Gonbul

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Şəhər yavaş-yavaş əvvəlki adi görkəmini alırdı. Fransızlar hələ evdən çıxmağa ehtiyat edirdilər, amma küçələrdə Prussiya əsgərlərinin əlindən tərpənmək olmurdu. Bununla belə, öz uzun qılınclarını küçələrdə lovğa-lovğa sürüyən mavi paltarlı qusarlar2 bir il bundan əvvəl həmin qəhvəxanalarda kef sürən fransız yeger3 zabitləri kimi yoxsul, adi şəhərlilərə həqarətlə baxırdılar.

Bununla belə, havada sezilməsi çətin olan ağır, xoşagəlməz, yad bir əhval-ruhiyyə hiss edilirdi. Elə bil, hər yerə hücum, basqın qoxusu hopmuşdu. Bu qoxu evlərə, ictimai yerlərə dolmuşdu. Yeməklərə xüsusi dad-tam vermiş, insanlarda elə bir hiss əmələ gətirmişdi ki, guya, sən uzaq-uzaq ölkələrdə, qan hərisi olan vəhşi qəbilələr arasında dolaşırsan.

Qaliblər pul, həm də çoxlu pul tələb edirdilər. Obıvatellər varlı idilər və onlara dinməz-söyləməz istədikləri qədər pul verirdilər. Amma varlı norman tacirləri buna dözmürdülər. Onların xasiyyəti idi, balaca bir ziyana düşəndə, gəlirlərinin kiçik bir zərrəsinin başqasının əlinə keçdiyini hiss edəndə daha çox əzab çəkirdilər.

Bütün bunlarla yanaşı, şəhərdən iki-üç lyö aralıda, çayın aşağılarında, Kruasse, Dyepdal və Byessarın yaxınlığında qayıqçılar və balıqçılar daşla başı əzilmiş, ya yumruqla öldürülmüş, bıçaqla doğranmış, ya da sadəcə, körpüdən başıaşağı çaya atılmış alman paltarlı köpmüş meyitləri dəfələrlə suyun dibindən tapıb çıxarırdılar. Günün günortaçağı aparılan açıq döyüşlərdən daha təhlükəli olan bu hay-haraysız, səssiz-küysüz, gizli, vəhşicəsinə, lakin qanuni intiqam hissindən doğan, sirli qəhrəmanlıqla edilən döyüşlərin qurbanı olan meyitlər çox vaxt çayda lillənib qalırdı.

Çünki yadellilərə nifrət hissi ta qədimlərdən başlayaraq məslək yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurları həmişə ayağa qaldırır.

Qəsbkarlar öz dəyişməz qayda-qanunları ilə şəhəri özlərinə tabe etsələr də, heç bir dəhşətli hadisə törətmədilər. Halbuki onların qələbə ilə irəlilədikləri yerlərdə çox amansızlıqlar etdikləri haqqında şayiələr şəhərə yayılmışdı. Bunu görən yerli əhali axırda cəsarətləndi və tacirlər ticarətə başlamaq ehtiyacı duydular. Onların bəzilərinin fransız qoşunlarının tutduğu Havr limanı ilə böyük pul alverləri vardı. İndi onlar bu əlaqəni bərpa etmək məqsədilə Dyeppaya qədər piyada getmək, orada gəmiyə minmək və sonra özlərini Havr limanına salmaq təşəbbüsündə bulundular. Bu məqsədə çatmaq üçün tanış alman zabitlərinin təsirindən də istifadə etdilər və şəhər komendantı onların getməsinə icazə verdi.

On nəfərin yazıldığı bu səfərə çıxmaq üçün dörd at qoşulmuş karet ayırdılar və camaatın gözündən yayınmaq məqsədi ilə həftənin ikinci günü, səhər tezdən, işıqlaşmamışdan yola düşmək qərara alındı.

Axır günlər şaxta yeri dondurmuşdu. Bazar ertəsi isə saat üç radələrində şimaldan qara buludlar axıb gəldi, qar yağdı və bu qar axşamdan başlayıb səhərə qədər ara vermədi.

Səhər tezdən, saat beşin yarısında müsafirlər karet ilə yola düşmək üçün «Normand mehmanxanası»nın həyətinə toplaşdılar. Onlar yuxulu idilər. Böyük yun şala bürünmüşdülər. Soyuqdan tir-tir əsirdilər. Qaranlıqda bir-birini güclə seçirdilər. Əyinlərindəki qalın qış paltarları onları uzun əbalı kök keşişlərə oxşadırdı. Nəhayət, kişilərin ikisi bir-birini tanıdı, üçüncü də onların yanına gəldi.

– Mən arvadımı da özümlə aparıram, – kişilərdən biri dilləndi.

– Mən də.

Birinci kişi əlavə etdi:

– Biz daha Ruana qayıda bilmərik, əgər prussiyalılar Havra gəlsələr, oradan da İngiltərəyə gedərik.

Bu adamlar eyni ictimai təbəqədən olduqlarına görə fikirləri də bir-biri ilə düz gəlirdi.

Kareti nədənsə qoşmurdular. Mehtərin əlindəki çıraq qaranlıqda qapıların birində işıldayır, dərhal da yox olur, sonra o biri tərəfdə görünürdü. İçinə peyin səpilib, saman döşənmiş tövlədən at ayağının tappıltısı və mehtərin söyüşü eşidilirdi. Zınqırovların cingiltisindən başa düşmək olurdu ki, atları qoşurlar. Bu cingiltilər azacıq sonra gücləndi, atların hərəkətinə uyğun olaraq aydınca səslənməyə başladı. Bu zınqırov səsləri bəzən eşidilməz olur, sonra birdən, nallı at ayağının tappıltısı ilə bərabər güclənirdi.

Birdən qapı açıldı. Hamı səsini içinə saldı. Üşümüş yolçular soyuqdan donduqları üçün yerlərindən tərpənməyib susdular.

Ara vermədən lopa-lopa yağan qar adamın gözünü qamaşdırırdı. Bu soyuq, yumşaq qar pambıq kimi ətrafa səpələnir, evləri, çölləri bürüyür və hər şeyi bir-birinə qatıb, ağ örtük altında görünməz edirdi. Qış yuxusuna dalıb dərin səssizlik və sükut içində mürgüləyən bu şəhərin sakitliyini ancaq kainatı bürüyən sonsuz ənginliklərdən axıb gələn ağ zərrəciklərin – səssiz-səmirsiz yağan qarın pıçıltıyabənzər qarışıq xışıltısından başqa heç nə pozmurdu.

Əliçıraqlı faytonçu başını aşağı salıb dartınan və tövlədən çıxmaq istəməyən atın yüyənindən çəkib həyətə gəldi. Atı karetin yanına gətirdi, yan qayışını bağladı, xamıtı boynuna keçirdi, bir əlində çıraq olduğundan, tək əli ilə xeyli əlləşdi, sonra ikinci atı gətirməyə gedərkən dönüb soyuqdan büzüşən və qarın altında qaldıqlarından ağappaq olmuş sərnişinlərə baxdı:

– Niyə karetə minmirsiniz? – dedi, – heç olmasa, üstünüzə qar yağmaz.

Bu heç onların ağlına gəlmirdi. Faytonçunun sözünü eşidən kimi dərhal, tələsik karetə doluşdular. Kişilərdən üçü əvvəlcə arvadlarını karetə mindirib, sonra da özləri çıxdılar. Onların arxasınca alaqaranlıqda güclə görünən qaraltılar içəri keçib boş yerləri tutdular.

Karetin içinə ot döşənmişdi. Adam ayağını qoyanda topuğa qədər batırdı. Karetin dərinliyində oturan xanımlar özləri ilə kimyəvi kömürlə yanan mis qızdırıcılar götürmüşdülər. Onlar dərhal qızdırıcıları yandırdılar və uzun müddət bir-birinə bu cihazın çoxdan hamıya məlum olan üstünlüklərindən pıçıltı ilə danışmağa başladılar.

Nəhayət, yolların xarab olduğunu nəzərə alaraq karetə dörd at əvəzinə altı at qoşduqdan sonra bayırdan kimsə soruşdu:

– Hamı yerindədirmi?

İçəridən cavab verdilər:

– Bəli.

Yola düşdülər.

Karet ağır-ağır, elə bil, addım-addım irəliləyirdi. Təkərlər topuna qədər qara batır, karet ləngərlənib cırıldayır, atlar fınxırıb dartındıqca ayaqları sürüşür, onların bədənlərindən, burun pərlərindən buğ qalxırdı. Faytonçunun qamçısı havada oynayır, ilan kimi qıvrılıb açılır və atlardan birinin titrəyən sağrısına dəyən kimi onlar gücünü toplayıb irəliləyirdilər.

Yavaş-yavaş işıqlaşırdı. Xalis ruanlı olan sərnişinlərdən birinin dediyi kimi, «pambıq yağışına oxşayan yüngül qar yağımı» azalıb ara verirdi. Alatoranlığın işığı qırov bağlamış uca ağacların və yastı-yapalaq daxmaların hərdən gözə dəydiyi sonsuz qarlı çöllərin üzərinə qatı kölgə salan iri, qara, ağır buludlara hopurdu.

2Qusar – macar geyimli süvari əsgər.
3Yeger – nişançı polku əsgəri.