Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Amerika faciəsi », Seite 6

Schriftart:

Bu zaman Klayd, Xarley, Beqot, Bertina və Sondra ilə bərabər bir qayıqda oturaraq, bütün başqa qayıqlarla yan-yana, ağır-ağır şərqə tərəf üzməkdə idi. O, tez-tez dönüb geri baxır və öz-özündən soruşurdu: indi əgər hökumət nümayəndələrindən biri artıq Şeyron şəhərinə gəlib, onların arxasınca buraya yola düşmüş olsaydı, onda onun halı necə olacaqdı? Əgər onlar Klayd adını öyrənmiş olsaydılar, məgər onun hara getdiyini aydınlaşdırmaq çətin bir iş idimi?

Lakin axı, onlar Klaydın adını bilmirlər. Qəzetlərdəki xəbərlər isbat edir ki, onun adını bilən yoxdur. Elə isə nə üçün o, əbəs yerə bu qədər təlaş edir, – xüsusilə indi, bu gözəl səyahət zamanı, nəhayət, yenə də Sondra ilə bərabər ikən, bu qədər təlaş keçirməyin mənası nədir? Bundan başqa, əgər lazım gələrsə o, bu xəlvət meşələrlə, bu sahilboyu şərqə tərəf, gölün o biri tərəfindəki mehmanxanaya doğru gedib, bir də qayıtmaya bilməzmi? Hələ şənbə günü axşam, o, sözarası Xarley Beqotdan və başqalarından, gölün şərq sahilindən cənuba və yaxud şərqə doğru bir yol keçib-keçmədiyini soruşmuşdu. Ona cavab vermişdilər ki, belə bir yol vardır.

Nəhayət, bazar ertəsi günortaya yaxın, qayıqlar – ekskursiya təşkilatçılarının nəzərdə tutduqları üçüncü duracaq yerinə, – yəni Şelter-Biçunun yaxınlığına gəlib çıxdı. Klayd çadır quranlara kömək edir, qızlar ətrafda əylənirdilər.

Bu zaman gənc agent Suenk, Ramsxorn yanındakı lagerin yerində, tonqallardan sonra qalmış gülü görüb, tələsik və qızğın bir ehtirasla, şikarını pusan bir yırtıcı heyvan kimi, dərhal sahilə yan aldı, düşərgə olan yeri diqqətlə gözdən keçirdi, sonra yenə qayığını sürətlə sürməyə başladı. Cəmisi bir saat sonra isə, Meyson və Kraut kəşfiyyatı davam etdirərək, gəlib haman bu yerə çıxdılar, lakin onlar ətrafa ötəri bir nəzər salan kimi, axtarılan şikarın artıq burada olmadığını təyin etdilər.

Suenk isə avarlara güc verərək, saat dördə yaxın, Şelter-Biçə gəlib çıxdı. O hələ uzaqdan altı nəfərədək adamın suda çimdiyini görüb, şərti işarə vermək üçün dərhal qayığını geri döndərdi. Suenk iki milə qədər geriyə üzdükdən sonra havaya atəş açdı. Ona cavab olaraq iki güllə səsi eşidildi: Meyson ilə polis rəisi Slek siqnal səslərini eşitdilər və indi hər iki dəstə şərqə doğru üzməyə başladı.

Göldə Sondra ilə yanaşı üzən Klayd, güllə səslərini eşidərək, dərhal təşvişə düşdü. O ilk güllə nə qədər dəhşətli, uğursuz səslənmişdi! Bundan sonra isə daha iki güllə də açılmış, lakin bu güllələr haradasa uzaqda, görünür, ilk atəşə cavab olaraq atılmışdı. Sonra isə ətrafa məşum bir sükut çökmüşdü. Görəsən, bu nə demək idi? Bu zaman Xarley Beqot zarafata salıb dedi:

– Eşidirsinizmi, necə partapart salıblar? İndi ov fəsli deyil! Yəqin gizli ov edənlərdir!

– Ey, – deyə Qrent Krenston qışqırdı. – O mənim ördəklərimdir! Onlara dəyməyin!

– Əgər onlar da sənin kimi nişançıdırlarsa, ördəklərə heç bir şey olmaz – deyə Bertina, Qrenti sancdı.

Onu sudan çıxmağa, geyinməyə və qaçmağa məcbur edən bu qüvvə nədir? Tələs! Tez ol! Çadıra get! Sonra meşəyə qaç! Cəld tərpən! Nəhayət o, bu səsin dediklərinə qulaq asaraq, heç kəsin ona baxmadığı zaman, tələsik öz çadırına girdi, sadə göy rəngli kostyumunu geydi, kepkasını götürdü, yad gözlərdən və qulaqlardan uzaqda, hər bir şeyi ətraflı düşünüb, müəyyən bir qərara gəlmək üçün lagerin arxasındakı meşəyə girib, yox oldu. O, sahildən mümkün qədər kənarda olmağa çalışır, göldən onu görüb-eləyən olmasın deyə, qorxu içərisində… qorxu içərisində… ətrafa baxırdı… axı kim bilir, bu güllə səsləri nə demək idi?

Lakin Sondra! Bu qızın şənbə günü, dünən və bu gün dediyi sözlər… hələ bir təhlükə təhdid etdiyinə tamamilə əmin olmadığı halda o, Sondranı bu cür tərk edib gedə bilərmi? Belə bir şey mümkündürmü? Hələ Sondranın öpüşləri! Onun mehriban nəvazişləri, gələcək üçün qurduğu planlar! İndi əgər o çıxıb getsə, bir daha geri qayıtmasa, Sondra – həmçinin başqaları – onun haqqında nə düşünə bilərlər? Onun yox olmasını, əlbəttə, Şeyronda və başqa yerlərdə çıxan qəzetlər xəbər verəcəklər və təbiidir ki, onun Kliford Qolden və Karl Qrexem olduğu müəyyən ediləcəkdir, – belə deyilmi?

Bundan başqa, bəlkə onun bu qorxuları əbəsdir, deyə o öz-özünə fikirləşirdi, bəlkə o, bu tərəflərdəki göllərə və yaxud meşələrə gəlmiş ovçuların təsadüfən atdıqları güllələrdən qorxuya düşmüşdür? Klayd yubanır, qaçmaq, yaxud burada qalmaq barəsində öz-özü ilə mübahisə edirdi. Bu yüksək, qüdrətli ağaclar necə asudə nəfəs alır, yumşaq bir xalça kimi yerin üzərini örtən bu qəhvəyi rəngli yarpaqlar üzərində ayaq səsləri eşidilməzdir, yaxındakı kolların qalınlığında isə gecə düşənə qədər gizlənmək və uzanıb qalmaq olar! Gecə düşəndən sonra isə, – irəliyə, yalnız irəliyə getmək və qaçmaq… Lakin buna baxmayaraq, lagerə bir adam gəlib-gəlmədiyini öyrənmək üçün o, dönüb geri qayıtdı (o deyəcəkdir ki, bir az gəzməyə çıxmış və azmışdı).

Təqribən elə bu zaman, lagerdən iki mil qərb tərəfdə, ağacların arasında gizlənərək, Meyson, Slek və başqaları bir yerə yığılıb məsləhətləşməyə başladılar. Nəticədə, Klayd yubandığı və hətta yenidən lagerə tərəf yönəldiyi zaman, Meyson ilə Suenk qayıqla sahildəki gənclərə yaxınlaşdılar və Meyson onlara müraciət edərək, mister Klayd Qrifitsin burada olub-olmadığını soruşdu. Onu görmək olarmı?

Hamıdan yaxında olan Xarley Beqot cavab verdi:

– Əlbəttə olar. O haradasa, burada yaxındadır.

Stüart Fincli isə Klaydı çağırmağa başladı:

– Au, Qrifits!

Lakin cavab eşidilmədi.

Klayd sahildən çox uzaqda olduğu üçün çağırıldığını eşidə bilməzdi, lakin buna baxmayaraq, o ağır-ağır və ehtiyatla lagerə tərəf qayıtmaqda idi. Meyson isə onun haradasa yaxında olduğunu və əlbəttə, heç bir şeydən şübhələnmədiyini qərara aldı. Buna baxmayaraq, o Suenkə meşənin içərisinə getməyi tapşırdı, – əgər Suenk təsadüfən orada Slekə və yaxud kəşfiyyatçılardan bir başqasına rast gəlsəydi, deməli idi ki, adamlardan birini şərq sahili boyu, digərini isə qərb sahili boyu kəşfiyyata göndərmək lazımdır. Suenk özü isə qayığa minib, gölün şərq tərəfindəki mehmanxanaya getməli idi. Oradan hamıya xəbər verilməli idi ki, bu tərəflərdə bir adam gizlənir, onun qatil olduğundan şübhələnmək üçün ciddi əsaslar vardır.

Klayd isə bu zaman, onlardan cəmisi dörddə üç mil şərq tərəfdə idi və nə isə bir səs yenə də ona pıçıldamaqda idi ki, “qaç, qaç başını qurtar, yubanma!” – lakin buna baxmayaraq, o yenə də yubanır və düşünürdü: “Sondra! Bu gözəl həyat! Doğrudanmı o hər şeyi atıb getməlidir?” Buna görə o öz-özünə deyirdi ki, burada qalmaq əvəzinə çıxıb getmək, yəqin ki, daha böyük bir səhvə yol vermək deməkdir. Bəlkə bu güllə səsləri boş bir şey imiş, məsələn, ovçular quş ovlayırmışlar, – demək, ancaq buna görə o hər şeyi itirməlidirmi? Bununla belə, nəhayət, o yenə geri dönərək, öz-özünə dedi ki, yaxşısı budur, indi qayıtmasın, – hər halda qaranlıq düşənə qədər qayıtmasa daha yaxşıdır: bir qədər gözləmək, bu qəribə güllə səslərinin nə demək olduğunu aydınlaşdırmaq lazımdır.

O yenə dayandı, qətiyyətsiz bir halda ətrafa qulaq asmağa başladı, harada isə kiçik meşə quşları civildəşirdi. Klayd kolluqları diqqətlə nəzərdən keçirərək, təlaş içərisində ətrafına baxırdı.

Birdən, ondan əlli addım irəlidə, uca ağacların əmələ gətirdiyi uzun keçid yolundan, eynilə meşə sakinlərinə bənzəyən, ucaboylu, arıqvücudlu, iti və nüfuzedicibaxışlı və bakenbardlı bir adam sürətlə və səssiz bir halda Klaydın qarşısına çıxdı; bu adamın başında qəhvəyi rəngli fetr şlyapa, əynində isə arıq bədənindən sallanan əzik və qeyri-müəyyən rəngli bir kostyum var idi. O, ağacların arasından birdən-birə çıxdığı kimi, qəfildən qışqırdı, – bu səsi eşidən Klayd qorxudan yerində donaraq hərəkətsiz bir halda dayanıb qaldı.

– Bir dəqiqə, cənab! Tərpənməyin! Təsadüfən, sizin adınız Klayd Qrifits deyilmi?

Klayd, naməlum adamın iti, inadkar və nüfuzedici baxışlarını, həmçinin, onun əlindəki tapançanı görərək, dayandı; bu adamın hərəkətləri o qədər qəti və bariz idi ki, Klaydın bütün vücudu üşüdü, titrədi. Doğrudanmı, o, artıq ələ keçmişdir? Doğrudanmı artıq qanunun nümayəndələri onu tutmağa gəlmişlər? Aman Allah! Artıq qaçmaq üçün heç bir ümid yoxdur! Nə üçün o əvvəlcə çıxıb getmədi, nə üçün vaxtında qaçıb, buradan uzaqlaşmadı? Klayd dərhal taqətdən düşdü, – bir an tərəddüd edərək, özünü ələ verməmək üçün “yox” demək istədi, – lakin sonra fikrini dəyişdirdi və dedi:

– Bəli, mənəm.

– Siz, yəqin, burada lager quran gənclər dəstəsindənsiniz?

– Bəli, ser.

– Çox gözəl, mister Qrifits. Tapança çəkdiyim üçün üzr istəyirəm. Mənə əmr etmişlər ki, nə cür şəraitdə olursa-olsun, sizi həbs edim. Mənim adım Krautdur, Nikolas Kraut. Mən – Kataraki mahalı polis rəisinin köməkçisiyəm, məndə, sizi həbs etmək üçün order vardır. Zənn edirəm ki, siz məsələnin nə yerdə olduğunu bilirsiniz və sakit bir halda qabağıma düşüb, gedəcəksiniz?

Bunu deyərək, mister Kraut çox mudhiş görünən ağır silahını əlində daha da bərk sıxdı və inadkar, qəti bir baxışla Klaydın üzünə baxdı.

– Lakin… lakin… yox, mən bilmirəm, – deyə Klayd taqətsiz bir halda cavab verdi; bir anda onun rəngi qaçdı, üzü sısqaldı. – Əlbəttə, əgər sizdə mənim həbs olunmağım üçün order vardırsa, mən sizinlə gedərəm. Lakin mən… mən başa düşmürəm ki, – onun səsi azacıq titrədi, – siz məni nə üçün həbs etmək istəyirsiniz?

– Belə de, demək başa düşmürsünüz? Yaxşı, siz təsadüfən çərşənbə və yaxud cümə axşamı, Biq Bitern, yaxud Qrass gölü yanında olmamışsınız ki?

– Xeyr, ser, olmamışam, – deyə Klayd yalandan cavab verdi.

– Onda görünür, sizə məlum deyil ki, orada bir qız suda batıb boğulmuşdur və o qızla gölə gedən adam da, deyəsən, siz olmuşsunuz, – boğulan qız Bilts şəhərinin sakini Roberta Oldendir.

– Aman allah, mən bu barədə heç bir şey bilmirəm, – deyə Klayd əsəbi bir halda cavab verdi. Robertanın həqiqi adını və onun adresini tamamilə yad olan bu adamın dilindən eşidərkən… O artıq lap sarsıldı. Demək, onlar hər şeyi bilmişlər! Özü də bu qədər tez. Onlar bu məsələni aydınlaşdırmaq üçün açar tapmışlar. Həm Klaydın həqiqi adını, həm də Robertanın adını öyrənmişlər. Aman allah! – Demək indi məndən şühələnirlər ki, mən adam öldürmüşəm? – deyə Klayd zəif bir səslə demək olar ki, pıçıltı ilə əlavə etdi.

– Məgər sizə məlum deyildirmi ki, həmin qız keçən cümə axşamı göldə batıb boğulmuşdur? Məgər o zaman siz o qızla bərabər deyildinizmi? – Mister Kraut sərt və amansız, – sınayıcı və etimadsız gözlərini Klayddan çəkmirdi.

– Xeyr, mən o qızla olmamışam, – deyə Klayd cavab verdi və bu qərara gəldi ki, nə deyəcəyini və nə cürə hərəkət edəcəyini düşünüb, müəyyən edənədək, indi hər şeyi inkar etməlidir.

– Demək, siz cümə axşamı Biq Bitern gölündən üçüncü mil Buxtasına gedərkən, axşam saat on birə yaxın, üç nəfər yol ötənə rast gəlməmişsiniz?

– Xeyr, ser, əlbəttə ki, rast gəlməmişəm… Mən sizə dedim ki, orada olmamışam.

– Çox gözəl, mister Qrifits, mənim artıq sizə deyiləcək bir sözüm yoxdur. Məndən tələb olunan yalnız budur ki, – Roberta Oldeni öldürməkdə sizdən şübhələndiyimiz üçün mən sizi – Klayd Qrifitsi həbs etməliyəm. Arxamca gəlin.

Əsasən öz qüvvəsini və hökmünü nümayiş etdirmək üçün, Kraut cibindən bir cüt polad qolçaq çıxartdı, Klayd onları görən kimi diksinib, geri çəkildi, onun bütün bədəni əsməyə başladı, elə bil ona ağır zərbə vurmuşdular.

– Mənim qollarımı bağlamağa ehtiyac yoxdur, cənab, – deyə Klayd yalvardı. – Xahiş edirəm, qollarımı bağlamayasınız. Mənim qollarım heç vaxt bağlanmamışdır. Mən onsuz da sizinlə gedərəm.

Klayd qüssə ilə, bir təəssüf hissilə, meşənin dərinliklərinə və onu xilas edə bilən qalın kollara tərəf baxdı… Bir az əvvəl o, bu yerlərdə gizlənə bilərdi… Ora nə qədər təhlükəsiz idi!

– Eybi yoxdur, – deyə zəhmli mister Kraut cavab verdi, – əgər mənimlə dinc getsəniz, qollarınızı bağlamaram, – bunu deyərək, o Klaydın artıq tamamilə süst olan əlindən yapışdı.

Onlar hərəkət edərkən, Klayd yavaşdan və qorxaq bir səslə:

– Sizdən bir şey də xahiş edə bilərəmmi? – dedi (Sondranın və bütün dostlarının fikri Klaydın gözlərini qaraltdı, onu taqətdən saldı. Sondra! Sondra! Həbs edilmiş bir qatil kimi onların yanına qayıtmaq! Sondra və Bertina onu belə bir halda görsünlər?! Yox, yox!). Siz… siz məni geriyə, lagerə aparmaq istəyirsiniz?

– Bəli, ser, sizi oraya aparmaq fikrindəyəm. Mənə belə əmr olunmuşdur. Bu saat həm prokuror, həm də Kataraki mahalının polis rəisi, – hər ikisi oradadır.

– Ah, başa düşürəm, başa düşürəm, – deyə Klayd başını lap itirərək, dəlicəsinə bir fəryadla səsləndi. – Lakin siz… elə edə bilməzsinizmi ki… axı mən lap sakit gedirəm… başa düşürsünüzmü, mənim bütün dostlarım oradadır və bu, çox dəhşətli bir hal olacaq!.. Siz məni, lagerin kənarından keçirib, apara bilərsinizmi… haraya istəyirsinizsə aparın! Xüsusi səbəblər vardır ki… yəni… mən… ah, ilahi! Sizdən çox xahiş edirəm, mister Kraut… Məni geriyə, lagerə aparmayın!

İndi o, Krauta çox zəif, demək olar ki, bir uşaq kimi göründü… incəüzü, günahsız görünən baxışları, yaxşı kostyumu və nəzakətli ədaları… heç də Krautun gözlədiyi kimi qaba, vəhşi bir qatilə oxşamırdı. Aydın məsələ idi ki, qarşısındakı bu gənc – Krautun hörmət göstərməyə alışdığı sinfə mənsub olan bir adam idi. Bundan başqa, bu gəncin qüdrətli qohum-əqrəbası ola bilərdi. Krautun bu vaxta qədər eşitdiklərindən belə məlum olurdu ki, bu gənc, Likurqun ən yaxşı ailələrindən birinə mənsubdur. Buna görə Kraut, müəyyən dərəcədə iltifatlı olmağı qət etdi.

– Yaxşı, cavan oğlan, – deyə o cavab verdi. – Mən sizinlə həddindən artıq sərt rəftar etmək istəmirəm. Axı, mən nə polis rəisiyəm, nə də prokuroram, mənim vəzifəm, yalnız sizi həbs etməkdən ibarətdir. Sizinlə nə cürə rəftar etmək lazım gələcəyini, mənsiz də müəyyən edən adamlar var. İndi biz onların yanına gedərik və siz xahişinizi onlara deyərsiniz, – bəlkə onlar deyəcəklər ki, sizi lagerə qaytarmaq vacib deyil.

– Ancaq, bilmirəm, sizin şeyləriniz necə olsun? Şeyləriniz yəqin ki, orada qalıb?

– Bunun əhəmiyyəti yoxdur, – deyə Klayd tələsik cavab verdi. – Onları sonra, hər vaxt götürmək olar. İndi, əgər mümkündürsə, mən ora getmək istəməzdim…

– Yaxşı gedək, – deyə mister Kraut cavab verdi.

Onlar dinməz-söyləməz uca dağların arasından keçib getməyə başladılar, bu ağacların gövdələri alaqaranlıqda, məbədlərin sütunları kimi təntənəli bir görkəm almışdı, – Kraut və Klayd kilsə içərisində hərəkət edə-edə dua oxuyanlar kimi, ağır-ağır meşədən keçib gedirdilər və Klayd narahat, yorğun baxışlarla, hələ qərbdə ağaclar arasından görünən al-qırmızı zolağa baxırdı.

O, adam öldürməkdə ittiham edilmişdir! Roberta ölmüşdür! Artıq Sondra da, – onun üçün ölmüşdür! Qrifitslər də! Əmisi də! Anası da! İndi lagerdə olanların hamısı – onun üçün yox olmuşdur!

İlahi, sanki yoxluqdan gələn o səs, – o səs nə idi? Fərqi yoxdur – ona qaç deyə xəbərdarlıq edərkən, nə üçün o qaçıb getmədi?

IX F Ə S İ L

Klayd hələ gəlib çıxmamış, onun mənsub olduğu və içərisində dolaşdığı cəmiyyətin mister Meysona bağışladığı təsir, prokurorun əvvəlcə Likurq və Şeyron şəhərlərində aldığı təəssüratı möhkəmlədib tamamladı. Bu isə onun, ittiham hökmü çıxarılmasına asanlıqla nail olacağı haqqında əvvəlki inamını sarsıtmaq və prokuroru ayıltmaq üçün kifayət idi. İndi onun gördükləri, – belə cəncəl bir işi ört-basdır etmək üçün, həm vəsait, həm də qəhmər çıxanlar tapılacağını aydın göstərirdi. Sərvət! Zinət! Əlbəttə, bu işin adlı-sanlı adlara və yüksək əlaqələrə kölgə salmaması üçün, nə lazımdırsa ediləcəkdi. Məgər zəngin və nüfuz sahibi olan Qrifitslər, qardaşları oğlunun həbs edildiyini eşitdikdə, onun işlədiyi cinayət nə olursa-olsun öz adlarını qorumaq üçün, bu işə ən istedadlı bir advokat dəvət edə bilməzdilərmi? Şübhəsiz ki, məsələ belə də olacaqdı, belə bir hüquqşünas isə istədiyi qədər möhlət ala biləcəkdi… o zaman isə, çox ola bilsin ki, o caninin məhkum edilməsinə nail olmaqdan çox əvvəl, Meyson özü avtomatik surətdə ittihamçı vəzifəsindən düşəcək və nəinki bu qədər arzu etdiyi, ona bu qədər lazım olan məhkəmə rəisi vəzifəsinə seçilməyəcək, hətta namizədliyi belə irəli sürülməyəcəkdir.

Əynində rəngli sviter, ayağında incə mahuddan ağ şalvar olan Xarley Beqot gölün sahilində qurulmuş çadırların qarşısında oturub, balıqçılıq avadanlığını sahmana salırdı. Bəzi çadırların qarşısındakı pərdələr qaldırıldığından içəridəkiləri, yəni göldə çimdikdən sonra öz bəzəkləri ilə məşğul olan Sondranı, Bertinanı və başqa qızları görmək mümkün idi. Bu dəstə, o qədər seçmə gənclərdən ibarət idi ki, Meyson, hansı səbəblərin onu buraya gətirdiyini açıqdan-açığa söyləməyi siyasi və ictimai nöqteyi-nəzərdən ağıllı bir hərəkət olub-olmayacağından şübhələndi. Buna görə o, hələlik susmağı lazım bilərək, Roberta Oldenin və yaxud özünün gəncliyi ilə bu gənclərin həyatı arasındakı təzad haqqında dərin düşüncələrə daldı. Məlum şeydir ki, Qrifitslər kimi yüksək mövqedə olan bir adam Roberta kimi, bir qızla bu cür alçaq və qəddar rəftar edə bilər və eyni zamanda cəzasız qalacağına ümid bağlayar, – deyə Meyson öz-özünə düşünürdü.

Lakin buna baxmayaraq, bütün düşmən qüvvələrə zidd gedərək, öz istədiyinə nail olmağa can atan Meyson, nəhayət, Beqota yaxınlaşdı və çox soyuq bir halda (mümkün qədər iltifatlı görünməyə çalışsa da) dedi:

– Lager üçün çox gözəl yerdir!

– Elədir… biz də bu fikirdəyik.

– Buradakılar hamısı yəqin, Şeyron yanındakı yay malikanələrinin sakinləridir?

– Bəli… əsasən cənub və qərb sahillərindən gəlmişik.

– Lakin burada, yəqin ki, Qrifitslərdən heç kəs yoxdur? Yəni, demək istəyirəm ki, mister Klayddan başqa, heç kəs yoxdur?

– Elədir, Qrifitslər, məncə hələ Qrinvuddadırlar.

– Siz, şəxsən, mister Klayd Qrifitslə tanışsınızmı?

– Əlbəttə! O bizim dəstədəndir.

– Təsadüfən bilmirsiniz ki, o nə vaxtdan bəri burada, yəni demək istəyirəm ki, Krenstongildə olur?

– Deyəsən, cümə günündən buradadır. Hər halda, mən onu cümə günü səhər görmüşəm. Lakin bu barədə siz onun özündən soruşa bilərsiniz, o indicə, bu saat gələr, – deyə Beqot, mister Meysonun öz sorğu-sualları ilə zəhlə tökməyə başladığını, üstəlik, onun Klayd və Beqot mənsub olduğu dairəyə yaxın bir adam olmadığını düşünərək, sohbəti kəsdi.

Bu zaman qoltuğunda tennis raketası olan Frenk Qarriet gəldi.

– Hara belə, Frenk?

– Harrison bu gün səhər meydançanı təmizləmişdir, orada oynamaq istəyirəm.

– Kiminlə?

– Vayolet, Nadina və Stüartla.

– Orada başqa meydança üçün yer varmı?

– Əlbəttə, orada iki yer var. Bertinanı, Klaydı və Sondranı götürüb gəlin.

– İşimi qurtarandan sonra, bəlkə gəldim.

Meyson dərhal düşündü: Klayd və Sondra, Klayd Qrifits və Sondra Fincli – yəqin, bu həmin qızdır ki, onun məktubları və görüş vərəqələri indi onun cibindədir. Bəlkə o, Sondranı elə burada Klaydla bərabər görə biləcək, sonra isə Klayd barəsində qızla danışa biləcəkdi?

Bu zaman Sondra, Bertina və Vaynet öz çadırlarından çıxdılar. Bertina qışqırdı:

– Xarley, Nadinanı görməmisiniz ki?

– Yox, ancaq Frenk burada idi. O dedi ki, Nadina, Vayolet və Stüartla tennis oynamağa gedir.

– Belə de! Gedək, Sondra! Siz də Vaynet! Görək oradakı nə cür meydançadır.

Bertina Sondranın adını çəkib, geri döndü və onun qoluna girdi, beləliklə, Meyson ötəri də olsa, bu cür facianə bir surətdə və şübhəsiz ki, özünün xəbəri olmadan, Klaydın ürəyindən Robertanı sıxışdırıb çıxaran qıza baxmaq üçün arzuladığı fürsəti əldə etdi. Meyson açıq və aydın surətdə, Sondranın daha gözəl və daha geyimli-kecimli olduğu qənaətinə gəldi. – O birisi qız, Roberta bu cür geyinə biləcəyini xəyalına belə gətirə bilməzdi. Üstəlik, Sondra sağ idi, yaşayırdı, o birisi isə, cansız və hərəkətsiz bir halda Bricburq meyitxanasında atılıb qalmışdı.

Qızların üçü də əl-ələ tutaraq, onlara tamaşa edən Meysonun yanından yüyürüb keçdilər və Sondra qaça-qaça, Xarleyə tərəf dönüb qışqırdı:

– Klaydı görsəniz, deyin ki, ora gəlsin, Yaxşımı?

Xarley cavab verdi:

– Sizin kölgənizə bu barədə xəbərdarlıq etməyə nə ehtiyac vardır?

Baş verən hadisələrin əlvanlığından və dramatizmindən heyrətə gəlmiş Meyson diqqətlə və hətta həyəcanla ətrafdakı hər işə göz yetirirdi. İndi Klaydın Robertadan nə üçün yaxasını qurtarmaq istəməsi, həm də bu məsələnin həqiqi və gizli səbəbləri artıq prokuror üçün tamamilə aydın idi. Bu gözəl qız və bütün bu cah-calal, – bax, Klayd bunlara doğru can atmışdı. İşə bax ki, Klayd yaşında olan bir gənc, hər cür imkanlara malik olan belə bir gənc bu qədər alçalmış, bu cür dəhşətli bir cinayət etmişdi! Bu ağlasığmaz bir şey idi! Özü də o, bədbəxt qızı öldürdükdən sonra, vaxtını bu gözəllə xoş keçirir, şənlik edir, Roberta ona ərə gedəcəyinə ümid etdiyi kimi, o da bu qızla evlənəcəyinə ümid bəsləyir. Həyatda nə qədər ağlasığmaz rəzalətlər baş verir!

Meyson Klaydın hələ də gəlib çıxmadığını görərək, artıq özünün kim olduğunu söyləmək və sonra axtarışa başlayaraq, Klaydın şeylərini götürmək istəyirdi ki, bu zaman Ed Suenk gəldi, başının hərəkətilə Meysonu kənara çağırdı. Meyson meşəyə girdi və elə o dəqiqə uca ağacların kölgəsində Nikolas Krautu və onunla bərabər, təxminən Klayd yaşda, yaxşı geyinmiş, boylu-buxunlu gənc bir oğlan gördü; gəncin üzünün mum kimi saralmış olmasından, Meyson dərhal başa düşdü ki, qarşısında duran Klayddır və o, qəzəblənmiş bir arı kimi gəncin üstünə cumdu. O, əvvəlcə Suenkdən Klaydı kimin və harada tutduğunu öyrəndi, sonra isə qanunun qüdrət və əzəmətini öz simasında təcəssüm etdirən bir adama layiq halda, diqqətlə və sərt bir ifadə ilə Klaydın üzünə baxdı.

– Demək, Klayd Qrifits sizsiniz?

– Bəli, ser.

– Elə isə, mister Qrifits, bildiniz ki, mənim adım Orvil Meysondur. Mən, ərazisində Biq Bitern və Qrass gölləri olan mahalın prokuroruyam. Güman edirəm ki, siz bu yerlərə yaxşı bələdsiniz, deyilmi?

Meyson, bu zəhərli eyhamının nə cür təsir bağışlayacağına tamaşa etmək üçün bir an susub dinmədi. Bununla belə, onun gözlədiyinin əksinə olaraq, Klayd qorxub diksinmədi, o, yalnız qara gözləri ilə diqqətlə Meysona baxdı, bu baxışlardan görünürdü ki, onun əsəbləri son dərəcə gərgin bir haldadır.

– Xeyr, ser, deyə bilmərəm ki, bu yerlərə bələdəm.

Klayd meşənin içində Krautun müşayiətilə buraya gələrkən, onda dəqiqəbədəqiqə, dərin və möhkəm bir əqidə yaranırdı ki, onu ifşa edən sübut və səbəblər nə cür olursa-olsun, o özü haqqında, Roberta ilə əlaqəsi haqqında Biq Bitern ilə Qrass göllərində səyahəti haqqında heç bir şey deməməlidir. Bəli, o, bu barədə ağzından heç bir söz qaçırmamalıdır! Əgər o, bu barədə bir kəlmə desə, bu o deməkdir ki, həqiqətən müqəssir olmadığı bir işdə, özünün günahlı olduğunu etiraf edəcəkdir. İndi gərək heç kəs, – nə Sondra, nə Qrifitslər, nə də onun yüksək cəmiyyət dostlarından bir nəfər belə, onun belə bir işdə müqəssir olduğunu ağıllarına belə gətirməsinlər. Lakin onlar hamısı axı, burada, yaxındadırlar, onlar hər dəqiqə buraya gəlib, Klaydın həbs olunduğunu görə bilərlər. Klayd hiss edirdi ki, baş verən hadisə ilə əlaqədar olduğunu və bu barədə bir şey bildiyini inkar etməlidir, lakin o, eyni zamanda bu adamın qarşısında hədsiz bir dəhşət duyurdu. O belə bir hərəkətilə, hər şeyi inkar etməsi, danması ilə bu adamda doğura biləcəyi hirs və qəzəbi düşünən kimi qorxudan əsirdi. Bu adamın əzilmiş burnu… iri, sərt ifadəli gözləri…

Klaydın hər şeyi danmaq istədiyini görüb, əsəbiləşən Meyson ona elə baxırdı ki, sanki qarşısındakı nadir və təhlükəli bir yırtıcı heyvan idi, lakin o, eyni zamanda, Klaydın üzündəki çaşqınlıq ifadəsini görərək, bu qərara gəldi ki, tezliklə onu, hər şeyi boynuna almağa məcbur edəcəkdir. Buna görə, Meyson sözünə davam edərək dedi:

– Siz, əlbəttə, nədə ittiham edildiyinizi bilirsiniz, mister Qrifits?

– Bəli, ser, bunu elə indicə bu adam mənə dedi.

– Özünüzü müqəssir hesab edirsinizmi?

– Əlbəttə ki, yox, ser! – deyə Klayd etiraz etdi.

Klaydın rəngi qaçmış, incə dodaqları bir-birinə sıxılmışdı, gözləri isə dərində gizlənən sonsuz bir dəhşət ifadəsi ilə dolu idi.

– Necə? Bu nə cəfəngiyyatdır! Həyasızlığa bax! Siz keçən çərşənbə və cümə axşamı Qrass və Biq Bitern göllərində olduğunuzu inkar edirsiniz?

– Bəli ser.

– Belə olduqda, – deyə Meyson özünü şax tutaraq, zəhmli bir inkvizator görkəmi aldı, – bəlkə siz Roberta Oldenlə – Qrass gölünə apardığınız, sonra isə cümə axşamı Biq Bitern gölündə qayıqda gəzdirdiyiniz qız ilə tanışlığınızı da inkar edəcəksiniz? Bəlkə siz deyəcəksiniz ki, bütün bu ili, Likurq şəhərində görüşdüyünüz, Qilpinin evində yaşayan və Qrifitsin fabrikində, sizin şöbənizdə işləyən bir qızı tanımırsınız? Siz həmin qıza, Milad bayramında, bəzək qutusu bağışladığınızı danacaqsınızmı? Çox ola bilsin ki, siz adınızın Klayd Qrifits olduğunu da, Teylor-strit küçəsində, missis Peytonun evində yaşadığınızı da və Roberta Oldendən, həmçinin, missis Finclidən gələn bütün bu məktub və kağızların sizin sandığınızda olduğunu da boynunuzdan atacaqsınız?

Bu sözləri deyərkən, Meyson cibindən bir dəstə məktub və görüş vərəqələri çıxartdı, onları Klaydın burnunun qabağında yelləməyə başladı. Dediyi hər sözdən sonra Meyson yastı, əyriburunlu, qabarıqçənəli üzünü Klaydın üzünə daha artıq yaxınlaşdırır və onun gözləri odlu bir həqarət hissilə işıldayırdı. Klayd isə hər dəfə diksinib, geri çəkilir və buz kimi soyuq bir üşütmə iliklərindən keçərək, ürəyinə və beyninə nüfuz edirdi. O məktublar! İndi artıq onların hər şeydən xəbərləri vardı! Orada, çadırdakı çamadanın içində isə, Sondranın axırıncı məktubları qalmışdı. Bu məktublarda qız, payızda ona qoşulub qaçmaq üçün müxtəlif planlar irəli sürür. Nə üçün o, bu məktubları məhv etməmişdi! İndi bu adam o məktubları tapa bilər, – əlbəttə tapacaqdır, – və çox ola bilsin ki, Sondranı, həmçinin başqalarını dindirəcək, istintaq edəcəkdir. Klayd, boynunu çiyinlərinə qısdı və onun bütün vücudu buz kimi soyudu. Dünya öz ağırlığı ilə zəif və taqətsiz Atlantın çiyinlərini əzdiyi kimi, bu qədər pis tərtib edilmiş və qaba bir surətdə yerinə yetirilmiş planının fəlakətli nəticəsi də öz ağırlığı ilə onu əzməkdə idi.

Bununla belə, o nə isə bir şey demək lazım olduğunu hiss edərək və eyni zamanda, heç bir şeyi etiraf etməməyi lazım bilərək, nəhayət, belə cavab verdi:

– Mən, doğrudan da, Klayd Qrifitsəm, lakin bütün o biri şeylər doğru deyildir. Mən bu barədə heç bir şey bilmirəm.

– Boşlayın bu danışıqları, mister Qrifits! Mənə kələk gəlməyin. Bundan sonra heç bir şey çıxmayacaqdır. Sizin hiylələriniz sizə zərrə qədər kömək etməyəcəkdir, mənim isə buna vaxtım yoxdur. Unutmayın ki, bu adamlar hamısı şahiddirlər və onlar sizin dediyiniz sözləri eşidirlər. Mən sizin otağınızda olmuşam və sizin sandığınız, həmçinin miss Oldenin sizə yazdığı məktublar indi mənim əlimdədir – bu məktublar heç bir şübhə yeri buraxmadan sübut edir ki, siz həmin qızı tanıyırsınız, ona nəvaziş göstərib, keçən qış onu yoldan çıxarmışsınız, sonra isə, yazda o qız sizdən hamilə olduqda, əvvəlcə onu öz evlərinə göndərmisiniz, bundan sonra isə, ona dediyiniz kimi, guya Roberta ilə nikahlanmaq üçün, buralara səfər etmək məsələsini ortaya atmısınız. Söz yox, siz onu, doğrudan da nikahlandırmışsınız, – Biq Bitern gölünün dibindəki suların ağuşuna təslim etmişsiniz! İndi mən sizə dedikdə ki, bütün dəlil və sübutlar mənim əlimdədir, siz mənim üzümə durub deyirsiniz ki, guya o qızı heç tanımırsınız. İşə baxın, sən allah!

Meyson getdikcə bərkdən danışır, Klayd isə onun səsini lagerdə eşidə bilən olacağından, Sondranın bu səsi eşidib, buraya gələ biləcəyindən qorxurdu. Meysonun yağdırdığı ifşaedici faktların amansız qasırğasından başını itirmiş və çaşmış Klayd hiss edirdi ki, boğazı quruyub qəhərlənmişdir, o, əllərini ovuşdurmaqdan özünü güclə saxlayırdı. Buna baxmayaraq, o, bütün bu ittihamlara cavab olaraq yalnız belə dedi:

– Bəli, ser.

– Ax, işə bir baxın, sən allah – deyə Meyson təkrar etdi. – İndi sizin bir qızı öldürüb, sonra bu cür, məhz siz etdiyiniz kimi, qaça biləcəyiniz mənə aydındır. İndi mən görürəm ki, bu sizin əlinizdən gələr. Həm də siz o qızı elə bir vəziyyətdə, yəni hamilə olduğu zaman məhv etmişsiniz. İndi də onun sizə yazdığı məktublardan boyun qaçırmaq istəyirsiniz! Onda siz burada dayandığınızı və hələ diri bir adam olduğunuzu belə, eyni ustalıqla inkar edə bilərsiniz! Bəs elə isə, bu vərəqələr və bu məktublar haqqında siz nə deyə bilərsiniz? Yoxsa deyəcəksiniz ki, bu məktubları sizə miss Fincli yazmamışdır? Hə, nə üçün dinmirsiniz? Yoxsa bu saat məni inandırmağa çalışacaqsınız ki, bu məktubları sizə yazan Sondra deyil?

Meyson məktubları Klaydın burnunun qabağında yellətdi. Klayd isə Sondranın lap yaxında olduğunu və bu məktubların kim tərəfindən yazıldığını dərhal müəyyən etmək mümkün ola biləcəyini başa düşərək, cavab verdi:

– Yox, mən bu məktubların, ondan gəldiyini inkar etmirəm.

– Çox gözəl. Bəs bu məktublar, həmin otaqda, sizin otağınızda tapılan bu məktublar, – miss Oldenin məktubları deyilmi?

– Mən bu barədə danışmaq istəmirəm, – deyə Klayd cavab verdi və Meyson, Robertanın məktublarını onun qarşısında yellətdiyi üçün, qeyri-ixtiyari olaraq, gözlərini qırpmağa başladı.

– Yox, bizə fənd gələ bilməyəcəksiniz, – deyə Meyson qəzəblə qışqırdı. – Bu cəfəngiyyatdır! Həyasızlığa bax! Yaxşı, indi bu barədə narahat olmağa dəyməz. Vaxtı çatanda, mən bunu çox asanlıqla sübut eləyərəm. Ancaq mənim əlimdə sübut olduğunu bilə-bilə, siz hər şeyi nə cür inkar edə bilirsiniz, – mən ancaq bunu başa düşə bilmirəm! Bəs sizin öz dəst-xəttinizlə yazılmış vərəqəyə nə deyəcəksiniz? Siz o vərəqəni miss Oldenin çamadanından götürməyi yadınızdan çıxarmışsınız, çamadanı isə Roberta sizin təkidinizə görə, Qan-Lodj stansiyasında qoymuşdur, amma öz çamadanınızı siz özünüzlə götürmüşsünüz, mister Karl Qrexem, – mister Kliford Qolden – mister Klayd Qrifits! Həmin vərəqənin üzərində isə siz belə yazmışsınız: “Klayddan–Bertaya, Milad bayramı münasibətilə təbrik edirəm!” – yadınıza gəlirmi? Elə isə, buyurun baxın! – bunu deyərək, Meyson cibindən vərəqəni çıxarıb, Klaydın burnunun qabağında yellətdi. – Yoxsa, siz bunu da yadınızdan çıxarmışsınız? Budur, baxın, sizin öz xəttinizdir! – sonra Meyson bir an susaraq, lakin Klaydın cavabını gözləmədən, əlavə etdi: – Amma yamanca kütbeyin şeysiniz! Bircə bu cinayətkara baxın ki, saxta adlar üçün öz həqiqi adının baş hərflərini götürməməyə belə, ağlı çatmamışdır. Siz bu saxta adlar altında gizlənmək istəyirsiniz, mister Karl Qrexem – mister Kliford Qolden.

Meyson Klaydın hər şeyi boynuna almasının nə qədər əhəmiyyətli olduğunu yaxşı başa düşürdü və buna, elə buradaca nail olmaq üçün nə etmək lazım gəldiyini düşünürdü. Klaydın dəhşətdən donuq bir ifadə almış siması, birdən prokurora belə bir fikir təlqin etdi ki, yəqin qorxudan onun dili tutulmuşdur. Buna görə, Meyson dərhal taktikasını dəyişdi, hər halda səsini alçaltdı, alnındakı və cəhənglərindəki dəhşətli qırışları açdı.