Gümüşü şimşək

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

– Təbii ki, xeyr! – deyə Holms qəti şəkildə dedi, – Mən olsaydım, atın adını siyahıdan sildirməzdim.

Polkovnik başı ilə təşəkkürünü bildirib əlavə etdi:

– Bu fikirdə olmağınıza çox sevindim, cənab. Gəzintinizi bitirəndən sonra mərhum Strekerin evinə gələrsiniz. Oradan da birlikdə Tavistoka gedərik.

Müfəttişlə polkovnik geri qayıtdı. Holmsla süpürgəotuluqda asta-asta gəzməyə başladıq. Günəş Mapleton tövləsinin arxasında batmağa başlamışdı. Qarşımızdakı uzun və nahamar ovalıq axşam günəşinin qızılı-sarı rənginə boyanmışdı. Dərinliklərdə isə solğun ayıdöşəklərinin üzəri qırmızı-qəhvəyi rəngə bürünmüşdü. Ovalıqdakı bu işıq oyunları dostumun heç vecinə də deyildi: o çoxdan dərin düşüncələrə dalmışdı. Axır ki dilləndi:

– Buradan gedəcəyik. Hələlik “Con Strekeri kim öldürdü?” sualını bir kənara qoyub ata nə olub-olmadığını araşdırmalıyıq. Əgər onlar əlbəyaxa olanda at qaçıbsa, onda hara qaça bilər axı? Atlar sürü halında yaşamağı sevən heyvanlardır. Əgər özbaşına qalıbsa, ya “King's Pyland”a qayıdıb, ya da Mapletona gedib. Niyə süpürgəotuluqda qalmalıdır? Həm əgər belə olsaydı, çoxdan tapılardı. Axı qaraçılar onu niyə qaçırsınlar? Bunlar təhlükənin adını eşidən kimi qaçırlar. Polislə problemləri olmasını istəməzlər. Belə atı satmaq heç ağıllarına gəlməz. Onu özlərinə saxlamaq da sərf etməz, üstəlik böyük riskə girərlər.

– Yaxşı, əgər belədirsə, onda at haradadır?

– Dediyim kimi, yəqin, ya “King's Pyland”a, ya da Mapletona gedib. “King's Pyland”da yoxdur, o zaman Mapletondadır. Hələlik bu ehtimal ilə hərəkət edək, görək axırı hara gedib çıxacaq. Süpürgəotuluğun o biri tərəfi, müfəttişin də dediyi kimi, olduqca quru və sərtdir. Bu istiqamət isə düz Mapletona gedir. Gördüyün kimi, yolun üstündə uzun dərə var, bazar ertəsi gecəsi o bölgə əməlli-başlı islanıbmış. Əgər versiyamız doğrudursa, yəqin, at oradan keçib. O zaman orada atın izlərini axtarmalıyıq.

Söhbət edə-edə dayanmadan addımlayırdıq. Çox keçmədən söz açdığımız dərəyə çatdıq. Holmsun istəyi ilə dərənin sağ tərəfinə keçdim, Holms da sol tərəfdə qaldı. Əlli addım getməmişdik ki, Holmsun qışqırığını eşitdim. Əlini mənə tərəf yellədirdi. Yanına gedəndə qarşısındakı yumşaq torpaqda bir cərgə uzanan at izlərini gördüm, üstəlik izlər Holmsun cibinə qoyduğu nalla da uyğun gəlirdi.

– İndi xəyal gücünün önəmini başa düşdün? – Holms dilləndi, – Qriqoridə də məhz bu çatışmır. Bir versiya irəli sürdük, ona uyğun hərəkət etdik. Versiyamız da öz təsdiqini tapdı. Gəl bir az da gəzişək.

Palçıqlı sahəni keçib milin dörddə biri qədər gedərək quru, sıx çəmənlik sahəyə gəldik. Burada yenidən izlərlə qarşılaşdıq. Sonra yarım mil heç bir izə rast gəlmədik. İzləri yenidən tapanda Mapletona olduqca yaxın idik. İzləri yenə də ilk görən Holms oldu və zəfər sevinci ilə mənə göstərdi. At izinin yanında bir də insan ləpiri görünürdü.

– Əvvəl at tək olub, – deyə qışqırdım.

– Bəli, əvvəl tək olub. Vay, bəs bu nədir belə?

Hər iki iz yenidən geri dönərək King's Pylanda tərəfə gedirdi. Holms fit çaldı və biz izlərin arxasınca yenidən geri qayıtdıq. Onun nəzəri izlərin üstündə idi, mən isə yan tərəfə baxırdım, təzədən geri çevriləndə izlərin bayaqkı istiqamətdə getdiyini gördüm.

– Yaşa, Vatson, – Holms sevincək qışqırdı, – Bizi uzun yol getməkdən xilas elədin. Az qala, öz izlərimizlə geri qayıdacaqdıq. Gəl bu ləpirləri izləyək.

Elə də çox getmədik. İzlər Mapletonun qapılarına qədər uzanan asfalt yolda bitirdi. Təzəcə yaxınlaşmışdıq ki, bir mehtər qaçaraq bizə tərəf gəldi:

– Çıxın, gedin, burada avaralara yer yoxdur!

– Sadəcə bir söz soruşmaq istəyirdim, – Holms əlini cibinə apardı, – Müdiriniz cənab Sayls Braunu sabah beşdə görməyə gəlsəm, çox tez olmaz ki?

– Baxın, təkcə cənab Braun o vaxt gəzməyə çıxır. Hər səhər yuxudan birinci o durur. Odur, özü də gəlir. Suallarınıza cavab verər, – Holmsun pul çıxardığını görən mehtər nəfəsini dərib əlavə etdi, – Xeyr, cənab, pulunuza toxunduğumu görsə, ən yaxşı halda işdən qovar. Qalsın, bəlkə, sonra götürdüm.

Holms yarım kronu yenidən ehmalca cibinə qoydu. Bu vaxt ciddi görünüşlü, qoca bir kişi əlində qamçısı bayıra atıldı.

– Nə baş verir, Davson? – deyə qışqırdı, – Az çənə vur, get, işini gör! Ey, siz, nə şeytanlıq eləyirsiniz?!

Holms sakit və sevimli səs tonu ilə cavab verdi:

– Sizinlə on dəqiqə söhbət etmək istəyirik, cənab.

– Hər qarşıma çıxan adamla danışmağa vaxtım yoxdur. Buralarda bizə yad adam lazım deyil. Cəld yox olun buradan, yoxsa iti üstünüzə qısqırdaram!

Holms qabağa əyilib onun qulağına nəsə pıçıldadı. Kişi lap özündən çıxdı:

– Bu, yalandır. Həm də iyrənc bir yalandır!

– Çox gözəl. Mübahisəni burada hamının gözü qarşısında davam edəcəyik, yoxsa otağınıza keçək?

– Yaxşı, necə istəyirsiniz, içəri keçək.

Holms gülümsədi:

– Vatson, səni bir neçə dəqiqə gözlədəcəyəm, – sonra yaşlı kişiyə sarı döndü, – Buyurun, cənab Braun, qulluğunuzdayam.

Braunun sakitləşməsi üçün iyirmi dəqiqə bəs elədi. Bu qısa zaman kəsiyində Sayls Braunun üzündə gördüyüm dəyişikliyi başqa yerdə görməmişdim. Rəngi kül kimi olmuşdu, alnı tər içində idi. Əlindəki qamçı külək qabağındakı ağac kimi titrəyirdi. O kobud, özündənrazı adam yoxa çıxmışdı, sahibinin dalınca gəzən it kimi dostumun arxasınca düşmüşdü.

– Dediklərinizin hamısını bir-bir yerinə yetirəcəyəm.

Holms ətrafına baxaraq dedi:

– Heç bir səhv olmamalıdır.

Sayls Holmsun gözlərindəki təhdid dolu ifadəni görən kimi daha da qorxdu:

– Xeyr, xeyr, heç bir səhv olmayacaq. Orada olacaq. Əvvəlcədən dəyişdirim, yoxsa?

Holms bir az düşündükdən sonra gülməyə başladı:

– Xeyr, mən sənə yazacağam, unutma heç bir oyun yoxdur, yoxsa!

– Həqiqətən, mənə güvənə bilərsiniz!

– Hə, əlbəttə, güvənə bilərəm. Yaxşı, sabah sizə xəbər verəcəyəm.

Holms ona uzanan titrək əli görməyib dabanı üstdə geri döndü. Yenidən “King's Pyland”a yola düşdük. Holms yolda söhbətə başladı:

– Sayls Braun kimi kobudluq, qorxaqlıq və bicliyin birləşdiyi adamla çox nadir halda qarşılaşmışam.

– Deməli, at onda imiş…

– Əvvəl əsib-coşdu, amma cinayət baş verən günün səhəri elədiklərini elə xırdalıqlarına kimi danışdım, elə bil onu güdmüşdüm. İzlərin arasındakı qəribə ayaq uclarını hər halda sən də görmüşdün. Ayağındakı çəkmələrin izlərinə oxşayırdı. Bir də bunu ondan başqa heç kəs etməyə cəsarət eləməzdi. Adəti üzrə yenə hamıdan tez qalxdığını, süpürgəotuluqda sahibsiz atın gəzdiyini gördüyünü ona elə danışdım, sanki öz gözlərimlə görmüşəm. Yanına necə getməsini, atın qaşqasındakı ağ ləkəni görən kimi necə təəccüblənməsini ona danışdım. Yarışda onun atını keçən yeganə atın qabağına çıxması böyük uğur idi. Əvvəl atı “King‘s Pyland”a aparmaq istəyib, buna görə geri dönüb, lakin sonra şeytan qəlbinə girib, yarış bitənə kimi atı Mapletonda gizlətməyi düşünüb. Ona hər şeyi detalları ilə danışdıqca yarışı unutdu, öz halına yandı.

– Axı onun tövləsi də axtarılmışdı.

– Onun kimi qoca qurdda nə fırıldaqlar var, bir Allah bilir.

– Bəs atı onda saxlamaqdan qorxmursan? Ona zərər vermək üçün əlində hər cür səbəb var.

– Əziz dostum, narahat olma, ona gözü kimi baxacaq. Atın qılına belə zərər gəlməz. Özünü bağışlatdırmaq üçün yeganə şansı budur.

– Polkovnik Ross məndə mərhəmətli adam təəssüratı yaratmadı.

– İşi polkovnik Rossa buraxan deyiləm. Mənim öz metodlarım var. Nəyi nə qədər az, ya da çox açıqlayacağıma mən qərar verirəm. Sərbəst işləməyin üstünlüyü də budur. Sən də fərqinə vardınmı, Vatson, bilmirəm, amma polkovnikin davranışı mənə bir az saymazyana gəldi. Buna görə də onunla əylənmək növbəsi məndədir. Ona qətiyyən atdan danışma.

– Əlbəttə, sən icazə verməsən, demərəm.

– Təbii ki, Con Strekeri kimin öldürməsi sualının qarşısında bütün bunlar elə-belə şeylərdir.

– Sən də əsas buna köklənəcəksən, elə deyil?

– Əksinə, gecə qatarı ilə Londona geri qayıdırıq.

Dostumun bu sözlərindən sonra elə bil məni ildırım vurdu. Cəmi bir neçə saat idi ki, Devonşirdə idik və olduqca uğurlu başlayan araşdırmanı yarımçıq qoymağına inana bilmirdim. Mərhum Strekerin evinə çatana qədər Holmsdan bircə söz də qopara bilmədim. Polkovnik və müfəttiş bizi qonaq otağında gözləyirdi.

– Biz gecə ekspressi ilə qayıdırıq, – Holms dedi, – Gözəl Dartmur havasından udmuş olduq.

Müfəttişin gözləri bərəldi, polkovnik də tənə edirmiş kimi dodağını büzdü:

– Deməli, yazıq Strekerin qatilini tapmağa ümidli deyilsiniz.

Holms çiyinlərini çəkərək:

– Qarşımızda ciddi maneələr var, – dedi, – Ancaq inanıram ki, atınız çərşənbə axşamı günü geri qayıdacaq və yarışda iştirak edəcək. Xahiş edirəm, həmin gün üçün jokeyinizi hazır saxlayın. Sizdə cənab Con Strekerin şəkli varsa, mənə verə bilərsinizmi? – müfəttiş əlindəki zərfin içindən bir foto çıxarıb Holmsa uzatdı.

– Əziz Qriqori, bütün istədiklərimizi belə tez yerinə yetirirsən. Əgər bir az gözləsəydiniz, gedib qulluqçu qızdan bir şey soruşardım.

Holms bayıra çıxan kimi polkovnik Ross dedi:

– Londonlu mütəxəssisimiz də məni xəyal qırıqlığına uğratdı. O gələndən işdə bir addım da irəliləyiş yoxdur.

– Ən azından əmin elədi ki, atınız yarışa qatılacaq, – dedim.

– Bəli, polkovnik çiyinlərini çəkərək dilləndi, amma arzu edərdim ki, atımı tapıb gətirsin.

Holmsu müdafiə etmək üçün nəsə demək istəyirdim ki, özü otağa daxil oldu.

– Yaxşı, cənablar, – Holms dedi, – Tavistoka getmək üçün hazıram.

Faytona minəndə tövlədə işləyən oğlanlardan biri qapını tutdu.

Birdən Holmsun ağlına nəsə gəldi, əyilib oğlanın qoluna toxundu:

– Çəmənlikdə otlayan qoyunlarınıza kim baxır?

– Mən baxıram, cənab.

– Son günlər onlarda nəsə qəribəlik hiss etmisənmi?

– Əslində, elə bir ciddi dəyişiklik hiss etməmişəm, amma üç dənəsi bir az axsayır.

Əllərini ovuşdurmasından Holmsun hədsiz sevindiyini görmək mümkün idi:

 

– Vatson, əla, əla! – Holms qolumu çimdiklədi, – Qriqori, qoyunlarda əmələ gələn bu xəstəliyə diqqət etməyinizi məsləhət görərdim. Sür, faytonçu!

Polkovnik Rossun inamsız baxışları dostuma zillənsə də, müfəttişin baxışları maraqla dolu idi.

– Sizcə, bu, vacibdirmi?

– Həm də çox.

– Xüsusilə, diqqətimi çəkmək istədiyiniz bir nüans varmı?

– İtin ogecəki qəribə davranışları…

– O gecə it heç nə etməyib.

– Qəribə olan da elə budur, – Şerlok Holms dedi.

Dörd gün sonra Holms və mən yenə qatarda idik. Uinçestdəki “Uesseks kuboku”nu izləməyə gedirdik. Razılaşdığımız kimi polkovnik Ross bizi stansiyadan kənarda qarşıladı və faytonu şəhərdən kənardakı yarış sahəsinə apardı. Çox sakit üz ifadəsi vardı, davranışları isə həddindən artıq soyuq idi.

– Hələ də, atımızdan xəbər yoxdur, – dedi.

– Yəqin ki, onu görən kimi tanıyardınız, elə deyil? – Holms soruşdu.

Polkovnik özündən çıxdı:

– İyirmi ildir, yarış dünyasındayam, bu cür sualla heç qarşılaşmamışam. Ağ alnı və ala-bula qabaq ayaqlarından uşaq belə Gümüşü Şimşəyi tanıyar.

– Yarışa pul qoyuluşları nə yerdədir?

– İşin qəribə tərəfi də burasıdır. Dünənə qədər birə on beş verirdi, indi isə o qədər düşüb ki, birə üç belə çətin versin.

– Hm-m-m, kimsə nəsə bilir, bu, dəqiqdir.

Fayton tribunaların bağlı sahəsinə gələndə girişləri görmək üçün tabloya baxdım:

Uesseks kuboku

Yeni qaçış yolu (2700 m)”

Cənab Het Nyutonun "Qaraşın"ı (Qırmızı papaq, tünd-qırmızı kamzol5), Polkovnik Uordlounun "Dalaşqan"ı (Çəhrayı papaq, mavi və qara kamzol), Lord Bakvoterin “Desbero”su (Sarı papaq və qolluq), Polkovnik Rossun “Gümüşü Şimşək”i (Qara papaq, qırmızı kamzol), Balmoral hersoqunun “İris”i (Sarı papaq və sarı xətli qara kamzol), Lord Sinqlfordun “Rasper”i (Bənövşəyi papaq, qara qolluq).

– Bütün ümidimizi sizin bir sözünüzə bağlamışdıq, – polkovnik dedi, – O nədir, Gümüşü Şimşək yazılıb?

“Gümüşü Şimşəyə qarşı beşə dörd!” qışqırıqları meydanı bürüdü. “Gümüşü Şimşəyə qarşı beşə dörd! Desberoya qarşı beşə on beş! Beşə dörd!”

– Baxın, yarışa qatılan atların nömrələrini qaldırdılar, – yerimdən atıldım, – Altısı da oradadır.

– Altısı? Elədirsə, mənim atım da qaçır? – polkovnik coşqunluqla qışqırdı, – Amma onu görə bilmirəm, mənim rənglərim keçmədi axı?

– Beş dənəsi keçdi, o da keçəcək.

Mən bunları deyən vaxtı start yerindən güclü bir at çıxaraq qarşımızdan keçdi. Belində polkovnikin o çox məşhur qırmızı-qara rəngləri vardı.

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?