək olmazdı: irili-xırdalı ləkələr, əyri-üyrü xətlər, yoğun cizgilər kətanın üzərinə əllə yaxılmışdı. Adam heç nə anlamayan məsum bir uşaq gülüşü ilə onlara baxırdı.

Çarli bir neçə saniyə gözlərini bu qəribə rəssamdan və onun anlaşılmaz əsərindən ayıra bilmədi. Sonra maşını yerindən tərpətdi və binanın qarşısında saxladı.

Girişdə girdə bürünc lövhədə bu müəssisənin adı yazılmışdı: «Əqli cəhətdən zəif adamlar üçün Uollbruk mərkəzi».

Çarli maşından çıxıb artırmaya qalxdı, qapıdan asılmış latun çəkici döyəclədi. Qapını ortayaşlı gözəgəlimli bir qadın açdı; o çox sadə geyinmişdi və görünür, işini yaxşı bilirdi.

– Mən doktor Brunerlə görüşmək istərdim.

Qadın başının işarəsi ilə Çarlini içəri dəvət etdi. Susanna da onun arxasınca getdi. Qadın qonaqları doktorun geniş, rahat qəbul otağına apardı. Otaqda şifon parçadan üzlük çəkilmiş kreslo və divanlar qoyulmuşdu, buxarı ona xüsusi yaraşıq verirdi, pəncərələrin dəmir zolaqlı pərdələri qaldırılmışdı, masanın üstündə xeyli bahalı jurnal var idi. «Xəstəxananın qəbul otağı, – Çarli fikirləşdi, – onu gözəl mebellə, qədimi və zəngin əntiq əşyalarla nə qədər bəzəsən də, yenə xəstəxana otağı olaraq qalır». Qadın masanın ətrafına qoyulmuş iki kreslonun yanında dayandı, Çarli və Susannanın əyləşməsini gözləyib dedi:

– Doktor Bruner səhər yoxlamasındadır. Siz burada bir az gözləyə bilərsinizmi?

Çarli başı ilə qadına razılığını bildirdi və ona «üç nömrəli» (sözəbaxan oğlan!) gülüşünü bəxş elədi. Qadın da cavabında gülümsünüb otaqdan çıxdı. Çarli dərhal qalxıb daxili dəhlizə aparan qapıya yaxınlaşdı. Sağa-sola boylanıb irəli addım atdı.

– Çarli, – Susanna həyəcanla dedi, – məncə, burada bizə hara gəldi burnumuzu soxmaq olmaz.

– Sən soxma, – Çarli çiyninin üstündən cavab verib qapının arxasında gözdən itdi.

Susanna yerindən dik atılıb qorxa-qorxa onun dalınca getdi. Qız tək qalmaq istəmirdi.

Kənardan xəstəxana başqa cür görünürdü. Qəbul otağındakı əntiq əşyalar və güllü divar kağızlarını burada yalnız iş üçün yararlı sadə mebel və yaşıl rəngə boyanmış divarlar əvəz edirdi. Bir sözlə, bu mərkəz əsl xəstəxana idi. Susanna bərk-bərk Çarlinin əlindən yapışdı, Çarli isə diqqətlə şəraiti öyrənirdi.

Şübhə yeri qalmamışdı: Uollbruk ciddi müalicə müəssisəsi idi. Amma buranın xəstələrinin fiziki mənada ağrıyan yeri yox idi, ruhları zədəli idi. Onlar, hər halda, Çarli ilə Susannanın dəhlizdə gördükləri adamlar hay-küy qaldırmır, dava salmırdılar, əksinə, ətraf mühitlə çox az maraqlanırdılar, öz kiçik dünyalarına qapanmışdılar. Əksəriyyəti televizora baxırdı, amma, əslində, ekranda baş verən dramları nə görür, nə anlayırdı. Bəziləri masanın arxasında oturub uşaq tapmacaları üzərində baş sındırır, şəkilli karton kartları qarışdırırdı. Kimi də yerdə uzanıb oyuncaqlarla oynayırdı. Ağsaç yaşlı qadın parça kuklanı qurumuş əlləri ilə sinəsinə sıxır, astadan ona layla deyirdi. Hərə öz aləmində idi, heç kim heç kimə baxmırdı, heç kimlə danışmırdı. Bir neçə nəfər pudinqə, ya alma püresinə bənzər uşaq yeməyi qaşıqlayırdı. Eyni cür paltar geyinmiş xidmətçilər onlara ən adi işlərdə kömək edirdilər: birinin şokolada bulaşmış dodaqlarını təmizləyir, o birinin ağzının suyunu silir, üçüncüsünü ayaqyoluna aparırdılar.

Hər yanda sakitlik idi. Nə qışqıran, nə sayıqlayan, nə başını divara vuran, nə də küncə qısılıb gizlənməyə çalışan vardı. Sakitləşdirici dərmanlar öz işini görürdü. Ahəngdar musiqi həbləri atmaq, üstündən portağal suyu içmək vaxtının yetişdiyini bildirirdi. Və beləliklə, qorxunc Atilla reklam çarxlarındakı pişik balası Morrisə çevrilirdi. Kimya elmi möcüzələr törədir!

Xəstələrin «cəmiyyət» içinə çıxmayanda vaxtlarını keçirdikləri və yatdıqları təkadamlıq kiçik otaqlar Çarli ilə Susannanın yaddaşında daha dərin iz buraxdı. Onlar bir neçə belə hücrəyə başlarını saldılar. Otaqların çoxu boş idi – «sakinlər» işlə məşğul idilər. Amma bəziləri öz hücrələrindən çıxmamışdılar: dünyanın heç bir əyləncəsi onların gözlərini örtmüş etinasızlıq pərdəsini dəlib bu binəvaları həvəsə gətirə bilməzdi. Onlar öz hücrələrinin əsirləri idilər. Otaqların birində çarpayıda gənc oğlan oturmuşdu. Çarli ilə Susannanın qapının ağzından keçdiklərini görəndə o, yumruqlarını düyünləyib dəlicəsinə gicgahlarını döyəcləməyə başladı. Gənc mırıldayırdı, fırlanan gözləri az qala hədəqəsindən çıxacaqdı.

– Çarli, xahiş edirəm, mən daha dözə bilmirəm, – Susanna yalvardı, – gəl qayıdaq.

Amma Çarli onu Senford Bebbittdən qalma üç milyon dollarla bağlayan bu yeri tam görməmiş qayıda bilməzdi. Deməli, Uollbruk Hauz bura imiş! Dəlixana! Ağlını itirənlər üçün uşaq bağçası! Xroniki maymaqlar üçün istixana! Lənət olsun! Məsələ Çarli düşündüyündən də qəliz imiş.

Onun rəqibi rolunda bütöv bir müəssisə çıxış edirdi. Və bu müəssisə «anonim varis»ə etibarlı yerdə gizlənməyə, Çarlidən qanuni yolla oğurladığı milyonları istədiyi kimi xərcləməyə hər cür imkan yaradırdı. Çarli öz milyonlarının hara, necə xərclənəcəyini bilmək istəyirdi. Kifayət qədər gördü, kifayət qədər bildi.

Çarli Susannanın əlindən tutub qəbul otağına qayıtdı. Qız «ekskursiya»nın bitdiyinə çox sevinirdi.

Nəhayət, Çarlini işini bitirmiş doktor Brunerin yanına dəvət etdilər. O, qəddini dikəltdi, qara eynəyini taxdı. İşgüzar söhbətlər zamanı Çarli həmişə gözlərini qara eynəyinin arxasında gizlədirdi ki, fikrini üzündən oxuya bilməsinlər.

«Sakit. Çox sakit, Çarli, – o, içəri girməzdən əvvəl özünü təlimatlandırdı. – Kəskin hərəkətlər etmirsən, hər sözə diqqət yetirirsən. Unudursan ki, qarşındakı müttəfiq deyil».

Psixiatrın kabineti göz oxşayırdı. Nəhəng, döşəmədən tavana qədər uzanan pəncərələr yaşıl çəmənliyə açılırdı. Divarboyu rəflər tibb elminə aid qalın kitablarla dolu idi. Doktor dəridən üzlük çəkilmiş hündür stulda, viktorian üslubunda palıd ağacından yonulmuş iri masanın arxasında oturmuşdu. O ayağa qalxıb Çarlinin əlini sıxdı və ona oturmağa yer göstərdi.

Çarli göz altından rəqibini başdan-ayağa süzdü. Doktor Bruner təxminən əlli yaşında ciddi görünüşlü kişi idi, uzun saçlarına dən düşmüşdü. Onun mülayim, düzgün cizgilərə malik sifəti adama xoş gəlirdi. Ağıllı gözləri, tısbağa sümüyündən olan eynəyinin üstündən mənalı baxışları qarşısındakı şəxsin kim olduğunu və bura nə üçün gəldiyini bildiyini deyirdi. Amma doktor Bruner bunu Çarlinin öz dilindən eşitmək istəyirdi.

Çarli Bebbittə isə anonim varisin konkret adı lazım idi. Və o bu adamın kim olduğunu nəzakətlə soruşdu. Doktor Bruner lap vəkil Muni kimi cavab verdi:

– Çox təəssüf, amma onun adını açıqlamağa ixtiyarım yoxdur.

«Axı o lənətə gəlmiş adam kimdir?» – deyə Çarli qəzəblə qışqırmaq istəyirdi. Bununla belə, özünü saxladı. Hələ təmkinini pozmamalı, həmsöhbətinə hörmətlə yanaşmalı idi.

– Axı bundan sirr yaratmağa nə ehtiyac, ser? – Çarli stuldan qalxıb pəncərəyə yaxınlaşdı. – Əgər bu, atamın köhnə rəfiqələrindən biridirsə…

Pəncərədən Çarlinin «byüik»i görünürdü. Susanna arxa oturacaqda oturub onu gözləyə-gözləyə günəşli havadan və gözəl mənzərədən həzz alırdı. Xəstələrdən biri əcaib şəkildə ayaqlarını sürüyə-sürüyə maşına tərəf gedirdi. Belində məktəbli çantası olan həmin adamın ağıldankəm olduğu şübhə doğurmurdu. Çarli buna əhəmiyyət vermədi: dəlilər burada ümumi mənzərənin ayrılmaz tərkib hissəsini təşkil edirdilər.

– Mister Bebbitt, mən atanızla tanış olanda sizin iki yaşınız var idi, – doktor Bruner eyni nəzakətlə cavab verdi.

Çarli ona tərəf döndü:

– Mənim anam ölən ili deyirsiniz?

Bruner başı ilə təsdiq etdi:

– İndi mən atanızın malını-mülkünü idarə edirəm. Amma nə özüm, nə rəhbərdik etdiyim xəstəxana bundan xeyir götürmürük.

«Əlbəttə, götürməzsiniz», – Çarli fikirləşdi, ancaq ürəyindən keçəni dilinə gətirmədi, başqa söz dedi:

– Məncə, ədalətli deyil. Bəlkə… biz bu məsələni ayrıca müzakirə edək?! – Çarli açıq-aşkar sövdələşmə təklif edirdi.

Doktor Bruner qarmağa düşmədi.

– Atanıza sədaqətli olmağa söz vermişəm, – o, qətiyyətlə dedi. – Və heç vaxt vədimə xilaf çıxmaram.

Çarlini hirs boğurdu. «Sakit ol!» – o özünə əmr etdi və daxilindəki təlatümü hiss etdirməmək üçün yenidən üzünü pəncərəyə çevirdi. Belində məktəbli çantası olan ağıldankəm «byüik»in yanında dayanıb gözünü maşına zilləmişdi.

– Sizin fikrinizcə,.. mən də indi ona eyni sədaqət hissi keçirirəm? – Çarli çətinliklə də olsa dedi.

– Mənim fikrimcə, – Bruner yumşaq tərzdə cavab verdi, – siz özünüzü oğluna olan məhəbbətini heç vaxt üzdə göstərə bilməyən bir adam tərəfindən qarət olunmuş kimi hiss edirsiniz.

 

Doktor «onluğa» düşmüşdü. Çarli bir anlığa yerində donub-qaldı. Yenə həmin qızılgül kollarının iynələrini bədənində hiss etdi. Bu həkim sadə adam deyil!

Bayırda isə xəstə belindəki çantasından bloknot çıxarıb tez-tez maşına baxa-baxa nəsə yazırdı. Sanki qeydlər götürürdü.

– Sizin yerinizdə olsaydım, – doktor Bruner davam etdi, – yəqin, mən də eyni hisslər keçirərdim.

Çarlinin qəlbində ümid baş qaldırdı. Kəskin hərəkətlə üzünü həkimə döndərib eynəyini çıxardı, onun gözlərinin içinə baxdı. Tam səmimiyyət anı!

– Mən ümid edirdim ki, biz bir-birimizi başa düşəcəyik. Atamın… nə üçün belə hərəkət etdiyini mənə anladacaqsınız… Anlamaqda kömək edəcəksiniz. Bilirsiniz, əgər mən bunu başa düşməsəm, özümün gəldiyim qənaətə uyğun cavab tədbirləri görməli olacağam. Sizi əmin edirəm ki, qarşımı heç kim ala bilməyəcək.

Doktor Bruner əyləşib əllərini qarşısında cütlədi və barmaqlarının uclarını bir-birinə yapışdırdı. Onun sifətində gülüşəbənzər bir ifadə yarandı və tez də ötüb-keçdi. Budur, axır ki, rəqib silahını çıxardı. Hədə? Məhkəməyə çəkilmək qorxusu? Doktor gənc Bebbittdən belə təhlükə gözləyirdi. Çarli qəzəbini qara eynəklərinin arxasında gizlətsə, özünü nə qədər nəzakətli aparmağa çalışsa da, onun əvvəl-axır tərs üzünü göstərəcəyini bilirdi. Amma gəncin nəyisə Brunerin xoşuna gəlirdi. İti ağlımı? İnadı, bu qəddar dünyada ayaq üstə qalmaq üçün son dərəcə vacib olan güclü özünümüdafiə hissimi? Sözsüz ki, Çarli doktora ciddi problemlər yarada bilərdi, amma Brunerdə ona qarşı müsbət duyğular yaranmışdı. Belə rəqib hörmətə layiq idi.

– Şübhə etmirəm ki, mister Bebbitt, siz yaxşı döyüşçüsünüz, – doktor Bruner təmkinini zərrə qədər pozmadı. – Bu müəssisənin direktoru kimi mənə dəfələrlə hədə-qorxu gəliblər. Başım çox bəlalar çəkib. – Həkim ağır nəzərlərlə uzun-uzadı Çarliyə baxdı: – Amma, istənilən halda, mən hələ də buradayam. Hələ də direktoram.

Söhbət sona yetmişdi. Çarli əliboş qayıdırdı. Bruner qalib gəlmişdi: «anonim varis» anonim olaraq qalırdı. Amma Çarli geri çəkilməyə tələsmirdi. Bu, döyüşün yalnız birinci raundu idi. Hələlik rəqiblər bir-birini öyrənirdilər, qabaqda daha qızğın döyüşlər dururdu. Əlbəttə, məsələ uzana, Çarli Bebbittin düşündüyündən də çox vaxt apara bilərdi. Amma eybi yoxdur, Çarli şəraitə uyğunlaşmağı və ehtiyac yarananda hətta dözüm nümayiş etdirməyi bacarır.

Doktor Bruner onu binanın qarşısındakı artırmaya qədər ötürdü. Bayırda hava gözəl idi, quşların cəh-cəhi hələ də kəsilməmişdi, ancaq yay günəşi yavaş-yavaş adamı yandırmağa başlayırdı.

Çantalı xəstə «byüik»in böyrünü kəsdirib durmuşdu və dayanmadan bloknotuna nəsə yazırdı. Sanki ona bədbəxt hadisədən reportaj hazırlamağı tapşırmışdılar. O, əl saxlamadan tez-tez gah maşına, gah dəftərinə baxır, hərdən Susannaya da qısa nəzər salırdı. Susanna isə gözlərini ondan çəkmirdi.

– Reymond, – doktor Bruner təkidlə dedi. – Burada sənin işin yoxdur. Evə qayıt.

Çantalı xəstə direktora əhəmiyyət vermədi. Qələmi sürətlə bloknotun üstündə gəzdirdi. Çarli bu qəribə reportyorun yanından keçib maşına yaxınlaşdı və əlini qapının dəstəyinə atdı.

– Yazıq, – gözlənilmədən Reymonddan səs çıxdı.

Çarli başını qaldırdı:

– Mənə deyirsiniz?

Amma Reymond heç ona baxmırdı. Bütün diqqəti bloknotda idi, kağızla danışırdı.

– Hə, budur, oturacağın dərisinin rəngi də başqadır… Əslində… o, qəhvəyi rəngdə olmalıdır… Bu yazıqsa qırmızıdır…

Nəhayət, Çarli də Reymondla maraqlandı. Qarşısındakı bu bəstəboy adamın yaşını müəyyən etmək mümkün deyildi. Təxminən demək olardı ki, qırx beşə yaxın yaşı ola bilər. Görünüşündən fağır adama oxşayırdı. Başqa xəstələr kimi sadə və təmiz geyinmişdi, qısaqol çit köynəyini sinəsinə qədər çəkdiyi pambıq şalvarının altına salmışdı. Köynəyinin döş cibindən içi dolu plastmas qələmdanının ucu çıxırdı. Saç düzümü başının pulsuz qırxıldığını göstərirdi. Tükləri bir tərəfdə keçə kimi yapıxmışdı, o biri tərəfdə biz dururdu. Bununla belə, xəstənin qayğı və yaxşı qulluq gördüyü nəzərə çarpırdı.

Reymondun üz cizgilərində yaddaqalan bir şey yox idi: bir-birinə yaxın balaca, qara gözlər, ətli burun. Bu sifəti yalnız onun heç nə ifadə etməməsi ilə yadda saxlamaq olardı. Sanki o heç vaxt kədərlənmir, gülmürdü. Lap uşaq rəsmlərində baş yerinə çəkilmiş, həyat nişanəsi olmayan girdə halqalar kimi…

Çarli gülümsündü və başını yellədi. Maraqlı xəstə idi.

– Bilirsən, – o, Susannaya müraciət etdi. – Oturacaqların dərisi həqiqətən əvvəllər qəhvəyi rəngdə idi. Mən uşaq olanda…

– Və… və… – Reymond özü ilə danışmaqda davam edirdi. – Siz külqabından istifadə edirsiniz. Çünki… Çünki… onu bunun üçün qoyublar. Bu, əsl dəridir. Ona görə adam… bir qolundan da keçər, uf deməz…

Çarli gülməyi dayandırdı, heyrətdən gözləri böyüdü.

– İlahi! «Bir qolumdan keçərəm, uf demərəm»… Atamın sözləridir… Tez-tez təkrarlayırdı… Maşının nəfis külqabısı haqda da belə deyirdi.

Bu dəfə Çarli burnunu az qala bloknotuna yapışdırmış xəstəyə çox diqqətlə baxdı. Birdən Reymond da başını qaldırdı. Gözlərini qara eynəyin arxasında gizlətmiş Çarli ilə Reymondun heç nə ifadə etməyən baxışları qarşılaşdı. Cəmi bir anlığa, çünki Reymond dərhal nəzərlərini bloknotuna dikdi.

– Gedək, Reymond, – doktor Bruner təkidindən əl çəkmirdi. – Bu adamları yoldan eləmə, onlar getməlidirlər.

Ancaq Çarli nəsə hiss etmişdi, elə-belə çıxıb gedən deyildi.

– Bu maşın sənə tanışdır? – o, ciddi görkəmlə Reymonddan soruşdu.

Xəstə barmaqlarını bir-birinə keçirib ovuclarını düyünləməyə çalışdı. Ancaq qələmlə bloknot ona mane olurdu, barmaqları gah sıxılır, gah boşalırdı. Onun solğun sifətində qorxu ifadəsi yarandı. Reymond həyəcanla doktor Brunerə baxdı, ondan kömək umdu, amma direktorun sərt baxışları qarşısında tab gətirməyib dəhşətdən böyümüş gözlərini Çarliyə dikdi.

– Sən… – Çarli inadla sualını təkrar etdi. – Sən bu maşını haradan tanıyırsan? – O, eynəyini çıxardı. İndi Reymond onun gözlərinin içinə baxmağa məcbur idi.

Reymondun arıq bədəni əsdi, elə bil onurğasından cərəyan buraxdılar. Gözləri yerində oynamağa başladı. O, Çarlinin ağır nəzərlərindən yayınmaq istəyirdi.

– Mən… mən… bilmirəm… – xəstə mızıldandı.

– Yalan deyirsən, bilirsən! – Çarli səsini qaldırdı. – De görüm, haradan bilirsən?

Çarli xəstəyə tərəf addım atdı. Reymond dəhşət içində geri çəkildi.

– Kifayətdir, mister Bebbitt, – doktor Bruner işə qarışdı. – Siz onu həyəcanlandırırsınız. Siz…

– Xahiş edirəm, Çarli, – Susanna da yalvardı.

Reymond birdən-birə sakitləşdi. O, nəzərlərini Susannadan doktor Brunerin, doktor Brunerdən Çarlinin üzərinə keçirir, açıq-aşkar nə haqdasa düşünürdü. Sonra xəstə birləşdirdiyi əllərini aralayıb tələsik bloknotunda nəsə yazmağa başladı. Eyni zamanda Reymond burnunun altında mızıldanırdı:

– Bebbitt Çarli. Çarli… Bebbitt… Çarli Bebbitt… Bir-sıfır-doqquz-altı-bir. Biçkrest avenyu.

Çarlinin ayaqları yerdən üzüldü:

– Sən bu ünvanı haradan bilirsən? – O öz səsini özü də tanımadı.

Reymond günahkar kimi başını aşağı saldı. Elə yavaş danışırdı ki, sözlərini güclə eşitmək olurdu.

– Niyə bilərəm… ona görə bilirəm…

Heç nə anlamaq olmurdu. Çarli hiss edirdi ki, izə düşüb və qorxudan iflic vəziyyətinə düşmüş, divara dirənmiş ovunu əldən buraxmamalıdır. O, səsini qaldırdı:

– Ona görə? Nəyə görə?

Reymondun boynu əyildi və o, yerində dondu. Sanki Çarli gözəgörünməz bir ipi dartıb tarım saxlamışdı. İndi Reymond düz onun gözlərinin içinə baxırdı. Sifəti daşlaşmışdı, səsi çıxmırdı. Elə bil şəkil idi.

Doktor Bruner irəli durub sakit səslə dedi:

– Çünki o sizin qardaşınızdır.

Susanna ah çəkdi, sonra araya sükut çökdü. Reymond nəsə mızıldanıb yenidən susdu. Çarli inkar əlaməti olaraq başını yellədi, o, doktorun sözlərinə inanmadı. İstehza ilə gülümsündü:

– Bu nə deməkdir?

– Qardaşlar… yəni… ümumi ata, ümumi ana… – Reymond canlandı və öz aləmində məsələyə aydınlıq gətirdi. Sonra yolu azanda böyük əmilərə və xalalara evini nişan verməyi öyrənmiş uşaq kimi birnəfəsə təkrarladı. – Senford Bebbitt. Bir-sıfır-doqquz-altı-bir nömrəli ev. Biçkrest avenyu. Sinsinnati. Ohayo. Birləşmiş Amerika Ştatları…

Çarlinin ağzı açıq qaldı, qaşları alnına qalxdı.

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?