Tanrı görmüş köpək

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Günortadan sonra odunluğa yekə bir çörək, yanına da pendir qoydu. Ancaq köpək yenə də gəlmədi. Günlər bir-birini izlədikcə Qalleon daha sağlam görünürdü: tükləri yenidən parlamağa başlamışdı. Sahibi olan itlər kimi tükləri daranmış kimi görünürdü… Deyəsən, kimsə ona qulluq edirdi. Bəlkə də bir neçə adam bir-birindən xəbərsiz köpəyə qulluq edirdilər. Ya da çox şeyə şahid olmuş köpəkdən qorxur, dostlarının lağ-lağından gizlənərək Tanrının gözünə girməyə çalışırdılar. Hava qaralan kimi itə dadlı təamlar verir, Tanrının qılığına girirdilər?

Bəlkə, Qalleon buna görə çörəyi götürməyə gəlmirdi? Yəqin qarnını daha yaxşı yeməklərlə doldururdu. Ancaq kimsə bu məsələdən danışmırdı: təsadüfən söz düşəndə də söhbəti dəyişirdilər. Köpək küçədə görünəndə, adamlar onun yanından keçərək elə baxırdılar ki, elə bil o da şəhərə doluşmuş, azdırılmış küçə itlərindən biridir. Defendente özünü elə hiss edirdi ki, sanki tapdığı dahiyanə fikri kimsə oğurlayaraq qazanc əldə etməyə çalışır.

XIII

Tanrını görmüş olsa da, olmasa da, şübhəsiz, Qalleon qəribə it idi. İnsan kimi ev-ev gəzir, meydana, çayxanaya, mətbəxlərə girir, bir anlıq hərəkətsiz dayanaraq ətrafını və insanları diqqətlə müşahidə edirdi. Sonra da sakitcə çıxıb gedirdi.

Bu gözlərin arxasında nə var idi? Tisin sakinləri düşünürdülər ki, Qalleon bu cür baxmaqla onların fikirlərini oxuya bilir. Adətən insanlar ondan qaçırdılar, çünki baxışlarına müqavimət göstərə bilmirdilər. Sakinlər küçə itlərini vursalar da, qovsalar da, ona qarşı bu cür davranmağa heç kim cürət etmirdi.

Yavaş-yavaş adamlar özlərini tələyə düşmüş kimi hiss edirdilər, ancaq heç kim bu barədə danışmağa cürət etmirdi. Yalnız bir nəfər – Lusioni heç nəyi vecinə almadan hamının düşündüyünü rahat-rahat deyirdi:

– Baxın! Tanrı görmüş cəsur köpək oradadır!

O, Qalleonu nə vaxt görsə, belə qışqırır, sonra da gülərək ətrafındakılara nəzər yetirirdi. Adamlar isə ya heç nə başa düşmürlərmiş kimi hərəkət edir, ya Lusioninin dedikləri ilə razılaşmadıqlarını göstərmək üçün papaqlarını havada yelləyərək:

– Uydurmadır, adamın lap gülməyi gəlir. Lap qarıların şayiəsi kimidir, – deyirdilər. Sonra da axmaq zarafatmış kimi ürəkdən gülürdülər.

Əgər Bernadis həmin vaxt orda olardısa, mütləq etiraz edərdi: “Bu zahidin köpəyi deyil. Sizə deyirəm axı, kəndin itlərindən biridir. İllərdir buralarda gəzişir, tez-tez çörəkçi dükanının yanında görürdüm onu”.

XIV

Bir gün Defendente yenə də səbətin deşiyindən çörək götürmək üçün zirzəmiyə düşmüşdü. Həyətdən dilənçilərin bağırtısı, onları sakitləşdirməyə çalışan arvadı ilə köməkçilərin səsi gəlirdi. Defendente əvvəlcə nəfəsliyi, sonra da səbətin deşiyini açdı. Ustalıqla çörəkləri əlindəki kisəyə doldurmağa başladı. Bu an zirzəminin o biri tərəfində qara bir şeyin qımıldandığını gördü. Köpək orda idi.

– Qalleon, Qalleon, – o mehriban, amma bir o qədər də qeyri-səmimi tərzdə onu çağırmağa başladı, – Bura gəl, gəl götür.... – əlindəki çörəyi ona tərəf atdı. Amma heyvan çönüb çörəyə gözünün ucu ilə də baxmadı. Gördükləri ilə kifayətlənən Qalleon yavaş-yavaş oradan çıxdı. Tək qalan çörəkçi qəzəblə özünə söyməyə başladı.

XV

O köpək ki, Tanrını görmüşdü, çox güman ki, çox şeydən xəbərdar idi. Allah bilir, nə qədər sirr öyrənmişdi. İnsanlar çarəsizcə bir-birilərinə baxırdılar. Ümid edirdilər ki, kimsə onlara kömək edəcək, ancaq heç kim danışmırdı. Sonra biri danışmaq istədi. “Dayan e, bəlkə təkcə mən belə fikirləşirəm? – deyə özündən soruşdu. – Bəlkə, başqaları mənim kimi fikirləşmir? Sadəcə mənə elə gəlir ki, hamının bundan xəbəri var?”

Qalleon isə ərklə bir yerdən digərinə gedir, anbarlara, mağazalara girirdi. Birdən-birə gəlir, küncdə dayanaraq baxır, havanı qoxlayırdı. Hətta gecələr – bütün itlər yatdığı vaxtda belə özünə xas şəkildə ağ divara kölgəsini salırdı. Görəsən, gedib yatacağı bir evi yox idimi?

Artıq insanlar evlərində qapılarını arxadan bağlasalar belə, özlərini yanlarında başqası varmış kimi hiss edirdilər. Tez-tez otların xışıldamağını, küçə daşlarının və qumların üstündə addım səslərini, yaxınlıqdan eşidilən boğuq ulamanı eşidirdilər. Qalleon özünə xas səslər çıxarırdı. O bütün kəndə nəzarət edirdi.

– Yaxşı, problem yoxdur, bəlkə də mən səhv etmişəm, – dəllal iyirmi sent üçün arvadı ilə bərk dalaşdıqdan sonra dedi.

– Bu dəfə heç nə etmirəm. Ancaq bir də olsa… – deyə çörəkçinin arvadı bildirdi. Beləliklə, köməkçisini işdən çıxartmaq fikrindən daşınaraq, ona ikinci bir şans verdi.

– Onun kimi sevimli bir xanıma böyük hörmətim var… – Xanım Birenza bələdiyyə sədrinin arvadı haqqında qeybətini yarımçıq saxlayaraq tez sözünü dəyişdi.

Həmin vaxt Qalleon “xış, xış, xış” kimi səslər çıxararaq oradan keçirdi. Pivəxanadan sərxoş çıxan adamlar belə onun səsini eşidən kimi cəld özlərini yığışdırmağa və ayılmağa çalışırdılar.

Mühasib Federik müdirinə iş yoldaşı Rossinin şirkətə ziyan vuran hərəkətlər etdiyini demək üçün imzasız məktub yazırdı. Amma birdən-birə Qalleon orada peyda oldu. Sanki onun baxışları “Bilirəm məktubda nə yazırsan?” – deyirdi.

Federik nəzakətlə itdən xahiş etdi:

– Çıx, çölə çıx, ağıllı it.

Amma ürəyindən keçən söyüşləri deməyə cürət etmədi. Sonra köpəyin getdiyinə əmin olmaq üçün qapının arxasına baxdı və hər ehtimala qarşı məktubu ocağa atdı.

Başqa bir vaxt Qalleon bitkilərlə bəzədilmiş evin qarşısında peyda oldu. Beş uşaq atası, bağban Quiclonun ayaqları altında pilləkən cırıldayırdı. Elə bu zaman qaranlıqda iki göz parıldadı.

– Ay daa, bura deyilmiş… – itin də eşitməsi üçün ucadan dedi. Sanki həqiqətən də səhv etdiyinə görə əsəbiləşmişdi. – Qaranlıqda adam çaşır… Bura notariusun evi deyilmiş, – deyə-deyə cəld nərdivanlardan aşağı düşdü.

Köpək həmişə eyni vaxtda çörəkçi dükanının yaxınlığında ulayırdı. Bu dəfə çörəkləri götürəndə Defendente onun səsini eşitdi və anladı ki, köpəyin hər şeydən xəbəri var. Əgər onun hürməyi camaatda şübhə oyandırsa, miras havaya sovrulacaqdı. Ona görə də boş kisəni qatlayaraq qoltuğunun altına qoydu və dükana qayıtdı.

Bu təqib nə qədər davam edəcək? Köpək nə vaxt çıxıb gedəcək? Ömrünün axırına qədər Tisdəmi qalacaq? Görəsən neçə il ömrü qalıb? Canını ondan necə xilas edə bilər?

XVI

İllərdir diqqətsiz qalan kilsə yenidən ağzına qədər dolmuşdu. Bazar günü ayinlərində uzun müddətdir görüşməyən köhnə dostlar bir-biri ilə tapışırdılar. Hamının da bəhanəsi vardı. Çoxu eyni sözü deyirdi:

– Çöl yaman soyuqdu, kilsənin divarları qalın olduğu üçün içəri isti olur.

Bir başqası:

– Tabia ata ilə danışmışıq. Mənə yapongülünün toxumlarını verməlidir. Sarı güllər olur e, bax ondan… Aradabir kilsəyə gəlməsəm, verməyəcək, – söyləyirdi.

Başqa biri:

– Xanım Erminiya, fikrimi izah edə bildimmi? “Müqəddəs ürək” mehrabındakı kimi möhtəşəm krujevalı örpək istəyirəm. Evə aparmağa qoymurlar deyə, gəlib burda, baxa-baxa hörürəm. Çox qarışıqdı, hələ xeyli vaxtımı alacaq, – deyərək hərəkətinə haqq qazandırmaq istəyirdi. Sonra da, – Don Tabia bura baxır, – deyə gülümsəyir, tezbazar söhbəti bağlayırdılar.

Heç kim bura bəhanəsiz gəlmirdi. Məsələn, guya Senyora Ermelinda qızına musiqi dərsi vermək üçün kilsənin orqançısı Benediktdən başqa heç kimi tapa bilməmişdi. Yeni evlənmiş qadın ərindən gizlin anası ilə kilsədə görüşürdü. Həkimin arvadı meydanda gəzərkən qəflətən ayağı burxulmuş, beş dəqiqə oturmaq üçün kilsəyə gəlmişdi.

Tabia ata minbərdə dayanaraq ətrafa göz gəzdirir, kilsədəki qələbəliyi görüb, təəccübdən deməyə söz tapmırdı. Həmin vaxt Qalleon kilsənin arxasındakı otluqda uzanmışdı və ayindən sonra çıxan insanları tərpənmədən seyr edirdi. Adamlar çıxan kimi cəld başqa səmtə burulur, heç kim ona baxmağa cürət etmirdi. Bununla belə, heyvanın baxışlarını kürəklərində iki yanar od kimi hiss edirdilər.

XVII

Qalleoneyə bənzəyən it görəndə belə adamların tükü biz-biz olurdu. O insanların çox olduğu yerdə – mağazada, axşam gəzintilərində – qəfildən peyda olurdu. Tək qalanda ona mehriban davranan, kömbə, yeməli şeylər verənlər belə olanda ona etinasız yanaşırdılar.

– Ax, hardadı o əvvəlki vaxtlarımız? – insanlar niyə belə dediklərini izah etmədən ucadan səslənirdilər. Amma hamı nəyin nəzərdə tutulduğunu yaxşı bilirdi. O vaxtlar gözəl idi ki, hamı heç nədən utanmır, istədiyi hər şeyi edirdi. Məsələn, bazar günü günortaya qədər yatırdı…

İndi satıcılar nəyisə çəkəndə nazik kağızdan istifadə edir, tərəzidə aldatmır, ev sahibələri qulluqçularını döymürdülər. Polis Venariello bütün günü şöbənin qarşısında, günəşin altında mürgüləyir, təəccüblə deyirdi:

– Niyə heç cinayət olmur?

Heç kim ictimai yerlərdə ucadan söyüş söyə bilmir, söymək istəyəndə də ətrafına yaxşı-yaxşı diqqət edirdi ki, birdən köpək oralarda olar. Amma kim etiraz edə bilərdi ki? Kim ona zəhər qatılmış bir tikə ət verəcək qədər cəsur idi? Bütün bunlar başdan-ayağa müəmma idi. Tək çarə Qalleonun öz əcəli ilə ölməyini gözləmək di. Onun başına ancaq təsadüfən nəsə gələ bilərdi.

Bir gecə tufan qopdu, göy guruldadı, şimşək çaxdı, elə bil dünyanın axırı gəlmişdi. Defendente Sapori göy guruldamağına rəğmən aşağıdan gələn qəribə səsləri eşidirdi. Yəqin ki, oğru idi. Cəld çarpayıdan tullandı, silahdan yapışdı, nəfəslikdən aşağı baxdı. Anbarın ağzını açmağa çalışan iki adam gördü. Şimşək çaxanda həyətin düz ortasında dayanan qara bir köpək də gözünə dəydi. Yəqin ki, Qalleon oğruları qorxutmağa gəlmişdi. Əlinə fürsət düşdüyü üçün ürəyində sevinərək, yavaşca nəfəsliyi açdı. Tüfəngi köpəyə tuşladı və şimşək çaxmağını gözlədi. Birinci atəş şimşəklə eyni vaxtda açıldı.

– Oğru! Oğru var! – deyə qışqıraraq, qaranlığa ikinci dəfə də atəş açdı.

Oğrular qaçmağa başladılar, sonra ətrafdakı evlərdən çırpılan qapıların səsləri məhəlləni başına götürdü. Qadınlar və uşaqlar qışqırışdılar. Həyətə girən bir adam onu səslədi:

– Ay daa, Defendente, baxın, bir it öldürmüsünüz.

 

Əlbəttə, insanlar tez-tez səhv edirlər. Hələ gecə vaxtı lap çox səhv etmək olar, amma bu Qalleo idi. Defendente ona baxmağa getmədi. İt gölməçədə tərpənməz uzanmışdı. Çörəkçi anbara getdi ki, görsün qapını qırıblar, ya yox? Sonra da hamıya “gecəniz xeyrə” – deyib, çarpayısına qayıtdı.

– Axır ki, rahat yata biləcəm, – desə də heç cürə gözünə yuxu getmədi.

XVIII

Səhəri gün köməkçiləri köpəyi boş sahədə basdırdılar. Defendente onlardan it barəsində heç nə soruşa bilmədi, çünki hadisənin çox böyüməsini istəmirdi.

Dünənki gecə baş verənləri kənddə kim yaymışdı? Axşam çörəkçi çayxanaya getdi, hamı gözünü ona zilləmişdi, ancaq təşvişə düşməsin deyə, baxan kimi gözlərini çəkirdilər.

– Axşam, deyəsən, bir neçə dəfə atəş açmısan? – Bernadis Defendenteni salamladıqdan sonra soruşdu. – Deyirlər çörəkçi dükanında böyük müharibə gedib?

– Ola bilər, – Defendente hadisənin əhəmiyyətsiz olduğunu göstərmək üçün dilucu cavab verdi. – Oğrular anbara girmək istəyirdilər. Mən də kor-koranə iki dəfə atəş açdım, qaçdılar.

– Kor-koranə niyə? – Lusioni soruşdu. – Güllə atmazdan qabaq hara və niyə atdığına baxmadın? Nişan almadın?

– Hər tərəf qaranlıqdı! Səncə, elə vəziyyətdə nəsə görmək olar? Qapıdan səs-küy eşitdim, səs gələn tərəfə iki dəfə atdım.

– Amma yazıq bir iti də o biri dünyaya göndərdin.

– Ah, düz deyirsən, – Defendente ah çəkdi. – Bir iti öldürdüm. Allah bilir, hardan gəlmişdi. Çünki mənim itim yoxdu.

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?