Gülüstani İrəm

Text
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Nuşirəvandan sonra Şirvan vilayəti haqqında ayrıca bir məlumat yoxdur. Ancaq bu qədər məlumdur ki, xəzərlərin istilası və İran səltənəti işlərinin qarışıqlığı nəticəsində Şirvan iğtişaş məhəlli olmuşdur. Bu hal ərəb qoşununun gəlib, ardı-arası kəsilməyən müharibələr ilə şimal tayfalarını məğlub və bu vilayəti ərəb ölkəsinə ilhaq edincəyə qədər davam etmişdir.

Ikinci fəsil
Ərəb qoşununun Azərbaycana gəlməsindən başlayaraq moğollarin istilasina qədər

Tarixi-Təbəri, Tarixi-Güzidə və Rövzülmitar kitablarında deyilir: Ömər ibni-Xəttab[43] İran ölkəsini fəth etdiyi zaman, Süraqə ibni-Əmri Azərbaycanı almağa göndərdi. O, bu ölkəni fəth etdikdən sonra, hicri 22-ci (=644) ildə, Bəkr ibni-Əbdüllahı Şirvan səmtini mühafizə etməyə göndərdi. Sonra Əbdürrəhman ibni-Rəbiəni pişdar təyin edib, özü də onun ardınca o tərəfə hərəkət etdi. Əbdürrəhman Muğan və Bəkr isə Ermənistan tərəfindən hərəkətlə, bir çox yerləri aldılar. Bu yerlərin bəzisini hərb ilə, bəzisini də sülh ilə ələ keçirdilər. Araz üzərindəki Xudafərin körpüsünü Bəkr tikdirmişdir. O zaman ermənilər ərəb qoşununun zülmündən qaçıb, Qarabağın çətin gedilən yerlərinə sığınmışdılar. Onların çoxu indi də bu yerlərdə yaşamaqdadır. Bərdə şəhəri o zamandan xarabalığa üz qoydu. Xülasə, Bəkr və Əbdürrəhman Şirvanın yaxınlığına çatınca, o yerin padşahları nəslindən olan vilayət hökmdarı Şəhriyar aman istədi və sülh etdi, bu şərtlə ki, xərac və cizyə verməsin və bu vergilər, türkləri və sair müxtəlif din sahiblərini dəf etmək üçün saxlanacaq qoşuna sərf edilsin. Onlar Şəhriyarın bu təklifini Süraqə ibni-Əmrə yazdılar, o da bunu Ömər ibni-Xəttabın hüzuruna göndərdi. Xəlifə də bunu qəbul etdi. Ərəblərlə şirvanşahlar arasında bu qayda həmişə saxlanırdı. Süraqə qoşun başçılarından hər birini, bir dəstə qoşunla, keçidlərə və dağlıq yerlərdəki şəhərlərə göndərdi. Alan və Xəzər keçidlərinin hamısını möhkəmləndirib, müsəlmanları bu yerlərdə sakin etdi.

Süraqə vəfat edincə, Ömərin əmrilə Əbdürrəhman onun yerinə təyin edildi. O da qoşun götürüb 200 ağaclıq məsafəsi olan bir keçidə girdi. Bir çox şəhərin əhalisi müsəlman oldu, Gürcüstan əhalisi ilə də, cizyə vermək şərtilə, sülh bağlandı. Bəzi başqa xalqları da müsəlman edib, yenə Dərbəndə gəldi. Osmanın[44] xilafəti zamanında burada vəfat etdi…

Həbibüssiyərdə deyilir: Osman ibni-Üffanın əmrilə, Həbib ibni-Səlmə ərəb qoşunu ilə Ermənistana, Azərbaycana, Muğana və Şirvana gəldi, başlıca üsyançıları sülh ilə yola gətirdi. Ondan sonra – Osmanın vəfatına qədər – Hüzeyfə ibni-Yəman, Müğeyrə ibni-Şəbə və Əşəs ibni-Qeys bu hüdudda hökmran idilər.

Dərbəndnamə sahibi deyir:

… Hicri 41-ci (=662) ildə, səhabələrdən Səlman və Rəbiətülbahili, 4000 igid və döyüşkən qoşunla, xəzərlərin geri aldıqları Dərbəndə doğru hərəkət etdilər. İslam qoşunu gəlincə, Dərbənd Narınqalasının mühafizləri Həmri qalasına qaçdılar. Müsəlmanlar qalanı və Dərbənd şəhərini ələ keçirdilər. Xəzər padşahı Xaqan, külli qoşunla onları dəf etməyə gəldi. Müsəlmanlar da onu qarşıladılar. Dərvaq çayı kənarında hər iki tərəf üz-üzə gəldi. Ərəblərin şücaəti haqqında çox şeylər eşitmiş olan Xaqan, müharibə etmək istəmirdi, zənn edirdi ki, silah onların bədənlərinə kar etmir. Bu halda, xəzərlərdən bir nəfər dəniz sahilinə getdi, orada tək başına çimməkdə olan bir müsəlmanı öldürdü, başını kəsib, Xaqanın hüzuruna gətirdi. Bu əhvalatdan sonra, müharibəyə cəsarət etdilər. 5 gün səhərdən axşama qədər hərb meydanı qızışdı, hər iki tərəfdən bir çox camaat qırıldı. 6-cı gün Xaqan öz qoşununu çox məzəmmət edib dedi: bu gün hər kim müharibədən üz çevirsə, mükafat olaraq məndən əzab görəcəkdir. Bu tərəfdən də, müsəlmanlar cihad şövqilə ruhlanmışdılar. Səlman və Rəbiə öz qoşun dəstələrinin qarşısında, 40 nəfər könüllü ilə düşmənə həmlə etdilər. Çox şiddətli bir müharibə oldu, Xaqanın qoşunundan neçə min nəfər öldürüldü. Səlman ilə Rəbiə də bu 40 nəfər ilə birlikdə öldürüldü. Bunların qəbirləri, Dərbənd şəhərinin yanında, Qırxlar adı ilə ziyarətgahdır. İslamın qalan qoşunu məğlub oldu, yaralılar Dərbəndə və buradan da Şama qayıtdılar. Xaqan, Dərbənd şəhərini mühafizə etmək üçün 3000 nəfər əsgər təyin edib, öz paytaxtına qayıtdı.

Əməvilərdən Vəlid ibni-Əbdülməlik[45], hicri 86-cı (=705) ildə, xilafətə oturduğu zaman, öz qardaşı Müsliməni 40000 igid əsgərlə Dərbəndi almağa göndərdi. Müslimə əvvəlcə Naxçıvan ölkəsində, Araz çayı kənarında – indi də xarabaları məlum olan – Cülah şəhərini aldı. Sonra Lahıcan şəhərini alıb viran etdi. Bundan sonra Şirvana gəldi. Müskürə qədər ələ keçirdiyi yerlərdə hakimlər təyin etdi. Buradan da Dərbənd üzərinə yürüş edərək oranı mühasirəyə aldı. Lakin qalanı almaqdan məyus olub, qayıtmaq fikrində idi. Bir gecə qaladan bir nəfər gəlib dedi; əgər onu dünya malından təmin etsələr, bildiyi gizli bir yol ilə qoşunu qalaya daxil edər. Müslimə bu işə könüllü bir nəfər istədi, kimsə cəsarət etmədi. Bu halda, Əbdüləziz Bahili iki oğlu və qəbiləsindən yüz nəfər igidlə bu işi yerinə yetirməyi öhdəsinə aldı, bu şərtlə ki, Beytülmala çatacaq xümsdən başqa, qənimətlərin hamısı ona çatsın. Sonra dağ tərəfindən 6000 nəfər də onların ardınca getdi. Bələdçinin göstərişilə lağım atıb, Dərvaq tərəfindən yer altındakı darvazanı açdılar. Qalaya elə daxil oldular ki, qarovulçulardan kimsə bunu bilmədi. Gecə yarısı müharibə başlandı. Xəzərlər öz can və əhli-əyallarını müdafiə edirdilər. Müharibə sülh açılıncaya qədər davam etdi. Sülh zamanı, müsəlmanlar qalanın darvazasını tutdular, İslam qoşununun hamısı içəri daxil oldu. Xüms çıxıldıqdan sonra, bütün qənimətləri Əbdüləzizə verdilər. O da bu qənimətləri qalanı almaqda iştirak edən 6000 nəfər əsgər arasında bölüşdürdü. Bələdçilik edən kişiyə də çoxlu mal verib bir qulluğa qoydular.

Müslimə, özündən sonra xəzərlərin əlinə keçməsin deyə, qalanın dağıdılmasını məsləhət gördü. Qoşun sərkərdələri də onun rəyini təsdiq etdilər. Ancaq Əbdüləziz dedi: bu boş bir xəyaldır; çünki xəzər tayfası gəlib, onu əvvəlkindən də yaxşı təmir edər. Nə qədər Dərbənd onların əlində olsa, Ermənistan və Azərbaycan ölkələri salamat qala bilməz. Müslimə onun sözünü qəbul etməyib, qala divarının hər iki tərəfdən dağıdılmasına əmr verdi. Əbdüləzizi də Ermənistan və Azərbaycan hakimi təyin edib Şama qayıtdı. Xəzər tayfası yenə Dərbəndə gəldi, lakin onlar qalanı təmir etmədilər. Hər il oradan keçib, Ermənistan və Azərbaycanı qətl və qarət edirdilər. Bu ölkə əhalisindən peydərpey gələn şikayətlərə görə, Müslimə ikinci dəfə 40000 qoşunla Dərbəndə gəldi. Qalanı təmir edərək, burada 5000 nəfər əsgər qoyub, Şama qayıtdı. Bundan bir neçə il keçdi. Dərbənd mühafizləri xəzərlərin qorxusundan qaladan bayıra çıxa bilmirdilər. Xəzərlər dərədən keçib Ermənistan və Azərbaycanı çapırdılar. Ermənistan və Şirvan hakimi Əbdüləziz Bahili, hərdənbir müdafiəyə qalxışırdısa da, onları dəf etməyə gücü çatmırdı…

Hicri 103-cü (=722) ildə Əbdüləziz vəfat etdi. O əsrin xəlifəsi Yəzid ibni-Əbdülməlik[46], Əbü Übeydeyi-Cərrahı 6000 nəfər əsgərlə Dərbənd mühafizlərinin köməyinə göndərdi. Xaqanın oğlu da öz qoşunu ilə Həmriyə gəldi. Əbu Übeydeyi-Cərrah Müskürə gəlib o ətrafın qalalarındakı qoşunları toplayaraq Rubas çayı kənarında dayandı. O, Təbərsəran və Qaytağın hələ də islam dinini qəbul etməmiş olan əmirləri ilə görüşüb dedi: «Mən Ərəbistandan xəzərlərin müharibəsinə gəlmişəm, sizin də bu xüsusda mənə kömək etmənizi arzu edərdim». Ləzgi rəislərindən Artanış adlı bir nəfər, bu əhvalatı gizlicə Xaqanın oğluna bildirdi. Əbu Übeydeyi-Cərrah bundan xəbər tutub, üzdə dedi ki, guya o, burada ancaq 3 gün dayanacaqdır. Lakin gecə, məşəllərin işığı ilə Rubas çayından və Dərbənd şəhəri içərisindən keçdi. O, Avayın çeşməsi yanında, sağ cinah əmirini 2000 atlı ilə Qaytaq tərəfinə və sol cinah əmirini də 2000 nəfərlə Təbərsəran tərəfinə çapqına göndərdi. Tapşırdı ki, günəş doğunca ordugaha qayıtsınlar. Sağ cinah əmiri 12.000 qaramal, qoyun və 700 əsirlə, sol cinah əmiri də 40.000 qaramal, at, qoyun və 2000 əsirlə geri qayıtdı. Onlar bunlardan əlavə bir çox başqa qənimətlər də gətirdilər. Xümsünü çıxdıqdan sonra, bu qənimətlərin hamısını qoşun arasında bölüşdürdülər. Xəzər şahzadəsi bu xəbəri eşidəndən sonra, müharibə qəsdilə Həmridən hərəkət etdi. Əbu Übeydə də qarşıya çıxdı. Dərvaq çayı kənarında iki qoşun bir-birilə üzləşdi… Hər iki tərəfdən dava təbili vuruldu, bayraqlar ucaldı, çox şiddətli bir müharibə başlandı. İki tərəfdən də çox adam qırıldı. Axırda xəzər qoşunu müqavimət göstərə bilmədi, bütün təchizatını buraxaraq, qaçıb qurtardı. Müsəlmanlar onları təqib edib qətl və qarət edirdilər. O gün xəzərlərdən 7000 nəfər və müsəlmanlardan 2000 nəfər öldürülmüşdü. Xaqanın oğlu çox çətinliklə özünü İnci şəhərinə yetirib dedi: «Gördüyüm düşmən çox güclüdür, əgər sizə kömək gəlməzsə, özünüzü qaçmaqla qurtarın». Oradan Bəlxə gedib Bəlx, Ulu Macar, Kiçik Macar, Qızılyar və sairin hakimlərini Əhran hakiminə tapşırdı. Ölkənin mühafizəsi üçün lazım gələn əsgəri tədbirləri görüb, özü paytaxta qayıtdı. Əbu Übeydeyi-Cərrah Qayakənd yaxınlığında bir təpə üzərində vaqe olan Həsin qalasını alıb, indi Tarxu adlanan Səməndər şəhərinə getdi. Buranın əhalisi təslim oldu. Buradan İnci qalası üzərinə gəldi. Bu qala bir tərəfdən dağ, o biri tərəfdən dəniz ilə yanaşı idi, dağ ilə dəniz arasında da bir hasar vardı. Buranın əhalisi, yerin möhkəmliyinə, su və azuqənin bolluğuna arxalanıb, qalanı müdafiə etməyi qərara aldılar… Müsəlmanlar ətrafdan 12.000 araba toplayıb, üzərlərinə taxta yığdılar. Qoşun da bunların ardınca gedərək şəhərə daxil oldu. İncinin əmiri ərkə sığındı və gecə bir neçə nəfər rəis və əsgərlə İnci ilə Bəlx arasında olan Keyvan qalasına çatdı. Sübh zamanı müsəlmanlar İnci əhalisini islama dəvət etdilər, qəbul etməyəni öldürdülər və ya əsir aldılar. İnci qalasını da dağıtdılar.

 

Rövzətüssəfa və Güzidə kitablarında deyilir: Əbu Übeydeyi-Cərrah Xəzər mülkünü qətl və qarət edib, Azərbaycana qayıdandan sona, Xəzər Xaqanı türklərin müxtəlif qəbilələrindən kömək istəyib, 300 min qoşun topladı. Xaqanın oğlu Pəşənk, o cəmiyyətlə Dərbənddən keçərək, Kür və Araz çayları qovşağında düşdü. Qoşununu ətrafı çalıb-çapmağa göndərdi. Bu zaman Əbu Übeydənin qoşunu dağınıq bir halda idi. Özü də atəşgədəni dağıtmaq üçün Ocan səhrasına getmişdi. Yanında olan azacıq qoşunla xəzərlərin qarşısına çıxdı. Şiddətli bir müharibə oldu, müsəlmanlar məğlub olub çoxlu tələfat verdilər. Əbu Übeydeyi-Cərrahın özü də öldürüldü və ailəsi əsir düşdü. İslam qoşunu ilə bərabər olan və Azərbaycanın böyük adamlarından sayılan Mərdanşah da öldürüldü. Türk qoşunları Azərbaycan və Ermənistan ölkələrində qətl və qarətə başladılar. Ermənistanda zərb olunan dirhəmlərdən məlum olur ki, bu vilayət həmin iğtişaş zamanı xəlifələrin əlindən çıxmamışdır. Xülasə, bu xəbər, o dövrün xəlifəsi Hişam ibni-Əbdülməlikə[47] yetişdi. O, hicri 114-cü (=733) ildə Səid ibni-Əmri-Hərşini böyük bir qoşunla türklərin müharibəsinə göndərdi. O da, bir çox qələbələrdən sonra, Qarabağ Beyləqanına yetişdi. Eşitdi ki, Xaqanın oğlu müsəlman qalalarından birini mühasirəyə almışdır, az qalmışdır ki, qaladakılar təslim olsunlar. Bu zaman fars şahzadələrindən Xüdavəndi-əsbi-əbləğ adlı Xəzər dilini bilən bir nəfəri göndərdi ki, qaladakılara onun gəlməsini bildirsin. Şahzadə ertəsi gün oraya çatdı. Xəzərlər onu tutub soruşdular: – Sən kimsən və hara gedirsən? O dedi: – Ərəb sərkərdəsi məni göndərdi ki, qaladakılara onun gəlməsini xəbər verim. Xəzərlər ona dedilər: – Əgər qurtarmaq istəyirsən, qalanın yanına gedib de ki, ərəb qoşunu hələ çox uzaqdadır. Şahzadə darvazaya yaxınlaşıb səsləndi: – Ey müsəlmanlar, tanıyırsınız? Sizə müjdə olsun! Səidi-Hərşi külli qoşunla Bəyləqandadır. İki üç gündən sonra, gəlib sizə çatar. Mərd və igid olun!

Müsəlmanlar təkbir dedilər. Xəzərlər şahzadəni oradaca parça-parça etdilər və özləri də köçüb Ərdəbilə tərəf getdilər. Bu zaman ağ atlı və ağ paltarlı bir şəxs Səidin yanına gəlib dedi: – 2000 nəfər xəzər 5000 islam əsiri ilə filan yerdədirlər. Əmir casus göndərib onun sözünü təhqiq etdi, söz doğru çıxdı. Əmir 40.000 nəfər götürüb, səhərə yaxın qəflətən onların üzərinə töküldü. Bir çoxunu öldürdü və əsirləri geri aldı. Qılıncdan qurtaranlar Xaqan oğlunun ordusuna qaçdılar. Səid külli qənimətlə geri qayıtdı. Ağ atlı yenə gəldi, Səid ona dedi: – Ey xoşxəbər kişi, sən harada qaldın, sənin üçün yaxşı hissə və pay saxlamışam. O, cavabında dedi: – O pay əmirin yanında daha yaxşı qalar, mən indi sənə başqa qənimət haqqında məlumat verəcəyəm. Budur, xəzərlərdən bir dəstə filan yerdə külli mal və əsirlə öz vilayətlərinə gedirlər. Müsəlmanlardan bir dəstə oraya gedib təkbir deyərək, düşmənə hücum etdi. Türklərdən bir çoxunu öldürüb, əsirləri azad etdilər, qənimətləri də ələ keçirildi. Səid, Əbu Übeydeyi-Cərraha mənsub olan adamları əzizləyib, onlara çoxlu mal bağışladı. Bu əhvalatdan sonra, Xaqanın oğlu kədərli bir halda vuruşmaya başladı. Səid də Bəyləqan, Bərdə və hökmü altında olan başqa şəhər və qəsəbələrə qasidlər göndərib qoşun toplamağa əmr verdi. Ağ atlı yenə gəldi və salam verdi. Səid çox şaddıqla onun salamını alıb: «Sən çox mübarək nəfəsli (xoşxəbər) adamsan. Sənin sayəndə iki dəfə düşmənə qalib gəldim, sənə çox pay və hissə ayırmışam, niyə almırsan?» – dedi. O: – «Lazım olanda istərəm, siz indi dava tədarükü görməklə məşğul olun. Xaqanın oğlu 40.000 nəfərlə üstünüzə gəlir» – deyə cavab verdi. Səid öz qoşununu düzəltdi. İkindi çağı, iki qoşun bir-birinə yetişdi. Müharibə başlandı. Günbatan çağı türk qoşunu basıldı və onlardan bir çoxu qılıncdan keçirildi. Səid də öz ordugahına qayıtdı. Sübh olunca, ağ atlı yenə gəlib dedi: – «Ey əmir! Xaqanın oğlu öz dağınıq qoşununu toplayıb, yenə müharibə etmək fikrindədir». Səid (qənimət alınmış) yükləri və malları qeyd və mühafizə etmək üçün bir dəstə adam təyin edib, qalan qoşunla yola düşdü. İki qoşun bir-birilə üz-üzə gəldikdə o: – «Kim bilir, Xaqanın oğlu Pəşənk harada durur?» – deyə soruşdu. Onun cavabında: – «Baş sancılmış ağacın olduğu yerdədir» – deyə cavab verdilər. O yenə: – «O kimin başıdır» – deyə soruşunca: – «Əbu Übeydeyi-Cərrahın başıdır» – deyə cavab verdilər. Səid igidlərlə oraya hücum edərək, Xaqan oğlunun tacına bir zərbə endirib onu atdan yerə saldı. Türklərdən bir dəstə, şahzadənin ətrafını alıb onu yenə ata mindirdilər. Müharibə atəşi şiddətli surətdə alovlandı. Axırda türklər döyüş meydanından üz çevirdilər. İslam əhlinin əlinə çoxlu qənimət keçdi. Səid bu qənimətin xümsünü Şama, Hişam ibni-Əbdülməlikə göndərdi, qalanını da 40.000 əsgər arasında bölüşdürdü. Hər bir nəfərə 1700 dinar düşdü. Daha sonra, hicri 115-ci (=734) ildə Hişam Ermənistan, Azərbaycan və Şirvan əyalətlərini öz qardaşı Əbu Müslimə verdi. Ona Şam və Cəzirə qoşunlarından 24 min nəfər verib Dağıstan işlərini nizama salmağa göndərdi.

Müəllifə məlum olduğu vəchlə, Əbu Müslim haman Müslimə ibni-Əbdülməlikdir. Ehtimal ki, yazıda səhv olmuşdur və ərəb dilinin qanununa görə, Əbu Müslim onun küniyəsi və Müslimə isə adı olub, hər ikisilə də şöhrət tapmışdır. Hər halda, Əbu Müslim Dərbəndə gəlib onun hasar və burclarındakı xaraba yerləri təmir etdirmişdir. Narınqalada Nuşirəvan dövründən qalma Səhrinc adlı böyük bir imarəti sökdürüb yerində su, neft, sursat anbarları və cəbbəxana tikdirdi. Narınqalanı çox möhkəm bir hala saldı. Qeyd adlı imarəti təmir edib, divarını yüz arşından artıq dəniz içərisinə çəkdirdi. Müəllif deyir: dörd-beş il bundan əvvəl, o Qeydin özülü bir yerindən sökülmüşdü. Bu sökükdən məlum oldu ki, böyük daşları dəmir millər ilə bir-birinə möhkəm bənd edib, aralarına da əridilmiş qurğuşun töküblər. Əbu Müslim əmr verdi ki, bütün Dağıstandan toplanan xəracı, – istər pul olsun, istərsə mal, – ehtiyac zamanı Dərbənd əhalisinə və mühafizlərinə paylamaq üçün anbarlarda saxlasınlar. Xülasə, Dərbənd əhalisinin çoxunu müsəlmanlardan təşkil edib, şəhəri yeddi məhəlləyə böldü. Hər məhəllə tayfası üçün bir məscid tikdirib, onun adı ilə adlandırdı: 1) Xəzər məscidi, 2) Fələstin məscidi, 3) Dimişq məscidi, 4) Həmməs məscidi, 5) Qeysəriyyə məscidi, 6) Cəzair məscidi, 7) Mosul məscidi. Bunlardan əlavə, cümə namazı üçün böyük bir məscid tikdirdi ki, indi də qalır. Şəhərə 6 darvaza qoydurdu: 1) Babül-mühacir – indi Carpçı qapı adlanır, 2) Babülcəhad – indi Qırxlar qapı adlanır, 3) Babülxüms – indi Yeni qapı adlanır, 4) Babüssəğir – indi Türkmən qapı adlanır, 5) Babülməktub – indi Bayat qapı adlanır, 6) Babüləlqəmə – indi Narınqala qapı adlanır.

Əbu Müslim Dərbənd işlərini nizama saldıqdan sonra, Qumuq tərəfinə səfər bayrağını açdı. Oranın əmirləri və əhalisi, bir çox müharibədən sonra, aman istəyib müsəlman oldular. O, Qaziqumuq şəhərinin ortasına böyük bir came məscidi və bir neçə başqa bina tikdirdi. Onlar indi də durur. Şahbal və ya Şahi-Bəəl ibni-Əbdüllah ibni-Qasım ibni-Əbdüllah ibni-Abbas ibni-Əbdülmütəllibi onlara hakim təyin etdi, islam dininin şərtlərini əhaliyə təlim etmək üçün də onun yanında bir qazi qoydu. Oradan Qaytağa gəldi, buranın əhalisi şiddətli vuruşma və çoxlu tələfatdan sonra, islam dinini qəbul etdi. Qaytaq əhalisi islam dinini qəbul etdikdən sonra, Əbu Müslim öz qohumlarından Əmir Həmzə adlı bir nəfəri buraya hakim təyin etdi. Bundan sonra, əhalisinin çoxu yəhudi və dinsiz olan Təbərsəran üzərinə yürüdü. Bunlar da əvvəlcə müdafiəyə başladılar. Lakin, hakimlərinin öldürüldüyünü və bir çoxlarının tələf və əsir edildiyini görüncə, müsəlman oldular… Məhəmməd Məsum adlı bir nəfəri burada hakim qoydu. Şəriət əhkamını təlim etmək üçün də iki qazi təyin etdi. Əmr verdi ki, bütün Təbərsəran əhalisi Məsum və qazilərin hökmünə əməl etsinlər. Bu nahiyələrin mühüm işlərini yoluna qoyduqdan sonra, Tav (yəni dağ) və Avar əhalisi üzərinə hərəkət edib, onları qılınc gücü ilə müsəlman etdi. Onlar üçün məscidlər tikdirib, qazilər təyin etdi. İndiki halda, Aqquşə kəndi Tavın, Xumzaq şəhəri isə Avarın mühüm yerlərindəndir. Gürcüstan hüdudundan başlayıb, Qıpçaq çölünə qədər, Dağıstanın bütün hakimlərinə və qazilərinə, Şahbala tabe olmağı əmr etdi. Buyurdu ki, əgər Xəzər tayfası Dərbəndin üstünə gəlsə, onlar ona qarşı dursunlar. Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra, geri qaytarsınlar. Dərbəndlilərdən ticarət qəsdilə Xəzər vilayətinə gedən olsa, onun malının üşrünü (onda birini) alsınlar. Elçi gələrsə, onu gözü bağlı şəhərə gətirsinlər, qayıtdığı zaman da bu cür yola salsınlar. Ta ki, onlar Dərbəndin vəziyyətindən xəbərdar olmasınlar. Bütün Dağıstan əhalisi üzərinə vergi təyin edib buyurdu ki, Təbərsəran, Köbəçi və Qaytaq əhalisi hər il onu gətirib Dərbənd hakiminə versinlər. O da özünə və Əmir Həmzəyə düşən hissəni götürüb, qalanını Dərbəndin mühafizlərinə və füqərasına sərf etmək üçün anbarda saxlasın. Əgər hakim özü üçün müəyyən miqdardan artıq götürüb ədalətsizlik etmiş olsa, o zaman qoşun rəisləri onu vəzifədən xaric etsinlər. Həmri, Kürə, Quba, Qülhan, Qürah, Axtı, Xnav, Rütul, Zaxur, bütün Qumuq, Avar, Qərax, Hidat, Tarxu, Əhran və İndiri əhalisi öz xəraclarını Şahbala versinlər. Əgər Şahbalın üzərinə düşmən hücum etsə, yaxud o kafirlərlə müharibəyə getsə Qaytaq, Təbərsəran hakimləri öz qoşunları ilə onun köməyinə gəlsinlər. Dərbənd hakimi həmişə şəhəri mühafizə edib, heç bir yana getməməlidir, cümə günləri məscidi-camedə imam olaraq namaz qılmalıdır.

Katib Çələbi Cahannüma adlı əsərində Əbu Hamiddən belə nəql edir: «Dərbənd işləri nizama salındıqdan sonra, Hişam özü bu şəhərə gəlmişdir. Əhalinin xahişinə görə, öz qılıncını yadigar olaraq, Dərbəndin yaxınlığında bir yerdə qoydu. Bu yer indi də o ölkə əhalisinin ziyarətgahıdır».

Müəllif deyir: Əhalidən mötəbər kimsələrin dediklərinə görə Xəraq mahalında, Yuxarı Təbərsəranda, Curdaf kəndi yanında mağara içərisində bir xəncər vardır. O ətrafın xalqı qurban və sədəqələr aparıb onu ziyarət edib və bu yerin ətrafını müqəddəs hesab edir. Buna görə burada, oğruya çal-çap etdiyi mal üçün cəza verilməz və qatildən də qisas alınmaz. Hətta bir adam cəsarət edib oranın meşələrindən bir ağac budağı belə kəsə bilməz. Demək olar ki, həmin xəncər Hişamın qılıncıdır. Lakin aradan uzun bir zamanın keçməsi və yerin uzaqlığı ilə əlaqədar olaraq, xəncər qılınc deyə məşhur olmuşdur.

Hicri 120-ci (=739) ildə Mərvan ibni-Məhəmməd, Hişam tərəfindən Dərbəndə hakim göndərildi. O, Əbu Müslimin qoyduğu qərarlar üzrə rəftar edirdi. Təbərsəran əhalisi hər il növbə ilə Dərbəndin küçə və məhəllələrini təmizləyirdi.

Hicri 132-ci (=751) ildə xilafət əməvilərdən abbasilərə keçdi, Əbül-Abbas Səffah[48] Dərbəndin vəziyyətini yaxşılaşdırmaq və hüdudunu mühafizə etmək barəsində son dərəcə səy edirdi. Hicri 136-cı (=755) ildə, Əbu Cəfər Mənsur[49] xilafətə oturunca, Yəzid ibni-Əsədi Dərbəndə hakim göndərdi. Bunun zamanında xəzərlər külli qoşunla gəlib Dərbəndi mühasirəyə aldılar. Onlar bir gecə hasarın dibinə xeyli ağac yığıb, bu vasitə ilə hasarın üzərinə çıxmaq istədilər, qaladakılar xəbərdar olub ağacların üzərinə neft tökərək yandırdılar. Xəzərlər məqsədlərinə nail olmadan geri qayıtdılar. Əbu Cəfər Mənsur, Yəzid ibni-Əsədi hüzuruna çağırıb soruşdu: – Dərbənd üzərindən xəzərlərin şərrini hansı tədbir ilə dəf etmək mümkündür? Yəzid ərz etdi: – Dərbəndin ətrafında xarab olmuş çoxlu qala vardı, əgər bunlar təmir edilib, hər birinə qarovulçular təyin edilərsə, o zaman Dərbəndin mühafizəsi asanlaşmış olar. Xəlifənin əmrilə Yəzid gəlib qalaların və yaşayış məntəqələrinin təmirilə məşğul oldu. O cümlədən, Süvar, Müta, Kemax və indi Çerkəni adlanan Süfnan qalalarını təmir etdi. Bundan başqa Dərvaq, Ersi və Hümeydi kəndlərini abad etdirib Şam, Cəzirə və Mosuldan 7000 ailə gətirib buralarda yerləşdirdi. Yəzidiyyə və Sirməkiyyə adlı iki qala da bina etdirdi. Öz qəbiləsindən bir dəstə adam köçürüb buralarda yerləşdirdi. Məqatir və Mehraqəni abad edib hər yerdə qoşun qoydu. Bu qayda ilə Dərbəndi asayiş və rahatlıq içində mühafizə edirdi, xəzərlər Qoysu çayından keçə bilmirdilər.

 

Hicri 170-ci (=787) ildə, Harun-ər Rəşid[50] Cəyun ibni-Nəcəmi Dərbəndə hakim göndərdi və ona tapşırdı ki, bu yerin intizamını keçmişdə olduğu kimi saxlasın. Cəyun, qala və hasarın möhkəmliyinə arxalanıb zülm və əxlaqsızlığa başladı, ölkənin idarə işlərinə göz yumdu. Dərbənd əhalisinin çoxu qaçıb-dağılmağa üz qoydu. Bu xəbər Harunə yetişdi. O, Rəbiətülbahilini Dərbəndə hakim təyin etdi. Rəbiə, Cəyunu həbsə alıb, Bağdada göndərdi. Hicri 173-cü (=790) ildə, Xüzeymə ibni-Cazim Harun-ər Rəşid tərəfindən 12.000 qoşunla Dərbənd əyalətinə gəlib, hasar və burcların xaraba yerlərini təmir etdi. Bir neçə müddətdən sonra, Harun-ər Rəşid özü Dərbəndə gəlib oranın vəziyyətini yoxladı. Rubas çayından bir bənd çəkdirib şəhərin kənarına su gətirdi. Burada bağlar, bostanlar saldırdı və dəyirmanlar tikdirdi. Bunların mədaxilini Dərbənd yoxsullarına vəqf etdi. Həfəs ibni-Öməri Dərbəndə hakim təyin edərək, ona lazımi göstərişlər və nəsihətlər verib Bağdada qayıtdı. Deyirlər ki, Dərbəndin şimal tərəfində, Qırxlar darvazası qarşısında bir daş günbəz vardır. Harun-ər Rəşidin oğlu burada basdırılmışdır. Məşhur olduğu üzrə, Harun-ər Rəşidin arvadı Zübeydə xatun bint-Əbucəfər Mənsur, uzun sürən bir qızdırma xəstəliyinə mübtəla idi. O, ab-havasının lətafətilə məşhur… olan Təbrizdə bundan səhhət tapdı. Buna görə, hicri 175-ci (=792) ildə, bu şəhəri yenidən bina etdirib adını da Təbriz qoydu. Bu əhvalatdan və Harun-ər Rəşidin oğlunun Dərbənddə vəfat etməsindən anlaşılır ki, Zübeydə xatun da öz ərilə bu ölkəyə gəlibmiş.

Hicri 180-ci (=797) ildə, xəzərlər hücum edib bütün Dağıstanı, Dərbəndi və Şirvanı istila etdilər. Katib Çələbinin yazdığına görə, bu müharibədə 140.000 nəfər müsəlman tələf oldu. Hələ bu vaxta qədər islam aləmində belə bir hadisə görünməmişdir. Əbu Müslimin əmirliyə təyin etdiyi Məsum, Şahbal və Əmir Həmzə övladının başına bu hadisələr zamanı nələr gəldiyi məlum deyildi. İslam dinini qəbul edən Dağıstan tayfaları da xəzərlərin istilası və müsəlmanların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar. Hər guşədə bir əmir və hər nöqtədə bir şərir meydana gələrək, fitnə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan vilayətində Fərruxzad Əxşican oğlu[51] hökmran idi. Bakıda Bibiheybət kəndində, onun əmrilə bina edilmiş bir məscid üzərindəki kitabədə onun ləqəbi: – «əmirülmömininin yardımçısı böyük sultan» deyə yazılmışdır. Bundan məlum olur ki, o, müsəlman olub abbasi xəlifəsinə tabe imiş. Bundan sonra Filanşah hökmranlıq etmişdir.

Hicri 210-cu (=826) ildə, Bəyləqan tərəflərdə, atəşpərəstlərdən Babək adlı bir nəfər meydana çıxdı. O, atəşpərəstlik məzhəblərindən Xürrəmgiş adlı bir məzhəbin əsasını qoydu. Bu məzhəb… Məzdək dininin əslini yeni bir şəklə salmaqdan başqa bir şey deyildi. Babək öz başına çoxlu tərəfdar topladı… Ardı-arası kəsilməyən müharibələrlə Azərbaycanı ələ keçirib Həmədan və İsfahanı da fəth etdi. Mötəsim[52] xəlifə İshaq ibni-Müsəəbi çoxlu qoşunla İraqi-Əcəm hüduduna göndərdi, İshaq onlardan 60.000 nəfər qırdısa da yenə bir nəticə əldə edilmədi. Axırda, hicri 221-ci (=836) ildə, Mavəraünnəhr əyanlarından Aqşın ləqəbli Heydər ibni-Kavus, saysız bir qoşunla Babəki dəf etməyə təyin edildi. Müharibə iki il davam etdi. Babək məğlub olub, bir neçə nəfərlə Ermənistana, Səhəl Sunbat oğlunun yanına qaçdı. Aqşın etimad etdiyi bir nəfəri 4.000 qoşunla Babəki tələb etmək üçün göndərdi. Səhəl Babəki qolu bağlı Aqşının yanına gətirdi. Səhəl təltif edildi. Babək də Bağdada göndərilib orada böyük bir əziyyətlə öldürüldü. Ehtimala görə, Azərbaycan sözü «Azər-Babəkan» sözünün ərəbcələşdirilmiş şəklidir. Azərbaycan bunun və ya başqa bir Babəkin adından alınmışdır. Məşhur olduğu üzrə, atəşpərəstlik dini bu ölkədə zühurə gəlmiş və yayılmışdır. Riyazüssəyahə[53] müəllifi Azərbaycanı Azərbayəganın ərəbcələşmişi sayır. Bu da qədim fars dilində atəşgah mənasındadır.

Xülasə, bu yol ilə Azərbaycan və Ermənistan ölkələri, yenə xəlifənin ixtiyarına keçdi. Muğanda xaraba qalmış Bərzən şəhərini Aqşın abad etdi, indi yenə viran bir haldadır. Hicri 230-cu (=845) ildə, Mötəsimin oğlu Vasiq-Billahın[54] xilafəti dovründə, Filanşahi Şirvani itaətə gəldi, Dərbənd də xəlifənin təsərrüfünə keçdi. Hicri 270-ci (=884) ildə Mötəmid[55] xəlifənin hökmü ilə Bakı neft və duz mədənlərinin mədaxili, Dərbənd mühafiz və əhalisinə maaş təyin olundu. Məhəmməd ibni-Əmmar təhvildar idi, hər il mədənlərin mədaxilini təyin edilən miqdar ilə təqsim edirdi.

Hicri 290-cı (=903) ildə Haşim adlı bir nəfər Dərbəndə hakim gəldi. Müktəfi[56] xəlifə qəramitələr ilə hərb etməkdə idi, xilafət işlərində də bir çox qarışıqlıq hökm sürməkdə idi. Haşim istifadə edərək bütün təyin edilmiş maaşları, mədənlərin mədaxilini və Dərbənd əhalisinə yetişəsi olan kənd məhsullarını özü mənimsədi. Dərbənd əhalisi naçar qalıb, alver və qəsbkarlıqla məşğul oldu. Əxlaqsızlıq onların arasında yayıldı. Xəzərlər yenə gəlib, Dərbəndi almaq üçün çox çalışdılar. Müsəlmanlar xaricdən və daxildən hücum edərək onları məğlub etdilər. Bu zaman Rus tayfası, Xəzər padşahından icazə alıb, 500 gəmidə 50.000 qoşunla Atil çayından Xəzər dənizinə girdi. Bu şərtlə ki, ələ keçirəcəkləri qənimətləri onunla bölsünlər. Onlar Mazandarandan başlayıb Dərbəndə qədər, dəniz sahillərində olan şəhər və qəsəbələrdən bir çox qənimətlər əldə etdilər. Dəniz sahilində yaşayan əhali isə xəzərlərin gəmiləri olmadığını bildiyindən, belə bir təhlükəni gözləmirdi.

Əbülqasim Yusif ibni-Əbüssac, xəlifə Müqtədir-Billah[57] tərəfindən, hicri 296-cı (=909) ildə 306-cı (=919) ilə qədər – on il – Ermənistan və Azərbaycan valisi idi. Şirvan da onun hökmü altında idi. O, öz cəmiyyətini toplayıb, Şirvan vilayətinə daxil olan Əli ibni-Heyşəm tərəfindən idarə edilən neft mənbəi sahilinə, yəni Bakıya gəldi.

Ruslar, bundan sonra, Bakıya yaxın adalarda sakin olmuşdular. Onların bu adalarda sakin olmasına aid bəzi izlər indi də mövcuddur…

Hicri 332-ci (=944) ildə, Məsudi bu əhvalatı yazdığı halda, İbn-əl Əsir[58] öz tarixində bundan bir kəlmə də olsun bəhs etməmişdir. Lakin İbn-əl-əsir deyir: Rus tayfası hicri 332-ci (=944) ildə, Ərranın paytaxtı olan Bərdə şəhərini almaq üçün qayıqlarla dənizdən və Kür çayından keçib gəldilər. Buranın hakimi 5.000 nəfər qarşıya çıxdı və məğlub olaraq geri qayıtdı. Ruslar Bərdəni alıb, əhaliyə aman verdilər. Əhali müxalifət göstərdi, ruslar bir həftə içərisində şəhəri boşaltmağı onlara əmr etdilər… Mərzban ləqəbi ilə məşhur olan Azərbaycan valisi Məhəmməd ibni-Müsafir, 30.000 nəfər qoşunla gəldi. Ruslar bir ildən artıq burada qaldılar, sonra Mərağəyə səfər etdilər. Bu səfər əsnasında çoxlu meyvə yediklərindən, aralarına şiddətli xəstəlik düşür. Mərzban bu dəfə hiylə ilə müharibəyə başladı, azacıq müqavimətdən sonra qaçmağa üz qoydu. Ruslar da onları təqib etməyə başladılar. Mərzban qayıdıb hücum etdi və pusquda qoyduğu qoşun da, rusların arxasına keçdi… Bu hadisə münasibətilə qoşunla Səlmas nahiyəsinə gedən Mərzban, Şəhristanı mühasirə etmək üçün bir dəstə qoşun qoydu. Ruslar bir gecə dəyərli şeylərini çiyinlərinə alaraq, özlərini Kür çayı kənarına yetirdilər və qayıqlara minib vətənlərinə qayıtdılar.

Müəllif deyir: Ehtimala görə, bu iki hadisə haman bir səfər əsnasında vaqe olmuşdur. Lakin müəlliflərin aldıqları xəbərlər müxtəlif olduğundan, bir-birinə zidd olaraq yazılmışdır. Məsudinin yazdığına görə, hicri 332-ci (=944) ildə, Əbdülməlik adlı bir şəxs Dərbənddə, qardaşı oğlu da Təbərsəranda hökmran idi.

Bundan sonra, islam ölkələrində get-gedə qarışıqlıq və hərc-mərclik baş verdi. Bağdad xəlifələri öz qoşunlarının öhdəsindən gələ bilmədilər. Bu ölkənin işləri də nizamdan düşdü, Dərbəndə tabe olan qalalar və kəndlərdə də üsyan qalxdı. Dağıstan əmirləri isə bir-birilə müxalifətə və qovğaya başladılar. Mərdavic ibni-Ziyad sülaləsinə mənsub və Gilanın qədim hakimləri nəslindən olan Deyləm padşahları, hicri 315-ci (=927) ildə, Təbərsəranda xüruc etdilər. Bunlardan 6 nəfəri İran vilayətlərində bir çoxunda 150 il hökmran olmuşlar. Məlum olduğu üzrə, onlar bu tərəflərə də əl atmışdılar. Çünki bu sülalənin ikinci padşahı olan və hicri 323-cü (=935) ildən başlayaraq 33 il hökumət sürən Şəmkir ibni-Ziyad, Gəncə yaxınlığındakı Şəmkir şəhərini öz adına bina etdirmişdi. Şəhərin asarı: məscid güldəstəsi olan ikiqapılı uca bir minarə, körpü və qala xarabası indi də qalır. Bu şəhər Əmir Teymur Kürəkən dövründə və ondan sonrakı dövrlərdə də abad idi.

Axtınamədə deyilir: xəzərlər Şirvanı istila etdikləri zaman, öz əmirlərindən Səmsam adlı bir şəxsi, bir dəstə ilə indiki Mikrağ kəndinin yerində sakin etdilər. Şam əhlindən Əmir Kağı adlı bir şəxsi də ona vəzir təyin etdilər. Səmsama kömək olmaq üçün xəzərlər Samur çayının sol kənarında başqa bir şəhər də saldılar. Tərsa dedikləri bu şəhər əhalisini indiki Qızlardan gətirmişdilər. Səmsam, Şəhbani qalasını almaq və Şəhbani nəslindən olan bu yerin əmiri Dərvişaini tələf etmək istəyirdi. Dərvişai 3000 əşrəfi göndərib Tərsa əmirlərini özünə tərəf cəlb etdi. Səmsam üç dəfə bu qalanı mühasirə etdisə də, məqsədinə çatmadan qayıtdı. Birinci dəfə mühasirənin müddəti bir ay çəkdi. Qala əhli üçün Axta çayından su gətirmək çətin idi, buna görə də, onlar suyu çox əziyyətlə Samur çayından gətirirdilər. Səmsam qayıdandan sonra, Dərvişai üç ayın müddətində qaladan Axtı çayına örtülü bir yol çəkdirdi. Yolun və yol üzərindəki burcun asarı indi də qalır. İkinci dəfə mühasirənin müddəti altı ay davam etdi, lakin qaladakılar darlıq çəkmədilər. Səmsam üç ildən sonra, üçüncü dəfə olaraq yenə gəldi. O, bu dəfə yuxarı tərəfdən gəlib qalanın yanında yeddi il dayandı. Dərvişai çarəsiz qalıb Tərsanın əmirlərini və Rütul, Cınıq və Rüfuqun təcrübəli adamlarını köməyə çağırdı. Yeddi ay da bu müharibə davam etdi. Hər iki tərəfdən çox adam öldü. Dərvişainin oğlu Şah Qasım da bu müharibədə məğlub olub, öldürüldü. Axırda Səmsam məğlub olub geri qayıtdı və 15 il sakit olaraq öz yerində oturdu. Bir gecə Səmsam öz qoşunu ilə qəflətən Tərsa kəndi üzərinə tökülüb əhalini qırdı. Mal və əyallarını qarət və əsir edib apardı. Bundan doqquz il keçdi, Dərvişai Dərbəndə, Əbu Müslimin yanına gəlib, ondan kömək istədi, Əbu Müslim də öz bacısı Ümmülmöminatı, müsəlman olan Dərvişaiyə verdi, onu qoşunla bərabər göndərdi ki, gedib Səmsam şəhərini alsın və xəzərlərin kökünü kəssin. Müharibə yeddi ay uzandı, heç bir nəticə əldə edilmədi.

4343 Ömər ibni-Xəttab – Xüləfayi-raşidindən ikinci xəlifədir (13–23=634–644).
4444 Osman ibni-Əbdülməlik – xüləfayi-raşidindən üçüncü xəlifədir (23–35=644–656).
4545 Vəlid ibni-Əbdülməlik – əməvilərdən altıncı xəlifədir (86–96=705–715).
4646 II Yəzid ibni-Əbdülməlik – əməvilərdən doqquzuncu xəlifədir (101–105=720-724).
4747 I Hişam ibni-Əbdülməlik – əməvilərdən onuncu xəlifədir (105–125=724-743).
4848 Əbül-Abbas Səffah – abbasilərdən birinci xəlifədir (132–136=750-754).
4949 Əbu Cəfər Mənsur – abbasilərdən ikinci xəlifədir (136–158=754-775).
5050 Harun-ər Rəşid – abbasilərdən beşinci xəlifədir (170–193=786-809).
5151 Mətndə yanlışlıq var, Fərruxzad Əxsiman oğlu olmalıdır. Kəsrani şirvanşahlar sülaləsinə mənsubdur.
5252 Mötəsim-Billah – abbasilərdən səkkizinci xəlifədir (218–227=833-842).
5353 Riyazüssəyahə – məşhur Azərbaycan alim və səyyahı Hacı Zeynalabdin Şirvaninin əsəridir. O, hicri 1194-cü (=1780) ildə Şamaxı şəhərində anadan olmuşdur.
5454 Vasiq-Billah – abbasilərdən doqquzuncu xəlifədir (227–232=842-847).
5555 Mötəmid – abbasilərdən on beşinci xəlifədir (256–279=870-892).
5656 Müktəfi-Billah – abbasilərdən on səkkizinci xəlifədir (289–295=902-908).
5757 Müqtədir-Billah abbasilərdən on səkkizinci xəlifədir (295–320=908-932).
5858 İbn-əl Əsir-məşhur ərəb tarixçisidir, hicri 555-ci (=1160) ildə anadan olmuşdur. Onun adını Şərq və Qərb aləmində şöhrətləndirilən «Əl-kamil fittarix» adlı kitabıdır.
Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?