Seçilmiş Əsərləri

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

QARANQUŞ

Həyətimiz nə mehriban, nə şən idi!..

Dost əli dost ələ uzanar, qardaş baxışı qəlb isidər, ürək sevindirərdi.

Geniş, uzun eyvanımıza neçə qonşunun qapısı açılardı!..

Qonşu qonşuya səs verib sevincinə şərik olar, dərdini bölüb qəmini yüngülləşdirərdi.

Böyük bir ailənin övladları kimi, biz həyəti dünya bilib qaçmaqdan yorulmur, eyvanı ucsuz-bucaqsız xiyaban bilib, gəzməkdən doymurduq. Həyətdən eyvana cumur, eyvandan həyətə yüyürürdük.

Eyvanımızda və həyətimizdə qaranquşlar yuva salmışdı. Açıq pəncərələrdən xəyal sürəti ilə həyətdən eyvana və eyvandan həyətə bizim dalımızca uçar, meh kimi başımız üstündən əsib keçər, ox uclu qanadları ilə, daraq dişlərini sındıran sıx saçlarımıza az qala toxunardılar…

Bəs sizə nə oldu, ay həyət, ay eyvan?

Hanı sizin qaranquşlarınız? Bəlkə ünvanı dolaşıq salmışam?

Yox, küçə də həmən küçədir, ev də, həyət də köhnə yerindədir, həyətin üstünü üzük kimi dövrəyə alan eyvan da. Yaz da yazdır. Keçən ildə olduğu kimi, keçən əsrlərdəki kimi.

Qaranquşlar çoxdandır həyətimizdən uçub, eyvanımızdan köçüb. Heç yuvaları da qalmayıb.

Çünki… çünki eyvan arakəsmələrlə bölük-bölük bölünüb. Hər qapının öz kiçik eyvanı, hər kiçik eyvanın həyətə açılan öz kiçik qapısı.

Dilim-dilim doğranan eyvan yamaq-yamaq olub, həyətin üstünü alıb, qapıların çoxluğundan ağırlaşıb, az qala uçub həyəti udacaq.

Həyət də darlaşıb, kiçilib, balacalaşıb. Necə uçasan? Necə qanad çalasan?

Əvvəl birisi eyvandan bir parça kəsdi. İstəmədi qonşusu şöhrətlənməyini, varlanmağını görsün. Görsün ki, kabab tikəsi yağlıdır, ətirli buğda çörəyi al-əlvandır. Elə bildi qonşularda paxıllıq oyanar, şanını gözə gətirərlər.

Qəlbdən yerə düşən qara toxum cücərdi, boylandı, qolunu qonşuya sarı uzatdı.

İkincisi də eyvandan öz payını kəsdi, özünə ayrıca su kəməri çəkdi. Şırhaşırla axan bolluca suyuna baxıb sevindi və sevincini bölmək istəmədi, elə bildi bölünsə, azalar. Dərdini də bildirmək istəmədi, gizlətdi, elə bildi ki, qonşu dərdindən xəbər tutub papağını göyə atacaq, zurna-nağara çaldırıb toy-bayram edəcək.

Daha o birisi gördü ki, evi yol üstədir, döşəməsi sürtülür, hər gəlib keçən guya ki, şübhə ilə boynunu uzadıb qulaqlarını şəkləyir, fikirləşdi ki, axı niyə eyvan payı tapdalansın, təmiz havasını başqaları udsun?!

Qara toxum dərin kök salıb, möhkəm budaqlı qara çiçəyini dik tutdu…

Qara çiçək nə gözəldir! Baxanın gözlərini qaraldıb kor edir, iyləyənin başına hava gətirir, əl vuranın əlini qurudur!

Ağsinəli qaranquşun qanadları da qaradır, amma nədənsə qaranquşlar gözəl-göyçək qara çiçəkdən uzaq uçur.

Qaranquşun uçuşunu isə izləmək çətindir – düyünlüdür, dolaşıqdır…

Həyətimiz nə mehriban, nə şən idi!..

ARFA

Sənin neçə yaşın var, arfa?..

Gör neçə müharibədən çıxmısan, neçə aclıq görmüsən, neçə faciələrin şahidi olmusan…

Amma vüqarını itirməmisən, qızıl su ilə çəkilmiş naxışların silinməyib, yazılarına zəmanənin əli dəyməyib, şəkillərini pozmayıb…

Yaşın çoxdur, tarixin uzundur, amma cavan qalmısan, arfa.

Səni qucaqlayanların qolları çoxdan çürüyüb, sənin kəl damarlarında, burum-burum burulmuş simlərində gəzən incə barmaqlar toza-torpağa dönüb, amma sən qocalmayıb cavan qalmısan, arfa.

Təkcə tellərin üç dəfə dəyişilib. Sankt-Peterburq zəmanəsində çürüyüb, Petroqradın inqilab çağında qırılıb, Leninqradın müharibə illərində kəsəyənlərin qurbanı olub…

Sənə cansız demək olarmı?

Boy-buxunun yaraşıqlı, ayağın möhkəm, səsin sehrli, dolğun, dərin.

Elə bil Homer zəmanəsindən xəbər verirsən, telli sazın, simli tarın ulu nənəsi telli arfa, simli arfa…

Otağa girib səni gördüm, harda olduğumu unutdum, elə bildim qeyri-adi aləmdəyəm. Otağın əsl bəzəyi, əsl çıraqbanı sən idin.

Bəs arfada kim çalır? Arfanı kim dindirir?

Ev yiyəsi – sünbül saçlı cavan qadın arfada çala bilmir.

Deyir, atamın nənəsi çalırdı. Atam istəyirdi mən də çalam. Müharibə başlananda kiçik qız idim. Təzə-təzə simlərə öyrənirdim. Arfa müəlliməmi qəlpə öldürdü. Atam müharibədə həlak oldu. Dul anam dul bacısının evinə köçdü. Bütün şeylərimizi satdıq, arfa qaldı, axı, arfa canlıdır, dili şirin, nəfəsi istidir, ata-babamdan yadigardır…

Bəs arfada kim çalacaq, soruşuram?

İstəyirəm, deyir, qızıl telli qızım olsun, arfanın dilini öyrənsin, arfanı dilləndirsin…

…Arfanı hələ neçə qızıl tellilər nəsli dindirəcək.

Arfa hələ neçə nəslə uzun keçmişdən danışacaq.

Arfa, sən bizi də yola salacaqsan..

AÇARSIZ QAPILAR

Keçmişin qapısını döydüm, döydüm, “Ey, kim var orda?!”, o qədər döydüm ki, əlim ağrıdı.

Amma açan olmadı.

Sonra gələcəyin qapısına yaxınlaşdım, döydüm, döydüm: “Ey, kim var orda!” Öz yumruqlarımı özüm eşitdim, səsimə səs verən olmadı.

İki qapı arasında qalmışam: nə o qapını açdılar, nə də bu qapını.

* * *

Neçə ildir qəlbimdə səni görmək arzusu yaşayırdı. Bu arzu səbəbli-səbəbsiz gah güclənir, gah da zəifləyirdi.

Sonuncu dəfə səni görəndən iyirmi il keçir. O zaman mənim on yeddi, sənin isə otuz yeddi yaşın vardı. Nə mən səninlə açıq söhbət edə bilir, nə də sən məni, mən istədiyim kimi, dinləmək istəyirdin. Bunu mən indi anlayıram. O vaxt bu haqda heç düşünmürdüm…

Neçə ildir səni görmək mənə qismət olmurdu. Sən bir yerdə lövbər sala bilmirdin. Çünki işin. belə idi. Rəsmi desək, sən cinayətlərin düyününü cərrah əli ilə açanlardan, cinayətkarları tapıb aşkara çıxardanlara kömək edənlərdən idin.

Səninlə bəzən yuxuda görüşürdüm, yuxuda danışırdım. Məni tanıya bilmirdin. Çünki iyirmi ildə dəyişmişəm. Amma mən səni o dəqiqə tanıyırdım, Çünki öz yuxum idi. Və bir də mən səni iyirmi il əvvəl gördüyüm kimi təsəvvür edirdim.

“Sənsənmi?” – soruşardın.

“Mənəm, Bəbir dayı!” deyərdim.

“Yox, heç inana bilmirəm ki, bu sənsən!”

Gözlərin sevincdən kiçilib yaşarardı.

Mən də səninlə yanaşı durub sərbəst danışdığıma sevinirdim.

“Neçə ildir səni axtarıram, Bəbir dayı!.. Sənə o qədər deyiləsi sözüm var ki!..”

“Dayan, əvvəl mən soruşum! Haradasan? Nə ilə məşğulsan? İşin, ailən, evin?..”

Sənin suallarının bəxti gətirir, mənimkilər isə cavabsız qalırdı.

Bir saniyədə, deyirlər, bir dastanlıq yuxu görmək olar, mən isə yuxu görüşlərindən həsrət odunu söndürə bilmirdim – nə sənə suallarımı çatdıra bilir, nə cavabını eşidirdim.

Yuxu hara, canlı söhbət hara?

Tanışlarına rast gələndə səni soruşardım. Deyərdilər filan şəhərdəsən, yaxud filan obadasan. Fikirləşirdim ki, görüşməyə hələ vaxt var, səni hökmən tapacağam. Daha demirdim ki, dünya ölüm-itim dünyasıdır…

Bir daha səni görə bilməyəcəyəm. Heç bir zaman. Heç bir vaxt. O dünyaya inansaydım, dərdim o qədər də göynəməzdi.

Suallarımı kimə deyim?

Onların açarı səndəydi. Çünki qıfıllar sənin həyatına aid idi.

Deyirdilər, kefcilsən. Qazandığını dostla, tanışla bölürsən. Məclissiz günün olmur. Nə bər-bəzəyin, nə nar-dövlətin. Şüarın – şənlik, məqsədin – şadlıq.

Bəs niyə mənim yadımda qəmli qalmısan?

Bəs niyə mən səni kefcil kimi təsəvvür edə bilmirəm?

Şən anların yadımdadır. Amma daxilən qəm-qüssəliydin. Narahat idin. Tarixin gedişindən, həyat hadisələrindən şikayətli idin.

Nə idi sənə xoş gəlməyən? Səni qəzəbləndirən? Səni coşduran? Rahatlığını qovan? Ən yaxın dostların sənə deyərdilər: sus! Özünü xataya salarsan! İzin-tozun qalmaz! Yurdlu-yuvalı itib-batarsan!..

Deyirdilər gəzəyənsən. hər şəhərdə yarın, hər diyarda barın. Öz ocağını öz əli ilə söndürənlərdənsən. Nə bir evin, nə bir daxman, nə bir koman. Harada gecələdin, orda evin. Harda isindin, orda ocağın. Bir oğlunun adı – Hamlet, o birinin adı Otello. Bir qızının adı Esmeralda, o biri qızının adı Cülyetta… Məşhur ədiblərin məşhur qəhrəmanları… Bir-birini görməyən övladlar.

Nə idi səni şəhərdən şəhərə, obadan obaya qovan? Neçə yolun damarını qırıb niyə mənzilinə yetişə bilmirdin?

Soruşmaq istəyirdim: “Ömrün boyu sən nə isə axtarırdın, Bəbir dayı. Axtardığın nə idi? Axtardığını tapa bildinmi?.. Niyə rahatlıqdan qaçır, lövbərsiz gəmidə üzürdün? Nə bir körpüyə yan alır, nə bir körfəzə sığınırdın. Axtardığını tapdınmı, Bəbir/dayı? Qəbrin hardadır, soruşdum.

Biri dedi: filan şəhərdə. O birisi dedi: filan kənddə…

Açarsız qapılar…

MAHNI

Mən idarədə ləngidim – üzvü olduğum ev bölgüsü komisyonunun növbəti yığıncağı çağırılmışdı: bu günlərdə idarəmizdə ev paylanacaqdı. Arvadım, telefonla axşama, tələbəlik çağında olduğu kimi, mənə metronun qabağında görüş təyin etdi və işdən çıxıb, piyada, özü dediyi kimi, yayın xoş havasını uda-uda, üzüaşağı Mərkəzi Univermağa, oğlumuz üçün qış paltosu almağa yollandıq. Oğlum keçən bir ilin içərisində paltosunu tamam-kamal dağıtmış, üstəlik yaz və yay aylarında düz dörd barmaq böyümüşdü.

Sözün qısası, evə çatanda günəş çoxdan batmışdı, göydə tək-tük ulduz işıldayırdı. Kürkə bürünmüş, ağır-ağır yeriyən liftçi qadın bizi səslədi:

– Harda qalmısınız, ay bəxtəvərlər?

Arvadım:

– Nə olub ki? – soruşdu.

Fikirləşdim: bəlkə oğlumuzdan bir xəbər var: oğlumun məktəb dostu onu iki günüyə öz general babasının bağına dəvət etmişdi.

– Gözəl-göyçək oğlanlar gözlərini yolunuza dikib sizi xeyli gözlədilər, gəlib çıxmadınız.

Təklikdən təngə gəlmiş liftçi qadın mənə baxmadan, arvadıma xoş xəbər verirmiş kimi, sevinə-sevinə:

– Biri-birindən gözəl, biri-birindən qəşəng. Biri ucaboy, o birisi sən boyda. Biri meşin yarımpaltoda, o birisi çiyni poqonlu kiteldə. – Qarı bic-bic gülümsünüb, sınayıcı baxışını gözümün düz içinə zillədi, üzümdə istənilən dəyişiklik görməyib: – İkisi də səni soruşdu, gözəlim! – dedi.

Mən nə hayda, qapıçı nə hayda!.. Mən üzümə sərin su çiləyib rahatlanmaq, təzə dəmlənmiş tünd çay içmək arzusunda idim, söhbətə həsrətli qapıçının fikri isə qəlbimdə neçə ildən bəri dərin yuxuya getmiş qısqanclığı oyatmaqdı.

 

Sözün müxtəsəri, bizi gözləyib gedənlər yaxın tanışlarımız idi: meşin yarımpaltolu hər il yayda dincəldiyimiz bağ yiyəsinin oğlu, hərbi geyimli isə arvadımın məktəb yoldaşı. Təsadüfə bax ki, ikisinin də adı İvan idi. Bağ tanışımızı Vanya, köhnə yoldaşımızı isə İvan çağırırdıq. Elə hazırlaşmışdıq çayımızı içək, qapının zəngi çalındı. Gələn Vanya idi. Qızılı ipək saçları işıldayırdı, elə bil başında lampa yandırmışdılar. Mən yemək otağımızın açıq qapısından süfrəni göstərdim.

– Xoşbəxtsən, Vanya, – dedim, – qayınanan səni sevəcək.

– Arvadı sevsə kifayətdir, – deyə arvadım qayınanasız ərinə, yəni mənə mənalı-mənalı baxdı. Sözlərini mən, təbii ki, öz xeyrimə yozdum.

Onilliyi təzəcə qurtarıb zavodda işləyən cavan dostumuz xeyli həyəcanlı görünürdü. O, təbiətən zarafatcıl və səmimi oğlan idi. Qapımızdan girəndə həmişə sözü-sözə calayırdı. İndi isə dillənmirdi. Meşin gödəkcəsini asıb oturandan sonra, çox müşkül bir məsələ barədə xahiş edirmiş kimi, yalvarışlı səslə soruşdu:

– Sabah axşam bizə qonaq gələrsinizmi?

– Niyə gəlmirik? – deyib mən Vanyanın təzə kostyumuna, ağ ipək köynəyinə və nadir hallarda boynuna taxdığı qalstukuna baxdım. – Yoxsa qayınana söhbəti lap yerinə düşüb?

Vanya öz aləmində idi. Mənim sözlərimi, deyəsən, heç eşitmədi, daxildə hansı güclü bir fikrin isə odunda yanıb alovlanan gözlərini gah mənim, gah da arvadımın üzündə gəzdirib, eyni sualı başqa cür təkrar etdi:

– Sabah axşam məni əsgərliyə ötürməyə gələrsinizmi?

– Necə? – arvadım ona baxdı. – Səni əsgərliyə? Ola bilməz!

– Niyə olmur? Maşallah, dağ boydadır, cərgədə birinci duracaq!

Vanya susurdu.

Arvadım narahat idi.

– Bəs zavod?.. Anan nə deyir?.. Axı, sənin əsgərlik vaxtın nə tez yetişdi?.. Bəs deyirdin instituta girəcəyəm?

Vanya onun suallarını eşitmirdi.

Bir azdan sonra ayağa qalxdı.

– Deməli, gələcəksiniz.

– Mütləq, mütləq, Vanya.

– Onda icazənizlə… hələ bir-iki yerə də dəyməliyəm.

Arvadım hey ona baxır, hələ də inana bilmirdi ki, ata-ananın təkcə, istəkli oğlu əsgər gedəcək. Bəlkə əsgərlik məsələsinə ana gözü ilə baxırdı, ona görə inanmaq istəmirdi? Üç il nədir ki, bir də görəcəksən gəlib keçdi… Vanyanın gözləri yol çəkirdi. Deyəsən, mən səhv etməmişdim: o, nədənsə narahatdı, həyəcanlı idi.

Əlimi onun biləyinə atdım.

– Vanya, düzünü de, niyə birtəhərsən?

O, üzümə baxdı, gülümsündü.

– Nə təhərəm ki?

– Fikirlisən.

Bu dəfə yerə baxdı.

– Ola bilər, – dedi.

– Bəlkə əsgərliyə getmək istəmirsən?

– Əksinə, istəyirəm. Necə deyərlər, Vətənə borcumu verməliyəm.

– Elə isə de görək niyə fikirlisən? Sirr deyil ki?

– Mənim sizdən sirrim ola bilməz. Elə bir şey yoxdur, yeznəm bir az qanımı qaraldıb. Bayaq atamla savaşdı.

– Yeznə?

– Hə də… Mənim üstümdə savaşdılar, – Vanya əlini qapıya atdı. – Atamı da, məni də, üstəlik anamı də təhqir elədi…

Demə o, elə işarəyə bənd imiş; əlini qapıdan çəkib, birdən-birə həyəcanla danışmağa başladı:

– On ildən çoxdur siz gəlib Moskvada bu mənzildə olursunuz, on ildə mən azı on min dəfə bu mənzilə, sizin yanınıza gəlmişəm. Camal qardaş, Maya bacı! Siz məni səkkiz yaşımdan tanıyırsınız, mənim atam-anama da öz ata-analarınız kimi bələdsiniz, deyin görüm, bizdə, lap cüzi də olsa, ikiüzlülük görmüsünüzmü?

– İkiüzlülük?! – Arvadım yenə təəccüblənməli oldu. – Səndə ikiüzlülük?!

– Atamda, anamda, bir də məndə. Görmüsünüzmü?

– Allah eləməsin, Vanya! İkiüzlülük dəhşətli şeydir. Səni də, sənin ata-ananı da biz, hər şeydən əvvəl, elə ona görə sevmişik ki, siz çox səmimi adamlarsınız. Əsl rus təbiətli, açıq ürəkli…

Vanyanın alnına tər gəlmişdi. Saçları ilə bərabər indi sifəti də işıldayırdı.

– Amma, yeznəmin fikrincə, bizim ailədə səmimiyyət deyilən şey yoxdur.

– Çox qəribədir, – deyə Maya onun meşin gödəkcəsinin düyməsini açdı. – Otur, danış, Vanya!

– Yox, getməliyəm, Maya bacı. Sabah özünüz gəlib hər şeyi görərsiniz.

– Nəyi görərik?

– Səmimiliyi və qeyri-səmimiliyi.

– Dumanlı danışırsan, Vanya. Ola bilməzmi ki, deyəsən, görək yeznə sizə niyə o cür ağır ittiham verib?

– Çətindir. Yox, danışa bilmərəm. Gərək özünüz gəlib hər şeyi öz gözünüzlə görəsiniz.

O, xudahafizləşib getmək istəyirdi ki, qapının zəngi çalındı. Gələn İvan idi.

İvan qapı ağzında Vanyanı görüb gülümsündü:

– Bir gündə iki dəfə görüşmək xeyirdimi?

– Xeyirdir, keç içəri, – deyib İvanın əlini sıxdım.

– Sən də qayıt, beş dəqiqə otur, çayını iç, sonra gedərsən, – deyə arvadım Vanyanı otağa dəvət etdi.

Vanya könülsüz qayıtdı, söhbət təzələndi.

Vanya İvana oxşayırdı: ikisi də sarısaç, sarıqaş, ikisi də aydınbaxışlı, göygöz; amma boyca fərqlənirdilər.

İvanın kitelinin qızılı düymələri ayna kimi parıldayırdı – yaxına gəl, əksini gör.

İvanın çiyinlərindəki xırda ulduzlara baxıb Vanyaya göz vurdum:

– Çalış bunlardan qazan.

– Hərbi məktəbə girir?

İvan onilliyi vaxtı ilə qızıl medalla qurtarıb hərbi akademiyaya qəbul olunmuşdu, indi isə hərbi aspiranturada oxuyurdu.

– Yox, əsgər aparırlar.

– Belə de… – İvan Vanyaya komandir gözü ilə baxdı. – Əsgərlik də elə bir növ akademiyadır.

Vanya sanki iynə üstə oturmuşdu: getmək istədiyini utana-utana təzədən bildirəndə, biz onun sözünü dilinin ucundan qaytardıq:

– Bir fincan çay içib gedərsən.

İvan:

– Sizi evdə tapmaq olarmış! – dedi.

– Gəldiyini, daha doğrusu, ikinizin də gəlib bizi gözlədiyinizi bilirik, – dedim.

– Yoxsa sən də bizi evinizə dəvət etmək istəyirsən?

– Nə bildin? – deyə İvan təəccüblə arvadıma baxdı.

– Görünür, akademiyanızda məntiq elmini öyrənmirsiniz.

– Bu məsələyə məntiqin nə dəxli?..

– Bu gün ikinci dəfədir bizə gəlirsən. Elə isə, deməli bizi görməyin vacibdir. Bu bir. Sonra: bu günlərdə təzə evə köçmüsən, yaxın dostlarını, yəni bizi də evinə çağırmalısan, bu da iki. Üçüncüsü də ki, bizi dəvət etmək istədiyini sözgəlişi dedim, özümə də qəribə gəlir ki, düz çıxdı… Vanya da bizi bağlarına qonaq çağırır, əsgərliyə yola salacağıq.

– Sənin kimi arvadı olan kişinin nə dərdi!

– Bunu ərimdən soruş, gör səninlə şərikdimi?

– Yox, bir desin ki, şərik deyil! Bir oyun tutarsan ki, dəymişi qalıb, kalı tökülər.

– Fikrin öz arvadına gedirsə, o başqa məsələ.

– Arvad deyil, bəladır!

– Bəxtindən küs! – Arvad sarıdan İvan doğrudan da gileyli idi.

– Yaxşı, bəs xanımın bizi nə vaxta çağırır?

– Xanımım yox, mən özüm çağırıram.

– Bəs xanımın?

– Xanımı oğlumla kurorta göndərmişəm.

– Özünə də kurort düzəldirsən?

– Bəs nə bilmisən! Sabah axşam yox, o biri gün sizi gözləyəcəyəm.

Vanya ilə vidalaşanda nədənsə onun qırxılıb töküləcək ipək saçına baxdım. Tüksüz başı işıldayacaqmı?

Metro xəritəsinin yaşıl rənglə çəkilmiş xəttinin sonuncu dayanacağında vaqonun sezam qapıları taybatay açıldı. Biz camaata qarışıb mərmər pilləkənlə yuxarı qalxdıq. Nəhəng şəhərin üç rəqəmli avtobusuna mindik.

Qabaqda haçalanan yolun tən ortasında şəhərdə yeni üsulla tikilən iyirmi səkkiz mərtəbəli təzə evin skeleti ucalırdı. Sola burulub uca binanı sağda qoyduq. Avtobusun üst pəncərəsindən bir anlığa evin başında təyyarələr üçün yandırılmış qırmızı işığı gördük.

Şəhərin təzə rayonu ilə xeyli yol getdik, üstü kanal olan körpünün altından keçdik, əvvəl trolleybusla, sonra isə tramvayla yarışa girişib, onu da, bunu da geridə buraxdıq və nəhayət, şəhər sərhəddindən uzaqlaşdıq. Amma hələ bir müddət şəhərsayağı tikilmiş çoxmərtəbəli evlər görür, şəhər küçələrinə bənzər yollardan keçirdik.

Daş imarətlər taxta evlərlə, daşlı-tozlu şəhər həyətlər, bağ-bağatlı, hasarlı-çəpərli sahələrlə əvəz olundu.

Başım üzərindəki pəncərəni, dal cərgədə oturmuş qızların xahişi ilə, örtdüm – şəhərin, nəfəsi daraldan bürkülü havasından fərqlənən kənd havası dalğa-dalğa avtobusa dolub, yay geyimli qızların sinələrini və çılpaq qollarını yalayıb üşüdürdü.

Avtobusdan düşdük. Qaranlıq idi. Şam ağacları ətrafa sərinlik yayırdı. Tam sakitlikdə uzaqlaşan avtobusun qıjıltısı eşidildi və tezliklə o da kəsildikdə qulaqlarım cingildədi.

Par-par parıldayan ulduzlu göy elə bil nəfəsini içinə çəkib diqqətlə bizə tamaşa edirdi.

Haradasa it hürdü. Sonra yenə sakitlik çökdü.

Ayaqlarımızın altında çör-çöp şıqqıldayırdı. Cığır uzandıqca uzanırdı.

Birdən mahnı eşitdik. Qarşıda işıqları görünən kənddə, deyəsən, Vanyagildə oxuyurdular.

Mən diqqətimi topladım, qarışıq səslər içində Vanyanın atasının aparıcı səsini dərhal seçdim. Misra-misra, bənd-bənd uzanan mahnı dalğaları qaranlıq gecədə gah kəndin geniş köksündə yayılır, gah zilə çıxıb şam ağaclarından daha yüksəklərə ucalır, elə bil buludlara hopurdu.

Belə qaranlıq, ulduzlu gecədə on səkkiz yaşlı, ay parçasına oxşar, kasıb qızın bığıburma, mülkədar balası zabit tərəfindən oğurlanıb at belində qaçırılmasından, meşələrdən, dərə-təpələrdən, çaylardan keçməsindən və gənc bir həyatın faciə ilə nəticələnən sərgüzəştlərindən danışan bu mahnını hələ ötən yay eşitmişdim, xoşuma gəlirdi.

Biz evə çatanda ilk sağlıqlar artıq deyilmiş, məclis vahidliyini itirmişdi.

Qaranlıqdan gur işığa düşdük: qonaq otağından asılmış iri çilçıraq ətrafa günəş kimi gözqamaşdırıcı işıq yayırdı.

“Cərimə! Cərimə!” – deyən qışqırtılar eşitdik. Qədəh əvəzinə kimsə mənə araqla dolu stəkan verdi.

– Qoy içib bizə çatsın!

Bu, Vanyanın qeyri-rəsmi yeznəsinin səsi di. O, başımın üstünü almışdı. Hiss etdim ki, əl çəkən deyil. Səs-küydə, qarışıqlıqda Vanyaya “yaxşı yol” arzulayıb və duzlu xiyara pənah gətirib stəkanı boşaltdım. Yeznə arvadımdan ehtiyat etdiyindən, daha doğrusu, qorxduğundan, ona cəriməli içki təklif eləmədi. Hələ keçən yay yeznə Vanyanın, ərindən boşanan bacısının yanına gəlib-gedəndə və evli olduğuna baxmayaraq, hətta gecələyəndə, bizim Maya buna laqeyd qalmamışdı. “İki stulda oturandan ər olmaz, ay yeznə, ya o yanlıq, ya da bu yanlıq!” – demişdi. O vaxtdan biz hamımız bu uzun kişiyə “yeznə” adını yapışdırmışdıq.

Kefcil yeznə qarmonçuya yanaşdı.

– Qafqaz rəqsi! – deyib qollarını yana atdı və hələ qarmon səslənməmiş məni yerimdən dartıb otağın dar meydançasına çəkdi.

– Buyur, məharətini göstər! – dedi və məni gözləmədən stoldan iri bir bıçaq götürüb kəmərimə sancdı.

– Bu da sənin xəncərin! Assa! Assa!

Mən oynamadım. Bacarmadığıma görə yox, sadəcə, həvəsim olmadığına görə.

Yeznə hələ də əl çalır, “Assa! Assa!” – deyə qışqırırdı.

Kim isə onun qollarından tutub arxaya çəkdi. Papiros tüstüsü ilə dolu otaqda mən Vanyanın atasının səsini eşitdim.

– Yeznə! Nəzərə al ki, təzəcə barışmışıq ha! Qonağımızın xətrinə dəyərsən, bir də savaşarıq. Nə oturana yer verirsən, nə durana. Otur, bir az da bizə qulaq as!

Ac qarına içdiyim araq dərhal başıma vurmuşdu, qarşımda hər şeyi dumanlı görürdüm.

Birdən sakitlik çökdü. Bayaq meşədə duyduğum dərin sükutu xatırladan bu səssizlikdə yenə mahnı eşitdim. Qarmonçu müharibədən əvvəl şöhrət qazanmış “Katyuşa”nı asta-asta çalmağa başladı. Katya hələ çay qırağına çıxmamış yeznə bir daha əlini qaldırdı:

– Dayan! – dedi və üzünü mənim ətrafımdakı cavanlara tutdu: – Bəs sizin nəslinizin mahnısı hanı? Ey, Vanya, hanı səni yola salan qız haqqında mahnı?

Vanya qızarıb gülümsündü, yanında oturan qızlara baxdı. Qızların əllərində balaca bir kitabça gəzdi.

Sünbül saçlar bir-birinə qarışıb üzləri gizlətdi. Gözlər kitabçanın vərəqlərində idi. Birisi başını qaldırıb təzə mahnı sifariş elədi. Qarmonçu, görünür, mahnını bilmirdi. Qız melodiyanı pəsdən qarmonçuya çatdırdı.

Qızlar kitaba baxa-baxa oxumağa başladılar. Lakin nədənsə mahnı yarısına çatmamış söndü. Köhnə mahnıya, “Katyuşa”ya qayıdanda hamı canlandı.

İllər keçmiş, Katyuşa neçə əsgər yola salsa da, neçə müharibədən, od-alovlardan çıxsa da, cavan qalmışdı; elə bil ilk dəfə idi ki, çay qırağına gəlir, mahnıya: “Günəşin ardınca uç! Məndən yarıma salam söylə!” – deyirdi.

“Doğma yurdu qoru, əzizim, Katyuşa da məhəbbətini ürəyində bəsləyib qoruyar…” Vanyanın ağbirçək anası özünü saxlaya bilməyib ağladı. Atanın səsi qırıldı, qəhər boğazını tutub sözünü deməyə qoymadı. Çünki melodiya ilə bərabər sözlər də yanıqlı idi. Bəlkə Katyuşanın sevgilisi qayıtmamış, doğma yurdu qoruyarkən həlak olmuşdu?..

Hər məclisin öz bəzəyi var. Məclis var, zinəti xoş söz-söhbətdir, gözəl danışıqlar, şairanə sağlıqlardır, məclis var, yaraşığı rəngarəng, dadlı, incə ustalıqla hazırlanan yeməklərdir. Necə deyərlər, tacı araq olan məclislər də az deyil.

Olduğum məclisin bəzəyi nə içki idi, nə yemək. Süfrədə hər cür yemək bol olsa da, bu məclisin yaraşığı, tacı mahnı idi. Qəlbi təmizləyən, ürəyi genişləndirən, canı isidən mahnı. Elə mahnı ki, oxuduqca oxumaq istəyirsən, dinlədikcə dincəlirsən. Elə mahnı ki, hər kəlməsi insanlıqdan deyir, hər sözü alicənablığa, ədalətə çağırır. Səhralar kimi geniş, dağlar kimi vüqarlı, dəryalar kimi dərin mənalı mahnı…

 

Oxunan mahnıların çoxunu bilməsəm də, sözləri yadımda qalmasa da, hiss eləyirdim ki, məni narahat edən, düşüncələrimi ağırlaşdıran hər şey yox olur, xırda, həyati qayğılar üstümdən götürülür, azadəlik duyğusu ilə qanadlanıram.

…Vanyanın atası oxuyurdu. Təkcə özü oxuyurdu. Qalanlar səslərini çıxarmadan maraqla dinləyirdilər. Hətta qarmon da qarmonçunun əlində susub mahnıya qulaq asırdı. Mənə elə gəlirdi ki, Vanyanın atası mahnı oxumur, öz həyatının qalın kitabından bir səhifə açıb deyir: “Baxın, mənim indiki halımı, ağaran başımı, yorğun yerişimi, üzümdəki dərin qırışları, büzüşük, damar-damar əllərimi görüb elə bilməyin ki, həmişə belə olmuşam. Mahnıda haqqında oxuduğum, hüsnü adamı dəli edən o qızın yalvarışlarını eşidən, onun “əzizim, məni özünlə apar, uzaq, doğma yurdunda sənə yar-yoldaş ollam!” sözlərini dinləyən oğlan mən idim. Müharibənin axını məni aparıb sərhədin o tayındakı uzaq ellərə salmışdı. Mən indi gördüyünüz oğlum kimi boy-buxunlu, qolu dəmirdən möhkəm, baxışı ildırım kəsərli, ölümlə mübarizədə bişmiş, odda bərkimiş, cəngavərləşmiş bir gənc idim. Mənə vurğun o gözəl qızın xahişini, mahnıda eşitdiyiniz sözlərlə rədd etdim: “Əzizim alagöz qız, səni aparardım mən, amma doğma diyarda yar-yoldaşım var mənim”. Qız məndən ayrılmaq istəmirdi. “Əzizim, getmə, dayan, məni özünlə apar, uzaq, doğma yurdunda sənin bacın ollam mən”. Qıza yazığım gəlirdi: “Əzizim alagöz qız, səni aparardım mən, amma doğma diyarda bacılarım var mənim”. Qız yenə yalvardı: “Əzizim, dinlə məni, özünlə apar məni, uzaq, doğma yurdunda sənə yad bir qız ollam”. Könlüm quş olub çoxdan vətənimə uçmuşdu, mən də sizi görməyə, qoyub getdiyim yarımı sinəmə basıb, Vanyanın ipək saçına oxşar saçını oxşayıb öpməyə tələsirdim. Qıza dedim: “Əzizim alagöz qız, səni aparardım mən, amma doğma diyarda yad qızı istəmərəm”. İvanın atası susdu. Bir müddət heç kim dinmədi, Ata ayağa qalxıb dedi:

– Oğlum!..

Bu adi sözü ata elə odlu, elə yanıqlı dedi ki, söz qızmar dəmir parçasına dönüb hərarəti ilə üzləri yandırdı, qəlbləri dindirdi.

Mən gah Vanyaya, gah da ata-anasına göz qoyurdum. Bəziləri öz həyatlarının keçmişi ilə maraqlanmırlar, hərdən gələcəyə nəzər salsalar da, yalnız indi yaşadıqları anları, yaxud, uzaqbaşı sabahı fikirləşirlər. Eləsi də var ki, keçdiyi yolu düşünür, yaşı tamam olandamı, xəstələnib yorğan-döşəyə düşəndəmi, xülasə, hər dəfə müəyyən sərhədə çatıb geriyə dönür, yaxın-uzaq keçmişi öyrənir ki, buraxdığı səhvlərə bir daha yol verməsin, əyri addımları düzəltsin, dilinə gətirdiyi acı sözləri udub, elə eləsin ki, nə qəlbi incisin, nə də qohum-qardaş, dost-tanış küssün. Xoşladığım adamları mən bu cərgədən sayıram.

İvanın atasını dinlədikcə onun da məhz belə adam olduğunu fikrimdə bir daha təsdiqləyib, yuxusuz gecənin ağırlığını çiynimdən atıb yüngülləşdim. Məncə, ata bu “oğlum!” sözünün ardında həm özünün keçdiyi yolu, həm də oğlunun gələcəyini görüb, elə bil ona xəbərdarlıq edirdi…

O, müharibədən payızda qayıtmışdı. O biri ilin yayında Vanya dünyaya gəldi. Qaldıqları köhnə taxta evin damı çürüyüb əyilmişdi. Güzəranları bir qədər yaxşılaşandan sonra çadıra köçüb evi sökdülər, saf şalbanları seçib, kolxozun köməyi ilə indi yaşadıqları evi qurdular. Ata Vanyanın ilk uşaqlıq illərini, ümumiyyətlə müharibədən sonrakı beş-altı ili daha aydın təsəvvür edir. Zəif, cılız uşaqlar necə boy atıb!..

Vanya atanın həyəcanını duysa da, başqa aləmdə idi. Təzə həyat arzusundaydı. Görəsən hərbi qulluğu necə keçəcək? Çətinliklərə dözə biləcəkmi! İndiki həyatın adi axını İvanı son aylar darıxdırmağa başlamışdı. Bəlkə əsgər getdiyini bilirdi, ona görə? Səhər tezdən dur, avtobusun tünlük vaxtında zavoda get, yeddi saat çilingərlik elə, axşam evə qayıdıb televizora bax… Dünən də belə, bu gün də, sabah da… Yox, sabah ayrı cür olacaq!

O, qarşıdakı həyatın yalnız romantikasını görürdü: yeni dostlar, hərbi geyim, poqonlar, ulduzlu pilotka, təmiz və işıqlı dərs otaqları, axşamlar isə sıraya düzülmüş təmiz çarpayılar. Sənə tapşırılan, sənin ixtiyarında olan tüfəng, yaxud avtomat. Yox, hökmən avtomat. Tüfəng zəmanəsi çoxdan keçib…

Arzuladığı elmi-fantastik romanlar oxuyacaq. Təyyarə sürməyi öyrənəcək, təyyarəçi olacaq, bu, uşaqlıqdan onun ən böyük istəyidir. Təyyarəsini kəndlərinə sarı sürəcək, kəndlərinin üstündə, – bunu əvvəlcədən xəbər verəcək, – təyyarəçilik məharətini göstərəcək, başı aşağı, üzü yuxarı uçacaq, hava dəryasında doyunca üzəcək.

Ana, danışan ərini eşitmir, hey göz yaşı axıdırdı. Ananın göz yaşı tükənməzdir. Axı, Vanyası hələ indiyədək evlərindən ayrılmayıb. Bu üç ildə kim bilir nələr olacaq, kim ölüb, kim qalacaq! Bəlkə qayıdanda anasını görmədi, axı ananın ürəyi xəstədir.

– …Burada oturan kişilərin demək olar ki, hamısı çiyinlərində poqonların ağırlığını hiss eləyib. Mənim nəslimin taleyi faciəli olub, cavanlığımızı müharibələr əlimizdən alıb.

– Canım, bəsdir müharibədən dediniz! İyirmi ildir qurtarıb, hey yadımıza salıb qanımızı qaraldırıq! Müharibə oldu da, qurtardı da, tarixə düşdü də.

Bunu yeznə dedi. Mən Vanyanın bu uzun kişi haqqında dünən danışdığını xatırladım. Dedim:

– Mane olma, yeznə, qoy kişi sözünü tamamlasın.

– …Sən xoş və dinc bir zamanda əsgər gedirsən.

– Əcəb dinc zamandır! – deyə yeznə güldü: – Orda vuruşma, burda fitnəkarlıq!

– Ay yeznə!..

– …İstəyirəm bizim, yəni ailəmizin şərəfini uca tutasan, ləkələməyəsən, ömrünün üç ilini Vətənə bağışlayıb keşiyimizdə durasan, oğlum!

– Afərin belə ataya! – yeznə yenə söz atdı. – Elə burada saxla. Süni vətənpərvərlik zamanı çoxdan keçib, kişi. Hələ gec deyil, icazə ver günü sabah gedim hərbi komissarlığa, kənd Sovetinin yoxlamasını təqdim eləyim, deyim kişinin yaşı altmışdan ötüb, arvad da altmışı haqlayıb, qocalıblar, övlad naminə oğulları var, qoyun qalsın, işləyib maaşını alsın!.. Allah xatirinə, deyin görüm necə təklifdir, a kişilər?

Ata qədəhi stolun üstünə qoydu.

– Yeznə, bəsdir!

– Bəs deyil! – Yeznə dəmlənmişdi. – Niyə bəs olsun? Əsgərlikdə Vanyanın başına bir iş gəlsə, siz qocaları kim saxlayacaq? Mən? Təzə qohum? Xeyr! Mən bəyəm ona görə qohum olmuşam ki, qazandığımı sizə yedirdim?!

– Yeznə!.. Yeznə, uşaq yol üstədir, bəsdir dünəndən bəri bayquş tək ötdüyün!

Yeznə qəhqəhə çəkib, qədəhini araqla doldurdu.

– İçək bunu bütün vətənpərvər ataların sağlığına! Övladlarını Vətən uğrunda ölümə göndərən ataların sağlığına!

– Yeznə, mən oğlumu müharibəyə yox, hərbi xidmətə yola salıram.

– İçək bunu ürəyində bir cür, zahirdə başqa cür olan, ikiüzlü ataların sağlığına!

Yeznə birdəncə stolun arxasından yox oldu. Vanya, o cavanca, zərifcə oğlan, uzun, ağır kişini hop götürüb dəhlizə atmışdı.

Kənd çoxdan yatmışdı. Səsimizi çıxarmadan, kimsəsiz kənd yolu ilə addımlayırdıq. Nə meh əsir, nə də ağaclar səslənirdi. Evlər də gözlərini yumub, qaranlığın yeddi qatında itib-batmışdı. Təkcə ulduzlu göy oyaq idi. Amma bizdən çox uzaq olan ulduzlar nə qaranlığı qovur, n də bizi isindirirdi.

Evlərdən uzaqlaşıb şose yoluna çıxdıq, çaya tərəf getdik. Cərgələnib şose yolunu kəsmişdik.

Çayın üzünü boz duman örtmüşdü. Geniş, hündür körpüyə çıxıb aşağıya baxdıq. Su dumanda görünmürdü, amma yuxulamış çayın necə aramla nəfəs aldığını aydın eşidirdim. Çayın o tayındakı meşə qapqara idi.

Maşın səsi eşidib geri döndük. Bir cüt sarımtıl işıq sürətlə bizə yaxınlaşdı. “Çayka” körpünü titrədib keçdi, dumanı yarıb bir anda yoxa çıxdı.

Ata sakitcə:

– Darıxmayın, indi maşın gələr, – dedi.

– Darıxmıram, – dedim, – belə havada da adam darıxarmı?

Ata bir tərəfimdə dayanmışdı, Vanya da o biri tərəfimdə. Qulaqlarımda, eşitdiyim mahnılar səslənirdi.

Şəhərə çatıb metroya minəndə səhər açılmışdı. “Mayakovski” dayanacağında şəhərə çıxdım. İş vaxtına hələ xeyli var idi. Şairin döyüşə, yürüşə, mübarizəyə çağıran əzəmətli heykəlinə bir müddət baxdım.

Geniş küçə ilə getdim. Ardı-arası kəsilməyən, dördkünc beton parçaları ilə yüklənmiş neçətonlu maşınlar, adamla dolu trolleybuslar məni ötüb keçir, küçəni benzin qoxusu və uğultu ilə doldururdu.

Qaqarin adına gənclər klubunu keçdim… Qəribədir: fövqəladə, misilsiz, bəşəri hadisələr insan üçün nədənsə çox tez adiləşir.

Uzaqda Moskvanın uca evlərindən ikisi yüksəlirdi. Kim nə deyir desin, bu tarixi evlər bizə baha otursa da, şəhərin yaraşığıdır, şəhəri ucaldır, ona xüsusi bəzək verirdi. Göy səma fonunda, günün altında ulduzlu qızıl şiş qüllələr göz qamaşdırırdı.

İdarədə oturmuşdum. Küçədən məni səslədilər. Tez çıxdım. Gələn İvan idi.