Bizim gözəl dilimiz

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

“OFİSİANT”, YOXSA “SÜFRƏÇİ”?

Başqa dillərdən aldığımız bə`zi sözləri çətin tələffüz etməyimizə baxmayaraq, fərqinə varmadan onlardan inadla istifadə edirik. Elə təsəvvür yaranır ki, həmin sözlər dilimizdə zorla saxlanılır. Əslində bu cür sözlərdən imtina etmək də mümkündür. Onlardan biri də “ofisiant” sözüdür. Çoxları onu “ofitsiant”, “ofiisyant”, “ofisyand”, “ofesyant”, “ofsyanka” və s. şəkillərdə tələffüz edirlər. Bu söz “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə salınsa da izahlı lüğətimizə düşməyib. Bu da onun dilimizin lüğət tərkibində özünə möhkəm mövqe tutmadığını göstərir. Lakin Azərbaycan dilində həmin məfhumu ifadə etmək üçün başqa bir sözün olmaması təsəvvürü yaranmamalıdır.

Azərbaycandan uzaqlarda yerləşən Misirdə indi də restoran, yeməkxana işçilərini “süfrəçi” adlandırırlar. Misirlilərin fikrincə, bu söz türk yeniçərilərindən qalıb. Türkiyədə isə həmin peşə sahiblərini “qarson” (fransızca “oğlan” deməkdir) adlandırırlar. 40-50 il bundan əvvəl buraxılmış türk lüğətlərinidə həmin mə`nada “süfrəçi” sözü işlədilməsinə baxmayaraq, müasir türk lüğətlərində onun yerinə “qarson” sözü işlədilib. Qəribədir ki, “süfrəçi” sözü “Ərəb və fars sözləri lüğəti”ndə də öz əksini tapmayıb. Halbuki Səfəvilər dövründə şahların və xanların saraylarında mətbəx işçilərinin “süfrəçi” adlandırıldığı və hətta “süfrəçibaşi” vəzifəsinin də olduğu tarixi əsərlərdən və alimlərimizin tədqiqatlarından yaxşı mə`lumdur.

Bə`ziləri dilimizdə “ofisiant” əvəzinə “xörəkpaylayan” sözü işlədirlər. Lakin bu peşə sahiblərinin işi təkcə xörək paylamaqla məhdudlaşmır. Yemək mərasimi ilə əlaqədar bütün işləri yerinə yetirən həmin işçini “süfrəçi” adlandırmaq məntiqi cəhətdən daha düzgündür. Onun əsasında “süfrəçi qız”, “süfrəçi işləmək”, “baş süfrəçi”, “süfrəçilər kursu açmaq”, “süfrəçilər müsabiqəsi keçirmək” və s. söz birləşmələri yaratmaq olur və bu, dilimizdə heç bir ağırlıq yaratmır. Hazırda türk dilində işlədilən “qız qarson”, yə`ni “qız oğlan” (!) kimi məntiqə uyuşmayan bir ifadə ilə müqayisədə “süfrəçi qız” daha ürəyatımlı, məlahətli səslənmirmi?

Lakin bir çoxları irad tutub deyə bilərlər ki, “süfrəçi” dedikdə süfrə düzəldən adamı başa düşmək olar və bu, dilimizdə dolaşıqlıq yarada bilər. Birincisi, yalnız süfrə düzəlib satmaqla ailə dolandıran peşə sahibi yoxdur. İkincisi, biz “təyyarəçi”, “gəmiçi”, “arabaçı” dedikdə həmin şəxslərin təyyarədüzəldən, gəmidüzəldən, arabadüzəldən olduqlarını təsəvvürümüzə gətirmirik. “Süfrəçi” dedikdə isə süfrə açıb, bizi müxtəlif ne`mətlərlə yedirib-doyuran, xırda məsələlər üçün süfrə arxasından qalxmağa qoymayan restoran işçisi gözümüzün qarşısına gəlir. Kim bilir, bəlkə də bir vaxtlar “Süfrəçi qız” adlı gözəl bir mahnı yaranacaq və onun sədaları altında süfrəçi qız öz müştərilərini indikindən qat-qat razı yola salacaqdır.

“Həyat” qəzeti, 5 iyul 1991-ci il.

BELƏ KİTAB KİMƏ LAZIMDIR?

Bəşər sivilizasiyasının ən görkəmli şəxsiyyətlərindən olan Məhəmməd peyğəmbər haqqında respublikamızda buraxılan kitabların sayı son illər xeyli artmışdır. Lakin nəşriyyatlarımızın çap məhsullarının keyfiyyəti yaxşılaşmır, əksinə, getdikcə elə kitablar işıq üzü görür ki, onların redaktor və korrektor əlindən çıxdığına inana bilmirsən. Bunun səbəbini isə ictimaiyyətimizin, Qafqaz Müsəlmanları İdarəsinin islam, Məhəmməd peyğəmbər haqqında buraxılan hər bir kitaba öz prinsipial münasibətini bildirməməsində axtarmaq lazımdır. Belə kitabların ərəb dilindən deyil, Qərb və ya Şərq dillərinin birindən tərcümə edilməsinin bir çox təhriflərə, səhvlərə gətirib çıxardığı yaxşı məlumdur. Ümumiyyətlə, Məhəmməd peyğəmbərin, imam Əlinin kəlamları yalnız ərəb dilindən tərcümə edilib sanballı bir nəşr şəklində buraxılarsa, gələcəkdə belə təhriflərin, anlaşılmazlıqların qarşısını asanlıqla almaq olar.

1991-ci ildə “Gənclik” nəşriyyatında Hindistanın “Hemkint press” nəşriyyatı ilə müqaviləyə əsasən buraxılmış “Məhəmməd peyğəmbərin hekayəti” kitabı indiyədək respublikamızda bu mövzuda nəşr edilmiş ən zay çap məhsuludur. Bilkiz Ələddinin ingilis dilindən dilimizə tərcümə edilmiş bu kitabının elə ilk cümləsi – “Səudiyyə Ərəbistanı… o qədər də böyük olmayan yarımadadır” cümləsi əsərdəki faktların və tərcüməninin özünün düzgünlüyünə şübhə yaradır. 38-ci səhifədə Məhəmməd peyğəmbərin əleyhdarları ondan soruşurlar: "Biz eşitmişik ki, sən Səudiyyə Ərəbistanının hökmdarı olacaqsan…" Bundan belə nəticə çıxarmaq olar ki, Ərəbistan yarımadası hələ islamiyyətin ilk illərində “Səudiyyə Ərəbistanı” adlanırmış. 27-ci səhifədə oxuyuruq: “İslam” – dinin adı idi. “İslam” sözünün mə`nası “itaət”, tabelik – yə`ni Allahın iradəsinə itaət etmək deməkdi. Bu dini qəbul edib ona itaət edənləri isə “müsəlman” adlandırırdılar.” Bu üç cümlənin xəbərlərinin (“adı idi”, “deməkdi”, “adlandırırdılar”) keçmiş zamanda verilməsi təəccüb doğurur. “İslam” sözünün mə`nasını isə “özünü Allahın iradəsinə təslim etmək” kimi vermək lazım idi.

Kitabda islamşünaslıq elmində bir sıra “kəşflər”lə də qarşılaşırıq. Məsələn, 8-ci səhifədə yazılıb: “Ərəblərin “uşaqöldürmə” adlı dəhşətli mərasimləri vardı. Onlar yeni doğulmuş körpəni diri-diri torpağa basdırırdılar.” Müəllifin bu cəfəng fikri, Allah göstərməsin, doğru olsaydı, onda gərək Məhəmməd peyğəmbər adamları islam dininə çağıranda Ərəbistan yarımadasında heç bir ərəb qalmayaydı, belə bir “mərasimi” olan xalqın kökü kəsilməliydi.

Qur`anın məşhur “Bismillahir-rəhmanir-rəhim” ayəsi 33-cü səhifədə “Sənin adınla, ey Allah!” şəklində, 7-ci səhifədə ayənin özü yarımçıq halda – “Bismillahir-rəhman” şəklində verilərək “Allahın adıyla başlayıram” kimi tərcümə edilmişdir. Dilimizdə bu ayə “mərhəmətli və rəhmli Allahın adı ilə” şəklində verilir. Ümumiyyətlə, kitabda göstərilmiş sitatlar – Məhəmməd peyğəmbərə isnad edilən kəlamların tərcüməsi şübhə doğurur. Kitabda getmiş “Ayə Qur`an surəsidir” cümləsi tərcüməçinin və redaktorun islamşünaslıq sahəsində necə “mütəxəssis” olduqlarını təsdiq edir. Peyğəmbərin məşhur bir kəlamı – “Cənnət anaların ayaqları altındadır” kəlamı burada nədənsə, “Asiman sizin ananızın ayağı altında qərar tutur” kimi “tərcümə” edilmişdir.

İslamiyyətin ilk illərindən bəhs edilən bir mətndə bir sıpa müasir sözlərdən çox uğursuz şəkildə istifadə edilmişdir. “Peyğəmbər əmr elədi ki, böyük ekspedisiya (söhbət hərbi yürüşdən gedir – E.M.) hazırlıq görülsün.” (səh.67), “Qırmızı mərmər plitəninin arxasında (görəsən, niyə qarşısında yox, arxasında? – E.M.) namaz qıldı.” (səh. 69), “Peyğəmbər heç vaxt yağ lampası (yəqin ki, tərcüməçi “lampa” ilə “yağ çırağı”nı bir-birindən fərqləndirə bilməyib – E.M.) yandırmazdı.” (səh. 74), “Axı on min tonqal on min batalyona (o vaxt müsəlmanların ordusunda müasir məfhumda batalyona uyğun gələn hərbi hissənin adını axtarıb tapmaq lazım idi – E.M.) işarə idi.”

Onun 73-cü səhifəsində oxuyuruq: “…Məhəmməd peyğəmbər ucaboy, arğaz, nazik burnu azca donqar bir adam olub. Qalın qaşları, açıq siması varmış.” Lakin başqa mənbələr bunun əksini göstərir. Məsələn, M.Ə.Talıbovun “Səma elçisi” (Bakı, 1990) kitabının 96-cı səhifəsində o , “orta boylu” və “qaşları çox nazik və kaman şəkilli” bir adam kimi təsvir edilmişdir.

Tərcümədə çoxlu yöndəmsiz cümlələr və ifadələr vardır: “…Məkkəyə “həcc” adlı ziyarətə gəlirlər”, “Dördbucaqlı formada (əslində kub şəklində E.M.) olan binanı “Kə`bə” adlandırırdılar”, “Bu mirvari daş (söhbət Kə`bədəki qaradaşdan gedir – E.M.) gümüşü parıltılarla göz qamaşdırırdı”, “Sitayiş məni təsdiq edir”, “İlk hacı icra etmiş İbrahim”, “Musanın çubuğu” (“əsası” deyərlər – E.M.), “…qureyşilərin təəccübünə rəğmən qıfıllar öz-özünə açılıb düşdü”, “dini əşyalar” və s. Qəribədir ki, belə bir kitab üçün məqbul sayılan “nazil olmaq”, “zühur etmək”, “rəbbimiz”, “qəzəvat”, “cihad” kimi xüsusi söz və ifadələrdən istifadə edilməmişdir.

Kitabda getmiş “Efiopiya”, “Yerusəlim”, “Suriya” yer adları, “Sezar”, “Nequs” sözlərinin əvəzinə o vaxtlar işlədilmiş “Həbəşistan”, “Qüds”, “Şam”, “qeysər”, “nəcaşi” sözlərindən istifadə edilməli idi.

Kitabda göstərilən bir sıra iddialar tarixi faktlara uyğun gəlmir: “Məhəmməd Xədicənin karvanlarını Bəsrəyə və Yəmənə müşayiət eləməyə başladı“ (səh. 16), “Peyğəmbər bir müddət Kufədə qaldı” (səh. 46). İslam tarixinin bu dövrü kifayət qədər geniş tədqiq edilmişdir. Tarixdən yaxşı mə`lumdur ki, Məhəmməd peyğəmbər heç vaxt Bəsrədə və Kufədə olmamışdır. Kitabın buraxılışına mə`sul olanlar faktları dəqiqləşdirsəydilər, ilkin mənbədə Bəsrə və Kufə sözlərinin düzgün yazılmaması üzündən belə bir səhv getdiyini vaxtında aşkar edə bilərdilər.

İslam fütuhatının ilk illərindəki bir sıra döyüşlərin xüsusi adları vardır. Kitabda verilmiş “Xəndək kənarında döyüş”, “Bədr yaxınlığında döyüş” adları sadəcə olaraq “Xəndək savaşı” və “Bədr savaşı” adlanır. “Hüdeybiyyə müqaviləsi” isə “Hüdeybiyyə sülhü” kimi qəbul edilmişdir.

Bir çox şəxs, qəbilə, yer, ay adları və s. adlar təhrif edilmişdir: Həzrəc (əslində “Xəzrəc” olmalıdır), Hudaybiyəh (Hüdeybiyyə), Honeyn (Huneyn), Kisvə (Qəsva), Həcər (Hacər), Voraka-bin-Nofəl (Varaqə ibn Naufəl), Əmir-bin Əyas (Amr ibn Əl-As), Ükba-bin-abi-Müyyət (Uqbə ibn Mueyt), Müseyib-bin Ümayir (Mus`ab ibn Umeyr), Şifə-bin-Əbdüllah (Şiffə bint Abdullah), Zilqəd (Zul-qə`də), Zilhiccə (Zul-hiccə), Sufə (Suffə) və s.

16-cı səhifədəki “Meysərə səfər elədikləri vaxt Xədicə Məhəmmədə həyan bir nökər qoşmuşdu” cümləsində elə həmin nökərin adının “Meysərə” olduğu tarixdən məlumdur.

İslamşünaslıqda naşı bir müəllifin oxucularımızın intellektual səviyyəsindən aşağı olan bir kitabını bu cür tərcümə edib böyük tirajla (200 min) buraxanlar, görəsən, bu zay məhsula görə hansı hissləri keçirirlər? Peyğəmbər haqqında belə bir kitab buraxmaq günah deyilmi? Yoxsa, naşirlər və tərcüməçi son məqamda ateizmə öz töhfələrini vermək istəmişlər?

“Həyat” qəzeti, 29 noyabr 1991-ci il

BƏS APOSTROF HARA GETDİ?

Bir neçə il bundan əvvəl əlifbamızın 33-cü hərfi sayılan apostrof ətrafında mətbuatda diskussiya keçirilirdi. Lakin latın qrafikası əsasında əlifbaya keçmək məsələsi ortaya çıxandan sonra apostrof tamamilə unuduldu. Çünki təklif edilən əlifba layihəsinə apostrof salınmamışdı. Güman etmək olardı ki, bununla da problem aradan qaldırılıb. Lakin heç də belə deyildir.

 

Apostrofu əlifbadan-əlifbaya keçirərək bu günədək gətirib çıxaranlar bunu bütün dövrlərin müasirləri tərəfindən klassik ədəbiyyatımızın daha yaxşı başa düşülməsi üçün etmişlər. Qeyd etmək lazımdır ki, indiyədək apostrofun dilimizdə yeri və rolu haqqında sanballı tədqiqat əsəri yazılmayıb. Qəzet və jurnallarda, elmi əsərlərdə apostrofa müxtəlif münasibət bəslənilmişdir. Çox vaxt bu və ya digər sözlərdə apostrof atılmış, müəyyən sözlərdə onun yeri dəyişdirilmiş, yaxud lazım olmadığı halda, bə`zi sözlərə əlavə edilmişdir. Orfoqrafiya lüğətimizin 1975-ci nəşrində isə apostrofun “əsasən birinci, bə`zən də ikinci hecasında uzanan ə, e, ö saitlərindən bir olan sözlərdə” və “birincisi samitlə bitən ikincisi saitlə başlanan hecalar arasında ayırıcılıq və saiti aydın tələffyz etmək üçün” qoyulduğunu təsdiqləyən qayda da “ixtira edilmişdir”. Bir vaxtlar apostrofun dilimizə ərəb-fars sözləri ilə keçdiyi də göstərilirdi. Halbuki fars dilindən dilimizə apostroflu söz keçə bilməzdi.

Hələ 1988-ci ildə “Azərbaycan müəllimi” qəzetində Z.Budaqova və B.Abdullayev “Bir daha apostrof haqqında” məqaləsində yazmışdılar: “Apostrofun Azərbaycan dilinə gətirdiyi bəlalardan (!?) biri də gənc nəslin savadlanması yolunda əngəl olmasıdır.” Belə bir böyük günahı iynə gözü boyda apostrofun üstünə yıxmaq heç insafdan deyildir.

Bəs dilimizdən apostrofu çıxarmaqla nə qədər sözü şikəst etmiş olacağıq? Onu əlifbamızdan çıxarmağı təklif edən həmin müəlliflər yazırlar: “…apostroflu sözlərin sayı… bugünkü imlamızda 400 sözlə məhdudlaşır. Bunların 115-i əsas, qalanı isə onlardan törəyən sözlərdir.”

Professor Ə.Əfəndizadə “Düzgün yazı tə`liminin elmi əsasları” (Bakı, “Maarif” nəşriyyatı, 1975) kitabında göstərir: “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə apostroflu sözlərin miqdarı 324-dür. Əksəriyyəti, təxminən dörddə üç hissəsindən çoxu düzəltmə sözlərdir.” Müəllif tərkibində apostrof olan şəxs adlarımızı dil materialı hesab etməmişdir. Halbuki, xeyli miqdarda əcnəbi, xüsusilə ərəb şəxs və yer adları da dilimizdə apostrofla yazılır.

Bəs, dilimizdə nə qədər apostroflu söz vardır? Orfoqrafiya lüğətimizə 600-dək apostroflu söz daxil edilmişdir. Lüğətə bəhri-tə`vil, bid`ətlik, şə`n, me`marlıq və s. sözlər salınmamış, kəmcür`ətli, kəmcür`ətlilik, kəme`tibarlı, kəme`tiqadlı, kəme`tinalı və s kimi sün`i sözlər daxil edilmişdir. Lüğətdəki rə`d, rə`şə, rə`şəli, rə`şələnmək, şə`şəə, şə`şəələnmək və s. kimi sözlərin mə`nasını heç də hər ərəbşünas ərəb dilinin izahlı lüğətinə baxmadan başa düşmür. Möbid, möbidlik, cürətləndirmək, lö-lö, ər-ər və s. kimi sözlər apostrofsuz yazılmışdır. Son iki sözdə defisin əvəzinə apostrof yazılmalıdır. Əslində isə həmin iki söz lüğətimizə salınmalı deyildi. Məqalə müəlliflərinin misal gətirdikləri səl`əb, və`qə sözlərində apostrof düzgün qoyulmayıb. əslində sə`ləb və vəq`ə olmalıdır. Lüğətdə nəş`ə, vəq`ə sözləri apostrofla yazıldığı halda, nə üçün təb`ə sözü apostrofsuz yazılıb?

“Azərbaycan gəncləri” qəzetinin 1988-ci il 12 avqust tarixli nömrəsində getmiş “Orijinal lüğət” sərlövhəli yazıda rə`m sözü dörd dəfə işlədilməklə cinas “yaradılmışdır”. Halbuki, ərəb dilinin izahlı lüğətində, “Ərəb və fars sözləri lüğəti”ndə rə`m sözü yoxdur. Deməli, Azərbaycan dilində də apostrofla yazılan belə söz ola bilməz. “Ədəbiyyat və incəsənət” qəzetinin 1988-ci il 23 sentyabr tarixli nömrəsində dərc edilmiş “Haşımbəy Vəzirov” adlı məqalədə Otellonun monoloqundan sitat gətirilmişdir. Həmin sitatda dörd dəfə şə`m sözü işlədilmişdir. H.Vəzirov heç vaxt şəm` əvəzinə şə`m yazmazdı.

Bə`ziləri axırında apostrof yazılmalı sözləri klassik ədəbiyyatımıza aid edirlər. Belə çıxır ki, rəf`, dəf`, nəf`, şəm`, təb`, mən`, qət` və s. sözləri müasir mətnlərdə istifadə etmək olmaz. “Xeyriyyə cəmiyyətinin nəf`inə konsert verdik!”, “Yaxşı təb`iniz var” cümlələrini işlətmək müasirlərimizə yasaq edilə bilərmi? Apostrofdan yalnız klassik ədəbiyyatın nəşri zamanı istifadə edilməsini tələb edənlər unudurlar ki, Cənubi Azərbaycanda buraxılan qəzet və jurnallardakı, kitablardakı mətnlərlə keçən əsrlərdə bizdə yazılanlar arasında hansı fərqlər qoyrlar? Bizdə də ərəb və fars qrafikası ilə çoxlu qəzet və kitablar buraxıldığını, dini mətbuatın inkişaf etdiyini unutmaq olmaz.

Türkiyənin müasir əlifbasında apostrof yoxdur. Lakin “Qur`an” sözünü apostrofsuz yazan olmamışdır. Rus əlifbasında da apostrof yoxdur. Lakin apostrof bir sıra əcnəbi adların (d`Estyen, d`Artanyan və s.) yazılışında işlədirlər və bundan imtina edilməsini heç kəs tələb etmir.

Apostrof xeyli ərəb adının dilimizdə düzgün verilməsi üçün əvəzsiz vasitədir. Ərəblərə xas olan Sə`dun, Sə`di, Mə`bud, Məs`ud, Əl-Cə`bəri, Sən`an, Əs`əd (Əsəd başqa addır) və s. adları yalnız apostrofla yazmalıyıq. Bunların bə`ziləri azərbaycanlıların adları olarsa, apostrofsuz yazmaq olar. Cəfər, Şaban, Yaqub və s. Bununla belə, Ə.Haqverdiyevin “Şeyx Şə`ban” hekayəsini oxuyarkən hansı diktorun həmin adı apostrofsuz tələffüz edəcəyini eşitmək maraqlı olardı. Sən`a, Kə`bə, Dər`a, Nu`maniyyə, Mə`lulə, Əl-Mə`murə və s. ərəb yer adlarının apostrofsuz yazılması təhrifə gətirib çıxarır, qəbul edilmiş tendensiyanı pozur.

Respublikamızda əski əlifbanı öyrənmək istəyənlərin sayı getdikcə çoxalır, klassik ədəbiyyatımıza, arxiv sənədlərinə, əlyazmalara maraq da artır. Belə bir vaxtda apostrofun əlifbamızdan çıxarılması sonralar böyük çətinliklərə səbəb olacaqdır. Fərz edək ki, bir vaxt Bakıda heç bir apostrof işlətmədən çap edilmiş yaxşı bir bədii və ya elmi əsəri Cənubi Azərbaycanda ərəb qrafikası ilə nəşr etməyi qərara alıblar. Bu onlar üçün çox əziyyətli bir işə çevriləcəkdir. Çünki külli miqdarda sözün “həmzə” və “ayn” hərflərini bərpa etmək üçün dilimizin omonim sözlərini saf-çürük etmək lazım gələcəkdir. Bəlkə də bunun ucbatından həmin əsərin nəşrindən imtina edəcəklər. “Odlar yurdu” qəzetinin ərəb qrafikası ilə buraxılan nəşrində apostrofu, daha döğrusu, “həmzə” və “ayn” hərflərini çıxarmaq mümkün olmayacaqdır. Deməli, müasir mətbuatımızda hərc-mərclik yarana bilər. Nəzərə almaq lazımdır ki, respublikamızda bundan sonra ərəb qrafikası ilə qəzet, jurnal və kitab nəşri arta da bilər.

Apostrofu əlifbamızdan çıxarmaqdansa, dilimizdəki bütün apostroflu sözləri, sözün əsl mə`nasında, inventarlaşdırmaq, onların sanballı bir sözlüyünü tərtib edib şagirdlərə, tələbələrə, mətbuat işçilərinə, diktorlara çatdırmağın vaxtıdır. Həmin sözlüyü bu cür bölmələrə ayırmaq daha məqsədəuyğun olardı: “Müasir dilimizin apostroflu sözləri”, “Vaxtilə apostrofla yazılmış, hazırda isə apostrofa ehtiyac olmayan sözlər”, “Apostrofun bərpa edilməsi zəruri olan sözlər”, “Yalnız klassik ədəbiyyatda işlədilmiş apostroflu sözlər”, “Apostroflu şəxs adları”, “Apostrofla yazılan ərəb şəxs və yer adları”.

Apostrofu elə təkcə klassik irsimiz naminə əlifbada saxlamaq lazımdır. Əks təqdirdə yaxın gələcəkdə vətəndaşlarımızın böyük əksəriyyəti yalnız Nəsimi, Füzuli, Vaqif, Vidadi, S.Ə.Şirvaninin deyil, heç Əliağa Vahidin və digər müasir qəzəl yazan şairlərimizin əsərlərini də düzgün oxuya bilməyəcəkdir. Yaxşı muğam oxuyanı çıraqla axtaracağıq. Klassik irsimizlə aramızdakı uçurum daha də dərinləşəcəkdir.

“Bakı” qəzeti, 29 yanvar 1992-ci il.

LÜĞƏTLƏRİMİZDƏ DÜNYA DİLLƏRİNİN ADLARI

Dilimizin lüğət tərkibindəki isimlər, sifətlər, saylar, zərflər, fe`l məsdərləri və s. sözlərin orfoqrafiya lüğətində öz əksini tapmalı olduğunu heç kəs inkar edə bilməz. Dünya dillərinin adları da belə bir hüquqa malikdir. Lakin “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə və “Azərbaycan dilinin izahlı lüğəti”nə dünya dillərinin adları adlıq halında, yə`ni “fars dili”, “özbək dili”, “ingilis dili” və s. şəklində deyil “farsca”, “özbəkcə”, “ingiliscə” və s. şəklində daxil edilmişdir. Bunun göstərilən şəkildə lüğətlərə daxil edilməsinə nəyin mane olduğu aydınlaşmır.

Orfoqrafiya lüğətinə iki sözdən ibarət olub ayrı yazılan məfhumların deyil, yalnız bir sözdən ibarət olan məfhumların daxil edilməsi me`yarı yaxşı mə`lumdur. Lakin bə`zi sözlərin izahedici ikinci bir sözlə birlikdə daxil edilməsi də istisna deyildir. “Qövr etmək”, “kuzə, kiçik səhəng”, “sancaqlıca, bitki”, “treska, balıq” və s. kimi çoxlu lüğət materialı vardır. Deməli, lüğətə həmin sözləri “fars, dil”, yaxud da “fars dili” şəklində daxil etmək olardı.

Dillərin adlarına “-ca, -cə” şəkilçiləri artırmaqla tərzi-hərəkət zərflikləri düzəldilir və bunu heç də bütün dillərin adlarına, xüsusilə iki sözdən ibarət olan dillərin (qədim Misir, orta fars, şimali bərbər, yuxarı alman və s.) adlarına əlavə etmək olmur. Adları ölkənin (ərazinin) adından alınmış dillərin adlarının sonuna həmin şəkilçiləri artırıb “Ukraynaca”, “Litvaca”, “Norveçcə”, “Danimarkaca” şəklində işlətməyin özü mübahisəlidir; “-ca, -cə” şəkilçilərini artırmağa uymağın nəticəsidir ki, “Avropa mənşəli sözlərin qısa lüğəti”ndə (Bakı, 1981) “skandinavca”, “həbəşcə” sözləri “yaradılmışdır”. “İzahlı coğrafi adlar” lüğətində (Bakı, 1982) isə “yuqoslav dilində”, “qədim slavyan dilində”, “semit dilində” kimi məntiqə uyğun gəlməyən ifadələr işlədilmişdir.

Son vaxtlar Bakıda və digər böyük şəhərlərimizdə ivrit dilinin öyrədilməsi üzrə kursların fəaliyyətə başlaması barədə qəzetlərdə müxtəlif xəbərlər dərc edilir, e`lanlar verilir. “Azərbaycanca-rusca lüğət”də “yəhudicə po-yevreyski”, “Rusca-azərbaycanca lüğət”də isə “yevreyskiy yazık yəhudi dili” ifadələri verilmişdir. “Azərbaycan dilinin izahlı lüğəti”n də (II cild, səh.546) isə “yəhudi dili”, “yəhudicə”, “yəhudicə oxuya bilir”, “yəhudicə qəzet” söz və ifadələri misal gətirilmişdir. Halbuki, dünyada yəhudi dili yoxdur, ivrit dili var. Həmin sözlər yalnız lüğətlərdə verilib və başqa heç bir münasibətdə işlədilmir. Diqqət yetirmək lazımdır ki, indiyədək heç yerdə “Yəhudi dilinin qrammatikası” və yaxud “Yəhudi dili” dərsliyi kitabları buraxılmayıb. Arzu edənlər ivrit dilini öyrənirlər və onun da dərsliklərini, lüğətlərini nəşr edirlər.

İzahlı lüğətimizin 1-ci cildinin 363-cü səhifəsində belə bir izah vardır: “ibrani dili -qədim yəhudi dili”. Əlbəttə, “qədim yəhudilərin dili” yazılsaydı, daha düzgün olardı. Hazırda fərqinə varmadan işlətdiyimiz “yəhudi dili” və “qədim yəhudi dili” hələ latın qrafikasına keçməzdən əvvəl müvafiq olaraq “ibri dili” və “qədim ibri dili” işlətmişlər, yazmışlar. Yeri gəlmişkən, rus dilindəki “yevreyskiy” sözü “ibri” sözünün təhrif edilmiş formasıdır.

Həm “Azərbaycanca-rusca lüğət”də, həm də “Rusca-azərbaycanca lüğət”də “afqanskiy yazık” ifadəsi “əfqan dili” kimi verilmişdir. Bir neçə il bundan əvvəl qəzetlərin birində Əfqanıstan yazıçılarından birinin hekayəsinin tərcüməsini dərc etmişdilər. Hekayənin sonunda isə göstərilirdi: “Əfqan dilindən tərcümə edəni…” Halbuki belə bir dil yoxdur. Əfqanıstanın rəsmi dilləri dəri və puştu dilləridir.

İzahlı lüğətimizdə, orfoqrafiya lüğətində, “Azərbaycanca-rusca lüğət”də həm “qazıqumuqca”, həm də “qumuqca” sözləri vardır. Məgər bunların ikisi də bir dilin adları deyilmi? Dilimizdə “qumuq” sözü varsa, “qazıqumuq” və “kumıq” sözlərini lüğətlərə salmağına dəyərmi? “Qazıqumuq” sözü “Qumuq qəzası” deməkdir və dili belə adlandırmaq nə dərəcədə düzgündür?

Lüğətlərimizdə verilmiş “aramey” və “udin” dillərin adlarındakı “y” və “n” hərfləri rus dilinin morfologiyasının ünsürü deyilmi? Bir də qədimdən bizdə “arami dili” deməmişlərmi?! Nə vaxta kimi “semit dilləri” işlədəcəyik?! “Sami dilləri”, “hami dilləri”, “sami-hami dilləri qrupu” və s. terminləri lüğətlərimizdə öz yerini tutmalıdır.

Axır vaxtlarda qədim türk dilləri ilə şumer dilinin arasındakı ümumi cəhətlərdən yazırlar. Lakin əvvəlcə bir şeyi müəyyənləşdirmək lazımdır. İş burasındadır ki, bizdə indiyədək Qərbdə və Rusiyada işlədilmiş “şumer” sözündən istifadə edilmişdir. Lakin Türkiyədə və İraqda (ümumiyyətlə, ərəb dilində) “şumer dili” deyil, “sumer dili” ifadəsini işlədirlər. Nəzərə almaq lazımdır ki, İraq və Türkiyə əraziləri şumerlərin məskən saldıqları yerlər olmuşdur.

Qəribədir ki, 1989-cu ildə buraxılmış “İzahlı dilçilik terminləri” sorğu lüğətində dünya dillərinin adları əlifba sırası ilə lüğət materialları kimi verilməmişdir. Bəs dillərin adlarının düzgün yazılışını haradan öyrənməliyik, dəqiqləşdirməliyik?

“Həyat” qəzeti, 4 mart 1992-ci il.